Allaha yaxınlaşın
«İzin ver evə qayıdaq»
Bir vaxtlar Yehova Allaha ibadət etmiş, sonralar isə müxtəlif səbəblərə görə bu yoldan ayrılmış adamlar düşünə bilər: görəsən, qayıtsam Allah məni qəbul edər?! Bu hisslər sizə də tanışdır? Onda bu məqalə sizə ünvanlanıb.
«YEHOVAYA yalvarırdım ki, geri qayıtmağıma izin versin, Onu incitdiyimə görə məni bağışlasın». Bu sözləri Yehova Allahın nəsihətlərilə böyümüş, sonradan isə Ondan uzaqlaşmış bir qadın demişdir. Bu qadının çəkdiyi peşmançılığa biganə qalmaq mümkün deyil. Bəs görəsən, Allah Onun yolunu tərk etmiş adamlara necə yanaşır? Onları xatirindən silməyib ki? Geri qayıtmalarını istəyirmi? Bu suallara cavab almaq üçün Yeremya peyğəmbərin yazdıqlarından bir parçaya müraciət edək. Əminik ki, oradakı sözlər ürəyinizi isindirəcək. (Yeremya 31:18—20 ayələrini oxuyun.)
Peyğəmbər bu sözləri yazanda onqəbiləli İsrail padşahlığının əhalisi sürgündə idi. Eramızdan əvvəl 740-cı ildə, Yeremyanın yaşadığı dövrdən neçə-neçə onilliklər qabaq, Yehova Allah bu ölkəni Aşşur padşahlığına təslim etdia. Bu, Allahın cəzası idi, çünki İsrail xalqı peyğəmbərlərin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb günah yolu ilə gedirdi (2 Padşahlar 17:5—18). Allahın rəğbətini itirmiş, yurd-yuvasından didərgin düşmüş xalq inadından dönəcəkdimi? Yehova onları unutmamışdı ki? Geri qayıtmalarına izin verəcəkdimi?
«Tövbə etdim»
Xalq əsirlikdə olanda ağlı başına gəldi və tövbə etdi. Onların səmimi peşmançılığı Allahın gözündən yayınmadı. Yehova Allah köləlikdə olan xalqının halını belə təsvir edir:
«Mən Efrayimin nalələrini eşitdim» (18-ci ayə). Allah-Taala günahlarına görə ah-zar edən israilliləri eşitdi. Bir alim qeyd edir ki, burada işlənən «nalə etmək» feli titrəmək, yırğalamaq mənalarını da daşıyır. Bu vəziyyətdə onlar dikbaşlığı ucbatından başına necə müsibət açdığını düşünən, kədərli-kədərli başını bulayaraq ata ocağının həsrətini çəkən oğula bənzəyirdilər (Luka 15:11—17). Gəlin baxaq, onlar nə deyirdilər.
«Sən məni öyrədilməmiş dana kimi tərbiyələndirdin» (18-ci ayə). Xalq özünü xam cöngə kimi apardığını başa düşüb bu cəzaya layiq olduğunu etiraf edir. Bu bənzətməni açıqlayan bir şərhdə deyilir ki, xalq lap əvvəldən öz xoşu ilə boyunduruğa girsəydi, onları qırmanclamaq lazım gəlməyəcəkdi.
«Məni geri qaytar, qayıdım, çünki Allahım Rəbb Sənsən» (18-ci ayə). Zülm əlində boğulan xalq Allaha boyun əyib imdad diləməyə başladı. Onlar günah yollarında azıb qalmışdılar, indi isə Allaha yalvarırdılar ki, O, onlara kömək edib Öz lütfünə qaytarsın. Başqa bir tərcümədə ayənin bu hissəsi belə verilir: «Allahımız Sənsən, izin ver evə qayıdaq» («Contemporary English Version»).
«Mən... tövbə etdim... utandım, rüsvay oldum» (19-cu ayə). İsraillilər günahlarını boyunlarına almışdılar, əməllərinə görə bərk peşmançılıq çəkirdilər. Rüsvayçılıqdan, xəcalətdən sanki sinələrinə döyürdülər (Luka 15:18, 19, 21).
Bəli, xalq tövbə edirdi. Onlar qəm, kədər içində günahlarını açıb Allaha etiraf edirdilər. Artıq pis yollarından əl çəkmişdilər. Görəsən, onların bu peşmançılığı Allahın ürəyini yumşaldacaqdı? Görəsən, O, onları geri qaytaracaqdı?
«Ona hədsiz rəhmim gəlir»
Yehova Allah İsrail xalqını çox sevirdi. O demişdi: «Mən İsrailin atasıyam, Efrayim də ilk oğlumdur» (Yeremya 31:9). Axı, xəcalətdən yerə girməyə hazır olan övladını ata necə geri buraxmaya bilər? Görün, Yehova xalqına bəslədiyi atalıq hissini necə təsirli sözlərlə ifadə edir:
«Efrayim əziz oğlum deyilmi? Mənim razı olduğum övlad deyilmi? Hər dəfə əleyhinə danışanda yenə onu yadıma salıram» (20-ci ayə). Bu sözlər lap adamın ürəyini riqqətə gətirir. Tələbkar olmaqla yanaşı övladını sevən valideyn kimi, Yehova xalqını günahdan çəkindirmək üçün ona dəfələrlə xəbərdarlıq etmiş, bir növ onun əleyhinə danışmağa məcbur olmuşdu. Xalq isə inadkarlıq göstərib sözə qulaq asmaq istəməyəndə O, onları sürgünə göndərdi, sanki evdən qovdu. Düzdür, Yehova xalqını cəzalandırdı, lakin onu unutmadı. O, heç vaxt belə etməz. Axı nəvazişli ata övladını necə unuda bilər? İndi gəlin baxaq, Yehova xalqının peşmançılığını görəndə hansı hissləri keçirirdi.
«Ürəyim onun üçün sızlayırb, Ona hədsiz rəhmim gəlir» (20-ci ayə). Yehova xalqının xiffətini çəkirdi. Xalqın səmimi qəlbdən etdiyi tövbə Onun ürəyinə təsir etmişdi. O, həsrətlə onların qayıtmağını gözləyirdi. İsa Məsihin avara oğul haqqında danışdığı məsəldəki ata kimi, Yehovanın da ürəyi yanırdı. O, onları yenidən qəbul etmək, bir növ bağrına basmaq istəyirdi (Luka 15:20).
«Yehova, izin ver geri qayıdım!»
Yeremya 31:18—20 ayələri bizə Yehovanın nə qədər şəfqətli, nə qədər rəhmli olduğunu göstərir. Allah bir vaxtlar Ona qulluq etmiş insanları unutmur. Belə adamlar Ona tərəf dönmək istəyəndə O bağışlamağa hazırdır (Məzmur 86:5). Yehova ürəyi peşmançılıq içində qovrulanlardan üz döndərmir (Məzmur 51:17). Əksinə, onların yolunu həsrətlə gözləyir (Luka 15:22—24).
Məqalənin əvvəlində sözləri gətirilən qadın Yehovaya tərəf qayıtmaq üçün addım atdı və Yehovanın Şahidlərinin yığıncağına gəldi. Bu addımı atmaq ona heç də asan olmamışdı. Əvvəlcə bu qadın, mənfi hisslərlə mübarizə aparmalı olmuşdu. O deyir: «Özümü heç hesab edirdim». Yığıncağın ağsaqqalları ona təskinlik verdilər və ruhani cəhətdən dirçəlməyə kömək etdilər. O, ürək dolusu minnətdarlıqla danışır: «Şükür olsun Yehovaya ki, mənə geri qayıtmağa izin verdi!»
Ola bilsin, siz də hansısa səbəblər ucbatından Yehovaya ibadəti tərk etmisiniz. Əgər geri qayıtmaq arzunuz varsa, sizi Yehovanın Şahidlərinin yığıncağına gəlməyi dəvət edirik. Bilin ki, «izin ver evə qayıdaq» deyə yalvaranların diləyinə Yehova Allah şəfqət və mərhəmətlə hay verir.
[Haşiyələr]
a Bu hadisədən təxminən iki əsr yarım öncə, e.ə. 997-ci ildə vahid İsrail dövləti iki yerə — iki qəbilədən ibarət Yəhuda padşahlığına və on qəbilədən ibarət İsrail padşahlığına bölünmüşdü. Onqəbiləli padşahlıq ən böyük qəbilənin adına görə Efrayim adı ilə də tanınırdı.
b Orijinal dildə bu hissə «içim onlardan ötrü inildəyir» kimi səslənir. Müqəddəs Kitab tərcüməsi üzrə bir rəhbərlikdə bu məcaz belə izah olunur: «İbrani dilində daxili orqanlar insan hisslərinin, emosiyalarının qovşağı kimi təsvir edilirdi».