Müqəddəs Yazıların kitabı nömrə 44 Həvarilərin işləri
Yazan: Luka
Yazıldığı yer: Roma
Yazılması başa çatıb: b. e. təx. 61-ci ili
Əhatə etdiyi dövr: b. e. 33-cü ilindən təx. 61-ci ilinədək
İLHAMLANMIŞ yazıların 42-ci kitabında Luka İsanın səmaya qalxdığı vaxta qədər onun və şagirdlərinin həyatını, fəaliyyətini və xidmətini əks etdirir. Müqəddəs Yazıların 44-cü kitabı olan «Həvarilərin işləri» isə müqəddəs ruhun verilməsi ilə məsihçi yığıncağının əsasının qoyulmasını təsvir edərək erkən məsihçiliyin tarixini davam etdirir. Həmçinin bu kitabda təbliğin ilk öncə israillilərin, sonra isə bütün millətlərdən olan xalqların arasında geniş yayılması barəsində danışılır. İlk 12 fəslinin əsas hissəsində Peterin fəaliyyəti, qalan 16 fəsildə isə Pavelin xidməti təsvir olunur. Luka bir çox səyahətlərində Paveli müşayiət edərək, onunla yaxından əməkdaşlıq etmişdir.
2 Kitab Teofilə ünvanlanıb. «Möhtərəm» deyə müraciət edildiyi üçün, onun hansısa vəzifə sahibi olduğunu güman etmək olar və yaxud bu, sadəcə olaraq böyük hörmətin əlaməti idi (Luka 1:3). Kitab məsihçi yığıncağının təməlinin qoyulması və inkişafı barədə dəqiq tarixi mə’lumat verir. Kitab İsanın diriləndən sonra şagirdlərinə görünməsi ilə başlayır və b. e. 33-cü ilindən təxminən 61-ci ilinə qədər, yə’ni təqribən 28 il ərzində baş verən vacib hadisələri nəql edir.
3 Qədim zamanlardan «Həvarilərin işləri» kitabı Lukanın müjdəsini yazan şəxsə aid edilir. Hər iki kitab Teofilə ünvanlanıb. Yazdığı Müjdənin son sözlərini «Həvarilərin işləri» kitabının giriş ayələrində təkrar etməklə Luka bu iki kitabın arasında bir müəllifin işi kimi bağlılıq yaradır. Göründüyü kimi Luka «Həvarilərin işləri» kitabını eramızın təxminən 61-ci ilində, güman ki, həvari Pavel ilə Romada olduğu iki ilin sonlarına yaxın yazıb qurtarmışdır. Burada həmin ilə qədər olan hadisələr qeydə alındığından kitab bundan əvvəl tamamlana bilməzdi, eləcə də Pavelin qeysərə müraciətinin cavabı haqqında heç nə yazılmaması göstərir ki, kitab həmin ildə tamamlanmışdı.
4 «Həvarilərin işləri» qədimdən Müqəddəs Kitab tədqiqatçıları tərəfindən kanonik kitab kimi qəbul edilmişdir. Yunanca Müqəddəs Yazıların bizim günlərə qədər çatmış ən qədim papirus manuskriptlərində, əsasən b. e. üçüncü və ya dördüncü əsrinə aid olan Miçiqan №1 1571 (P38) və üçüncü əsrə aid olan Çester Bitti №1 (P45) papirusunda kitabın hissələri tapılmışdır. Bunların hər ikisi onu göstərir ki, «Həvarilərin işləri» ilhamlanmış Müqəddəs Yazıların başqa kitabları ilə birgə oxunurdu, beləliklə də elə əvvəldən kataloqun bir hissəsini təşkil edirdi. «Lukanın Müjdəsi»ndəki heyrətamiz dəqiqlik «Həvarilərin işləri» kitabının yazılışında da əks olunur. Cənab Uilyam M. Ramsey «Həvarilərin işləri» kitabının yazıçısını «yüksək səviyyəli tarixçilər sırasında» tutur və bunun mə’nasını belə izah edir: «Görkəmli tarixçi üçün ən birinci və ən əsas şərt dəqiqlikdir. Onun dedikləri e’tibara layiq olmalıdır»a.
5 Lukanın yazılarını xarakterizə edən dəqiqliyi göstərmək üçün birinci Dünya müharibəsi zamanı Aralıq dənizi hərbi dəniz donanmasının komandanı, Edvin Smitin 1947-ci ildə bir jurnalda yazılmış sözlərini sitat gətiririk: «Qədim gəmilər müasir gəmilərdə olduğu kimi yuxarı göyərtədə dirəyə bərkidilmiş tək sükan ilə deyil, gəminin dal tərəfindəki iki böyük avar və ya kürəklə idarə olunurdu; bu səbəbdən Luka onlardan cəm halında danışır [Həvarilərin işləri 27:40, YD]. [...] Biz öz tədqiqatlarımızdan görmüşük ki, Gözəl Limanları tərk etdiyi vaxtdan Malta sahillərinə yan aldığı vaxtadək bu gəminin hərəkətinə dair müqəddəs Lukanın verdiyi hər mə’lumat dəqiq və məmnunedici xarakter daşıyan xarici və obyektiv dəlillərlə təsdiq edilmişdir; gəminin dənizdə qaldığı vaxta dair mə’lumat onun qət etdiyi məsafəyə və nəhayət bu yer Lukanın təsvir etdiyi gəlib çatdıqları yerə uyğundur. Bütün bunlar göstərir ki, Luka həqiqətən də yazdığı kimi dəniz səyahətində olmuşdur, onun müşahidələri və qeydləri isə ən yüksək dərəcədə mö’təbər və e’tibarlı hesab oluna bilər»b («The Rudder»).
6 Arxeoloji tapıntılar da Lukanın yazdıqlarının dəqiqliyini təsdiq edir. Məsələn, Efesdə aparılan qazıntılar zamanı Artemidanın mə’bədi, o cümlədən, efeslilərin həvari Pavelə qarşı iğtişaş qaldırdıqları qədim teatr tapılmışdır (Həv. iş. 19:27-41). Tapılmış qədim yazılar Lukanın Salonik şəhərinin mə’murlarına «şəhərin rəisləri» kimi müraciət etməsinin düzgün olduğunu təsdiq edir (17:6, 8). Malta dilində tapılmış iki yazı göstərir ki, Luka Publiyusu Maltanın «böyüyü» adlandırmaqda yanılmırdı (28:7)c.
7 Bundan əlavə Lukanın bu kitabında Peterin, Stefanın, Korneliusun, Tertullusun, Pavelin və başqalarının nitqlərinin hamısı üslub və tərtib baxımından müxtəlifdir. Hətta Pavelin ayrı-ayrı dinləyicilər qarşısında etdiyi çıxışlar şəraitə uyğun olaraq müxtəlif üslubdadır. Bu onu göstərir ki, Luka ancaq özünün eşitdiyini və ya başqa şahidlərin ona danışdıqlarını yazırdı. Luka əfsanə yazmırdı.
8 Lukanın şəxsi həyatı barədə mə’lumat çox azdır. Luka özü həvari olmasa da, həvarilərlə yaxın ünsiyyəti var idi (Luka 1:1-4). Həvari Pavel üç dəfə Lukanın adını çəkir (Kolos. 4:10, 14; 2 Tim. 4:11; Filim. 23). Luka onu «sevimli həkim» adlandıran Pavel ilə bir neçə il ərzində fasiləsiz əməkdaşlıq etmişdir. Hekayətdə Lukanın gah «onlar», gah da «biz» deməsi göstərir ki, Pavelin ikinci missioner səyahəti zamanı Luka onunla birlikdə Troasda olub, Pavel bir neçə ildən sonra qayıdana kimi ola bilsin Filipidə qalıb və sonra yenidən Pavelə qoşulub, məhkəmə işi ilə əlaqədar Romaya səyahətində onu müşayiət edib (Həv. iş. 16:8, 10; 17:1; 20:4-6; 28:16).
BİZƏ FAYDASI
32 Müjdələrdə olduğu kimi «Həvarilərin işləri» kitabında da İbranicə Müqəddəs Yazıların həqiqi olduğunu və ilhamlandığını göstərən sübutlar var. Pentikost günü yaxınlaşanda Peter ‘Yəhuda haqqında Müqəddəs Ruhun, Davudun ağzı ilə əvvəlcədən bəyan etdiyi’ iki peyğəmbərliyin yerinə yetdiyini söylədi (Həv. iş. 1:16, 20; Məz. 69:25; 109:8). Peter həm də Pentikosta gələn heyrətə düşmüş izdihama dedi ki, onlar peyğəmbərliyin yerinə yetməsinin şahididirlər: «Bu hadisə Yoel peyğəmbər tərəfindən xəbər verilmişdi» (Həv. iş. 2:16-21; Yoel 2:28-32; müqayisə et: Həv. iş. 2:25-28, 34, 35 və Məz. 16:8-11; 110:1).
33 Bayırda duran başqa izdihamı inandırmaq üçün Peter yenidən İbranicə Müqəddəs Yazılara müraciət edir, əvvəlcə Musanın sözlərini sitat gətirir, sonra deyir: «Şəmuel və ondan sonrakılar da daxil olmaqla bütün peyğəmbərlər nə danışdılarsa, bu günləri qabaqcadan xəbər verdilər». Sonra isə Məsihin, yə’ni onların inkar etdikləri daşın «küncün başı» olduğunu göstərərək Peter Sinedrionun qarşısında Məzmur 118:22 ayəsini sitat gətirir (Həv. iş. 3:22-24; 4:11). Filip həbəşistanlı xədimə Yeşaya 53:7, 8 ayəsinin necə yerinə yetdiyini izah etdi, bu barədə bilik əldə etdikdən sonra xədim təvazökarlıqla vəftiz olmaq istəyini bildirdi (Həv. iş. 8:28-35). Buna bənzər tərzdə, Kornelius ilə İsa barədə söhbət edərkən Peter demişdi: «Bütün peyğəmbərlər Ona şahidlik edirlər» (10:43). Sünnət barədə mübahisə gedərkən Yaqub qərarını belə təsdiqlədi: «Peyğəmbərlərin sözləri buna uyğun gəlir; necə ki, yazılmışdır» (15:15-18). Həvari Pavel də, bu nüfuzlu mənbəyə e’tibar edirdi (26:22; 28:23, 25-27). Şagirdlərin və onların dinləyicilərinin İbranicə Müqəddəs Yazıları Allahın Kəlamının bir hissəsi kimi həvəslə qəbul etmələri bu yazıların ilhamlanmış olduğuna əminliyi möhkəmləndirir.
34 «Həvarilərin işləri» kitabı məsihçi yığıncağının təməlinin qoyulmasını və müqəddəs ruhun qüdrəti ilə onun necə inkişaf etdiyini göstərməkdə çox faydalıdır. Bütün bu həyəcanlandırıcı hekayə boyunca ilk məsihçilərin hər tərəfə yayılmasından, cəsarəti və sevincindən, tə’qiblər qarşısında möhkəm qalmasından, o cümlədən, Pavelin qeyri-yəhudilərə təbliğ etmək və Makedoniyaya getmək çağırışına hay verməsindən göründüyü kimi xidmət etməyə hazır olmalarından Allahın onlara xeyir-dua verdiyinin şahidi oluruq (4:13, 31; 15:3; 5:28, 29; 8:4; 13:2-4; 16:9, 10). Bu gün də məsihçi yığıncağı müqəddəs ruhun rəhbərliyi altında ‘Allahın möhtəşəm işləri barədə danışdığı’ üçün onun üzvlərini bir-birinə məhəbbət, birlik və ümumi maraq bağlayır (2:11, 17, 45; 4:34, 35; 11:27-30; 12:25).
35 «Həvarilərin işləri» kitabı məsihçilərin Allahın Padşahlığını necə təbliğ etməli olduqlarını göstərir. Pavel özü bunda nümunə idi. O deyirdi: «Sizə faydalı olan heç bir şeyi bəyan etməkdən, istər açıqca, istərsə də evdən-evə sizə tə’lim etməkdən çəkinmədim». Sonra o, ‘əsaslı surətdə şahidlik etdiyini’ (YD) deyir. ‘Əsaslı surətdə şahidlik etmək’ mövzusu bütün kitab boyunca bizim diqqətimizi cəlb edir və son fəsillərdə daha da ön plana keçir. Burada Pavelin hətta həbsdə olanda belə təbliğ və tə’lim işinə ürəkdən bağlı qalması bu sözlərlə ifadə olunur: «O da Allahın Səltənətini ciddi şəkildə onlara bəyan edib, səhərdən axşama qədər izah edirdi. Musanın Qanununa və peyğəmbərlərin kitablarına əsaslanaraq, onları İsa barəsində iqna etməyə çalışırdı». Gəlin biz də Padşahlıq işində həmişə tam ürəkdən iştirak edək! (20:20, 21; 28:23; 2:40; 5:42; 26:22).
36 Pavelin Efesdəki nəzarətçilərlə söhbətində, bugünkü nəzarətçilər üçün faydalı olan çoxlu məsləhətlər var. Müqəddəs ruh ilə tə’yin olunduqları üçün, nəzarətçilərin ‘özlərinə və bütün sürüyə diqqət etmələri’, nəvazişlə onların qayğılarına qalmaları və onları məhv etmək istəyən qəddar canavarlardan sürünü qorumaları son dərəcə vacibdir. Şübhəsiz bu məs’uliyyətli işdir! Nəzarətçilər oyaq olmalı və Allahın lütfü barədəki Kəlama uyğun inkişaf etməlidirlər. Zəiflərə yardım etmək üçün zəhmət çəkəndə onlara «Rəbb İsanın sözlərini xatırlamaq gərəkdir, çünki o özü demişdir: “Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir”» (20:17-35).
37 Pavel başqa söhbətlərində də Müqəddəs Kitab prinsiplərini aydın izah edir. Məsələn, Areopaqda stoistlərlə və epikürçülərlə söhbətində o çox tutarlı dəlillər gətirir. Əvvəlcə o, qurbangahdakı «Namə’lum Allaha» yazısına istinad edərək, ondan bütün xalqlardan olan insanları bir qandan yaradan, göyün və yerin Rəbbi olan bir həqiqi Allahın «heç birimizdən uzaq» olmadığını başa salmaq üçün əsas kimi istifadə edir. Sonra Pavel onların şairlərinin, «Biz də Onun nəsliyik» sözlərini sitat gətirərək göstərir ki, özlərinin cansız qızıl, gümüş və ya daş bütlərdən yarandığını zənn etmələri nə qədər gülüncdür. Beləliklə, Pavel yaşayan Allahın ali hakimiyyətini nəzakətlə sübut edir. O dirilmə mövzusuna ancaq son sözlərində toxunur və hətta onda da Məsihin adını belə çəkmir. O, vahid həqiqi Allahın ali hakimiyyətini izah etməyə müvəffəq olur və nəticədə bə’ziləri iman edirlər (17:22-34).
38 «Həvarilərin işləri» kitabı bizi ‘hər Müqəddəs Yazını’ daima sə’ylə araşdırmağa təşviq edir. Pavel ilk dəfə Veriyada təbliğ edəndə buradakı yəhudilər: «Bu tə’limlər doğrudurmu?» — deyərək hər gün Müqəddəs Yazıları araşdırıb, Allah kəlamını böyük şövqlə qəbul etdiklərinə görə «alicənab» adlandırılaraq, tə’rifə layiq görülmüşdülər (17:11). Bu gün də o dövrdə olduğu kimi Allahın Kəlamını Yehovanın müqəddəs ruhu ilə dolu olan yığıncaqla birlikdə həvəslə araşdırsaq, əminlik və möhkəm imanla xeyir-dualandırılacağıq. Məhz belə öyrənmənin sayəsində Allahın prinsiplərini aydın başa düşmək olar. Bu prinsiplərdən bə’ziləri Həvarilərin işləri 15:29 ayəsində yaxşı verilib. Burada Yerusəlimdəki həvarilərdən və ağsaqqallardan ibarət rəhbərlik şurası bildirir ki, sünnət ruhani İsrail üçün tələb olmadığı halda, bütpərəstlik, qandan sui-istifadə, əxlaqsızlıq konkret olaraq qadağan edilir.
39 Həqiqətən də, erkən məsihçilər Allahdan ilham almış Yazıları araşdırır və lazım gəldikdə, onlardan sitat gətirib, tətbiq edə bilirdilər. Dəqiq bilik və Allahın ruhu onları amansız tə’qiblərə sinə gərmək üçün möhkəmləndirmişdi. Peter və Yəhya onlara qarşı çıxan rəislərə cəsarətlə: «Özünüz deyin: sizi Allahdan daha artıq dinləmək Allahın qarşısında doğrudurmu? Eşitdiyimiz və gördüyümüz şeyləri söyləməməyimiz qeyri-mümkündür», — deməklə, bütün sadiq məsihçilərə nümunə qoydular. İsanın adı ilə tə’lim verməyi ‘ciddi qadağan etmiş’ Sinedrionun qarşısına yenidən gətiriləndə onlar birmə’nalı şəkildə dedilər: «İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir». Belə cəsarətli şahidlik verməyin nəticəsində rəislərə yaxşı şahidlik olundu. Bu zaman tanınmış Qanun müəllimi Qamliyel ibadət azadlığının lehinə məşhur sözlərini dedi və bunun sayəsində həvarilər azad edildilər (4:19, 20; 5:28, 29, 34, 35, 38, 39).
40 Bütün Müqəddəs Kitabın əsas mövzusunu təşkil edən Yehovanın Öz Padşahlığına dair möhtəşəm niyyəti «Həvarilərin işləri» kitabında özünü daha qabarıq büruzə verir. Kitabın əvvəlində İsanın göyə qalxmazdan öncə 40 gün ərzində ‘Allahın Səltənətindən bəhs etdiyi’ təsvir edilir. Padşahlığın qaytarılması barədə şagirdlərin sualına cavabında İsa dedi ki, onlar əvvəlcə dünyanın ən uzaq yerlərinə qədər ona şahid olmalıdırlar (1:3, 6, 8). Yerusəlimdən başlayaraq, şagirdlər Padşahlığı böyük cəsarətlə təbliğ edirdilər. Tə’qiblərin nəticəsində Stefan daşqalaq olundu və şagirdlər başqa ərazilərə yayıldılar (7:59, 60). Kitabda yazılanlara əsasən, Filip Samariyada böyük müvəffəqiyyətlə ‘Allahın Səltənəti haqqında müjdəni yayırdı’, Pavel isə əməkdaşları ilə Asiyada, Korinfdə, Efesdə və Romada ‘Səltənət’ haqqında təbliğ edirdi. Bütün bu erkən məsihçilər Yehovaya və Onun möhkəmləndirən ruhuna e’tibar etməkdə çox gözəl nümunə qoymuşlar (8:5, 12; 14:5-7, 21, 22; 18:1, 4; 19:1, 8; 20:25; 28:30, 31). Onların zəifləməyən sə’ylərini, cəsarətini, o cümlədən, Yehovanın onların çalışqanlığına necə bol xeyir-dua verdiyini nəzərdən keçirəndə, biz də daima ‘Allahın Səltənətini ciddi şəkildə bəyan etməyə’ təşviq olunuruq (28:23).
[Haşiyələr]
a «St. Paul the Traveller», 1895, page 4.
b Sitat «Oyanın!» jurnalının 1947-ci il 22 iyul sayının 22, 23-cü səhifələrindən gətirilmişdir (ing.); həmçinin «Oyanın!» jurnalının 1971-ci il 8 aprel sayının 27, 28-ci səhifələrinə baxın (ing.).
c «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 153, 154, 734, 735; c. 2, s. 748 (ing).