Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/12 s. 4—8
  • Həyatda əsil müvəffəqiyyətə nail ol

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatda əsil müvəffəqiyyətə nail ol
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • SÜLEYMAN HƏYATDA UĞUR QAZANMIŞDIMI?
  • ƏSİL MÜVƏFFƏQİYYƏT
  • XƏZİNƏN HARADADIR?
  • ALLAHIN GÖZÜNDƏ UĞUR QAZAN
  • O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?
    Gözətçi qülləsi 2011
  • Müvəffəqiyyəti necə qazana bilərsiniz?
    Gözətçi qülləsi 2007
  • Süleyman hikmətlə hökmranlıq edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Süleymanın var-dövləti və şan-şöhrəti
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/12 s. 4—8

Həyatda əsil müvəffəqiyyətə nail ol

«Yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan» (YEŞUA 1:8).

NECƏ CAVAB VERƏRDİN?

Süleymanı nə dərəcədə uğurlu insan hesab etmək olar?

Pavel əsil müvəffəqiyyətə necə nail olmuşdu?

Qazandığın müvəffəqiyyətin uzunömürlü olması üçün nə edə bilərsən?

1, 2. a) Bir çoxları müvəffəqiyyət barədə nə düşünürlər? b) Müvəffəqiyyətə olan baxışını necə müəyyən edə bilərsən?

HƏYATDA müvəffəqiyyət qazanmaq nə deməkdir? Bu sualla insanlara müraciət etsən, onlardan fərqli cavablar eşidəcəksən. Məsələn, çoxları müvəffəqiyyəti maddiyyatla, iş və ya təhsil sahəsində əldə etdikləri nailiyyətlərlə ölçürlər. Digərləri ailə üzvləri, dostları və iş yoldaşları ilə yaxşı münasibətlərinin olmasını müvəffəqiyyət hesab edirlər. Allahın xidmətçilərindən bəziləri isə müvəffəqiyyəti yığıncaqda tutduqları mövqedə və ya qazandıqları nailiyyətlərdə görə bilərlər.

2 Bəs sənin müvəffəqiyyətə olan baxışların necədir? Bunu müəyyən etmək üçün həyatda uğurlu hesab etdiyin — ən çox heyran olduğun və hörmət bəslədiyin bir neçə nəfərin adını yaz. Onlar hansı gözəl xüsusiyyətlərə malikdirlər? Varlı və məşhurdurlar? Bəlkə, görkəmli şəxslərdir? Cavablar ürəyindəkiləri aşkara çıxara bilər; bu da, öz növbəsində, sənin qərarlarına və məqsədlərinə güclü təsir edə bilər (Luka 6:45).

3. a) Müvəffəqiyyət əldə etmək üçün Yeşua nə etdi? b) Biz nəyi müzakirə edəcəyik?

3 Ən vacibi Yehovanın müvəffəqiyyətə olan nöqteyi-nəzəridir, çünki biz Onun sayəsində mövcuduq. Yehova Yeşuaya israilliləri Vəd edilmiş diyara aparmaqla bağlı ciddi tapşırıq verəndə ona Musanın qanununu «gecə-gündüz» oxumağı və orada yazılanlara əməl etməyi tapşırmışdı. Allah onu əmin etmişdi: «Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan» (Yeşua 1:7, 8). Bildiyimiz kimi, Yeşua həyatda müvəffəqiyyət qazandı. Bəs bizim haqqımızda nə demək olar? Biz öz nöqteyi-nəzərimizin Yehovanın nöqteyi-nəzəri ilə üst-üstə düşdüyünü necə müəyyən edə bilərik? İndi isə gəlin Müqəddəs Kitabda adları çəkilən iki nəfərin həyatına nəzər salaq.

SÜLEYMAN HƏYATDA UĞUR QAZANMIŞDIMI?

4. Nəyə görə deyə bilərik ki, Süleyman həyatda uğur qazanmışdı?

4 Süleyman padşah bir çox sahələrdə uğur qazanmışdı. Nəyə görə? Çünki padşah ona bol-bol xeyir-dua verən Yehova Allaha illər ərzində itaət edir və Ondan qorxurdu. Yehova Süleymanın Ondan nəsə diləməsinə imkan verəndə o, xalqı idarə etmək üçün müdriklik istədi. Allah da ona həm müdriklik, həm də var-dövlət verdi. (1 Padşahlar 3:10—14 ayələrini oxu.) Onun müdrikliyi «bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi». Süleymanın şöhrəti «bütün ətraf millətlər arasında» yayılmışdı (1 Pad. 4:30, 31). Var-dövləti isə başından aşırdı, bir ildə ona gələn qızılın çəkisi təxminən 25 ton idi! (2 Saln. 9:13). O, diplomatiya, tikinti və ticarət sahələrində əsil peşəkar idi. Bəli, Allahın gözündə doğru olanı etdiyi müddətdə Süleyman uğur qazanırdı (2 Saln. 9:22—24).

5. Allahın qarşısında kimin müvəffəqiyyətli olduğuna dair Süleyman hansı qənaətə gəlmişdi?

5 Süleymanın «Vaiz» kitabında yazdığı sözlərdən görünür ki, bir çoxları kimi, o, yalnız zəngin və ya şan-şöhrət sahibi olan insanların nailiyyət və sevinc qazandıqlarını düşünmürdü. O, fikrini belə ifadə etmişdi: «Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir» (Vaiz 3:12, 13). Süleyman başa düşürdü ki, yalnız Allahın rəğbətini qazanan, Onunla yaxşı münasibəti olan insan mənalı həyat sürə bilər. Bu səbəbdən Süleyman haqlı olaraq demişdi: «Hər şey aşkar oldu, nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur» (Vaiz 12:13).

6. Süleymanın nümunəsi bizə əsil müvəffəqiyyətin nə ilə ölçüldüyünü başa düşməyə necə kömək edir?

6 Uzun illər Süleyman Allah qorxusu ilə yerimişdi. Müqəddəs Kitabdan oxuyuruq ki, o, «atası Davudun qanunlarına əməl edərək Rəbbi sevirdi» (1 Pad. 3:3). Səncə bu, əsil müvəffəqiyyət deyildi? Allahın göstərişilə Süleyman həqiqi ibadət üçün möhtəşəm məbəd tikmiş və Müqəddəs Yazılara daxil olan üç kitab yazmışdı. Bizdən eyni şeyləri etmək tələb olunmasa da, Süleymanın Allaha sadiq qaldığı vaxtlarda qoyduğu nümunə bizə əsil müvəffəqiyyətin nədə olduğunu başa düşməyə və ona nail olmağa kömək edəcək. Süleyman Allahdan ilham alaraq bu gün insanların əksəriyyətinin uğur kimi qələmə verdiyi şeylərin — var-dövlətin, müdrikliyin, şan-şöhrətin və istedadın puç olduğunu yazmışdı. Bu kimi şeylər, həqiqətən də, boşdur, «külək dalınca qaçmağa» bənzəyir. Məgər var-dövlət hərisi olan insanların getdikcə daha çox qazanmaq istədiklərini görmürük? Bundan əlavə, onlar var-dövlətlərinə görə çox narahat olurlar. Üstəlik, onların var-dövləti nə vaxtsa başqalarına qalacaq. (Vaiz 2:8—11, 17; 5:10—12 ayələrini oxu.)

7, 8. Süleymanın dönük çıxmasına nə səbəb oldu və bu nə ilə nəticələndi?

7 Bildiyimiz kimi, Süleyman sonradan salehlik yolundan uzaqlaşdı. Allahın Kəlamında qeyd olunur: «Qocalıq çağında [arvadları] onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi, atası Davuddan fərqli olaraq, Allahı Rəbbə sadiq deyildi... Süleyman Rəbbin gözündə pis olan işlər etdi» (1 Pad. 11:4—6).

8 Buna görə də Yehova haqlı olaraq Süleymana qəzəblənib dedi: «Sənə əmr etdiyim əhdimə və qaydalarıma əməl etmədiyin üçün Mən hökmən padşahlığını əlindən çəkib alacağam və onu sənin quluna verəcəyəm» (1 Pad. 11:11). Necə də acınacaqlı haldır! Süleyman həyatının bir çox sahələrində uğur qazansa da, sonda Yehovanı məyus etdi. O, həyatda ən vacib olan şeyi — Yehovaya sadiqliyini itirdi. Hər birimiz özümüzdən soruşmalıyıq: «Həyatda uğur qazanmaq üçün Süleymanın nümunəsindən öyrəndiklərimi tətbiq edəcəyəmmi?»

ƏSİL MÜVƏFFƏQİYYƏT

9. Dünyanın nöqteyi-nəzərincə Pavel həyatda uğur qazanmışdımı? İzah edin.

9 Həvari Pavelin həyatı Süleyman padşahın həyatından tamamilə fərqli idi. Misal üçün, Pavelin nə fil sümüyündən taxtı vardı, nə də o, padşahlarla bir ziyafətdə otururdu. Əksinə, onun ac-susuz və soyuqda çılpaq qaldığı vaxtlar olmuşdu (2 Kor. 11:24—27). İsanı Məsih kimi qəbul etdikdən sonra Pavel Yəhudi dinində heç bir şərəfli mövqeyə malik deyildi. Üstəlik, Yəhudi dininin rəhbərləri ona nifrət edirdilər. O həbs olunmuş, şallaqlanmış, çubuqla döyülmüş və daş-qalaq edilmişdi. Pavel özünün və həmimanlılarının təhqir və təqib olunduğunu, eləcə də onlara böhtan atıldığını qeyd edərək yazmışdı: «İndiyədək dünyanın gözündə zir-zibil və tullantı kimiyik» (1 Kor. 4:11—13).

10. Nəyə görə demək olar ki, Pavel müvəffəqiyyətə etinasızlıq göstərərək onu rədd etdi?

10 Görünür, həvari Pavel kimi tanınan Şaul adlı gəncin qarşısında geniş imkanlar açıq idi. Ehtimal ki, bu gənc ziyalı ailəsində doğulmuş, eləcə də hörmətli müəllim Qamalieldən təhsil almışdı. Sonralar o, özü haqda belə demişdi: «Yəhudilikdə bir çox həmyaşıdımdan xeyli qabağa getmişdim» (Qalat. 1:14). İbrani və yunan dillərini mükəmməl bilən Şaul Roma vətəndaşlığı sayəsində bir çoxlarının nail olmaq istədikləri imtiyaz və hüquqlara malik idi. Əgər o, dünyada uğur qazanmağı seçsəydi, çox ehtimal ki, yüksək mövqe qazanar və maddi firavanlıq əldə edərdi. O isə əksinə, çoxlarının, hətta bəzi qohumlarının gözündə əsil ağılsızlıq kimi görünən bir yolu seçdi. Nəyə görə?

11. Pavel hansı məqsədlərə dəyər verirdi və nəyə görə?

11 Pavel Yehovanı sevir və Onun rəğbətini qazanmağı var-dövlətdən və şan-şöhrətdən üstün tuturdu. Həqiqət haqqında dəqiq biliyə yiyələndikdən sonra Pavel dünyanın rədd etdiyi fidyə qurbanlığını, təbliğ xidmətini və göylər həyatına olan ümidi qiymətləndirməyə başladı. O, Şeytanın qaldırdığı mübahisəli məsələdən agah idi. Şeytan belə bir iddia irəli sürmüşdü ki, insanları Allaha ibadətdən uzaqlaşdıracaq (Əyy. 1:9—11; 2:3—5). Qarşılaşdığı sınaqlardan asılı olmayaraq, Pavel Allaha sadiq qalmağa və Onun yolunda hər şeyə tab gətirməyə qəti qərarlı idi. Bu, dünyanın müvəffəqiyyətə olan baxışının tam əksi idi.

12. Sən nəyə görə ümidini Allaha bağlayırsan?

12 Sən də, Pavel kimi, Allaha sadiq qalmağa qətiyyətlisənmi? Düzdür, sadiqliyi qorumaq heç də asan deyil, ancaq bunun sayəsində Yehovanın xeyir-duasını və rəğbətini qazanmaq mümkündür. Bu isə insan üçün əsil uğurdur (Sül. məs. 10:22). Biz artıq indidən fayda əldə edirik, gələcəkdə isə daha çox xeyir-dualar alacağımıza əmin ola bilərik. (Mark 10:29, 30 ayələrini oxu.) Beləliklə, ümidimizi «gəldi-gedər var-dövlətə yox, həyatdan həzz almağımız üçün bizi hər şeylə bol-bol təmin edən Allaha» bağlamağa tam əsasımız var. Biz özümüz üçün salamat qalacaq xəzinə yığmalı, yəni əsil həyatdan bərk-bərk yapışmaqdan ötrü gələcək üçün möhkəm təməl qoymalıyıq (1 Tim. 6:17—19). Bəli, tamamilə əmin ola bilərik ki, indiki dövrdən yüz illər, min illər, hətta daha çox vaxt keçsə belə, geriyə baxdıqda: «Mən, həqiqətən də, əsil müvəffəqiyyət yolunu seçmişəm!» — deyə biləcəyik.

XƏZİNƏN HARADADIR?

13. Xəzinə yığmaqla bağlı İsa hansı məsləhəti verib?

13 İsa xəzinə yığmaq barədə demişdi: «Özünüzə yerdə xəzinə toplamağa son qoyun. Burada onu güvə yeyir və pas xarab edir, oğrular da girib oğurlayır. Əvəzində xəzinənizi göydə toplayın. Orada onu nə güvə yeyir, nə pas xarab edir, nə də oğrular girib oğurlayır. Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq» (Mat. 6:19—21).

14. Nəyə görə yer üzündə xəzinə toplamaq ağılsızlıqdır?

14 İnsanın yer üzündə yığa biləcəyi xəzinə yalnız puldan ibarət deyil. Misal üçün, bura Süleymanın haqqında yazdığı və insan gözündə müvəffəqiyyət sayılan şeylərə — nüfuzu, şan-şöhrəti və ya hakimiyyəti aid etmək olar. Süleymanın «Vaiz» kitabında yazdığı kimi, İsa da qeyd etmişdi ki, yer üzündə yığılan xəzinə əbədi deyil. Yəqin, sən özün də bu kimi xəzinələrin müvəqqəti olduğunun və asanlıqla itirildiyinin şahidi olmusan. Professor Deyl Bruner bu növ xəzinə haqqında yazırdı: «Yaxşı məlumdur ki, şan-şöhrət fanidir. Keçən şənbənin qəhrəmanı gələn mövsüm öz məşhurluğunu itirə bilər. Bu il maddi cəhətdən uğur qazanan insan gələn il müflis ola bilər... [İsa] insanları sevdiyi üçün onları müvəqqəti izzətin gətirdiyi qaçılmaz məyusluqdan çəkindirirdi. Belə müvəffəqiyyətin ömrü az olur. İsa şagirdlərinin məyus olmalarını istəmirdi. “Hər gün başda oturanlardan kimin üçünsə dünya alt-üst olur”». Düzdür, bir çoxları bu sözlərlə razılaşırlar, bəs nə qədər insan bu gerçəkliyin həyatına təsir etməsinə yol verir? Sən necə, yol verəcəksən?

15. Biz nə cür müvəffəqiyyətə can atmalıyıq?

15 Bəzi din xadimləri təbliğ edirlər ki, müvəffəqiyyətə can atmaq düzgün deyil. Lakin İsa uğura can atmağın tamamilə yanlış olduğunu öyrətmirdi. Əksinə, o, şagirdlərini göydə əbədi xəzinə yığmağa təşviq etməklə bütün güclərini məhz buna yönəltməyi məsləhət görürdü. Bizim ən böyük istəyimiz Yehovanın gözündə uğur qazanmaq olmalıdır. İsanın sözləri göstərir ki, bizim yerdə və ya göydə xəzinə yığmaq seçimimiz var. Ancaq aydın məsələdir ki, hər bir insan ürəyində olan, yəni onun üçün dəyərli olan məqsədlərə can atacaq.

16. Biz nəyə tam əmin ola bilərik?

16 Əgər biz Yehovanı razı salan məqsədlərə can atırıqsa, əmin ola bilərik ki, O, bizim nələrə ehtiyac duyduğumuzu görəcək. O, həvari Pavel kimi, bizim də müvəqqəti olaraq ac-susuz qalmağımıza yol verə bilər (1 Kor. 4:11). Bununla belə, biz İsanın növbəti məsləhətinə əməl etməliyik: «“Nə yeyəcəyik?”, “nə içəcəyik?” və ya “nə geyəcəyik?”, — deyə heç vaxt narahat olmayın. Çünki bütün bunların dalınca başqa millətlər qaçır. Sizin səmavi Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir. Beləliklə, padşahlığı və Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da sizə veriləcək» (Mat. 6:31—33).

ALLAHIN GÖZÜNDƏ UĞUR QAZAN

17, 18. a) Əsil müvəffəqiyyət nədən asılıdır? b) Bəs nədən asılı deyil?

17 Gəlib çatdıq məsələnin məğzinə: sözün əsil mənasında uğurlu olmağımız dünyanın gözündə əldə etdiyimiz nailiyyətlərdən və tutduğumuz mövqedən asılı deyil. Üstəlik, əsil müvəffəqiyyət məsihçi yığıncağında müəyyən məsuliyyətlərin olub-olmaması ilə də ölçülmür. Ancaq bu cür xeyir-dualara əsil müvəffəqiyyətin əsasını təşkil edən Allaha itaətkarlığın və sadiqliyin sayəsində sahib ola bilərik. Çünki Allahın Kəlamında deyilir: «Nökərbaşıdan... sədaqət tələb olunur» (1 Kor. 4:2). Və biz daima sədaqətli olmalıyıq. İsa demişdi: «Mənim adıma görə hamı sizə nifrət edəcək. Ancaq axıra kimi dözən xilas olacaq» (Mat. 10:22). Yəqin, razılaşacaqsınız ki, xilas müvəffəqiyyətin danılmaz sübutudur.

18 Yuxarıda deyilənlərin üzərində düşünməklə görəcəksən ki, Allaha sadiqliyin şan-şöhrətlə, təhsillə, maddi firavanlıqla və ya cəmiyyətdəki mövqe ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, sadiqlik ağıldan, bacarıq və qabiliyyətdən asılı deyil. Düşdüyümüz bütün vəziyyətlərdə Allaha sadiqliyimizi sübuta yetirə bilərik. Allahın birinci əsrdəki xalqı arasında zəngin olanları da vardı, kasıb olanları da. Pavel zəngin məsihçilərə belə bir məsləhət vermişdi: «Yaxşılıq etsinlər, xeyirli işlərlə zəngin olsunlar, səxavətli və əl tutmağa hazır olsunlar». Bəli, zənginlər də, yoxsullar da əsil həyatdan bərk-bərk yapışmalı idilər (1 Tim. 6:17—19). Bütün bunlar bu gün də aktualdır. Hər birimiz eyni imkana və məsuliyyətə malikik: biz sadiq qalmalı və «xeyirli işlərlə zəngin» olmalıyıq. Əgər belə ediriksə, biz Yaradanımızın gözündə uğur qazanacaq və Onu razı saldığımız üçün sevinc əldə edəcəyik (Sül. məs. 27:11).

19. Müvəffəqiyyət əldə etmək üçün nə etmək əzmindəsən?

19 Bütün vəziyyətləri nəzarət altında saxlamaq sənin əlində olmaya bilər, ancaq müxtəlif vəziyyətlərlə üzləşəndə onlara necə reaksiya göstərəcəyinə nəzarət edə bilərsən. Şəraitindən asılı olmayaraq, çalış, Allaha sadiqliyini qoruyasan. Buna görə səy göstərməyə dəyər. Əmin ol ki, indi və əbədiyyət boyunca Yehova səni bol-bol xeyir-dualandıracaq. İsanın məsh olunmuş məsihçilərə ünvanladığı sözləri heç vaxt unutma: «Hətta ölmək lazım gəlsə də, sadiq qal və mən sənə həyat tacını verəcəyəm» (Vəhy 2:10). Bax bu əsil müvəffəqiyyətdir!

[6–cı səhifədəki şəkil]

Dünyanın nöqteyi-nəzərincə, Pavel müvəffəqiyyətə nail olmuşdu

[7–ci səhifədəki şəkil]

Pavel əsil müvəffəqiyyətə nail olmuşdu

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş