Fəsil 18
Vəftizçi Yəhya «kiçilir», İsa Məsih «böyüyür»
ERAMIZIN 30-cu ilinin Pasxa bayramı başa çatır, İsa Məsih və şagirdləri Yerusəlimdən çıxırlar. Onlar doğma Qalileyaya qayıtmır, birbaşa Yəhudeya bölgəsinə yollanırlar. Orada onlar vəftiz işi ilə məşğul olurlar. Vəftizçi Yəhya da artıq bir ildir ki, vəftiz edir və onun yanında hələ də şagirdləri var.
İsa Məsih şəxsən özü vəftiz etmir, bu işi onun rəhbərliyi altında şagirdləri görürlər. O vaxt onların etdiyi vəftiz məna baxımından Yəhyanın vəftizi ilə eyni idi. Bu vəftiz vasitəsilə yəhudilər Allahın Qanun əhdinə qarşı törətdikləri günahlardan tövbə etdiklərini göstərirlər. Lakin İsa diriləndən sonra şagirdlərinə mahiyyətcə fərqlənən vəftiz işi tapşıracaqdı və həmin vəftiz bu gün də mövcuddur. Bu vəftiz insanın özünü Yehova Allaha xidmətə həsr etdiyini bildirir.
İndi isə İsa Məsihin xidmətinin birinci ilidir. O və Yəhya ayrı-ayrılıqda təlim verir və tövbə edənləri vəftiz edirlər. Yəhyanın şagirdləri İsaya həsəd aparır və Yəhyaya şikayət edirlər: «Müəllim,.. bax, o vəftiz edir və hamı onun yanına gedir».
Yəhya isə paxıllıq etmir, əksinə, İsanın uğuruna ürəkdən fərəhlənir və istəyir ki, şagirdləri də buna sevinsinlər. O, öz şagirdlərinə xatırladır: «“Mən Məsih deyiləm, sadəcə onun qabağınca göndərilmişəm”, — dediyimə siz özünüz şahidsiniz». Sonra bir məsəl çəkir: «Gəlin kimə məxsusdursa, bəy də odur. Amma bəyin dostu bəyin yanında duranda və onun səsini eşidəndə ürəkdən sevinir. Mən də beləcə ürəkdolusu sevinirəm».
«Bəyin dostu» olan Yəhya yarım il bundan qabaq şagirdlərini İsa Məsihə sevinə-sevinə təqdim etmişdi. Bu şagirdlərdən bəziləri gələcəkdə Məsihin səmavi gəlininin, yəni müqəddəs ruhla məsh edilmiş məsihçilərdən ibarət sinfin üzvü oldular. Vəftizçi Yəhya Məsihin uğurlu xidməti üçün yol hazırlamaq məqsədilə gəlib. Bu səbəbdən o istəyir ki, yanında qalmış şagirdləri də İsanın ardınca getsinlər. Yəhya bu məsələni belə aydınlaşdırır: «O böyüməli, mən isə kiçilməliyəm».
Maraqlıdır ki, əvvəllər Vəftizçi Yəhyanın şagirdi olmuş, sonradan İsa Məsihin davamçısı olan Yəhya İsanın mənşəyi və bəşəriyyətin qurtuluşundakı rolu haqqında yazır: «Göydən gələn hamıdan böyükdür... Ata Oğulu sevir və hər şeyi ona əmanət edib. Oğula iman edən əbədi həyata qovuşacaq. Oğula itaət etməyənsə həyata qovuşmayacaq, o, Allahın qəzəbinə düçar olacaq».
Vəftizçi Yəhya öz xidmətinin kiçiləcəyini xəbər verəndən bir az sonra padşah Hirod onu həbs edir. Hirod öz qardaşı Filipin arvadı Hirodiadaya evlənmişdi. Vəftizçi Yəhya bu biabırçı işi açıq-aşkar tənqid etdiyi üçün Hirod onu həbsxanaya saldırır. İsa Məsih bu xəbəri eşidəndə şagirdləri ilə birgə Yəhudeyanı tərk edib Qalileyaya yollanır. Yəhya 3:22—4:3; Həvarilərin işləri 19:4; Matta 28:19; 2 Korinflilərə 11:2; Mark 1:14; 6:17—20.
▪ İsanın dirilməsindən əvvəl edilən vəftiz hansı mənanı daşıyırdı? Diriləndən sonrakı vəftiz hansı mənanı daşıyır?
▪ Yəhya öz şagirdlərinə nahaq yerə şikayət etdiklərini necə göstərir?
▪ Yəhya nəyin üstündə həbsxanaya salınır?