Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/9 s. 8—12
  • Min il və əbədiyyət boyu sülh!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Min il və əbədiyyət boyu sülh!
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • ONLAR EVLƏR TİKİB ÜZÜM BAĞLARI SALACAQ
  • «QURDLA QUZU BİR YERDƏ OTLAYACAQ»
  • «ALLAH İNSANLARIN GÖZLƏRİNDƏN BÜTÜN YAŞLARI SİLƏCƏK»
  • «QƏBİRLƏRDƏ OLANLARIN HAMISI» DİRİLƏCƏK
  • «ALLAH HƏR KƏS ÜÇÜN HƏR ŞEY» OLACAQ
  • ‘Heç vaxt dağılmayacaq’ Padşahlıq
    Vahid həqiqi Allaha ibadət edin
  • Allahın Padşahlığı nələr edəcəkdir?
    Gözətçi qülləsi 2001
  • Allahın qurduğu valehedici yeni dünya
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Allahın Padşahlığı - yerin yeni hökuməti
    Gözətçi qülləsi 2001
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/9 s. 8—12

Min il və əbədiyyət boyu sülh!

«Allah hər kəs üçün hər şey olsun» (1 KOR. 15:28).

İZAH EDƏ BİLƏRSİNİZMİ?

Növbəti ayələrdəki peyğəmbərliklərin yerinə yetməsi sizin üçün hansı mənanı kəsb edir?

Mikeya 4:4

Yeşaya 11:6—9

Yəhya 5:28, 29

1. Böyük izdihamı hansı gözəl gələcək gözləyir?

TƏSƏVVÜR edirsiniz, başda ədalətli və şəfqətli hökmdar olan hökumət öz təbəələri üçün min il ərzində nələr etməyə qadirdir?! Belə bir gözəl gələcək sayı məlum olmayan böyük izdihamı gözləyir. Bu pis sistemə son qoyulan zaman həmin izdiham «böyük müsibətdən» sağ çıxacaq (Vəhy 7:9, 14).

2. Bəşəriyyət 6000 il ərzində nələr çəkib?

2 Altı min il ərzində bəşəriyyət müstəqil şəkildə öz-özünü idarə etməyə çalışırdı. Bu, misli görünməmiş ağrı və əzab-əziyyətlər törətmişdi. Ta qədimdə Müqəddəs Kitabda belə sözlər yazılmışdı: «Bir adamın başqa adama ağalıq etməsi başına bəla olur» (Vaiz 8:9). Bu gün qarşımızda hansı mənzərə açılır? Müharibə və iğtişaşlardan savayı, kasıbçılıq, xəstəliklər, ətraf mühitin çirklənməsi, iqlimin dəyişməsi və bu kimi digər dəhşətli problemlər dünyanı öz ağuşuna alıb. Hökumət nümayəndələri xəbərdarlıq edirlər ki, sanki, heç nə baş vermirmiş kimi yaşamağa davam etsək, bu, fəlakətlə nəticələnəcək.

3. Minillik Hökmranlıq zamanı nə baş verəcək?

3 İsa Məsihin və onun 144 000 hakimiyyət şərikinin hökmranlığı zamanı Allahın Padşahlığı insanlara və onların məskəni olan Yer kürəsinə vurulan bütün zərəri tədricən aradan qaldıracaq. Minillik Hökmranlıq zamanı Yehova Allahın növbəti sevindirici vədi gerçəkləşəcək: «Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək» (Yeşaya 65:17). İndi onları görməsək də, qarşıda bizi hansı gözəl hadisələr gözləyir? Gəlin Allahın Kəlamındakı peyğəmbərliklərin köməyilə hələ «gözlə görünməyən» bu gözəl hadisələrə nəzər salaq (2 Kor. 4:18).

ONLAR EVLƏR TİKİB ÜZÜM BAĞLARI SALACAQ

4. Çoxları necə şəraitdə yaşayır?

4 Kim istəməz ki, özünün və ailəsinin təhlükəsiz və arxayın yaşadığı şəxsi evi olsun? Bizim günlərdə əksər insanların münasib evlərinin olmaması ciddi problemdir. İnsanlar əhalisi həddən artıq sıx olan şəhərlərdə yaşayırlar. Çoxları xarabalıqlarda, müvəqqəti koma və daxmalarda məskunlaşmaq məcburiyyətindədir. Şəxsi ev onlar üçün əlçatmaz bir arzudur.

5, 6. a) Yeşaya 65:21 və Mikeya 4:4 ayələri necə yerinə yetəcək? b) Bu xeyir-duanı almaq istəyiriksə, bizdən nə tələb olunur?

5 Padşahlığın rəhbərliyi altında insanların şəxsi evə sahib olmaq istəkləri gerçəkləşəcək, çünki Yeşayanın peyğəmbərliyində vəd olunur: «Onlar evlər tikib orada məskunlaşacaq, üzüm bağları salacaq, bəhrələrindən yeyəcək» (Yeşaya 65:21). Ancaq şəxsi evə sahib olmaqla iş bitmir. Bu gün də bəzilərinin öz evləri var, hətta malikanə və ya villalarda yaşayanlar da az deyil. Bununla belə, onlar daima maliyyə böhranı nəticəsində evlərini itirəcəyindən, yaxud da daha dəhşətlisi, qarət olunacaqlarından qorxurlar. Padşahlığın rəhbərliyi altında hər şey necə də fərqli olacaq! Mikeya peyğəmbər yazmışdı: «Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, onları qorxudan olmayacaq» (Mik. 4:4).

6 Bu möhtəşəm gələcəyi öz gözlərimizlə görmək üçün bizdən nə tələb olunur? Əlbəttə ki, hər birimizin münasib evə ehtiyacı var. Lakin, ola bilsin, borca-xərcə girib xəyallarımızdakı evə indi sahib olmaq əvəzinə, məgər diqqətimizi Yehovanın vədinə cəmləmək daha müdrik olmazdı? İsanın özü barədə dediyi sözləri yadımıza salaq: «Tülkülərin də, göy quşlarının da yuvası var, amma insan Oğlunun başını qoymağa belə yeri yoxdur» (Luka 9:58). İsanın ən yaxşı ev tikmək, yaxud da almaq üçün həm bacarığı, həm də gücü vardı. Bəs nə üçün o, bunu etmədi? Çünki İsa onu Padşahlığı həyatında birinci yerə qoymaqdan yayındıracaq hər bir şeydən uzaq durmaq istəyirdi. Biz də onun nümunəsini izləyərək gözümüzü tox, yəni maddi narahatçılıqdan uzaq saxlaya bilərikmi? (Mat. 6:33, 34).

«QURDLA QUZU BİR YERDƏ OTLAYACAQ»

7. Yehovanın ilkin niyyətinə görə, insanlarla heyvanlar arasında hansı münasibət olmalı idi?

7 Yehova insanı ən axırda, yer üzündəki bütün məxluqların tacı kimi yaratdı. Yehova Mahir Usta olan ilkin oğlu İsa Məsihə Öz niyyəti haqda demişdi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin» (Yar. 1:26). Beləcə Adəmlə Həvvaya və demək olar ki, bütün insanlara heyvanat aləmi üzərində hökmranlıq etmək işi həvalə olunmuşdu.

8. Bu gün heyvanlara hansı davranış xasdır?

8 İnsanlar üçün bütün heyvanları özlərinə tabe etdirmək və onlarla sülh içində yaşamaq mümkündürmü? Bir çoxları it və pişik kimi ev heyvanlarını sevirlər. Bəs vəhşi heyvanlar haqda nə demək olar? Bir hesabatda deyilir: «Vəhşi heyvanlara yaxın yaşayan və onları tədqiq edən alimlər aşkar etmişlər ki, bütün məməlilər emosional məxluqlardır». Əlbəttə, təhlükə ilə üzləşən heyvanlar qorxunc və vəhşi olurlar. Bəs onlar bəzilərinin incə adlandırdığı hissləri təzahür etdirməyə qadirdirmi? Həmin hesabatda əlavə olunur: «Məhz balalarını yetişdirdiyi vaxtda məməlilərin ən böyük xüsusiyyəti — zərif hisslər göstərmək kimi böyük bacarıqları üzə çıxır».

9. Heyvanlarla əlaqədar hansı dəyişikliyi gözləyə bilərik?

9 Buna görə də Müqəddəs Kitabda insanlarla heyvanlar arasında sülhün bərqərar olunacağı haqda oxuyanda təəccüblənməli deyilik. (Yeşaya 11:6—9; 65:25 ayələrini oxu.) Nəyə görə? Gəlin Nuh və ailəsi Daşqından sonra gəmidən çıxanda Allahın onlara dediyi sözləri xatırlayaq: «Bütün heyvanlar... sizdən qorxub dəhşətə gələcək». Bu, heyvan nəslinin kəsilməməsi üçün idi (Yar. 9:2, 3). Məgər Yehova insanlara heyvanlar üzərində əzəldən verdiyi hakimiyyəti bərpa etmək üçün bu qorxu və dəhşətin müəyyən qismini aradan qaldırmaq iqtidarında deyil? (Huşə 2:18). Həmin vaxt yer üzündə yaşayacaq insanları necə də maraqlı həyat gözləyir!

«ALLAH İNSANLARIN GÖZLƏRİNDƏN BÜTÜN YAŞLARI SİLƏCƏK»

10. Bu gün insanlar hansı səbəblərə görə göz yaşı tökürlər?

10 Süleyman «səma altında edilən bütün zülmləri» görəndə ürəkağrısı ilə dedi: «Məzlumların göz yaşlarını gördüm, onlara təsəlli verən yox idi» (Vaiz 4:1). Bu gün də vəziyyət eynidir, hətta, ola bilsin, ondan da betərdir. Məgər aramızda müəyyən səbəblərə görə göz yaşı tökən yoxdur? Düzdür, bəzən bu, sevinc göz yaşları olur. Ancaq ümumilikdə göz yaşları ürəkdə olan dərin yaraların əksidir.

11. Hansı Müqəddəs Kitab hadisələri haqda oxuyanda kövrəlirsiniz?

11 Müqəddəs Kitabda oxuduğumuz bir çox təsirli hadisələri yadımıza salaq. 127 yaşında Sara öləndə «İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi» (Yar. 23:1, 2). Naomi dul qalmış iki gəlini ilə sağollaşanda «onlar hönkürüb ağladılar» və sonra «yenə də bərkdən ağlaşdılar» (Rut 1:9, 14). Padşah Xizqiya ölümcül xəstəliyə tutulanda Yehovaya dua edib «acı-acı ağladı» və bu, Onun ürəyinə təsir etdi (2 Pad. 20:1—5). Bəs bizlərdən kim Peterin İsanı danması haqda oxuyanda doluxsunmur? Xoruzun banlamasını eşidən Peter «çölə çıxıb acı-acı ağladı» (Mat. 26:75).

12. Padşahlıq bəşəriyyəti əsil rahatlığa necə qovuşduracaq?

12 Başı bəlalardan ayılmayan bəşəriyyətin təsəlli və rahatlığa ehtiyacı var. İnsanların bu ehtiyacı Minillik Hökmranlıq zamanı təmin olunacaq: «Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq» (Vəhy 21:4). Necə də gözəldir ki, yeni dünyada kədər, fəryad, ağrı-acıdan əsər-əlamət qalmayacaq. Allah hətta bəşəriyyətin axırıncı düşməni olan ölümü də aradan qaldıracağını vəd edir. Bu, necə olacaq?

«QƏBİRLƏRDƏ OLANLARIN HAMISI» DİRİLƏCƏK

13. Adəmin günaha batmasından bəri ölüm insanlara necə təsir edir?

13 Adəm günaha batandan bəri ölüm, bir padşah kimi, bütün bəşəriyyət üzərində hökmranlıq edir. Ölüm gözəgörünməz düşmən, hər bir günahlı insanın qaçılmaz aqibəti və ölçüyəgəlməz kədər, qəm-qüssə mənbəyidir (Rom. 5:12, 14). «Ölüm qorxusu» ilə yaşayan milyonlarla insanlar «köləlik əsarətində»dirlər (İbr. 2:15).

14. Ölüm aradan qaldırılanda bunun nəticəsi nə olacaq?

14 Müqəddəs Kitabda «sonuncu düşmən» adlandırılan ölümün məhv ediləcəyi vaxtdan danışılır (1 Kor. 15:26). Bundan iki qrup insan faydalanacaq. Hal-hazırda yaşayan böyük izdiham ölümü dadmadan vəd edilmiş yeni dünyaya daxil olacaq və əbədi yaşaya biləcək. Ölüm əsarətində olan milyardlarla insanlar isə diriləcəklər. Har-Magedonu sağ keçənlər dirilən insanları qarşılayanda yer üzündə hökm sürəcək böyük sevinc və həyəcanı təsəvvür edirsiniz? Müqəddəs Kitabda qələmə alınan dirilmə hadisələrinin bəzilərinə yaxından nəzər saldıqda həmin vaxtı, az da olsa, təsəvvür edə bilərik. (Mark 5:38—42; Luka 7:11—17 ayələrini oxu.)

15. Əziziniz diriləndə hansı hissləri keçirəcəksiniz?

15 «Sevinci yerə-göyə sığmırdı» və «Allahı mədh etməyə... başladılar» ifadələrinə diqqət yetirək. Əgər sən də həmin vaxt orada olsaydın, yəqin ki, eyni hissləri keçirərdin. Həqiqətən də, ölən əzizlərimizin dirilməsini görmək qeyri-adi sevinc və fərəhə səbəb olacaq. İsa demişdi: «Elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı onun səsini [eşidib]... diriləcəklər» (Yəh. 5:28, 29). Bizlərdən heç birimiz heç vaxt buna bənzər hadisə görməmişik; bu, gözlə görünməyən şeylərin arasında ən möhtəşəmlərindən biri olacaq.

«ALLAH HƏR KƏS ÜÇÜN HƏR ŞEY» OLACAQ

16. a) Hələ gözlə görünməyən xeyir-dualar barədə nəyə görə şövqlə danışmalıyıq? b) Pavel Korinfdəki məsihçiləri ruhlandırmaq üçün onlara nə demişdi?

16 Bəli, bu keşməkeşli dövrdə Yehovaya sadiq qalan hər bir insanı necə də gözəl gələcək gözləyir! Bu möhtəşəm xeyir-dualar hələ gözlə görünməsə də, onları möhkəm yadda saxlamaq diqqətimizi vacib şeylərə cəmləməyə və bu dünyanın tez keçib-gedən cazibədarlığına aldanmamağa kömək edəcək (Luka 21:34, 35; 1 Tim. 6:17—19). Ailəvi öyrənmə və ibadət zamanı, həmimanlılarımızla ünsiyyət edəndə, eləcə də Müqəddəs Kitabı öyrətdiyimiz və xoş xəbərə maraq göstərən insanlarla müzakirə aparanda gəlin gözəl ümidimiz barədə şövqlə danışaq. Bu, ümidimizi zehnimizdə və ürəyimizdə canlı saxlamağa kömək edəcək. Həvari Pavel həmimanlılarını məhz belə ruhlandırırdı. O, sanki, onları Məsihin Minillik Hökmranlığının sonuna aparmışdı. Pavelin 1 Korinflilərə 15:24, 25, 28 ayələrindəki sözlərin tam məğzini təsəvvür etməyə çalışın. (Ayələri oxu.)

17, 18. a) Yehova hansı mənada bəşər tarixinin ta başlanğıcında «hər kəs üçün hər şey» olub? b) İsa birlik və harmoniyanı bərpa etmək üçün nə edəcək?

17 Minilliyin sonunda həyatın necə olacağını təsvir etmək üçün «Allah hər kəs üçün hər şey [olacaq]» sözlərindən yaxşı sözlər tapa bilmərik. Bu, nə deməkdir? Gəlin xəyalən Eden bağına — kamil insanlar olan Adəmlə Həvvanın Yehovanın sülh və harmoniya içində yaşayan ümumdünya ailəsinin üzvü olduqları vaxtlara qayıdaq. Kainatın Ali Hökmdarı Yehova yaratdıqları bütün məxluqları — mələkləri və insanları birbaşa idarə edirdi. Onlar şəxsən Yehova ilə ünsiyyət edirdilər, Ona ibadət edir və xeyir-dualarını alırdılar. O, «hər kəs üçün hər şey» idi.

18 Şeytanın təsirinə uyaraq ilk insanlar Yehovanın hökmranlığına qarşı çıxanda bu harmoniya pozuldu. Lakin 1914-cü ildən etibarən Allahın Padşahlığı birlik və harmoniyanı bərpa etmək üçün tədricən addımlar atır (Efes. 1:9, 10). Minillik Hökmranlıq zamanı hal-hazırda «gözlə görünməyən» möhtəşəm xeyir-dualar gerçəkləşəcək. Bundan sonra «son» gələcək, yəni Məsihin Minillik Hökmranlığı bitəcək. Bəs sonra nə baş verəcək? «Göydəki və yerdəki bütün hakimiyyət» İsaya verilsə də, o, şöhrətpərəst deyil. O, Yehovanın mövqeyinə göz dikməyib. İsa təvazökarlıqla «padşahlığı öz Atası Allaha təhvil verəcək». O, qeyri-adi mövqe və hakimiyyətindən Allaha tərif ucaltmaq üçün istifadə edəcək (Mat. 28:18; Filip. 2:9—11).

19, 20. a) Padşahlığın bütün təbəələri Yehovanın ali hökmranlığını qəbul etdiklərini necə göstərəcəklər? b) Bizi hansı möhtəşəm gələcək gözləyir?

19 Artıq o vaxt Padşahlığın yerdəki təbəələri kamilliyə yetişəcəklər. Onlar İsanın nümunəsini izləyərək Yehovanın ali hökmranlığını təvazökarlıqla və könül xoşluğu ilə qəbul edəcəklər. Əgər onlar sonuncu imtahandan uğurla keçsələr, həqiqətən də, bunu etmək istədiklərini göstərmiş olacaqlar (Vəhy 20:7—10). Sonra insan və mələklər arasından olan üsyankarlar əbədilik məhv ediləcəklər. Bu necə də gözəl və sevindirici vaxt olacaq! Yehovanın göydəki və yerdəki ailəsi fərəhlə «hər kəs üçün hər şey» olan Yehovaya həmd edəcək. (Məzmur 99:1—3 ayələrini oxu.)

20 Qarşıda bizi gözləyən Padşahlığın möhtəşəm xeyir-duaları sizi Allahın iradəsini canla-başla yerinə yetirməyə təşviq edirmi? Şeytan dünyasının təklif etdiyi boş ümid və təsəllini rədd edirsinizmi? Yehovanın ali hökmranlığını dəstəkləmək qətiyyətinizi möhkəmləndirəcəksinizmi? Qoy əməllərinizdən görünsün ki, siz bunu əbədiyyət boyu etmək istəyirsiniz. Onda siz yalnız minillik ərzində yox, əbədiyyət boyu sülh və firavanlıqdan zövq almaq şərəfinə layiq görüləcəksiniz!

[11–ci səhifədəki şəkil]

İsa Padşah vəzifəsini tam icra etdikdən sonra təvazökarlıqla hakimiyyəti Atasına təhvil verəcək

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş