Məsihin gəlişi nəyi həyata keçirəcək?
«SAN-PAULUNU DƏHŞƏT BÜRÜYÜB». «Veja» jurnalı Braziliyanın ən böyük və ən varlı şəhərində 2006-cı ilin may ayında dörd gün ərzində törədilən cinayət haqqında belə xəbər verirdi. Yaxşı düzülüb-qoşulmuş bu cinayət şəhəri «diz çökdürdü». «100 saatdan çox davam edən dəhşət» təxminən 150 nəfərin — asayiş keşikçilərinin, cinayətkarların, mülki vətəndaşların həyatına son qoymuşdur.
Yer kürəsinin, demək olar ki, hər bucağında dərc olunan qəzetlərin başlıqlarında zorakılıqdan xəbər verilir. Görünür, insan hakimiyyətləri zorakılığın qarşısını almağa qadir deyil. Bizim dünyada yaşamaq getdikcə daha təhlükəli olur. Bəlkə də siz o qədər pis xəbər eşidirsiniz ki, mə’yusluğa qapılırsınız. Ancaq tezliklə vəziyyət dəyişəcək.
İsa davamçılarına Allahın Padşahlığının gəlməsi və «göydə olduğu kimi, yerdə də» Allahın iradəsinin olması haqqında dua etməyi öyrədirdi (Matta 6:9, 10). Bu Padşahlıq Allahın Padşah tə’yin etdiyi İsa Məsihin idarə etdiyi hökumətdir. O, bütün bəşəriyyətin problemlərinə son qoyacaq. Ancaq Allahın Padşahlığının Yer üzündə dəyişikliklər etməsi üçün insan hakimiyyətləri Məsihin hakimiyyəti ilə əvəz olunmalıdır. Elə Məsihin gəlişi də məhz bunu həyata keçirəcək.
Sülh yolu iləmi?
Xalqlar sülh yolu ilə Məsihin hakimiyyətinə tabe olacaqlarmı? Həvari Yəhyanın aldığı vəhy bu suala cavab verir: «Mən canavarı [dünyanın siyasi sistemini], yer üzünün hökmdarlarını və ordularını atın belində Oturanla [İsa ilə] və Onun qoşunu ilə döyüşmək üçün bir yerə toplaşmış gördüm» (Vəhy 19:19). Bu müharibədə yer üzünün hökmdarlarının aqibəti necə olacaq? Müqəddəs Kitab deyir ki, Yehovanın tə’yin etdiyi Padşah ‘dəmir əsa ilə onların gücünü qıracaq, saxsı qab kimi onları çilik-çilik edəcək’ (Məzmur 2:9). Siyasi sistem tamamilə darmadağın ediləcək. Allahın Padşahlığı ‘bütün [insan] padşahlıqlarını əzib-dağıdacaq, özü isə əbədi qalacaq’ (Daniel 2:44).
Bəs Allahın Padşahlığına müqavimət göstərən insanları nə gözləyir? İsa ‘qüdrətli mələkləri ilə alovlu atəş içərisində göydən zühur etdiyi zaman Allahı tanımayan və Özü barəsindəki Müjdəyə itaət etməyənlərə cəza verən’ şəxs kimi təsvir olunur (2 Salonikililərə 1:7, 8). Süleymanın məsəlləri 2:22 ayəsində deyilir: «Pis adamlar bu torpaqdan atılacaq, xainlərin kökü buradan qoparılacaq».
Müqəddəs Kitabda Məsihin gəlişi ilə əlaqədar yazılıb: «Budur O, buludlarla gəlir! Və hər göz... Onu görəcək» (Vəhy 1:7). O, hərfi mə’nada insanların gözünə görünməyəcək. Göyə qalxandan bəri İsa «əlçatmaz nurda yaşayan, insanlardan kimsənin görmədiyi və görməyə qadir olmadığı» ruhani şəxsiyyətdir (1 Timoteyə 6:16).
Musanın günlərində misirlilərin üzərinə On bəla gətirən zaman Yehovaya hərfi mə’nada gözə görünmək lazım gəlmədiyi kimi, İsaya da yer üzünün sakinlərinin gözünə görünmək üçün, insan kimi gəlmək lazım deyil. Musanın günlərində insanların heç bir şübhəsi yox idi ki, bəlaları gətirən Yehovadır və onlar Allahın qüdrətini e’tiraf etməyə məcbur oldular (Çıxış 12:31). Eynilə, Məsih də Allahın hökmlərini icra etməyə başlayanda pis adamlar onu ‘görməyə’, yə’ni Allahın İsa vasitəsilə onları mühakimə etdiyini başa düşməyə məcbur olacaqlar. Çünki o zaman bəşəriyyət artıq xəbərdarlıq almış olacaq. Bəli, «hər göz... Onu [İsanı] görəcək; və dünyanın bütün qəbilələri Onun üçün sinə döyəcəklər» (Vəhy 1:7).
Yer üzündə həqiqi sülhün və firavanlığın bərqərar olmasından qabaq pis adamların və hakimiyyətlərin aradan qaldırılması vacibdir. Məsih bunu həyata keçirəcək. Sonra o, yer üzündə hər şeyi tam nəzarəti altına alacaq və yerdə mühüm dəyişikliklər baş verəcək.
Fayda gətirən yeniliklər
Həvari Peter ‘Allahın qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin ağzı ilə söylədiyi kimi, hər şeyin yenilənəcəyindən’ danışırdı (Həvarilərin işləri 3:21). Bu yenilənmə və ya bərpa İsanın hakimiyyəti zamanı yer üzündə baş verəcək dəyişiklikləri özünə daxil edir. «Hər şeyin yenilənəcəyi» haqqında danışan peyğəmbərlərdən biri də eramızdan əvvəl səkkizinci əsrdə yaşamış Yeşayadır. O, qabaqcadan söyləmişdi ki, «Əmin-amanlıq Hökmdarı» İsa Məsih yerdə sülhü bərqərar edəcək. Məsihin hakimiyyəti haqqında Yeşaya peyğəmbərlik edirdi: «Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq» (Yeşaya 9:6, 7). İsa xalqlara sülh içində yaşamağı öyrədəcək. Yerin sakinləri «əmin-amanlığın bolluğundan zövq tapacaq» (Məzmur 37:11).
Məsih hökmranlıq edəndə yoxsulluq və aclıq olacaqmı? Yeşaya deyirdi: «Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq» (Yeşaya 25:6). Məzmurçunun sözlərinə görə ‘ölkənin zəmiləri bol olacaq, dağların başında dalğalanacaq’ (Məzmur 72:16). Bundan başqa, yerin sakinləri haqda oxuyuruq: «Onlar evlər tikib orada məskunlaşacaq, meynəliklər əkəcək, bəhrələrindən yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, seçilmişlərim əllərinin işlərindən zövq alacaq» (Yeşaya 65:21, 22).
Allah Yeşayanın vasitəsilə xəstəliklə ölümün yox ediləcəyini də qabaqcadan demişdi: «O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək» (Yeşaya 35:5, 6). O zaman heç kəs «“xəstəyəm” deməyəcək» (Yeşaya 33:24). Allah «ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək» (Yeşaya 25:8).
Bəs ‘qəbirlərdə olan’ ölülər haqqında nə demək olar? (Yəhya 5:28, 29). Yeşaya peyğəmbərlik etmişdi: «Sənin ölülərin yaşayacaq... [onlar] diriləcək» (Yeşaya 26:19). Bəli, ölüm yuxusuna gedənlər həyata qayıdacaqlar!
«Allah əbədiyyən sənin taxtındır»
Məsihin gəlişi bütün Yer kürəsinin bərpa olunmasına gətirib çıxaracaq. Yer gözəl Cənnətə çevriləcək və bəşəriyyət yekdilliklə həqiqi Allaha ibadət edəcək. Bəs əmin ola bilərikmi ki, İsa Məsih yer üzündən pisliyi silib, ədaləti bərqərar etməyə müvəffəq olacaq?
İsaya qüdrət və hakimiyyəti kimin verdiyi haqda düşünün. Müqəddəs Kitab Oğul barədə deyir: «Ey Allah, taxtın əbədi və daimidir [«Allah əbədiyyən sənin taxtındır», YD], və Səltənətinin əsası haqqa istinad edən əsadır. Sən salehliyi sevib, qanunsuzluğa nifrət etdin» (İbranilərə 1:8, 9). İsaya taxtı, yə’ni hakimiyyəti Yehova verib. Buna görə də elə problem olmayacaq ki, İsa onun öhdəsindən gələ bilməsin.
Diriləndən sonra İsa öz davamçılarına dedi: «Göydə və yer üzündə bütün hakimiyyət Mənə verilmişdir» (Matta 28:18). 1 Peter 3:22 ayəsində deyilir: «Mələklər, hakimiyyət və qüdrət sahibləri də Ona tabe edildilər». Heç bir hakimiyyət və qüdrət İsaya müqavimət göstərə bilməyəcək. İsanın insanlara əbədi fayda gətirməsinə heç nə mane ola bilməz.
Məsihin gəlişi bəşəriyyət üçün nə deməkdir?
Həvari Pavel saloniklilərə məktubunda yazırdı: «Çünki Atamız Allah hüzurunda imandan irəli gələn fəaliyyətinizi, məhəbbətdən hasil olan əməyinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümiddən doğan mətanətinizi durmadan yada salırıq» (1 Saloniklilərə 1:3). Pavel səmərəli əməyi və mətanəti İsa Məsihə ümidlə əlaqələndirirdi. Bu ümidə Məsihin gəlişinə və onun sayəsində mümkün olacaq bərpaya iman etmək daxildir. Belə ümid həqiqi məsihçilərə güc verir, yə’ni ən çətin zamanlarda da mətanətli olmağa kömək edir.
Məsələn, Braziliyanın San-Paulu şəhərində yaşayan Karlosun nümunəsinə baxaq. 2003-cü il avqust ayında həkimlər onda xərçəng xəstəliyi aşkar etdilər. Həmin vaxtdan bəri onun üzərində səkkiz dəfə cərrahiyyə əməliyyatı aparılmışdır ki, bunun da əlavə ağrılı, üzücü tə’siri olmuşdur. Buna baxmayaraq, o, hələ də başqalarını ruhlandırırdı. Məsələn, bir dəfə böyük bir xəstəxana ilə üzbəüz küçədə təbliğ edəndə o, başqa bir Yehovanın Şahidi ilə rastlaşdı. Onun əri kimyaterapiya keçirdi. Özü xərçəngdən əziyyət çəkən Karlos bu ər-arvadı ruhlandırıb, onlara təsəlli verə bildi. Sonralar onlar demişdilər ki, həmin söhbət onlar üçün mə’nəvi dayaq oldu. Beləliklə, Karlos həvari Pavelin sözlərinin həqiqiliyini öz üzərində hiss etdi: «O [Allah], bizə hər sıxıntımızda təsəlli verir ki, biz də hər cür sıxıntı içində olanlara, Allahın bizə verdiyi təsəlli ilə təsəlli verə bilək» (2 Korinflilərə 1:4).
Karlos xəstəliyinə baxmayaraq, başqalarını ruhlandırmağa haradan güc tapır? İsanın gəlişinə və onun həyata keçirəcəklərinə bəslədiyi ümid Karlosu usanmadan ‘yaxşılıq etməyə’ təşviq edir (Qalatiyalılara 6:9).
Gəlin həm də Samuelin nümunəsinə nəzər salaq. Onun qardaşını atalarının evindən cəmi 50 metr aralıda öldürmüşdülər. Onun bədənində on güllə yarası tapmışdılar. Polisin cinayət yerində təhqiqat apardığı səkkiz saat ərzində cəsəd səkidə qalmışdı. Samuel o gün baş verənləri unuda bilməsə də, Məsihin yeri bütün pisliklərdən təmizləyəcəyinə və bəşəriyyətə xeyir-dua gətirəcək ədalətli hakimiyyətin qurulacağına bəslədiyi ümid ona güc verir. Samuel tez-tez yerüzü Cənnətdə qardaşını qucaqladığını təsəvvürünə gətirir (Həvarilərin işləri 24:15).
Siz nə etməlisiniz?
Məsihin gəlişinə və onun həyata keçirəcəklərinə ümid sizə çox böyük təsəlli verə bilər. İsa Məsih insan problemlərinin kökünü və bizi əhatə edən pisliyi mütləq yox edəcəkdir.
Məsihin hakimiyyətinin bəşəriyyətə gətirəcəyi xeyir-duanı almaq üçün siz nə etməlisiniz? Allahın Kəlamı olan Müqəddəs Kitabı diqqətlə araşdırın. İsa Atasına dua edərkən demişdi: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Müqəddəs Kitabı öyrənməyi qarşınıza məqsəd qoyun. Yaxınlığınızda yaşayan Yehovanın Şahidləri bu işdə sizə kömək etməyə çox şad olarlar. Biz sizi onlarla əlaqə saxlamağa və ya bu jurnalı nəşr edənlərə müraciət etməyə səmimi qəlbdən də’vət edirik.
[7-ci səhifədəki şəkillər]
Məsihin gəlişi yer üzünün tam bərpa olunmasına gətirib çıxaracaq.
[İcazə ilə]
Kiçik şəkil, yalnız arxa fon: Rhino and Lion Park, Gauteng, South Africa