Başqalarını hörmətdə qabaqlayırsanmı?
«Bir-birinizi hörmətdə qabaqlayın» (ROM. 12:10).
1. Dünyanın bir çox yerlərində artıq nəyə yer qalmayıb?
DÜNYANIN bəzi yerlərində bir adət olaraq uşaqlar hörmət əlaməti kimi böyüklərin məclisində dizi üstə dururlar. Onlar bunu böyüklərdən hündür görünməmək üçün edirlər. Belə cəmiyyətlərdə uşaqların böyüklərə arxa çevirmələri də hörmətsizlik kimi qarşılanır. Hörmət müxtəlif ölkələrdə müxtəlif tərzdə təzahür etdirilsə də, bu cür hörmət bizə Musanın Qanununu xatırladır. Orada deyilir: «Yaşlıların qarşısında [hörmət əlaməti olaraq] ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun» (Lev. 19:32). Əfsuslar olsun ki, ümumilikdə götürsək, bir çox yerlərdə başqalarına hörmət qalmayıb. Etiraf etmək lazımdır ki, hörmətsizlik baş alıb gedir.
2. Allahın Kəlamına əsasən, biz kimlərə hörmət etməliyik?
2 Allahın Kəlamı başqalarına hörməti yüksək qiymətləndirir. Orada deyilir ki, biz Yehovaya və İsaya hörmət etməliyik (Yəh. 5:23). Bizə eləcə də ailə üzvlərimizə və həmimanlılarımıza, həmçinin məsihçi olmayanlara hörmət göstərmək əmr edilir (Rom. 12:10; Efes. 6:1, 2; 1 Pet. 2:17). Yehovaya hörmət etdiyimizi göstərməyimizin bəzi üsulları hansılardır? Məsihçi bacı-qardaşlarımıza dərin hörmət bəslədiyimizi necə göstərə bilərik? Gəlin bu və digər sualları araşdıraq.
Yehovaya və Onun adına hörmət et
3. Yehovaya hörmət etməyin vacib üsullarından biri hansıdır?
3 Yehova hörmət göstərməyin vacib üsullarından biri Onun adına lazımi hörməti bəsləməkdir. Hər şeydən öncə, biz ‘Onun adı naminə təşkil edilmiş xalqıq’ (Həv. iş. 15:14). Külli-İxtiyar Allah olan Yehovanın adını daşımaq doğrudan da şərəfdir. Mikeya peyğəmbər demişdi: «Bütün xalqlar, öz allahlarının yolu ilə getsələr belə, biz isə daim və əbədi Allahımız Rəbbin [Yehovanın] adı ilə gedirik» (Mik. 4:5). Daşıdığımız ada gündəlik həyatımızda şərəf gətirməyə səy göstərməklə ‘Allahımız Yehovanın adı ilə gedirik’. Pavelin Romadakı məsihçilərə xatırlatdığı kimi, əgər təbliğ etdiyimiz xoş xəbərə müvafiq yaşamırıqsa, onda Allahın adına «küfr edilir», yəni hörmətdən salınır (Rom. 2:21-24).
4. Yehova haqda şahidlik etmək şərəfinə necə yanaşırsan?
4 Biz şəhadətlik etməklə də Yehovaya hörmət göstəririk. Keçmişdə Yehova İsrail xalqını Onun şahidi olmağa dəvət etmişdi, amma onlar bu vəzifənin öhdəsindən gəlmədilər (Yeşaya 43:1-12). Onlar dönə-dönə Yehovaya qarşı üsyan etdilər və «İsrailin Müqəddəsinin xatirinə dəydilər» (Məz. 78:40, 41). Axırda xalq tamamilə Yehovanın lütfündən məhrum oldu. Amma biz Yehova haqda şahidlik etmək və Onun adını bəyan etmək şərəfinə görə Ona çox minnətdarıq. Biz bunu Allahı sevdiyimiz və adının təqdis olunmasını istədiyimiz üçün edirik. Məgər Səmavi Atamız və Onun niyyətləri haqda həqiqəti bildikdən sonra susa bilərikmi? Biz həvari Pavelin növbəti sözləri ilə tam şərikik: «Bu, mənim zəruri vəzifəmdir və əgər təbliğ etmirəmsə, vay halıma!» (1 Kor. 9:16).
5. Yehovaya iman etmək Ona hörmət etməklə necə bağlıdır?
5 Məzmurçu Davud demişdi: «İsmini tanıyanlar Sənə güvənir, çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!» (Məz. 9:10). Əgər Yehovanı doğrudan da tanıyırıqsa və Onun adının mənasına hörmət bəsləyiriksə, keçmişdəki sadiq xidmətçiləri kimi Ona güvənəcəyik. Yehovaya güvənmək və iman etmək Ona hörmət etdiyimizi göstərməyin digər üsuludur. Yehovaya güvənmək ilə Ona hörmət etmək arasındakı bağlılığı Allahın Kəlamının necə göstərdiyinə diqqət yetir. Qədim İsrail xalqı Yehovaya güvənməyəndə gör Yehova Musadan nə soruşmuşdu: «Nə vaxtadək bu xalq Mənə hörmətsizlik edəcək? Aralarında etdiyim əlamətləri görə-görə nə vaxta qədər Mənə iman gətirməyəcəklər?» (Say. 14:11). Aydın olur ki, iman etməmək də hörmətsizlikdir. Hətta sınaqlar zamanı belə Yehovanın bizi müdafiə etdiyinə və qeydimizə qaldığına iman ediriksə, Ona hörmət bəslədiyimizi göstərmiş oluruq.
6. Yehovaya dərin hörmət etməyə bizi nə təşviq edir?
6 İsa göstərdi ki, Yehovaya hörmət insanın ürəyindən gəlməlidir. O, səmimi-qəlbdən ibadət etməyən insanlarla danışarkən Yehovanın sözlərini sitat gətirdi: «Bu xalq dodaqları ilə Mənə hörmət edir, onların ürəyi isə Məndən uzaqdır» (Mat. 15:8). Yehovaya qarşı səmimi hörmət Ona olan həqiqi məhəbbətdən irəli gəlir (1 Yəh. 5:3). Biz Yehovanın «Mənə hörmət edənləri hörmətə çatdıracağam» vədini də yadda saxlayırıq (1 Şam. 2:30).
Yığıncağın nəzarətçiləri başqalarına hörmət edir
7. a) Nəyə görə yığıncaqdakı məsul qardaşlar nəzarət etdikləri insanlara hörmət göstərməlidirlər? b) Pavel həmimanlılarına hörmət etdiyini necə göstərirdi?
7 Həvari Pavel həmimanlılarını təşviq edirdi: «Bir-birinizi hörmətdə qabaqlayın» (Rom. 12:10). Yığıncaqdakı məsul qardaşlar nəzarət etdikləri insanları hörmətdə ‘qabaqlamaqda’ nümunə verməlidirlər. Bu qardaşlar Pavelin nümunəsini təqlid etməlidirlər. (1 Salonikililərə 2:7, 8 ayələrini oxu.) Pavelin baş çəkdiyi yığıncaqlardakı qardaşlar bilirdilər ki, onun özü etmək istəmədiyi işi heç vaxt onlara etdirməzdi. Pavel həmimanlılarına hörmət edirdi və əvəzində onların hörmətini qazanmışdı. O demişdi: «Buna görə yalvarıram sizə: məni təqlid edin». Biz əmin ola bilərik ki, yaxşı nümunə verdiyi üçün bir çoxları onu həvəslə təqlid etmişdi (1 Kor. 4:16, İ–93).
8. a) İsanın öz şagirdlərinə hörmət göstərməsinin vacib üsullarından biri hansı idi? b) Bu gün nəzarətçilər İsanı necə təqlid edə bilərlər?
8 Məsul qardaşların nəzarətləri altında olanlara hörmət göstərmələrinin digər üsulu onlardan müəyyən şeyi xahiş edərkən və ya göstəriş verərkən bunun səbəbini izah etmələridir. Bununla onlar İsanı təqlid edirlər. Misal üçün, İsa şagirdlərinə məhsul yığımına daha çox işçilər göndərmək üçün dua etməyi deyəndə bunun səbəbini izah etdi: «Məhsul çox, işçilər isə azdır. Beləliklə, məhsulun Sahibi olan Rəbbə yalvarın ki, Öz məhsulunu yığmağa işçilər göndərsin» (Mat. 9:37, 38). Eynilə, şagirdlərinə ‘oyaq durmağı’ deyərkən bunun səbəbini izah edib dedi: «Çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz» (Mat. 24:42). Çox vaxt İsa şagirdlərinə təkcə nə edəcəklərini yox, həmçinin bunu nə üçün etməli olduqlarını da deyirdi. Belə etməklə onlara öz hörmətini göstərirdi. Məsihçi nəzarətçilər üçün bu necə də gözəl nümunədir!
Yehovanın yığıncağına və oradakı rəhbərliyə hörmət göstər
9. Ümumdünya məsihçi yığıncağına və onun üzvlərinə hörmət etməklə əslində kimə hörmət etmiş oluruq? İzah edin.
9 Biz Yehovaya hörmət əlaməti olaraq ümumdünya məsihçi yığıncağına və onun hər bir üzvünə də hörmət etməliyik. Sadiq qul sinfinin Müqəddəs Kitabdan verdiyi məsləhətlərə riayət edəndə Yehovanın təşkilatına və rəhbərliyinə hörmət göstəririk. Həvari Yəhya birinci əsrdə yığıncaqda təyin olunmuş qardaşlara hörmətsizlik göstərənləri məzəmmət etmək lazım olduğunu qeyd etdi. (3 Yəhya 9-11 ayələrini oxu.) Onun sözləri belə hörmətsizliyin yalnız nəzarətçilərin özünə yox, həmçinin onların təlim və göstərişlərinə qarşı olduğunu göstərirdi. Sevindirici haldır ki, məsihçilərin əksəriyyəti belə davranmırdı. Həvarilərin sağlığında məsihçi yığıncaqları məsul qardaşlara dərin hörmət göstərirdi (Filip. 2:12).
10, 11. Məsihçi yığıncağında bəzilərinə səlahiyyət verilməsinin nə üçün düzgün olduğunu Müqəddəs Yazılar əsasında izah edin.
10 Bəziləri düşünür ki, İsa: «Siz hamınız qardaşsınız», — dediyi üçün məsihçi yığıncağında heç kimin səlahiyyəti olmamalıdır (Mat. 23:8). Amma həm İbranicə, həm də Yunanca Müqəddəs Yazılarda Allah tərəfindən səlahiyyət verilən bir çox kişilərin nümunəsi var. Qədim yəhudilərdən olan tayfa başçılarının, hakimlərin və padşahların tarixi Yehovanın insan nümayəndələri vasitəsilə rəhbərlik etdiyinə zəngin sübutdur. İnsanlar Allahın təyin etdiyi şəxslərə lazımi hörməti göstərməyəndə Yehova onları cəzalandırırdı (2 Pad. 1:2-17; 2:19, 23, 24).
11 Birinci əsrin məsihçiləri də həvarilərin səlahiyyətini qəbul edirdilər (Həv. iş. 2:42). Məsələn, Pavel öz qardaşlarına göstərişlər verirdi (1 Kor. 16:1; 1 Salon. 4:2). Bununla yanaşı, özü də üzərində səlahiyyəti olanlara könüllü surətdə tabe olurdu (Həv. iş. 15:22; Qalat. 2:9, 10). Həqiqətən də, Pavelin məsihçi yığıncağındakı səlahiyyətə düzgün münasibəti vardı.
12. Müqəddəs Kitab nümunələrindən səlahiyyətə dair nə öyrənirik?
12 Buradan iki şey öyrənirik. Birincisi, «sadiq və ağıllı qul»un Rəhbərlik Şurası vasitəsilə qardaşların məsul vəzifəyə təyin edilməsi Müqəddəs Yazılara əsaslanır və onların da üzərində təyin olunmuş səlahiyyətli qardaşlar var (Mat. 24:45-47; 1 Pet. 5:1-3). İkincisi, təyin olunanlar da daxil olmaqla, hər birimiz üzərimizdə səlahiyyətli olan qardaşlara hörmət etməliyik. Belə isə, ümumdünya məsihçi yığıncağında nəzarət etməyə səlahiyyəti olanlara hörmət etdiyimizi necə göstərə bilərik?
Səyyar nəzarətçilərə hörmət et
13. Məsihçi yığıncağının müasir nümayəndələrinə hörmət etdiyimizi necə göstərə bilərik?
13 Pavel yazmışdı: «Qardaşlar, sizdən xahiş edirik ki, aranızda zəhmət çəkənlərə və Rəbb yolunda sizə rəislik edənlərə və sizə nəsihət verənlərə hörmət edin; onların fəaliyyətlərindən ötrü onlara ən böyük məhəbbət və ehtiram göstərin. Qoy aranızda əmin-amanlıq olsun» (1 Salon. 5:12, 13). ‘Zəhmət çəkənlərin’ arasında səyyar nəzarətçilər də var. Buna görə də, gəlin onlara ‘böyük ehtiram göstərək’. Bunu etməyin bir yolu onlar məsləhət verərkən və ruhlandırarkən buna səmimi-qəlbdən hay verməkdir. Səyyar nəzarətçi sadiq qul sinfinin göstərişlərini bizə çatdıranda «yuxarıdan nazil olan hikmət» bizi «itaətkar» olmağa təşviq edəcək (Yaq. 3:17).
14. Yığıncaq səyyar nəzarətçilərə səmimi hörmət etdiyini necə göstərir və bu nəyə səbəb olur?
14 Bəs əgər bizə müəyyən bir işi əvvəllər etdiyimizdən fərqli tərzdə etməyi buyururlarsa, onda necə? Hörmət göstərmək üçün bəzən «Bizim ərazidə bu iş belə edilmir» və ya «Başqa yerdə bunu etmək mümkün olsa da, bizim yığıncaqda yaramır» kimi fikirlərdən qaçınmaq lazım ola bilər. Biz itaətkar olmağa çalışırıq. Yığıncağın Yehovaya məxsus olduğunu və onun Başının İsa olduğunu yadda saxlamağımız itaətkar olmağımıza kömək edəcək. Yığıncağın səyyar nəzarətçinin göstərişini məmnuniyyətlə qəbul etməsi və yerinə yetirməsi əsl hörmətin təzahürüdür. Həvari Pavel səyyar nəzarətçi Titusun verdiyi rəhbərliyə hörmətlə itaət etdiklərinə görə Korinf yığıncağındakı qardaşları təriflədi (2 Kor. 7:13-16). Biz də əmin ola bilərik ki, səyyar nəzarətçilərdən aldığımız göstərişləri həvəslə tətbiq etsək, təbliğ xidmətimizdə daha çox sevinc duyarıq. (2 Korinflilərə 13:11 ayəsini oxu.)
«Hamıya hörmət edin»
15. Həmimanlılarımıza hörmət göstərməyin bəzi üsulları hansılardır?
15 Pavel yazmışdı: «Ağsaqqalı məzəmmətləmə, amma atana yalvaran kimi yalvar; gənclərə bir qardaş kimi, ağbirçəklərə ana kimi, gənc qadınlara tam bir paklıqla, bir bacı kimi yalvar. Həqiqətən dul olan qadınlara hörmət et» (1 Tim. 5:1-3). Bəli, Allahın Kəlamı bizə məsihçi yığıncağında hər bir kəsə hörmət etməyi məsləhət edir. Bəs əgər səninlə həmimanlın arasında anlaşılmazlıq varsa, onda necə? Həmin qardaşa, yaxud bacıya daha hörmət etməyəcəksənmi? Yoxsa onun Allahın bir xidmətçisi kimi malik olduğu yaxşı xüsusiyyətlərini görərək öz münasibətini dəyişəcəksən? Yığıncaqda səlahiyyətləri olanlar qardaşlarına qarşı hörmətcil münasibəti xüsusilə qoruyub saxlamalıdırlar, yəni heç vaxt ‘sürüyə qarşı zülmkar’ olmamalıdırlar (1 Pet. 5:3). Həqiqətən də, üzvləri arasında səmimi məhəbbətin hökm sürdüyü məsihçi yığıncağında bir-birimizə hörmət etmək üçün çox imkanlarımız var. (Yəhya 13:34, 35 ayələrini oxu.)
16, 17. a) Nəyə görə yalnız təbliğ etdiyimiz insanlara yox, hətta düşmənlərə də hörmət göstərmək vacibdir? b) ‘Hamıya hörmət etdiyimizi’ necə göstərə bilərik?
16 Əlbəttə, biz yalnız məsihçi yığıncağının üzvlərinə hörmət göstərməklə kifayətlənməli deyilik. Pavel öz dövrünün məsihçilərinə yazmışdı: «Nə qədər fürsətimiz varsa, hamıya... yaxşılıq edək» (Qalat. 6:10). Düzdür, iş və ya sinif yoldaşımız bizimlə pis rəftar etdikdə bu prinsipə riayət etmək çətin ola bilər. Belə anlarda bu sözləri xatırlamalıyıq: «Pislik edənlərə görə narahat olma» (Məz. 37:1). Bu məsləhətə əməl etmək hətta düşmənlərlə də hörmətlə davranmağımıza kömək edəcək. Təbliğdə iştirak edərkən təvazökar olmağımız hamıya ‘mülayimliklə və ehtiramla cavab verməyimizə’ kömək edəcək (1 Pet. 3:15). Hətta xarici görünüşümüz və geyimimiz də təbliğ etdiyimiz insanlara hörmət etdiyimizi göstərə bilər.
17 Həqiqətən də, istər həmimanlılarımız, istərsə də başqa insanlar olsun, biz «hamıya hörmət edin. Qardaşlığı sevin, Allahdan qorxun, hökmdara hörmət edin» məsləhətinə səylə əməl etmək istəyirik (1 Pet. 2:17).
Necə cavab verərdiniz?
• Yehovaya lazımi hörməti necə göstərə bilərik?
• Yığıncaq ağsaqqallarına və səyyar nəzarətçilərə lazımi hörməti necə göstərə bilərik?
• Yığıncağın hər bir üzvünə lazımi hörməti necə göstərə bilərik?
• Təbliğ etdiyimiz insanlara lazımi hörməti necə göstərə bilərik?
[23-cü səhifədəki şəkil]
Birinci əsrin məsihçiləri rəhbərlik şurasının qərarlarına hörmətlə yanaşırdılar
[24-cü səhifədəki şəkil]
Bütün yığıncaqlarda ağsaqqallar Rəhbərlik Şurasının təyin etdiyi səyyar nəzarətçilərə hörmət edirlər