Bütün dünyada birlik necə mümkündür?
«BİRLİK» dedikdə nə başa düşürsünüz? Bə’ziləri üçün bu, sadəcə münaqişə və ya ixtilafların olmaması deməkdir. Məsələn, əgər iki və ya daha çox dövlət sülh müqaviləsi imzalayıb, onun şərtləri ilə razılaşırsa, elə təsəvvür yarana bilər ki, onlar arasında dostluq var. Bəs bu, doğrudan da belədirmi? Xeyr, heç də belə deyil.
Əgər nəzər salsaq, tarix boyu minlərlə sülh müqavilələri imzalanıb və pozulub. Nə üçün? Çünki dünya liderlərini sülh və ya birlikdən daha çox özlərinin hegemonluğu maraqlandırır. Həm də bə’zi dövlətlər başqa dövlətlərdən hərbi cəhətdən geri qalmağın gətirəcəyi nəticələrdən qorxurlar.
Beləliklə, iki xalqın bir-biri ilə müharibə etməməsi hələ o demək deyil ki, onlar sülh və birlik içində yaşayırlar. Tapançalarını bir-birinə tuşlamış iki nəfərin, sadəcə tətiyi basmadıqları üçün sülhdə olduqlarını demək olarmı? Belə düşünmək ağılsızlıq olardı! Bu gün bir çox xalqların da vəziyyəti oxşardır. Getdikcə artan inamsızlıq insanların ürəyinə qorxu salıb ki, silahlar bir gün işə salına bilər. Belə bir fəlakətin qarşısını almaq üçün hansı işlər görülüb?
Nüvə qorxusu — birlik üçün təhlükə
Çoxları nüvə silahlarının yayılmaması haqqında müqaviləyə ümid bağlayır. 1968-ci ildə bəyənilmiş bu müqaviləyə əsasən nüvə silahının qeyri-nüvə dövlətlərində istehsalına, nüvə dövlətlərində isə yayılmasına məhdudiyyətlər qoyuldu. İndi artıq 180 ölkə tərəfindən təsdiq olunmuş bu sənədin əsas məqsədi nəticə e’tibarilə ümumi tərk-silahın əldə edilməsidir.
Bu, təqdirəlayiq bir məqsəd kimi görünsə də, bə’zi tənqidçilər müqaviləni sadəcə qeyri-nüvə dövlətlərinin həmin silahları əldə etməsinin qarşısını almaq cəhdi kimi qiymətləndirirlər. Müqaviləyə imza atmış bə’zi dövlətlərin fikirlərindən daşına biləcəkləri qorxusu var. Həqiqətən də müəyyən dövlətlər, onların fikrincə, özlərini müdafiə etmək üçün istifadə edə biləcəkləri silahların əldə olunmasına qoyulan qadağanı ədalətsizlik kimi qiymətləndirirlər.
Məsələni daha da qəlizləşdirən və bəlkə də təhlükəli edən odur ki, nüvə enerjisinin istehsalı üçün texnologiyaların yaradılmasına dair heç bir dövlətə qadağa qoyulmayıb. Buna görə bə’ziləri qorxur ki, nüvə enerjisindən dinc məqsədlərlə istifadə etdiyi güman edilən dövlətlər gizlicə nüvə silahları hazırlaya bilərlər.
Hətta nüvə silahlarına malik dövlətlər belə müqavilənin şərtlərini poza bilərlər. Tənqidçilərin fikrincə, ağır silahlanmış dövlətlərdən öz silah ehtiyatlarını məhv etməyi, hətta azaltmağı belə gözləmək sadəlövhlük olardı. Bir mənbəyə əsasən, «buna nail olmaq üçün [...] hazırda bir-birinə müxalif dövlətlər arasında e’tibar və dostluq son dərəcə yüksək səviyyədə olmalıdır [bunun baş verəcəyinə isə inanmaq çox çətindir]».
İnsanların birliyə nail olmaq üçün göstərdiyi cəhdlər nə qədər səmimi olsa da, heç bir nəticə verməyib. Bu, Müqəddəs Kitabı öyrənən insanlarda təəccüb doğurmur, çünki Allahın Kəlamında deyilir: «Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yeremya 10:23). Həm də Allahın Kəlamı açıq-aydın bildirir: «Yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür» (Süleymanın məsəlləri 16:25). İnsan hökumətlərinin birliyə nail olmaq sə’yləri məhduddur. Bununla belə biz ümidsiz deyilik.
Həqiqi birliyin Mənbəyi
Müqəddəs Kitabda Allah və’d edir ki, bütün dünyada birlik olacaq, lakin bu, insanların sə’yi ilə baş verməyəcək. Bütün dünyada insanların sülh içində yaşamasını niyyət edən Yaradan, insanların edə bilmədiklərini edəcək. Bə’zilərinə bütün bunlar nağıl kimi görünə bilər. Ancaq lap əvvəldən Allahın niyyəti o idi ki, bəşəriyyət sülh və əmin-amanlıq içində yaşasına. Müqəddəs Kitabın bir çox ayələri göstərir ki, Allah hələ də bu niyyətindən daşınmayıb. Bir neçə ayəni nəzərdən keçirək:
• «Gəlin, görün Rəbbin işlərini, dünyada etdiyi viranəliyi. O, yerin ucqarlarınadək döyüşləri dayandırar, kamanları qırar, nizələri sındırar, döyüş arabalarını oda atar» (MƏZMUR 46:8, 9).
• «Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək, heç bir kəs o birisini məhv etməyəcək, həqiqətən, sular dənizi necə doldurursa, dünya da Rəbbin biliyi ilə elə dolacaq» (YEŞAYA 11:9).
• «Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Rəbb belə söylədi» (YEŞAYA 25:8).
• «Biz Onun və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür» (2 PETER 3:13).
• «Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (VƏHY 21:4).
Bu və’dlərə e’tibar etmək olar. Çünki Yehova Allah bir Yaradan kimi, bəşəriyyətdə birlik yaratmaq üçün lazım olan gücə və bacarığa malikdir (Luka 18:27). O həm də bunu etmək arzusundadır. Müqəddəs Kitab ‘həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihin başçılığı altında birləşdirməyi’ Allahın iltifatı adlandırır (Efeslilərə 1:8-10).
Allahın və’d etdiyi ‘salehliyin ömür sürəcəyi’ «yeni yer», sadəcə olaraq xəyal deyil (2 Peter 3:13). Verdiyi və’dlərə dair Yehova Allah deyir: «Boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (Yeşaya 55:11).
Allahın Kəlamı insanları birləşdirir
Əvvəlki məqalədə vurğulandığı kimi, din insanları birləşdirməkdənsə, çox vaxt parçalanmaya səbəb olur. Bu məsələyə ciddi yanaşmalıyıq: əgər Yaradanın mövcudluğunu qəbul ediriksə, o zaman Ona ibadət edənlərin arasında sülh və birliyin olacağını gözləmək məntiqəuyğun deyilmi? Sözsüz ki, bu belə də olmalıdır!
Dinin insanlar arasında parçalanma salmasına görə nə Yehova Allah, nə də Onun Kəlamı məs’uliyyət daşıyır. Əslində, dinlər Allahın niyyətini dəstəkləmək əvəzinə, birliyə nail olmaq məqsədi ilə yaradılmış insan quruluşlarını dəstəkləməkdə təqsirkardırlar. İsa öz günlərində din başçılarını ‘ikiüzlü’ adlandıraraq onlara dedi: «Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləmişdir! O demişdir: “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Onların ürəyi isə Məndən uzaqdır. Ehkam olaraq insan əmrlərini öyrədərək, Mənə boş yerə ibadət edirlər”» (Matta 15:7-9).
Bunun əksinə olaraq, həqiqi ibadət insanları əsl mə’nada birləşdirir. Yeşaya peyğəmbər qabaqcadan demişdir: «Son günlərdə Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək» (Yeşaya 2:2, 4).
Bu günlərdə 230-dan artıq ölkədə Yehovanın Şahidləri Allahın birliyə dair verdiyi tə’limlərə əsasən yaşayırlar. Onların birliyinin təməlini nə təşkil edir? Həvari Pavel yazırdı: «Kamil birliyin bağı olan məhəbbəti geyin» (Koloslulara 3:14). Pavelin istifadə etdiyi yunanca «bağ» sözü bədən bağlarına aid ola bilər. Bu bağlar kəndir kimi möhkəmdir və onlar iki əsas funksiyanı yerinə yetirir: bədən orqanlarının öz yerində qalmasını tə’min edir və sümükləri bir-birinə bağlayır.
Məhəbbət haqqında da eyni şeyi demək olar. Bu keyfiyyət sadəcə insanları bir-birini öldürməkdən saxlamır. Məsihçi məhəbbəti mənşəyi müxtəlif olan insanlar arasında əmin-amanlığın hökm sürməsinə kömək edir. Məsələn, bu, insanlara imkan yaradır ki, çoxlarının «qızıl qanun» kimi tanıdığı prinsipə əsasən yaşasınlar. Matta 7:12 ayəsinə əsasən, İsa Məsih demişdir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin». Bu rəhbərliyə riayət etməyin sayəsində çoxları başqalarına qarşı olan mənfi rə’ylərə üstün gələ bilmişlər.
‘Bir-birinizə qarşı məhəbbətiniz olsun’
Yehovanın Şahidləri İsanın: «Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» nəsihətinə əməl etməklə Məsihin şagirdi olduqlarını sübut etməyə tam qərarlıdırlar (Yəhya 13:35). Bu məhəbbət irqi iğtişaşlar və siyasi çaxnaşmalar zamanı çox gözəl surətdə təzahür olunmuşdur. Məsələn, 1994-cü ildə Ruandada baş verən genosid zamanı Yehovanın Şahidləri bir-birlərinə məhəbbətlərini göstərmişlər. Xutu tayfasından olan şahidlər tutsi qardaşlarını xilas etmək üçün öz həyatlarını təhlükə altına atmışdılar!
Əlbəttə, dünya xalqlarının bütün yer üzündə birlik mövcud olacaq dərəcədə öz yaxınlarına məhəbbət inkişaf etdirməsini gözləmək qeyri-realdır. Müqəddəs Kitaba əsasən, bütün yer üzündə birlik Allahın Özünün tə’yin etdiyi vaxtda olacaq. Ancaq artıq indidən hər kəs məhəbbəti geyinməklə birliyə nail ola bilər.
Ötən il ərzində Yehovanın Şahidləri insanlarla Müqəddəs Kitab və onun müasir həyatda da dəyərli olması haqqında danışmaq üçün milyarddan artıq saat sərf etmişlər. Müqəddəs Kitabın dəqiq biliyi bir zamanlar bir-birlərinə nifrət bəsləyən insanları birləşdirib. Onlardan ərəbləri və yəhudiləri, almanları və rusları qeyd etmək olar.
Siz Allah Kəlamının insanları necə birləşdirdiyi haqqında daha çox öyrənmək istəyərdinizmi? Belə isə ərazinizdə yaşayan Yehovanın Şahidləri ilə əlaqə yaradın və ya bu jurnalın 2-ci səhifəsində olan ünvanlardan birinə yazın.
[Haşiyə]
a Allahın bəşəriyyətə dair niyyəti haqqında əlavə mə’lumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3-cü fəslinə baxın.
[4-cü səhifədəki yazı]
Minlərlə sülh müqavilələri imzalanıb və pozulub.
[7-ci səhifədəki yazı]
Müqəddəs Kitab prinsiplərinin həyata keçirilməsi sayəsində insan hakimiyyətlərinin edə bilmədikləri əldə edilmişdir.
[5-ci səhifədəki şəkil]
Allahın Kəlamı həqiqi birliyin Mənbəyinin kim olduğunu göstərir.
[7-ci səhifədəki şəkil]
Xutu və tutsi tayfalarından olan Yehovanın Şahidləri birlikdə ibadət yeri tikirlər.