Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/1 s. 18—23
  • Məsihin həqiqi davamçılarının hamısı müjdəçidirlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihin həqiqi davamçılarının hamısı müjdəçidirlər
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Rəbbin nümunəsi
  • İlk məsihçilərin hər biri müjdəçi idi
  • Prozelitizm, yoxsa müjdəçi işi
  • Müasir dövrümüzdə aparılan müjdənin təbliği
  • Xoş xəbərin gətirdiyi xeyir-dualar
    Gözətçi qülləsi 2002
  • “Müjdəçi işini yerinə yetir”
    Gözətçi qülləsi 2004
  • Xoş xəbərin müjdəçiləri
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Hamı Yehovanın izzətini bəyan etsin
    Gözətçi qülləsi 2004
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/1 s. 18—23

Məsihin həqiqi davamçılarının hamısı müjdəçidirlər

“Rəbbə mahnı oxuyun, ismini təqdis edin; Onun qurtarışını gündən-günə müjdələyin” (MƏZMUR 96:2).

1. İnsanlar hansı xoş xəbəri eşitməlidir və Yehovanın Şahidləri bu xoş xəbəri təbliğ etməkdə necə nümunə göstərirlər?

HƏR GÜN bədbəxtliklər baş verən dünyada yaşayaraq, Müqəddəs Kitaba əsasən, müharibələrin, cinayətin, aclığın və zülmün bir azdan yox olacağını bilmək çox təsəllivericidir (Məzmur 46:9; 72:3, 7, 8, 12, 16). Məgər bu hamının eşitməli olduğu xoş xəbər deyilmi? Yehovanın Şahidləri bunun belə olduğunu düşünürlər. Onlar hər yerdə “yaxşılıq müjdəsini gətirən”lər kimi tanınırlar (İşaya 52:7). Təbliğ etməyə tam qərarlı olduqları üçün, Şahidlərin əksəriyyətinin tə’qiblərə mə’ruz qaldıqları doğrudur. Lakin onlar başqalarının mənafeyini düşünürlər. Şahidlərin sə’yini və sarsılmazlığını göstərən nə qədər işlər mövcuddur!

2. Yehovanın Şahidlərinin sə’y göstərmələrinin səbəblərindən biri hansıdır?

2 Yehovanın müasir Şahidlərinin xidmətdə göstərdikləri sə’y, ilk məsihçilərin sə’yini xatırladır. “L’Osservatore Romano” adlı katolik qəzetində onlar haqqında haqlı olaraq aşağıdakı sözlər qeyd edilmişdir: “İlk məsihçilər vəftizdən dərhal sonra Müjdəni təbliğ etməyi özlərinə borc sanırdılar. Qullar Müjdəni ağızdan-ağıza ötürürdülər”. Yehovanın Şahidləri, birinci əsrin məsihçilərini təqlid edərək nəyə görə belə sə’y göstərirlər? İlk növbədə ona görə ki, onların təbliğ etdiyi xoş xəbər Yehova Allahdandır. Daha çox sə’y göstərmək üçün bundan da böyük səbəb ola bilərmi? Yehovanın Şahidlərinin təbliği, məzmurçunun - “Rəbbə mahnı oxuyun, ismini təqdis edin; Onun qurtarışını gündən-günə müjdələyin” çağırışına cavabdır (Məzmur 96:2).

3. a) Yehovanın Şahidlərinin sə’yini izah edən ikinci səbəb nədən ibarətdir? b) “[Allahdan gələn] xilas” hansı mə’nanı kəsb edir?

3 Məzmurçunun sözləri Yehovanın Şahidlərinin sə’yini izah edən ikinci səbəbi göstərir. Onlar xilası təbliğ edirlər. Başqalarının aqibətini yüngülləşdirmək üçün bə’zi insanlar ictimai dairələrdə, tibb, iqtisadiyyat və başqa sahələrdə çalışırlar. Onların əməyi tə’rifə layiqdir. Ancaq hər hansı adamın göstərə biləcəyi kömək “[Allahdan gələn] xilas” ilə müqayisədə olduqca məhduddur. Yehova, İsa Məsihin vasitəsilə salehləri günah, xəstəlik və ölümdən xilas edəcək. Xilasa nail olanlar əbədiyyən yaşayacaqlar! (Yəhya 3:16, 36; Vəhy 21:3, 4). Məzmurçunun: “Onun izzətini millətlər arasında, valehedici işlərini bütün xalqlar arasında e’lan edin” sözlərinə cavab olaraq, məsihçilərin bu gün təbliğ etdikləri xilas - Allahın “valehedici işləri”ndən biridir (Məzmur 96:3, 4).

Rəbbin nümunəsi

4-6. a) Yehovanın Şahidlərinin sə’y göstərmələrinin üçüncü səbəbi nədən ibarətdir? b) İsa xoş xəbərin təbliğində necə sə’y göstərirdi?

4 Yehovanın Şahidlərinin göstərdiyi sə’yin üçüncü səbəbi də var. Onlar İsa Məsihin nümunəsini təqlid edirlər (1 Peter 2:21). Kamil olan bu insan “təvazökarlara müjdəni və’z etmək” tapşırığını ürəkdən qəbul etdi (İşaya 61:1; Luka 4:17-21). O, müjdəçi oldu və “Padşahlığın Müjdəsini təbliğ edərək” bütün Qalileyanı və Yəhudeyanı dolaşırdı (Matta 4:23, İ-93). Çoxlarının xoş xəbərə hay verəcəyini isə qabaqcadan bilərək, İsa şagirdlərinə dedi: “Məhsul çox, işçilər isə azdır. Beləliklə, məhsulun Sahibi olan Rəbbə yalvarın ki, Öz məhsulunu yığmağa işçilər göndərsin” (Matta 9:37, 38).

5 Öz duasına müvafiq olaraq, İsa başqalarına xoş xəbəri təbliğ etməyi öyrədirdi. Vaxtı gələndə o, həvarilərini sərbəst surətdə təbliğ etməyə göndərir və deyir: “Gedərkən: “Göylərin Padşahlığı yaxındır”,- deyə təbliğ edin”. Bəlkə o dövrün gündəlik ictimai problemlərini həll etmək üçün proqramlar tərtib etmək daha əlverişli olardı? Ya da o vaxt geniş yayılmış rüşvətxorluqla mübarizə aparmaq üçün siyasətə qarışmağa dəyərdi? Xeyr. İsa öz davamçılarına: “Gedərkən... təbliğ edin” deməklə, bütün məsihçi müjdəçilərinə bir tapşırıq verdi (Matta 10:5-7, İ-93).

6 Sonra İsa başqa bir qrup şagirdləri belə bir xəbəri e’lan etməyə göndərdi: “Allahın Padşahlığı... yaxındır”. Onlar qayıdıb, İsaya təbliğ fəaliyyətlərinin uğurları haqqında danışanda, İsa son dərəcədə sevinmişdi. O, duasında deyirdi: “Ey göyün və yerin Rəbbi olan Ata, şükür edirəm Sənə ki, bu şeyləri müdriklərdən və ağıllılardan gizlədib körpələrə açdın. Bəli, Ata. Çünki Sənin iltifatın belə idi” (Luka 10:1, 8, 9, 21). İsanın keçmişdə durmadan işləyən şagirdləri - balıqçılar, əkinçilər və başqaları - xalqın ali təhsilli dini rəhbərləri ilə müqayisədə “körpə” idilər. Ancaq onlar xəbərlər içərisində ən yaxşısını, yə’ni xoş xəbəri təbliğ etməyə öyrədilmişdilər.

7. İsa göyə qalxdıqdan sonra, onun şagirdləri xoş xəbəri ilk növbədə kimlərə təbliğ etdilər?

7 İsa göyə qalxdıqdan sonra, davamçıları xilas haqqında xoş xəbəri təbliğ etməyə davam edirdilər (Həvarilərin işləri 2:21, 38-40). Onlar ilk növbədə kimlərə təbliğ edirdilər? Allahı tanımayan xalqlaramı? Xeyr, onların ilk fəaliyyət sahəsi, Yehovanı 1 500 ildən artıq tanıyan İsrail xalqı oldu. Artıq Yehovaya ibadət edilən bir ölkədə onların təbliğ etməyə hüquqları vardımı? Bəli, vardı. İsa onlara demişdi: “Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız” (Həvarilərin işləri 1:8). Xoş xəbəri eşitmək, İsrail xalqına başqa xalqlardan heç də az lazım deyildi.

8. Yehovanın Şahidləri, İsanın birinci yüzillikdə yaşamış davamçılarını bu gün necə təqlid edirlər?

8 Bu gün Yehovanın Şahidləri də bütün yer üzündə təbliğ edirlər. Onlar Yəhyanın gördüyü mələklə əməkdaşlıq edirlər. O mələyin “əbədi bir Müjdəsi var idi ki, yer üzündə yaşayanlara, hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa təbliğ etsin” (Vəhy 14:6). Onlar 2001-ci ildə, Xristian dövlətləri kimi tanınan ərazilər də daxil olmaqla, 235 ölkə və ərazidə fəaliyyət göstərmişlər. Xristian dünyası kilsələrinin artıq mövcud olduğu ölkələrdə təbliğ etmək Yehovanın Şahidləri tərəfindən səhv hərəkətdirmi? Bə’zilərinin fikrincə səhvdir. Yehovanın Şahidlərini, hətta başqa dinlərin tərəfdarlarını “oğurlamaqda” ittiham edirlər. Ancaq Şahidlər, İsanın öz dövrünün təvazökar Yəhudilərinə necə yanaşdığını unutmurlar. Müqəddəslik onlara məxsus olsa da, bu onlara xoş xəbəri təbliğ etməkdə İsaya mane olmurdu. “İsanın onlara yazığı gəldi; çünki çobansız qoyunlar kimi taqətsiz və dağınıq idilər” (Matta 9:36). Şahidlər, Yehova və Onun Padşahlığından bixəbər olan təvazökar insanlarla qarşılaşarkən, hansısa dinin onlar üzərində öz hüquqlarını irəli sürdüklərinə görə, onlara xoş xəbəri təbliğ etməkdən vaz keçməlidirlərmi? İsanın həvarilərinin nümunəsini təqlid edərək deyirik ki, xeyr. Müjdə, istisnasız olaraq “bütün xalqlarda” təbliğ olunmalıdır (Mark 13:10).

İlk məsihçilərin hər biri müjdəçi idi

9. Birinci əsrin məsihçi yığıncağında, təbliğ işində kimlər iştirak edirdi?

9 Birinci əsrdə təbliğ işində kimlər iştirak edirdi? Faktlar göstərir ki, bütün məsihçilər müjdəçi idilər. Müəllif V. S. Vilyams qeyd edir: “Tarixi mə’lumatlar sübut edir ki, ilk Kilsəyə məxsus olan məsihçilərin hər biri müjdəni təbliğ edirdilər”. Bizim eranın 33-cü ilində baş vermiş hadisə ilə bağlı, Müqəddəs Kitabda deyilir: “Hamısı [kişilər və qadınlar] Müqəddəs Ruhla doldu və Ruhun onlara verdiyi danışma tərzinə uyğun olaraq, başqa-başqa dillərdə danışmağa başladılar”. Kişilər və qadınlar, gənclər və qocalar, qullar və azad olanların hər biri müjdəçi olurdu (Həvarilərin işləri 1:14; 2:1, 4, 17, 18; Yoel 2:28, 29; Qalatiyalılara 3:28). Çoxları tə’qiblər ucbatından Yerusəlimi tərk etməyə məcbur olduqda, “dağılanlar Allahın kəlamını müjdələyərək dolaşırdılar” (Həvarilərin işləri 8:4). Xüsusi olaraq tə’yin edilmiş azsaylı insanlar deyil, “dağılanlar”ın hamısı xoş xəbəri təbliğ edirdilər.

10. Yəhudi sisteminin dağılmasına qədər hansı ikiqat tapşırıq icra olunmuşdu?

10 Bu vəziyyət məsihçiliyin ilk illərində belə davam edirdi. İsa peyğəmbərlik etmişdir: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir” (Matta 24:14, İ-93). Bu peyğəmbərlik birinci əsrdə yerinə yetərkən, yəhudilərin dini və siyasi sistemi Roma ordusu tərəfindən məhv edilməzdən əvvəl, xoş xəbər geniş surətdə təbliğ olunmuşdu (Koloslulara 1:23). Bu hadisələrdən sonra İsanın davamçılarının hər biri onun: “Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” əmrini yerinə yetirirdilər (Matta 28:19, 20). Birinci əsrdə yaşamış ilk məsihçilər, saleh insanları İsaya inanmağa təşviq edib, sonra isə onları tərk edən Xristian dünyasının təbliğçiləri kimi davranmırdılar. Əksinə onlar yeni gələnlərə İsanın şagirdi olmağa kömək göstərir, yığıncaqlar təşkil edib, onları öyrədirdilər ki, onlar da öz növbəsində müjdəni təbliğ edib şagirdlər hazırlasınlar (Həvarilərin işləri 14:21-23). Bu gün, Yehovanın Şahidləri birinci əsrin məsihçiləri kimi davranırlar.

11. Bu gün bəşəriyyətə ən yaxşı xəbəri e’lan etməkdə kimlər iştirak edir?

11 Yehovanın Şahidləri arasında, birinci əsrin xidmətçiləri olan Pavel, Barnaba və başqalarını təqlid edərək, digər ölkələrə missioner kimi gedənlər də var. Yerli siyasətə qarışmadıqları və xoş xəbərin təbliğindən uzaqlaşmadıqları üçün onların işi əsl mə’nada fayda gətirir. Onlar İsanın “Gedərkən... təbliğ edin” tapşırığını tam dəqiqliyi ilə yerinə yetirirlər. Şahidlərin əksəriyyəti isə başqa ölkələrdə missioner kimi xidmət etmirlər. Özlərini tə’min etmək üçün onların çoxu işləyir, digərləri hələ məktəbdə oxuyurlar. Kimsə uşaq böyüdür. Lakin Şahidlərin hər biri öyrəndikləri xoş xəbəri başqaları ilə bölüşür. Gənclər və qocalar, kişilər və qadınlar - hamısı Müqəddəs Kitabın: “Kəlamı təbliğ et, bunu əlverişli və əlverişsiz vaxtda tə’xirəsalınmazlıq hissi ilə et” - çağırışına sevinclə hay verirlər (2 Timoteyə 4:2, YD). Birinci yüzillikdə yaşamış sələfləri kimi, Yehovanın Şahidləri “tə’lim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirlər” (Həvarilərin işləri 5:42). Onlar bütün bəşəriyyətə ən yaxşı xəbəri — xoş xəbəri e’lan edirlər.

Prozelitizm, yoxsa müjdəçi işi

12. Prozelitizm nədir və ona necə yanaşırlar?

12 Yunan dilində “döndərilmiş” mə’nasını daşıyan (yə’ni dinindən dönən) proselitos sözü var. Elə buradan “öz dininə döndərməyə çalışan” mə’nasını verən “prozelitizm” sözü əmələ gəlir. Bu gün bə’ziləri prozelitizmin zərər gətirdiyini düşünürlər. Kilsələrin Ümumdünya Şurası tərəfindən bu yaxında dərc olunmuş sənəddə, hətta “prozelitizmin günahından” danışılırdı. Nəyə görə? Bir katolik nəşrində izah olunur: “Pravoslaviya kilsəsinin sonsuz şikayətləri nəticəsində, “prozelitizm” sözü altında dinə zorla döndərmək fikri başa düşülür” (“Catholic World Report”).

13. Prozelitizmin zərər gətirən nümunələrini misal çəkin.

13 Prozelitizm zərər gətirirmi? Bə’zi hallarda gətirir. İsanın sözlərinə görə, qanunşünas və fəriseylərin prozelitizmi, dinlərinə döndərdikləri kəslər üçün zərərli idi (Matta 23:15). Sözsüz ki, “dinə zorla döndərmək” düzgün deyil. Tarixçi İosif Flaviy yazır ki, Makkaveylərin tərəfdarı olan İoan Qirkan edomiləri istila edərkən, “onlara bir şərtlə ölkədə yaşamağa izin verdi. Onlar sünnəti qəbul edib, yəhudilərin qanunları ilə yaşamalı idilər”. Əgər edomilər yəhudilərin idarəsi altında yaşamaq istəyirdilərsə, onda Yəhudi dininə e’tiqad etməli idilər. Tarixi şəhadətlərə görə, bizim eranın VIII əsrində Böyük Karl Avropanın şimalında yaşayan bütpərəst-saksoniyaları istila etmiş və qəddarcasına onları xristian dininə dönməyə məcbur etmişdira. Bəs döndərilmiş saksoniyalılar və edomilər yeni dini nə qədər ürəkdən qəbul edirdilər? Körpə İsanı öldürməyə çalışan əslən Edomi olan Hirod, Musanın ilhamlanmış qanunlarını yerinə yetirməyə nə dərəcədə hazır idi? (Matta 2:1-18).

14. Xristian dünyasının missionerləri insanları öz dinlərinə döndərmək üçün, onlara necə təzyiq göstərirlər?

14 Bəs bu gün məcburi döndərilmə baş verirmi? Bə’zi hallarda baş verir. Əldə edilən mə’lumatlara görə, Xristian dünyasının missionerləri insanları xarici ölkələrdə təhsil almağı təklif etməklə öz dinlərinə cəlb edirlər. Ya da aclıq çəkən qaçqınları, qida almaq üçün, dini xidməti dinləməyə məcbur edirlər. 1992-ci ildə Pravoslav yepiskoplarının qurultayı tərəfindən dərc olunan sənəddə e’lan edilirdi ki, “prozelitizm bə’zən maddi ne’mətlərin təklif olunması, bə’zən isə zorakılığın müxtəlif üsullarının tətbiq olunması ilə həyata keçirilir”.

15. Yehovanın Şahidləri prozelitizmlə - bu sözün müasir mə’nasını əks etdirən hərəkətlə - məşğul olurlarmı? İzah edin.

15 İnsanlara dinlərini dəyişmək məqsədilə təzyiq göstərmək olmaz. Sözsüz ki, Yehovanın Şahidləri belə davranmırlarb. Nəticə e’tibarilə, onlar prozelitizmlə - bu sözün müasir mə’nasını əks etdirən hərəkətlə - məşğul olmurlar. Əksinə, onlar birinci əsrin məsihçiləri kimi xoş xəbəri hamıya çatdırırlar. Buna öz istəyi ilə hay verən kəslər, Müqəddəs Kitabın öyrənilməsi yolu ilə daha geniş bilik almağa də’vət olunur. Maraqlanan bu insanlar, Müqəddəs Kitabdan alınan dəqiq biliklər əsasında Allaha və onun niyyətlərinə inam əldə edir. Bu isə onları, xilas olmaq üçün Allahın Yehova ismini çağırmağa təşviq edir (Romalılara 10:13, 14, 17). Xoş xəbəri qəbul edib etməmək onların şəxsi işidir. Burada heç bir məcburiyyət yoxdur. Əks təqdirdə dini dəyişməyin heç bir mə’nası olmazdı. Axı, ibadət Allaha məqbul olsun deyə, ürəkdən gəlməlidir (Təsniyə 6:4, 5; 10:12).

Müasir dövrümüzdə aparılan müjdənin təbliği

16. Yehovanın Şahidləri tərəfindən aparılan müjdənin təbliği bizim günlərdə necə vüs’ət alır?

16 Bizim dövrdə Yehovanın Şahidləri Padşahlıq haqqında xoş xəbəri təbliğ edirlər, bu fəaliyyət isə Matta 24:14 ayəsinin geniş miqyasda icrasıdır. Xoş xəbərin təbliğində istifadə etdikləri vacib vəsaitlərdən biri “Gözətçi Qülləsi” jurnalıdırc. 1879-cu ildə “Gözətçi Qülləsi” nin ilk sayları işıq üzü görərkən, bu jurnalın tirajı yalnız bir dildə 6 000 nüsxədən ibarət idi. 122 il keçdikdən sonra, 2001-ci ildə bu jurnalın sayı 23 042 000-ə çatmış və 141 dildə çap olunmağa başlamışdır. Bununla bərabər, Yehovanın Şahidlərinin apardığı təbliğ fəaliyyəti geniş vüs’ət alırdı. XIX əsrdə təbliğ işinə il ərzində yalnız bir neçə min saat həsr olunurdusa, 2001-ci ildə bu işə 1 169 082 225 saat həsr olunmuşdur. Həmin ildə 4 921 702 Müqəddəs Kitabın pulsuz öyrənilməsi keçirilmişdir. Nə qədər yaxşı iş görülüb! Bu işdə, Padşahlığın 6 117 666 fəal təbliğçisi iştirak etmişdir.

17. a) Bu gün insanlar hansı yalançı tanrılara ibadət edirlər? b) Dilindən, millətindən və ictimai vəziyyətindən asılı olmayaraq hər bir adama hansı bilik gərəkdir?

17 Məzmurçu deyir: “Çünki xalqların bütün ilahiləri bütlərdir; fəqət Rəbb göyləri yaratdı” (Məzmur 96:5). Bu gün insanlar millətpərəstliyə, milli rəmzlərə, görkəmli insanlara, əşyalara və hətta var-dövlətə pərəstiş edirlər (Matta 6:24; Efeslilərə 5:5; Koloslulara 3:5). Mohandas Qandi demişdir: “Mən əminəm ki... bu gün Avropa yalnız adına görə Xristian dövləti sayılır. Əslində o mamona [var-dövlətə] ibadət edir”. Buna baxmayaraq, xoş xəbər hər yanda təbliğ olunmalıdır. Dilindən, millətindən və ictimai vəziyyətindən asılı olmayaraq hər bir adama Yehova və onun niyyətləri haqqında bilmək vacibdir. Biz istəyərdik ki, hamı məzmurçunun: “Ey sizlər, xalqların soyları, Rəbbə verin, izzəti və qüdrəti Rəbbə verin. İsminin izzətini Rəbbə verin; təqdimə gətirin və həyətlərinə girin” sözlərinə hay versin (Məzmur 96:7, 8). Yehovanın Şahidləri başqalarına Yehova haqqında bilik əldə etməyə kömək edirlər ki, onlar da öz növbəsində Onu müvafiq tərzdə izzətləndirə bilsinlər. Xoş xəbərə hay verən kəslər isə böyük fayda əldə edirlər. Hansı faydanı? Bu haqda növbəti məqalədə bəhs ediləcək.

[Haşiyələr]

a “Katolik ensiklopediyası”na əsasən reformasiya dövründə insanları qəddarcasına başqa dinə döndərmə “Cuius regio, illius et religio” (yə’ni “Kim idarə edirsə, dini də o müəyyən edir”) şüarı altında həyata keçirilirdi.

b 2000-ci il, noyabr ayının 16-da keçirilən, ABŞ-ın din azadlığı üzrə Beynəlxalq komissiyasının görüşündə, iştirakçılardan biri öz dininə güclə döndərmək istəyənlərlə, Yehovanın Şahidləri arasındakı fərqi vurğuladı. Müşahidə edilmişdir ki, Yehovanın Şahidlərinin təbliğ etdikləri adamlar həmişə: “Bu məni maraqlandırmır” deyib, qapını bağlaya bilərlər.

c Jurnalın bütöv adı - “Gözətçi Qülləsi Yehovanın Padşahlığını e’lan edir”.

İzah edə bilərsinizmi?

• Yehovanın Şahidləri nəyə görə çalışqan müjdəçilərdir?

• Yehovanın Şahidləri nəyə görə Xristian dünyasının kilsələri mövcud olan yerlərdə də təbliğ edirlər?

• Nə üçün demək olmaz ki, Yehovanın Şahidləri prozelitizmlə — bu sözün müasir mə’nasını əks etdirən hərəkətlə — məşğuldurlar?

• İndiki dövrdə Yehovanın Şahidləri tərəfindən müjdəni yaymaq işi necə vüs’ət aldı?

[19-cu səhifədəki şəkil]

İsa müjdəni sə’ylə təbliğ edir və bunu etməyi başqalarına öyrədirdi.

[20-ci səhifədəki şəkil]

Birinci əsrin yığıncağında olanların hamısı xoş xəbərin təbliğində iştirak edirdilər.

[21-ci səhifədəki şəkil]

İnsanları dinini dəyişməyə məcbur etmək olmaz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş