«Ruhani tələbatlarını dərk edənlər xoşbəxtdirlər»
QUŞLAR səhər tezdən oyandıqdan sonra bir az cikkildəşir və yem dalınca uçurlar. Axşam yuvalarına qayıdanda yenə də bir az cikkildəşir və yuxuya gedirlər. İlin müəyyən vaxtında onlar öz taylarını tapır, yumurtlayır və bala çıxarırlar. Demək olar ki, başqa heyvanlar da bu cür ömür sürürlər.
Ancaq biz insanlarda hər şey tamam başqa cürdür. Bəli, biz yeyir-içir, yatır və dünyaya uşaq gətiririk, lakin əksəriyyətimiz bununla kifayətlənmirik. Biz nə üçün mövcud olduğumuzu bilmək istəyirik. Həyatımızın mə’nasının nədən ibarət olduğunu dərk etməyə çalışırıq. Həmçinin gələcəyə ümidimizin olmasını istəyirik. Bu yüksək arzular biz insanlarda ruhani şeylərə tələbatın olduğuna işarə edir.
Allahın surətində yaradılmışıq
Müqəddəs Kitab insanlarda ruhani tələbatların nə üçün olduğunu belə izah edir: «Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı» (Yaradılış 1:27). «Allahın surətində» yaradılmağımız o deməkdir ki, günahlı və qeyri-kamil olmağımıza baxmayaraq, biz Allahın xüsusiyyətlərini əks etdirməyi bacarırıq (Romalılara 5:12). Məsələn, biz yaradıcılıq qabiliyyətinə malikik. Həmçinin müdriklik, ədalətlilik və bir-birimizə qarşı fədakar məhəbbət təzahür etdirə bilirik. Bundan əlavə, keçmişin üzərində düşünməyi və gələcəyə dair planlar qurmağı da bacarırıq (Süleymanın məsəlləri 4:7; Vaiz 3:1, 11; Mikeya 6:8; Yəhya 13:34; 1 Yəhya 4:8).
Anadan olandan Allaha ibadət etmək arzusuna malik olmağımız aydın surətdə göstərir ki, biz ruhani tələbatlarımızı ödəyə bilərik. Əgər biz Yaradan haqqında öyrənməsək və Onunla yaxşı münasibətlər inkişaf etdirməsək, həqiqi və davamlı xoşbəxtliyə nail ola bilmərik. İsa demişdir: «Ruhani tələbatlarını dərk edənlər xoşbəxtdirlər» (Matta 5:3, YD). Yadda saxlamaq vacibdir ki, ruhani tələbatlarımızı yalnız ruhani həqiqət — Allah haqqındakı, Onun normaları və bəşəriyyətə dair niyyətləri haqqındakı bilik tə’min edə bilər. Bu həqiqəti haradan tapmaq olar? Müqəddəs Kitabdan.
«Sənin sözün həqiqətdir»
Həvari Pavel yazmışdır: «Hər Müqəddəs Yazı Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır» (2 Timoteyə 3:16). Pavelin sözləri İsanın Allaha etdiyi duasındakı sözlərlə həmahəngdir: «Sənin sözün həqiqətdir». Bu gün bu Söz bizə Müqəddəs Kitab kimi tanışdır. Əqidə və prinsiplərimizi Müqəddəs Kitabın əsasında yoxlamaq müdrik davranış olardı (Yəhya 17:17).
Əqidəmizi Allahın Kəlamı ilə müqayisə etməklə qədim Veriya şəhərinin sakinlərini təqlid etmiş oluruq: onlar Pavelin tə’limlərinin düzgün olub-olmadığını Müqəddəs Kitabla müqayisə edirdilər. Onların bu hərəkəti Pavelin və onun yoldaşlarının narazılığına səbəb olmadı, əksinə, tə’rifə layiq görüldü. Müqəddəs Kitab yazıçısı Luka onlar haqqında yazmışdır: «“Bu tə’limlər doğrudurmu?” — deyərək hər gün Müqəddəs Yazıları araşdıraraq Allah kəlamını böyük şövqlə qəbul etdilər» (Həvarilərin işləri 17:11). Bu gün dinə və əxlaqa dair bir-birinə zidd gedən saysız-hesabsız nöqteyi-nəzərlər mövcud olduğu üçün, düşüncəli veriyalıların nümunəsini təqlid etməyimiz vacibdir.
Dini tə’limin həqiqət olub-olmadığını yoxlamağın digər üsulu — onun insanların həyatına necə tə’sir göstərdiyini müşahidə etməkdir (Matta 7:17). Məsələn, Müqəddəs Kitab həqiqətinin insanın daha yaxşı ata, ər, arvad və ya ana olmasına, həmçinin bundan məmnunluq əldə etməsinə və ailənin xoşbəxt olmasına kömək etdiyi aydın görünməlidir. İsa demişdir: «Allahın sözünü dinləyib ona əməl edənlər bəxtiyardır» (Luka 11:28).
İsanın sözləri bizə Allahın qədim israillilərə dediklərini xatırladır: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, getdiyin lazım olan yolla səni aparıram. Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı, salehliyin dəniz dalğaları kimi olardı» (Yeşaya 48:17, 18). Qoy bu səmimi sözlər yaxşılığı və salehliyi sevən hər bir insanın ürəyinə yol açsın!
Bə’ziləri «qulaqlarına xoş gələn» sözləri dinləməyi üstün tuturlar
Allahın bu səmimi sözlərlə israillilərə müraciət etməsinin səbəbi onların dini yalanların tə’siri altına düşmələri idi (Məzmur 106:35-40). Özümüzü yalandan biz də gözləməliyik. Özlərini Məsihin davamçıları adlandıran adamlar haqda Pavel yazmışdır: «Vaxt olacaqdır ki, səhih tə’limə təhəmmül etməyəcəklər; lakin səsləri qulaqlarına xoş gələn və arzularına uyğun olan müəllimləri ətraflarına toplayacaqlar. Və öz qulaqlarını həqiqətdən» uzaqlaşdıracaqlar (2 Timoteyə 4:3, 4).
Din rəhbərləri günahlı bədənin nikahdan kənar cinsi əlaqə, homoseksualizm və içki düşkünlüyü kimi ehtiraslarına göz yumaraq insanların qulaqlarına xoş gələn sözlər söyləyirlər. Müqəddəs Kitab isə aydın göstərir ki, bu cür əməlləri bəyənən və onlarla məşğul olan adamlar «Allahın Səltənətini [Padşahlığını] miras almayacaqlar» (1 Korinflilərə 6:9, 10; Romalılara 1:24-32).
Düzgün həyat tərzinin istehzalara səbəb olduğunu nəzərə alsaq, Müqəddəs Kitab normalarına uyğun yaşamaq, əlbəttə, cəsarət tələb edir. Lakin bu mümkündür. Yehovanın Şahidləri arasında elə insanlar var ki, əvvəllər oğru, quldur, yalançı, içki düşkünü olmuş, narkotik qəbul etmiş və əxlaqsız həyat tərzi sürmüşlər. Lakin onlar Allahın Kəlamını ürəkdən qəbul etmiş və ‘Rəbbə layiq şəkildə hərəkət etmək’ üçün müqəddəs ruhun köməyi sayəsində həyatlarını dəyişmişlər (Koloslulara 1:9, 10; 1 Korinflilərə 6:11). Allahla sülh münasibəti quraraq onlar daxili sülhə nail olmuş və gələcəyə dair möhkəm ümid əldə etmişlər. Biz indi bu ümid haqqında danışacağıq.
Padşahlığa olan ümid
Müqəddəs Kitabın itaətkar insanlara verdiyi möhkəm sülh ümidi Allahın Padşahlığı vasitəsilə həyata keçəcək. İsa nümunəvi duasında: «Səltənətin [Padşahlığın] gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun» deyə öyrədirdi (Matta 6:10). Yalnız Allahın Padşahlığı elə edə bilər ki, yer üzündə Allahın iradəsi yerinə yetsin. Nəyə görə? Ona görə ki, İsa Məsihin rəhbərliyi altındakı bu Padşahlıq Allahın yer üzündə Öz qanuni hökmranlığını həyata keçirmək üçün olan vasitədir (Məzmur 2:7-12; Daniel 7:13, 14).
İsa Məsih, bu səmavi Padşahlığın Padşahı kimi fəaliyyət göstərərək, itaətkar insanları Adəmin günahından və ondan miras alınmış xəstəlik və ölüm zəncirini qıracaq. Vəhy 21:3, 4 ayələrində deyilir: «Budur, Allahın məskəni insanlarla bərabərdir... [Yehova] Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi».
Bütün yer üzündə davamlı sülh bərqərar olacaq. Nəyə görə biz buna əmin ola bilərik? Cavabı Yeşaya 11:9 ayəsində tapırıq: «Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək, [Padşahlığın vətəndaşlarından] heç bir kəs o birisini məhv etməyəcək, həqiqətən, sular dənizi necə doldurursa, dünya da Rəbbin biliyi ilə elə dolacaq». Deməli, yer üzündə yaşayan hər bir insan Allah haqqında dəqiq biliyə malik olacaq və Ona itaət edəcəkdir. Belə bir gələcək xoşunuza gəlirmi? Əgər gəlirsə, onda artıq indidən Yehova haqqında bilik əldə etmək lazımdır.
Padşahlıq haqqındakı xəbərə qulaq asacaqsınızmı?
Allah Öz Padşahlığının vasitəsilə Şeytanın bəşəriyyətə çəkdirdiyi bütün iztirablara son qoyacaq və insanlara saleh yollarını öyrədəcək. Buna görə də təəccüblü deyil ki, İsa başlıca olaraq məhz Padşahlıq haqqında öyrədirdi. O demişdir: «Allah Səltənətinin [Padşahlığının] müjdəsini digər şəhərlərə də yaymalıyam; çünki Mən bunun üçün göndərilmişəm» (Luka 4:43). Məsih öz şagirdlərinə tapşırmışdı ki, həmin xəbəri başqa insanlara çatdırsınlar (Matta 28:19, 20). O, qabaqcadan xəbər vermişdi ki, «səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır, və son o zaman gələcəkdir» (Matta 24:14). Son sür’ətlə yaxınlaşır. Buna görə də, səmimi insanların bu xoş xəbərə hay vermələri necə də vacibdir!
Əvvəlki məqalədə haqqında danışılan Albert Padşahlıq haqqındakı xoş xəbəri, həyat yoldaşı və oğlu Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladıqları zaman eşitmişdir. Albert əvvəlcə onların məşğuliyyətinə şübhə ilə yanaşırdı. O, hətta yerli keşişdən xahiş etmişdi ki, Şahidləri ifşa etmək üçün həyat yoldaşına və oğluna baş çəksin. Amma keşiş bu işə qarışmaq istəməmişdi. Buna görə də Albert Şahidlərin tə’limlərində səhvlər tapmaq üçün onların Müqəddəs Kitab müzakirələrində iştirak etmək qərarına gəldi. Yalnız bir məşğələdən sonra Albert daha çox bilik əldə etmək arzusu ilə öyrənməyə qoşuldu. Daha sonra münasibətinin nə üçün dəyişdiyini belə izah etdi: «Mən elə həmişə bunu axtarmışam».
Axır ki, Albertin ruhani tələbatları tə’min edilməyə başlanmışdı və o, buna heç vaxt təəssüflənmirdi. Belə ki, Müqəddəs Kitabı öyrənməsi sayəsində ömrü boyu onu narahat edən suallara cavab tapdı: ədalətsizliyə və müasir cəmiyyətdə hökm sürən əxlaqsızlığa necə son qoyulacağını öyrəndi və gələcəyə ümid əldə etdi. Müqəddəs Kitab həqiqəti ona ürək rahatlığı gətirdi. Bəs sizin ruhani tələbatlarınız ödənilirmi? Bunu yoxlamaq üçün 6-cı səhifədəki çərçivədə gətirilən sualları nəzərdən keçirin. Əgər əlavə mə’lumat əldə etmək istəyirsinizsə, Yehovanın Şahidlərinə müraciət edin. Onlar sizə kömək etməyə şad olacaqlar.
[6-cı səhifədəki çərçivə/şəkillər]
Ruhani tələbatlarınız tə’min olunurmu?
Qəbul etdiyiniz ruhani qida ruhani tələbatlarınızı tə’min edirmi? Biz sizə növbəti sualları oxumağı və düzgün cavab verə bildiyiniz sualların qarşısında işarə qoymağı təklif edirik.
□ Allah kimdir və Onun adı nədir?
□ İsa Məsih kimdir? O, nə üçün ölməli idi? Onun ölümü bizə hansı faydanı gətirir?
□ İblis mövcuddurmu? Əgər mövcuddursa, o haradan peyda olmuşdur?
□ İnsan öləndə nə baş verir?
□ Allahın yer və insanlar üçün niyyəti nədən ibarətdir?
□ Allahın Padşahlığı nədir?
□ Allahın əxlaq normaları nədən ibarətdir?
□ Allah ər və arvada ailədə hansı rolu vermişdir? Müqəddəs Kitabın hansı prinsipləri ailəyə xoşbəxtlik gətirir?
Əgər bu suallardan hansınasa düzgün cavab verdiyinizə əmin deyilsinizsə, «Allah bizdən nə tələb edir?» broşürasını sifariş edə bilərsiniz. Yehovanın Şahidləri tərəfindən təqribən 300 dildə dərc olunan bu broşürada Müqəddəs Kitabın 16 əsas tə’limi müzakirə edilir və yuxarıda gətirilən sualların hamısına Müqəddəs Kitabdan cavab verilir.
[4-cü səhifədəki şəkillər]
Heyvanlardan fərqli olaraq insanların ruhani tələbatları var.
[5-ci səhifədəki şəkil]
«Səsləri qulaqlarına xoş gələn müəllimləri ətraflarına toplayacaqlar» (2 Timoteyə 4:3).
[7-ci səhifədəki şəkil]
Möhkəm sülhü Allahın Xilaskar Padşahlığı bərqərar edəcək.