Yehovanın aydın xəbərdarlıqlarına diqqət yetirirsənmi?
«Yol budur, gedin bu yolla» (YEŞAYA 30:21).
1, 2. Şeytanın məqsədi nədir və Allahın Kəlamı bizə necə kömək edir?
SƏHV istiqaməti göstərən yol işarəsi insanı azdırmaqla yanaşı, təhlükəli ola bilər. Tutalım, yaxın dostun səni xəbərdar edib ki, bir pis insan ehtiyatsız səyyahlara zərər vurmaq məqsədilə qəsdən yol işarəsini dəyişib. Məgər onun xəbərdarlığına qulaq asmayacaqsan?
2 Şeytan həmin pis insan kimi bizi əbədi həyata aparan yoldan azdırmaq məqsədini güdür (Vəhy 12:9). Bunun üçün o, əvvəlki məqalədə müzakirə etdiyimiz üsullardan istifadə edir (Mat. 7:13, 14). Amma şükürlər olsun ki, Şeytanın tələsinə düşməməyimiz üçün xeyirxah Allahımız Yehova bizi onun azdırıcı «yol işarələrindən» xəbərdar edir. İndi isə gəlin Şeytanın bizi azdırmaq üçün istifadə etdiyi daha üç üsulu araşdıraq. Allahın Kəlamı yolumuzu azmayaq deyə bizə göstərişlər verir. Gəlin həmin göstərişləri araşdıraraq arxamızdan: «Yol budur, gedin bu yolla», — deyərək bizə düzgün yolu göstərən Yehovanı təsəvvür etməyə çalışaq (Yeşaya 30:21). Onun aydın xəbərdarlıqları üzərində düşünmək bu göstərişlərə əməl etmək qətiyyətimizi möhkəmləndirəcək.
«Saxta müəllimlər»in ardınca getmə
3, 4. a) Nəyə görə saxta müəllimləri suyu qurumuş quyuya bənzətmək olar? b) Saxta müəllimlər haradan peyda olurlar və onların məqsədi nədir?
3 Təsəvvür et ki, yolun səhradan keçir və bərk susamısan. Birdən uzaqda su quyusu görüb ona tərəf gedirsən. Amma quyuya çatanda görürsən ki, içi boşdur. Məgər məyus olmayacaqsan? Saxta müəllimləri də suyu qurumuş quyuya bənzətmək olar. Həqiqət suları üçün onlara üz tutan insanlar çox məyus olacaqlar. Yehova həvari Pavel və Peter vasitəsilə bizi belə müəllimlərdən çəkindirir. (Həvarilərin işləri 20:29, 30; 2 Peter 2:1—3 ayələrini oxu.) Saxta müəllimlər kimlərdir? Allahın ilhamlandırdığı bu iki kitab bizə onların kimliyini və insanları necə aldatdıqlarını açıqlayır.
4 Həvari Pavel Efes yığıncağının ağsaqqallarına demişdi: «Sizin aranızdan adamlar peyda olacaq və... həqiqəti təhrif edəcəklər». Peter isə həmimanlılarına yazmışdı: «Sizin aranızda... saxta müəllimlər peyda olacaq». Deməli, saxta müəllimlər yığıncağın içindən çıxırlar. Onlar dönüklərdira. Onların məqsədi nədir? Dönüklər bir zamanlar sevdikləri təşkilatı tərk etməklə kifayətlənmirlər. Pavel izah edir ki, onların məqsədi «şagirdləri» arxalarınca aparmaqdır. Burada «şagird» sözü altında Məsihin davamçıları nəzərdə tutulur. Gedib özlərinə başqa yerdə şagird axtarmaq əvəzinə, dönüklər Məsihin şagirdlərini öz tərəflərinə çəkməyə çalışırlar. Yırtıcı canavarlar qoyunları parçaladığı kimi, saxta müəllimlər də yığıncaq üzvlərinin imanını məhv etmək və onları həqiqətdən döndərmək istəyirlər (Mat. 7:15; 2 Tim. 2:18).
5. Saxta müəllimlər bizi aldatmaq üçün hansı üsullara əl atırlar?
5 Saxta müəllimlər insanları aldatmaq üçün hiyləyə əl atırlar. Qaçaqmalçılar ölkəyə gizlin-gizlin mal gətirdiyi kimi, dönüklər də «xəlvətcə» zərərli təhrif olunmuş fikirlərini yığıncağa yeridirlər. Peşəkar cinayətkar orijinal sənəddən fərqlənməyən saxta sənəd düzəltdiyi kimi, dönüklər də «saxta» sözlərin və ya yalan dəlillərin köməyilə öz fikirlərini həqiqət kimi qələmə verməyə çalışırlar. Onlar Müqəddəs Yazıları təhrif edərək «yalan təlimlərini yayırlar» (2 Pet. 2:1, 3, 13; 3:16). Əlbəttə, dönüklər bunu bizim qeydimizə qaldıqlarına görə etmirlər. Əgər biz onların ardınca getsək, əbədi həyata aparan yoldan dönmüş olacağıq.
6. Saxta müəllimlərlə əlaqədar Müqəddəs Kitab bizə hansı məsləhəti verir?
6 Özümüzü saxta müəllimlərdən necə qoruya bilərik? Müqəddəs Kitab buna dair aydın məsləhət verir. (Romalılara 16:17; 2 Yəhya 9—11 ayələrini oxu.) Orada deyilir: «Onlardan uzaq gəzin». Başqa tərcümələrdə bu ifadə «onlardan ehtiyat edin», «onlardan çəkinin» kimi verilib. Gördüyümüz kimi, Allahın Kəlamının verdiyi məsləhət birmənalıdır. Tutalım, həkim sənə ölümcül yoluxucu xəstəliyə tutulan insandan uzaq durmağı məsləhət görür. Həkimin məsləhəti aydındır və sən onun dediyinə dəqiq əməl etməyə çalışacaqsan. Demək olar ki, dönüklər də xəstəliyə tutulublar və başqalarını saxta təlimlərinə yoluxdurmağa çalışırlar (1 Tim. 6:3, 4). Dahi Həkimimiz olan Yehova bizə onlarla təmasda olmaqdan qaçınmağı məsləhət görür. Onun məsləhəti aydındır. Bəs biz ona əməl etməyə nə dərəcədə qərarlıyıq?
7, 8. a) Saxta müəllimlərdən necə uzaq gəzə bilərik? b) Nəyə görə sən saxta müəllimlərə qarşı qəti mövqe tutmağa qərarlısan?
7 Saxta müəllimlərdən necə uzaq gəzə bilərik? Biz onlarla nə salamlaşmalıyıq, nə də ki evimizə dəvət etməliyik. Həmçinin onların nəşr etdiyi kitab və jurnalları oxumamalı, televiziyada çıxış edəndə qulaq asmamalı, onların İnternet səhifələrinə daxil olmamalı və ya orada onların yazdıqlarına öz şərhlərimizi əlavə etməməliyik. Nəyə görə onlara qarşı belə qəti mövqe tuturuq? Ən vacib səbəb odur ki, biz «həqiqət Allahı» olan Yehovanı sevirik. Buna görə də Onun həqiqət Kəlamına zidd gedən təhrif olunmuş təlimlər bizim üçün maraqlı deyil (Məz. 31:5, «Kitabı Mukaddes»; Yəh. 17:17). Üstəlik, biz Onun təşkilatını da sevirik. Axı məhz bu təşkilat bizə Allahın adını və onun mənasını, Yer kürəsinə dair niyyətini, ölülərin vəziyyətini və onların diriləcəyini açıqlayıb. İlk dəfə bu və digər gözəl həqiqətlər barədə öyrənəndə hansı hisslər keçirmişdin? Belə isə, bu dəyərli həqiqətləri sənə öyrədən təşkilata qara yaxan insanlara qulaq asmağa dəyərmi? (Yəh. 6:66—69).
8 Saxta müəllimlər nə deyirlər-desinlər, biz onların arxasınca gedən deyilik! Susuz quyuya bənzəyən insanlara qulaq asmağın nə faydası var? Axı onlara inananlar aldanır və məyus olurlar. Buna görə də gəlin Yehovaya və uzun illərdir ki, saf və sərin həqiqət suları ilə ruhani susuzluğumuzu yatıran təşkilata sadiq qalmağa qəti qərarlı olaq! (Yeşaya 55:1—3; Mat. 24:45—47).
«Uydurma rəvayətlərə» məhəl qoyma
9, 10. Uydurma rəvayətlərlə əlaqədar Pavel Timoteyə hansı məsləhəti vermişdi və bu ifadə altında o, nəyi nəzərdə tuturdu? (Haşiyəyə bax.)
9 Kiminsə yol işarəsini səhv istiqamətə dəyişdirdiyini sezmək bəzən asan, bəzən də çətin olur. Şeytanın bizi azdırmaq üçün istifadə etdiyi üsullar barədə də eyni şeyi demək olar. Həvari Pavel onun istifadə etdiyi gizli üsulların biri barədə bizi xəbərdar edir. Söhbət uydurma rəvayətlərdən gedir. (1 Timoteyə 1:3, 4 ayələrini oxu.) Bəs uydurma rəvayətlər nədir? Onlara məhəl qoymamaq üçün nə edə bilərik? Əbədi həyata aparan yoldan dönməmək üçün biz bu sualların cavabını tapmalıyıq.
10 Pavelin uydurma rəvayətlər haqqında xəbərdarlığı ağsaqqal kimi xidmət edən Timoteyə ünvanladığı birinci məktubda yazılıb. Timotey yığıncağın ruhani təmizliyini qorumalı və həmimanlılarına Yehovaya sadiq qalmağa kömək etməli idi (1 Tim. 1:18, 19). Pavelin burada istifadə etdiyi yunan sözünün altında əfsanə, yalan nəzərdə tutulur. «Beynəlxalq standart Müqəddəs Kitab ensiklopediyası»nda da izah olunur ki, uydurma rəvayətlər «reallıqla heç bir əlaqəsi olmayan (dini) rəvayətlərdir» («The International Standard Bible Encyclopaedia»). Ola bilsin, Pavel sensasiyalı məlumatlar və ya uydurulmuş əfsanələr əsasında yaranan dini yalanları nəzərdə tuturdub. Belə rəvayətlər yalnız «boş yerə vaxt aparan», başqa sözlə, sonsuz araşdırmalara səbəb olan mənasız «suallar doğurur». Uydurma rəvayətlər yalanın atası olan Şeytanın fəndlərindən biridir. O, yalan dini təlimlərdən və əfsanələrdən istifadə edərək ehtiyatsızları azdırmağa çalışır. Pavelin məsləhəti tamamilə aydındır: uydurma rəvayətlərə məhəl qoyma!
11. İnsanları aldatmaq məqsədilə Şeytan yalan dindən necə istifadə edir və onun tələsinə düşməmək üçün Allahın hansı xəbərdarlığına diqqət yetirməliyik?
11 Əgər ehtiyatlı olmasaq, hansı uydurma rəvayətlər bizi azdıra bilər? «Uydurma rəvayətlər» dedikdə, mahiyyət etibarilə, bizi həqiqi ibadətdən uzaqlaşdıran istənilən yalan dini təlimlər və əfsanələr nəzərdə tutulur (2 Tim. 4:3, 4). Şeytan yalan dindən istifadə edərək insanları aldadır. Buna görə də Müqəddəs Kitabda deyilir ki, o, «nur mələyi cildinə girir» (2 Kor. 11:14). Məsələn, özünü Məsihin davamçısı adlandıran Xristian aləmi Üç üqnum, cəhənnəm və ölməz ruh kimi yalan təlimlər və əfsanələr yayır. Onlar həmçinin iddia edirlər ki, Milad və Pasxa bayramları Allaha məqbuldur, amma bu bayramlar zamanı icra etdikləri adət-ənənələrin kökü, əslində, bütpərəstliyə və qədim əfsanələrə gedib çıxır. Yehovanın yalan dindən uzaq durmaq və «murdar şeylərə» toxunmamaq göstərişinə əməl etsək, uydurma rəvayətlərə aldanmayacağıq (2 Kor. 6:14—17).
12, 13. a) Şeytan hansı fikirlərlə bizi aldatmağa çalışır, amma həqiqət nədən ibarətdir? b) Şeytanın uydurulmuş rəvayətlərinə aldanmamaq üçün nə etməliyik?
12 Lakin Şeytanın yaydığı başqa yalanlar da var ki, əgər ehtiyatı əldən versək, aldanacağıq. Onlardan bəzilərini nəzərdən keçirək. Sən istədiyini edə bilərsən; nəyin yaxşı, nəyin pis olduğunu özün qərarlaşdırırsan. Bu fikri kütləvi informasiya vasitələrində, televizorda və filmlərdə tez-tez eşitmək olar. Allahın normalarına dair təhrif olunmuş bu cür nöqteyi-nəzər bizi Allahın əxlaq normalarını tamamilə unudub istədiyimiz kimi davranmağa təhrik edir. Amma həqiqət bundan ibarətdir ki, əxlaq məsələlərində Allahın rəhbərliyinə ehtiyacımız var və belə rəhbərliyi bizə yalnız O verə bilər (Yer. 10:23). Allah bəşəriyyətin işlərinə heç vaxt müdaxilə etməyəcək. İnsanlar sabahı düşünmədən yaşayırlar. Əgər bizdə də belə düşüncə tərzi olsa, «fəaliyyətsiz və bəhrəsiz olacağıq» (2 Pet. 1:8). Həqiqət ondan ibarətdir ki, Yehovanın günü sürətlə yaxınlaşır və həyat tərzimiz o günü həsrətlə gözlədiyimizi göstərməlidir (Mat. 24:44). Allah sənin qayğına qalmır. Şeytan istəyir ki, biz bu yalana inanaq və heç vaxt Allahı razı sala bilməyəcəyimizi düşünərək ruhdan düşək. Həqiqət ondan ibarətdir ki, Yehova hər bir xidmətçisini sevir və hər biri Onun üçün əzizdir (Mat. 10:29—31).
13 Biz ayıq-sayıq olmalıyıq ki, Şeytan dünyasının düşüncə tərzi bizə təsir etməsin, çünki bu, ilk baxışdan inandırıcı görünə bilər. Unutma ki, Şeytan çox mahir yalançıdır. Yalnız Allahın Kəlamındakı məsləhətlərə riayət etdiyimiz və xəbərdarlıqlara diqqət yetirdiyimiz təqdirdə biz «məharətlə uydurulmuş rəvayətlərə» və ya «hiyləgərcəsinə uydurulmuş nağıllara [«İncil», 1996]» uymayacağıq (2 Pet. 1:16).
«Şeytanın dalınca» getmə
14. Pavel bəzi cavan dul qadınlara hansı xəbərdarlığı vermişdi və nəyə görə biz hamımız onun sözlərinə ciddi yanaşmalıyıq?
14 Təsəvvür et ki, yol işarəsinin üzərində: «Bu yol Şeytana aparır», — yazılıb. Əlbəttə, heç bir məsihçi bu yolla getmək istəməzdi. Amma hətta məsihçilər belə yollarını azıb Şeytanın ardınca gedə bilərlər. Bu, necə ola bilər? Pavel bunu izah edir. (1 Timoteyə 5:11—15 ayələrini oxu.) Pavel onun günlərindəki bəzi cavan dul qadınlar haqda yazsa da, onun sözləri hər birimizə aiddir. Birinci əsrdə yaşayan bu məsihçi dul qadınlar Şeytanın dalınca getdiklərini heç ağıllarına belə gətirmirdilər, ancaq onların hərəkətləri buna dəlalət edirdi. Bəs biz Şeytanın ardınca bilmədən getməkdən özümüzü necə qoruya bilərik? Gəlin Pavelin qeybət haqqında dediklərinə nəzər salaq.
15. Şeytanın məqsədi nədir və həvari Pavel onun üsullarını bizə necə açıqlayır?
15 Şeytan bizi susdurmağa çalışır ki, xoş xəbəri başqaları ilə bölüşməyək (Vəhy 12:17). O istəyir ki, biz vaxtımızı boş və Allahın xalqı arasında nifaq salan şeylərə sərf edək. Şeytanın bu məqsədə nail olmaq üçün hansı fəndlərə əl atdığını Pavel izah edir. O demişdi ki, onun günlərindəki bəzi dul qadınlar «qapı-qapı gəzib tənbəlliyə alışırlar». Biz ehtiyatlı olmalıyıq ki, onlar kimi davranmayaq. Məsələn, dostlarımızla görüşüb və ya zəngləşib mənasız, hərdən isə həqiqətə uyğun olmayan şeylər haqqında danışmaqla, bu barədə SMS-ləşməklə və e-mail göndərib cavabını oxumaqla həm özümüzün, həm də başqalarının vaxtını ala bilərik. Pavel həmçinin yazmışdı ki, bu dul qadınlar «dedi-qodu ilə məşğul olurlar». Dedi-qodu və ya qeybət çox vaxt münaqişələrə səbəb olan böhtana çevrilə bilər (Sül. məs. 26:20). Böhtançılar bunu dərk etsələr də, etməsələr də, Şeytanı təqlid edirlərc. Sonra Pavel əlavə etmişdi ki, onlar «camaatın işinə qarışırlar». Bizim başqalarının işinə müdaxilə edərək necə davranmalı olduqlarını deməyə ixtiyarımız yoxdur. Bikarçılıqdan irəli gələn və başqalarının narahatçılığına səbəb olan bu cür hərəkətlər Allahın bizə həvalə etdiyi işdən — təbliğ işindən yayındırır. Əgər xidmətdə fəal şəkildə iştirak etməsək, Şeytanın ardınca gedəcəyik. Biz ya Allahın, ya da Şeytanın tərəfində ola bilərik, üçüncü yol yoxdur (Mat. 12:30).
16. «Şeytanın dalınca» getməmək üçün biz Müqəddəs Kitabın hansı məsləhətlərinə əməl etməliyik?
16 Əgər biz Müqəddəs Kitab məsləhətlərinə əməl etsək, heç vaxt «Şeytanın dalınca» getməyəcəyik. Pavelin buna dair verdiyi müdrik məsləhətlərə diqqət yetirək. «Rəbbin işində daima çox çalışın» (1 Kor. 15:58). Padşahlıq işi ilə fəal məşğul olsaq, boş və vaxt aparan şeylərlə məşğul olmağa vaxtımız qalmayacaq (Mat. 6:33). «İmanı möhkəmləndirən söz söyləyin» (Efes. 4:29). Qeybət etməməyə və qeybət edənlərə qulaq asmamağa qəti qərarlı old. Həmimanlılarına etibar etməyi və hörmət göstərməyi öyrən. Onda sözlərin onları ruhdan salmayacaq, əksinə, ruhlandıracaq. «Başqasının işinə qarışmayın» (1 Salon. 4:11). İnsanlara şəxsi maraq göstər, amma bunu onların şəxsi həyatına qarışmadan və hörmətcil tərzdə et. Həmçinin unutma ki, şəxsi məsələlərə dair başqalarına öz fikrimizi yeritməyə bizim ixtiyarımız yoxdur (Qalat. 6:5).
17. a) Yehova hansı səbəbə görə bizə müəyyən yollarla getməyi məsləhət görmür? b) Sən nə etmək əzmindəsən?
17 Yehovaya necə də minnətdarıq ki, bizə nəyin arxasınca getməməli olduğumuzu açıqlayır. Həmişə yadda saxla ki, bu və əvvəlki məqalədə müzakirə olunan məsləhətləri Yehova bizi sevdiyi üçün verir. O, bizi Şeytanın azdırıcı «yol işarələrinin» göstərdiyi yol ilə getməyin gətirdiyi ağrı-acıdan qorumaq istəyir. Yehovanın göstərdiyi yol çətin olsa da, bu yol bizi əbədi həyata aparır. Məgər bundan gözəl yol ola bilər? (Mat. 7:14). Gəlin Yehovanın: «Yol budur, gedin bu yolla», — göstərişinə riayət etmək əzmimizdən heç vaxt dönməyək (Yeşaya 30:21).
[Haşiyə]
a «Dönük» vaxtilə Müqəddəs Kitab həqiqətlərini qəbul edən, amma sonra onları inkar edib həqiqi ibadətə qarşı çıxan insana deyilir.
b Nümunə üçün «Tovit» kitabını gətirmək olar. Bu apokrifik kitab təxminən bizim eradan əvvəl III əsrdə yazılmışdı. Pavelin günlərinədək gəlib çatan bu kitab həqiqət kimi qələmə verilən mövhumatlarla, eləcə də cadugərlik və falçılıqdan bəhs edən uydurma rəvayətlərlə dolu idi («Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının 1-ci cildinin 122-ci səhifəsinə (ing.) bax).
c «İblis» kimi tərcümə olunan yunan sözü diabolos «böhtançı» mənasını verir. Bu söz ən böyük böhtançı olan Şeytanın titullarından biridir (Yəh. 8:44; Vəhy 12:9, 10).
d «Küləyin sovurduğu lələklər» adlı çərçivəyə bax.
Necə cavab verərdiniz?
Növbəti ayələrdəki xəbərdarlıqları şəxsən sən necə tətbiq edə bilərsən?
[19 səhifədəki şəkil/çərçivə]
Küləyin sovurduğu lələklər
Bir qədim yəhudi rəvayəti qeybət etməyin nə qədər zərərli olduğunu çox gözəl təsvir edir. Müxtəlif formalarda danışılan bu rəvayətin məğzi aşağıdakı kimidir.
Bir nəfər kəndin camaatına oranın ən müdrik sakini barədə yalan danışır. Lakin tezliklə bu böhtançı hərəkətinin səhv olduğunu başa düşür və həmin adamın yanına gəlib ondan üzr istəyir və soruşur: «Günahımı necə yuya bilərəm?» Müdrik insan ona cavab verir: «Səndən bir xahişim olacaq, get bir yastıq götür, aç və tüklərini havaya sovur». Müdrik adamın xahişi onu təəccübləndirsə də, o gedib onun dediyi kimi edir, sonra yanına qayıdıb soruşur:
— İndi məni bağışladın?
— Əvvəlcə get küləyin sovurduğu lələkləri yığ.
— Axı mən bunu necə edə bilərəm?! Külək onların hərəsini bir tərəfə aparıb.
— Bu lələkləri təzədən yığmaq çətin olduğu kimi, insanların da beynindən dediyin yalanı silmək qeyri-mümkündür.
Dərs aydındır. Dediyimiz sözləri geri qaytara bilmərik, bəzən isə onların vurduğu zərəri də aradan qaldırmaq mümkün deyil. Başqaları haqqında qeybət etməzdən və ya pis danışmazdan əvvəl, gəlin unutmayaq ki, bizim sözlərimiz küləyin sovurduğu lələklər kimi ola bilər.
[16 səhifədəki şəkil]
Necə ola bilər ki, biz dönükləri evimizə dəvət edək?