İyun
Bazar, 1 iyun
Biz Allahın Padşahlığına girmək üçün çoxlu əzab-əziyyətdən keçməliyik (Həv. 14:22).
Yehova birinci əsrdəki məsihilərə yeni vəziyyətə uyğunlaşdıqlarına görə bol mükafat verirdi. Onlar tez-tez təqib olunurdular. Bəzən isə bu, heç gözləmədikləri vaxtda olurdu. Gəlin görək Barnəba ilə Bulus Listrada təbliğ edərkən başlarına nə gəlmişdi. Əvvəl-əvvəl şəhərin sakinləri Bulusgili xoş qarşılayıb, onlara qulaq asdılar. Amma sonra təqibçilər «camaatı qızışdırdılar» və onlar Bulusu daşa basdılar, sonra da onu ölmüş sanıb şəhərdən kənara atdılar (Həv. 14:19). Buna baxmayaraq, Barnəba ilə Bulus gedib başqa yerdə təbliğ etdilər. Bəs nəticə nə oldu? Onlar «xeyli şagird» hazırladılar, üstəlik, sözləri və nümunələri ilə dindaşlarını möhkəmləndirdilər (Həv. 14:21, 22). Bəli, Barnəba ilə Bulusun təqiblər qarşısında təslim olmamaları çox adama fayda gətirdi. Biz də təslim olmayıb Yehovanın buyurduğu işi görsək, nemət sahibi olacağıq. w23.04 s. 16—17, abz. 13, 14
Bazar ertəsi, 2 iyun
Duamı dinlə, Yehova, nə olar, imdad diləyimi eşit. Dar günümdə Səni çağırıram, bilirəm, Sən məni cavabsız qoymazsan (Zəb. 86:6, 7).
Davud padşahın ömrü boyu onun həyatına təhlükə yaradan çoxlu düşmənləri olub və o, həmişə Yehovadan duada kömək istəyirdi. O əmin idi ki, Yehova onun dualarını eşidir və cavablandırır. Siz də buna arxayın ola bilərsiniz. Müqəddəs Kitab bizi əmin edir ki, Yehova problemlərə dözmək üçün bizə hikmət və güc verə bilər. O həmçinin ruhani ailəmiz və Ona xidmət etməyən insanlar vasitəsilə də bizə kömək edə bilər. Düzdür, Yehova dualarımıza həmişə gözlədiyimiz tərzdə cavab vermir, amma onları cavabsız da qoymur. O bizə nəyin nə vaxt lazım olduğunu yaxşı bilir. Odur ki, imanla dua etməyə davam edin. Əmin olun ki, Yehova həm indi qeydinizə qalacaq, həm də gələcəkdə yeni dünyada «hər bir məxluqu istəyinə» çatdıracaq (Zəb. 145:16). w23.05 s. 8—9, abz. 4; s. 13, abz. 17, 18
Çərşənbə axşamı, 3 iyun
Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm? (Zəb. 116:12).
Çalışın məqsədinizə çatmağın xeyri barədə düşünəsiniz. Bunun sizə hansı xeyri olacaq? Əgər məqsədiniz Müqəddəs Kitabı oxumaq və ya dua etməklə bağlıdırsa, düşünün ki, buna nail olsanız, Yehova ilə dostluğunuz necə möhkəmlənəcək (Zəb. 145:18, 19). Əgər məqsədiniz özünüzdə hansısa məsihi xüsusiyyəti yetişdirməkdirsə, düşünün ki, bu sizin başqaları ilə münasibətinizi necə yaxşılaşdıracaq (Kol. 3:14). Bəlkə, məqsədinizə çatmaq üçün hansı səbəblərinizin olduğu ilə bağlı bir siyahı tutasınız? Tez-tez bu siyahıya göz gəzdirin. Həmçinin sizi həvəsləndirəcək insanlarla oturub-durun (Məs. 13:20). Düzünü desək, hamımızda elə günlər olur ki, özümüzü həvəssiz hiss edirik. Bu o deməkdir ki, həmin günlər məqsədimizə çatmağa can atmamalıyıq? Xeyr. Biz həvəsimiz olmayanda belə, məqsədimizə çatmaq üçün nəsə edə bilərik. Düzdür, bu, bəzən asan olmur, amma məqsədinizə çatanda görəcəksiniz ki, buna dəyərdi. w23.05 s. 27—28, abz. 5—8
Çərşənbə, 4 iyun
İnsan nə əkərsə, onu da biçəcək (Qal. 6:7).
Verdiyimiz qərara görə cavabdeh olduğumuzu dərk etsək, günahımızı boynumuza alacağıq, səhvimizi düzəldəcəyik və bir də onu təkrarlamamağa çalışacağıq. Bu addımları atmaq həyat uğrunda yarışda qalmağa kömək edəcək. Yanlış qərar vermisinizsə, qəbul edin ki, olan-olub, keçən-keçib. Vaxtınızı, gücünüzü özünüzə bəraət qazandırmağa, yaxud da özünüzü və başqalarını günahlandırmağa sərf etməyin. Əksinə, səhvinizi qəbul edin və indiki vəziyyətdə əlinizdən gələni edin. Əgər səhvinizə görə özünüzü günahkar hiss edirsinizsə, təvazökarlıqla Yehovaya dua edin, səhvinizi etiraf edin və Ondan əfv diləyin (Zəb. 25:11; 51:3, 4). İncitdiyiniz insanlardan da üzr istəyin və lazımdırsa, kömək üçün ağsaqqallara yaxınlaşın (Yaq. 5:14, 15). Səhvlərinizdən nəticə çıxarın və onları təkrarlamamağa çalışın. Onda arxayın ola bilərsiniz ki, Yehova sizə rəhm edəcək və dayaq olacaq (Zəb. 103:8—13). w23.08 s. 28—29, abz. 8, 9
Cümə axşamı, 5 iyun
Nə qədər ki Yəhyaday Yuəsə öyüd-nəsihət verirdi, Yuəs Yehovanın bəyəndiyi işləri görürdü (2 Pad. 12:2).
Yuəs padşahın yaxşı insan kimi formalaşmasında Yəhyadayın böyük əməyi olmuşdur. Buna görə də gənc padşah Yehovanı razı salmaq istəyirdi. Amma Yəhyaday öləndən sonra Yuəs Yehovadan uzaqlaşmış əmirlərin sözünə qulaq asdı (2 Saln. 24:4, 17, 18). Bu, Yehovaya ağır getdi. «Yehova onların yanına dönə-dönə peyğəmbərlər göndərdi ki, onları Öz yoluna qaytarsın... Onlarsa qulaq asmırdı». Onlar hətta Yəhyadayın oğlu Zəkəriyyənin sözünə də qulaq asmadılar. Zəkəriyyə həm Yehovanın peyğəmbəri, həm də Yuəsin dost-doğmaca bibisi oğlu idi. Buna baxmayaraq, Yuəs padşah Zəkəriyyəni öldürtdü (2 Saln. 22:11; 24:19—22). O, Allah xofunu qorumadı. Yehova demişdi: «Mənə həqarət edəni Mən də alçaldacağam!» (1 İşm. 2:30). Aramilərin kiçik qoşunu Yuəsin böyük bir ordusunu məğlub etdi, onun özünü isə ağır yaraladılar (2 Saln. 24:24, 25). Yuəsin əyanları sui-qəsd qurub onu öldürdülər və Zəkəriyyənin qisasını aldılar. w23.06 s. 18—19, abz. 16, 17
Cümə, 6 iyun
Siz bir vaxtlar zülmət idiniz, amma indi... nursunuz (Efes. 5:8).
Həvari Bulus bir neçə il ərzində Efesdə xoş xəbəri təbliğ etmişdi (Həv. 19:1, 8—10; 20:20, 21). O, bacı-qardaşlarını çox sevirdi və istəyirdi ki, onlara Yehovaya sadiq qalmağa kömək etsin. Efeslilər bir zamanlar yalan dinin təsirində idilər, mövhumatlara inanırdılar. Efesin camaatı çox əxlaqsız idi və etdiklərindən utanmırdı. Şəhərin teatrlarında, hətta dini tədbirlərdə də ədəbsiz danışıq adi hal almışdı (Efes. 5:3). Əhalinin çoxu «abır-həyanı büsbütün [itirmişdi]». «Abır-həyanı büsbütün itirmək» ifadəsi hərfi mənada bir növ «heç bir ağrı hiss etməmək, hissiyyatsızlıq həddinə gəlib çatmaq» deməkdir (Efes. 4:17—19). Efeslilər Yehovanın gözündə nəyin doğru, nəyin yanlış olduğunu öyrənməzdən əvvəl etdikləri səhv hərəkətlərə görə vicdan əzabı çəkmirdilər. Görünür, Bulus buna görə barələrində belə demişdi: «Onlar əqlən qaranlıqdadırlar,.. Allaha məxsus həyata qarşı yadlaşıblar». Amma efeslilərin bəziləri zülmətdən çıxdılar. w24.03 s. 20, abz. 2; s. 20—21, abz. 4—6
Şənbə, 7 iyun
Yehovaya bel bağlayanların gücü təzələnər... Yorulmazlar (Əşy. 40:31).
Cəduna bir hakim kimi öhdəsinə düşən işləri görmək üçün çoxlu güc sərf etmək lazım idi. Məsələn, bir dəfə gecəyarısı olan döyüşdə mədyənilər qaçmışdılar. Cədun Yizrail vadisindən İordan çayına qədər onları təqib etmişdi (Hak. 7:22). Bəs Cədun İordan çayına çatıb dayandı? Xeyr. O və yanındakı 300 nəfər yorğun-arğın olsa da, çayı keçib düşməni təqib etməyə davam etdilər. Axırda onlar mədyəniləri tutdular və məğlub etdilər (Hak. 8:4—12). Cədun Yehovanın ona güc verəcəyinə etibar edirdi və etibarı boşa çıxmadı (Hak. 6:14, 34). Bir dəfə Cədun adamları ilə birlikdə iki Mədyən padşahını təqib edirdi. Padşahlar dəvənin belində idi, onlar isə piyada (Hak. 8:12, 21). Yehovanın köməyi ilə Cədungil onları tutub qalib gəldilər. Ağsaqqallar da Cədun kimi əsla yorulmayan, taqətdən düşməyən Yehova Allaha güvənməlidirlər. Yehova onlara güc verəcək (Əşy. 40:28, 29). w23.06 s. 6, abz. 14; s. 7, abz. 16
Bazar, 8 iyun
Yehova sizinlə gedir. O, sizi atmayacaq (Qan. 31:6).
Hansı sınaqla üzləşiriksə üzləşək, ürəyimiz mətin ola bilər. Odur ki, Yehovaya etibar etməliyik. Gəlin görək Bərəq Yehovanın göstərişinə etibar etdiyi üçün necə uğur qazandı. Həmin vaxt ölkədə nə bir qalxan, nə bir nizə gözə dəymirdi. Amma Yehova Bərəqə buyurdu ki, Kənan ordusunun başçısı olan Sisara qarşı çıxsın. Sisarın ordusu yaxşı silahlanmışdı (Hak. 5:8). Peyğəmbər Dəburə Bərəqə dedi ki, düzəngaha enib Sisar və onun 900 arabası ilə qarşı-qarşıya dursun. Bərəq bilirdi ki, düzəngahda arabalara qarşı vuruşmaq çox çətin olacaq. Buna baxmayaraq, o, itaət etdi. İsraillilər Tabur dağından enən vaxt Yehova güclü leysan göndərdi. Ona görə də Sisarın arabaları palçıqda ilişib qaldı və Yehova Bərəqə qələbə verdi (Hak. 4:1—7, 10, 13—16). Eynilə əgər biz Yehovadan və Onun təşkilatından gələn göstərişlərə etibar etsək, Yehova bizə qələbə qazandıracaq. w23.07 s. 18—19, abz. 17, 18
Bazar ertəsi, 9 iyun
Axıra kimi dözən xilas olacaq (Mət. 24:13).
Xilas olmağımız üçün səbirli olmaq mütləqdir. Yehovanın keçmişdəki sadiq xidmətçiləri kimi biz də Onun vədlərini gerçəkləşdirəcəyi vaxtı səbirlə gözləməliyik (İbr. 6:11, 12). Müqəddəs Kitabda bizim vəziyyətimiz əkinçinin vəziyyətinə bənzədilir (Yaq. 5:7, 8). Əkinçi məhsulu əkmək və sulamaq üçün çox əziyyət çəkir, amma çox şey günəşdən və yağışdan asılı olduğu üçün onun dəqiq nə vaxt yetişəcəyini bilmir. Buna görə də o, səbirlə gözləyir və əmindir ki, bir gün əkdiyini biçəcək. Eynilə biz də Ağanın «hansı gün gələcəyini» bilməsək də, ibadətimizlə bağlı işlərlə məşğul oluruq (Mət. 24:42). Biz səbirlə gözləyirik, əminik ki, vaxtı çatanda Yehova bütün vədlərini yerinə yetirəcək. Əgər səbirsiz olsaq, gözləməkdən yorularıq və yavaş-yavaş həqiqətdən uzaqlaşarıq. Həmçinin səbirsiz davranıb bizə indi həzz verəcək şeylərin dalınca gedərik. Lakin səbirli olsaq, axıra kimi dözüb xilas olacağıq (Mik. 7:7). w23.08 s. 22, abz. 7
Çərşənbə axşamı, 10 iyun
Ayaq [barmaqları] yarı dəmirdən, yarı [gildəndir] (Dən. 2:42).
Dənyal 2:41—43 ayələrindəki peyğəmbərliyi «Dənyal» və «Vəhy» kitabındakı digər peyğəmbərliklərlə tutuşduranda belə qənaətə gəlirik ki, ayaqlar dünyanın aparıcı dövlətləri olan Böyük Britaniya ilə Birləşmiş Ştatları təmsil edir. Dənyal peyğəmbər bu ittifaq barədə demişdi ki, o, «qismən möhkəm, qismən kövrək» olacaq. Bəs nəyə görə qismən kövrək? Çünki o, sadə xalqa (yumşaq gilə) görə tam gücü ilə fəaliyyət göstərə bilmir. Nəhəng heykəlin təsvirindən vacib dərslər öyrənirik. Birincisi, Böyük Britaniya ilə Birləşmiş Ştatlar qüdrətli bir ittifaq olduğunu sübut edib. Məsələn, Birinci və İkinci Dünya müharibəsində onlar qalib gələn dövlətlərin sırasında idi. Lakin vətəndaşları arasında gedən daxili çəkişmələrə görə bu dövlətlər zəifləyib və zəifləməyə davam edir. İkincisi, Allahın Padşahlığı bütün insan hökumətlərinə son qoymazdan əvvəl Böyük Britaniya ilə Birləşmiş Ştatlar hakimiyyət sürən son qüdrətli dövlətlər olacaq. w23.08 s. 10—11, abz. 12, 13
Çərşənbə, 11 iyun
Bu darlıqda Yehovanı çağırdım, imdad üçün Allahıma yalvardım. Eşitdi səsimi məbədindən (Zəb. 18:6).
Davud yaşadığı problemlər, üzləşdiyi sınaqlar ucbatından hərdən məyus olurdu (Zəb. 18:4, 5). Amma Yehovanın məhəbbəti, qayğısı ona qüvvət verirdi. Yehova problemlərdən təngə gəlmiş dostunu «yaşıl otlaqlarda dincəldir», «yaxşı suvarılan sakit yerlərə aparır»dı. Bunun sayəsində Davud yenidən güc toplayıb Yehovaya xidmətini davam etdirə bilirdi (Zəb. 18:28—32). Biz də sınaqlarla, çətinliklərə üzləşəndə «Yehovanın məhəbbəti» sayəsində dözə bilirik (Mərs. 3:22; Kol. 1:11). Davudun həyatı tez-tez təhlükədə olurdu. Onun çoxlu güclü düşmənləri var idi. Amma Yehovanın məhəbbəti sayəsində o özünü təhlükəsizlikdə hiss edirdi. Davud Yehovanın hər vəziyyətdə onunla olduğunu hiss edirdi, buna görə də ürəyi rahat idi. Elə bu səbəbdən o demişdi: «[Yehova] məni bütün qorxulardan azad etdi» (Zəb. 34:4). Davudun qorxuları əbəs yerə deyildi. Amma Yehovanın məhəbbəti sayəsində o bu qorxularına qalib gəldi. w24.01 s. 30, abz. 15—17
Cümə axşamı, 12 iyun
Qoyma günahkarlar səni yoldan çıxarsın (Məs. 1:10).
Yuəsin pis qərarlarından ibrət götürün. Baş kahin Yəhyaday öləndən sonra Yuəs pis insanlarla dostluq qurdu (2 Saln. 24:17, 18). O, Yehovanı sevməyən Yəhuda əmirlərinin sözü ilə oturub-durmağa başladı. Razı olarsınız ki, Yuəs bu xatakar insanlardan uzaq durmalı idi. O isə əksinə, onların dediyi ilə oturub-dururdu. Hətta bibisi oğlu Zəkəriyyə ona səhvini deyəndə Yuəs onu öldürtdü (2 Saln. 24:20, 21; Mət. 23:35). Dəhşətə, ağılsızlığa bir bax! Yuəs yaxşı başlamışdı, amma əfsuslar olsun ki, axırda dönük və qatil oldu. Sonda öz xidmətçiləri onu öldürdü (2 Saln. 24:22—25). Əgər Yuəs Yehovaya və Onu sevənlərə həmişə qulaq assaydı, həyatı tamam başqa cür olardı! w23.09 s. 9, abz. 6
Cümə, 13 iyun
Qorxma! (Luka 5:10).
İsa bilirdi ki, Butrus sadiq qala bilər. Ona görə də mehribancasına Butrusa demişdi: «Qorxma!» İsa ona inanırdı. Bu da Butrusun həyatını büsbütün dəyişdi. Sonralar Butrus və qardaşı Andreas balıqçılığın daşını atdılar və bütün vaxtlarını Məsihin ardınca getməyə sərf etdilər. Nəticədə xeyli mükafat aldılar (Mark 1:16—18). Məsihin davamçısı olduğu üçün Butrusun həyatında möhtəşəm hadisələr baş vermişdi. O, İsanın xəstələrə şəfa verdiyini, cinləri qovduğunu, hətta ölüləri diriltdiyini gördü (Mət. 8:14—17; Mark 5:37, 41, 42). Üstəlik, Padşahlıq calalında gələn İsanın görüntüsü nazil olanda o da orada idi. Yəqin, bu hadisə onun yaddaşına ömürlük həkk olundu (Mark 9:1—8; 2 But. 1:16—18). Bəli, Butrus heç ağlına belə gəlməyən hadisələrin şahidi oldu. O çox xoşbəxt idi ki, özü ilə bağlı mənfi hisslərə üstün gəlib bütün bu nemətləri aldı. w23.09 s. 21—22, abz. 4, 5
Şənbə, 14 iyun
İsa ona dedi: «Yeddi dəfə yox, lazım gəlsə, lap yetmiş yeddi dəfə bağışlamalısan» (Mət. 18:22).
Həvari Butrus birinci məktubunda qeyd edir ki, hərarətlə sevmək bir neçə yox, «çoxlu günahın üstünü örtür» (1 But. 4:8). Yəqin, İsanın illər öncə Butrusa bağışlamaqla bağlı dediyi sözlər onun hələ də yadında idi. Həmin vaxt Butrus İsaya qardaşını «yeddi dəfə» bağışlamağa hazır olduğunu demişdi. Bəlkə də o elə bilirdi ki, bu onun comərd olduğunu göstərir. Amma İsa Butrusa izah etdi ki, «lazım gəlsə, lap 77 dəfə» bağışlamalıdır, yəni bağışlamağın həddi yoxdur (Mət. 18:21). İsanın bu nəsihəti bizə də aiddir. Əgər bu cür davranmaq sizə çətin gəlirsə, ürəyinizi sıxmayın. Qeyri-kamil olduqları üçün bu, Yehovanın bütün xidmətçilərinə bəzən çətin olur. İndiki məqamda əsas odur ki, qardaşınızı bağışlamaq və onunla aranızda sülhü bərpa etmək üçün bacardığınızı edəsiniz. w23.09 s. 29, abz. 12
Bazar, 15 iyun
Yehovanı çağırdım, O, mənə hay verdi (Yun. 2:2).
Yunus balığın qarnında olan vaxt əmin idi ki, Yehova bu peşman bəndəsinin duasını dinləyəcək və ona kömək olacaq. Yehova Yunusu balığın qarnından qurtardı, artıq o, aldığı tapşırığı yerinə yetirməyə hazır idi (Yun. 2:10—3:4). Olub ki, çətinliyiniz olan zaman narahatlıqdan duada nə deyəcəyinizi bilməmisiniz, ya da mütaliə etməyə taqətiniz olmayıb? Unutmayın ki, Yehova sizin vəziyyətinizi çox yaxşı başa düşür. Həmin vaxt qısa dua etsəniz də, əmin ola bilərsiniz ki, Yehova sizə lazımi köməyi göstərəcək (Efes. 3:20). Əgər fiziki və ya emosional ağrıya görə oxumaq, mütaliə etmək çətindirsə, Müqəddəs Kitabın və ya ona əsaslanan nəşrlərin audioyazısına qulaq asın. Həmçinin jw.org saytından hansısa mahnını dinləyə və ya videoya baxa bilərsiniz. Dua edəndə və nəşrlərimizdən duamıza cavab axtaranda sanki Yehovaya deyirsiniz: «Məni güclü et». w23.10 s. 13, abz. 6; s. 14, abz. 9
Bazar ertəsi, 16 iyun
Müqəddəs ruh göstərir ki, birinci çadır var ikən müqəddəs məkana yol hələ açıq deyildi (İbr. 9:8).
Müqəddəs çadırın və sonralar Yerusəlimdə tikilən məbədlərin iç quruluşu eyni idi. Hər birinin içində iki bölmə var idi: «Müqəddəs yer» və «Ən müqəddəs yer». Onları bir-birindən pərdə ayırırdı (İbr. 9:2—5; Çıx. 26:31—33). Müqəddəs yerdə qızıl çıraqdan, buxur qurbangahı və hüzur çörəyi üçün masa var idi. Yalnız «məsh edilmiş kahinlər» Müqəddəs yerə daxil olub öz müqəddəs vəzifələrini icra edə bilərdilər (Say. 3:3, 7, 10). Ən müqəddəs yerdə isə Yehovanın hüzurunu təmsil edən qızıl əhd sandığı var idi (Çıx. 25:21, 22). Pərdənin o tərəfinə — Ən müqəddəs yerə ildə bir dəfə kəffarə günü yalnız baş kahin daxil ola bilərdi (Lav. 16:2, 17). O, ora həm özünün, həm də bütün xalqın günahını yumaq üçün heyvanların qanı ilə daxil olurdu. Sonralar Yehova bütün bunların əsl mənasını açıqladı (İbr. 9:6, 7). w23.10 s. 27, abz. 12
Çərşənbə axşamı, 17 iyun
Bir-birinizi [sevin] (Yəh. 15:17).
«Bir-birinizi... sevin». Allahın Kəlamında bu əmr dönə-dönə vurğulanır (Yəh. 15:12, 17; Rom. 13:8; 1 Salon. 4:9; 1 But. 1:22; 1 Yəh. 4:11). Bir şeyi nəzərə almaq lazımdır ki, məhəbbət ürəkdə qərar tutmuş, insanın daxilində olan bir xüsusiyyətdir və heç bir insan ürəyimizdəkiləri görə bilməz. Bəs bacı-qardaşlarımız onlara duyduğumuz sevgini görsün deyə nə edə bilərik? Bu, sözlərimizdən və əməllərimizdən görünəcək. Bacı-qardaşlara məhəbbət göstərməyin yolları çoxdur. Məsələn: «Bir-birinizə həqiqəti söyləyin» (Zək. 8:16). «Bir-birinizlə mehriban olun» (Mark 9:50). «Hörmət göstərməkdə bir-birinizi qabaqlayın» (Rom. 12:10). «Bir-birinizi qəbul edin» (Rom. 15:7). «Bir-birinizi ürəkdən bağışlayın» (Kol. 3:13). «Bir-birinizin yükünü daşıyın» (Qal. 6:2). «Daima bir-birinizə təsəlli verin» (1 Salon. 4:18). «Bir-birinizi möhkəmləndirin» (1 Salon. 5:11). «Bir-birinizdən ötrü dua edin» (Yaq. 5:16). w23.11 s. 9, abz. 7, 8
Çərşənbə, 18 iyun
Ümidinizə sevinin (Rom. 12:12).
Hər gün irili-xırdalı qərarlar veririk. Bu qərarlarımız dost, əyləncə, təhsil, nikah, uşaqlarımız və dünyəvi işimizlə bağlı olur. Qərarlar verərkən bizə möhkəm iman lazımdır. Bu suallar üzərində düşünün: «Əminəm ki, bu dünya gəldi-gedərdir və yeni dünyanın bir addımlığındayam? Verdiyim qərarlardan bu aydın görünür? Yoxsa “ölüm hər şeyin sonudur” deyib, bu dünyadan ikiəlli yapışan insanlar kimi qərarlar verirəm?» (Mət. 6:19, 20; Luka 12:16—21). Əgər yeni dünyanın ovucumuzun içində olduğuna imanımızı möhkəmləndirsək, onda daha yaxşı qərarlar verəcəyik. Həmçinin sınaqlar zamanı da bizə güclü iman lazımdır. Ola bilsin, təqiblərlə üzləşək, xroniki xəstəliyimiz və ya bizi ruhdan salan başqa çətinliyimiz olsun. Əvvəl-əvvəl bizə elə gələ bilər ki, üzləşdiyimiz sınağa tab gətirə biləcəyik. Amma bu cür problemlər adətən uzun müddət davam edir. Buna görə də imanımız güclü olmalıdır ki, dözüm göstərək və Yehovaya xidmətdə sevincimizi itirməyək (1 But. 1:6, 7). w23.04 s. 27, abz. 4, 5
Cümə axşamı, 19 iyun
Həmişə dua edin (1 Salon. 5:17).
Yehova dualarımıza uyğun davranmağımızı istəyir. Məsələn, bir qardaş toplantıda iştirak edə bilmək üçün müdirindən icazə almalıdır. O bu barədə Yehovaya dua edir. Bəs Yehova ona hansı yolla cavab verə bilər? Ola bilsin, O, qardaşa müdirinə yaxınlaşa bilməsi üçün cəsarət verəcək. Amma qardaş da duasına uyğun davranıb müdirinə yaxınlaşmalıdır. Bəlkə də o bunu bir neçə dəfə etməli olacaq. O başqa işçi ilə növbəsini dəyişməyi, yaxud da öz hesabına məzuniyyət götürməyi təklif edə bilər. Yehova narahatlığımız barədə durmadan dua etməyimizi istəyir. İsanın da sözlərindən görmək olar ki, biz bəzi xahişlərimizə dərhal cavab almayacağıq (Luka 11:9). Ona görə də ruhdan düşməyin. Hərarətlə, dönə-dönə dua edin (Luka 18:1—7). Bununla Yehovaya həmin məsələnin sizin üçün nə qədər vacib olduğunu göstərəcəksiniz. Həmçinin Yehovanın sizə kömək etməyə qadir olduğuna iman etdiyinizi sübut edəcəksiniz. w23.11 s. 22—23, abz. 10, 11
Cümə, 20 iyun
Ümid... məyusluq gətirməz (Rom. 5:5).
Yehova dostu İbrahimə belə bir vəd vermişdi: «Yer üzünün bütün xalqları sənin övladın vasitəsilə mübarək olacaq» (Yar. 15:5; 22:18). İbrahimin Yehovaya imanı güclü olduğu üçün o bu vədin gerçəkləşəcəyinə əmin idi. Ancaq İbrahimin 100, Saranın 90 yaşı olsa da, onların hələ də oğulları dünyaya gəlməmişdi (Yar. 21:1—7). Bununla belə, Müqəddəs Kitabda deyilir: «[İbrahim] ümidini üzmədi, iman etdi ki, çoxlu xalqların atası olacaq» (Rom. 4:18). Bildiyimiz kimi, İbrahim peyğəmbərin ümidi gerçəkləşdi. Onun uzun illərdir həsrətində olduğu oğlu İshaq dünyaya gəldi. İbrahim peyğəmbərdə Yehovanın vədlərinin gerçəkləşəcəyinə əminlik haradan idi? İbrahim peyğəmbərin Yehova ilə sıx dostluq münasibəti var idi. Buna görə də o, tam əmin idi ki, Allah verdiyi vədi yerinə yetirəcək (Rom. 4:21). Yehova İbrahimdən razı qaldı və imanına görə onu saleh saydı (Yaq. 2:23). w23.12 s. 8, abz. 1, 2
Şənbə, 21 iyun
Xırda işdə etibarlı olan böyük işdə də etibarlı olur, xırda işdə düzgün davranmayan böyük işdə də düzgün davranmır (Luka 16:10).
Etibarlı gənc qardaş ona tapşırılan bütün məsuliyyətləri canla-başla görür. Gəlin İsanın qoyduğu mükəmməl nümunəyə baxaq. O, laqeyd, məsuliyyətsiz insan deyildi. Yehovanın ona həvalə etdiyi tapşırıqları çətin olanda belə yerinə yetirirdi. İsa Məsih insanları, xüsusilə də davamçılarını sevirdi, hətta onlar üçün həyatını da qurban vermişdi (Yəh. 13:1). İsadan örnək götürərək sizə tapşırılan istənilən işi görmək üçün əlinizdən gələni edin. Əgər hansısa bir işi necə görəcəyinizi dəqiq bilmirsinizsə, təvazökar olub yetkin qardaşlardan kömək istəyin. Heç vaxt az iş görüb ona qane olmayın (Rom. 12:11). Əksinə, gördüyünüz hər işi «insanlar üçün yox, Yehova üçün» görün (Kol. 3:23). Əlbəttə, siz kamil deyilsiniz, bəzən səhvlər edəcəksiniz. Ona görə də təvazökar olun və səhvinizi boynunuza alın (Məs. 11:2). w23.12 s. 26, abz. 8
Bazar, 22 iyun
Xoş o kəsin halına ki, Yehovaya bel bağlayır (Ərm. 17:7).
Vəftiz olunub Yehovanın ailəsinin bir üzvü olmaq insana böyük sevinc bəxş edir. Yehovayla bu cür yaxın münasibətlər qurmaq bizim üçün şərəfdir. Məzmurçu Davudun bu sözlərinə biz də şərikik: «[Yehova,] həyətində yaşamaq üçün seçdiyin, Özünə yaxınlaşdırdığın insan nə xoşbəxtdir» (Zəb. 65:4). Yehova heç də hamını həyətində yaşamaq üçün seçmir. O Ona yaxınlaşmaq istəyən insanları seçir (Yaq. 4:8). Özünüzü Yehovaya həsr edib vəftiz olunanda əmin ola bilərsiniz ki, bundan sonra Yehova başınızdan bol nemət tökəcək (Məl. 3:10; Ərm. 17:8). Vəftiz sadəcə başlanğıcdır. Siz günaha təhrik edən şeylərlə, yaxud iman sınağı ilə üzləşsəniz, əlinizdən gələni edib həsrolunma əhdinizə uyğun yaşamağa çalışacaqsınız (Vaiz 5:4, 5). Həmçinin İsa Məsihin şagirdi kimi, onun izi ilə gedəcək və əmrlərinə bağlı qalacaqsınız (Mət. 28:19, 20; 1 But. 2:21). w24.03 s. 8, abz. 1—3
Bazar ertəsi, 23 iyun
Kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq (Yar. 2:24).
Bəzi ər-arvadlar bir-biriləri ilə vaxt keçirməyi xoşlamır. Bu zaman nə etmək olar? Tonqal nümunəsinə baxaq. Tonqal yanmağa başlayanda əvvəl-əvvəl gur yanmır. Bunun üçün ora əvvəlcə xırda odun parçaları, sonra isə böyük odun parçaları atmaq lazımdır. Eynilə siz də çalışın hər gün həyat yoldaşınızla az da olsa, vaxt keçirəsiniz. İkinizin də xoşuna gələn şeylərlə məşğul olun (Yaq. 3:18). Bu cür kiçik addımlardan başlayıb, nəticədə, sevginizi alovlandıra bilərsiniz. Nikahda hörmətin vacib rolu var. Bu sanki tonqalın yanmasına kömək edən oksigen kimidir. Oksigen olmayanda alov çox keçməmiş sönür. Eynilə hörmət olmayanda ər-arvad arasındakı sevgi tez bir zamanda soyuyur. Amma bir-birilərinə hörmət göstərən ər-arvadlar aralarındakı sevgini qoruyurlar. Bir şeyi də nəzərə alın: ola bilsin, həyat yoldaşınıza hörmət etdiyinizi düşünürsünüz. Bəs həyat yoldaşınız hansı fikirdədir? O özünə qarşı hörmət hiss edir? w23.05 s. 22, abz. 9; s. 24, abz. 14, 15
Çərşənbə axşamı, 24 iyun
Fikirlər məni çulğayanda, Mənə təsəlli verib ovutdun (Zəb. 94:19).
Müqəddəs Kitabda Allahın sadiq xidmətçilərinin bəzən düşmənlərin təqibindən və ya başqa çətinliklərdən dolayı qorxduğu, təlaş keçirdiyi deyilir (Zəb. 18:4; 55:1, 5). Biz də məktəbdə, işdə, ailədə çətinliklərlə üzləşə bilərik, hökumət bizi təqib edə bilər, səhhətimiz ucbatından hətta ölümlə üz-üzə ola bilərik. Bu cür anlarda, ola bilsin, özümüzü balaca uşaq kimi köməksiz hiss edək. Bəs belə anlarda Yehova bizə necə kömək edir? O bizə təsəlli verir, ovudur. Buna görə də Yehovaya dua edərək və Kəlamını oxuyaraq Onunla müntəzəm vaxt keçirin (Zəb. 77:1, 12—14). Əgər bunu özünüzdə vərdişə çevirsəniz, onda çətinliklərlə üzləşəndə ilk növbədə Yehovaya üz tutacaqsınız. Qorxularınızı, narahatlıqlarınızı Yehova ilə bölüşün. Yehovanın sizinlə danışması, sizə təsəlli verməsi üçün isə Onun Kəlamını oxuyun (Zəb. 119:28). w24.01 s. 24—25, abz. 14—16
Çərşənbə, 25 iyun
Allah sizi qüvvətləndirir. O, qəlbinizdə həm arzu oyadır, həm də fəaliyyət göstərməyiniz üçün sizə güc verir (Filip. 2:13).
Ruhani məqsədlərimizə çatmaqda motivasiya mühüm rol oynayır. Motivasiya olanda insanın məqsədinə doğru irəliləmək üçün güclü istəyi olur. Motivasiyamız nə qədər güclü olsa, məqsədimizə çatmaq ehtimalımız bir o qədər çox olacaq. Bəs motivasiyanı necə artırmaq olar? Bunun üçün Yehovadan kömək istəyin. Yehova müqəddəs ruhu ilə sizi məqsədinizə çatmağa həvəsləndirə bilər. Bəzən bilirik ki, filan şeyi etməliyik, ona görə qarşımıza məqsəd qoyuruq. Bu, yaxşıdır. Amma, ola bilsin, həmin məqsədə çatmaq üçün istəyimiz elə də güclü deyil. Yehovanın sizdən ötrü etdikləri barədə düşünün (Zəb. 143:5). Həvari Bulus Yehovanın ona nə qədər böyük lütf göstərdiyi barədə düşünmüşdü və bu onu təşviq etmişdi ki, Yehova üçün çox iş görsün (1 Kor. 15:9, 10; 1 Tim. 1:12—14). Eynilə siz də Yehovanın sizdən ötrü etdikləri barədə nə qədər çox düşünsəniz, məqsədinizə çatmaq üçün həvəsiniz bir o qədər çox olacaq (Zəb. 116:12). w23.05 s. 27, abz. 3—5
Cümə axşamı, 26 iyun
Yehovanın adını mədh edin! (Zəb. 113:1).
Səmavi Atamızın adını mədh edəndə Onu sevindiririk (Zəb. 69:30, 31). Bəs bu o deməkdir ki, Külli-İxtiyar Yaradan qeyri-kamil insanlartək özünə əminliyini artırmaq, ruhlanmaq üçün kiminsə tərifinə möhtacdır? Əlbəttə yox! Biz Yehovanın adını ucaldanda Şeytanın başqa bir iddiasının da yalan olduğunu sübut edirik. O iddia edir ki, heç bir insan axıra qədər Allahın adını müdafiə etməyəcək, sınaqla üzləşəndə sədaqətsizlik edəcək. Şeytanın dediyinə görə, öz xeyri naminə hər kəs Allahdan üz döndərər (Əyy. 1:9—11; 2:4). Amma Əyyub peyğəmbər Allaha sədaqətini qoruyaraq Şeytanın yalançı olduğunu göstərmişdi. Onun kimi siz də Yehovaya sadiq qalacaqsınız? Hər birimiz Yehovaya sədaqətlə qulluq edərək Onun adını müdafiə edə və qəlbini sevindirə bilərik (Məs. 27:11). Bu, doğrudan da böyük şərəfdir! w24.02 s. 8—9, abz. 3—5
Cümə, 27 iyun
Onun peyğəmbərlərinə inanın, onda uğur qazanacaqsınız (2 Saln. 20:20).
Musa və Yuşədən sonra Yehova xalqına rəhbərlik etmək üçün hakimlər təyin etdi. Sonra isə padşahların dövründə xalqa düz yolu göstərmək üçün peyğəmbərlər göndərdi. Yehovaya sadiq olan padşahlar peyğəmbərlərin məsləhətinə qulaq asırdı. Məsələn, Natan peyğəmbər Davud padşaha səhvini göstərəndə Davud bunu təvazökarlıqla qəbul etmişdi (2 İşm. 12:7, 13; 1 Saln. 17:3, 4). Yəhuşafat padşah Yahəzil peyğəmbərin dediyi kimi davranmışdı və xalqı təşviq edib demişdi: «[Allahın] peyğəmbərlərinə inanın» (2 Saln. 20:14, 15). Hizqiyyə padşah çətinlikdə olanda kömək üçün Əşiya peyğəmbərə üz tutmuşdu (Əşy. 37:1—6). Padşahlar hər dəfə Yehovanın göstərdiyi yolla gedəndə xeyir tapırdılar, xalq da təhlükəsizlikdə olurdu (2 Saln. 20:29, 30; 32:22). Aydın idi ki, Yehova Öz xalqına peyğəmbərlər vasitəsilə bələdçilik edir. w24.02 s. 21—22, abz. 8
Şənbə, 28 iyun
Onlarla alıb-verəcəyiniz olmasın (Efes. 5:7).
Şeytan bizim Yehovanın əxlaq qaydalarına bağlı qalmağımıza mane olacaq insanlarla dostluq etməyimizi istəyir. Yadda saxlamalıyıq ki, kiminləsə münasibət qurmaq yalnız üzbəüz görüşüb vaxt keçirmək demək deyil. Bura həmçinin sosial media vasitəsilə ünsiyyət qurduğumuz insanlar da daxildir. Biz dünyanın təsirinə, natəmiz əməllərin məqbul olduğu fikrinə qarşı mübarizə aparmalıyıq. Bunun səhv olduğunu yaxşı bilirik (Efes. 4:19, 20). Amma yenə də özümüzü yoxlamalıyıq: «Yehovanın normalarına hörmət etməyən iş yoldaşlarım, sinif yoldaşlarım və başqaları ilə lazımsız ünsiyyətdən qaçmağa qətiyyətliyəm? Bəziləri məni “zəif” adlandırsa da, cəsarətlə Yehovanın əxlaq normalarını üstün tuturam?» 2 Timutiyə 2:20—22 ayələrində yazılıb ki, biz hətta məsihi yığıncağında dost seçərkən belə çox ehtiyatlı olmalıyıq. Yadda saxlamalıyıq ki, bəziləri Yehovaya sadiq qalmağımıza mane ola bilər. w24.03 s. 22—23, abz. 11, 12
Bazar, 29 iyun
Yehova çox [mehribandır] (Yaq. 5:11).
Yehovanın görünüşü necədir? Heç bu barədə düşünmüsünüz? Yehova gözəgörünməz olsa da, Müqəddəs Kitab Onu müxtəlif cür təsvir edir. Yehova «günəş», «sipər», «yandırıb-yaxan alov» adlanır (Zəb. 84:11; İbr. 12:29). Onun hüzuru göy yaquta, şölə saçan qızılla gümüşə, parıltılı göy qurşağına bənzədilir (Hizq. 1:26—28). Yehovanı görə bilmədiyimiz üçün Onun bizi sevdiyinə inanmaq çətin gələ bilər. Bəziləri düşünür ki, Yehova onları heç vaxt sevməz. Buna səbəb onların keçmişdə yaşadıqlarıdır. Yehova hansı hissləri keçirdiyimizi və nəyə görə Ona yaxınlaşa bilmədiyimizi başa düşür. Ona görə Kəlamı vasitəsilə bizə necə gözəl, mehriban Allah olduğunu açıqlayır. Bir söz var ki, Yehovanı tam şəkildə ifadə edir: məhəbbət. Müqəddəs Kitabda deyilir: «Allah məhəbbətdir» (1 Yəh. 4:8). Yehovanın gördüyü hər bir işin arxasında məhəbbət durur. Onun məhəbbəti o qədər bol, o qədər güclüdür ki, təkcə Onu sevənlərə yox, Onu sevməyənlərə də bəs edir (Mət. 5:44, 45). w24.01 s. 26, abz. 1—3
Bazar ertəsi, 30 iyun
Onlarla bulud sütunu içindən danışırdı (Zəb. 99:7).
Yehova İsrail xalqını Misirdən çıxarmaq üçün Musa peyğəmbəri təyin etmişdi və bununla bağlı sübut da vermişdi. O, gündüzlər bulud sütunu, gecələr isə alov sütunu ilə yol göstərirdi (Çıx. 13:21). Sütun hara gedirdisə, Musa da onun arxasınca gedirdi. Beləcə o və xalq gəlib Qırmızı dənizə çatdı. Amma Misir ordusu onları tutmaq üçün arxalarınca düşmüşdü. Buna görə də xalq tələdə olduğunu düşünüb bərk qorxdu. Çünki bir tərəflərində dəniz var idi, o biri tərəflərində isə Misir ordusu. Amma bu, səhvən olmamışdı. Yehova Musa peyğəmbər vasitəsilə xalqı bilərəkdən ora gətirmişdi (Çıx. 14:2). Allah onları möcüzəvi şəkildə xilas etdi (Çıx. 14:26—28). Musa peyğəmbər səhrada Allahın xalqına bələdçilik etmək üçün növbəti 40 il ərzində də bulud sütununun göstərdiyi yolla getdi (Çıx. 33:7, 9, 10). Yehova sütundan Musa ilə danışırdı, o da Allahın buyruqlarını xalqa çatdırırdı. İsraillilər açıq-aşkar görə bilərdilər ki, Yehova onlara Musa vasitəsilə bələdçilik edir. w24.02 s. 21, abz. 4, 5