Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/4 s. 27—31
  • “Bu dünyanın səhnəsi dəyişir”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Bu dünyanın səhnəsi dəyişir”
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Sirr nəhayət ki, açılmışdır!
  • “Sonun vaxtı” təsdiq edilmişdir
  • Sonuncu səhnənin ifa edilmə tərzi
  • Ən yaxşısı hələ qarşıdadır!
  • “Axır günlərdə” yaşadığımızı haradan bilirik?
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Yehovanın gününü yaddaşınızda möhkəm saxlayın
    Vahid həqiqi Allaha ibadət edin
  • Allahın niyyəti tezliklə yerinə yetəcək
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
Gözətçi qülləsi 2004
w04 1/4 s. 27—31

“Bu dünyanın səhnəsi dəyişir”

“Qardaşlar, demək istəyirəm ki, vaxt azalmışdır” (1 KORİNFLİLƏRƏ 7:29).

1, 2. Yaşadığınız dövr ərzində hansı dəyişiklikləri görmüsünüz?

YAŞADIĞIN dövr ərzində hansı dəyişik­likləri görmüsən? Onlardan bə’zilərini sadalaya bilərsənmi? Məsələn, tibb elmindəki inkişafları götürək. Bu sahədəki araşdırmaların sayəsində müxtəlif ölkələrdə insan ömrünün orta müddəti XX əsrin əvvəllərində 50 ildən az idisə, bu gün 70 ildən çox olub! Həm də istifadə etdiyimiz radionun, televizorun, cib telefonlarının və faksların nə qədər faydalı olduğunu xatırlayaq. Təhsildə, nəqliyyatın inkişafında və insan hüquqlarının müdafiəsində olan nailiyyətləri də unutmaq olmaz, bütün bunlar milyonlarla insanların həyatını yaxşılaşdırıb.

2 Sözsüz ki, bütün dəyişikliklər bu qədər yaxşı olmamışdır. Cinayətin artdığını, mə’nəvi dəyərlərin endiyini, narkomaniyanın yayıldığını, boşanmaların sayının çoxaldığını, həmçinin inflyasiyanın artdığını və terrorizm təhlükəsinin hansı acınacaqlı nəticələrə gətirib çıxartdığını görməmək qeyri-mümkündür. Hər necə olsa da, ehtimal ki, sən çox illər bundan əvvəl həvari Pavelin yazdığı sözlərlə razılaşacaqsan: “Bu dünyanın səhnəsi dəyişir” (1 Korinflilərə 7:31, YD).

3. Pavel, “bu dünyanın səhnəsi dəyişir” dedikdə nəyi nəzərdə tuturdu?

3 Bu sözləri deyərkən Pavel dünyanı tamaşa ilə müqayisə edir. Tamaşanın ifaçıları — siyasətin, dinin və mədəniyyətin görkəmli nümayəndələri — səhnəyə çıxır, rollarını ifa edir və sonra isə yerlərini başqalarına verirlər. Bu cür vəziyyət əsrlərlə davam edir. Keçmiş vaxtlarda sülalələr onilliklər, hətta yüzilliklər ərzində hökmranlıq edərdilər və dəyişikliklər çox yavaş-yavaş baş verirdi. Bu gün hər şey başqa cürdür: qatil gülləsi tarixin gedişatını bir an içində dəyişə bilər! Həqiqətən də, bu narahat vaxtlarda sabahkı günün bizə nə gətirəcəyini bilmirik.

4. a) Məsihçilər dünya hadisələrinə münasibətdə hansı müvazinətli nöqteyi-nəzərlərə malik olmalıdırlar? b) İnandırıcı hansı iki sıra sübutları nəzərdən keçirəcəyik?

4 Əgər dünya tamaşa, onun rəhbərləri isə ifaçılardırsa, onda məsihçilər tamaşaçılardıra. Lakin onlar “dünyadan” olmadıqları üçün, onları nə tamaşa, nə də ifaçıların şəxsiyyəti maraqlandırır (Yəhya 17:16). Əksinə, onları daha çox başqa şey — dramın öz son həddinə, faciəli sonuna çatmasının əlamətləri maraqlandırır, çünki onlar bilirlər ki, Yehova çoxdan gözlənilən ədalətli yeni dünyanı bərpa etməzdən əvvəl bu sistem öz sonuna çatmalıdırb. Buna görə də gəlin sonun vaxtında yaşadığımızı və yeni dünyanın yaxın olduğunu göstərən iki sıra sübutu nəzərdən keçirək. Bunlar 1) Müqəddəs Kitab xronologiyası və 2) dünyadakı şəraitlərin pisləşməsidir (Matta 24:21; 2 Peter 3:13).

Sirr nəhayət ki, açılmışdır!

5. “Digər xalqların vaxtı” nə deməkdir və bu vaxt bizi nəyə görə maraqlandırır?

5 Xronologiya müxtəlif hadisələrin dəqiq vaxtını öyrənir. İsa, dünya rəhbərlərinin Allahın Padşahlığının müdaxiləsi olmadan yerin işlərini idarə edəcəkləri bir vaxt haqqında bəhs etmişdir. İsa bu dövrü “digər xalqların vaxtı” adlandırırdı (Luka 21:24). Tə’yin olunmuş bu vaxt başa çatanda hakimiyyətə, qanuni Hökmdar olan İsanın başçılığı altında Allahın səmavi Padşahlığı gələcəkdir. Əvvəlcə İsa “düşmənlərinin arasında” rəhbərlik edirdi (Məzmur 110:2). Sonra, Daniel 2:44-də yazılan hadisə baş verir: “Padşahlıq... bu padşahlıqların [insan hakimiyyətlərinin] hamısını... parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq”.

6. “Digər xalqların vaxtı” nə zaman başlandı, nə qədər davam etdi və nə zaman sona çatdı?

6 “Digər xalqların vaxtı” nə zaman başa çatmalı və Allahın Padşahlığının rəhbərliyi nə zaman başlamalıdır? Bu sualın cavabı “sonun vaxtına qədər... möhürlüdür” və Müqəddəs Kitab xronologiyası ilə əlaqəlidir (Daniel 12:9). “Sonun vaxtı”nın yaxınlaşması ilə əlaqədar Yehova addımlar atdı ki, bu sualın cavabı Müqəddəs Kitabın təvazökar Tədqiqatçıları qrupuna aydın olsun. Allahın ruhunun köməyi ilə onlar başa düşdülər ki, “digər xalqların vaxtı” eramızdan əvvəl 607-ci ildə Yerusəlim məhv ediləndə başlamış və həmin “vaxtın” uzunluğu 2 520 ildir. Bundan irəli gələrək onlar müəyyən etdilər ki, “digər xalqların vaxtı” 1914-cü ildə başa çatmışdır. Onlar həm də başa düşdülər ki, 1914-cü il bu pis sistemin sonunun başlanğıcı olmuşdur. Sən Müqəddəs Kitabın tədqiqatçısı kimi, 1914-cü ilin necə hesablandığını Müqəddəs Yazıların köməyi ilə izah edə bilərsənmi?c

7. Daniel kitabında xatırlanan yeddi vaxtın başlanğıcını, davamını və sonunu müəyyən etməkdə Müqəddəs Yazıların hansı hissələri bizə kömək edir?

7 Bu sirrin açarı Daniel kitabında verilir. “Digər xalqların vaxtı”nın əvvəlində, Yehova eramızdan əvvəl 607-ci ildə Yerusəlimi məhv etmək üçün Babil padşahı Navuxodonosoru istifadə etdiyinə görə bu padşahın vasitəsilə bildirdi ki, xalqlar yeddi simvolik vaxt ərzində Allahın müdaxiləsi olmadan yaşayacaqlar (Hezekiel 21:26, 27; Daniel 4:16, 23-25). Bu yeddi vaxt nə qədər davam etməli idi? Vəhy 11:2, 3 və 12:6, 14 ayələrinə əsasən üç yarım vaxt 1 260 günə bərabərdir. Deməli, yeddi vaxt iki dəfə artıq, yə’ni 2 520 gün çəkir. Bununla hər şey bitirmi? Xeyr, çünki Yehova Danielin müasiri olan Hezekiel peyğəmbərə belə bir izahat verdi: “Hər gün bir il yerinə, sənin üzərinə bunu qoydum” (Hezekiel 4:6). Beləliklə, əslində yeddi vaxt 2 520 il davam etməli idi. Eramızdan əvvəl 607-ci ildən 2 520 il saysaq belə nəticəyə gələ bilərik ki, “digər xalqların vaxtı” 1914-cü ildə başa çatmalı idi.

“Sonun vaxtı” təsdiq edilmişdir

8. Dünyadakı vəziyyətin 1914-cü ildən pisləşdiyinə dair siz hansı dəlilləri gətirə bilərsiniz?

8 1914-cü ildən başlayaraq dünyada baş vermiş hadisələr, yuxarıda verilən Müqəddəs Kitab xronologiyasının izahının doğruluğunu təsdiq edir. İsa özü demişdir ki, “dövrün sonu” zamanı müharibələr, aclıq və xəstəliklər olacaqdır (Matta 24:3-8; Vəhy 6:2-8). Və 1914-cü ildən başlayaraq məhz bu hadisələr baş verir. Həvari Pavel insanların bir-birlərinə münasibətlərinin əməlli dərəcədə dəyişəcəyini bildirərək, başqa mə’lumatları əlavə etmişdir. Dəyişikliklərə dair onun verdiyi təsvir, bizim müşahidə etdiyimiz kimi olduqca dəqiqdir (2 Timoteyə 3:1-5).

9. Müşahidəçilər 1914-cü ildən başlayaraq dünyada baş verən vəziyyət barədə nə deyirlər?

9 “Bu dünyanın səhnəsi” 1914-cü ildən başlayaraq həqiqətənmi olduqca çox dəyişilmişdir? “1914-cü ilin nəsli” kitabında professor Robert Vol qeyd edir: “Müharibədən sağ çıxanlar, 1914-cü ilin avqust ayında bir dünyanın mövcudluğuna son qoyulduğuna və başqa bir dünyanın başladığına inanmaqdan heç zaman vaz keçməyəcəklər” (“The Generation of 1914”). Bunu təsdiq edərək, Ümumdünya Səhiyyə Təşkilatında psixi sağlamlıq şö’bəsinin direktoru doktor Jorj Kosta-i-Silva yazırdı: “Biz, həddindən artıq sür’ətli dəyişikliklər dövründə yaşayırıq, bu isə indiyə qədər bəşəriyyətə mə’lum olmayan dərəcədə həyəcan və stressin əmələ gəlməsinə səbəb olur”. Sən buna şəxsi təcrübəndə əmin olmusanmı?

10. 1914-cü ildən başlayaraq dünyadakı vəziyyətin pisləşməsinin səbəbini başa düşməkdə Müqəddəs Kitab bizə necə kömək edir?

10 Dünyadakı vəziyyətin pisləşməsinin səbəbkarı kimdir? Vəhy 12:7-9 ayələri günahkarı ifşa edir: “Göydə müharibə oldu. Mikayıl [İsa Məsih] və onun mələkləri əjdaha ilə vuruşdular. Əjdaha [Şeytan İblis] və onun mələkləri onlara qarşı döyüşdülər. Amma gücləri çatmadı. Və göydə onlara artıq yer tapılmadı. İblis və şeytan... bütün dünyanı aldadan... yer üzünə atıldı”. Deməli, asayişi pozan Şeytan İblisdir və onun 1914-cü ildə göydən qovulması növbəti vəziyyətə səbəb oldu: “Yerə və dənizə vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi” (Vəhy 12:10, 12).

Sonuncu səhnənin ifa edilmə tərzi

11. a) Şeytan “bütün dünyanı” hansı üsullarla aldadır? b) Pavel diqqəti Şeytanın məqsədlərindən hansına yönəltdi?

11 Həlakının yaxınlaşdığını başa düşərək, Şeytan 1914-cü ildən başlayaraq “bütün dünyanı” daha sə’ylə aldatmağa çalışır. Həmişə aldatmaqda mahir olan Şeytan, səhnə arxasından hərəkət edir, səhnəyə isə ifaçıları — dünya liderlərini və yeni ideya təbliğatçılarını buraxır (1 Yəhya 5:19; 2 Timoteyə 3:13). Onun məqsədlərindən biri — insanları yalan vasitəsilə onun rəhbərlik tərzinin insanlara həqiqi sülh gətirəcəyinə inanmağa məcbur etməkdir. Ümumi götürdükdə onun təbliğatı baş tutur, çünki insanlar dünyadakı vəziyyətin pisləşdiyini göstərən sübutların çoxluğuna baxmayaraq, nikbinliyi qoruyub saxlayırlar. Həvari Pavel qabaqcadan demişdir ki, bu pis sistemin məhv edilməsindən əvvəl Şeytanın təbliğatı xüsusilə aydın şəkildə əks olunacaq. O yazmışdır: “İnsanlar: “Sülh və təhlükəsizlik”, — deyəndə qəflətən hamilə qadını doğuş ağrıları tutduğu kimi, onlar da həlaka uğrayacaq” (1 Saloniklilərə 5:3; Vəhy 16:13).

12. Bizim dövrdə sülhü bərqərar etmək üçün hansı sonsuz cəhdlər edilir?

12 Son illərdə siyasi xadimlər müxtəlif proqramları təsvir etmək üçün tez-tez “sülh və təhlükəsizlik” ifadəsini istifadə etmişlər. Onlar hətta 1986-cı ili Beynəlxalq sülh ili adlandırmışdılar, halbuki həmin il öz adını doğrultmadı. Dünya liderlərinin tətbiq etdikləri bu cür tədbirləri 1 Saloniklilərə 5:3 ayəsindəki sözlərin tam icrası adlandırmaq olarmı, yoxsa Pavel bütün dünyanın diqqətini cəlb edəcək daha konkret və daha aydın hadisələr haqqında danışırdı?

13. “Sülh və təhlükəsizlik” haqqında qabaqcadan xəbər verərkən bunun ardınca gələn həlakı Pavel nə ilə müqayisə etdi və bundan biz nə öyrənə bilərik?

13 Çox vaxt Müqəddəs Kitab peyğəmbərliklərini ya onlar yerinə yetdikdən, ya da yerinə yetməyə başladıqdan sonra tamamilə başa düşmək mümkün olduğu üçün, biz gözləməli və müşahidə etməliyik. Ancaq maraqlıdır ki, Pavel “sülh və təhlükəsizlik” e’lan olunandan sonra onun ardınca gələcək qəfil həlakı hamilə qadının doğum ağrıları ilə müqayisə etdi. Gələcək ana təxminən doqquz ay ərzində bətnində uşağın inkişaf etdiyinə dair əlamətləri daha güclü surətdə hiss edir. O, ehtimal ki, uşağın ürəyinin döyüntüsünü eşidir və ya onun hərəkətlərini hiss edir. Körpə hətta təpik də ata bilər. Əlamətlər adətən getdikcə daha aydın tərzdə təzahür olunur və nəhayət qadın bir qəfil, səbirsizliklə gözlənilən hadisəyə — uşağın doğum vaxtına şəhadət edən güclü ağrıları yaşamağa başlayır. Buna bənzər tərzdə, “sülh və təhlükəsizlik” haqqında qabaqcadan deyilənlər hansı surətdə yerinə yetsə də, onun ardınca qəfil, ağrılı, lakin son mərhələdə sevindirici hadisə — pisliyin məhv edilməsi və yeni dünya sisteminin bərpası başlanacaqdır.

14. Əgər ümumilikdə desək, gələcək hadisələr hansı ardıcıllıqla cərəyan edəcək və sonu necə olacaq?

14 Sadiq məsihçilər qarşıdan gələn həlakı kənardan həyəcanla müşahidə edəcəklər. Əvvəlcə yerin padşahları (Şeytanın təşkilatının siyasi hissəsi) Böyük Babilin tərəfdarlarının (onun dini hissəsinin) üzərinə hücum edəcək və onları məhv edəcəklər (Vəhy 17:1, 15-18). Süjetin bu cür gözlənilməz surətdə dəyişilməsi ilə Şeytanın padşahlığı özü-özlüyündə bölünmüş olacaq, bir hissə digər hissəyə qarşı duracaq və Şeytan bunun qarşısını almaq qüvvəsində olmayacaq (Matta 12:25, 26). Yehova yerin padşahlarının ürəyinə qoyacaq ki, Onun “məqsədini yerinə yetirsinlər”, yə’ni yer üzünü Onun dini düşmənlərindən təmizləsinlər. Yalan din məhv edildikdən sonra, İsa Məsih özünün səmavi ordularını Şeytanın təşkilatının qalan hissəsini — kommersiya və siyasi hissəsini tamamilə darmadağın etmək üçün aparacaq. Sonda Şeytan özü tərk-silah ediləcəkdir. Bununla birlikdə pərdə salınacaq və çoxəsrlik dram başa çatacaq (Vəhy 16:14-16; 19:11-21; 20:1-3).

15, 16. “Vaxt azalmışdır” xəbərdarlığı bizim həyatımıza necə tə’sir etməlidir?

15 Bütün bunlar nə zaman baş verəcək? Biz nə günü, nə də saatı bilirik (Matta 24:36). Lakin onu bilirik ki, “vaxt azalmışdır” (1 Korinflilərə 7:29). Buna görə də, qalan vaxtımızdan müdrikliklə istifadə etmək olduqca vacibdir. Bunu necə etmək olar? Pavelin verdiyi izahata əsasən, biz lazımsız işlərin hesabına daha vacib işlər üçün ‘hər fürsətdən istifadə etməli’, yə’ni müvafiq vaxtı satın almalı və hər günü qiymətləndirməliyik. Nəyə görə? “Çünki yaşadığımız günlər şərdir”. Və ‘Rəbbin iradəsi nədirsə, onu qavramaqla’ qalan qısa, qiymətli vaxtı hədər yerə sərf etməyəcəyik (Efeslilərə 5:15-17; 1 Peter 4:1-4).

16 Bütün dünya sisteminin parçalanacağını bilmək şəxsən bizə necə tə’sir etməlidir? Bizim rifahımız üçün həvari Peter yazırdı: “Əgər bütün bunlar bu cür məhv ediləcəksə, siz necə insanlar olmalısınız... müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız” (2 Peter 3:11). Həqiqətən biz necə insanlar olmalıyıq? Peterin müdrik nəsihətinə əsasən biz diqqətli olmalıyıq ki, 1) davranışımız müqəddəs olsun və 2) sə’yli xidmətimizdə həmişə Yehovaya dərin məhəbbət əks olunsun.

17. Sadiq məsihçilər Şeytanın hansı tələlərindən qorunmalıdırlar?

17 Əgər Allahı seviriksə, dünya nə qədər cəlb etməyə çalışsa da, bizdə ona qarşı bağlılıq inkişaf etməyəcək. Bu pis sistemin başına gələcək hadisələri nəzərə alaraq, zövq və səfaya cəlb edən dünyəvi həyat tərzinin bizi cəlb etməsinə və ovsunlamasına yol vermək təhlükəlidir. Bu dünyada yaşamağımıza və işləməyimizə baxmayaraq, dünyadan tam istifadə etməmək kimi müdrik məsləhətə qulaq asmalıyıq (1 Korinflilərə 7:31). Bundan əlavə, var qüvvəmizlə çalışmalıyıq ki, dünyəvi təbliğat bizi azdırmasın. Bu dünya öz problemlərini həll edə bilməyəcək. O, əbədiyyən mövcud ola bilməyəcək. Nəyə görə bu qədər əminik? Çünki Allahdan ilham almış Müqəddəs Yazılarda deyilir: “Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:17).

Ən yaxşısı hələ qarşıdadır!

18, 19. Yeni dünyadan hansı dəyişiklikləri gözləyirsiniz və nəyə görə gözləməyə dəyər?

18 Yehova tezliklə Şeytanı və onun tərəfdar­larını məhv edəcək. Bundan sonra, bu sistemin sonundan sağ çıxan sadiq insanlar Allahın xeyir-duası altında əbədiyyən mövcud olacaq yeni dekorasiyalar qurmağa başlayacaqlar. Müharibə bir daha həyatı kədərləndirməyəcək; Allah ‘yerin ucuna qədər cəngləri durduracaqdır’ (Məzmur 46:9). Ərzaq çatışmazlığı əvəzinə “buğda bolluğu” olacaqdır (Məzmur 72:16). Həbsxanalar, polis məntəqələri, cinsiyyət orqanları vasitəsilə ötürülən xəstəliklər, narkobaronlar, boşanma işləri ilə əlaqədar məhkəmələr, müflisləşmə və terrorizm aradan qaldırılacaqdır (Məzmur 37:29; İşaya 33:24; Vəhy 21:3-5).

19 Qəbirlər boşalacaq və səhnəyə yeni ifaçılar — milyardlarla dirilənlər qalxacaqlar. Bir nəsil digəri ilə birləşəndə və yaxın adamlar uzun ayrılıqdan sonra bir-birlərini mülayimlik və səmimiliklə bağırlarına basanda, necə də sevindirici olacaq! Nəticədə bütün yaşayanlar Yehovaya ibadət edəcəklər (Vəhy 5:13). Dekorasiyalar dəyişdikdən sonra pərdə yenidən qaldırılacaq və yer üzündəki Cənnətə mənzərə açılacaq. Yeni səhnəni nəzərdən keçirərkən hansı hissləri yaşayacaqsan? Şübhəsiz ki, ucadan bu sözləri deməyə təşviq olunacaqsan: “Mən bunu artıq çoxdan gözləyirdim, lakin gözləməyə dəyərmiş!”

[Haşiyələr]

a Digər kontekstdə Pavel məsh edilmiş məsihçilər haqqında “dünya, mələklər və insanlar üçün tamaşa” kimi bəhs etmişdir (1 Korinflilərə 4:9).

b Məsələn, Daniel 11:40, 44, 45 ayələrində haqqında bəhs edilən “şimal padşahının” kimi təmsil etdiyini “Danielin peyğəmbərliyinə diqqət yetirin!” kitabının (rus.) 280 və 281-ci səhifələrindən oxuyun.

c Müqəddəs Kitabın özü göstərir ki, Yerusəlim, əsir götürülmüş yəhudilərin eramızdan əvvəl 537-ci ildə vətənə qayıtmasından 70 il əvvəl məhv edilmişdir (Yeremya 25:11, 12; Daniel 9:1-3). “Digər xalqların vaxtı”, Yehovanın Şahidləri tərəfindən dərc olunmuş “Müqəddəs Yazıların əsasında mülahizə” kitabında, “Tarixlər” başlığı altında geniş müzakirə olunur (95-97-ci səhifələr, ing.).

Necə cavab verərdiniz?

• Pavelin “bu dünyanın səhnəsi dəyişir” sözləri bizim dövrümüzü dəqiqliklə necə təsvir edir?

• Müqəddəs Kitab xronologiyası “digər xalqların vaxtı”nın sonunu necə göstərir?

• Dünyadakı vəziyyətin dəyişilməsi 1914-cü ildə “sonun vaxtı”nın baş­landığını necə təsdiq edir?

• ‘Vaxtın azalması’ bizə necə tə’sir etməlidir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş