Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/6 s. 27—31
  • Gənclər üçün xeyir-dua olan qocalar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gənclər üçün xeyir-dua olan qocalar
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • İndiyədək tə’sirini itirməyən iman
  • Ailə üzvlərinə tə’siri
  • Həmimanlılara göstərdikləri tə’sir
  • Şamuel ‘saleh iş görürdü’
  • Gələcək nəslə tə’lim
  • Yehova nəvazişlə yaşlı xidmətçilərinin qayğısına qalır
    Gözətçi qülləsi 2008
  • Allah İbrahimi və ailəsini xeyir-dualandırır
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • İbrahim peyğəmbər kim idi?
    Gözətçi qülləsi 2012
  • Yaşlılar məsihçi qardaşlığımızın qiymətli üzvləridir
    Gözətçi qülləsi 2004
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/6 s. 27—31

Gənclər üçün xeyir-dua olan qocalar

«Yaşa dolub saçıma dən düşənə qədər gələcək nəslə qüvvətini, gələcək nəslin hər birinə qüdrətini e’lan edəcəyəm. Ey Allah, məni tərk etmə» (MƏZMUR 71:18).

1, 2. Yaşlı insanlar nəyi unutmamalıdırlar və bu məqalədə nəyi araşdıracağıq?

QƏRBİ AFRİKADA bir ağsaqqal qoca məsh olunmuş qardaşa baş çəkəndə: «İşlərin necədir?» — deyə ondan soruşdu. Cavabında qardaş: «Qaça bilirəm, tullana bilirəm», — deyərək həmin hərəkətləri göstərməyə calışdı. «Ancaq», — o əlavə etdi, — «uça bilmirəm». Nə demək istədiyi aydın idi. «Bacardığımı canla-başla edirəm, bacarmadığımı isə etmirəm». İndi 80 yaşlarında olan həmin ağsaqqal o qardaşın yumor hissini və sədaqətini sevə-sevə xatırlayır.

2 Yaşlı adamın göstərdiyi xoş, Allaha məqbul xüsusiyyətlər ətrafdakılarda unudulmayan təəssürat oyada bilər. Əlbəttə, yaş öz-özünə nə müdriklik gətirir, nə də məsihçi xüsusiyyətləri yaradır (Vaiz 4:13). Müqəddəs Kitabda bu haqda deyilir: «Ağaran saçlar şərəf tacıdır, salehlik yolunun qazancıdır» (Süleymanın məsəlləri 16:31). Əgər siz də yaşa dolmusunuzsa, sözlərinizin və hərəkətlərinizin başqalarına nə qədər fayda gətirə biləcəyini başa düşürsünüzmü? Gəlin yaşlı insanların gənclər üçün necə böyük xeyir-dua olduğunu göstərən bir neçə Müqəddəs Kitab nümunəsini araşdıraq.

İndiyədək tə’sirini itirməyən iman

3. Nuhun sadiqliyi indi yaşayan insanlara hansı faydanı gətirdi?

3 Nuhun iman və dözümündən bu gün biz də faydalanırıq. Nuh gəmi düzəldib heyvanları yığanda, o cümlədən insanlara təbliğ edəndə 600-ə yaxın yaşı var idi (Yaradılış 7:6; 2 Peter 2:5). Allah qorxusu sayəsində, Nuh ailəsi ilə birlikdə böyük Daşqından sağ çıxdı və bu gün yer üzündə yaşayan bütün insanların ulu babası oldu. Düzdür, Nuhun dövründə insanların ömrü uzun idi. Ancaq lap qoca vaxtında da Nuh Allaha sadiq qaldı, bu da böyük xeyir-dualar gətirdi. O, Allaha nədə sadiq qaldı?

4. Nuhun dözümlü olması Allahın müasir xidmətçilərinə hansı faydanı gətirir?

4 Nəmrud Yehovanın «yer üzünü bürüyün» əmrinə zidd gedərək Babil qülləsini tikməyə başlayanda Nuh təxminən 800 yaşında idi (Yaradılış 9:1; 11:1-9). O, Nəmrudun üsyanına qoşulmadı. Yəqin buna görə də Allah üsyankarların dilini qarışdıranda Nuhun dilini dəyişmədi. Nuhun təkcə qoca yaşında deyil, bütün ömrü boyu göstərdiyi iman və dözümlülük Allahın hər yaşdan olan xidmətçiləri üçün təqlid edilməli nümunədir (İbranilərə 11:7).

Ailə üzvlərinə tə’siri

5, 6. a) İbrahimin 75 yaşı olanda Yehova ona nə tapşırdı? b) İbrahim Allahın tapşırığına necə münasibət göstərdi?

5 Qocaların ailə üzvlərinin imanına tə’sir göstərməsi Nuhdan sonra yaşayan Allahın xidmətçilərinin nümunəsindən aydın görünür. Allah İbrahimə: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm», — deyəndə onun 75 yaşı var idi (Yaradılış 12:1, 2).

6 Təsəvvür edin ki, sizdən evinizi, dostlarınızı, doğma diyarınızı və qohum-əqrabanızı tərk edib, tanımadığınız yerə getməyinizi istəyirlər. İbrahim məhz belə bir tapşırıq almışdı. O, «Rəbbin ona söylədiyi kimi oradan çıxdı» və ömrünün qalan illərini Kən’an torpağında çadırlarda keçirib, qərib və köçəri kimi yaşadı (Yaradılış 12:4; İbranilərə 11:8, 9). Yehova İbrahimdən ‘böyük millət törədəcəyini’ və’d etsə də, o, nəslinin sayı artmazdan çox əvvəl öldü. İbrahim Və’d edilmiş diyarda 25 il yaşadıqdan sonra arvadı Sara yalnız bir övlad — İshaqı dünyaya gətirdi (Yaradılış 21:2, 5). Amma İbrahim gözləməkdən təngə gəlmədi və çıxdığı şəhərə dönmədi. Necə də gözəl iman və dözüm nümunəsidir!

7. İbrahimin dözümlü olması oğlu İshaqa necə tə’sir göstərdi və bəşəriyyətə hansı faydanı gətirdi?

7 İbrahimin dözümlü olması ömrü boyu, yə’ni 180 il qərib və köçəri kimi Kən’anda yaşayan oğlu İshaqa böyük tə’sir göstərmişdi. İshaq Allahın və’dinə inandığı üçün dözümlü oldu. Bu imanı ona əvvəlcə qoca ata-anası aşılamış, sonra isə Yehova onunla danışaraq möhkəmləndirmişdi (Yaradılış 26:2-5). Yehova bəşəriyyətə xeyir-dua gətirəcək Zürriyyətin İbrahimdən törəyəcəyini və’d etmişdi, İshaqın mətanətli olması isə bu niyyətin yerinə yetməsində həlledici rolu oynadı. Yüzlərlə illər keçəndən sonra Zürriyyətin əsas hissəsi olan İsa Məsih ona iman gətirənlər üçün Allahla barışmağa və əbədi həyatı almağa yol açdı (Qalatiyalılara 3:16, KM; Yəhya 3:16).

8. Yaqub sarsılmaz imana sahib olduğunu necə nümayiş etdirdi və nəticəsi nə oldu?

8 İshaq da, öz növbəsində, oğlu Yaquba qoca vaxtında ona dayaq olan sarsılmaz imana sahib olmağa kömək etdi. Yaqub xeyir-dua almaq üçün bütün gecəni mələklə güləşəndə 97 yaşı var idi (Yaradılış 32:24-28). 147 yaşlı Yaqub ölüm yatağında ikən var gücünü toplayıb 12 oğlunun hər birinə xeyir-dua verdi (Yaradılış 47:28). Yaqubun Yaradılış 49:1-28 ayələrində yazılan peyğəmbərlik sözləri düz çıxdı və hələ də yerinə yetməkdədir.

9. Yaşa dolmuş insanlar öz ailə üzvlərinə necə tə’sir göstərirlər?

9 Gördüyümüz kimi, Allahın sadiq qocaman xidmətçiləri ailə üzvlərinə yaxşı tə’sir göstərə bilərlər. Müqəddəs Kitaba əsaslanan nəsihətlə yanaşı ağıllı məsləhət və dözüm nümunəsi uşağın möhkəm imana sahib olmasına çox böyük kömək edə bilər (Süleymanın məsəlləri 22:6). Yaşa dolmuş insanlar öz ailə üzvlərinə güclü tə’sir göstərdiklərini heç zaman unutmamalıdırlar.

Həmimanlılara göstərdikləri tə’sir

10. Yusifin ‘sümükləri haqqında əmri’ nədən ibarət idi və bu, başqalarına necə tə’sir göstərmişdi?

10 Yaşlı bacı-qardaşlar həmimanlılara da yaxşı tə’sir edə bilərlər. Yaqubun oğlu Yusif qoca vaxtında imandan irəli gələrək etdiyi sadə bir hərəkəti ilə özündən sonra yaşayan milyonlarla Allahın xidmətçisinə böyük tə’sir göstərdi. O, ‘sümükləri haqqında əmr verəndə’, yə’ni israillilərin Misiri tərk edən zaman onun sümüklərini özləri ilə aparmağı tapşıranda 110 yaşında idi (İbranilərə 11:22; Yaradılış 50:25). Bu əmr Yusifin ölümündən sonra uzun illər köləlik edən israillilər üçün ümid şəfəqi kimi saçaraq qurtuluşun gələcəyinə onları əmin edirdi.

11. Qoca Musa Yeşuaya necə tə’sir göstərmişdi?

11 Yusifin imanından bəhrələnənlər arasında Musa da var idi. Musa 80 yaşında olanda Yusifin sümüklərini Misirdən çıxardı (Çıxış 13:19). Elə həmin arada yaşca ondan çox kiçik olan Yeşua ilə tanış oldu. Sonrakı 40 il ərzində Yeşua Musaya xidmət etdi (Saylar 11:28). Onu Sina dağına gedəndə müşayiət etmiş və şəhadət lövhələri ilə dağdan enənə qədər orada gözləmişdi (Çıxış 24:12-18; 32:15-17). Şübhəsiz, qoca Musa Yeşua üçün ağıllı, düzgün məsləhət qaynağı idi.

12. Yeşua ömrü boyu İsrail xalqına necə tə’sir göstərmişdi?

12 Yeşua isə öz növbəsində ömrü boyu bütün İsrail xalqına yaxşı tə’sir göstərirdi. Hakimlər 2:7 ayəsində deyilir: «Yeşuanın bütün ömrü boyu Rəbbin İsrail üçün etdiyi bütün böyük işləri görən və Yeşuadan sonra sağ qalan ağsaqqalların bütün ömrü boyunca xalq Rəbbə qulluq etdi». Yeşuanın və başqa ağsaqqalların ölümü ilə Şamuel peyğəmbərin günlərinədək davam edən, həqiqi və yalan ibadət arasındakı 300 illik tərəddüd dövrü başlandı.

Şamuel ‘saleh iş görürdü’

13. Şamuel hansı ‘saleh işləri’ görürdü?

13 Müqəddəs Kitabda Şamuelin neçə yaşında öldüyü haqda mə’lumat verilmir, ancaq «Birinci Şamuel» kitabında yazılanlar 102 ili əhatə edir, Şamuel isə onların çoxunun şahidi olmuşdur. İbranilərə 11:32, 33 (İ–93) ayələrində deyilir ki, saleh hakim və peyğəmbərlər ‘saleh iş görürdülər’. Bəli, Şamuelin tə’siri altında onun bə’zi müasirləri pislikdən əl çəkdilər (1 Şamuel 7:2-4). Nəyin sayəsində Şamuel yaxşı tə’sir göstərə bildi? O, ömrü boyu Yehovaya sadiq qaldı (1 Şamuel 12:2-5). Hətta padşahı da məzəmmət etməyə qorxmadı (1 Şamuel 15:16-29). Bundan başqa, ‘qocalıb, saçları ağarmış’ Şamuel başqaları üçün dua etməkdə yaxşı nümunə qoydu. O, israillilərə görə dua etməyi dayandırmağı «Rəbbə qarşı günah etmək» kimi qiymətləndirdi (1 Şamuel 12:2, 23).

14, 15. Yaşlı bacı-qardaşlar dua etməkdə Şamueldən necə nümunə götürə bilərlər?

14 Buradan Allahın qoca xidmətçilərinin həmimanlılarına dəyən əsas yaxşılığın nə olduğunu görürük. Sağlamlıqla bağlı və digər problemlərlə üzləşdikdə də, yaşlı məsihçilər başqaları üçün dua edə bilərlər. Əziz yaşa dolmuş bacı-qardaşlarımız, sizin dualarınızın yığıncaq üçün necə böyük xeyir-dua olduğunu bilirsinizmi? Məsihin tökülən qanına iman gətirdiyiniz üçün siz Yehova qarşısında yaxşı ad qazanmış, uzun illər ərzində mətanətli qaldığınız üçün isə ‘imanınız sınaqdan müvəffəqiyyətlə keçmişdir’ (Yaqub 1:3; 1 Peter 1:7). Heç vaxt unutmayın: «saleh adamın duası çox güclü və tə’sirlidir» (Yaqub 5:16).

15 Yehovanın işində sizin dualarınıza ehtiyac var. Bə’zi qardaşlarımız bitərəfliyi qoruduqları üçün həbsxanalarda yatırlar. Digərləri təbii fəlakətlər, müharibələr və ölkədaxili çəkişmələrin qurbanı olmuşlar. Yığıncaqlarımızdakı bacı-qardaşlar isə sınaqlarla və tə’qiblərlə üzləşirlər (Matta 10:35, 36). Təbliğ işinə və yığıncaqlara rəhbərlik edənlər də sizin müntəzəm dualarınıza ehtiyac duyurlar (Efeslilərə 6:18, 19; Koloslulara 4:2, 3). Necə də xoşdur ki, siz də Epafra kimi, həmimanlılarınızı dualarınızda xatırlayırsınız! (Koloslulara 4:12).

Gələcək nəslə tə’lim

16, 17. Məzmur 71:18 ayəsində hansı peyğəmbərlik yazılıb və o, necə yerinə yetir?

16 Yer üzündə yaşayacaq ‘başqa qoyunlar’ səmavi də’vətə malik olan ‘kiçik sürünün’ üzvləri ilə, yə’ni sadiq məsihçilərlə əməkdaşlıq edərək yaxşı tə’lim almışlar (Luka 12:32; Yəhya 10:16). Bu, Məzmur 71:18 ayəsində qabaqcadan deyilmişdi: «Yaşa dolub saçıma dən düşənə qədər gələcək nəslə qüvvətini, gələcək nəslin hər birinə qüdrətini e’lan edəcəyəm. Ey Allah, məni tərk etmə». Ruhla məsh edilmişlər İsa Məsihlə birgə izzətlənmək üçün göyə qalxmazdan əvvəl başqa qoyunları getdikcə artan məs’uliyyətlərə hazırlayırlar.

17 Məzmur 71:18 ayəsində haqqında danışılan ‘gələcək nəslin’ tə’lim alması, məsh olunmuşlardan tə’lim alan başqa qoyunlara da aid edilə bilər. Yehova yaşlı xidmətçilərinə həqiqi ibadətə yeni gələnlərə Özü haqqında şahidlik etmək səlahiyyətini verib (Yoel 1:2, 3). Məsh olunmuşlardan tə’lim almaq başqa qoyunlar üçün xeyir-duadır, onlar isə öz növbəsində bildiklərini Yehovaya xidmət etmək istəyən digər insanlarla bölüşürlər (Vəhy 7:9, 10).

18, 19. a) Yehovanın yaşlı xidmətçilərinin çoxu hansı qiymətli biliyi bölüşə bilər? b) Qoca məsihçilər nəyə əmin olmalıdırlar?

18 Həm məsh olunmuşlardan, həm başqa qoyunlardan olan Allahın qocaman xidmətçiləri təşkilatımızın tarixindəki vacib hadisələrin canlı şahidi olmuşlar. «Yaradılış fotodramı»nın ilk nümayişlərində iştirak edənlərin bə’ziləri hələ də sağdırlar. Bə’ziləri 1918-ci ildə həbs edilən məs’ul qardaşları şəxsən tanıyırdılar. Digərləri «Gözətçi Qülləsi» radiostansiyasında (WBBR) çalışmışlar. Bir çoxları Yehovanın Şahidlərinin dini azadlığına dair işlərinin ali məhkəmələrdə qələbə qazandığı vaxtlardan danışa bilərlər. Başqaları diktator rejimi altında həqiqi ibadətin tərəfində möhkəm durmuşlar. Qoca bacı-qardaşlar illər ərzində həqiqətin tədricən necə açıqlandığını danışa bilərlər. Müqəddəs Kitab bizi təşviq edir ki, dünyagörmüş bu insanlardan nümunə götürək (Qanunun təkrarı 32:7).

19 Allahın Kəlamı qoca məsihçiləri gənclərə nümunə olmağa çağırır (Titusa 2:2-4). Bəlkə də siz mətanət, dua və məsləhətlərinizin digərlərinə göstərdiyi tə’siri indi görmürsünüz. Nuh, İbrahim, Yusif, Musa və başqaları sadiq qalmaqlarının gələcək nəsillərə necə tə’sir göstərəcəyini bilə bilməzdilər. Lakin onların iman və nöqsansızlığının tə’siri böyük olduğu kimi, sizin də nümunəniz gələcək nəslə eyni cür tə’sir göstərə bilər.

20. Ümidini axıra qədər möhkəm qoruyanları hansı xeyir-dualar gözləyir?

20 ‘Həqiqi həyatı’ istər ‘böyük məşəqqətdən’ sağ çıxaraq, istər dirilənlərin arasında olaraq əldə etmək necə də gözəl olacaqdır! (Matta 24:21; 1 Timoteyə 6:19, İ–93). Məsihin Minillik Hökmranlığı dövründə qocalıqdan cavanlığa qayıtmağı bir təsəvvürünüzə gətirin. Biz hər səhər oyananda qocalığın acı əlamətlərini deyil, səhhətimizin yaxşılaşdığını — cavanlıq gücü ilə dolduğumuzu, gözlərimizə işıq gəldiyini, yaxşı eşitdiyimizi və daha yaxşı göründüyümüzü görəcəyik (Əyyub 33:25; Yeşaya 35:5, 6). Allahın yeni dünyasında insanlar əbədi yaşasalar da, həmişə cavan qalacaqlar (Yeşaya 65:22). Buna görə gəlin Yehovaya bütün ürəkdən xidmət edərək ümidimizi axıra qədər möhkəm saxlayaq. Əmin ola bilərik ki, Yehova bütün və’dlərini həyata keçirəcək və ümidlərimizi gözlədiyimizdən də artıq doğruldacaq (Məzmur 37:4; 145:16).

Necə cavab verərdiniz?

• Nuhun mətanətli olması bütün bəşəriyyətə hansı xeyir-duaları gətirdi?

• Qədimdə yaşamış ailə başçılarının imanı övladlarına necə tə’sir etmişdi?

• Yusif, Musa, Yeşua və Şamuel qoca vaxtlarında həmimanlılarını necə möhkəmləndirirdilər?

• Yaşlılar gələcək nəslə hansı mirası ötürə bilərlər?

[28-ci səhifədəki şəkil]

Musanın müdrik məsləhətləri Yeşuanı möhkəmləndirirdi.

[29-cu səhifədəki şəkil]

Başqaları üçün etdiyiniz duaların çox böyük xeyri var.

[30-cu səhifədəki şəkil]

Yehovanın sadiq qoca xidmətçiləri ilə ünsiyyət gənclərə çox fayda gətirə bilər.

[31-ci səhifədəki şəkil]

İbrahimin dözümlü olması İshaqa böyük tə’sir göstərdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş