‘Həyatı seçin ki, yaşaya biləsiniz’
‘Qarşınızda həyatla ölümü, bərəkətlə lə’nəti qoydum. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz’ (QANUNUN TƏKRARI 30:19).
1, 2. İnsan hansı mə’nada Allahın surətində yaradılıb?
‘ÖZ SURƏTİMİZƏ və bənzərimizə görə insan yaradaq’. Allahın bu sözləri Müqəddəs Kitabın ilk fəslində yazılıb. Yaradılış 1:26, 27 ayələrinə əsasən «Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı». Beləliklə, ilk insan yerdəki bütün varlıqlardan fərqli şəkildə yaradıldı. O, Yaradanına bənzəyirdi. Onun düşünmək, həmçinin məhəbbət, ədalət, müdriklik və güc kimi keyfiyyətləri təzahür etdirmək qabiliyyəti var idi. O, vicdan adlı ən’ama malik idi. Vicdan insana fayda gətirir, səmavi Atasını sevindirən qərarlar çıxarmaqda ona kömək edirdi (Romalılara 2:15). Qısaca desək, Adəmin iradə azadlığı var idi. Yaratdığı oğlunu müşahidə edərək Yehova Öz əl işinə belə qiymət verdi: ‘Çox yaxşı’ (Yaradılış 1:31; Məzmur 95:6).
2 Adəmin nəsli olduğumuz üçün biz də Allahın surətində və bənzərindəyik. Bəs nə edib-etməyəcəyimizi özümüz seçə bilərikmi? Yehovanın baş verəcəkləri qabaqcadan bilmə qabiliyyətinə baxmayaraq, O, hər birimizin hərəkətlərini və taleyini müəyyən etmir. O istəmir ki, yerüzü övladlarının həyatını alın yazısı idarə etsin. Azad iradə, düzgün qərarlar verə bilməyimiz üçün bizə bəxş olunub. Bunu anlamaq üçün gəlin İsrail xalqının tarixindən bir hadisəyə diqqət yetirək (Romalılara 15:4).
İsraildə seçim azadlığı
3. On əmrdən birincisi hansıdır və sadiq israillilər ona tabe olmağı necə seçdilər?
3 Yehova israillilərə demişdi: «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm» (Qanunun təkrarı 5:6). Eramızdan əvvəl 1513-cü ildə İsrail xalqı Misir əsarətindən mö’cüzəli bir şəkildə azad olundu. Buna görə də onlarda Allahın sözlərinin həqiqiliyinə şübhə etməyə səbəb yox idi. Təmsilçisi Musa vasitəsilə verdiyi On əmrdən birincisində Yehova e’lan etmişdi: «Məndən başqa allahların olmasın» (Çıxış 20:1, 3). O vaxt İsrail xalqı Allaha tabe olmağı seçdi. Onlar könüllü surətdə Yehovaya həsr olundular (Çıxış 20:5; Saylar 25:11).
4. a) Musa israillilərin qarşısına hansı seçimi qoymuşdu? b) Bizim bu gün hansı seçimi etmək imkanımız vardır?
4 Təxminən 40 il sonra, Musa israillilərin yeni nəslinə, qarşılarında duran seçimi ciddiliklə xatırlatdı: «Qarşınızda həyatla ölümü, bərəkətlə lə’nəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz» (Qanunun təkrarı 30:19). Bizim də bu gün seçim etmək imkanımız var. Biz ya Yehovaya sədaqətlə xidmət edib əbədi həyata nail olmağı, ya da Ona itaətsizlik göstərməklə, acı nəticələr qazanmağı seçə bilərik. Gəlin, müxtəlif seçimlər etmiş iki şəxsin nümunəsini nəzərdən keçirək.
5, 6. Yeşua hansı seçimi etdi və bu nə ilə nəticələndi?
5 B. e. ə. 1473-cü ildə Yeşua israilliləri Və’d edilmiş diyara gətirib çıxardı. Ölümündən qabaq söylədiyi tə’sirli nitqində Yeşua bütün xalqa müraciət etdi: «Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz?» Sonra ailəsini nəzərdə tutaraq dedi: «Mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək» (Yeşua 24:15).
6 Bundan qabaq, Yehova Yeşuaya cəsarətli və möhkəm olmağı, Qanunundan çıxmamağı nəsihət etmişdi. Qanun kitabını gecə-gündüz alçaq səslə oxumaqla, Yeşua həyatda uğur qazana bilərdi (Yeşua 1:7, 8). Bəli, o həqiqətən də uğurlu həyat sürdü. Yeşuanın seçimi çoxlu xeyir-dua gətirdi. O deyirdi: «Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi» (Yeşua 21:45).
7. Yeşayanın günlərində bə’zi israillilər hansı seçimi etdilər və bunun nəticəsi nə oldu?
7 İndi isə bundan təxminən 700 il sonra İsraildə mövcud olan vəziyyətə diqqət yetirək. O vaxt bir çox israillilər bütpərəst ayinlərə riayət edirdi. Məsələn, ilin axırıncı günü xalq dadlı yeməklər və şirin şərab olan süfrə arxasına toplaşırdı. Bu adi qonaqlıq məclisi deyil, yalançı tanrıların şərəfinə təşkil olunmuş dini mərasim idi. Peyğəmbər Yeşaya Allahın bu cür xainliyə necə münasibət bəslədiyini yazırdı: ‘Siz Rəbbi tərk etdiniz, müqəddəs dağımı unutdunuz, Tale allahına süfrə açdınız, Qismət allahına camlarda şərab təqdim etdiniz’. Onlar inanırdılar ki, illik məhsul Yehovanın xeyir-duasından deyil, Tale və Qismət allahlarını məmnun etmələrindən asılıdır. Sərbəst seçim edib üsyankar ruh nümayiş etdirməklə onlar öz talelərini həll etdilər. Yehova e’lan etdi: «Mən də sizi qılınca qismət edəcəyəm, hamınız qırılmaq üçün diz çökəcəksiniz. Çünki Mən çağıranda sizdən cavab almadım, danışanda qulaq asmadınız. Gözümdə pis olanı etdiniz, Mənə məqbul olmayanı seçdiniz» (Yeşaya 65:11, 12). Ağılsız seçimləri onların məhvinə səbəb oldu. Nə Tale, nə də Qismət tanrısı buna mane ola bilmədi.
Düzgün seçimi necə etmək olar?
8. Qanunun təkrarı 30:20 ayəsinə əsasən, düzgün seçim etmək üçün hansı şərtləri yerinə yetirmək lazımdır?
8 Musa İsrail xalqını həyatı seçməyə çağıranda, onların yerinə yetirməli olduqları üç şərti sadaladı: ‘Allahınız Rəbbi sevin, Onun sözünü dinləyin və Ona bağlanın’ (Qanunun təkrarı 30:20, KM). Gəlin düzgün seçim etmək üçün bu şərtlərin hər birini nəzərdən keçirək.
9. Yehovaya olan məhəbbətimizi necə nümayiş etdirə bilərik?
9 Allahımız Yehovanı sevmək. Biz Yehovanı sevdiyimiz üçün Ona xidmət etməyi seçmişik. İsrail xalqının günlərindəki xəbərdaredici nümunələrə diqqət yetirərək, biz əxlaqsızlıq etməyə meyl oyadan hər bir şeyə müqavimət göstərir, bizi var-dövlət hərisliyi tələsinə sala bilən həyat tərzindən qaçınırıq (1 Korinflilərə 10:11; 1 Timoteyə 6:6-10). Biz Yehovaya sadiq qalır və Onun qayda-qanununa riayət edirik (Yeşua 23:8; Məzmur 119:5, 8). İsraillilər Və’d edilmiş diyara girməzdən əvvəl Musa onlara demişdi: «Baxın Allahım Rəbbin mənə əmr etdiyi qayda və hökmləri sizə öyrətmişəm ki, mülk olaraq almaq üçün daxil olacağınız torpaqda bunlara əməl edəsiniz. Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər» (Qanunun təkrarı 4:5, 6). İndi, Yehovanın iradəsini həyatımızda birinci yerə qoymaqla Ona olan məhəbbətimizi nümayiş etdirməyin əsl vaxtıdır. Əgər belə etsək, mütləq xeyir-dua alacağıq (Matta 6:33).
10-12. Nuhun günlərində baş verənlərdən özümüzə hansı ibrət dərsi alırıq?
10 Allahın sözünü dinləmək. Nuh «salehlik təbliğçisi» idi (2 Peter 2:5). Daşqından qabaq yaşayan insanların, demək olar ki, hamısı pozğunlaşmışdı və Nuhun xəbərdarlığına əhəmiyyət vermirdilər. Bunun nəticəsi nə oldu? ‘Tufan gəlib hamısını apardı’. İsa, ‘İnsan Oğlunun gəlişi [«iştirakı», YD]’ zamanı oxşar vəziyyətin mövcud olacağı haqda xəbərdarlıq vermişdi. Nuhun günlərində baş verənlər bu gün Allahın xəbərinə diqqət yetirməməyi qərara alan insanlar üçün ciddi xəbərdarlıqdır (Matta 24:39).
11 Allahın müasir xidmətçiləri tərəfindən e’lan edilən xəbərdarlığa istehza edənlər bunun onlara nə gətirəcəyini başa düşməlidirlər. Belə rişxəndçilər haqqında həvari Peter deyirdi: «Belə düşünənlər bilmirlər ki, göylər qədim zamanlarda Allahın kəlamı ilə yarandı, yer də sudan və su vasitəsilə təşkil edildi. O zamankı dünya da həmin sularla boğulub məhv oldu. İndiki göylər və yer isə oda verilmək üçün eyni kəlam ilə saxlanıb, allahsız adamların məhkəmə və həlak gününə qədər hifz olunurlar» (2 Peter 3:3-7).
12 Nuh və onun ailəsi isə fərqli bir seçim etdilər. «Nuh iman vasitəsilə, hələ zahir olmayan şeylər haqqında Allah tərəfindən xəbərdar edilib... ixlaskarlıqla gəmi hazırladı». Onun bu xəbərdarlığa diqqət yetirməsi ailəsinə xilas gətirdi (İbranilərə 11:7). Gəlin Allahın xəbərdarlığını eşitməkdə iti, Ona itaətkarlıqla tabe olmaqda qətiyyətli olaq (Yaqub 1:19, 22-25).
13, 14. a) Yehovaya ‘bağlanmaq’ nə üçün həyati vacibdir? b) ‘Dulusçumuz’ Yehovaya bizi formalaşdırmağa necə imkan verə bilərik?
13 Yehovaya bağlanmaq. ‘Həyatı seçib yaşaya bilmək’ üçün Yehovanı təkcə sevmək və Ona qulaq asmaq kifayət etmir, biz həm də Yehovaya ‘bağlanmalı’, yə’ni Onun iradəsini tə’kidlə yerinə yetirməliyik. İsa demişdi: «Öz canlarınızı səbirlə xilas edin» (Luka 21:19). Əslində etdiyimiz seçim ürəyimizdə olanları aşkara çıxarır. Süleymanın məsəlləri 28:14 ayəsində qeyd olunur: «Həmişə Rəbdən qorxan bəxtiyardır, ürəyi inadkar bəlaya düşər». Qədim Misirin hökmdarı fir’on buna dair bir nümunədir. On cəza növbə ilə Misirin üzərinə göndərildikcə, fir’on Allahdan qorxmaq əvəzinə, ürəyini inadkar edirdi. Fir’onun itaətsizlik göstərməsinə səbəbkar Yehova deyildi, amma O, bu qürurlu hökmdara seçimini etmək imkanı verdi. Yehovanın fir’ona aid sözlərindən görünür ki, Onun iradəsi yerinə yetdi: «Mən səni ona görə yüksəltdim ki, qüdrətimi sənin vasitənlə göstərim və Mənim adım bütün yer üzündə e’lan edilsin» (Romalılara 9:17).
14 İsrailin fir’onun əsarətindən xilas olmasından əsrlər keçdikdən sonra peyğəmbər Yeşaya demişdi: «Ya Rəbb, Sənsən Atamız: biz gilik, Sən isə dulusçu, biz hamımız Sənin əlinin işiyik» (Yeşaya 64:8). Şəxsi öyrənmə və öyrəndiklərimizi həyatımızda tətbiq etmək vasitəsilə, Yehovaya bizi formalaşdırmağa imkan verdikdə, tədricən yeni mənliyi geyirik. Biz daha həlim və üzüyola oluruq. Allahı səmimi qəlbdən razı salmağa çalışdığımız üçün Ona sədaqətlə bağlanmaq bizim üçün daha asan olur (Efeslilərə 4:23, 24; Koloslulara 3:8-10).
«Bunları... öyrədin»
15. Qanunun təkrarı 4:9 ayəsinə əsasən, Musa İsrail xalqına hansı iki tələbi xatırlatdı?
15 Musa Və’d edilmiş diyarın astanasında duran İsrail xalqına söylədi: «Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük sə’y göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin» (Qanunun təkrarı 4:9). Yehovanın xeyir-dualarını əldə etmək və miras alacaqları diyarda xoşbəxt yaşamaq üçün xalq Yehova Allahın qarşısında iki tələbi yerinə yetirməli idi. Onlar gözləri qarşısında Allahın etdiyi mö’cüzələri unutmamalı və onları gələcək nəsillərinə danışmalı idilər. Allahın xalqı kimi, ‘həyatı seçib yaşamaq istəyiriksə’, biz də eyni cür hərəkət etməliyik. Bəs Yehovanın bizim üçün etdiyi hansı işlərini görmüşük?
16, 17. a) Gilead məktəbini bitirmiş missionerlər Padşahlığın təbliği işində hansı işləri görə bilmişlər? b) Xidmətdə sə’yi zəifləməyən məsihçilərin nümunəsindən danışın.
16 Təbliğ və şagird hazırlamaq işimizi Yehovanın xeyir-dualandırdığını gördüyümüzə görə çox sevinirik. Gözətçi Qülləsinin Müqəddəs Kitab məktəbi — Gilead 1943-cü ildə açılandan, bir çox ölkələrdə şagird hazırlamaq işi fəal surətdə keçirilməyə başlandı. Qoca yaşlarına və fiziki zəifliklərinə baxmayaraq, məktəbin erkən mə’zunları olan missionerlər hələ də Padşahlığın təbliği işində sə’ylə çalışmağa davam edirlər. Gözəl nümunələrdən biri Gilead məktəbini 1944-cü ildə bitirən Meri Olsondur. O, missioner kimi əvvəlcə Kolumbiyada, sonra Uruqvayda, indi isə Puerto- Rikoda xidmət edir. Qoca yaşına baxmayaraq, Olson bacı təbliğ işində sə’yini indiyədək qoruyub. O ispan dilini bilir və yerli təbliğçilərlə birlikdə təbliğ xidmətində iştirak etməyə hər həftə vaxt ayırır.
17 Gilead məktəbini 1947-ci ildə bitirən, hazırda dul olan Nensi Porter hələ də Baham adalarında xidmət edir. O da təbliğ işi ilə daima məşğul olan missionerdir. Porter bacı öz tərcümeyi-halında deyir: «Başqalarına Müqəddəs Kitab həqiqətlərini öyrətmək mənə xüsusi sevinc bəxş edir. O mənə ruhani işlərlə məşğul olmaq üçün yaxşı tərtib olunmuş cədvəl qurmağa kömək edir, bu həyatıma sabitlik və nizam-intizam gətirir»a. Porter bacı və başqa sadiq xidmətçilər öz həyatlarına geri baxanda, Yehovanın onlar üçün nə etdiyini unutmurlar. Bəs biz necə? Ərazimizdə Padşahlıq işinə verdiyi xeyir-dualara görə Yehovaya minnətdarıqmı? (Məzmur 68:11).
18. Missionerlərin tərcümeyi-hallarından nə öyrənə bilərik?
18 Uzun illər Yehovaya sədaqətlə xidmət edən bu bacı-qardaşların indiyədək gördükləri işlər bizi çox sevindirir. Onların həyatları haqqında oxumaq bizi çox ruhlandırır, çünki Yehovanın bu sadiq xidmətçiləri üçün nələr etdiyini görəndə, Allaha xidmət etmək qətiyyətimiz möhkəmlənir. Sən müntəzəm olaraq «Gözətçi Qülləsi»ndə çap olunan bu tərcümeyi-halları oxuyub üzərində düşünürsənmi?
19. Məsihçi valideynlər «Gözətçi Qülləsi»ndə dərc olunan tərcümeyi-hallardan necə yararlana bilərlər?
19 Musa israillilərə xatırlatdı ki, Yehovanın onlar üçün nələr etdiyini unutmamalıdırlar, bu şeylər onların bütün həyatları boyu ürəklərindən çıxmamalıdır. Sonra o, əlavə etdi: «Bunları övladlarınıza, nəvələrinizə öyrədin» (Qanunun təkrarı 4:9). Tərcümeyi-halların xüsusi tə’siri vardır. Böyüyən gənclərə yaxşı nümunə lazımdır. Subay bacılar yaşca böyük sadiq bacıların «Gözətçi Qülləsi»ndə dərc olunan həyat nümunələrindən özlərinə dərs ala bilərlər. Öz ölkələrində əcnəbi dilli sahədə xidmət etmək həm bacılara, həm də qardaşlara xoş xəbəri yaymaq imkanını verir. Məsihçi valideynlər, uşaqlarınızın tammüddətli xidməti həyat yolu seçmələrinə kömək etmək üçün nəyə görə Gilead məktəbini bitirmiş sadiq missionerlərin və digər xidmətçilərin həyat nümunələrindən istifadə etməyəsiniz?
20. ‘Həyatı seçmək’ üçün biz nə etməliyik?
20 Bəs hər birimiz həyatı necə seçə bilərik? Gözəl ən’am olan iradə azadlığından istifadə edərək Yehovaya Onu sevdiyimizi göstərməklə və imkanımız çatan qədər xidmətdə əlimizdən gələni etməklə. Musanın bəyan etdiyi kimi, Yehova ‘həyatınızdır, sizi uzun ömürlü edər’ (Qanunun təkrarı 30:19, 20).
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 2001-ci il, 1 iyun sayının 23-27 səhifələrindəki (rus.) «Ağır itkiyə baxmayaraq, sevincli və minnətdaram» məqaləsinə baxın.
Xatırlayırsınızmı?
• Bir-birindən fərqlənən iki seçim nümunəsindən siz nə öyrəndiniz?
• ‘Həyatı seçmək’ üçün hansı şərtləri yerinə yetirməliyik?
• Hansı iki tələbi yerinə yetirməliyik?
[26-cı səhifədəki şəkil]
‘Qarşınızda həyatla ölümü qoydum’.
[27-ci səhifədəki şəkil]
Allahın sözünü dinləmək Nuhu və onun ailəsini xilas etdi.
[28-ci səhifədəki şəkil]
Meri Olson
[28-ci səhifədəki şəkil]
Nensi Porter