Yehovanın gününün yaxınlaşdığını nəzərə alaraq insanlara necə münasibət bəsləməliyik?
“Rəbb... Öz və’dini yerinə yetirməkdə gecikmir. Əksinə, O bizə səbir edir və istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 PETER 3:9).
1, 2. a) Yehova bu gün insanlara necə münasibət bəsləyir? b) Özümüzə hansı sualları verə bilərik?
YEHOVANIN xidmətçilərinə “bütün xalqlar arasında şagirdlər” hazırlamaq tapşırılıb (Matta 28:19, YD). Bu tapşırığı yerinə yetirərkən və ‘Rəbbin böyük gününü’ gözləyərkən, biz insanlara, Allahın onlara bəslədiyi münasibəti bəsləməliyik (Tsefanya 1:14). Bəs Allah onlara necə münasibət bəsləyir? Həvari Peter cavab verir: “Rəbb bə’zilərinin zənn etdiyi kimi Öz və’dini yerinə yetirməkdə gecikmir. Əksinə, O bizə səbir edir və istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 Peter 3:9). Allah insanlara tövbə etmək potensialı olan şəxslər kimi baxır. “O istəyir ki, bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər” (1 Timoteyə 2:4). Yehova “pis adamın yolundan dönüb yaşamasından zövq” alır (Hezekiel 33:11).
2 Hər birimiz özündən soruşa bilər: mən də insanlara Yehovanın onlara bəslədiyi münasibəti bəsləyirəmmi? Bütün irqlərdən və millətlərdən olan insanlara Onun “otlağının qoyunları” kimi baxırammı? (Məzmur 100:3; Həvarilərin işləri 10:34, 35). Gəlin, insanlara Allahın gözü ilə baxmağın vacibliyini göstərən iki nümunəni araşdıraq. Hər iki halda insanların həyatı ölüm təhlükəsi altında olmuşdur və Yehovanın xidmətçiləri bunu əvvəlcədən bilirdilər. Yehovanın böyük gününü gözlədiyimizdən bu nümunələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
İbrahim Yehovanın nöqteyi-nəzərinə şərik idi
3. Yehova Sodom və Homorranın sakinlərinə hansı nöqteyi-nəzərlə yanaşırdı?
3 Birinci nümunə qəbilə başçısı olan İbrahimin əxlaqsız Sodom və Homorra şəhərlərinə münasibətinə aiddir. Yehova “Sodom və Homorraya qarşı qalxan fəryadı” eşidəndə, həmin şəhərləri və onların sakinlərini dərhal məhv etmədi. O, əvvəlcə hər şeyi yaxşı-yaxşı yoxladı (Yaradılış 18:20, 21, MKŞ). Sodom şəhərinə iki mələk göndərildi və onlar saleh Lutun evində ayaq saxladılar. Həmin gecə mələklərlə homoseksual əlaqədə olmaq arzusu ilə “cavandan tutmuş qocaya qədər Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar”. Şəhər sakinlərinin mə’nəviyyatının aşağı səviyyədə olması açıq şəkildə sübut etdi ki, şəhər məhv edilməyə layiqdir. Buna baxmayaraq, mələklər Luta dedilər: “Burada daha kimin var? Bu şəhərdə kürəkənin, oğlun, qızın — nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart”. Yehova şəhərin bə’zi sakinlərinə xilas olmaq imkanı verdi, lakin axırda yalnız Lut və onun iki qızı ölümdən qurtuldu (Yaradılış 19:4, 5, 12, 16, 23-26, MKŞ).
4, 5. İbrahim nəyə görə Sodomun sakinləri üçün yalvarırdı və onun insanlara olan münasibəti Yehovanın nöqteyi-nəzərinə müvafiq gəlirdimi?
4 İndi isə Yehovanın Sodom və Homorra şəhərlərindəki vəziyyəti yoxlamaq barədəki niyyətini İbrahimə söylədiyi vaxta qayıdaq. İbrahim məhz o zaman Allaha yalvarmağa başladı: “Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən; Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz”. İbrahim iki dəfə “Sən bunu eləməzsən” deyə təkrar edir. O, öz təcrübəsindən bilirdi ki, Yehova saleh adamı günahkarla birgə öldürməz. Yehova Sodom şəhərində əlli nəfər saleh adam tapılarsa, həmin şəhəri məhv etməyəcəyini söyləyəndə İbrahim bu sayı ona kimi azaltdı (Yaradılış 18:22-33, MKŞ).
5 Yehova vəziyyətə başqa cür baxsaydı, İbrahimin yalvarışlarına qulaq asardımı? Aydındır ki, yox. “Allahın dostu” olan İbrahim, göründüyü kimi Allahın insanlara olan münasibətini bilir və Onun nöqteyi-nəzərinə şərik idi (Yaqub 2:23). Yehova diqqətini Sodom və Homorra şəhərlərinə yönəldəndə, İbrahimin yalvarışlarına diqqət yetirməyə razılaşdı. Nəyə görə? Çünki səmavi Atamız “istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın”.
Yunusun insanlara olan nöqteyi-nəzəri fərqlənirdi
6. Nineviyalılar Yunusun təbliğinə necə hay verdilər?
6 İndi isə ikinci nümunəyə — Yunusun nümunəsinə baxaq. Bu dəfə Nineviya şəhərinə hökm kəsilmişdir. Yunus peyğəmbərə şəhərdə yaşayanların pisliyinin Yehovaya qədər çatdığını bəyan etmək tapşırılmışdı (Yunus 1:2, MKŞ). Nineviya şəhərətrafı ərazilərlə birlikdə böyük şəhər idi, “oranı üç günə gəzib-dolaşmaq olardı”. Yunus nəhayətdə Yehovaya tabe olub, Nineviyaya gələndə car çəkərək dedi: “Qırx gündən sonra Ninəva [Nineviya] dağılacaq!” Buna cavab olaraq “ninəvalılar... Allaha inandılar; oruc e’lan edərək... hamı çul geyindi”. Hətta Nineviyanın padşahı da tövbə etdi (Yunus 3:1-6, MKŞ).
7. Nineviyalıların tövbə etmələrinə Yehova necə münasibət göstərdi?
7 Sodomun əhalisindən fərqli olaraq burada xəbərdarlığa tamamilə başqa münasibət göstərdilər. Nineviyalıların çəkdikləri peşmançılığa Yehova hansı nöqteyi-nəzərlə yanaşdı? Yunus 3:10 ayəsində deyilir: “Allah... rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi”. Yehova o mə’nada “rəhm etdi” ki, nineviyalılar tövbə edəndə onlara başqa nöqteyi-nəzərlə yanaşdı. Allahın normaları dəyişməsə də, nineviyalıların peşmançılıqlarını görüb, Öz qərarını dəyişdi (Malaki 3:6).
8. Yunus nəyə görə kədərləndi?
8 Nineviyanın məhv edilməyəcəyini başa düşəndə, Yunus vəziyyətə Yehovanın nöqteyi-nəzəri ilə baxdımı? Yox. Biz oxuyuruq: “Bu iş Yunusun heç xoşuna gəlmədi və o hirsləndi”. Yunus daha nə etdi? Müqəddəs Kitab xəbər verir: “O, Rəbbə dua edərək dedi: “Ya Rəbb! Mən hələ ölkəmdə ikən bunu demirdimmi? Buna görə də mən Tərşişə qaçdım, çünki bilirdim, Sən lütfkar, rəhmli, hədsiz səbirli, məhəbbətlə dolu Allahsan və rəhm edib bəla göndərməzsən” (Yunus 4:1, 2, MKŞ). Yunus Yehovanın xüsusiyyətlərindən xəbərdar idi. Lakin həmin vəziyyətdə peyğəmbər kədərləndi və Nineviya şəhərinin tövbə etmiş sakinlərinə münasibətdə Allahın nöqteyi-nəzərinə şərik olmadı.
9, 10. a) Yehova Yunusa hansı dərsi verdi? b) Nəyə görə ehtimal edə bilərik ki, Yunus Yehovanın nineviyalılara olan nöqteyi-nəzərini qəbul etdi?
9 Yunus Nineviyadan kənara çıxdı, talvar düzəldib altında oturdu ki, “şəhərdə nə baş verəcəyini görsün”. Yehova Yunusun başı üzərinə kölgə salmaq üçün bir bitki yetişdirdi. Lakin ertəsi gün bitki qurudu. Yunus bitkiyə görə kədərlənəndə, Yehova dedi: “Sən... məhv olan bitkiyə acıyırsan. Bəs sağ əlini sol əlindən ayıra bilməyən yüz iyirmi mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninəvaya Mən necə acımayım?” (Yunus 4:5-11, MKŞ). İnsanlara olan nöqteyi-nəzərinə dair Yehova Yunusa necə də gözəl dərs verdi!
10 Yehovanın, Nineviya şəhərinin sakinlərinə yazığı gəldiyi barədə dediyi sözlərə Yunusun necə reaksiya göstərdiyi haqda Müqəddəs Kitabda heç nə yazılmayıb. Lakin aydındır ki, peyğəmbər tövbə edən nineviyalılara nöqteyi-nəzərini dəyişdi. Yehova Yunusu ilhamlanmış kitabı yazmaqda istifadə etdiyi üçün bu cür nəticəyə gələ bilərik.
İnsanlara sən necə münasibət bəsləyirsən?
11. İbrahim bu gün yaşayan insanlara necə münasibət bəsləyərdi?
11 Bu gün biz, indiki sistemin Yehovanın böyük günündə məhv ediləcəyi fəlakətli bir vaxtın astanasında dururuq (Luka 17:26-30; Qalatiyalılara 1:4; 2 Peter 3:10). Tezliklə məhv ediləcək indiki dünyada yaşayan insanlara İbrahim hansı nöqteyi-nəzərlə yanaşardı? O, hər şeydən əvvəl ‘Padşahlıq haqqında olan Müjdəni’ indiyədək eşitməyən insanlar üçün narahat olardı (Matta 24:14, İ–93). İbrahim Sodomda tapılacaq salehlərin xilas ola bilməsi üçün Allaha dönə-dönə yalvardı. Özümüzdən soruşmağa dəyər: mən, tövbə etmək və Allaha xidmət etmək imkanı verildiyi təqdirdə Şeytanın ixtiyarında olan dünyanın yollarını, ehtimal ki, tərk edəcək insanlar üçün narahat olurammı? (1 Yəhya 5:19; Vəhy 18:2-4).
12. Nəyə görə başlanğıcda Yunusun insanlara bəslədiyi münasibəti asanlıqla qəbul edə bilərik və buna qarşı nə etmək olar?
12 Biz bütün pisliklərin sonunu səbirsizliklə gözləyirik, bu isə tə’rifəlayiqdir (Habakkuk 1:2, 3). Lakin başlanğıcda Yunusun etdiyi kimi, yə’ni tövbə etməyə hazır olan insanlara e’tinasız yanaşmaq necə də asan ola bilər. Əgər insanların yanına Padşahlıq haqqındakı xoş xəbərlə gələrkən həmişə e’tinasızlıq, düşmənçilik və hətta döyüşkənlik əhval-ruhiyyəsi ilə qarşılaşırıqsa, bu cür təhlükə xüsusilə realdır. Biz Yehovanın bu əxlaqsız sistemdən toplayacağı kəsləri nəzərdən qaçıra bilərik (Romalılara 2:4). Ciddi analizdən sonra özümüzdə Yunusun başlanğıcda nineviyalılara olan münasibətinə bənzər meyl aşkar etsək, Yehovanın nöqteyi-nəzərini qəbul etməkdə bizə kömək etməsi üçün Ona dua edə bilərik.
13. Nəyə görə deyə bilərik ki, Yehova bu gün yaşayan insanlara e’tinasız yanaşmır?
13 Yehova hələ ki, Ona xidmət etməyən insanlara e’tinasızlıq etmir və həsr olunmuş xidmətçilərinin yalvarışlarına qulaq asır (Matta 10:11). Məsələn, Yehova onların dualarına cavab olaraq, ədaləti bərpa edəcəkdir (Luka 18:7, 8). Bundan əlavə, vaxtı gələndə Yehova bütün və’d və niyyətlərini yerinə yetirəcəkdir (Habakkuk 2:3). Bu o deməkdir ki, O, Nineviyanın sakinləri yenidən əxlaqsızlığa qayıtdığı zaman onları məhv etdiyi kimi, yer üzünü də bütün pisliklərdən təmizləyəcəkdir (Nahum 3:5-7).
14. Yehovanın böyük gününü gözləyərək biz nə etməliyik?
14 Yaşadığımız pis sistemin Yehovanın böyük günündə yox olacağı vaxta qədər bütün qüvvəmizi Allahın iradəsini yerinə yetirməyə həsr edərək səbirlə gözləyəcəyikmi? Yehovanın gününün gələcəyi vaxta qədər təbliğ işinin nə dərəcədə icra olunacağı bizə tam təfərrüatı ilə mə’lum olmasa da, biz dəqiq bilirik ki, Padşahlıq haqqındakı xoş xəbər son gələnə kimi bütün dünyada Allaha məqbul olduğu kimi təbliğ ediləcəkdir. Şübhəsiz ki, biz Yehovanın Öz evini izzətlə dolduraraq toplayacağı “dəyərli şeylər” üçün narahat olmalıyıq (Haqqay 2:7).
Nöqteyi-nəzərimiz əməllərimizdə əks olunur
15. Xoş xəbərin təbliğ edilməsinin vacibliyini daha aydın dərk etməkdə bizə nə kömək edər?
15 Ehtimal ki, yaşadığımız ərazidə təbliğ işinə yaxşı maraq göstərmirlər, Padşahlıq təbliğçilərinin çatışmadığı əraziyə köçməyə isə imkanımız yol vermir. Tutaq ki, yaşadığımız ərazidə son gələnə kimi cəmi on adam tapılacaq. Həmin on adamı axtarılmağa layiq görürükmü? İsanın adamlara yazığı gəlirdi, “çünki çobansız qoyunlar kimi taqətsiz və dağınıq idilər” (Matta 9:36). Müqəddəs Kitabı öyrənməklə, “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarındakı məqalələri diqqətlə oxumaqla, dünyanın düşdüyü fəlakətli vəziyyəti daha dərindən başa düşəcəyik. Bu, bizə xoş xəbərin təbliğinin vacibliyini daha aydın dərk etməyə kömək edəcək. Bundan əlavə, “sadiq və ağıllı qulun” Müqəddəs Kitab əsasında təqdim etdiyi materiallardan minnətdarlıqla istifadə etsək, tez-tez işlənən ərazidə daha əminliklə təbliğ edə bilərik (Matta 24:45-47; 2 Timoteyə 3:14-17).
16. Xidmətimizin keyfiyyətini necə artıra bilərdik?
16 Müqəddəs Kitabın xilasedici xəbərinə hay verəcək kəslər üçün narahatçılığımız bizi, günün müxtəlif vaxtlarında təbliğ etməyə və xidmətimizdə müxtəlif üsullardan istifadə etməyə təşviq edir. İnsanların çoxunu evdə tapmadıqda nə etməli? Müxtəlif vaxtlarda və müxtəlif yerlərdə şahidlik etsək, ehtimal ki, xidmətimizin keyfiyyətini yüksəltməyə nail olacağıq. Balıqçılar, balıq tutmaq mümkün olan vaxtlarda balıqçılıqla məşğul olurlar. Söhbət ruhani balıq ovundan gedəndə, biz də bu cür davrana bilərikmi? (Mark 1:16-18). Nəyə görə axşam vaxtları və ya (əgər bu qanunidirsə) telefon vasitəsilə şahidlik etməyək? Bə’ziləri diqqət yetirmişlər ki, avtomobil dayanacaqları, yük maşınlarının istirahət yerləri, yanacaqdoldurma məntəqələri və mağazalar “balıqla zəngin” olan yerlərdir. Həm də əgər biz insanlara İbrahimin bəslədiyi münasibəti bəsləyiriksə, onda hər imkandan istifadə edərək qeyri-rəsmi surətdə şahidlik edəcəyik.
17. Xaricdə xidmət edən missionerləri və başqa xidmətçiləri necə ruhlandıra bilərik?
17 Milyonlarla insanlar Padşahlıq haqqındakı xəbəri hələ eşitməyiblər. Bu cür insanlara yalnız təbliğ vasitəsilə deyil, başqa vasitəylə də, özü də evdən çıxmadan qayğı göstərə bilərik. Xaricdə xidmət edən, şəxsən tanıdığımız missionerlər və ya tammüddətli xidmətçilər varmı? Əgər varsa, biz onlara məktub yazıb, əməklərinə görə minnətdarlığımızı bildirə bilərik. Bu cür davranışımızda insanlara qayğı göstərdiyimiz necə əks olunur? Bizim tə’rif və ruhlandırmadan ibarət olan məktubumuz missionerləri tə’yin olunduqları ölkədə qalmağa təşviq edə bilər, belə olan halda isə onlar həqiqəti bilməkdə daha çox insanlara kömək edə bilərlər (Hakimlər 11:40). Həm də missionerlər və başqa ölkələrdə həqiqətə susayan insanlar üçün də dua edə bilərik (Efeslilərə 6:18-20). Qayğı göstərməyin daha bir üsulu — Yehovanın Şahidlərinin ümumdünya işinə ianələr etməkdir (2 Korinflilərə 8:13, 14; 9:6, 7).
Başqa yerə köçə bilərdinmi?
18. Ölkələrindəki təbliğ işini genişləndirmək üçün bə’zi məsihçilər hansı addımları atırlar?
18 Padşahlıq təbliğçilərinin azlıq təşkil etdiyi əraziyə köçənlər fədakarlıqlarına görə xeyir-dua almışlar. Yehovanın digər Şahidləri öz ölkələrində qalaraq immiqrantlara ruhani köməklik göstərmək üçün xarici dil öyrənmişlər. Bu cür sə’ylər mütləq mükafatlanır. Məsələn, Texas ştatının (ABŞ) bir şəhərində çinlilərə kömək edən yeddi Şahidin sə’yi sayəsində 2001-ci ildə Rəbbin Xatirə Gecəsini qeyd edərkən onlara 114 adam qoşulmuşdur. Əcnəbi dilli qruplara kömək edənlərin sahələri artıq biçin üçün hazırdır (Matta 9:37, 38).
19. Padşahlıq haqqındakı təbliğ işində iştirak etmək məqsədi ilə başqa ölkəyə köçmək istəyiriksə bizə nə etmək məsləhət görülür?
19 Ola bilsin, sən və ailə üzvlərin hesab edirsiniz ki, imkanlarınız sizə Padşahlıq xidmətçilərinin azlıq təşkil etdiyi əraziyə köçməyə yol verir. Şübhəsiz ki, “oturub əvvəlcə məsrəfləri” hesab etmək müdriklik olardı (Luka 14:28). İnsan başqa ölkəyə köçmək qərarına gələndə bu xüsusilə vacibdir. Bu barədə düşünən hər bir kəsin özünə bu cür suallar verməsi yaxşı olardı: orada ailəmin qayğısına qala biləcəyəmmi? Lazımi vizanı almaq imkanım olacaqmı? Həmin ölkənin dilini bilir və ya o dili öyrənməyə hazırammı? Oranın iqlimi və mədəniyyəti barədə düşünmüşəmmi? Yerli qardaşlar üçün yük deyil, əsl “təsəlli” olacağammı? (Koloslulara 4:10, 11). Köçmək fikrində olduğun ölkədə təbliğçilərə olan ehtiyacın nə dərəcədə böyük olduğunu bilmək üçün, həmin ərazidəki təbliğ işinə rəhbərlik edən Yehovanın Şahidlərinin filialına məktub yazmaq heç vaxt artıq olmaza.
20. Gənc bir məsihçi yad ölkədəki həmimanlılarının və başqa insanların rifahı üçün necə fədakarlıq etmişdir?
20 Yaponiyada Padşahlıq Zalının tikintisi ilə məşğul olan bir məsihçi öyrəndi ki, Paraqvayda görüşlərin keçirilməsi üçün zalın tikilməsi işində ixtisaslı işçilərə ehtiyac var. O, cavan, subay, qüvvətli olduğu üçün Paraqvaya köçdü və səkkiz ay ərzində həmin tikinti işində yeganə tammüddətli xidmətçi kimi çalışdı. Paraqvayda yaşaya-yaşaya ispan dilini öyrəndi və Müqəddəs Kitab öyrənməsi keçirməyə başladı. Fikir verdi ki, həmin ərazidə Padşahlığın təbliğçilərinə ehtiyac var. Müəyyən müddət üçün Yaponiyaya qayıtdıqdan sonra yenidən Paraqvaya gəldi və insanları həmin Padşahlıq Zalında keçirilən görüşlərə də’vət etməyə başladı.
21. Yehovanın böyük gününü gözlədiyimiz müddətdə diqqətimizi nəyə yönəltməli və insanlara necə yanaşmalıyıq?
21 Allah qayğı göstərəcəkdir ki, təbliğ işi Onun iradəsinə müvafiq olaraq tam dərəcədə başa çatsın. O, bu gün sonuncu ruhani biçin işini sür’ətləndirir (İşaya 60:22). Yehovanın gününü gözlədiyimiz müddətdə isə gəlin, biçin işində sə’ylə iştirak edək və insanlara Onun nöqteyi-nəzəri ilə yanaşaq.
[Haşiyə]
a Təbliğ işi qadağan olunan və ya müəyyən məhdudiyyətlər altında olan ölkəyə köçmək həmişə əlverişli olmur. Bu, hətta həmin şəraitdə ehtiyatla təbliğ edən Padşahlıq təbliğçilərinə zərər gətirə bilər.
Xatırlayırsınızmı?
• Yehovanın gününü gözləyərək insanlara necə yanaşmalıyıq?
• Sodom şəhərində saleh insanların ola biləcəyini düşünərək İbrahim necə davrandı?
• Nineviyanın tövbə edən sakinlərinə Yunus necə yanaşdı?
• Yehovanın hələ də xoş xəbəri eşitməyən insanlara olan nöqteyi-nəzərinə şərik olduğumuzu necə göstərə bilərik?
[14-cü səhifədəki şəkil]
İbrahim insanlara Yehovanın nöqteyi-nəzəri ilə yanaşırdı.
[15-ci səhifədəki şəkil]
Yunus tövbə edən nineviyalılara Yehovanın bəslədiyi nöqteyi-nəzəri qəbul etdi.
[16-cı səhifədəki şəkillər]
İnsanlar barədəki narahatçılığımız bizi günün müxtəlif vaxtlarında təbliğ etməyə və müxtəlif üsullardan istifadə etməyə təşviq edir.