Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/1 s. 12—17
  • “Məndən öyrənin”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Məndən öyrənin”
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • İsanın insanlarla davranış tərzi
  • İsa ilə fəriseylər arasındakı fərq
  • İsanın nöqteyi-nəzəri
  • İsanın problemlərə yanaşmaq üsulu
  • İsanın tə’limlərinin səmərələri
  • «Özünüzü fəriseylərin mayasından... gözləyin»
    Gözətçi qülləsi 2012
  • İsa peyğəmbər bir fərisinin evində
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa Məsih şənbə günü xəstə bir adamı sağaldır
    Müqəddəs Kitab dünyasına səyahət
  • İsa əleyhdarlarını mühakimə edir
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/1 s. 12—17

“Məndən öyrənin”

“Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbdən təvazökaram; və canınıza təravət taparsınız” (MATTA 11:29, YD).

1. İsadan öyrənmək nəyə görə xoşdur və həyatı zənginləşdirir?

İSA MƏSİH həmişə lazımi tərzdə düşünür, öyrədir və davranırdı. O, yer üzündə az müddət yaşamış olsa da, böyük sevinc və məmnunluq gətirən işlə məşğul olurdu və çox xoşbəxt idi. İsa şagirdlər toplayır, onlara Allaha ibadət etməyi, insanları sevməyi və dünyaya qalib gəlməyi öyrədirdi (Yəhya 16:33). O, insanların ürəyini ümidlə doldurdu və “Müjdə vasitəsilə həyatı və ölməzliyi aydınlığa çıxardı” (2 Timoteyə 1:10). Əgər onun şagirdləri sırasına daxilsinizsə, sizcə, şagird olmaq nə deməkdir? Şagirdləri barədə İsanın dediklərini nəzərdən keçirməklə, həyatımızı zənginləşdirməyin yolunu öyrənə bilərik. Bunun üçün, onun nöqteyi-nəzərini mənimsəmək və bir sıra əsas prinsiplərə riayət etmək lazımdır (Matta 10:24, 25; Luka 14:26, 27; Yəhya 8:31, 32; 13:35; 15:8).

2, 3. a) İsanın şagirdi olmaq nə deməkdir? b) Özümüzdən: “Mən kimin şagirdiyəm” deyə, soruşmaq nəyə görə vacibdir?

2 Yunanca Müqəddəs Yazılarda “şagird” kimi tərcümə olunan söz, əsasən diqqətini bir şeyə cəmləşdirən və ya öyrənən kəsə işarə edir. Buna yaxın olan söz, bu məqalənin əsasını təşkil edən Matta 11:29 (YD) ayəsində də istifadə olunur: “Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbdən təvazökaram; və canınıza təravət taparsınız”. Bəli, şagird - öyrənən şəxsdir. Adətən İncildə, İsa təbliğ edən zaman onunla birlikdə olan, ondan nəsihət alan və ona qəlbən bağlı olan davamçılar şagird adlanırlar. Elə adamlar da vardı ki, bə’zən gizli surətdə də olsa, İsanın tə’limləri ilə sadəcə razılaşırdılar (Luka 6:17; Yəhya 19:38). İncildə “[vəftizçi] Yəhyanın şagirdləri... və fəriseylərin şagirdləri” barədə də bəhs olunur (Mark 2:18). İsanın öz davamçılarına “fərisey... tə’limindən qorunmağı” buyurduğunu nəzərə alaraq, özümüzdən soruşa bilərik: “Bəs mən kimin şagirdiyəm?” (Matta 16:12).

3 Əgər biz İsanın şagirdiyiksə və ondan öyrənmişiksə, bizimlə ünsiyyət başqalarına ruhani təravət gətirməlidir. Bizim daha da həlim və qəlbdən təvazökar olduğumuz onlara mə’lum olmalıdır. Əgər iş yerində rəhbər vəzifə tuturuqsa, övladlarımız varsa və ya məsihçi yığıncağında ağsaqqal vəzifəsini icra ediriksə, qayğımıza həvalə olunan insanlar bizim onlarla, İsanın davrandığı kimi davrandığımızı hiss edirlərmi?

İsanın insanlarla davranış tərzi

4, 5. a) İsanın çətinlik çəkən insanlarla necə davrandığını öyrənmək nə üçün çətin deyil? b) İsa bir fəriseyin evində çörək yeyərkən nə baş verdi?

4 İsanın insanlarla, xüsusilə də ciddi problemi olanlarla necə davrandığını bilməyimiz vacibdir. Bunu müəyyən etmək çətin deyil; Müqəddəs Kitabda, İsanın başqaları ilə, o cümlədən çətinliyi olanlarla necə davrandığını göstərən çoxsaylı hadisələr təsvir olunub. Gəlin həmçinin, din rəhbərlərinin, xüsusilə də fəriseylərin problemlərlə qarşılaşan insanlarla necə davrandığına diqqət yetirək. Bu cür müqayisə çox şeyi aşkar edəcəkdir.

5 Eramızın 31-ci ilində, İsa Qalileyada təbliğ edərkən “fəriseylərdən biri İsadan xahiş etdi ki, onunla bərabər çörək yesin”. İsa bu də’vətə e’tiraz etmədi. “O da fəriseyin evinə girdi və süfrə başında oturdu. Və budur, həmin şəhərdə yaşayan günahkar bir qadın, İsanın fəriseyin evində süfrə başında oturduğundan xəbər tutduqda bəyaz mərmər bir qabda bahalı yağ gətirdi. Arxada, İsanın ayaqlarının yanında durdu, ağlayaraq Onun ayaqlarını göz yaşları ilə islatmağa başladı; sonra öz saçları ilə sildi, Onun ayaqlarını öpdü və bahalı yağ ilə yağladı” (Luka 7:36-38).

6. “Günahkar” qadın fəriseyin evinə hansı səbəbdən gələ bilərdi?

6 Bu mənzərəni təsəvvür edirsinizmi? Bir arayış kitabçasında deyilir: “Qadın (ayə 37), ehtiyacı olan adamlara belə qonaqlığa gəlib, süfrədən qalan qalıqları aparmağa icazə verən adətdən istifadə etmişdi”. Də’vət olunmamış adamın hər-hansı evə gəlişinin səbəbi yəqin ki, məhz bu ola bilərdi. İstisna deyil ki, o an bu evə, ziyafətdən sonra qalıqlardan aparmaq ümidi ilə gələn başqa adamlar da vardı. Lakin həmin qadın özünü qəribə aparırdı. O, naharın qurtarmasını gözləyərək, kənardan tamaşa etmirdi. Həmin qadın pis ad qazanmış və “günahkar” kimi tanınmışdı. Günahları o qədər çox idi ki, qadının “çox olan günahları”ndan İsa da xəbərdar idi (Luka 7:47).

7, 8. a) Luka 7:36-38 ayələrində təsvir edilən şəraitdə olsaydıq, necə davranardıq? b) Şimon necə münasibət göstərdi?

7 Özünüzü həmin dövrdə və İsanın yerində təsəvvür edin. Baş verən hadisəyə necə münasibət göstərərdiniz? Bəlkə də, həmin qadının sizə yaxınlaşmasından narahatçılıq keçirərdiniz? Bu sizə necə tə’sir edərdi? (Luka 7:45). Bəlkə də, bu sizi dəhşətə gətirərdi.

8 Əgər qonaqlar arasında olsaydınız, siz də fərisey Şimon kimi düşünərdinizmi? “İsanı evinə də’vət edən fərisey bunu gördükdə, öz-özünə dedi: “Bu Adam peyğəmbər olsaydı, Ona toxunan qadının kim olduğunu və nəçi olduğunu bilərdi, çünki bu qadın günahkardır” (Luka 7:39). İsa isə, insanlarla münasibətdə hər zaman dərin şəfqət hissi təzahür etdirirdi. O bu qadının vəziyyətinin nə qədər ağır olduğunu və onun necə mə’yus olduğunu anlayırdı. Müqəddəs Kitabda, qadının düşdüyü günahlı həyat tərzinin səbəbi deyilmir. Əgər o, həqiqətən də fahişə idisə, həmin şəhərdə yaşayan kişilər, mö’min yəhudilər, göründüyü kimi, həyatını dəyişməkdə ona kömək etməmişdilər.

9. İsa necə davrandı və bu, ehtimala görə nəyə səbəb oldu?

9 Amma İsa qadına kömək etmək istəyirdi. O dedi: “Günahların bağışlandı”. Sonra əlavə etdi: “İmanın səni xilas etdi. Sülh ilə get” (Luka 7:48-50). Bununla da, hekayə sona çatır. Lakin kim isə deyə bilər ki, İsa həmin qadın üçün elə bir iş etmədi. Əslində qadına xeyir-dua verməklə İsa, onu yola salmış oldu. Bəlkə də düşündünüz ki, qadın yenə öz pis həyat tərzinə qayıtdı? Bu dəqiq mə’lum deyil, amma Lukanın daha sonra dediklərinə diqqət yetirin. O söyləyir ki, “İsa şəhərləri və kəndləri dolaşıb təbliğ edərək, Allahın Padşahlığını müjd eyləyirdi”. Luka həmçinin mə’lumat verir ki, İsa və şagirdləri ilə birlikdə, onlara “əmlakları ilə” xidmət edən “başqa bir çox qadınlar” da vardı. Ehtimal etmək olar ki, tövbə edən və yaxşılığa qiymət verən həmin qadın da, təmiz vicdanla namuslu həyat sürməyə başlayıb, həyatın mə’nasını dərk edərək və Allaha daha dərin məhəbbət inkişaf etdirərək, İsa ilə birlikdə olan qadınların arasında idi (Luka 8:1-3, İ-93).

İsa ilə fəriseylər arasındakı fərq

10. Şimonun evində İsa və qadınla baş verən hadisə üzərində düşünmək nəyə görə faydalıdır?

10 Tə’sir bağışlayan bu hekayədən biz nə öyrənə bilərik? Şübhə yoxdur ki, buna e’tinasız yanaşa bilmərik. Əgər Şimonun evində olsaydınız nə hiss edərdiniz? Siz İsa kimi davranardınız, yoxsa onu də’vət edən fəriseyin hisslərinə bənzər hisslərə qapılardınız? İsa Allahın Oğlu idi, buna görə də biz eynilə onun kimi başa düşüb, davrana bilmərik. Digər tərəfdən isə, fərisey Şimonun düşüncə tərzini əks etdirmək istəməzdik. Çox insanlar fəriseylərə oxşamaq istəməzdilər.

11. Nə üçün fəriseylər kimi olmaq istəmirik?

11 Müqəddəs Kitabı və digər tarixi mə’lumatları oxuduqda belə nəticəyə gəlirik ki, fəriseylər özləri barədə yüksək fikirdə olmuş, xalqın rifahına və firavanlığına kömək etdiklərini sanmışlar. Allahın Qanununun son dərəcə aydın və əlçatan olması onları qane etmirdi. Qanun tam aydın olmayanda, onlar, vicdanla hərəkət etməmək üçün ağır qayda-qanunlar tə’yin edərək, zahiri boşluqları doldurmağa çalşırdılar. Bu din rəhbərləri, demək olar ki, həyatın bütün sahələri, hətta cüz’i şeylər üçün də qanun tə’yin etməyə çalışırdılara.

12. Fəriseylər özləri barədə hansı fikirdə idilər?

12 Birinci əsrin qədim Yəhudi tarixçisi İosif Flavinin əsərlərindən aydın olur ki, fəriseylər özlərini xeyirxah, mərhəmətli, ədalətli, ümumiyyətlə, xalq müəllimi olmaq üçün tam yararlı hesab edirdilər. Onlardan bə’zilərinin bu keyfiyyətlərə malik olduqlarına şübhə yoxdur. Nakdimonu xatırlayaq (Yəhya 3:1, 2; 7:50, 51). Vaxt keçdikcə onlardan bə’ziləri məsihçi yoluna qədəm qoydular (Həvarilərin işləri 15:5). Həvari Pavel bə’zi yəhudilər, o cümlədən fəriseylər barədə yazırdı: “Allah üçün sə’yləri vardır, lakin elmə əsaslanmamışdır” (Romalılara 10:2). Buna baxmayaraq İncildə, həmin insanlar sadə xalqın gördüyü - məğrur, təkəbbürlü, öz gözlərində saleh, hər şeyə irad tutan, tənqidçi və hədsiz tələbkar kimi təsvir olunurlar.

İsanın nöqteyi-nəzəri

13. İsa fəriseylər barədə nə düşünürdü?

13 İsa, din alimlərini və fəriseyləri ikiüzlü olduqlarına görə amansızcasına mühakimə edərək dedi: “Onlar ağır və çətin daşına bilən yüklər bağlayıb insanların belinə qoyarlar, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə qımıldatmaq istəməzlər”. Bəli, xalqın üzərinə qoyulan yük ağır idi, boyunduruq isə, əzab-əziyyət verirdi. İsa din alimləri ilə fəriseyləri “divanələr” adlandırdı. Divanə adam cəmiyyət üçün təhlükə yaradır. İsa həmçinin, din alimləri ilə fəriseyləri “kor rəhbərlər” adlandırıb bəyan etdi ki, onlar “Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı” xor görürlər. Kimsə istəyərmi ki, İsa onu da fəriseylər kimi hesab etsin? (Matta 23:1-4, 16, 17, 23).

14, 15. a) İsanın Levi Matta ilə davranışını nəzərdən keçirərkən, fəriseylər haqqında nəyi öyrənirik? b) Bu hekayədən biz hansı vacib ibrət dərslərini ala bilərik?

14 Demək olar ki, İncili oxuyanların hamısına, fəriseylərin əksəriyyətinin tənqidçi əhval- ruhiyyəli olması aydındır. İsa, vergiyığan Levi Mattanı onun şagirdi olmağa də’vət etdikdən sonra, Levi, İsa üçün böyük ziyafət düzəltdi. İncildə deyilir: “Din alimləri və fəriseylər narazı qalaraq Onun şagirdlərinə: “Nə üçün vergiyığanlar və günahkarlarla yeyib-içirsiniz?” dedilər. İsa isə onlara cavabında dedi: “...Mən salehləri deyil, günahkarları tövbəyə çağırmağa gəlmişəm” (Luka 5:27-32).

15 İsanın həmin axşam söylədiklərindən Levi bir həqiqəti də anladı. İsa dedi: “Mən qurban yox, mərhəmət istəyirəm” sözünün mə’nasını öyrənin” (Matta 9:13). Fəriseylər qədim yəhudi peyğəmbərlərinin yazdıqlarına inandıqlarını iddia etsələr də, Hoşea 6:6 ayəsində deyilənlərə riayət etmirdilər. Onlar səhvə yol versələr belə, həmişə ən’ənələrə sadiq qalmağa çalışırdılar. Hər birimiz özündən soruşa bilər: Məni, bu və ya digər məsələnin həllində şəxsi fikri, yaxud hamı tərəfindən qəbul olunmuş üsulu əks etdirən qayda-qanunlar tərəfdarı kimi, yoxsa ilk növbədə mərhəmətli və xeyirxah adam kimi tanıyırlar?

16. Fəriseylər hansı qaydalar əsasında yaşayırdılar və onlara bənzəməmək üçün nə etməliyik?

16 Addımbaşı irad tutmaq, fəriseylərin adəti idi. Onlar, həqiqi və ya ehtimal edilən ən cüz’i səhvləri axtarırdılar. İnsanlar həmişə, nöqsanlar barədə onların yersiz iradlarını və xatırlatmalarını gözləyirdilər. Fəriseylər, hətta nanə, şüyüd və zirə kimi, dəyəri olmayan otların onda birini verdiklərinə görə fəxr edirdilər. Onlar öz mö’minliklərini geyimləri ilə gözə çarpdırmağa can atır və xalqı idarə etməyə çalışırdılar. Əməllərimizin İsanın nümunəsinə müvafiq olmasını istəyiriksə, əlbəttə ki, başqalarında nöqsanlar axtarmaq və onları nəzərə çarpdırmaq meylindən qaçınmalıyıq.

İsanın problemlərə yanaşmaq üsulu

17-19. a) İsa, nəticəsi çox ciddi ola biləcək vəziyyətə necə yanaşdı? b) Vəziyyəti gərgin və xoşagəlməz edən nə idi? c) Qadın İsaya yaxınlaşan zaman orada olsaydınız özünüzü necə aparardınız?

17 İsanın problemlərə yanaşmaq üsulu, fəriseylərinkindən frqlənirdi. Misal üçün, nəticəsi çox ağır ola biləcək bir problemlə qarşılaşarkən İsanın necə davrandığına diqqət yetirək. Bu hadisə, qanaxmadan 12 il əzab çəkmiş bir qadınla baş vermişdi. Bu barədə Luka 8:42-48 ayələrində bəhs olunur.

18 Markın Müjdəsində deyilir ki, qadın “qorxub titrəyərək gəldi” (Mark 5:33). Nəyə görə? Şübhəsiz, bunun səbəbi Allahın Qanununu pozduğunu bilməsi idi. Levililər 15:25-28 ayələrinə əsasən, qeyri-təbii qanaxmadan əzab çəkən qadın, xəstə olduğu müddətdə və bundan bir həftə sonra da natəmiz sayılırdı. Belə qadının toxunduğu hər əşya və təmasda olduğu insanlar natəmiz olurdu. İsaya yaxınlaşmaq üçün, həmin qadın insanların arasından keçməli idi. 2 000 il əvvəl baş vermiş bu hadisəni oxuyanda, qadına qarşı bizdə mərhəmət hissi yaranır.

19 Əgər orada olsaydınız, baş verən hadisəni necə qiymətləndirərdiniz? Nə deyərdiniz? Diqqət yetirək ki, İsa qadına mərhəmətlə yanaşdı, məhəbbət və nəzakət göstərdi, hətta qadının xoşagəlməz bir problemə yol verə biləcəyinə işarə belə etmədi (Mark 5:34).

20. Əgər Levililər 15:25-28 ayələrindəki tələb bu gün qüvvədə olsaydı, biz hansı çətin vəziyyətlə qarşılaşardıq?

20 Həmin hadisədən biz nə öyrənə bilərik? Fərz edək ki, sən məsihçi yığıncağında ağsaqqalsan. Elə hesab edək ki, Levililər 15:25-28 ayələrindəki tələb müasir məsihçilər üçün qüvvədədir və məsihçi bir qadın ümidini itirib, özünü tərkedilmiş hiss edərək həmin qanunu pozub. Sən buna necə reaksiya göstərərdin? Bacının hərəkətini mühakimə edərək, onu hamının yanında alçaldardınmı? Sən deyəcəksən: “Nə danışırsınız, qətiyyən! Mən, İsanın nümunəsini təqlid edərək, yaxşılıq, məhəbbət, nəciblik və şəfqət göstərməyə çalışardım”. Çox yaxşı! Elə isə, İsadan nümunə götürərək, belə davranmaq qalır.

21. İsa Qanuna dair insanlara nəyi öyrədirdi?

21 İnsanlar İsanın yanında olarkən təravət duyurdular, onun iştirakı ruh yüksəkliyi və ümid verirdi. Əgər Allahın Qanunundakı əmrlər birm’ənalı idisə, onları birmə’nalı da anlamaq lazım idi. Ancaq əgər onlar ümumi xarakter daşıyırdısa, vicdanı əldə rəhbər tutmaq lazım idi. Bununla da, alınan qərarlarda Allaha olan məhəbbəti əks etdirmək imkanı yaranırdı. Qanunun çərçivəsi olduqca məhdud deyildi (Mark 2:27, 28). Allah öz xalqını sevirdi, hər zaman onun rifahı üçün çalışır və düz yoldan dönmüş xidmətçisinə mərhəmət göstərməyə hazır idi. İsa da belə davranırdı (Yəhya 14:9).

İsanın tə’limlərinin səmərələri

22. İsadan tə’lim alan şagirdlərdə hansı düşüncə tərzi formalaşdı?

22 İsanı dinləyənlər və şagirdi olanlar, onun dediyi “boyunduruğum asan və yüküm yüngüldür” sözlərinin doğruluğuna əmin oldular (Matta 11:30). Həmin adamlar özlərini heç zaman ağır yüklü və narahat hiss etmirdilər. Həmçinin təəssüratları da yaranmırdı ki, onları susdurur, ya da ki, onlara mühazirə oxuyurlar. Onlar daha sərbəst və xoşbəxt idilər, Allahla və bir-birləri ilə olan münasibətləri isə daha da möhkəmlənmişdi (Matta 7:1-5; Luka 9:49, 50). Onlar İsadan öyrəndilər ki, ruhani rəhbər olmaq - başqalarına təravət gətirmək, əqli cəhətdən və qəlbən təvazökar olmaq mə’nasını daşıyır (1 Korinflilərə 16:17, 18; Filipililərə 2:3).

23. İsa ilə olarkən şagirdlər hansı vacib ibrəti mənimsədilər və onlar hansıni nəticəyə gəldilər?

23 Bundan əlavə bir çoxları, Məsihlə vəhdətdə qalmağın və onun təzahür etdirdiyi düşüncə tərzini mənimsəməyin vacibliyini dərk etdilər. O, şagirdlərinə dedi: “Atam Məni sevdiyi kimi, Mən də sizi sevdim; Mənim məhəbbətimdə qalın. Mən Atamın əmrlərini yerinə yetirib Onun məhəbbətində qalıram. Əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız” (Yəhya 15:9, 10). Allaha xidmətdə nailiyyət qazanmaq üçün, onlar həm Allahdan gələn xoş xəbərin təbliğində və şagirdlərin hazırlanmasında, həm də yaxın qohumları və dostları ilə davranışlarında, İsadan öyrəndiklərinə lazımınca riayət etməli idilər. Məsihçi qardaşlığı böyüdüyündən yeni yığıncaqlar təşkil olunduqca, şagirdlər, hər bir işdə İsa kimi davranmağın vacibliyini dönə-dönə özlərinə xatırlatmalı olurdular. İsa həqiqətə öyrədirdi və onun həyat tərzi ən yüksək tərzdə təqlid edilməyə layiq idi (Yəhya 14:6; Efeslilərə 4:20, 21).

24. İsanın nümunəsi nəzərdən keçirərək, nəyə diqqət yetirməliyik?

24 İndi, müzakirə etdiklərimiz üzərində düşünərkən, hansı sahələrdə yaxşılaşmağın lazım gəldiyini görürsünüzmü? İsanın həmişə müvafiq tərzdə düşünməsi, tə’lim verməsi və davranması ilə razısınızmı? Belədirsə, fəaliyyətə başlayın. İsa, təşviqedici bu sözlərlə bizə müraciət edib: “Əgər bu şeyləri bilirsiniz və onlara əməl edirsinizsə, bəxtiyarsınız” (Yəhya 13:17).

[Haşiyə]

a “[İsa ilə fəriseylər arasındakı] fərqin mahiyyəti, Allah haqqındakı yalnız iki zidd anlayışda aşkar olur. Fəriseylər üçün Allah - ilk növbədə tələblər irəli sürən Şəxsdir. İsa üçün isə, Allah hər şeydən öncə mərhəmətli və şəfqətli olan Kəsdir. Fərisey, şübhəsiz ki, Allahın məhəbbətini və xeyirxah işlərini inkar etmirdi. Lakin onun anlayışında bu məhəbbət və xeyirxahlıq, Allahın insanlara Tövrat [Qanun] bəxş etməsində və bu Qanunun tələblərini icra etməyə imkan verməsində ifadə olunurdu. [...] Fəriseyin fikrincə, özünə qanunu təfsir etmə qaydalarını daxil edən şifahi ən’ənələrə riayət etməklə, Tövratda yazılanları icra etmək mümkündür. [...] İsanın, Allahı və yaxınını sevmək əmrini (Matta 22:34-40), fəriseylərin tə’yin etdikləri nüfuzlu qanunun səviyyəsinə yüksəltməsi və şifahi ən’ənələrin vacibliyini inkar etməsi, onunla, qanunu özləri istədikləri kimi şərh edən fəriseylər arasındakı münaqişəyə səbəb olurdu” (“Əhdi Cədidin yeni beynəlxalq ilahiyyat lüğəti”).

Siz necə cavab verərdiniz?

• İsanın şagirdi olmaq sizin üçün nə deməkdir?

• İsa insanlarla necə davranırdı?

• İsanın tə’lim vermə üsulundan biz nə öyrənə bilərik?

• İsa ilə fəriseylər arasındakı fərq nədən ibarət idi?

[16 və 17-ci səhifələrdəki şəkillər]

İsanın və fəriseylərin insanlara münasibəti necə də fərqlənirdi!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş