Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/8 s. 7—11
  • Yer üzündə əbədi həyat — Məsihin bəhs etdiyi ümiddirmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yer üzündə əbədi həyat — Məsihin bəhs etdiyi ümiddirmi?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • ‘Hər şeyin yeniləşəcəyi’ zaman əbədi həyat
  • «Yəhyanın Müjdəsi»ndə əbədi həyat haqqında nə deyilir?
  • Heç bir izahata ehtiyacı olmayan ümid
  • Allahdan ilham almış məktublarda nə deyilir?
  • Bəşəriyyətin gələcəyi haqda
    Gözətçi qülləsi 2009
  • Yer üzündə əbədi həyat — Allahın verdiyi ümid
    Gözətçi qülləsi 2009
  • Qoy ümidimiz bizə sevinc versin
    Gözətçi qülləsi 2012
  • Allahın Padşahlığı haqda
    Gözətçi qülləsi 2008
Gözətçi qülləsi 2009
w09 15/8 s. 7—11

Yer üzündə əbədi həyat — Məsihin bəhs etdiyi ümiddirmi?

«Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq» (VƏHY 21:4).

1, 2. Birinci əsrdə yaşayan yəhudilərin yer üzündə əbədi həyatın olacağına inandıqları haradan məlumdur?

ZƏNGİN və tanınmış bir gənc qaça-qaça İsanın yanına gəlib qarşısında diz çökərək ondan soruşdu: «Yaxşı Müəllim, əbədi həyatı miras almaq üçün nə etməliyəm?» (Mark 10:17). Həmin gənci maraqlandıran əbədi həyat idi. Harada: göydə, yoxsa yerdə? Əvvəlki məqalədə müzakirə etdiyimiz kimi, qədimdə Allah yəhudilərə yer üzündə dirilmək və əbədi yaşamaq ümidi vermişdi. Birinci əsrdə yaşayan bir çox yəhudilər də bu ümidə malik idilər.

2 İsanın dostu Marta vəfat etmiş qardaşı haqqında: «Bilirəm ki, dirilmədə, son gündə diriləcəkdir»,— deyəndə, şübhəsiz ki, yer üzündə olacaq dirilməni nəzərdə tuturdu (Yəh. 11:24, İ–93). Düzdür, o dövrdə yaşayan sadukeylər dirilməyə inanmırdılar (Mark 12:18). Ancaq Corc Fut Mur öz kitabında yazır: «Bizim eradan əvvəl birinci və ikinci əsrə aid olan sənədlər təsdiq edir ki, insanlar ölən əcdadlarının bir gün həyata qayıdacaqlarına inanırdılar». İsaya yaxınlaşan varlı gənc yer üzündə əbədi həyata nail olmaq istəyirdi («Judaism in the First Centuries of the Christian Era»).

3. Bu məqalədə biz hansı suallara toxunacağıq?

3 Bu gün bir çox dinlər və Müqəddəs Kitab alimləri iddia edirlər ki, İsa yer üzündə əbədi həyatın olacağını öyrətməyib. Əksər insanlar axirətə inanırlar. Odur ki, Yunanca Müqəddəs Yazıları oxuyan insanların çoxu «əbədi həyat» ifadəsinə rast gələndə fikirləşir ki, bu söz altında həmişə göylər həyatı nəzərdə tutulur. Bu, həqiqətən də belədirmi? İsa əbədi həyat deməklə nəyi nəzərdə tuturdu? Onun şagirdləri nəyə inanırdılar? Bəs Yunanca Müqəddəs Yazılar yer üzündə əbədi həyatın olacağını öyrədirmi?

‘Hər şeyin yeniləşəcəyi’ zaman əbədi həyat

4. ‘Hər şeyin yeniləşəcəyi’ vaxt nə baş verəcək?

4 Müqəddəs Kitab öyrədir ki, məsh olunmuş məsihçilər göylərdən yeri idarə etmək üçün dirildiləcəklər (Luka 12:32; Vəhy 5:9, 10; 14:1-3). Lakin İsa əbədi həyat haqqında danışanda heç də həmişə bu qrupu nəzərdə tutmurdu. Varlı gənc hər şeyini satıb İsanın davamçısı olmaq dəvətini rədd edərək kədərli halda oranı tərk edəndə onun şagirdlərinə dediyi sözləri nəzərdən keçirək. (Matta 19:28, 29 ayələrini oxu.) İsa həvarilərinə padşahlıq edəcək kəslərin arasında olacaqlarını və «İsrailin on iki qəbiləsinə» — səmavi padşahlar sinfinə daxil olmayan bəşəriyyətə hökm edəcəklərini demişdi (1 Kor. 6:2). Bundan əlavə, İsa onun ardınca gedən «hər» bir kəsin alacağı mükafatdan söz açdı. O insanlar da «əbədi həyatı miras» alacaqlar. Bunların hamısı ‘hər şeyin yeniləşəcəyi’ dövrdə baş verəcək.

5. ‘Hər şeyin yenilənməsi’ ifadəsini necə izah edərdiniz?

5 ‘Hər şeyin yenilənməsi’ deyəndə İsa nəyi nəzərdə tuturdu? Bu ifadə bir Müqəddəs Kitab tərcüməsində «yeni dünya» kimi tərcümə edilib («The Bible—An American Translation»). İsa bu ifadəyə heç bir izahat vermədiyi üçün, demək olar ki, o, yəhudilərin əsrlər boyu inandığı ümidə işarə edirdi. Yer üzündə şərait yeniləşəcək və hər şey Adəmlə Həvvanın günah işlətməzdən öncə Eden bağında olduğu kimi olacaq. Yenilənmə dövründə Allahın «yeni göylər və yeni yer» haqda vədi həyata keçəcək (Yeşaya 65:17).

6. Qoyun və keçi məsəlindən əbədi həyat ümidi haqda nə öyrənirik?

6 İsa bu sistemin sonu haqqında danışarkən əbədi həyat mövzusuna yenidən toxundu (Mat. 24:1-3). O dedi: «İnsan Oğlu isə bütün müqəddəs mələklər ilə bərabər izzəti ilə gəldikdə, o zaman izzətli taxtına oturacaqdır. Bütün xalqlar Onun önündə toplaşacaqlar, O da çoban qoyunları keçilərdən ayırdığı kimi, onları bir-birindən ayıracaqdır». Mühakimə olunacaq kəslər «əbədilik məhv ediləcəklər, salehlər isə əbədi həyata qovuşacaqlar». Əbədi həyatı alan «salehlər» Məsihin ruhla məsh olunmuş ‘qardaşlarını’ sədaqətlə dəstəkləyən kəslərdir (Mat. 25:31-34, 40, 41, 45, 46, YD). Məsh olunmuş məsihçilər səmavi Padşahlıqda hökmranlıq etməyə seçildikləri üçün belə bir qənaətə gəlmək olar ki, «salehlər» həmin Padşahlığın yer üzündə yaşayacaq təbəələridir. Müqəddəs Kitab peyğəmbərlik edir: ‘[Yehovanın təyin etdiyi Padşah] dənizdən-dənizə qədər, Fəratdan yerin ucqarlarına qədər səltənət sürəcək’ (Məz. 72:8). Padşahlığın təbəələri yer üzündə əbədi yaşayacaq.

«Yəhyanın Müjdəsi»ndə əbədi həyat haqqında nə deyilir?

7, 8. İsa Nakdimonla söhbətində hansı iki müxtəlif ümiddən bəhs edirdi?

7 İsa «əbədi həyat» ifadəsini Mattanın, Markın və Lukanın yazdığı müjdələrdə yuxarıda qeyd olunan hallarda istifadə etmişdir. Yəhya isə öz müjdəsində İsanın sözlərindən sitat gətirərək bu ifadəni 17 dəfə işlədir. Gəlin onlardan bəzilərini araşdıraq və görək, İsa yer üzündə əbədi həyat ümidi barədə nə demişdi.

8 «Yəhyanın Müjdəsi»nə əsasən, İsa əbədi həyat barədə ilk dəfə Nakdimon adlı fəriseylə söhbət etmişdi. İsa ona dedi: «Bir kimsə sudan və Ruhdan doğulmasa, Allahın Səltənətinə girə bilməz». Səmavi Padşahlığa daxil olanlar ‘yenidən doğulmalıdırlar’ (Yəh. 3:3-5). Lakin bununla İsanın sözü bitmədi. İsa sözünə davam edərək bütün bəşəriyyətin qarşısında duran ümiddən danışdı. (Yəhya 3:16 ayəsini oxu.) İsa məsh olunmuş məsihçilərin göylərdə, digərlərinin isə yer üzündə əbədi yaşayacağını nəzərdə tuturdu.

9. Samariyalı qadınla söhbətində İsa hansı ümiddən bəhs etmişdi?

9 Yerusəlimdə Nakdimonla söhbətindən sonra İsa şimala, Qalileyaya doğru yollandı. Samariyanın Suxar şəhəri yaxınlığında Yaqubun quyusundan su çəkən qadına rast gəldi. İsa ona dedi: «Mənim verəcəyim sudan... kim içərsə, əsla susamaz, ona verəcəyim su onda əbədi həyata qovuşduran su mənbəyi olacaqdır» (Yəh. 4:5, 6, 14). Bu su, yer üzündə yaşayacaq kəslər də daxil olmaqla, əbədi həyatın bütün bəşəriyyət üçün bərpa edilməsi məqsədilə Allahın gördüyü tədbirləri təmsil edir. «Vəhy» kitabında Allahın bu sözlərini oxuyuruq: «Susayana həyat suyunun qaynağından müftə su verəcəyəm» (Vəhy 21:5, 6; 22:17). Beləliklə, İsa samariyalı qadınla söhbət edərkən yalnız Padşahlığın həmvarisləri olan məsh olunmuşların yox, həm də yerüzü ümidinə malik olan itaətkar bəşəriyyətin alacağı əbədi həyatdan bəhs etmişdi.

10. İsa Beythasda hovuzunun yanında bir kişini sağaltdıqdan sonra dini müxaliflərinə əbədi həyat haqqında nə dedi?

10 Növbəti il İsa yenə də Yerusəlimdə idi. Burada olarkən o, Beythasda hovuzunun yanında bir kişini sağaltdı. Onun bu hərəkətini tənqid atəşinə tutan yəhudilərə İsa izah etdi ki, «Oğul... Özündən bir şey edə bilməz, çünki Ata nə edərsə, Oğul da onu eyni şəkildə edər». İsa ‘Allahın bütün hökmü Oğula verdiyini’ söylədikdən sonra əlavə etdi: «Elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar. Yaxşılıq edənlər dirilib həyata qovuşacaqlar, pislik edənlər isə dirilib hökmə düçar olacaqlar» (Yəh. 5:1-9, 19, 22, 24-29). İsa bununla onu təqib edən yəhudilərə demək istəyirdi ki, yəhudilərin yer üzündə əbədi yaşamaq ümidinin gerçəkləşməsi üçün Allah tərəfindən təyin edilən yeganə şəxs odur və o, bunu dirilmə vasitəsilə həyata keçirəcək.

11. İsanın Yəhya 6:48-51 ayələrində yer üzündə olacaq əbədi həyatı nəzərdə tutduğunu haradan bilirik?

11 Qalileyada minlərlə insan İsanın möcüzəli şəkildə çörək təqdim etdiyinə görə onun ardınca getməyə başladı. İsa onlara fərqli çörəkdən — ‘həyat bəxş edən çörəkdən’ bəhs etdi. (Yəhya 6:40, 48-51 ayələrini oxu.) O dedi: ‘Verəcəyim çörək Öz ətimdir’. İsa öz həyatını yalnız səmavi Padşahlıqda onunla birgə hökmranlıq edəcək kəslərin yox, həm də «dünyanın həyatı üçün», yəni fidyəyə ehtiyacı olan insanların uğrunda qurban verdi. «Əgər bir adam bu çörəkdən yeyərsə», başqa sözlə, İsanın fidyə qurbanlığının günahları yumağa qadir olduğuna iman edərsə, əbədi yaşayacağına ümid edə bilər. Yəhudilər əsrlər boyunca Məsihin rəhbərliyi altında yer üzündə əbədi yaşamağa ümid bəsləmişlər, İsa da ‘əbədi yaşamaq’ barədə danışanda məhz bunu nəzərdə tuturdu.

12. İsa düşmənlərinə: ‘Qoyunlarıma əbədi həyat verirəm’,— deyərkən hansı ümidi nəzərdə tuturdu?

12 Sonralar, Yerusəlimdə keçirilən Təqdis bayramı zamanı İsa düşmənlərinə demişdi: «Siz iman etmirsiniz; çünki qoyunlarımdan deyilsiniz. Qoyunlarım səsimə qulaq asırlar, Mən də onları tanıyıram, və ardımca gəlirlər; mən onlara əbədi həyat verirəm» (Yəh. 10:26-28). İsa təkcə göylərdəki həyatdan, yoxsa yerüzü Cənnətdən də bəhs edirdi? Bundan bir qədər əvvəl İsa şagirdlərini bu sözlərlə ruhlandırmışdı: «Qorxma, ey kiçik sürü! Çünki Atanız sizə Səltənəti verməyi iltifat etdi» (Luka 12:32). Amma elə həmin Təqdis bayramında İsa dedi: «Bu ağıldan olmayan başqa qoyunlarım vardır ki, onları da gətirməliyəm» (Yəh. 10:16). Beləliklə, İsa düşmənləri ilə söhbətində ‘kiçik sürü’ üçün göylər ümidini, milyonlarla ‘başqa qoyunlar’ üçün isə yer üzündə əbədi yaşamaq ümidini nəzərdə tuturdu.

Heç bir izahata ehtiyacı olmayan ümid

13. «Mənimlə Cənnətdə olacaqsan»,— deyəndə İsa nəyi nəzərdə tuturdu?

13 İşgəncə dirəyində son nəfəsini verərkən İsa bəşəriyyət üçün olan ümidə dair danılmaz bir sübut gətirdi. Onunla birgə edam olunan cinayətkar ona dedi: «Ya Rəbb! Öz Səltənətinlə gəldiyin zaman məni yada sal!» İsa ona söz verdi: «Bunu bil: mənimlə Cənnətdə olacaqsan!» (Luka 23:42, 43, YD). Bu insan əslən yəhudi olduğundan ona Cənnətin nə olduğunu izah etməyə heç bir ehtiyac yox idi. O, yer üzündə əbədi həyat olacağından xəbərdar idi.

14. a) Nədən görünür ki, həvarilər göylər ümidini başa düşməkdə çətinlik çəkirdilər? b) İsanın davamçıları göylər ümidini nə vaxt aydın başa düşdülər?

14 Lakin İsanın göylər ümidi haqda dedikləri izahat tələb edirdi. İsa şagirdlərinə yer hazırlamaq üçün göyə qalxacağını deyəndə onlar bu sözləri anlamadılar. (Yəhya 14:2-5 ayələrini oxu.) Sonra isə onlara dedi: «Sizə söyləyəcək daha çox sözlərim var; amma indi bunlar sizdə sığmaz. O, yəni həqiqət Ruhu gəldikdə, sizə hər həqiqətə yol göstərəcək» (Yəh. 16:12, 13). Yalnız b. e. 33-cü ilinin Pentikost günündə İsanın davamçıları gələcəkdə padşahlar olmaq üçün Allahın müqəddəs ruhu ilə məsh olunanda anladılar ki, taxtları göylərdə olacaq (1 Kor. 15:49; Kolos. 1:5; 1 Pet. 1:3, 4). Yenilik olan bu səmavi miras ümidi Yunanca Müqəddəs Yazılara daxil olan məktubların əsas mövzusu oldu. Bəs bu məktublar bəşəriyyət üçün yer üzündə əbədi həyat ümidini təsdiqlədimi?

Allahdan ilham almış məktublarda nə deyilir?

15, 16. «İbranilərə məktub» və Peterin sözləri yer üzündə əbədi həyatın olacağını necə təsdiqləyir?

15 «İbranilərə məktub»unda həvari Pavel həmimanlılarını «müqəddəs qardaşlar, səmavi dəvətə ortaq olanlar» adlandırdı. Lakin o həmçinin Allahın «gələcək dünyanı» İsaya tabe etdirdiyini qeyd etdi (İbr. 2:3, 5; 3:1). Yunanca Müqəddəs Yazıların orijinal mətnində ‘dünya’ sözü altında həmişə məskunlaşmış yer üzü nəzərdə tutulur. Buna görə də ‘gələcək dünya’ İsa Məsihin hökmranlığı altında yer üzündə olacaq gələcək sistemdir. O zaman İsa Allahın bu vədini həyata keçirəcək: «Salehlər ölkəni [«yeri», KM] mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məz. 37:29).

16 Həvari Peter də Allahdan ilham alaraq bəşəriyyətin gələcəyi haqqında yazmışdı. Biz oxuyuruq: «İndiki göylər və yer isə oda verilmək üçün... saxlanıb, allahsız adamların məhkəmə və həlak gününə qədər hifz olunurlar» (2 Pet. 3:7). Burada göylə təmsil olunan hakimiyyətləri və pis insan cəmiyyətini nə əvəz edəcək? (2 Peter 3:13 ayəsini oxu.) Onları «yeni göylər» — Allahın Padşahlığı və «yeni yer» — Allahın həqiqi xidmətçilərindən ibarət saleh insan cəmiyyəti əvəz edəcək.

17. Vəhy 21:1-4 ayələrində bəşəriyyət üçün olan ümid necə təsvir edilir?

17 Müqəddəs Yazıların sonuncu kitabı kamilliyə qovuşmuş bəşəriyyət haqqında əsrarəngiz görüntü ilə ürəklərimizi riqqətə gətirir. (Vəhy 21:1-4 ayələrini oxu.) Eden bağında insanlar kamilliyi itirsələr də, Allaha və Onun vədlərinə iman gətirənlər həmişə bu ümidlə yaşamışlar. Saleh insanlar yerüzü Cənnətdə əbədi yaşayacaq və heç vaxt qocalıq görməyəcəklər. Bu ümid bütünlüklə həm İbranicə, həm də Yunanca Müqəddəs Yazılara əsaslanır və bu günədək Yehovanın sadiq xidmətçilərini möhkəmləndirir (Vəhy 22:1, 2).

İzah edə bilərsinizmi?

• İsa ‘hər şeyin yenilənməsi’ deyərkən nəyi nəzərdə tuturdu?

• İsa Nakdimonla nə haqda söhbət edirdi?

• Onunla birgə edam olunan cinayətkara İsa nə vəd etdi?

• «İbranilərə məktub» və Peterin sözləri yer üzündə əbədi həyatın olacağını necə təsdiqləyir?

[8-ci səhifədəki şəkil]

Həlimlər yer üzündə əbədi yaşayacaqlar

[10-cu səhifədəki şəkil]

İsa başqalarına əbədi həyat haqqında danışırdı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş