Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi08-1 s. 20—22
  • Müqəddəs Yazıların kitabı nömrə 46 1 Korinflilərə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 46 1 Korinflilərə
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
  • Başlıqlar
  • BİZƏ FAYDASI
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
bsi08-1 s. 20—22

Müqəddəs Yazıların kitabı nömrə 46 1 Korinflilərə

Yazan: Pavel

Yazıldığı yer: Efes

Yazılması başa çatıb: b. e. təx. 55-ci ili

KORİNF «Şərqlə Qərbin qüsurlarının kəsişdiyi məşhur və pozğun şəhər idi»a. Korinf Peloponneslə kontinental Yunanıstanı birləşdirən dar bərzəxdə yerləşir və materikə aparan yola nəzarət edirdi. Həvari Pavelin günlərində onun əhalisi yalnız Roma, İsgəndəriyyə və Suriyadakı Antakya şəhərlərinin əhalisindən az olub təxminən 400 000 nəfər idi. Korinf şərqdə Egey dənizi, qərbdə isə Korinf körfəzi və İoni dənizi ilə əhatə olunub. Buna görə də, Kenxreya və Lehey limanları yerləşən və Axaya əyalətinin əsas şəhəri olan Korinf ticarətdə vacib mövqeyə sahib idi. O həm də Yunanıstanın elmi mərkəzi sayılırdı. Bir kitabda deyilirdi ki, «onun dillər əzbəri olan var-dövləti, o cümlədən sakinlərinin pozğunluğu və israfçılığı zərb-məsələ çevrilmişdi»b. Korinfin bütpərəst dinləri arasında Afrodita ilahəsinə (romalılarda Venera ilə eyniləşdirilir) ibadət də var idi. Şəhvətpərəstlik korinflilərin ibadətinin bəhrəsi idi.

2 Roma imperiyasının elə həmin çiçəklənən, ancaq pozğun şəhəri Korinfə həvari Pavel eramızın təxminən 50-ci ilində səyahət etmişdi. Burada qaldığı 18 ay ərzində məsihçi yığıncağı təşkil olunmuşdu (Həvarilərin işləri 18:1-11). Korinfdəki həmimanlılarına ilk dəfə Məsih haqqında xoş xəbəri çatdıran Pavel onları çox sevirdi. O, məktubunda onları bir-birinə bağlayan ruhani telləri xatırlayaraq deyirdi: «Sizin Məsih yolunda minlərcə mürəbbiniz olsa belə, atalarınız azdır: mən Məsih İsa yolunda Müjdə vasitəsilə atanız oldum» (1 Kor. 4:15).

3 Korinfdəki məsihçilərin ruhani rifahına görə narahat olan Pavel üçüncü missioner səyahəti zamanı onlara birinci məktubunu yazmaq qərarına gəlmişdi. Korinfi tərk etdiyi vaxtdan bir neçə il keçmişdi. Eramızın 55-ci ilində Pavel Efes şəhərində idi. Görünür o, yeni Korinf yığıncağından məktub almışdı və ona cavab yazmalı idi. Bundan savayı, Pavelə narahatçılıq doğuran xəbərlər çatmışdı (7:1; 1:11; 5:1; 11:18). Pavel buna görə o qədər kədərlənmişdi ki, məktubunun 7-ci fəslinin birinci ayəsinədək Korinfdəki həmimanlılardan məktub aldığını heç dilinə belə gətirmir. Paveli Korinfdəki məsihçilərə məktub yazmağa vadar edən elə həmin xəbərlər idi.

4 Bəs Pavelin «Korinflilərə birinci məktub»unu Efes şəhərindən yazdığını haradan bilirik? İlk növbədə onu qeyd etmək lazımdır ki, məktubunun sonunda salam söyləyərkən Akila ilə Priskilanın da adından salam deyir (16:19). Həvarilərin işləri 18:18, 19 ayələrindən mə’lum olur ki, Akila ilə Priskila Korinfdən Efesə köçmüşdülər. Onlar burada yaşadıqları və Pavel onların da adından Korinfdəki məsihçilərə salam göndərdiyi üçün belə qənaətə gəlmək olar ki, Pavel «Korinflilərə birinci məktub»unu Efesdə yazmışdı. Pavelin 1 Korinflilərə 16:8 ayəsindəki sözləri bunun həqiqətən də belə olduğuna dəlalət edərək bütün şübhələri aradan qaldırır: «Efesdə isə pentikost bayramına qədər qalacağam». Deməli, Pavel «Korinflilərə birinci məktub»unu, çox güman ki, Efesdən gedənə yaxın yazmışdı.

5 Pavelin korinflilərə yazdığı birinci və ikinci məktubunun doğruluğuna heç bir şübhə yoxdur. Bu məktublar Pavelə aid edilirdi və erkən məsihçilər onları kanonik sayaraq Müqəddəs Yazılar toplusuna daxil edirdilər. Təxminən eramızın 95-ci ilində Romadan Korinf şəhərinə yazılan və «Birinci Klement» kimi tanınan məktubda «Korinflilərə birinci məktub»a ən azı altı dəfə istinad edilir, yaxud oradan sitatlar gətirilir. Bu məktubun yazıçısı «Korinflilərə birinci məktub»a açıq-aydın istinad edərək məktubu yazdığı şəxsləri «mübarək həvari Pavelin sözlərini qəbul etməyə» təşviq edirdic. Şəhid Yustin, Afinaqor, İriney və Tertullian da «Korinflilərə birinci məktub»dan birbaşa sitatlar gətirirdilər. Təkzibedilməz sübutlar var ki, korinflilərə birinci və ikinci məktublar da daxil olmaqla, Pavelin məktubları «birinci əsrin son onilliyində bir yerə toplanıb dərc edilmişdir»d.

6 Pavelin korinflilərə yazdığı birinci məktubu Korinf yığıncağında baş verənləri görmək imkanını verir. Həmin məsihçilər problemlərlə üzləşirdilər və həll olunası məsəllər çox idi. Bə’ziləri insanların ardınca getdikləri üçün yığıncağa ayrılıq düşmüşdü. Orada iyrənc cinsi əxlaqsızlıq baş vermişdi. Bə’zi məsihçilərin ailə üzvləri başqa dinə mənsub idi. Onlar imanda olmayan həyat yoldaşları ilə qalmalı, yoxsa ayrı yaşamalı idilər? Bəs bütlərə gətirilmiş qurban ətindən yemək barədə nə demək olar? Onu yemək olarmı? Korinflilər Məsihin Xatirə Gecəsi mərasiminin və görüşlərin keçirilməsinə dair göstərişlərə ehtiyac duyurdular. Yığıncaqda qadın hansı mövqeyi tutmalıdır? Korinflilərin arasında dirilməni inkar edənlər də var idi. Problemlər çox idi. Ancaq həvarinin əsas məqsədi korinfliləri ruhən dirçəltmək idi.

7 Korinf yığıncağında baş verənləri və bu qədim şəhərin firavanlığı və pozğunluğunu müasir dövrdə də görmək olar. Buna görə də, Pavelin Allahdan ilham alaraq yazdığı e’tibarlı məsləhətlərə diqqət yetirməliyik. Pavelin sevimli həmimanlılarına yazdığı dəyərli məsləhətləri diqqətlə araşdırmağımız, sözsüz ki, bizim üçün də faydalı olacaq. Gəlin o zaman orada hökm sürən ruhu xatırlayaq. Pavelin qədim Korinfdə yaşayan bacı-qardaşlarına yazdığı Allahdan ilham almış şövqləndirici məktubuna nəzər salarkən, Korinf məsihçiləri kimi, biz də dərindən düşünə bilərik.

BİZƏ FAYDASI

23 Həvari Pavelin İbranicə Müqəddəs Yazılardan çoxlu sitat gətirdiyi bu məktub həmin Yazıları başa düşməyimizə xeyli kömək edir. Onuncu fəsildə Pavel qeyd edir ki, Musanın rəhbərliyi altındakı israillilər Məsihin rəmzi olan ruhani daşdan su içmişdirlər (1 Kor. 10:4; Say. 20:11). Sonra o, həmin israilliləri nümunə çəkərək pisliyə meyl göstərməyin gətirdiyi acı nəticələrdən danışıb əlavə edir: «Bütün bunlar ibrət olaraq onların başına gəlirdi; son əsrlərə çatan bizlər üçün də məsləhət olaraq qeyd edildi». Gəlin yıxılmayacağımızı düşünərək heç vaxt özümüzə arxalanmayaq! (1 Kor. 10:11, 12; Say. 14:2; 21:5; 25:9). Pavel yenə də Qanundan nümunə çəkir. Rəbbin axşam yeməyində iştirak edənlərin Yehovanın süfrəsindən necə layiqli tərzdə yeməli olduqlarını göstərmək üçün, Pavel israillilərin gətirdiyi ünsiyyət qurbanlarına istinad edir. Sonra o, ət bazarında satılan hər şeyi yeməyin qəbahət olmadığını göstərmək üçün, Məzmur 24:1 ayəsindən sitat gətirir: «Rəbbindir yer üzü və orada mövcud olanlar, dünya və orada yaşayanlar» (1 Kor. 10:18, 21, 26; Çıx. 32:6; Lev. 7:11-15).

24 Pavel ‘Allahın Onu sevənlər üçün hazırladığı şeylərin’ üstünlüyünü və dünya ‘müdriklərinin düşüncələrinin’ boş şey olduğunu göstərmək məqsədilə bir daha İbranicə Müqəddəs Yazılara müraciət edir (1 Kor. 2:9; 3:20; Yeşaya 64:4; Məz. 94:11). Həvari Pavel Yehovanın «pislik aranızdan atılsın» qanununa əsaslanaraq, məktubunun 5-ci fəslində günahkarı yığıncaqdan kənar etmək lazım olduğunu göstərir (Qanun. t. 17:7). Xidmətin hesabına yaşamağa hüququ olduğunu müzakirə edərkən Pavel yenə də Musanın Qanununa istinad edir. Orada deyilirdi ki, xırman döyən öküzün ağzını bağlamaq olmaz və qurbangahda təqdim edilən qurbanların bir qismi mə’bəddə xidmət edən levililərin payına düşməlidir (1 Kor. 9:8-14; Qanun. t. 25:4; 18:1).

25 Bəli, Pavelin Korinfdəki məsihçilərə yazdığı birinci məktubundakı Allahdan ilham almış göstərişlərinin bizə faydası çoxdur! Ayrılıq salmamağa və insan ardınca getməməyə dair verilən məsləhətlər üzərində düşünün (1-4-cü fəsillər). Bu yığıncaqda baş qaldıran əxlaqsızlığı və Pavelin yığıncağın əxlaqi təmizliyini qorumaq lazım olduğunu necə vurğuladığını yada salın (5, 6-cı fəsillər). Subaylığa, nikaha və ayrı yaşamağa dair verdiyi ilhamlanmış məsləhətləri nəzərdən keçirin (7-ci fəsil). Həvarinin bütlərə təqdim olunan qurbanlara, həmçinin başqalarını büdrətməməyə, bütpərəstliyə təslim olmamağa dair mülahizələrini düşünün (8-10-cu fəsillər). Pavel münasib tabeçilikdən, ruhani ən’amlardan, hər şeyə qatlaşan və hər şeyə tab gətirən məhəbbətdən də danışdı. Pavel məsihçi görüşlərində nizam-intizamın hökm sürməli olduğunu necə də gözəl vurğuladı! (11-14-cü fəsillər). O, Allahdan ilham alaraq yazdığı məktubunda dirilmə ümidini necə də gözəl müdafiə etdi! (15-ci fəsil). Bütün bu fikirlər müasir məsihçilər üçün çox dəyərlidir!

26 Bu məktub Müqəddəs Kitabın möhtəşəm mövzusu olan Allahın Padşahlığı haqqında anlayışımızı xeyli artırır. Məktubda ciddi xəbərdarlıq edilir ki, qeyri-saleh insanlar Allahın Padşahlığına daxil olmayacaqlar və insanı bundan məhrum edəcək bir çox günahlar sadalanır (1 Kor. 6:9, 10). Ən vacibi isə, burada dirilmə ilə Allahın Padşahlığı arasındakı bağlılıq izah edilir. Məktubda göstərilir ki, dirilənlərin ilki olan Məsih «Allah Onun bütün düşmənlərini ayaqlarının altına salıncaya kimi... səltənət sürməlidir». Sonra, Allah bütün düşmənlərlə birgə ölümü də yox edəndə, İsa ‘səltənəti Ata Allaha təslim edəcək ki, Allah hər şeydə hər şey olsun’. Nəhayətdə, Padşahlıqla bağlı Edendə verilən və’di yerinə yetirərək, Məsih dirilmiş ruhani qardaşları ilə birlikdə ilanın başını əzəcək. Doğrudan da, İsa Məsihlə birgə səmavi Padşahlıqda ölməzliyə qovuşacaq insanların möhtəşəm dirilmə ümidi var! Pavel dirilmə ümidinə əsaslanaraq nəsihət verir: «Beləliklə, ey sevimli qardaşlarım, möhkəm, sarsılmaz olun, hər zaman Rəbbin işində tərəqqi edin və bilin ki, Rəbbin yolunda çəkdiyiniz əmək əbəs deyildir» (1 Kor. 15:20-28, 58; Yar. 3:15; Rom. 16:20).

[Haşiyələr]

a «Halley’s Bible Handbook», 1988, H. H. Halley, page 593.

b «Smith’s Dictionary of the Bible», 1863, Vol. 1, page 353.

c «The Interpreter’s Bible», Vol. 10, 1953, page 13.

d «The Interpreter’s Bible», Vol. 9, 1954, page 356.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş