Onlar Məsihin intizarında idilər
«“Xalq Məsihin intizarında idi və hər kəs ürəyində Yəhya haqqında belə düşünürdü: “Bəlkə Məsih budur?”» (LUKA 3:15).
1. Mələk çobanlara nə haqda xəbər verdi?
QARANLIQ düşmüşdü. Çobanlar çöldə sürülərin keşiyini çəkirdi. Birdən Yehovanın mələyi onların qarşısında peyda oldu və Allahın calalı ətrafı bürüdü. Çobanlar yaman qorxdular! Mələk belə bir həyəcanlandırıcı xəbər söylədi: «Qorxmayın! Mən sizə bütün insanları şad edəcək xoş xəbəri çatdırmağa gəlmişəm. Bu gün... sizin Xilaskarınız, Ağamız Məsih doğulub». Çobanlar bu körpəni yaxınlıqdakı şəhərdə, axurda tapa bilərdilər. Gözlənilmədən «saysız-hesabsız mələklər» Allahı mədh etməyə başladılar: «Göylərdəki Allahımıza eşq olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!» (Luka 2:8—14).
2. «Məsih» sözünün mənası nədir və Məsihi necə müəyyən etmək olar?
2 Sözsüz, bu yəhudi çobanlar bilirdilər ki, «Məsih» Allahın «Məsh olunmuşu» deməkdir (Çıx. 29:5—7). Bəs onlar həmin körpənin, həqiqətən də, Yehovanın təyin etdiyi Məsih olacağına başqalarını necə əmin edə bilərdilər? Üstəlik, özləri onun haqqında daha çox necə öyrənə bilərdilər? İbranicə Müqəddəs Yazılardakı peyğəmbərlikləri araşdırmaqla və öyrəndiklərini həmin uşağın həyatı və fəaliyyəti ilə müqayisə etməklə.
İnsanların intizarda olmasının səbəbi nə idi?
3, 4. Biz Daniel 9:24, 25 ayələrini necə başa düşürük?
3 Bu hadisədən xeyli müddət sonra Vəftizçi Yəhya peyda oldu. Onun sözlərinə və əməllərinə diqqət yetirən bəzi insanlar: «Görəsən, Məsih odur?» — deyə düşünürdülər. (Luka 3:15 ayəsini oxu.) Görünür, bəziləri Məsihə işarə edən «yetmiş dəfə yeddiillik dövr» haqda peyğəmbərliyi düzgün başa düşürdülər. Deməli, onlar Məsihin nə zaman peyda olacağını müəyyən edə bilmişdilər. Həmin peyğəmbərlikdə deyilir: «Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr keçəcək. Altmış iki yeddiillik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək» (Dan. 9:24, 25).
4 Bu gün Yehovanın xidmətçiləri dəqiq bilirlər ki, Daniel 9:25 ayəsindəki 69 yeddiillik dövr və ya 483 il eramızdan əvvəl 455-ci ildə başlamışdı; həmin il fars padşahı Artaxşasta Nehemyaya Yerusəlimi tikib bərpa etmək səlahiyyətini vermişdi (Neh. 2:1—8). Bu dövr 483 ildən sonra, eramızın 29-cu ilində nazaretli İsa vəftiz edilən zaman sona yetdi. Həmin vaxt o, müqəddəs ruhla məsh olunaraq Məsih təyin edildi (Mat. 3:13—17)a.
5. Biz indi hansı peyğəmbərlikləri nəzərdən keçirəcəyik?
5 Gəlin Məsih haqda yazılan çoxsaylı peyğəmbərliklərin bəzilərinə diqqət yetirək və görək bunlar İsa doğulan zaman, onun həyatının erkən illərində və xidməti zamanı necə yerinə yetib. Şübhə yoxdur ki, bu, Allahın peyğəmbərlik kəlamına olan imanımızı daha da möhkəmləndirəcək. Həmçinin bunlar sübut edəcək ki, xalqın çoxdan və həsrətlə gözlədiyi Məsih, həqiqətən də, İsa olub.
Həyatının erkən illəri ilə əlaqədar peyğəmbərliklər
6. Yaradılış 49:10 ayəsinin necə yerinə yetdiyini izah edin.
6 Məsih İsrailin Yəhuda qəbiləsində doğulmalı idi. Yaqub ölüm ayağında oğullarına xeyir-dua verərkən peyğəmbərlik etmişdi: «Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, hökmdarlıq əsası onun nəslindən itməyəcək; o vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək» (Yar. 49:10). Keçmişdə bir çox yəhudi alimləri hesab edirdilər ki, Yaqubun Yəhudaya dediyi bu sözlər Məsih barədədir. Yəhuda qəbiləsindən olan padşah Davuddan başlayaraq «padşahlıq əsası» (padşahlıq hakimiyyəti) və «hökmdarlıq əsası» (əmr etmək səlahiyyəti) Yəhuda qəbiləsinə məxsus idi. Yəhudanın padşahlıq sülaləsindən əsanın Sahibi — daimi və əvəzolunmaz Padşah gələndə sülalə sona çatacaqdı, çünki Allah Yəhudanın axırıncı padşahı Sidqiyaya bildirmişdi ki, hakimiyyət qanuni varisə veriləcək (Yez. 21:26, 27). Sidqiyadan sonra İsa Davudun nəslindən olan yeganə şəxs idi ki, Yehova ona taxt vəd etmişdi. İsanın doğulmasından əvvəl Cəbrayıl mələk Məryəmə demişdi: «Yehova Allah ona atası Davudun taxtını verəcək. O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək, onun padşahlığının sonu olmayacaq» (Luka 1:32, 33). Əsanın Sahibi həm Yəhudanın, həm də Davudun nəslindən olan İsa Məsih oldu (Mat. 1:1—3, 6; Luka 3:23, 31—34).
7. Məsih harada doğulmuşdu və nəyə görə bu, diqqətəlayiqdir?
7 Məsih Betlehemdə doğulmalı idi. Mikeya peyğəmbər yazmışdı: «Ey Bet-Lexem [Betlehem] Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir» (Mik. 5:2). Məsih, görünür, vaxtilə Efrata kimi tanınan Yəhudanın Betlehem şəhərində doğulmalı idi. Onun anası Məryəm və ögey atası Yusif Nazaretdə yaşayırdılar. Lakin Romada əhalinin siyahıya alınması əmri çıxanda onlar Betlehemə getməli oldular və eramızdan əvvəl 2-ci ildə burada İsa doğuldu (Mat. 2:1, 5, 6). Həqiqətən də, bu peyğəmbərlik möhtəşəm şəkildə yerinə yetdi!
8, 9. Məsihin anadan olması ilə və bundan sonra baş verən hadisələrlə əlaqədar hansı peyğəmbərliklər söylənilmişdi?
8 Məsih bakirə qızdan doğulmalı idi. (Yeşaya 7:14 ayəsini oxu.) İbrani sözü betulah «bakirə» deməkdir, lakin Yeşaya 7:14 ayəsində almah sözündən istifadə olunub. Həmin peyğəmbərlikdə deyilir ki, «bakirə qız [haalmah] hamilə olub oğlan doğacaq». Almah sözü hələ ərə getməyən Rebeka üçün də işlənmişdi (Yar. 24:16, 43). Matta Allahdan ilham alaraq Yeşaya 7:14 ayəsinin İsanın anadan olması zamanı yerinə yetdiyini göstərmək məqsədilə «bakirə» sözü üçün yunanca parfenos sözündən istifadə etmişdi. Həm Mattanın, həm də Lukanın yazığı Müjdələr göstərir ki, Məryəm Allahın müqəddəs ruhunun köməyilə hamilə qalanda bakirə idi (Mat. 1:18—25; Luka 1:26—35).
9 Məsih dünyaya gələndən sonra balaca uşaqlar qətlə yetiriləcəkdi. Buna bənzər hadisə Məsihin anadan olmasından yüzilliklər öncə də baş vermişdi. O zaman Misir padşahı — firon əmr etmişdi ki, ibranilərin təzə doğulan oğlan uşaqlarını Nil çayına atsınlar (Çıx. 1:22). Lakin Yeremya 31:15, 16 ayələrindəki peyğəmbərlik, yəni «düşmən [ölkəsinə]» aparılan oğullarına görə ağlayan Rəhilənin təsvir olunduğu peyğəmbərlik xüsusilə diqqətəlayiqdir. Onun fəryadı uzaq Rama şəhərində, Yerusəlimdən şimalda yerləşən Binyamin qəbiləsində eşidilirdi. Matta izah edir ki, padşah Hirod Betlehemdə və onun ətraf ərazilərində balaca oğlan uşaqlarını öldürmək əmrini verəndə Yeremya vasitəsilə söylənilən bu peyğəmbərlik yerinə yetdi. (Matta 2:16—18 ayələrini oxu.) Oradakı ağlaşmanı təsəvvür edə bilərsiniz?
10. Huşə 11:1 ayəsi İsanın üzərində necə yerinə yetdi? İzah edin.
10 İsraillilər kimi, Məsih də Misirdən çağırılacaqdı (Huşə 11:1). Hirod uşaqların qətlə yetirilməsi barədə fərman çıxarmamış mələk Yusiflə Məryəmə əmr etdi ki, İsanı götürüb Misirə qaçsınlar. «Yehovanın peyğəmbər [Huşə] vasitəsilə dediyi: “Oğlumu Misirdən çağırdım”, — sözləri yerinə yetsin deyə, Hirodun ölümünə qədər» onlar burada qaldılar (Mat. 2:13—15). Şübhə yoxdur ki, anadan olması və həyatının erkən illəri ilə əlaqədar söylənilən peyğəmbərliklərin yerinə yetməsinə İsa heç cür təsir göstərə bilməzdi.
Məsih öz fəaliyyətinə başlayır
11. Yehovanın Məsh olunmuşu üçün yol necə hazırlandı?
11 Allahın Məsh olunmuşu üçün yol hazırlanacaqdı. Malaki qabaqcadan söyləmişdi ki, bu işi «İlyas» peyğəmbər görəcək; o, insanların ürəyini Məsihin gəlişinə hazırlayacaqdı. (Malaki 4:5, 6 ayələrini oxu.) İsa özü təsdiqlədi ki, «İlyas» barədə deyilənlər Vəftizçi Yəhyanın üzərində yerinə yetdi (Mat. 11:12—14). Mark isə yazmışdı ki, Yəhya öz xidməti ilə Yeşayanın peyğəmbərliyini icra etdi (Yeşaya 40:3; Mark 1:1—4). İsa Yəhyanın onun üçün yol hazırlamasını düzüb-qoşmamışdı. Bu, Allahın iradəsi idi, çünki O, insanların Məsihi müəyyən etmələrini istəyirdi.
12. Yehovanın niyyətinə görə, Məsih hansı işi icra edəcəkdi?
12 Allahın niyyətinə əsasən, Məsih xüsusi tapşırığı yerinə yetirməli idi. İsa boya-başa çatdığı Nazaret şəhərində sinaqoqda Yeşayanın tumarından oxuyarkən növbəti sözləri özünə aid etdi: «Yehovanın ruhu üzərimdədir, çünki O, məni yoxsullara xoş xəbəri bəyan etmək üçün məsh etdi. O, məni əsirlərə azadlığı və korlara işığı təbliğ etmək, məzlumlara qurtuluş vermək, Yehovanın iltifat ilini təbliğ etmək üçün göndərdi». İsa əsil Məsih olduğu üçün əminliklə demişdi: «Eşitdiyiniz bu ayələr bu gün yerinə yetdi» (Luka 4:16—21).
13. Hansı peyğəmbərlikdə deyilir ki, İsa xidmətinə Qalileyada başlayacaq?
13 Qabaqcadan deyilmişdi ki, Məsih xidmətinə Qalileyada başlayacaq. Yeşaya «Zevulun [Zebulun] və Naftali [Niftalı] bölgələri,.. müxtəlif millətlər yaşayan Qalileya» haqda növbəti sözləri yazmışdı: «Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu» (Yeşaya 9:1, 2). İsa öz xidmətinə Qalileyada yerləşən Kapernahumdan başlamışdı. Burada bir çox Zebulun və Niftalı sakinlərinin ruhani nur saçan İsanın təlimlərinə qulaq asıb onlardan faydalanmaq imkanı vardı (Mat. 4:12—16). Qalileyada İsa dərin məna daşıyan Dağüstü təbliğini söylədi, həvarilərini seçdi, ilk möcüzəsini göstərdi və dirildikdən sonra təxminən 500 şagirdinə göründü (Mat. 5:1—7:27; 28:16—20; Mark 3:13, 14; Yəh. 2:8—11; 1 Kor. 15:6). İsa Zebulun və Niftalı bölgələrində təbliğ etməklə Yeşayanın peyğəmbərliyini yerinə yetirdi. Əlbəttə, sonra İsa Padşahlıq haqda xoş xəbəri İsrailin digər bölgələrində də bəyan edərək fəaliyyətini davam etdirmişdi.
Məsih haqda digər peyğəmbərliklər
14. Məzmur 78:2 ayəsi İsanın üzərində necə yerinə yetdi?
14 Məsih təlim verərkən məsəllərdən, yəni əyani nümunələrdən istifadə edəcəkdi. Məzmurçu Asəf oxuyurdu: «Ağzımı bu məsəllə açıb keçmişdəki müəmmaları bəyan edəcəyəm» (Məz. 78:2). Bu peyğəmbərliyin İsaya aid olduğu nədən bəllidir? Mattanın sözlərindən. Matta İsanın Padşahlığı xardal toxumuna və mayaya bənzətdiyi məsəlləri nəql etdikdən sonra əlavə etdi: «İsa onlarla danışanda həmişə məsəl çəkirdi. Beləcə, peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi: “Ağzımı məsəllərlə açacağam, bəşərin təməli qoyulandan bəri gizli saxlanılmış sirləri bəyan edəcəyəm”» (Mat. 13:31—35). Məsəllər və ya əyani nümunələr İsanın istifadə etdiyi ən təsirli təlim üsullarından biri idi.
15. Yeşaya 53:4 ayəsinin necə yerinə yetdiyini izah edin.
15 Məsih bizim xəstəliklərimizi çəkməli idi. Yeşaya peyğəmbər söyləmişdi: «Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü» (Yeşaya 53:4). Matta yazır ki, İsa Peterin qayınanasını və bir çox başqa adamları sağaldanda «Yeşaya peyğəmbər vasitəsilə deyilmiş sözlər yerinə yetdi: “O, bizim xəstəliklərimizi üzərinə götürdü və azar-bezarımızı apardı”» (Mat. 8:14—17). Müqəddəs Kitabda İsanın başqa adamlara şəfa verdiyi hadisələrdən də bəhs olunur.
16. Həvari Yəhya Yeşaya 53:1 ayəsindəki peyğəmbərliyin İsanın üzərində yerinə yetdiyini necə göstərdi?
16 Məsihin xeyirxah əməllərinə baxmayaraq, bir çox insanlar ona iman etməyəcəkdi. (Yeşaya 53:1 ayəsini oxu.) Həvari Yəhya bu peyğəmbərliyin necə yerinə yetdiyini izah etdi: «İsa onların gözü qabağında çoxlu möcüzə göstərsə də, onlar İsaya inanmırdılar. Beləliklə, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetdi: “Yehova, kim eşitdiyimizə inandı? Yehova qolunun gücünü kimə göstərdi?”» (Yəhya 12:37, 38). Hətta həvari Pavelin dövründə də Məsih İsa barədə xoş xəbərə iman gətirən insanların sayı az idi (Rom. 10:16, 17).
17. Yəhya Məzmur 69:4 ayəsinin yerinə yetdiyini necə göstərdi?
17 İnsanlar boş yerə Məsihə nifrət edəcəkdilər (Məz. 69:4). Yəhya İsanın növbəti sözlərini sitat gətirir: «[Xalqın] arasında misli görülməmiş işləri görməsəydim, günahsız olardılar. Ancaq mənim işlərimi gözləri ilə görə-görə mənə də, Atama da nifrət etdilər. Lakin beləcə, onların Qanununda yazılmış: “Mənə nahaqdan nifrət etdilər”, — sözləri yerinə yetdi» (Yəh. 15:24, 25). Bəzən «Qanun» deyildikdə bütün Müqəddəs Yazılar nəzərdə tutulur (Yəh. 10:34; 12:34). Müjdələrdə yazılan hadisələr təsdiqləyir ki, insanlar, xüsusilə də yəhudi din rəhbərləri İsaya nifrət edirdilər. Üstəlik, Məsih demişdi: «Dünya mənə nifrət edir, çünki mən onun işlərinin şər olduğuna şəhadət edirəm. Ancaq sizə nifrət etməsinə səbəb yoxdur» (Yəh. 7:7).
18. Növbəti məqalədə nə müzakirə olunacaq və bu, bizim əminliyimizi necə möhkəmləndirəcək?
18 İsanın birinci əsrdəki davamçıları onun Məsih olduğuna zərrə qədər də şübhə etmirdilər, çünki İbranicə Müqəddəs Yazılarda Məsih haqda deyilən peyğəmbərliklər onun üzərində yerinə yetmişdi (Mat. 16:16). Gördüyümüz kimi, həmin peyğəmbərliklərin bəziləri nazaretli İsanın həyatının erkən illəri və xidməti zamanı yerinə yetmişdi. Məsih barədə digər peyğəmbərliklər növbəti məqalədə araşdırılacaq. Şübhə yoxdur ki, onların üzərində dua edərək düşünməyimiz İsanın səmavi Atamız Yehova tərəfindən təyin olunan əsil Məsih olduğuna əminliyimizi möhkəmləndirəcək.
[Haşiyə]
a «Yetmiş dəfə yeddiillik dövr» haqda peyğəmbərlik ətraflı şəkildə «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 215—218-ci səhifələrində müzakirə olunur.
Necə cavab verərdiniz?
• İsanın anadan olması ilə əlaqədar hansı peyğəmbərliklər yerinə yetmişdi?
• Məsih üçün yol necə hazırlanmışdı?
• «Yeşaya» kitabının 53-cü fəslində yazılan hansı peyğəmbərliklər İsanın üzərində yerinə yetib?