Hakimiyyətə hörmət nəyə görə vacibdir?
POLİSLƏRƏ, əmlakımızı oğurlayan və ya ailəmiz üçün təhlükə yaradan cinayətkarları həbs etmək səlahiyyətinin verilməsinə kim sevinmir? Məhkəməyə, cinayətkarları cəzalandırmaq və bununla da cəmiyyəti onlardan qorumaq səlahiyyəti verildiyinə görə məgər biz minnətdar deyilikmi?
Yolların istismarı, tibb xidməti və təhsil kimi digər faydalı xidmətlər haqqında da xatırlamaq olar ki, bunların tə’min edilməsi, adətən hökumət tərəfindən yığılan vergilərin hesabına ödənilir. Həqiqi məsihçilər, qanunən tə’yin olunmuş hakimiyyətə hörmət etməyin vacibliyini hazırlıqla qəbul edirlər. Bəs nə dərəcədə? Və bu hörməti həyatın hansı sahələrində göstərmək lazımdır?
Cəmiyyətdə hakimiyyət
Müqəddəs Kitabda deyilir ki, dindar olub olmadıqlarına baxmayaraq, bütün insanlar, cəmiyyətdə tə’yin olunmuş, öz əhalisinin rifahını güdən hakimiyyətə hörmət etməlidirlər. Həvari Pavel bu haqda Romadakı həmimanlılarına yazmışdır və onun Romalılara 13:1—7 ayələrdə yazılmış sözlərinə nəzər salmaq bizə də faydalı olacaqdır.
Pavel Roma vətəndaşı idi və həmin vaxt Roma dünya dövləti idi. Təxminən b.e. 56-cı ilində yazılmış məktubunda, Pavel məsihçilərə nümunəvi vətəndaşlar olmağı məsləhət edirdi. O, yazırdı: “Hər adam öz üzərində olan hakimlərə tabe olsun; çünki Allah tərəfindən olmayan hakim yoxdur, mövcud olan hakimlər də Allah tərəfindən tə’yin olunmuşdur”.
Pavel bu sözlərlə izah edir ki, heç bir insan hakimiyyəti Allahın izni olmadan mövcud olmazdı. Bu mə’nada yüksək hakimiyyətlər, Allahın niyyətləri çərçivəsində nisbi yer tuturlar. Beləliklə, “hakimə müqavimət göstərən Allahın qurduğuna qarşı durur”.
Yüksək hakimiyyətlər vicdanlı vətəndaşları tə’rifləyə bilər, ancaq həmin hakimiyyətlər cinayətkarları cəzalandıra da bilərlər. Pislik işlədənlərin, hakimiyyətin öz hüquqlarıdan “qisasçı” kimi istifadə edəcəklərindən qorxmaları üçün tam əsasları var, çünki belə halda hakimiyyətlər “Allahın xidmətçisi kimi” çıxış edirlər.
Pavel öz izahatını bu sözlərlə başa çatdırır: “Bu səbəbdən, yalnız qəzəbə görə deyil, vicdan baxımından da hakimlərə tabe olmaq lazımdır. Vergini də siz buna görə ödəyirsiniz; çünki hakimlər Allaha xidmət edirlər və daim məhz bu işlə məşğuldurlar”.
Vergi xüsusunda yığılan vəsaitin istifadə olunmasının məs’uliyyəti, vergini ödəyənlərin yox, ali hakimiyyətlərin üzərinə düşür. Sədaqətli vətəndaş olaraq, məsihçi öz vicdanını təmiz saxlayır. O, bilir ki, yüksək hakimiyyətlərə tabe olmaqla və tə’yin olunmuş vergini ödəməklə, o, yalnız yaşadığı cəmiyyətdə qəbul olunmuş qanunlara riayət etmir, həm də Allahın tələblərini yerinə yetirir.
Ailə və hakimiyyət
Bəs ailədə hansı hakimiyyət mövcuddur? Balaca uşaq çox vaxt ağlamaqla və ya hətta çığırmaqla diqqəti özünə cəlb etdirir. Lakin müdrik valideynlər, uşağın doğrudan da bir şeyə ehtiyacı olduğunu və ya sadəcə şıltaqlıq etdiyini ayırd edə bilirlər. Uşaqlar böyüdükcə, hərdən onlara istədikləri hər şeyi etməyə, hətta şəxsi qayda-qanunlarını belə tə’yin etməyə icazə verirlər. Ancaq uşaqlar təcrübəsizdirlər və bir çox yerli hakimiyyətlərə də çox yaxşı mə’lum olduğu kimi, onlar həm ailənin, həm də bütövlükdə cəmiyyətin təməlini carsıldan cinayətkarlıq işlərinə və ya başqa pis işlərə cəlb oluna bilərlər.
“Biz belə uşaqlara layiqik” (“Children We Deserve”) adlı kitabın müəllifi Rozalind Maylz deyir: “Valideynlər uşaqları həddindən artıq gec tərbiyə edirlər. Uşağı, doğulduğu andan tərbiyə etməyə başlamaq lazımdır”. Əgər valideynlər, uşaqlarla əvvəldən mülayim rəftar edir və valideynlik səlahiyyətindən müdrikliklə istifadə edirlərsə, əgər onlar öz davranışlarında ardıcıldırlarsa, onda uşaqlar bu hakimiyyətə və onunla bağlı olan məhəbbətlə dolu tərbiyəyə tabe olmağı tez öyrənəcəklər.
Ailədə olan hakimiyyət barəsində Müqəddəs Kitabda çoxlu mə’lumat var. Süleymanın məsəlləri kitabında müdrik Süleyman diqqəti ona yönəldir ki, Allahdan qorxan valideynlər uşaqları birgə tərbiyə etməlidirlər: “Oğlum, atanın tə’limini dinlə və ananın öyrətdiyini buraxma” (Süleymanın məsəlləri 1:8). Əgər valideynlər tərbiyə məsələlərində həmfikirdirlərsə, uşaqlar valideynlərin bu və ya digər şeylərə necə yanaşdıqlarını və onlardan nə gözlədiklərini bilirlər. Bə’zən uşaqlar, istədiklərinə nail olmağa çalışaraq, valideynlər arasına nifaq salıb, onlardan məharətlə istifadə edirlər. Lakin valideynlərin öz səlahiyyətlərindən eyni tərzdə istifadə etmələri, uşaqlar üçün e’tibarlı müdafiədir.
Müqəddəs Kitabda izah olunur ki, təkcə uşaqlarının deyil, həm də həyat yoldaşının ruhani rifahı üçün əsas məs’uliyyəti ər daşıyır. Bu, başçılıq kimi təsvir olunur. Bəs ər necə başçılıq etməlidir? Pavel göstərir ki, Məsih yığıncağın Başı olduğu kimi, ər də arvadın başıdır. Pavel əlavə edir: “Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini [özünün ruhani gəlinini] sevdi və onun uğrunda Özünü fəda etdi” (Efeslilərə 5:25). Əgər ər İsadan nümunə götürür və məhəbbətlə başçılıq edirsə, o zaman arvad ona “ehtiram” bəsləyəcəkdir (Efeslilərə 5:33). Belə bir ailədə, uşaqlar Allah tərəfindən verilmiş hakimiyyətin necə qiymətli olduğunu görəcəklər və ona məmnuniyyətlə tabe olacaqlar (Efeslilərə 6:1—3).
Bəs tənha valideynlər, o cümlədən dul qalmış kəslər nə etməlidirlər? Uşaqlara ya atanın, ya da ananın tərbiyə verməsindən asılı olmayaraq, valideynlərdən hər biri Yeqova Allahın və İsa Məsihin nüfuzuna müraciət edə bilərlər. İsa həmişə hakimiyyət sahibi kimi danışırdı. Bu hakimiyyət onun Atasından və ilham almış Müqəddəs Yazılardan gəlirdi (Matta 4:1-10; 7:29; Yəhya 5:19, 30; 8:28).
Müqəddəs Kitabda, uşaqların qarşılaşdıqları problemlərlə əlaqədar çoxlu qiymətli prinsiplər tapmaq olar. Valideynlər, bu prinsipləri öyrənərək və onlara riayət edərək, öz uşaqlarına məhəbbətlə dolu və faydalı məsləhətlər verə bilərlər (Təkvin 6:22; Süleymanın məsəlləri 13:20; Matta 6:33; 1 Korinflilərə 15:33; Filipililərə 4:8, 9). Həmçinin valideynlər, onlara kömək etmək üçün hazırlanan Müqəddəs Kitaba əsaslanmış nəşrlərdən istifadə edə bilərlər ki, Müqəddəs Yazıların nüfuzunu qəbul etməyin nə dərəcədə faydalı olması anlayışını uşaqlarında inkişaf etdirsinləra.
Məsihçi yığıncağı və hakimiyyət
“Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam, Ona qulaq asın!” (Matta 17:5). Yeqova Allah bu sözlərlə sübut etdi ki, İsaya danışmaq səlahiyyətini məhz O vermişdir. İsanın söylədikləri dörd İncildə yazılıb və biz həmişə onlara müraciət edə bilərik.
İsa, göyə qalxmazdan əvvəl, şagirdlərinə dedi: “Göydə və yer üzündə bütün hakimiyyət mənə verilmişdir” (Matta 28:18). Öz yığıncağının Başı olaraq, İsa yer üzündə qalan məsh edilmiş davamçılırına yalnız diqqətlə nəzarət etmirdi, həm də b. e. 33-cü ilinin Pentikost günündə müqəddəs ruhun tökülməsindən sonra da onları həqiqət kanalı, yə’ni “sadiq və ağıllı qul” kimi istifadə edirdi (Matta 24:45—47; Həvarilərin işləri 2:1—36). Bütün bunlara nail olmaq üçün və məsihçi yığıncağını möhkəmləndirmək üçün İsa nə etdi? “Yüksəyə qalxdıqda... insan şəklində həddiyyələr verdi” (Efeslilərə 4:8, YD). “İnsan şəklində hədiyyələr”, müqəddəs ruhla tə’yin olunan və həmimanlıların ruhani mənafelərinin qeydinə qalmaq üçün səlahiyyət verilən məsihçi ağsaqqallarıdır (Həvarilərin işləri 20:28).
Buna görə də Pavel məsləhət edir: “Allahın kəlamını sizə nağıl edən rəislərinizi yada salın. Onların yaşayışının nəticəsinə baxaraq, imanlarını təqlid edin”. Bu sadiq kişilər İsanın nümunəsini dəqiq izlədikləri üçün, onlardan nümunə götürmək, əlbəttə ki, müdriklikdir. Sonra Pavel əlavə edir: “Öz rəislərinizə itaət edin, onlara tabe olun; çünki hesabat verəcək olanlar kimi, onlar hər zaman sizin canlarınızın qeydinə qalırlar. Onlara tabe olun ki, onlar bunu can çəkə-çəkə deyil, sevinclə etsinlər. Çünki əgər bunu can çəkə-çəkə etsələr, sizə fayda olmaz” (İbranilərə 13:7, 17).
Bu göstərişlərə laqeyd yanaşanda nə baş verir? Birinci əsrdəki məsihçi yığıncağının bə’zi üzvləri məhz belə etdilər və dönük çıxdılar. Pavelin xatırlatdığı İmeney və Filit, bə’zilərinin imanlarını alt-üst edirdilər və onların boş söhbətləri “müqəddəs olanı murdar” (YD) edirdi. O cümlədən bu insanlar, ehtimal ki, ruhani və yaxud simvolik dirilmənin artıq baş verdiyini və buna görə də gələcəkdə Allahın Padşahlığının rəhbərliyi altında heç bir dirilmənin olmayacağını iddia edirdilər (2 Timoteyə 2:16—18).
Bu vaxt, qanuni surətdə tə’yin olunmuş hakimiyyət köməyə gəldi. Məsihçi ağsaqqalları İsa Məsihin nümayəndələri kimi, Müqəddəs Yazıların nüfuzuna müraciət etdikləri üçün belə dəlillərin yalan olduğunu sübut edə bildilər (2 Timoteyə 3:16, 17). “Həqiqətin dirəyi və əsası” kimi təsvir edilən müasir məsihçi yığıncağında da vəziyyət eynidir (1 Timoteyə 3:15). Yalan tə’limlər, bizim üçün Müqəddəs Kitabın səhifələrində “yaxşı əmanət” kimi qorunmuş “sağlam sözlərin nümunəsini” heç vaxt pozmayacaq (2 Timoteyə 1:13, 14, türkcə).
Dünyadakı insanların hakimiyyətə getdikcə daha az hörmət etmələrinə baxmayaraq, biz bir məsihçi kimi qəbul edirik ki, cəmiyyətdə, ailədə və məsihçi yığıncağında tə’yin olunmuş hakimiyyət bizim özümüzə fayda gətirir. Hakimiyyətə hörmət etmək, bizim fiziki, emosional və ruhani rifahımız üçün vacibdir. Əgər biz Allah tərəfindən tə’yin olunmuş hakimiyyəti qəbul edir və ona hörmət göstəririksə, onda ən böyük hakimiyyətə sahib olan Yeqova Allah və İsa Məsih bizi müdafiə edəcəklər və bu müdafiə bizə əbədi fayda gətirəcəkdir (Məzmur 119:165; İbranilərə 12:9).
[Haşiyə]
a Gözətçi Qülləsi Cəmiyyətinin nəşr etdiyi “Gənclərin sualları. Praktiki məsləhətlər” (rusca) və “Ailə xoşbəxtliyinin sirri” kitablarına baxın.
[5-ci səhifədəki şərh]
Ailədə olan hakimiyyət barəsində Müqəddəs Kitabda çoxlu mə’lumat var
[6-cı səhifədəki şəkil]
Tənha valideynlər Yeqova Allahın və İsa Məsihin nüfuzuna müraciət edə bilərlər
[7-ci səhifədəki şəkillər]
Məsihçilər qəbul edirlər ki, ailədə, məsihçi yığıncağında və cəmiyyətdə qanuni surətdə tə’yin olunmuş hakimiyyət onlara fayda gətirir
[4-cü səhifədəki şəkil üçün icazə sətri]
Photo by Josh Mathes, Collection of the Supreme Court of the United States