Müqəddəs Yazıların kitabı nömrə 43 Yəhya
Yazan: Həvari Yəhya
Yazıldığı yer: Efes və ya yaxınlığı
Yazılması başa çatıb: b. e. təx. 98-ci ili
Əhatə etdiyi dövr: Proloqdan sonra, b. e. 29-33-cü illəri
MATTANIN, Markın və Lukanın yazdığı Müjdələr 30 ildən artıq idi ki, oxunurdu və birinci əsrin məsihçiləri bu yazılara müqəddəs ruhla ilhamlanmış adamların yazdığı kitablar kimi baxırdı. İndi əsrin sonu yaxınlaşdıqca və vaxtilə İsa ilə olanların sayı azaldıqca, sual yarana bilərdi: görəsən deyilməmiş nə isə qalıbmı? Hələ də elə adam varmı ki, İsanın xidməti haqda başqa təfərrüatları öz xatirələrindən danışa bilsin? Bəli. Qoca Yəhyanın İsa ilə xüsusi münasibətləri olmuşdu. Görünür, o, Vəftizçi Yəhyanın «Allahın Quzusu» ilə ən birinci tanış edilən şagirdləri arasında idi və İsanın həmişə onunla xidmət etmək üçün də’vət etdiyi ilk dörd nəfərdən biri olmuşdu (Yəh. 1:35-39; Mark 1:16-20). İsanın bütün xidməti zamanı Yəhya onunla sıx əməkdaşlıq etmişdir. Axırıncı Pasxa bayramında İsanın sinəsində uzanan, sevdiyi şagirdi Yəhya idi (Yəh. 13:23; Mat. 17:1; Mark 5:37; 14:33). O, ürəkparçalayan e’damın şahidi olmuşdu. Bu zaman İsa anasının qayğısına qalmağı ona həvalə etmişdi. İsanın dirildiyi xəbərinin dəqiqliyini yoxlamaq üçün onun qoyulduğu qəbrə tələsəndə Peteri qabaqlayan da Yəhya idi (Yəh. 19:26, 27; 20:2-4).
2 Təxminən 70 il fəal xidmət etməsi sayəsində yetkinləşən, həmçinin tək-tənha Patmos adasında həbsdə olarkən vəhy alan və keçmiş hadisələrin üzərində düşünən Yəhya uzun müddət ürəyində qoruyub-saxladığı şeyləri yazmağa hazır idi. Müqəddəs ruh həmin dəyərli, həyat verən sözlərdən çoxunu yadına salıb, qələmə almaq üçün indi onun hafizəsini oyandırmışdı ki, hər oxuyan ‘İsanın, Allahın Oğlu Məsih olduğuna iman etsin və iman etməklə Onun adı ilə onda həyat olsun’ (20:31).
3 İkinci əsrin əvvəlində yaşayan məsihçilər Yəhyanı bu Müjdənin yazıçısı hesab edir və onun yazdığının Allahdan ilham almış Yazıların bir hissəsi olduğuna şübhə etmirdilər. İkinci əsrin sonu, üçüncü əsrin əvvəlində yaşayan İsgəndəriyyəli Klement, İriney, Tertullian və Origen Yəhyanın bu Müjdəni yazdığını təsdiq edir. Bundan başqa Müjdəni Yəhyanın yazdığına dair sübutların çoxu kitabın özündədir. Yazıçının yəhudi olması, yəhudilərin adətləri və torpağı ilə yaxşı tanış olması aydındır (2:6; 4:5; 5:2; 10:22, 23). Yazıçının İsaya olan doğma münasibəti göstərir ki, o, sadəcə həvari deyildi, həm də İsaya daha yaxın olan və xüsusi hallarda onu müşayiət edən üç nəfərdən — Peter, Yaqub və Yəhyadan — biri idi (Mat. 17:1; Mark 5:37; 14:33). Onlardan Yaqubu (Zevedeyin oğlu) çıxmaq olar, çünki I Hirod Aqrippa kitab yazılmamışdan çox əvvəl, eramızın 44-cü ilində onu qətlə yetirmişdi (Həv. iş. 12:2). Peteri də istisna etmək olar, çünki Yəhya 21:20-24 ayələrində o, yazıçı ilə bərabər xatırlanır.
4 Bu son ayələrdə yazıçıya ‘İsanın sevdiyi şagird’ kimi müraciət olunur, həvari Yəhyanın adı heç çəkilməsə də, bu kimi ifadələrə kitabda bir neçə dəfə rast gəlinir. İsa onun haqqında demişdi: «Əgər Mən gəlincəyə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» (Yəh. 21:20, 22). Bu o deməkdir ki, həmin şagird Peter və başqa həvarilərdən çox yaşayacaq. Bütün bunlar həvari Yəhyaya uyğun gəlir. Maraqlıdır ki, Yəhya İsanın gəlişi barədə vəhy alandan sonra peyğəmbərliyə belə sözlərlə yekun vurur: «Amin. Gəl, ya Rəbb İsa!» (Vəhy 22:20).
5 Yəhyanın yazılarında kitabın yazıldığı vaxta dair heç bir dəqiq mə’lumat olmasa da, hesab edilir ki, Yəhya Müjdəsini Patmos adasından qayıtdıqdan sonra yazmışdır (Vəhy 1:9). Roma imperatoru Nerva eramızın 96-98-ci illərində, sələfi Domisianın hakimiyyətinin sonlarına yaxın sürgünə göndərilənləri geri qaytarmışdı. Hesab edilir ki, Yəhya eramızın 98-ci ilində Müjdəni yazandan sonra, 100-cü ildə imperator Trayanın hakimiyyətinin üçüncü ilində öz əcəli ilə ölmüşdür.
6 Tarixçi Yevsevi (b. e. təx. 260-342-ci illəri) Müjdənin Efes və ya onun yaxınlığında yazılmasına dair İrineyin sözlərini sitat gətirmişdir: «Dördüncü müjdəni bir zamanlar Rəbbin sinəsində uzanan şagird Yəhya Asiyanın Efes şəhərində yaşayarkən özü yazmışdı»a. Kitabın Fələstindən kənarda yazıldığını həm də o təsdiq edir ki, İsanın düşmənləri «fəriseylər», «başçı kahinlər» və başqa sözlərlə deyil, ümumi olaraq ‘yəhudilər’ adlanır (Yəh. 1:19; 12:9). Həmçinin Qalileya gölü özünün Roma adı olan Tiberiya gölü kimi qeyd olunur (6:1; 21:1). Yəhya qeyri-yəhudilərdən ötrü yəhudi bayramlarının izahını verir (6:4; 7:2; 11:55). Sürgün olunduğu Patmos adası Efesə yaxın idi və «Vəhy» kitabının 2-ci və 3-cü fəsillərindən görünür ki, o, Efes, habelə, Kiçik Asiyanın digər yığıncaqları ilə tanış idi.
7 «Yəhyanın Müjdəsi»nin mö’təbərliyini 20-ci əsrdə tapılmış vacib əlyazmalar göstərir. Onlardan biri «Yəhyanın Müjdəsi»nin Misirdə tapılmış fraqmentidir. İndi Raylends Papirusu 457 (P52) kimi tanınan və Yəhya 18:31-33, 37, 38 ayələrini özünə daxil edən əlyazma İngiltərənin Mançester şəhərinin Con Raylends Kitabxanasında saxlanılırb. Fraqmentin Müjdənin birinci əsrin sonunda yazıldığı fikri ilə əlaqəsinə dair mərhum cənab Frederik Kenyon özünün «Müqəddəs Kitab və müasir elm» kitabında (1949-cu il, səhifə 21) yazmışdı: «Buna görə, fraqment, balaca olsa da, kifayət edir ki, bu Müjdənin əlyazmasının təxminən eramızın 130-150-ci illərində, ehtimal ki, tapıldığı Misir əyalətində oxunduğu sübut edilsin. Müjdənin yazıldığı yerdən xalq arasında yayılması üçün ayrılmış vaxtı minimuma endirsək belə, əsərin yazılma tarixi, onun yazıldığı vaxt kimi qəbul edilən birinci əsrin axırıncı onilliyinə elə yaxınlaşır ki, bu fikrin düzgünlüyünü şübhə altına almağa heç bir əsas olmur».
8 «Yəhyanın Müjdəsi» giriş sözlərinə görə diqqətəlayiqdir. Burada Kəlamın ‘əzəldən Allahda olduğu’, hər şeyin onun vasitəsilə yarandığı açıqlanır (1:2). Ata ilə Oğulun dəyərli münasibətlərini açıqlayandan sonra Yəhya Allahın möhtəşəm quruluşunda hər şeyi bir-birilə bağlayan dərin məhəbbət baxımdan İsanın işlərini və sözlərini məharətlə təsvir etməyə başlayır. İsanın yer üzündəki həyatı haqqında olan bu hekayət eramızın 29-33-cü illərini əhatə edir. Burada İsanın xidməti zamanı iştirak etdiyi dörd Pasxa bayramı xatırlanır ki, bununla da İsanın xidmətinin üç il yarım davam etdiyinə daha bir sübutdur. Bayramlardan üçü elə Pasxa adlanır (2:13; 6:4; 12:1; 13:1). Birinin haqqında isə «yəhudilərin bir bayramı» kimi danışılır, ancaq bu sözlərdən bir az əvvəl İsanın: «biçinin gəlməsinə dörd ay var» deməsindən aydın olur ki, həmin bayram biçinin əvvəlində olan Pasxa bayramı idi (4:35; 5:1)c.
9 «Yəhyanın Müjdəsi»ndə çoxlu əlavə mə’lumat var. Onun 92 faizi digər üç Müjdədə olmayan yeni mə’lumatdır. Buna baxmayaraq, Yəhya öz Müjdəsinə belə yekun vurur: «İsanın etdiyi başqa çox şeylər hələ vardır və əgər birər-birər yazılmış olsalar, sanıram ki, yazılan kitablar dünyaya belə sığmazdı» (21:25).
BİZƏ FAYDASI
30 Kəlamı, yə’ni Məsihi aydın, yaxından, qəlbi isindirən tərzdə təsvir etdiyi üçün tə’sirli və inandırıcı olan «Yəhyanın Müjdəsi» sayəsində Allahın məsh olunmuş Oğlunun sözləri və əməlləri ilə daha yaxından tanış ola bilirik. Sadə üslubu və söz ehtiyatı Yəhyanın ‘oxumamış, avam adam’ olduğunu göstərsə də, onun ifadə tərzində çox böyük güc vardır (Həv. iş. 4:13). Onun Müjdəsi Ata ilə Oğul arasındakı dərin məhəbbəti cox gözəl təsvir edir, o cümlədən, göstərir ki, onlarla vəhdətdə olmaq sevinc gətirən, gözəl münasibətlər əldə etmək deməkdir. Digər üç Müjdəni birgə götürsək, Yəhya «məhəbbət» və «sevmək» kimi sözləri onlardan çox işlədir.
31 Başlanğıcda Kəlam ilə Ata arasındakı münasibət necə də valehedici idi! Allahın iradəsi ilə «Kəlam bəşər olub lütf və həqiqətlə dolu olaraq aramızda sakin oldu; biz də Onun izzətini, Atanın vahid Oğlunun izzətini gördük» (Yəh. 1:14). Sonra bütün kitab boyunca İsa Atasının iradəsini qeydsiz-şərtsiz yerinə yetirərək Ona tabe olduğunu vurğulayır (4:34; 5:19, 30; 7:16; 10:29, 30; 11:41, 42; 12:27, 49, 50; 14:10). O özünün bu sıx münasibətini ən çox Yəhyanın 17-ci fəslində yazılmış ürəyi riqqətə gətirən duasında ifadə edir. Burada İsa Atasına yer üzündə etməyi tapşırdığı işi bitirdiyini söyləyir və əlavə edir: «Ey Ata, dünya yaranmadan əvvəl, Mən Səninlə bərabər ikən Məndə olan həmin izzəti indi Mənə Öz yanında ver» (17:5).
32 İsanın davamçıları ilə münasibəti necə idi? Allahın xeyir-dualarının onlara və bütün bəşəriyyətə yalnız İsanın vasitəsilə verilməsi hər dəfə ön plana çəkilir (14:13, 14; 15:16; 16:23, 24). O, «Allah Quzusu», ‘dünyanın Nuru’, ‘yaxşı çoban’, «dirilmə və həyat», «yol, həqiqət və həyat», ‘həqiqi Meynə’ adlanır (1:29; 6:35; 8:12; 10:11; 11:25; 14:6; 15:1). Məhz ‘həqiqi Meynə’ nümunəsi əsasında, İsa təkcə həqiqi davamçıları ilə özü arasındakı deyil, həm də Ata ilə olan möhtəşəm birliyi açıqlayır. Çox məhsul verməklə şagirdlər Atanı izzətləndirəcəklər. İsa məsləhət verir: «Atam Məni sevdiyi kimi, Mən də sizi sevdim; Mənim məhəbbətimdə qalın» (15:9).
33 Sonra o, bütün bu sevdiyi şagirdlərin, o cümlədən, ‘onların sözü ilə ona iman edəcək olanların’ həqiqət sözü ilə təmizlənərək Atası ilə və onunla bir olmaları üçün necə də ürəkdən dua edir! İsanın xidmətinin məqsədi Atasına etdiyi duanın son sözlərində çox gözəl ifadə olunub: «Mənə olan məhəbbətin onlarda olsun, Mən də onlarda olum deyə, Sənin adını onlara bildirdim və bildirəcəyəm» (17:20, 26).
34 İsa öz şagirdlərini dünyada qoyub getsə də, onlara yardımçı verəcəkdi. Bu yardımçı ‘həqiqət Ruhu’ idi. Bundan başqa İsa onlara dünya ilə münasibətlərinə dair yerinə düşən bir məsləhət verdi və «nur övladları» kimi necə qalib gəlməyi onlara göstərdi (14:16, 17; 3:19-21; 12:36). İsa dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən Mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir». Bunun əksinə olaraq, o, qaranlıq övladlarına dedi: «Sizin atanız iblisdir; və öz atanızın ehtiraslarını icra etmək istəyirsiniz. O... həqiqətə bağlı qalmadı; çünki onda həqiqət yoxdur». Buna görə də gəlin həmişə həqiqətə bağlı qalaq, ‘Ataya ruhən və həqiqətən ibadət edək’ və İsanın «cəsur olun, Mən dünyaya qalib gəldim» sözlərindən güc alaq (8:31, 32, 44; 4:23; 16:33).
35 Bütün bunların Allahın Padşahlığı ilə də əlaqəsi vardır. İsa sınaqla üzləşərkən bunu təsdiq etdi: «Mənim Səltənətim bu dünyadan deyildir; əgər Mənim Səltənətim bu dünyadan olsaydı, nökərlərim cəhd edərdilər ki, Mən yəhudi idarəçilərə təslim edilməyim; lakin indi Mənim Səltənətim buradan deyildir». Sonra o, Pilatın sualına cavab olaraq dedi: «Doğru deyirsən: Mən Hökmdaram. Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim. Həqiqət tərəfdarı olan hər kəs Mənim səsimi eşidir» (18:36, 37). Onun səsini eşidənlər və Padşahla birlikdə ‘Allahın Səltənətinə girmək’ üçün yenidən doğulanlar doğrudan da xoşbəxtdirlər. Bu Çobanın və Padşahın səsinə qulaq asıb, həyat əldə edən ‘başqa qoyunlar’ xoşbəxtdirlər. Doğrudan da, «Yəhyanın Müjdəsi»nə görə minnətdar olmağa əsas var, çünki o, «İsanın, Allahın Oğlu Məsih olduğuna iman edəsiniz və iman etməklə Onun adı ilə sizdə həyat olsun deyə», yazılmışdır (3:3, 5; 10:16; 20:31).
[Haşiyələr]
b «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 323 (ing.).
c «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 57, 58 (ing.).