Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/2 s. 18—22
  • Yığıncağın müsbət ab-havasını qoru

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yığıncağın müsbət ab-havasını qoru
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • YIĞINCAQDA MÜSBƏT AB-HAVANIN OLMASINDA SƏNİN ROLUN
  • XİDMƏTƏ CAN YANDIR
  • ÖZÜNÜ DEYİNGƏNLİKDƏN VƏ GÜNAHDAN GÖZLƏ
  • «RUHUN BİRLİYİNİ» QORU
  • Sən necə ruh təzahür etdirirsən?
    Gözətçi qülləsi 2012
  • Qoy yığıncaq Yehovaya həmd etsin
    Gözətçi qülləsi 2007
  • Qoy yığıncaq inkişaf etsin
    Gözətçi qülləsi 2007
  • Ruha görə hərəkət et və həsr olunmağına uyğun yaşa
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/2 s. 18—22

Yığıncağın müsbət ab-havasını qoru

«Qoy Ağamız İsa Məsih öz lütfü ilə ovqatınıza xeyir-dua versin» (FİLİP. 4:23).

AŞAĞIDAKILAR YIĞINCAĞIN MÜSBƏT AB-HAVASINI QORUMAĞA NECƏ KÖMƏK EDİR?

Həmimanlılarımızla ünsiyyət

Xidmətə can yandırmaq

Ciddi günahlar barədə ağsaqqallara məlumat vermək

1. Filipi və Tiatiradakı məsihçilər nəyə görə tərifə layiq idilər?

BİRİNCİ əsrdəki Filipi yığıncağının üzvləri maddi cəhətdən korluq çəksələr də, çox əliaçıq idilər və bacı-qardaşlara təqlid ediləsi əsil məhəbbət göstərirdilər (Filip. 1:3—5, 9; 4:15, 16). Buna görə də həvari Pavel onlara ünvanladığı məktubun yekununda yazmışdı: «Qoy Ağamız İsa Məsih öz lütfü ilə ovqatınıza xeyir-dua versin» (Filip. 4:23). İzzətlənmiş İsa Məsih eyni ovqatı, yəni əhval-ruhiyyəni təzahür etdirən Tiatiradakı məsihçilərə demişdi: «Mən sənin işlərindən, məhəbbətindən, inamından, xidmətindən və dözümündən xəbərdaram. Bilirəm ki, sənin axırıncı işlərin əvvəlkilərdən daha çoxdur» (Vəhy 2:19).

2. Bizim əhval-ruhiyyəmiz yığıncağımızın ümumi ab-havasına necə təsir göstərir?

2 Yehovanın Şahidlərinin hər bir yığıncağı onda üstünlük təşkil edən müəyyən əhval-ruhiyyəni təzahür etdirir. Məsələn, bəzi yığıncaqlar, əsas etibarilə, mehribanlığı və məhəbbəti ilə tanınır. Digərləri isə Padşahlığın təbliğ işini səylə dəstəkləmələri, eləcə də tammüddətli xidmətə can yandırmaları ilə seçilir. Hər birimiz ayrı-ayrılıqda müsbət əhval-ruhiyyə inkişaf etdirəndə yığıncağın birliyini möhkəmləndirir və onun ruhani inkişafına öz töhfəmizi veririk (1 Kor. 1:10). Lakin mənfi əhval-ruhiyyə yığıncağımızın ruhani cəhətdən mürgüləməsinə, xidmətə etinasız münasibət göstərməsinə və hətta yığıncaqda yol verilən günahlara göz yummağımıza gətirib çıxara bilər (1 Kor. 5:1; Vəhy 3:15, 16). Bəs sizin yığıncağınızda hansı ab-hava hökm sürür? Yığıncaqda müsbət ab-havanın olmasında şəxsən sənin hansı payın ola bilər?

YIĞINCAQDA MÜSBƏT AB-HAVANIN OLMASINDA SƏNİN ROLUN

3, 4. «Çoxlu camaat arasında» Yehovaya necə şükür edə bilərik?

3 Məzmurçu oxuyurdu: «Çoxlu camaat arasında Sənə [Yehovaya] şükür edəcəyəm, çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm» (Məz. 35:18). Məzmurçu Yehovanın digər xidmətçiləri arasında olarkən Ona həmd etməkdən çəkinmirdi. «Gözətçi qülləsi»nin araşdırılması da daxil olmaqla, hər həftə keçirilən yığıncaq görüşlərində şərh verməyimiz və imanımızı ifadə etməyimiz qeyrət ruhu göstərməyə imkan verir. Yaxşı olardı ki, hər birimiz özümüzdən soruşaq: «Yığıncaqda iştirak etmək şərəfindən tam yararlanırammı? Görüşlərə yaxşı hazırlaşırammı? Mənalı, faydalı şərhlər verirəmmi? Bir ailə başçısı kimi, uşaqlarıma qabaqcadan şərhlər hazırlamağa və öz sözləri ilə cavab verməyə kömək edirəmmi?»

4 Məzmurçu Davud düzgün olanı etmək qətiyyətini Allaha nəğmələr oxumaqla əlaqələndirdi. O demişdi: «Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, qoy ilahi oxuyum, Səni tərənnüm edim» (Məz. 57:7). Məsihçi görüşlərində ifa edilən nəğmələr Yehovaya mətin ürəklə ilahi oxumaq və Onu tərənnüm etmək üçün gözəl bir fürsətdir. Əgər bəzi nəğmələrin sözləri ilə tanış deyilsinizsə, nə üçün onları ailəvi ibadət zamanı məşq etməyəsiniz? Qoy hər birimiz Yehovaya ömür boyu ilahi söyləməyə və nə qədər varıq, Onu tərənnüm etməyə qəti qərarlı olaq (Məz. 104:33).

5, 6. Qonaqpərvərlik və səxavətlilik necə göstərə bilərik? Bunun sayəsində yığıncaqda hansı ab-hava inkişaf edir?

5 Bacı-qardaşlarımıza qonaqpərvərlik göstərmək yığıncağımızda məhəbbəti artırmağın digər üsuludur. «İbranilərə məktub»unun sonuncu fəslində Pavelin belə bir nəsihəti var: «Aranızda daim qardaşlıq məhəbbəti olsun. Qonaqpərvərliyi yaddan çıxarmayın» (İbr. 13:1, 2). Səyyar nəzarətçiləri və onların həyat yoldaşlarını, yaxud da yığıncağımızın tammüddətli xidmətçilərini nahara dəvət etmək qonaqpərvərlik göstərmək üçün gözəl imkandır. Biz vaxtaşırı olaraq nahara və ya ailəvi ibadətə dulları, natamam ailələri və başqalarını da dəvət edə bilərik.

6 Pavel Timoteyə tapşırmışdı ki, bacı-qardaşları yaxşılıq etməyə, xeyirli işlərlə zəngin olmağa, səxavətli və əl tutmağa hazır olmağa, özləri üçün salamat qalacaq xəzinə yığmağa, yəni əsil həyatdan bərk-bərk yapışmaqdan ötrü gələcək üçün möhkəm təməl qoymağa təşviq etsin (1 Tim. 6:17—19). Pavel həmimanlılarına səxavətlilik ruhu inkişaf etdirməyi tövsiyə edirdi. Hətta iqtisadi vəziyyətin ağır olduğu dövrdə də səxavətlilik göstərə bilərik. Bunu etməyin gözəl üsullarından biri ehtiyacı olanları öz maşınımızla xidmətə və ya yığıncaq görüşlərinə aparıb-gətirməkdir. Bəs məhəbbətin və xeyirxahlığın bu cür təzahüründən yararlananlar barədə nə demək olar? Onlar minnətdarlıq göstərsələr, məsələn, yanacağın get-gedə bahalaşdığı bir dövrdə xərclərin müəyyən qismini imkanları daxilində ödəsələr, yığıncaqda müsbət ab-havanın inkişafında onların da payı olacaq. Üstəlik, məgər biz bacı-qardaşlarımızın özlərini lazımlı olduqlarını və sevildiklərini hiss etmələri üçün onlarla daha çox vaxt keçirməli deyilik? «İman qardaşlarımıza yaxşılıq» edəndə, eləcə də onlara vaxt ayırmağa və vəsaitlərimizi bölüşməyə hazır olanda nəinki onlara olan məhəbbətimiz artır, həm də yığıncaqda mehriban və müsbət ab-hava inkişaf edir (Qalat. 6:10).

7. Başqaları barədə şəxsi məlumatı sirr saxlamaq yığıncaqdakı müsbət ab-havanı qorunmağa necə kömək edir?

7 Həmimanlılarımızla bizim aramızda məhəbbət tellərini möhkəmləndirən digər amillərə də diqqət yetirək. Bu, dostluq və məxfilikdir. (Süleymanın məsəlləri 18:24 ayəsini oxu.) Əsil dostlar heç vaxt bir-birinin sirrini başqalarına açmır. Həmimanlımız sirrini aləmə yaymayacağımıza əmin olaraq dərin fikir və hisslərini bizimlə bölüşəndə aramızdakı məhəbbət daha da möhkəmlənir. Gəlin sirr saxlamağı bacaran etibarlı dost olmaqla yığıncaqda hökm sürən məhəbbəti və ailəyə xas olan mehriban ab-havanı qoruyub saxlayaq (Sül. məs. 20:19).

XİDMƏTƏ CAN YANDIR

8. Laodikiyadakı məsihçilərə hansı məsləhət verilmişdi və nəyə görə?

8 Laodikiya yığıncağına müraciətində İsa demişdi: «Sənin işlərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq, ya da isti olaydın. Madam ki, nə isti, nə də soyuq, sadəcə ilıqsan, səni yerə tüpürəcəyəm» (Vəhy 3:15, 16). Laodikiyadakı məsihçilər xidmətdə əvvəlki kimi canfəşanlıq göstərmirdilər. Görünür, bu cür əhval-ruhiyyə aralarındakı münasibətlərə də təsirsiz ötüşmürdü. Buna görə də İsa məhəbbətlə onlara növbəti məsləhəti verdi: «Mənə əziz olan adamları mən məzəmmət və tərbiyə edirəm. Ona görə də qeyrətli ol və tövbə et» (Vəhy 3:19).

9. Təbliğ xidmətinə münasibətimiz yığıncağın ab-havasına necə təsir edir?

9 Əgər yığıncağımızın sağlam və müsbət əhval-ruhiyyəsini qorumaq istəyiriksə, canla-başla xidmət etməliyik. Yığıncaq yaşadığımız ərazidə təvazökar insanları axtarmaq, eləcə də onlara həqiqəti öyrətmək məqsədilə təşkil olunub. Bu səbəbdən biz şagird hazırlamaq işində, İsa kimi, şövqlə iştirak etməliyik (Mat. 28:19, 20; Luka 4:43). Xidmətə nə qədər çox can yandırsaq, bir o qədər də Allahın əməkdaşları kimi bir olacaq (1 Kor. 3:9). Bacı və ya qardaşımızın xidmətdə imanını necə müdafiə etdiyini və ruhani dəyərlərə görə minnətdarlığını necə təzahür etdirdiyini müşahidə edəndə ona olan məhəbbət və hörmətimiz artır. Üstəlik, xidmətdə onlarla «çiyin-çiyinə» əməkdaşlıq etmək yığıncaqdakı birliyi möhkəmləndirir. (Sefanya 3:9 ayəsini oxu.)

10. Xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq yığıncağın ümumi ab-havasına necə təsir edir?

10 Xidmətimizin keyfiyyətini yaxşılaşdırmağa səy göstərməyimiz də başqalarına müsbət təsir bağışlayır. Təbliğdə qarşılaşdığımız insanlara daha çox maraq göstərəndə və onların ürəyinə yol tapmaq bacarığımızı yaxşılaşdırmağa can atanda daha böyük şövqlə xidmət edirik (Mat. 9:36, 37). Bu cür şövq əməkdaşlarımıza da sirayət edir. İsa şagirdlərini xidmətə tək-tək yox, iki-iki göndərirdi (Luka 10:1). Bunun sayəsində onlar ruhlanır və bir-birindən öyrənirdilər, üstəlik, xidmətə daha çox can yandırırdılar. Məgər xidmətə can yandıran təbliğçilərlə əməkdaşlıq etmək bizim üçün xoş deyil? Onların şövqlə xidmət etməsi bizi ruhlandırır və xidmətimizi davam etdirməyə stimul verir (Rom. 1:12).

ÖZÜNÜ DEYİNGƏNLİKDƏN VƏ GÜNAHDAN GÖZLƏ

11. Musanın günlərində bəzi israillilər necə əhval-ruhiyyə təzahür etdirirdilər və bu, onlara nəyin bahasına başa gəldi?

11 Yehovanın israillilərdən xalq təşkil etməsindən cəmi-cümlətanı bir neçə həftə sonra onlarda narazılıq və deyingənlik ruhu baş qaldırdı. Bu, Yehovaya və Onun nümayəndələrinə qarşı üsyan qaldırmalarında özünü büruzə verdi (Çıx. 16:1, 2). Misirdən çıxan israillilərin çox az qisminə Vəd edilmiş diyara daxil olmağa icazə verildi. Hətta Musa belə oraya daxil olmaq imkanından məhrum oldu, çünki İsrail icmasının təzahür etdirdiyi pis əhval-ruhiyyəyə düzgün münasibət göstərməmişdi (Qanun. t. 32:48—52). Mənfi əhval-ruhiyyənin qurbanı olmamaq üçün bizdən nə tələb olunur?

12. Özümüzü deyingənlik ruhundan necə qoruya bilərik?

12 Biz ehtiyatlı olmalıyıq ki, ürəyimizdə deyingənlik ruhu kök salmasın. Bunun baş verməməsi üçün təvazökarlıq və səlahiyyətli şəxslərə qarşı hörmət inkişaf etdirməklə yanaşı, kiminlə oturub-durduğumuza da ciddi fikir verməliyik. Pis əyləncə seçiminin, yaxud Müqəddəs Kitab prinsiplərinə hörmət etməyən sinif və ya iş yoldaşlarımızla çox vaxt keçirməyin nəticələri acınacaqlı olacaq. Mənfi əhval-ruhiyyəyə malik olan və ya müstəqillik ruhunu yayan insanlarla ünsiyyəti məhdudlaşdırmaq müdrik hərəkətdir (Sül. məs. 13:20).

13. Yığıncağa pozucu təsir göstərən deyingənlik ruhaniliyimizə zərər vuran hansı pis davranış tərzlərinə gətirib çıxara bilər?

13 Yığıncağa pozucu təsir göstərən deyingənlik ruhaniliyimizə zərər vuran başqa pis davranış tərzlərinə də gətirib çıxara bilər. Məsələn, deyingənlik yığıncağın sülh və birliyini təhlükəyə atır. Üstəlik, daima həmimanlılarımızdan giley-güzar ediriksə, bu, onların xətrinə dəyə bilər. Ehtimal var ki, sonradan bu, böhtan və təhqir kimi günahlara çevrilsin (Lev. 19:16; 1 Kor. 5:11). Birinci əsrdə yığıncaqdakı deyingən insanlar «hakimiyyəti saymır və Allahın şərəfli insanları barəsində təhqiramiz sözlər» deyirdilər (Yəhuda 8, 16). Əlbəttə ki, Yehova yığıncaqda məsuliyyət yükü daşıyan qardaşlara qarşı deyinən bu insanlara rəğbət bəsləmirdi.

14, 15. a) Ciddi günahlara göz yumsaq, bu, bütün yığıncağa necə təsir göstərə bilər? b) Bacı və ya qardaşın gizlicə günah işlətdiyini biliriksə, nə etməliyik?

14 Tutalım, sən kiminsə spirtli içkilərdən sui-istifadə etmək, pornoqrafiyaya baxmaq və ya əxlaqsız həyat tərzi sürmək kimi gizli günah işlətdiyini bilmisən. Bu vaxt sən nə edəcəksən? (Efes. 5:11, 12). Bu kimi ciddi günahlara göz yumsaq, Yehovanın müqəddəs ruhunun yığıncaqda sərbəst fəaliyyət göstərməsinə maneçilik törətmiş olacağıq və bütün yığıncağın sülhünü təhlükə altına atacağıq (Qalat. 5:19—23). Korinfdəki erkən məsihçilər pisliyi aralarından kəsib atmalı olduqları kimi, bu gün də yığıncağa pozucu təsir göstərən hər bir şey ondan kənar edilməlidir ki, onun sağlam və müsbət ab-havasına xələl dəyməsin. Yığıncaqda sülhün hökm sürməsi üçün sən nə edə bilərsən?

15 Yuxarıda qeyd olunduğu kimi, müəyyən məsələlərdə, xüsusilə də başqaları öz fikir və hisslərini bizimlə bölüşəndə məxfiliyi qorumaq vacibdir. Kiminsə barədə məxfi məlumatları yaymaq düzgün deyil və bizim tərəfimizdən bu, qəddarlıq olardı. Lakin ciddi günah törədildikdə bu barədə ağsaqqallara məlumat verilməlidir, çünki Müqəddəs Kitaba əsasən, onların bu cür məsələləri araşdırmaq səlahiyyəti var. (Levililər 5:1 ayəsini oxu.) Beləliklə, əgər biz hər hansı bacı və ya qardaşın ciddi günaha yol verdiyini biliriksə, onu təşviq etməliyik ki, kömək üçün ağsaqqallara müraciət etsin (Yaq. 5:13—15). Əgər həmin şəxs qoyulan vaxt ərzində bunu etmirsə, bu barədə özümüz ağsaqqallara deməliyik.

16. Ciddi günah barədə ağsaqqallara məlumat vermək yığıncağın ab-havasını qorumağa necə kömək edir?

16 Məsihçi yığıncağı ruhani sığınacaqdır və ciddi günahlar barədə xəbər verməklə onu qorumalıyıq. Əgər günah işlədən şəxs ağsaqqalların töhmətini və islah tədbirlərini qəbul edib tövbə edirsə, artıq o, yığıncağın ab-havası üçün təhlükə mənbəyi deyil. Bəs əgər ciddi günah işlədən kəs tövbə etmir və ağsaqqalların məhəbbətlə verdiyi məsləhətləri qulaqardına vurursa, onda necə? Onun yığıncaqdan kənar edilməsi aramızdakı pozucu amilin «məhv»i, yəni xaric edilməsi ilə nəticələnir. Yığıncağın ovqatı, yəni ab-havası isə qorunub saxlanılır. (1 Korinflilərə 5:5 ayəsini oxu.) Bəli, yığıncağın ab-havasına zərər dəyməsin deyə hər birimizdən düzgün addımlar atmaq, ağsaqqallar şurası ilə əməkdaşlıq etmək və bacı-qardaşlarımızın rifahını düşünmək tələb olunur.

«RUHUN BİRLİYİNİ» QORU

17, 18. «Ruhun birliyini» qorumağa bizə nə kömək edir?

17 «Həvarilərdən həvəslə təlim [almaları]» İsanın erkən davamçılarına yığıncaqda birliyi inkişaf etdirməyə kömək edirdi (Həv. iş. 2:42). Onlar Müqəddəs Kitabın məsləhətlərini və ağsaqqalların verdiyi göstərişləri qiymətləndirirdilər. Bizim günlərdəki ağsaqqalların sadiq və ağıllı nökərlə əməkdaşlıq etmələri sayəsində həm bütün yığıncaq ruhlanır, həm də birlik qorunub saxlanılır (1 Kor. 1:10). Yehovanın təşkilatının Müqəddəs Kitaba əsaslanan göstərişlərinə və ağsaqqalların rəhbərliyinə tabe olanda «sülhün birləşdirici telləri içində ruhun birliyini qorumağa» ürəkdən çalışdığımızı göstəririk (Efes. 4:3).

18 Buna görə də gəlin yığıncaqda sağlam və müsbət ab-havanı qorumaq üçün əlimizdən gələni əsirgəməyək. Əgər belə etsək, əmin ola bilərik ki, «Ağamız İsa Məsih öz lütfü ilə» ovqatımıza, yəni əhval-ruhiyyəmizə xeyir-dua verəcək (Filip. 4:23).

[19-cu səhifədəki şəkil]

Mənalı, faydalı şərhlər hazırlamaqla yığıncağın müsbət ab-havasına öz töhfəni verirsənmi?

[20-ci səhifədəki şəkil]

Nəğmələrimizi yaxşı öyrənməklə yığıncağın müsbət ab-havasını qoru

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş