Müqəddəs Yazıların kitabı nömrə 49 Efeslilərə
Yazan: Pavel
Yazıldığı yer: Roma
Yazılması başa çatıb: b. e. təx. 60-61-ci illəri
HƏBSXANADA olduğunu təsəvvür et. Sən məsihçi missioneri kimi sə’ylə fəaliyyət göstərdiyinə görə tə’qib olunub həbsxanaya salınmısan. Artıq səyahət edə və yığıncaqları möhkəmləndirmək üçün onlara baş çəkə bilmirsən. Bəs indi nə edəcəksən? Sənin təbliğin sayəsində məsihçi olanlara nəyə görə məktub yazmayasan? Yəqin onlar sənin vəziyyətinlə maraqlanır və ola bilsin, ruhlanmağa ehtiyacları var. Buna görə də yazmağa başlayırsan. Sən, təxminən eramızın 59-61-ci illərində ilk dəfə Romada həbsxanada olan həvari Pavel kimi edirsən. Pavel qeysərin məhkəməsini tələb etmişdi və məhkəməni gözləməsinə və nəzarət altında olmasına baxmayaraq, müəyyən işləri görməyə azad idi. Pavel, «Efeslilərə məktub»unu Romadan, ehtimala görə, eramızın 60 və ya 61-ci ilində yazmış və Onisimin müşayət etdiyi Tixiklə göndərmişdir (Efes. 6:21; Kolos. 4:7-9).
2 Pavel elə ilk sözlərdə özünü məktubun yazıçısı kimi tanıdır və dörd dəfə özünü «Rəbb üçün məhbus olan» adlandırır (Efes. 1:1; 3:1, 13; 4:1; 6:20). Bu məktubun müəllifinin Pavel olduğunu təkzib edən dəlillər yoxdur. Eramızın 200-cü ilinə təsadüf edildiyi zənn edilən Çester Bittinin papirusu № 2 (P46) 86 kodeks vərəqəsindən ibarətdir və Pavelin məktubları da oraya daxildir. Onların arasında Pavelin efeslilərə yazdığı məktub da vardı, bu isə, o vaxtlar həmin məktubun Pavelin digər məktubları toplusuna daxil olduğunu göstərir.
3 Erkən kilsə tarixçiləri bu məktubu Pavelin yazdığını və məktubun efeslilərə ünvanlandığını təsdiqləyirdilər. Məsələn, eramızın ikinci əsrində yaşamış İriney Efeslilərə 5:30 ayəsinə istinad edərək yazırdı: «Müqəddəs Pavel efeslilərə məktubunda dediyi kimi, biz onun bədəninin üzvləriyik». Həmin dövrdə yaşamış İsgəndəriyyəli Klement Efeslilərə 5:21 ayəsinə istinad edirdi: «Bu səbəbdən, onun efeslilərə məktubunda yazdığı kimi, Allah qorxusu ilə bir-birinizə tabe olun». Eramızın üçüncü əsrinin birinci yarısında yazan Origen Efeslilərə 1:4 ayəsinə istinad edib deyirdi: «Həmçinin həvari efeslilərə məktubunda “O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi” deyərkən eyni ifadədən istifadə etmişdir»a. Erkən kilsənin digər nüfuzlu tarixçisi (b. e. təx. 260-342-ci illəri) Yevsevi efeslilərə olan məktubu Müqəddəs Kitab kanonuna daxil etmişdir. Bundan əlavə, başqa ilk kilsə tarixçiləri də «Efeslilərə məktub»u ilhamlanmış Müqəddəs Yazılara daxil edirdilərb.
4 Çester Bittinin papirusunda, Vatikan kodeksi № 1209 və Sinay manuskriptində Efeslilərə 1:1 ayəsindən «Efesdə» sözü götürüldüyü üçün məktubun ünvanlandığı yer mə’lum deyil. Bu fakt, eləcə də Pavelin orada üç il zəhmət çəkməsinə baxmayaraq məktubda Efesdəki məsihçilərə adları çəkilərək salam göndərilməməsi belə fərziyyələrə səbəb olur ki, yəqin məktub ya başqa bir kimsəyə, ya da efeslilər də daxil olmaqla, Kiçik Asiyadakı yığıncaqlara ünvanlanmışdı. Lakin digər manuskriptlərin çoxunda «Efesdə» sözü var və yuxarıda qeyd etdiyimiz kimi, erkən kilsə tarixçiləri bunu efeslilərə ünvanlanmış məktub kimi qəbul edirdilər.
5 Bə’zi tarixi mə’lumatları gözdən keçirmək, bu məktubun məqsədini anlamağımıza kömək edəcək. Eramızın birinci əsrində Efes şəhəri cadugərlik, magiya, astrologiya və məhsuldarlıq ilahəsi Artemidaya ibadətlə məşhur idic. Artemida heykəlinin ətrafında, qədim dünyanın yeddi mö’cüzəsindən biri sayılan möhtəşəm bir mə’bəd ucaldılmışdı. 19-cu əsrdə həmin yerdə aparılan qazıntılar mə’bədin tikildiyi bünövrənin eninin təxminən 73 metr, uzunluğunun isə 127 metr olduğunu aşkar etmişdir. Mə’bədin eni təxminən 50 metr və uzunluğu 105 metr olmuşdur. Mə’bədi hər biri təxminən 17 metr hündürlüyündə olan 100 ədəd mərmər sütun bəzəyirdi. Onun örtüyü böyük ağ mərmərdən idi. Deyilənə görə, mərmər tirləri birləşdirmək üçün əhəng əvəzinə qızıldan istifadə olunmuşdur. Bu mə’bəd dünyanın hər yerindən ziyarətçiləri cəlb edirdi və bayramlar keçiriləndə şəhərə yüz minlərlə insan axışırdı. Efesdə gümüşlə işləyən sənətkarlar mə’bədin kiçik formasını və Artemida ilahəsinin kiçik heykəlini xatirə hədiyyəsi kimi düzəldib sataraq xeyli gəlir əldə edirdilər.
6 Pavel ikinci missioner səyahəti zamanı qısa vaxt ərzində Efesdə qalıb təbliğ etmişdir, sonra isə bu işi Akila ilə Priskila davam etdirmişdir (Həv. iş. 18:18-21). O, üçüncü missioner səyahətində Efesə qayıtmış, «Rəbbin yolunu» bir çoxlarına təbliğ etmək və öyrətmək üçün təxminən üç il orada qalmışdır (Həv. iş. 19:8-10; 20:31). Pavel Efesdə olduğu müddətdə çox çalışırdı. A. E. Beyli «Müqəddəs Kitabın yazıldığı dövrdə məişət» adlı kitabında yazırdı: «Pavel adətən dan yeri ağarandan səhər saat 11-ə kimi öz peşəsində işləyirdi, Tiran məktəbində dərslər bu vaxt qurtarırdı (Həv. iş. 20:34, 35); sonra səhər saat 11-dən günorta saat 4-ə qədər zalda təbliğ edirdi, köməkçilərlə müzakirə aparmaqla məşğul olurdu... və nəhayət, günorta saat 4-dən gecəyədək evdən-evə müjdəni bəyan edirdi (Həv. iş. 20:20, 21, 31). Təəccüblü idi ki, o, yemək yeməyə və yatmağa nə zaman vaxt tapırdı?!» («Daily Life in Bible Times»,1943, p. 308).
7 Pavel sə’ylə təbliğ edərək, Allaha ibadətdə surətlərdən istifadə etməyin düzgün olmadığını göstərmişdi. Bu, həmin surətləri düzəldib satanların, o cümlədən simgər Dimitrinin qəzəbinə və yaranan səs-küy nəticəsində Pavelin şəhəri tərk etməsinə səbəb oldu (Həv. iş. 19:23–20:1).
8 İndi, həbsxanada olduğu bir vaxtda, Pavel bütpərəstlərin əhatəsində və insanı lərzəyə salan Artemida mə’bədinin tə’sirinə mə’ruz qalan Efes yığıncağının qarşılaşdığı problemləri düşünür. Bu məsh olunmuş məsihçilər, şübhəsiz ki, indi Pavelin onlara verdiyi nümunəyə ehtiyac duyurdular. Pavel göstərirdi ki, məsh olunmuşlar «müqəddəs bir mə’bəd»i təşkil edirlər və Yehova Öz müqəddəs ruhu ilə oradadır (Efes. 2:21). Allah işlərin idarə edilməsi sayəsində İsa Məsihin vasitəsilə sülhü və birliyi bərpa edəcək. Şübhəsiz ki, efeslilərə açılan bu ‘sirr’ onları ruhlandırdı və təsəlli oldu. (1:9, 10). Pavel yəhudilərin və qeyri-yəhudilərin Məsihdə vəhdət təşkil etdiklərini vurğulayırdı. Pavel onları birliyə təşviq edirdi. Beləliklə, bu gün biz bu kitabın məqsədini, dəyərini və həqiqətən də Allahdan ilham aldığını anlaya bilərik.
BİZƏ FAYDASI
16 «Efeslilərə məktub», demək olar ki, məsihçi həyatının hər sahəsinə toxunur. Bugünkü dünyada qəm-qüssə gətirən problemlərin və cinayətin artmasını nəzərə aldıqda, Pavelin dedikləri, verdiyi e’tibarlı, praktiki məsləhətləri Allaha məqbul tərzdə yaşamaq istəyənlərə həqiqi fayda gətirir. Valideynlər və uşaqlar bir-birləri ilə necə davranmalıdırlar? Ər-arvad bir-biri qarşısında hansı məs’uliyyəti daşıyır? Məhəbbətdə birliyi və bu pis dünyada məsihçi nöqsansızlığını qoruyub saxlamaq üçün yığıncağın hər bir üzvü nə etməlidir? Pavelin məktubunda bütün bu suallara cavab tapmaq olar və o, yeni məsihçi şəxsiyyətinə nələr daxil olduğunu göstərir. «Efeslilərə məktub»u oxumaqla hər birimiz Allahı məmnun edən və «Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış» mənliyin nə demək olduğunu daha aydın başa düşəcəyik (4:24-32; 6:1-4; 5:3-5, 15-20, 22-33).
17 «Efeslilərə məktub»da yığıncaqdakı tapşırıq və tə’yinatların məqsədi də göstərilir. Bütün bunlar, «müqəddəslər xidmət işini icra etmək və Məsihin bədənini inkişaf etdirmək üçün» yetkinliyə nail olsunlar deyə edilir. Məsihçi yığıncaqda görülən tədbirləri tam dəstəkləməsi sayəsində, ‘məhəbbətlə, bədənin Başı olan Məsihə doğru hər cəhətdən boy ata’ bilər (4: 12, 15).
18 «Efeslilərə məktub» erkən məsihçilərə ‘Məsihin sirri haqqındakı anlayışı’ daha dərindən başa düşməyə kömək etdi. Pavel aydın şəkildə göstərmişdi ki, «yəhudi olmayanlar da» iman edən yəhudilərlə bərabər ‘Müjdə vasitəsilə eyni mirasın ortaqları, eyni bədənin üzvləri və Məsih İsada gerçəkləşən və’din şərikləri’ olmaq üçün də’vət olunublar. Yəhudiləri digər millətlərdən ayıran hasar, yə’ni ‘Qanun’ ləğv edildi və indi onların hamısı Məsihin qanı vasitəsilə müqəddəslərlə bərabər vətəndaş və Allahın ailə üzvləri oldular. Onlar, bütpərəstlərin ibadət etdikləri Artemida mə’bədindən fərqli olaraq, Məsih İsada birləşərək Allahın ruhən məskən saldığı bir yer olmaları üçün birlikdə tikildilər (3:4, 6; 2:15, 21).
19 Müqəddəs sirrə gəldikdə isə, Pavel ‘həm göylərdə [səmavi Padşahlıqda idarə etmək üçün seçilənlər], həm də yerdə [Padşahlığın təbəələri] olan hər şeyi Məsihin başçılığı altında birləşdirmək’ üçün işlərin necə idarə ediləcəyi barədə danışmışdı. Beləliklə, bu kitabda əsas e’tibarilə Allahın sülhü və birliyi bərpa etmək kimi möhtəşəm niyyəti vurğulanır. Pavel efesli həmimanlıları üçün dua edirdi ki, onların ‘ürəyinin gözləri nurlanıb onları də’vət etmiş olduğu ümidin, [Allahın] müqəddəslər üçün mirasının izzətli zənginliyinin nə olduğunu’ görə bilsinlər. Bu sözlər efeslilərin ümidini möhkəmləndirməli idi. Pavelin Allahdan ilham alaraq efeslilərə yazdığı məktub bizim günlərdə də yığıncaqları inkişaf etdirir ki, biz hər şeydə ‘Allahın kamil dolğunluğu ilə dola’ bilək (1:9-11, 18; 3:19).
[Haşiyələr]
a «Origin and History of the Books of the Bible», 1868, C. E. Stow, page 357.
b «New Bible Dictionary», second edition, 1986, edited by C. D. Douglas, page 175.
c «Müqəddəs Yazıların dərk edilməsi» (ing.), c. 1, s. 182.