GƏNCLƏRİN SUALLARI
Nə üçün dua etməliyəm?
Bir hesablamaya əsasən, Amerikada yeniyetmələrin 80 faizi dua etdiyi halda, onların yalnız yarısı duaya hər gün vaxt ayırır. Bu yeniyetmələrin bəzilərini belə bir sual maraqlandırır: «Dua sadəcə rahatlıq tapmaq üçündür, yoxsa daha böyük məna kəsb edir?»
Dua nədir?
Dua bəşəriyyətin İxtiyar Sahibi ilə ünsiyyətdir. Bunun nə demək olduğunu təsəvvür edirsən?! Bununla belə, Yehova «heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:27). Müqəddəs Kitabda bizə verilən gözəl bir imkan barədə yazılıb: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).
Allaha necə yaxınlaşmaq olar?
Birincisi — dua etməklə. Bu yolla biz Yehova ilə danışırıq.
İkincisi — Müqəddəs Kitabı mütaliə etməklə. Bu yolla isə Yehova bizimlə «danışır».
Dua və Müqəddəs Kitabın mütaliəsi sayəsində yaranan qarşılıqlı ünsiyyət sənə Allahla möhkəm dostluq qurmağa kömək edəcək.
«Qüdrət Sahibi ilə “ünsiyyət” insan üçün ən böyük şərəfdir» (Ceremi).
«Yehova ilə ən dərin hisslərimi bölüşəndə, özümü Ona daha da yaxın hiss edirəm» (Miranda).
Allah duamı dinləyir?
Allahın varlığına inansaq da, Ona dua etsək də, bəzən bizim dualarımızı dinlədiyinə şübhə edə bilərik. Fəqət Müqəddəs Kitabda Yehovanın «duaları eşidən» Allah olduğu deyilir (Zəbur 65:2). Həmçinin Kəlam bizi bütün qayğılarımızı Onun üzərinə qoymağa səsləyir. Çünki «O, [qayğımızı] çəkir» (1 Butrus 5:7).
Düşün: Dostlarınla ünsiyyətə müntəzəm vaxt ayırırsan? Bəs Yehova ilə ünsiyyətə necə? Müqəddəs Kitabda deyilir ki: «Həmişə dua edin» (1 Salonikililərə 5:17). Odur ki, sən də daima Yehovanın adını çağırıb, Ona dua edə bilərsən (Zəbur 86:5—7; 88:9).
«Dua vasitəsilə qəlbimdəkiləri səmavi Atamla bölüşürəm» (Moysez).
«Yehovaya ən dərin hisslərimi anama, yaxud ən yaxın dostuma danışdığım kimi danışıram» (Karen).
Nə barədə dua edə bilərəm?
Müqəddəs Kitabda deyilir: «Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin» (Filippililərə 4:6).
Bəs problemlər barədə dua etmək normaldı? Təbii ki! Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22).
Sözsüz ki, duada təkcə problemlər haqqında danışmamalısan. Şantel adlı bir gənc qız deyir: «Yehovaya yalnız kömək umduğumuz üçün dua etsək, bu, o qədər də yaxşı dostluq olmayacaq. Düşünürəm ki, ilk növbədə minnətdarlıq bildirməliyik və təşəkkür siyahımız kifayət qədər uzun olmalıdır».
Düşün: Həyatında nələrə görə minnətdarsan? Fikirləş gör, bu gün Yehovaya hansı üç şeyə görə «çox sağ ol» deyə bilərsən?
«Ən adi bir şey, məsələn, adamı valeh edən gözəl bir gül, Yehovaya minnətdarlıq bildirmək istəyi yarada bilər» (Anita).
«Yehovanın yaratdıqları, yaxud Müqəddəs Kitabdan ürəyinə təsir edən bir ayə üzərində düşün və Yehovaya bunlara görə minnətdarlığını bildir» (Brayn).