Bazar ertəsi, 27 oktyabr
Ər də arvadını öz bədənini sevdiyi kimi sevməlidir (Efes. 5:28).
Yehova ərdən arvadını sevməyi, onun fiziki, emosional və ruhani tələbatlarının qayğısına qalmağını gözləyir. Sağlamdüşüncəli olmaq, qadınlara hörmət qoymaq, etibarlı olmaq sizə yaxşı ər olmağa kömək edəcək. Evlənəndən sonra, ola bilsin, uşağınız olsun. Yaxşı ata olmaqla bağlı Yehovadan çox şey öyrənə bilərsiniz (Efes. 6:4). Yehova Oğlu İsaya onu sevdiyini, ondan razı qaldığını demişdi (Mət. 3:17). Ata olsanız, uşaqlarınıza həmişə onları sevdiyinizi deyin. Yaxşı işlərinə görə onları tez-tez tərifləyin. Yehovadan örnək götürən atalar övladlarına yetkin məsihi olmağa kömək edirlər. Ona görə də nə qədər ki subaysınız, indidən ailə üzvlərinizin, yığıncaqdakı bacı-qardaşların qayğısına qalın, onlara sevginizi, minnətdarlığınızı bildirməyi öyrənin (Yəh. 15:9). w23.12 s. 28—29, abz. 17, 18
Çərşənbə axşamı, 28 oktyabr
[Yehova] sənin dövrünün səbatıdır (Əşy. 33:6).
Biz Yehovanın sadiq xidmətçiləri olsaq da, hamı kimi həyatda çətinliklərlə üzləşirik, xəstələnirik. Bundan savayı, Allahın xalqına nifrət edən insanlar bizi təqib edirlər. Düzdür, Yehova bu gün bizi bu kimi bəlalardan qorumur, amma O bizə kömək edəcəyinə söz verir (Əşy. 41:10). Onun köməyi ilə sevincimizi qoruyacağıq, düzgün qərarlar verəcəyik və hətta həyatımızın ən çətin anlarında belə sadiq qalacağıq. Yehova bizə Öz sülhünü verəcəyini vəd edir (Filip. 4:6, 7). Allahın sülhü Onunla möhkəm dostluqdan qaynaqlanan sakitlik və hüzur hissidir. Bu sülh «hər bir ağıldan üstün»dür, ağlımıza gəlməyəcək qədər heyrətamizdir. Heç olub ki, Yehovaya durmadan dua etmisiniz, sonra da daxilinizdə qeyri-adi bir sakitlik duymusunuz? Bax bu, Allahın sülhüdür. w24.01 s. 20, abz. 2; s. 21, abz. 4
Çərşənbə, 29 oktyabr
Yehovaya alqış et, ey varlığım, ey vücudum, Onun müqəddəs adına alqış et! (Zəb. 103:1).
Allaha məhəbbət mömin insanları Onun adına ürəkdən alqış oxumağa sövq edir. Davud padşah bilirdi ki, Yehovanın adına alqış edəndə elə Onun özünə alqış edir. Yehovanın adı gələndə təsəvvürümüzdə Onun necə varlıq olduğu, Onun xüsusiyyətləri, gördüyü möhtəşəm işlər canlanır. Davud Yehovanın adını müqəddəs tutmaq və Onu ucaltmaq istəyirdi. O bunu bütün vücudu ilə, bütün varlığı ilə etməyə çalışırdı. Eynilə lavililər də Yehovanın adını ucaldırdılar, bu sahədə öndə gedirdilər. Onlar təvazökarlıqla qəbul edirdilər ki, deyəcəkləri heç bir söz Allahın müqəddəs adını mədh etməyə yetməz (Nəh. 9:5). Şübhəsiz, bu cür təvazökar, ürəkdən gələn tərif sözlərini eşidəndə Yehovanın qəlbi sevinclə dolurdu. w24.02 s. 9—10, abz. 6