Get-gedə nuru artan yolda yeriyirik
«Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, nurunu artıraraq gündüzə qovuşar» (SÜLEYMANIN MƏSƏLLƏRİ 4:18).
1, 2. Yehovanın artıraraq verdiyi ruhani işıq sayəsində Allahın xalqı hansı dəyişikliklərin şahidi olub?
DOĞAN günəş şüalarının gecə qaranlığını udmasını işıq Mənbəyi olan Yehova Allahdan başqa kim daha yaxşı izah edə bilər? (Məzmur 36:9). Yehova deyir: ‘Şəfəq yer üzünün ucqarlarını tutanda, torpaq quruluşunu dəyişir, möhür vurulanda palçıqda əksi qalan kimi, libasdakı qırışlar kimi gözə görünür’ (Əyyub 38:12-14). Günəş get-gedə daha çox işıq saçarkən, yerin görünüşü palçıq üzərində qalan ayaqqabı izləri tək daha aydın görünür.
2 Yehova Allah, həmçinin ruhani işığın Mənbəyidir (Məzmur 43:3). Bütün dünya qatı zülmət içində olsa da, həqiqi Allah Öz xalqı üzərinə işıq saçmağa davam edir. Bunun sayəsində hansı nəticələr əldə edilib? Müqəddəs Kitab cavab verir: «Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, nurunu artıraraq gündüzə qovuşar» (Süleymanın məsəlləri 4:18). Yehovanın get-gedə artıraraq verdiyi nur xalqının yeridiyi yolu işıqlandırır, yə’ni təşkilatını təkmilləşdirir, tə’limlərinin izahına aydınlıq gətirir və xalqını əxlaqi cəhətdən təmizləyir.
Ruhani işıq və təşkilatın təkmilləşməsi
3. Yeşaya 60:17 ayəsində Yehova nəyi və’d edir?
3 Yehova Yeşaya vasitəsilə peyğəmbərlik etmişdi: «Sənə tunc əvəzinə qızıl, dəmir yerinə gümüş, ağac yerinə tunc, daş əvəzinə dəmir gətirəcəyəm» (Yeşaya 60:17). Tuncun qızılla əvəz edilməsi təkmilləşməyə işarə etdiyi kimi, Yehovanın Şahidləri də ‘dövrün sonu’ və ya ‘axır günlər’ boyunca təşkilatlarında bir çox mühüm dəyişikliklərin şahidi olmuşlar (Matta 24:3; 2 Timoteyə 3:1).
4. 1919-cu ildə hansı yenilik qüvvəyə mindi və yığıncaqlara hansı faydanı gətirdi?
4 Axır günlər hələ təzə-təzə başlayanda hazırda Yehovanın Şahidləri adlanan Müqəddəs Kitab Tədqiqatçılarının yığıncaqlarında ağsaqqallar və yığıncaq yardımçıları demokratik yolla seçilirdilər. Lakin bə’zi ağsaqqallarda həqiqi təbliğçi ruhu yox idi. Onlar nəinki özləri təbliğ işində iştirak edir, hətta başqalarını da xidmətin bu növündə iştirak etməkdən çəkindirirdilər. 1919-cu ildə yığıncaqlarda yenilik qüvvəyə mindi. Artıq hər yığıncağın xidməti rəhbəri olmalı idi. O, yığıncaq tərəfindən seçilmirdi, onu filial teokratik yolla tə’yin edirdi. Xidməti rəhbərin vəzifəsi yığıncaqda təbliğ işini təşkil etmək, sahələri bölüşdürmək və təbliğçiləri təbliğ xidmətində fəal iştirak etməyə təşviq etmək idi. Sonrakı illər ərzində Padşahlığın təbliği işində böyük irəliləyiş qeydə alınmışdı.
5. 1920-ci illərdə hansı yenilik qüvvəyə mindi?
5 Müqəddəs Kitab Tədqiqatçılarının 1922-ci ildə ABŞ-ın Ohayo ştatının Sidar Poynt şəhərində keçirilən konqresində səslənən «Padşahı və onun Padşahlığını e’lan edin, e’lan edin, e’lan edin!» çağırışı yığıncaqların hamısında təbliğ işinə olan həvəsi daha da gücləndirdi. 1927-ci ildə qərara alındı ki, evdən-evə təbliğ xidməti üçün bazar günləri ən münasib gündür. Niyə məhz bazar günü? Çünki bazar günü insanların əksəriyyəti işləmir, evdə olur. Bu gün də Yehovanın Şahidləri insanları evdə tapmaq üçün onlara həftə sonları və ya axşamlar baş çəkməyə çalışırlar.
6. 1931-ci ildə hansı qətnamə qəbul edildi və bu, Padşahlığın təbliği işinə necə tə’sir göstərdi?
6 Padşahlığın təbliği işinə 1931-ci il iyulun 26-sı böyük təkan verildi. Bazar günü ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində keçirilən konqresdə qəbul edilən qətnaməni Allahın xidmətçilərinin hamısı şövqlə dəstəklədi. Qətnamənin mətninin bir hissəsində oxuyuruq: «Bizə, Yehova Allahın xidmətçilərinə, Allahımızın adı naminə böyük işlər görmək həvalə edilib. Allahın bizə verdiyi tapşırığa riayət edərək, İsa Məsih haqqında şahidlik verməyi və Yehovanın həqiqi və Haqq-Taala olduğunu bütün insanlara bəyan etməyi özümüzə borc bilirik. Bu səbəbdən böyük sevinc hissilə Rəbb Allahımızın ağzından çıxdığı kimi özümüzə “Yehovanın Şahidləri” adını götürməyi böyük şərəf sanırıq» (Yeşaya 43:10). Bu yeni ad, onu daşıyanların başlıca fəaliyyətini necə də aydın surətdə əks etdirir! Bəli, bu işdə iştirak etmək istəyənlərin hamısı üçün kifayət qədər iş vardı!
7. 1932-ci ildə hansı dəyişiklik baş verdi və nə üçün?
7 Ağsaqqalların çoxu təbliğ işində təvazökarlıqla çalışırdılar. Bə’zi yerlərdə isə köhnə qayda ilə seçilmiş ağsaqqallar yığıncaqlarda hamının təbliğ etməsində zərurət görmədiklərindən təbliğ işinin gedişinə əngəl törədirdilər. Buna baxmayaraq, qarşıda hələ digər dəyişikliklər də gözlənilirdi. 1932-ci ildə yığıncaqlar «Gözətçi Qülləsi» jurnalında verilən göstərişə müvafiq olaraq ağsaqqallarla yığıncaq yardımçılarının demokratik yolla seçilməsinə son qoydular. Bunun əvəzinə onlar təbliğ xidmətində iştirak edən ruhani kişilərdən ibarət xidməti komitə seçməli idilər. Yığıncağa nəzarət təbliğdə fəal surətdə iştirak edən ağsaqqallara həvalə olundu və iş vüs’ət aldı.
Get-gedə artan işıq və növbəti dəyişikliklər
8. 1938-ci ildə hansı dəyişiklik baş verdi?
8 ‘Dan yeri nurunu artırmağa davam edirdi’. 1938-ci ildə yığıncaqda seçkilərə birdəfəlik son qoyuldu. Artıq yığıncaqda bütün xidmətçilər «sadiq və ağıllı» qulun nəzarəti altında teokratik yolla tə’yin edilirdilər (Matta 24:45-47). Dəyişiklik, demək olar ki, Yehovanın Şahidlərinin bütün yığıncaqları tərəfindən sözsüz qəbul edildi. Təbliğ işi bəhrələr gətirməyə davam edirdi.
9. 1972-ci ildə hansı quruluş tə’sis edildi və nəyə görə onu yaxşılığa doğru dəyişiklik adlandırmaq olar?
9 1972-ci il oktyabrın 1-dən e’tibarən yığıncaqlara nəzarətlə əlaqədar yeni bir quruluş qüvvəyə mindi. Bütün dünyada Yehovanın Şahidlərinin yığıncaqlarında ağsaqqallar şurası fəaliyyət göstərməyə başladı. Artıq yığıncağa nəzarəti yalnız yığıncaq xidmətçisi və ya nəzarətçisi həyata keçirmirdi. Bu yenilik yetkin kişiləri yığıncaqda məs’uliyyətlərə can atmağa təşviq etdi (1 Timoteyə 3:1-7). Nəticədə, çoxlu sayda qardaşlar yığıncaqdakı vəzifələrini yerinə yetirməklə təcrübə topladılar. Həqiqətə gələnlərə çobanlıq etmək üçün bu qardaşların göstərdikləri zəhmət əvəzsizdir!
10. 1976-cı ildə nə baş verdi?
10 Rəhbərlik Şurasının üzvləri altı komitəyə bölündülər. 1976-cı il yanvarın 1-dən e’tibarən, təşkilatın və yer üzündə olan yığıncaqların hamısının fəaliyyəti bu komitələrin nəzarəti altına keçdi. Doğrudan da, Padşahlıq işinə bütövlüklə ‘çoxsaylı nəsihət verənlərin’ rəhbərlik etməsi hamıya böyük fayda gətirdi (Süleymanın məsəlləri 15:22; 24:6).
11. 1992-ci ildə hansı mühüm yenilik təqdim edildi və nəyə görə?
11 1992-ci ildə başqa bir hadisə baş verdi. Bu hadisəni israillilərin Babil əsarətindən qayıtmasından sonra baş verən hadisə ilə müqayisə etmək olar. O vaxtlar mə’bəddə xidmət etmək üçün kifayət qədər Levili olmadığı üçün, onlara kömək məqsədilə israilli olmayan Netinimlərə daha çox məs’uliyyət tapşırılmışdı. Bizim günlərdə də sadiq və ağıllı qul sinfinə yer üzündə miqyası artan işdə kömək etmək məqsədilə, 1992-ci ildən başlayaraq, ‘başqa qoyunlardan’ bə’zilərinə xidmətdə daha çox məs’uliyyət həvalə olundu. Onlardan bə’ziləri Rəhbərlik Şurasının komitələrinə köməkçi kimi tə’yin edildilər (Yəhya 10:16).
12. Yehova əmin-amanlığı necə başçımız tə’yin etdi?
12 Bütün bu yeniliklər hansı bəhrələri gətirdi? Yehova deyir: «Əmin-amanlığı başçın, salehliyi hökmdarın tə’yin edəcəyəm» (Yeşaya 60:17). Yehovanın xidmətçiləri arasında bu gün ‘əmin-amanlıq’ hökm sürür, ‘salehliyə’ məhəbbət isə onların ‘hökmdarı’, yə’ni Allaha xidmət etməyə onları təşviq edən qüvvədir. Padşahlıq haqqında təbliğ və şagird hazırlamaq tapşırığını yerinə yetirmək üçün onlar yaxşı təşkil olunublar (Matta 24:14; 28:19, 20).
Yehova tə’limlərin üzərinə bol-bol işıq saçır
13. 1920-ci illər ərzində Yehova tə’limlərə aydınlıq gətirməklə xalqının yolunu necə işıqlandırdı?
13 Yehova, müəyyən tə’limlərə yeni anlayış verməklə xalqının getdiyi yolu daha da işıqlandırır. Vəhy 12:1-9 ayələrini buna misal gətirmək olar. Bu parçada söhbət üç simvolik surətdən — hamilə ‘qadından’, ‘əjdahadan’ və ‘oğlan uşağından’ gedir. Surətlərin kimi təmsil etdiyini bilirsinizmi? Onların kimliyi «Gözətçi Qülləsi» jurnalının 1925-ci il, 1 mart (ing.) sayında çıxan «Millətin doğuluşu» adlı məqalədə izah edilirdi. Bu məqalənin sayəsində Allahın xalqı Padşahlığın doğulması ilə əlaqədar peyğəmbərlikləri daha da aydın başa düşdü. Yeni anlayışın köməkliyi ilə əslində yer üzündə iki təşkilatın — Yehovanın və Şeytanın təşkilatının mövcud olması dərk edildi. 1927-1928-ci illərdə Allahın xalqı Milad bayramı və ad günü mərasimlərinin Müqəddəs Kitaba əsaslanmadığını başa düşdü və onların qeyd olunmasına son qoyuldu.
14. 1930-cu illərdə hansı tə’limlərə aydınlıq gətirildi?
14 1930-cu illərdə üç Müqəddəs Kitab həqiqətinə aydınlıq gətirildi. Uzun illər ərzində Müqəddəs Kitab Tədqiqatçıları Vəhy 7:9-17 ayələrindəki ‘böyük izdihamın’ yer üzünü Məsihlə bərabər padşah və kahinlər kimi idarə edəcək 144 000 nəfərdən fərqləndiyini bilirdilər (Vəhy 5:9, 10; 14:1-5). Bununla belə, onun kimliyi hələ də müəmmalı olaraq qalırdı. Get-gedə artan işığın altında əşyaların forma və rəngini sezmək mümkün olduğu kimi, 1935-ci ildə də böyük izdihamın kimliyi bilindi. Mə’lum oldu ki, onlar ‘böyük məşəqqətdən’ sağ çıxmağa və yerdə əbədi yaşamağa ümidi olan insanlardır. Elə həmin il, amma bir müddətdən sonra bir çox ölkələrdə yaşayan məktəbyaşlı Şahidlərə aid olan bir məsələyə aydınlıq gətirildi. Vətənpərvərlik ruhu bütün dünyada coşğunluqla aşılandığından Şahidlər bayrağa tə’zim etmənin arxasında adi rəsmiyyətçilikdən fərqli bir şeyin durduğunu anladılar. Növbəti il aydın oldu ki, İsa çarmıxın üzərində deyil, dirəyin üstündə ölmüşdü (Həvarilərin işləri 10:39, KM).
15. Qanın müqəddəsliyi barəsində daha çox mə’lumat nə vaxt və necə verildi?
15 İkinci Dünya müharibəsi zamanı yaralı əsgərlərə qan köçürmək adi müalicə üsulu idi. Məhz həmin vaxt qanın müqəddəsliyi tə’liminə aydınlıq gətirildi. «Gözətçi Qülləsi»nin 1 iyul, 1945-ci il sayında (ing.) oxuculara göstəriş verilirdi: «Allahın yaradacağı saleh yeni dünyada əbədi yaşamağa can atan hər bir kəs qanın müqəddəsliyinə hörmət bəsləməli və bu mühüm məsələdə Allahın göstərişinə əməl etməlidir».
16. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» nə vaxt nəşr edilmişdi və onun hansı iki mühüm cəhəti var?
16 1946-cı ildə Müqəddəs Kitabın yeni tərcüməsinə ehtiyac duyulmağa başladı. Yeni tərcümə ən son tədqiqatlara əsaslanmalı, orada Xristian dünyasının ən’ənələri üzərində yaranmış yalan tə’limlərə yer olmamalı idi. 1947-ci ilin dekabrında belə tərcümənin üzərində işə başlandı. 1950-ci ildə ingilis dilində «Yunanca Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» işıq üzü gördü. İngilis dilində İbranicə Müqəddəs Yazılar 1953-cü ildən başlayaraq bir neçə il ərzində 5 cilddə çıxdı. Sonuncu cild 1960-cı ildə, tərcümə layihəsinin başlamasından düz 12 il sonra işıq üzü gördü. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» 1961-ci ildə bir cilddə nəşr edildi. Bu gün artıq bir neçə dildə nəşr edilən bu tərcümənin bir çox müsbət cəhətləri var. Məsələn, bu tərcümədə Yehovanın adı bərpa edilib. Ondan başqa, orijinal mətnin dəqiq tərcüməsi Allahın Kəlamını dərk etməkdə əvəzsiz köməkdir.
17. 1962-ci ildə nə mə’lum oldu?
17 Romalılara 13:1 ayəsindəki ‘hər adamın üzərində olan hakimlər’ deyəndə kimin nəzərdə tutulması və məsihçilərin bu ‘hakimlərə’ nə dərəcədə tabe olması sualı ətraflı surətdə 1962-ci ildə açıqlandı. Romalılara 13-cü fəsil, Titusa 3:1, 2 və 1 Peter 2:13, 17 ayələrinin dərin araşdırılması sayəsində aydın oldu ki, ‘hər adamın üzərində olan hakimlər’ Yehova Allah və İsa Məsihə deyil, hakim dairələrinə aiddir.
18. 1980-ci illərdə hansı həqiqətlərə aydınlıq gətirildi?
18 Sonrakı illər ərzində nur salehlərin yoluna daha çox saçırdı. 1985-ci ildə «yaşamaq üçün» saleh e’lan edilməyin və Allahın dostu kimi saleh e’lan edilməyin hansı mə’nanı daşıması aydın oldu (Romalılara 5:18; Yaqub 2:23). Məsihçi Azadlıq ilinin mə’nası 1987-ci ildə ətraflı açıqlandı.
19. Son illər ərzində Yehova xalqının üzərinə ruhani işığı necə ələyib?
19 1995-ci ildə qoyunların keçilərdən ayrılması haqqındakı peyğəmbərlik daha dərindən dərk edildi. 1998-ci ildə Yezekelin artıq bu gün yerinə yetməkdə olan mə’bəd haqqında görüntüsü, 1999-cu ildə isə ‘iyrənc şeyin’ nə vaxt və necə ‘müqəddəs yerdə durduğu’ izah edildi (Matta 24:15, 16, İ–93; 25:32). Allaha ‘ruhən və həqiqətən ibadət etməyin’ nə olduğuna dair yeni izahat 2002-ci ildə verildi (Yəhya 4:24).
20. Allahın xalqı hansı digər sahələrdə dəyişikliklər görüb?
20 Təşkilatın quruluşunda baş verən dəyişikliklər və tə’limlərə gətirilən açıqlamalardan əlavə, məsihçilərin davranışı ilə əlaqədar da bir çox yeni göstərişlər verilmişdir. Məsələn, 1973-cü ildə tütündən istifadənin ‘bədən murdarlığı’ və ciddi günah olduğu başa düşüldü (2 Korinflilərə 7:1). On il sonra «Gözətçi Qülləsi»nin 1984-cü il 1 fevral nəşrində (rus.) məsihçinin odlu silah daşımasına dair mövqeyinə aydınlıq gətirildi. Bu, Allahın bizim günlərdə yolumuzu necə işıqlandırması ilə bağlı bə’zi misallardır.
Nuru artan yolda yeriməyə davam edin
21. Hansı münasibət bizə nuru artan yolda yeriməyə kömək edəcək?
21 Uzun illər ağsaqqal kimi xidmət edən bir məsihçi belə deyir: «Dəyişiklikləri qəbul etmək həmişə asan olmur». Bəs Padşahlığın təbliğçisi olduğu 48 il ərzində o qədər dəyişiklikləri qəbul etməyə ona nə kömək edib? O cavab verir: «Əsas məsələ düzgün münasibətdədir. Hər hansı bir dəyişikliyi qəbul etməmək, daima irəliləyən təşkilatdan dala qalmaq deməkdir. Hərdən müəyyən dəyişiklikləri qəbul etmək çətin olanda, mən Peterin İsaya dediyi sözlər üzərində düşünürəm: “Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir”. Sonra özümdən soruşuram: mən hara gedim? Yoxsa işıqdan dönüb dünyanın zülmətinə üz tutum? Bu, mənə Allahın təşkilatından bərk yapışmağa kömək edir» (Yəhya 6:68).
22. İşıqda yeriməyin bizə nə faydası var?
22 Sözsüz ki, bizi əhatə edən dünya zil qaranlıq içindədir. Yehova xalqının üzərinə nur ələdikcə, xalqı ilə bu dünya arasındakı uçurum daha da genişlənir. Allah bizə bu işığı hansı məqsədlə verir? Qaranlıq bir yolu fənərlə işıqlandırmaq yoldakı çuxuru yox etmədiyi kimi, Allahın Kəlamından saçan nur da yolumuzda olan tələləri aradan qaldırmır. Bununla belə, bu işıq, nur yolunda yeriməyə davam etməmiz üçün tələlərdən yan keçməyimizə kömək edir. Gəlin biz də Yehovanın «qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyən» peyğəmbərlik sözlərinə diqqət yetirək (2 Peter 1:19).
Yadınızdadırmı?
• Yehovanın xalqı təşkilatın quruluşunda baş vermiş hansı dəyişikliklərin şahidi olmuşdur?
• Artan nurun sayəsində hansı tə’limlərlə əlaqədar yeni açıqlamalar edilmişdir?
• Şəxsən sən hansı dəyişikliklərin şahidi olmusan və onları qəbul etməyə sənə nə kömək etmişdir?
• Nəyə görə get-gedə nuru artan yolda yeriməyə davam etmək istəyirsən?
[19-cu səhifədəki şəkillər]
1922-ci ildə Ohayo ştatının Sidar Poynt şəhərində keçirilən konqres Müqəddəs Kitab Tədqiqatçılarını Allahın həvalə etdiyi işi sə’ylə yerinə yetirməyə təşviq etdi.
[21-ci səhifədəki şəkil]
Neytan Norr 1950-ci ildə işıq üzü görən «Yunanca Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi»ni təqdim edir.
[İcazə ilə]
© 2003 BiblePlaces.com