Müharibəyə və münaqişəyə son qoymaq insanların əlindədir?
İnsanlar bir çox şey uğrunda müharibə edirlər. Bəziləri siyasi, iqtisadi və ya sosial dəyişikliklər etmək üçün savaşırlar. Digərləri isə torpaq və təbii sərvətləri ələ keçirmək üçün döyüşürlər. Bir çox münaqişələrin səbəbi kök salmış etnik və dini fərqlilikdir. Bəs insanlar müharibələrə son qoymaq və sülhə nail olmaq üçün nələr edirlər? Onların buna nail olacağına ümid var?
Drazen_/E+ via Getty Images
İQTİSADİ İNKİŞAF
Məqsəd. Əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq. Bu, münaqişələrin əsas səbəblərindən biri olan iqtisadi bərabərsizliyin aradan qaldırılmasına və ya azaldılmasına kömək edə bilər.
Maneə. Hökumətlər pul sərfiyyatının istiqamətini dəyişməlidirlər. Hesablamalara əsasən 2022-ci ildə bütün dünyada sülhün bərpasına və qorunmasına 34,1 milyard dollar (ABŞ) xərclənib. Amma həmin ilin hərbi xərcləri bundan 250 dəfə çox olub.
«Biz müharibə və münaqişələrin zərərini aradan qaldırmağa daha çox pul xərcləyirik, nəinki onun qarşısını alıb, sülh yaratmağa» (Antonio Quterreş, BMT-nin baş katibi).
Müqəddəs Kitabda deyilir: Dünya hökumətləri və müxtəlif qurumlar yoxsullara kömək edə bilərlər, amma heç vaxt yoxsulluğu tamamilə aradan qaldıra bilməyəcəklər (Qanunun təkrarı 15:11; Mətta 26:11).
DİPLOMATİK DANIŞIQLAR
Məqsəd. Münaqişələri hər iki tərəfin xeyrinə həll etmək üçün sülh danışıqları aparmaq.
Maneə. Ola bilsin, bir və ya bir neçə partiya sülh danışıqlarını, kompromisə getməyi və ya razılaşmanı qəbul etmir. Bununla da sülh danışıqları asanlıqla pozulur.
«Diplomatik danışıqlar heç də həmişə uğurla nəticələnmir. Müharibəyə son qoymaq üçün aparılan sülh danışıqları pis nəticələnə bilər və bu da növbəti münaqişəyə zəmin yarada bilər» (Reymond Smit, Amerika diplomatiyası).
Müqəddəs Kitabda deyilir: İnsanlar «sülhə can» atmalıdır (Zəbur 34:14). Amma bu gün insanların çoxu «vəfasız,.. barışmaz,.. xain»dir (2 Timutiyə 3:1—4). Onların bu cür davranışı təmiz niyyətli siyasi liderlərə münaqişələri həll etməyə mane olur.
SİLAHLARIN AZALDILMASI
Məqsəd. Silahları, xüsusilə də nüvə, kimyəvi və bioloji silahları azaltmaq və ya aradan qaldırmaq.
Maneə. Ölkələr adətən silahların azaldılması ilə razılaşmırlar, çünki zəifləyəcəklərindən və müdafiəsiz qalacaqlarından qorxurlar. Hətta bütün silahları aradan qaldırsalar da, insanların döyüşməsinə səbəb olan amilləri aradan qaldıra bilməzlər.
«Soyuq müharibə bitəndən sonra silahların azaldılmasına dair razılıq əldə edən, vəd verən hökumətlər sözlərinin üstündə durmadılar, hərçənd ki, onlar təhlükələri, beynəlxalq gərginliyi, eləcə də, daha təhlükəsiz dünyaya nail olmaq üçün praktiki addımlar atacaqlarını vəd etmişdilər» («Bizim ümumi gələcəyimiz. Silahsızlanma gündəliyi»).
Müqəddəs Kitabda deyilir: İnsanlar silahlarını atmalı və «qılınclarından gavahın» düzəltməlidirlər (Əşiya 2:4). Amma zorakılıq insanların ürəyindən qaynaqlandığı üçün müharibələrə son qoymaq kifayət deyil (Mətta 15:19).
KOLLEKTİV TƏHLÜKƏSİZLİK
Məqsəd. Dövlətlərin düşmənlərinə qarşı güclərini birləşdirməsi. Onların zənnincə, düşmən ölkə qüvvələrini birləşdirən dövlətlərə qarşı heç vaxt hücuma keçməz, çünki bir çox ölkənin ordusu ilə savaşmalı olacaq.
Maneə. Hökumətlərin bir-birilərini düşməndən müdafiə etmək üçün ittifaqlar qurması sülhün olacağına zəmanət deyil. Həmin dövlətlər heç də həmişə verdikləri vədi həyata keçirmirlər, üstəlik, hücum edən ölkəyə qarşı necə və nə vaxt hərəkətə keçəcəklərinə dair razılığa gəlmirlər.
«Kollektiv təhlükəsizlik məsələsi... Millətlər Cəmiyyətinin Nizamnaməsində mühüm rol oynasa da, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə daxil edilsə də, heç bir nəticə verməmişdir» («Britaniya ensiklopediyası»).
Müqəddəs Kitabda deyilir: Birlikdən qüvvət doğar (Vaiz 4:12). Amma yenə də insan hökumətləri və təşkilatları əbədi sülhə və təhlükəsizliyə nail ola bilməz. «Əsilzadələrə [insan rəhbərlərinə], qurtuluş verə bilməyən bəşər oğluna güvənməyin. Onun ruhu çıxır, özü torpağa qayıdır, düşüncələri həmin gündəcə yox olur» (Zəbur 146:3, 4).
Bir çox dövlətlər əl-ələ verib əbədi sülhə nail olmağa çalışır, amma biz hələ də müharibələrdən əziyyət çəkirik.