Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/12 s. 15—19
  • Çətin anlarda sevincini qoru

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Çətin anlarda sevincini qoru
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Yehova xoşbəxt Allahdır
  • Müdrik davranmaq vacibdir
  • Allahın iradəsini yerinə yetirməkdən sevinc duy
  • «Nə bəxtiyardır Allahı Rəbb olan xalq!»
  • Qoy Yehova sizi ovutsun
    Gözətçi qülləsi 2020
  • «Hər cür təsəlli» verən Yehovaya güvən!
    Gözətçi qülləsi 2011
  • O, ürəyini Allaha boşaltdı
    İman örnəkləri
  • Bugünkü fəlakətlərə cəsarətlə sinə gər
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/12 s. 15—19

Çətin anlarda sevincini qoru

«Sənə pənah gətirənlərsə qoy sevinsinlər, qoy Səni daima mədh etsinlər» (MƏZ. 5:11).

1, 2. a) Bu gün çoxlu bədbəxtliklərə səbəb olan nədir? b) Bütün insanların əziyyət çəkdiyi fəlakətlərdən əlavə, həqiqi məsihçilər daha nəyə tab gətirməli olurlar?

YEHOVANIN ŞAHİDLƏRİ bəşəriyyətin məruz qaldığı fəlakətlərdən sığorta olunmayıblar. Allahın bir çox xidmətçiləri cinayətlərin, müharibələrin və başqa ədalətsizliklərin qurbanı olmuşlar. Təbii fəlakətlər, yoxsulluq, xəstəlik və ölüm çoxlu bədbəxtliklərə səbəb olur. Həvari Pavelin sözləri yerinə düşür: «Bilirik ki, bütün xilqət indiyə kimi birlikdə fəryad edib doğum ağrısı çəkir» (Rom. 8:22). Bundan əlavə, biz öz qeyri-kamilliyimizdən əziyyət çəkirik. Biz qədimdə yaşamış Davud padşahın sözlərinə şərikik: «Təqsirlərim başımdan aşır, ağır yük tək onlara gücüm çatmır» (Məz. 38:4).

2 Bütün insanların əziyyət çəkdiyi fəlakətlərdən əlavə, həqiqi məsihçilər, məcazi dillə desək, ‘işgəncə dirəklərini’ (YD) daşıyırlar (Luka 14:27). Bəli, İsa kimi, onun şagirdləri də nifrət və təqiblərlə üzləşirlər (Mat. 10:22, 23; Yəh. 15:20; 16:2). Deməli, yeni dünyanın gətirəcəyi xeyir-duaları gözlədiyimiz ərəfədə Məsihin ardınca getmək üçün böyük səy və təhəmmül tələb olunur (Mat. 7:13, 14; Luka 13:24).

3. Haradan bilirik ki, Allahı razı salmaq üçün məsihçilərin əzab-əziyyət çəkmələri tələb olunmur?

3 Bəs bu o deməkdirmi ki, həqiqi məsihçilər özlərini sevinc və xoşbəxtlikdən məhrum edirlər? Son gələnə qədər həyatımız yalnız qəm-qüssədənmi ibarət olmalıdır? Aydındır ki, Yehova Onun vədlərinin həyata keçəcəyini gözlədiyimiz müddətdə bizim xoşbəxt olmağımızı istəyir. Müqəddəs Kitab dönə-dönə Allahın həqiqi xidmətçilərini xoşbəxt bir xalq kimi təsvir edir. (Yeşaya 65:13, 14 ayələrini oxu.) «[Yehovaya] pənah gətirənlərsə qoy sevinsinlər, qoy Səni daima mədh etsinlər»,— deyə Məzmur 5:11 ayəsində qeyd olunur. Bəli, əzab-əziyyətlərin içində belə böyük sevinc, qəlb rahatlığı və məmnunluq tapmaq mümkündür. Gəlin görək, Müqəddəs Kitab bizə sınaqlara sinə gərməyə və sevincimizi qorumağa necə kömək edə bilər.

Yehova xoşbəxt Allahdır

4. Allahın iradəsinə məhəl qoyulmayanda O, Özünü necə hiss edir?

4 Yehovanın nümunəsinə nəzər salaq. Qadir Allah olduğu üçün bütün Kainat Onun hakimiyyəti altındadır. Onun heç kimə və heç nəyə ehtiyacı yoxdur. Misilsiz qüdrət sahibi olmasına baxmayaraq, ruhani oğullarından biri üsyan qaldırıb Şeytan olanda, ehtimal ki, O, çox məyus olmuşdu. Başqa mələklərin də üsyana qoşulması, görünür, Ona pis təsir etmişdi. Yaratdığı fiziki varlıqların şah əsəri olan Adəmlə Həvva Ona arxa çevirəndə Onun çəkdiyi ağrı-acını təsəvvür etmək olar. O vaxtdan bu günə qədər milyardlarla insanlar Yehovanın hökmranlığını rədd edirlər (Rom. 3:23).

5. Yehovaya ən çox ürək ağrısı gətirən nədir?

5 Şeytanın qaldırdığı üsyan hələ də davam edir. Təxminən 6 000 ildir ki, Yehova insanlar arasında hökm sürən bütpərəstliyi, zorakılığı, qatillik və iyrənc cinsi əxlaqsızlığı müşahidə edir (Yar. 6:5, 6, 11, 12). Üstəlik, çoxlu yalan və küfr eşidir. Hətta bəzən həqiqi xidmətçiləri belə Onun hisslərinə toxunur. Bu kimi vəziyyətlərdən birini Müqəddəs Kitab belə təsvir edir: «Neçə dəfə səhrada Ona qarşı çıxdılar, neçə dəfə çöllükdə Onu kədərləndirdilər! Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xatirinə dəydilər» (Məz. 78:40, 41). Bəli, xidmətçiləri Ondan üz döndərəndə O pərişan olur (Yer. 3:1-10). Göründüyü kimi, pis şeylər baş verir və bunu görmək Yehovaya ürək ağrısı gətirir. (Yeşaya 63:9, 10 ayələrini oxu.)

6. Yehova narahatçılıq doğuran vəziyyətlərə necə baxır?

6 Lakin ağrı-acı və məyusluq ucbatından Yehova əllərini yanına salmayıb. Çətinlik yarananda Yehova qəti addımlar atdı ki, baş verən hadisələrin acı nəticələrini mümkün qədər minimuma endirsin. Həmçinin O, uzunmüddətli tədbirlər gördü ki, sonda niyyəti həyata keçsin. Buna görə də Yehova ali hökmranlığının bəraət qazanacağı və bunun sadiq xidmətçilərinə xeyir-dualar gətirəcəyi vaxtı həsrətlə gözləyir (Məz. 104:31). Bəli, Yehova Ona atılan böhtanlara baxmayaraq, ‘xoşbəxt Allahdır’ (YD) (1 Tim. 1:11; Məz. 16:11).

7, 8. İşimiz düz getməyəndə Yehovanı necə təqlid edə bilərik?

7 Əlbəttə, problemləri həll etmək bacarığında Yehovaya çata bilmərik. Amma gəlin bədbəxtlik üz verəndə Onu təqlid edək. İşimiz düz getməyəndə ruh düşkünlüyü hiss etmək normaldır, amma biz bu hisslərə qapılıb qalmamalıyıq. Yehovanın surətində yaradıldığımız üçün düşünmə qabiliyyətinə və müdrikliyə malikik. Və bunun sayəsində problemlərimizi təhlil edir və mümkün olan hallarda onları həll edirik.

8 Problemlərin öhdəsindən gəlməyə kömək edən mühüm amillərdən biri müəyyən şeylərin sadəcə olaraq bizdən asılı olmadığını qəbul etməkdir. Belə şeylərdən ötrü özümüzü üzmək bizi daha da məyus edər və həqiqi ibadətin gətirdiyi sevincdən məhrum edə bilər. Problemi həll etmək üçün lazımi tədbirlər gördükdən sonra onu başımızdan atmaq və daha səmərəli işlərlə məşğul olmaq daha yaxşı olardı. Bunu Müqəddəs Kitabda qələmə alınan əhvalatlardan aydın görmək olar.

Müdrik davranmaq vacibdir

9. Xannanın müdrik davrandığı nədən görünür?

9 Şamuel peyğəmbərin anası olan Xannanın nümunəsinə baxaq. O, kədərə qərq olmuşdu, çünki sonsuz idi və buna görə günüsü ona istehza edirdi. Bəzən Xanna o qədər ruhdan düşürdü ki, ağlamaqdan boğazından çörək belə keçmirdi (1 Şam. 1:2-7). Bir dəfə o, Yehovanın ibadətgahına gələndə ‘ürək yanğısı ilə dua edərək acı-acı ağladı’ (1 Şam. 1:10). Xanna ürəyini Yehovaya boşaldandan sonra baş kahin Eli ona yaxınlaşıb dedi: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın!» (1 Şam. 1:17). Xanna başa düşdü ki, əlindən gələni edib — sonsuzluğunu aradan qaldırmaq onun əlində deyil. Bu, müdrik hərəkət idi. O, öz «yolu ilə getdi və yemək yedi. Artıq çöhrəsi kədərli deyildi» (1 Şam. 1:18).

10. Pavel həll edə bilmədiyi problemlə üzləşəndə hansı düşüncə tərzini əks etdirdi?

10 Üzücü xəstəlikdən əzab çəkən həvari Pavel də eyni əhval-ruhiyyə təzahür etdirdi. Pavel bu xəstəliyi ‘bədəninə [verilən] bir neştər’ adlandırırdı (2 Kor. 12:7). Hansı xəstəliyi olmasından asılı olmayaraq, Pavel onu aradan qaldırmaq üçün Yehovaya dua edərək əlindən gələni edirdi. Pavel problemi ilə əlaqədar Yehovaya düz üç dəfə yalvarmışdı. Üçüncü dəfədən sonra Allah Pavelə bildirdi ki, bu neştəri möcüzəli şəkildə aradan qaldırmayacaq. Pavel bu faktı qəbul edib diqqətini Yehovaya tam şəkildə xidmət etməyə yönəltdi. (2 Korinflilərə 12:8-10 ayələrini oxu.)

11. Bədbəxtliklərin öhdəsindən gəlməkdə dua və niyazlar hansı rolu oynayır?

11 Bu nümunələr o demək deyil ki, bizi narahat edən məsələlər barədə artıq Yehovaya dua etməli deyilik (Məz. 86:7). Əksinə, Allahın Kəlamı bizi təşviq edir: «Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin». Yehova bu cür niyaz və xahişlərə necə cavab verəcək? Müqəddəs Kitab əlavə edir: «Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır» (Filip. 4:6, 7). Düzdür, ola bilsin, Yehova problemlərimizi istədiyimiz kimi həll etməsin, amma duamıza cavab olaraq düşüncələrimizi qoruya bilər. Bizi narahat edən məsələ barədə dua etdikdən sonra narahatçılığa qərq olmağın nə qədər təhlükəli olduğunu dərk edə bilərik.

Allahın iradəsini yerinə yetirməkdən sevinc duy

12. Nəyə görə uzun çəkən ruh düşkünlüyü təhlükəli ola bilər?

12 Süleymanın məsəlləri 24:10 ayəsində açıq deyilir: «Dar gündə taqətdən düşsən, necə də zəif adamsan!» Başqa məsəldə isə deyilir: «Ürəyin kədəri könlü sındırar» (Sül. məs. 15:13). Bəzi məsihçilər o qədər ruhdan düşmüşlər ki, Müqəddəs Kitabı oxumağa və üzərində düşünməyə son qoymuşlar. Artıq onların duaları səthidir və ola bilsin, özlərini həmimanlılarından təcrid edirlər. Aydın məsələdir ki, ruh düşkünlüyü ilə mübarizə aparmasaq, axırı pis ola bilər (Sül. məs. 18:1, 14).

13. Ruh düşkünlüyünü aradan qaldıran və bizə sevinc bəxş edən bəzi məşğuliyyətlər hansılardır?

13 Müsbət əhval-ruhiyyə isə diqqətimizi həyatdan sevinc və məmnunluq ala biləcəyimiz şeylərə cəmləməyə kömək edəcək. Davud yazırdı: «Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir» (Məz. 40:8). Həyatımızda hər şey alt-üst olanda xidmət qrafikimizi pozmaq fikrini ağlımıza belə gətirməməliyik. Əslində, sevinc gətirən işlərlə məşğul olmaq ruh düşkünlüyünün öhdəsindən gəlməyə kömək edir. Yehova bizi Onun Kəlamını müntəzəm oxuyub üzərində düşünməyə təşviq edir, çünki bilir ki, bu, bizə xoşbəxtlik gətirə bilər (Məz. 1:1, 2; Yaq. 1:25). Həm Müqəddəs Yazılardan oxuduğumuz, həm də məsihçi görüşlərində eşitdiyimiz «xoş sözlər» bizi ruhlandırır və ürəyimizi şad edir (Sül. məs. 12:25; 16:24).

14. Allahın hansı vədi bu gün bizə sevinc gətirir?

14 Sevinmək üçün Allah bizə çoxlu səbəblər verib. Onun qurtuluşa dair verdiyi vəd bizə böyük xoşbəxtlik gətirir (Məz. 13:5). Bu gün bizimlə nə baş verməsindən asılı olmayaraq, əminik ki, Allah Onu səylə axtaranları axırda mükafatlandıracaq. (Vaiz 8:12 ayəsini oxu.) Habaqquq peyğəmbər buna tam əmin olduğunu gözəl sözlərlə ifadə edib: «Əncir ağacı tumurcuqlanmasa da, meynələr bar gətirməsə də, zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, tarlalar məhsul yetişdirməsə də, qoyun-keçi ağıllarda, mal-qara tövlələrdə yox olsa da, mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam!» (Hab. 3:17, 18).

«Nə bəxtiyardır Allahı Rəbb olan xalq!»

15, 16. Gələcək xeyir-duaları gözlədiyimiz müddətdə Allahın hansı ənamlarından zövq ala bilərik?

15 Yehova istəyir ki, yeni dünyanı gözlədiyimiz müddətdə Onun indi verdiyi yaxşı şeylərdən sevinc duyaq. Müqəddəs Kitabda deyilir: «Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir» (Vaiz 3:12, 13). ‘Xeyirxahlıq etmək’ həmçinin başqaları üçün yaxşı işlər görmək deməkdir. İsa demişdir ki, vermək almaqdan daha böyük xoşbəxtlik gətirir. Ömür-gün yoldaşımıza, övladlarımıza, valideynlərimizə və digər qohum-əqrəbalarımıza yaxşılıq etmək bizə dərin məmnunluq bəxş edir (Sül. məs. 3:27). Həmçinin ruhani bacı-qardaşlarımıza qarşı mehriban və qonaqpərvər olmaq, eləcə də bağışlamağı bacarmaq bizə çoxlu sevinc gətirir və Yehovanı razı salır (Qalat. 6:10; Kolos. 3:12-14; 1 Pet. 4:8, 9). Xidmətimizi fədakarlıq ruhu ilə yerinə yetirmək də əsil xeyir-duadır.

16 Yuxarıda «Vaiz» kitabından sitat gətirilən ayələrdə həyatda bizə zövq gətirən yemək və içmək kimi sadə şeylərdən bəhs edilir. Bəli, hətta sınaqlara məruz qalanda belə Yehovanın bəxş etdiyi maddi ənamlardan zövq ala bilərik. Günəşin heyrətamiz qürubu, möhtəşəm mənzərələr, heyvan balalarının oynaşması və təbiətin digər möcüzələri pulsuzdur, amma onlar bizə dərin ehtiram hasil edir və sevinc gətirir. Bu kimi şeylər üzərində düşünəndə Yehovaya məhəbbətimiz artır, çünki hər yaxşı bəxşiş Ondandır.

17. Nəyin sayəsində əzab-əziyyətlərdən azad olacağıq və hələlik bizə nə təsəlli gətirir?

17 Nəhayət, Allaha olan məhəbbətin, Onun əmrlərinə tabe olmağın və fidyə qurbanlığına iman gətirməyin sayəsində qeyri-kamil həyatın ağrı-acılarından tamamilə azad olacaq və əbədiyyən sevinc içində yaşayacağıq (1 Yəh. 5:3). Hələlik isə çəkdiyimiz bütün əzab-əziyyətlərdən Yehovanın agah olması bizə təsəlli verir. Davud yazırdı: «Mən Sənin məhəbbətində şad olub sevinəcəyəm, çünki məzlum halımı görmüsən, çəkdiyim əzabı bilmisən» (Məz. 31:7). Məhəbbətdən irəli gələrək, Yehova bizi bütün əzab-əziyyətlərdən azad edəcək (Məz. 34:19).

18. Nəyə görə Allahın xalqı arasında sevinc hökm sürməlidir?

18 Bu vədlərin yerinə yetməsini gözlədiyimiz müddətdə gəlin xoşbəxt Allahımız Yehovanı təqlid edək. Gəlin bizi ruhani cəhətdən taqətdən salan mənfi hisslərdən uzaq olaq. Problemlər yarananda qoy düşünmək qabiliyyətimiz və praktiki müdriklik bizə yol göstərsin. Yehova bizə hisslərimizə hakim olmağa və bədbəxtliklərin pis nəticələrini azaltmağa kömək edəcək. Qoy Allahın bizə bəxş etdiyi maddi və ruhani ənamlar bizə sevinc gətirsin. Allaha bağlı qalsaq, həyatdan sevinc duyacağıq, çünki Allahı Yehova olan xalq bəxtiyardır! (Məz. 144:15).

Siz nə öyrəndiniz?

• Bədbəxtliklərlə üzləşəndə Yehovanı necə təqlid edə bilərik?

• Müdriklik bədbəxtliklərin öhdəsindən gəlməkdə necə kömək edir?

• Çətin anlarda Allahın iradəsini yerinə yetirməkdən necə sevinc əldə edə bilərik?

[16-cı səhifədəki şəkil]

Dünyada baş verən pisliklər Yehovaya ürək ağrısı gətirir

[İcazə ilə]

© G.M.B. Akash/Panos Pictures

[18-ci səhifədəki şəkil]

Sevinmək üçün Yehova bizə çoxlu səbəblər verib

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş