Mif və həqiqət. İsa haqqında həqiqət
NECƏ DÜŞÜNÜRSÜNÜZ? NÖVBƏTİ FİKİRLƏR HƏQİQƏTDİR, YOXSA MİF?
İsa dekabrın 25-də doğulmayıb.
İsa xaç üzərində edam edilməyib.
İsa Allah deyil.
İsa həqiqi peyğəmbər idi.
BU FİKİRLƏRİN hər birinin həqiqət olduğunu oxuyanda yəqin ki, təəccüblənəcəksiniz. Ancaq Müjdələri araşdırmaqla ‘İsa Məsih haqqında dəqiq bilik’ ala bilərik (2 Peter 1:8, YD). Onlar İsa haqqında həqiqəti açıqlayaraq mifi həqiqətdən ayırmağa kömək edir. Buna görə də gəlin, yuxarıda deyilən fikirlərə dair Müjdələrdə deyilənlərə nəzər salaq.
MİF, YOXSA HƏQİQƏT? İsa dekabrın 25-də doğulmayıb.
ƏSLİNDƏ: HƏQİQƏT.
Müqəddəs Kitabda İsanın hansı ayda və gündə doğulduğu dəqiq deyilmir. Bəs belə isə 25 dekabr tarixi haradan peyda olub? Bir ensiklopediyaya əsasən, özlərini məsihçi adlandıran bəzi insanlar «günün yenidən uzanmağa və günəşin daha yüksəyə qalxmağa başladığı qış gün dönümünü qeyd edən bütpərəst Roma bayramı ilə hansısa bir günü eyniləşdirmək istəyirdilər» («The Encyclopædia Britannica»). Həmin mənbədə qeyd edilir ki, bir çox milad adətlərinin kökü «bütpərəstlərin kənd təsərrüfatı və günəşə sitayişlə bağlı qışda keçirdikləri mərasimlərə gedib çıxır».
İsa doğum gününün dekabrın 25-də qeyd edilməsinə razı olardımı? Gəlin düşünək: İsanın anadan olduğu gün məlum deyil. Müqəddəs Yazıların heç bir yerində onun doğum gününü qeyd etmək buyurulmur, erkən məsihçilərin də bunu etdiyinə heç bir işarə yoxdur. Əksinə, Müqəddəs Kitabda İsanın öldüyü günün dəqiq tarixi göstərilir. Üstəlik, İsa davamçılarına həmin günü qeyd etməyi əmr etmişdia (Luka 22:19). Aydındır ki, İsa doğulmasına yox, həyatını qurban verərək ölməsinə önəm verilməsini istəyirdi (Matta 20:28).
MİF, YOXSA HƏQİQƏT? İsa xaç üzərində edam edilməyib.
ƏSLİNDƏ: HƏQİQƏT.
Xaça ibadət etmək tamamilə yanlışdır. İsanın Pavel adlı davamçısı yazmışdı: «Ey sevimlilərim, bütpərəstlikdən qaçın» (1 Korinflilərə 10:14). İsanın özü də öyrədirdi ki, biz Allaha «ruhən və həqiqətən» ibadət etməliyik və ibadətimizdə heç vaxt əşyalardan və ya surətlərdən istifadə etməməliyik (Yəhya 4:23).
Üç il yarım xidmət etdikdən sonra vicdansız yəhudi rəhbərləri İsanı Romanın Yəhudeya valisi Pilatın yanına gətirdilər. Din rəhbərləri tərəfindən yalandan ittiham olunan İsa edam edildi. Onu xaç üzərində deyil, işgəncə dirəyində öldürdülər. Bunu haradan bilirik? İsanın edam edildiyi aləti bildirmək üçün Müjdələrdə yunanca ksilon və stauros sözləri işlədilir. Klassik yunan dilində stauros düz ağac və ya dirəyi bildirirdi. Liddel və Skotun tərtib etdiyi lüğətdə ksilon sözü belə izah olunur: «Ağacdan kəsilmiş, istifadəyə hazır olan oduncaq, odun, tir və s... ağac parçası, dirək, şalban, kötük... dəyənək... cinayətkarların edam olunduğu sütun» («A Greek-English Lexicon»).
Beləliklə, çoxsaylı sübutlar göstərir ki, İsa xaçın yox, dik dirəyin üzərində öldürülmüşdü. Belə isə xaça ibadətin kökü hara gedib çıxır? Faktlardan aydın görünür ki, onun kökü yalan dinlərə gedib çıxır və buna görə də Allaha məqbul deyil. Bir lüğətdə deyilir: «[İki tirdən ibarət olan xaçın] forması öz kökünü qədim Xaldeydən götürür, belə ki, ondan həmin ölkədə, qonşu ölkələrdə, eləcə də Misirdə (adının ilk hərfi olan mistik Tau formasında olduğu üçün) Tammuz allahın simvolu kimi istifadə olunurdu» («An Expository Dictionary of New Testament Words»).
MİF, YOXSA HƏQİQƏT? İsa Allah deyil.
ƏSLİNDƏ: HƏQİQƏT.
İsa dönə-dönə Allahın ondan üstün olduğunu və özünün Allaha ibadət etdiyini göstərmişdi. Duasında İsa Allahı ‘vahid həqiqi Allah’ adlandırmışdı (Yəhya 17:3). İsa dəfələrlə bu cür fikirlər söyləmişdi: «Mənim iradəmi deyil, Məni göndərən Atamın iradəsini yerinə yetirmək üçün göydən endim» (Yəhya 6:38). «Verdiyim təlim Mənim deyil, Məni Göndərənindir» (Yəhya 7:16). Bununla, İsa Atasının itaətkar xidmətçisi olduğunu göstərdi. Görün həvarilərindən ikisi İsadan yüksək mövqe istəyəndə o, necə cavab vermişdi: «Sağımda və ya solumda oturmağa izin vermək Mənim əlimdə deyildir. Ancaq Atam bu yerləri müəyyən şəxslər üçün hazırlamışdır» (Matta 20:23). Özündən üstün olan Şəxsə tabe olmaqla İsa gözəl təvazökarlıq nümunəsi qoymuşdur.
İsanın şagirdləri də etiraf etmişdilər ki, onların Müəllimi və Ağası olan İsa Allaha tabedir. İsanın davamçısı Pavel yazmışdı ki, ‘Məsihin başı Allahdır’ (1 Korinflilərə 11:3). Bu gün də İsanın həqiqi davamçıları vahid həqiqi Allaha, Yaradana ibadət edir və İsanı Allaha bərabər tutmurlar.
MİF, YOXSA HƏQİQƏT: İsa həqiqi peyğəmbər idi.
ƏSLİNDƏ: HƏQİQƏT.
Allahın Kəlamında həqiqi peyğəmbər üçün tələblər yazılmışdır. Bunun sayəsində insanlar həqiqi peyğəmbəri yalançı peyğəmbərdən ayıra bilərlər. Həqiqi peyğəmbəri müəyyən etmək üçün Musa vasitəsilə aşağıdakı üç əsas amil göstərilmişdi: həqiqi peyğəmbər Yehova Allahın adından danışmalıdır; söylədiyi peyğəmbərlik həyata keçməlidir (Qanunun təkrarı 18:20—22); onun peyğəmbərlikləri Allahdan nazil olan sözlərə və əmrlərə uyğun olmalı və həqiqi ibadəti dəstəkləməlidir (Qanunun təkrarı 13:1—4).
İsa həqiqi peyğəmbər üçün olan bütün tələblərə cavab verirdi. O, Musa vasitəsilə haqqında xəbər verilən, çoxdan gözlənilən «Peyğəmbər» idi (Yəhya 6:14; 7:40; Qanunun təkrarı 18:18, 19; Həvarilərin işləri 3:19—26). Qüdrətli işlər görmək, hər şeyi qeyri-adi tərzdə bilmək bacarığına görə insanlar onun ‘böyük peyğəmbər’ olduğunu etiraf edirdilər (Luka 7:14—16; Yəhya 4:16—19). O, tapşırığının Allahdan olduğunu təsdiq etmək üçün tez-tez özündən əvvəlki peyğəmbərlərdən sitat gətirirdi. Bu da onun Allahın sözlərinə və əmrlərinə uyğun danışdığını göstərir (Matta 12:39, 40; 21:42; Luka 4:18—21; 24:25—27, 44; Yəhya 15:25). O, necə ələ veriləcəyini, öldürüləcəyini, şagirdlərinin onu atacaqlarını, şagirdi Peterin onu üç dəfə inkar edəcəyini və ölümünün üçüncü günü diriləcəyini qabaqcadan demişdi. Bu peyğəmbərliklərin çoxu İbrani Müqəddəs Yazılarındakı peyğəmbərliklərə əsaslanmışdı (Matta 20:17—19; 26:20—25, 31—34). Bundan əlavə, İsa Yerusəlimin və oradakı məbədin darmadağın ediləcəyini peyğəmbərlik etmişdi (Luka 19:41—44; 21:5—24). Onu dinləyənlər hələ sağ ikən bu peyğəmbərliklərin yerinə yetməsi onun bizim zəmanəyə və gələcəyə dair peyğəmbərliklərinin də həyata keçəcəyinə inanmağa əsas verir (Matta 24; Mark 13; Luka 21 fəsilləri ilə müqayisə edin).
Bu məqalə sizə İsa haqda indiyədək bilmədiyiniz faktları açıqladımı? Belə isə, onda nəyə görə Allahdan ilham almış Müjdələri daha dərindən araşdırmayasınız? Belə öyrənmə sizin üçün həm maraqlı, həm də faydalı olacaq. Hər şeydən əlavə, İsa özü demişdi ki, onun və Atasının haqqında həqiqəti öyrənmək ‘əbədi həyat deməkdir’ (Yəhya 17:3).
[Haşiyə]
a İsa yəhudi təqviminə əsasən, 14 nisanda, Pasxa bayramının qeyd edildiyi gün ölmüşdür (Matta 26:2).
[14-cü səhifədəki çərçivə/şəkil]
Sizi təəccübləndirəcək əlavə faktlar
Sizcə, İsa necə insan idi? Həddindən artıq ciddi, qaşqabaqlı və qaraqabaq, camaata qaynayıb-qarışmayan? Bəzilərinin fikrincə, İsa məhz belə insan idi. Buna görə də İsa haqda növbəti həqiqətləri bilmək, ola bilsin, bu insanları heyrətləndirəcək:
• şənliklərdə iştirak edirdi (Yəhya 2:1—11).
• insanları tərifləyirdi (Mark 14:6—9).
• uşaqlarla vaxt keçirmək ona xoş idi (Mark 10:13, 14).
• ağlamaqdan utanmırdı (Yəhya 11:35).
• başqalarına ürəyi yanırdı (Mark 1:40, 41).