Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • dg h. 10 s. 22—28
  • Allahın qurduğu valehedici yeni dünya

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın qurduğu valehedici yeni dünya
  • Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Başlıqlar
  • Oxşar material
  • Pislik ədalətlə əvəz olunacaqdır
  • Mükəmməl sağlamlıq bərpa edilir
  • Ölülərin geri qaytarılması
  • Doğrudan da sülh içində bir dünya
  • Yer üzünün Cənnətə çevrilməsi
  • Keçmişin məhv edilməsi
  • Yer üzündə qurulacaq Cənnətdə əbədi həyat!
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Sülh içində yeni dünya bir zaman gələcəkmi?
    Sülh içində yeni dünya. Bir zaman gələcəkmi?
  • Allahın Padşahlığı nələr edəcəkdir?
    Gözətçi qülləsi 2001
  • Yaxın gələcəyimizə dair peyğəmbərliklər
    Gözətçi qülləsi 2009
Əlavə
Allah həqiqətən də bizim qeydimizə qalırmı?
dg h. 10 s. 22—28

Hissə 10

Allahın qurduğu valehedici yeni dünya

ALLAHIN yer üzünü təmizləyəcək Har-Megidon müharibəsindən sonra nə baş verəcək? Parlaq yeni bir era başlanacaq. Artıq Allahın hökmranlığına sadiq olduqlarını sübut edən və Har-Megidonda sağ qalan insanlar yeni dünyaya daxil olacaqlar. Bəşər ailəsi üzərinə Allahın gözəl xeyir-duaları tökülən zaman, tarixin bu yeni dövrü necə də valehedici olacaqdır!

2 Sağ qalanlar, Allahın Padşahlığının rəhbərliyi altında Cənnəti qurmağa başlayacaqlar. Onlar öz güclərini, o zaman yaşayacaq insanlara fayda gətirən təmənnasız məşğuliyyətlərə sərf edəcəklər. Yer üzü bəşəriyyət üçün gözəl, sülhlə dolu, ləzzət verən yaşayış yerinə çevrilməyə başlayacaqdır.

Pislik ədalətlə əvəz olunacaqdır

3 Bütün bunlar Şeytan dünyasının məhv edilməsi sayəsində mümkün olacaqdır. Araya ədavət salan yalan dinlər, ictimai quruluşlar və ya hakimiyyətlər artıq olmayacaq. Şeytanın aldadıcı təbliğatı artıq insanları çaşdırmayacaq. Belə təbliğatı yaymaqla məşğul olan təşkilatların hamısı Şeytanın sistemi ilə birlikdə yox olacaqlar. Bircə təsəvvür edin: Şeytan dünyasının zəhərli atmosferi tamamilə təmizlənəcək! Necə də rahatlıq olacaq!

4 O zaman insan rəhbərliklərinin məhv­edici əqidələri Allahdan gələn inkişafetdirici tə’limlə əvəz ediləcək. “Bütün oğulların Rəbb tərəfindən öyrədilmiş olacaq” (İşaya 54:13). İldən ilə davam edən bu faydalı tə’lim sayəsində “sular dənizi necə doldurursa, dünya da Rəbb bilgisi ilə dolu olacaq” (İşaya 11:9). İnsanlar artıq pisliyə öyrənməyəcəklər, lakin ‘dünyada yaşayanlar doğruluğa öyrənəcəklər’ (İşaya 26:9). İnkişafetdirici fikir və davranış tərzi adət halına çevriləcək (Həvarilərin işləri 17:31; Filipililərə 4:8).

5 Beləliklə, artıq qatillik, zorakılıq, zorlama, soyğunçuluq və ya digər cinayətlər olmayacaq. Artıq heç kim başqalarının pis əməllərindən əzab çəkməyəcəkdir. Süleymanın məsəlləri 10:30 ayəsində deyilir: “Saleh olan əbədiyyən sarsılmaz, fəqət pislər məmləkətdə yaşamayacaqlar”.

Mükəmməl sağlamlıq bərpa edilir

6 Yeni dünyada ilk üsyanın bütün acınacaqlı nəticələri əks istiqamət alacaq. Məsələn, Padşahlığın rəhbərliyi xəstəlikləri və qocalığı aradan qaldıracaq. Bu gün siz nisbi sağlamlığa malik olsanız da, qaçılmaz sübutlar var ki, insan yaşa dolduqca gözləri, eşitmə qabiliyyəti zəifləyir, dişləri tökülür, dərisi qırışır, daxili orqanlarında pozğunluq baş verir və axırda da ölür.

7 Lakin ulu valideynlərimizdən miras aldığımız bu üzücü nəticələr tezliklə keçmişdə qalacaq. Yer üzündə olarkən İsanın sağlamlığa dair gördüyü işləri xatırlayırsınızmı? Müqəddəs Kitab deyir: “Onun yanına böyük bir izdiham gəldi və aralarında topallar, korlar, dilsizlər, çolaqlar və daha başqa bir çoxları var idi. Onları İsanın ayaqları yanına qoydular; və İsa onları sağaltdı. Dilsizi danışan, çolağı sağlam, koru görən və topalı yeriyən gördüyü zaman, xalq təəccübləndi” (Matta 15:30, 31).

8 Yeni dünyada bütün xəstəliklər aradan qaldırılan zaman necə də böyük xoşbəxtlik olacaq! Pis sağlamlıq ucbatından yaranan bu əzablar üzündən bir daha iztirab çəkməyəcəyik. “Orada yaşayan: Xəstəyəm, deməyəcək”. “O zaman korların gözləri açılacaq, karların da qulaqları eşidəcək. O zaman topal adam maral kimi sıçrayacaq və dilsizin dili tərənnüm edəcək” (İşaya 33:24; 35:5, 6).

9 Məgər hər səhər oyanarkən tam sağlamlığa sahib olduğunuzu duymaqdan həzz almayacaqsınızmı? Yaşlı insanların gənclik çağlarındakı qüvvələrinə qovuşduqlarını və Adəmlə Həvvanın başlanğıcda sahib olduqları kamiliyyə nail olacaqlarını bilmək, onları məmnun etməyəcəkmi? Müqəddəs Kitab və’d edir: “Əti [bədəni] uşağınkından körpə olar; gəncliyi günlərinə dönər” (Eyub 33:25). Eynəkləri, eşitmə qurğularını, qoltuqağaclarını, əlil arabalarını və dərmanları tullamaq necə də məmnunluq gətirəcək! Xəstəxanalara, həkimlərə və diş həkimlərinə bir daha ehtiyac olmayacaq.

10 Bu cür gözəl sağlamlığa sahib olan insanlar ölmək istəməyəcəklər. Və onlar ölməyəcəklər, çünki artıq bəşəriyyət miras alınmış qeyri-kamilliyin və ölümün əsarətində olmayacaq. “Allah Onun [Məsihin] bütün düşmənlərini ayaqlarının altına salıncaya kimi... padşahlıq etməlidir. Yox ediləcək axırıncı düşmən isə, ölümdür”. “Allahın ən’amı... əbədi həyatdır”. (1 Korinflilərə 15:25, 26, İ–93; Romalılara 6:23; həmçinin İşaya 25:8 ayəsinə də baxın.)

11 Müqəddəs Kitabın sonuncu kitabı, qayğıkeş Allahın Cənnətdə insan ailəsinə verəcəyi bu xeyir-dualara yekun vuraraq deyir: “Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi” (Vəhy 21:3, 4).

Ölülərin geri qaytarılması

12 İsa xəstələri sağaltmaqdan və şikəstlərə şəfa verməkdən daha artıq iş görürdü. O, ölüləri də dirildirdi. Bununla İsa, Allahın ona qeyri-adi diriltmək qabiliyyəti verdiyini göstərdi. İsa, qızı ölən adamın evinə gəldikdə baş verən hadisəni xatırlayırsınızmı? İsa ölən qıza dedi: “Qızcığaz, sənə qalx deyirəm!” Bəs nəticəsi necə oldu? “Qız da o anda qalxıb gəzməyə başladı”. Oradakı insanlar bunu gördükdə “çox heyrətləndilər”. Onlar xoşbəxtliklərini gizlədə bilmədilər! (Mark 5:41, 42; həmçinin Luka 7:11-16; Yəhya 11:1-45 ayələrinə də baxın.)

13 Yeni dünyada “həm saleh, həm də saleh olmayan ölülərin dirildilməsi olacaqdır” (Həvarilərin işləri 24:15). O zaman İsa, Allahın ona verdiyi qüvvəni ölüləri diriltmək üçün istifadə edəcək, çünki o demişdir: “Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar” (Yəhya 11:25). O, həmçinin demişdir: “Qəbirlərdə [Allahın yaddaşında] olanların hamısı Onun [İsanın] səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar” (Yəhya 5:28).

14 Ölənlər bir-birinin ardınca qrup halında dirilib öz əzizlərinə qovuşan zaman, bütün yer üzündə necə də böyük sevinc olacaqdır! Artıq qəzet səhifələrində sağ qalan kəsləri kədərləndirəcək başsağlıqları dərc olunmaq əvəzinə, ehtimal ki, hətta bütün bunların əksi — onları sevənlərin sevincinə səbəb olacaq yeni dirilənlər haqqında e’lanlar dərc olunacaq. Beləliklə, artıq dəfn mərasimləri, dəfn tonqalları, krematoriyalar və qəbiristanlıqlar olmayacaq!

Doğrudan da sülh içində bir dünya

15 Həyatın hər bir sahəsində həqiqi sülh hökm sürəcək. Müharibələr, müharibələri törədənlər və silah istehsalı kimi işlər keçmişdə qalacaq. Nə üçün? Çünki araya ədavət salan milli, tayfa və irqi mənafelər yox olacaqdır. O zaman tam mə’nada “millət millətə qarşı qılınc qaldırmayacaq və artıq cəng etməyi öyrənməyəcəklər” (Mika 4:3).

16 Bəşəriyyətin qana susamış müharibələrlə dolu tarixinə nəzər salsaq, bu, təəccüblü görünə bilər. Lakin bunlar bəşəriyyətin insan və Şeytan rəhbərliyi altında olduğuna görə baş verirdi. Padşahlığın rəhbərliyi altındakı yeni dünyada isə növbəti şeylər baş verəcək: “Gəlin, Rəbbin işlərini görün... Yerin ucuna qədər müharibələri durdurar; yayı qırar və mizrağı parçalar; cəng arabalarını atəşdə yandırar” (Məzmur 46:8, 9).

17 Eden bağında olduğu kimi, insan və heyvanlar arasında da sülh olacaqdır (Təkvin 1:28; 2:19). Allah deyir: “Çöl heyvanları ilə və göylərin quşları ilə torpaqda sürünənlərlə o gün onlar üçün əhd kəsəcəyəm... və onları təhlükəsizlikdə yaşadacağam” (Hoşea 2:18).

18 Sülh nə dərəcədə geniş yayılacaqdır? “Qurd quzu ilə bərabər yaşayacaq və pələng oğlaqla bərabər yatacaq; və buzov və gənc aslan və bəslənmiş öküz bir yerdə olacaq; və onları balaca bir uşaq otaracaq”. Heyvanlar bir daha insanlara və bir-birlərinə təhlükə yaratmayacaqlar. Hətta “aslan öküz kimi saman yeyəcək”! (İşaya 11:6-9; 65:25).

Yer üzünün Cənnətə çevrilməsi

19 Bütün yer üzü bəşəriyyət üçün Cənnət məkanına çevriləcəkdir. Bu səbəbə görə İsa, ona iman edən kişiyə və’d edə bildi: “Sən mənimlə bərabər cənnətdə olacaqsan”. Müqəddəs Kitabda deyilir: “Çöl və quraq yer şadlanacaq; və əhalisiz yer sevinəcək və nərgiz kimi çiçəklənəcək... çünki çöldə sular və səhrada sellər fışqıracaq” (Luka 23:43; İşaya 35:1, 6).

20 Allahın rəhbərliyi altında aclıq milyonlarla insana bir daha sıxıntı gətirməyəcək. ‘Yerdə, dağlar başında, buğda bolluğu olacaq; səmərəsi... dalğalanacaq’. “Səhra ağacı meyvəsini verəcək və yer məhsulunu verəcək və öz torpaqları üzərində təhlükəsiz olacaqlar” (Məzmur 72:16; Hezekiel 34:27).

21 Artıq orada yoxsulluq, evsiz-eşiksiz insanlar, xarabalıqlar və cinayətlə dolu ərazilər olmayacaq. “Evlər tikəcəklər və yaşayacaqlar; bağlar salacaqlar və meyvəsini yeyəcəklər. Onlar tikib də başqası yaşamayacaq; onlar əkib də başqası yeməyəcək”. “Hər kəs öz asması altında və əncir ağacı altında oturacaq; və onları qorxudan olmayacaq” (İşaya 65:21, 22; Mika 4:4).

22 Cənnətdə insanlar bu və bu kimi bir çox başqa xeyir-dualar alacaqlar. Məzmur 145:16 ayəsində deyilir: “[Ey Allah] əlini açırsan və hər yaşayanı diləyinə görə doyurursan”. Təəccüblü deyil ki, Müqəddəs Kitabın peyğəmbərliyi bəyan edir: “Həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar... salehlər yeri miras alar və onda əbədiyyən yaşayarlar” (Məzmur 37:11, 29).

Keçmişin məhv edilməsi

23 Keçən altı min il ərzində bəşər ailəsinə toxunan bütün zərər Allahın Padşahlığının rəhbərliyi altında aradan qaldırılacaq. O zaman insanların duyacaqları sevinc, çəkdikləri hər bir iztirabdan artıq olacaqdır. Keçmişdə çəkdiyimiz iztirablarla əlaqədar hər-hansı pis xatirələr artıq bizi narahat etməyəcək. İnsanların gündəlik həyatlarında olacaq inkişafetdirici fikirlər və fəaliyyətlər get-gedə əzabverici xatirələri siləcək.

24 Qayğıkeş Allah bəyan edir: “Mən yeni göylər [bəşəriyyət üzərində hökm sürən göydəki yeni hökumət] ilə yeni yer [saleh insan cəmiyyəti] yaratmaqdayam; və əvvəlki şeylər anılmayacaq və fikrə gəlməyəcək. Ancaq yaradmaqda olduğumla məsrur olacaqsınız və əbədiyyən sevinclə coşacaqsınız”. “Bütün dünya istirahət edir və susmuş; birdən tərənnümlə coşarlar” (İşaya 14:7; 65:17, 18).

25 Beləliklə, Allah uzun müddət davam edən bu pis vəziyyəti öz Padşahlığı vasitəsilə tamamilə dəyişəcəkdir. Allah keçmişdə çəkdiyimiz hər bir zərərin əvəzini artıqlaması ilə ödəyən xeyir-duaları əbədiyyən verməklə özünün böyük qayğıkeşliyini təzahür etdirəcəkdir. O zaman keçmişdə çəkdiyimiz çətinliklər, hətta onları xatırlamaq istəsək də, zehnimizdə yalnız dumanlı bir xatirəyə çevriləcəkdir.

26 Beləliklə, Allah bu dünyada çəkdiyimiz bütün iztirabların əvəzini ödəyəcəkdir. O bilir ki, qeyri-kamil doğulmağımız bizim günahımız deyil, çünki qeyri-kamilliyi ulu valideynlərimizdən miras almışıq. Şeytan dünyasında anadan olmağımız da bizim günahımız deyil, çünki əgər Adəm və Həvva sadiq qalsaydılar, bunun əvəzində Cənnətdə doğulardıq. Beləliklə, Allah üzərimizə düşən bu ağır keçmişin əvəzini artıqlaması ilə ödəyəcəkdir.

27 Yeni dünyada bəşəriyyət, Romalılara 8:21, 22 ayələrində əvvəlcədən xəbərdarlıq edilən azadlığı hiss edəcəkdir: “Xilqət özü də çürüklüyə olan köləliyindən azad olunub Allahın övladlarının izzətli azadlığına qovuşacaqdır. Çünki bilirik ki, bütün xilqət indiyə kimi birlikdə fəryad edib doğum ağrısı çəkir”. O zaman insanlar, “Padşahlığın gəlsin; göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” duasının tamamilə yerinə yetdiyini görəcəklər (Matta 6:10, İ–93). Yer üzündəki Cənnətdəson dərəcə gözəl şəraitlər, göydə olan şəraitlərin əksi olacaqdır.

[Oyrənilmə üçün olan suallar]

1, 2. Yer üzünü təmizləyəcək Har-Megidon müharibəsindən sonra nə baş verəcək?

3. Har-Megidondan dərhal sonra hansı yüngüllük hiss ediləcəkdir?

4. Tə’limdə baş verəcək dəyişikliyi təsvir edin.

5. Bütün pisliklərlə və pis insanlarla nə baş verəcəkdir?

6, 7. a) Padşahlığın rəhbərliyi hansı amansız fakta son qoyacaqdır? b) İsa yer üzündə olanda bunu necə göstərdi?

8, 9. Yeni dünyada kamil sağlamlıq bərpa edilən zaman duyulacaq xoşbəxtliyi təsvir edin.

10. Ölümlə nə olacaq?

11. “Vəhy” kitabında yeni dünyanın xeyir-duaları necə yekunlaşdırılır?

12. İsa, Allahın ona verdiyi diriltmə bacarığını necə göstərdi?

13. Hansı insanlar dirildiləcəklər?

14. Ölümlə bərabər nələr aradan qaldırılacaq?

15. Mikanın peyğəmbərliyi tam mə’nada necə yerinə yetəcəkdir?

16. Allah müharibələrin öhdəsindən necə gələcək?

17, 18. Yeni dünyada insanlar və heyvanlar arasında hansı münasibətlər olacaqdır?

19. Yer üzü nəyə çevriləcəkdir?

20. Nə üçün aclıq bir daha bəşəriyyətə sıxıntı gətirməyəcək?

21. Evsizlik, xarabalıq və cinayətlə dolu əraziləri nə gözləyir?

22. Müqəddəs Kitabda Allahın rəhbərliyinin xeyir-duaları necə təsvir olunur?

23. Allahın Padşahlığı çəkdiyimiz bütün iztirabların əvəzini necə ödəyəcəkdir?

24, 25. a) İşaya nəyin olacağını əvvəlcədən xəbərdarlıq etmişdir? b) Biz nə üçün əmin ola bilərik ki, keçmişdə çəkdiyimiz iztirablardan yalnız dumanlı xatirələr qalacaq?

26. Allah keçmişdə çəkdiyimiz hər bir iztirabın əvəzini nə üçün ödəyəcəkdir?

27. Hansı peyğəmbərliklər yeni dünyada mö’cüzəli şəkildə tamamilə yerinə yetəcək?

[23-cü səhifədə olan şəkil]

Yeni dünyada qocalar gənclik günlərindəki qüvvələrinə qovuşacaqlar.

[24-cü səhifədə olan şəkil]

Yeni dünyada bütün xəstəliklər və şikəstliklər aradan qaldırılacaq.

[25-ci səhifədə olan şəkil]

Yeni dünyada ölülər dirildiləcəklər.

[26-cı səhifədə olan şəkil]

“Artıq cəng etməyi öyrənməyəcəklər”.

[27-ci səhifədə olan şəkillər]

Cənnətdə insanlar və heyvanlar arasında tam həmrə’ylik olacaqdır.

“Allah əlini açacaq və hər yaşayanı diləyinə görə doyuracaq”.

[28-ci səhifədə olan şəkil]

Allahın Padşahlığı çəkdiyimiz bütün iztirabların əvəzini ödəyəcəkdir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş