Diqqətinizi Yehovanın təşkilatının ne’mətlərinə cəmləşdirin
«Biz Sənin evinin, müqəddəs mə’bədinin ne’mətləri ilə doyacağıq!» (MƏZMUR 65:4).
1, 2. a) Mə’bədin tikintisi ilə bağlı işlər xalqa necə tə’sir göstərəcəkdi? b) Mə’bədin tikintisi üçün Davud hansı tədarükü gördü?
QƏDİM İsrailin padşahı Davud İbranicə Müqəddəs Yazılarda haqqında bəhs olunan ən məşhur insanlardan biridir. Çoban, musiqiçi, peyğəmbər və padşah olan Davud Yehova Allaha tam e’tibar edirdi. Yehovaya bəslədiyi dərin məhəbbətdən irəli gələrək onun ürəyində Allah üçün ev tikmək arzusu oyandı. Bu ev və ya mə’bəd İsraildə həqiqi ibadətin mərkəzi olacaqdı. Davud bilirdi ki, mə’bədin tikintisi ilə bağlı işlər Allahın xalqına sevinc və xeyir-dualar gətirəcək. Buna görə də, Davud oxuyurdu: «Nə bəxtiyardır evinin həyətlərində yaşayan, seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs mə’bədinin ne’mətləri ilə doyacağıq!» (Məzmur 65:4).
2 Davuda Yehovanın evini tikdirməyə icazə verilmədi. Bu imtiyaz onun oğlu Süleymana nəsib oldu. Davud özünün çox arzuladığı işin başqasına həvalə olunmasına görə şikayətlənmədi. Onun üçün ən əsası mə’bədin tikilməsi idi. O, Yehovadan aldığı layihəni Süleymana verərək tikintini səmimi qəlbdən dəstəklədi. Bundan başqa, Davud minlərlə levilini xidməti bölmələrə ayırdı və mə’bədin tikintisi üçün böyük miqdarda qızıl-gümüş ianə etdi (1 Salnamələr 17:1, 4, 11, 12; 23:3-6; 28:11, 12; 29:1-5).
3. Allahın xidmətçiləri həqiqi ibadət üçün görülən işlərə necə münasibət göstərirlər?
3 Sadiq israillilər Allahın evi üçün görülən hazırlıq işlərini dəstəkləyirdilər. Yehovanın müasir xidmətçiləri olan bizlər də Onun təşkilatının yerüzü hissəsində həqiqi ibadət üçün görülən işləri dəstəkləyirik. Beləliklə, biz də Davudun əhval-ruhiyyəsinə malik olduğumuzu göstəririk, narazılıq etməyə meylli deyilik. Əksinə, diqqətimizi Allahın təşkilatının ‘ne’mətlərinə’ cəmləşdiririk. Siz heç həqiqətən də minnətdarlığa layiq olan bir çox yaxşı şeylərin üzərində düşünmüsünüzmü? Gəlin onlardan bə’zilərini nəzərdən keçirək.
Rəhbərliyi üzərlərinə götürən kəslərə görə minnətdarıq
4, 5. a) «Sadiq və ağıllı qul» ona həvalə edilən işi necə yerinə yetirir? b) Bə’zi şahidlər aldıqları ruhani qida haqda nə deyirlər?
4 İsa Məsihin öz malikanəsi üzərinə tə’yin etdiyi ‘sadiq və ağıllı qula’ görə minnətdar olmağa tutarlı səbəblər var. Ruhla məsh edilmişlərdən ibarət qul sinfi xoş xəbərin təbliğində rəhbərliyi öz üzərinə götürür, ibadət etmək üçün görüşlər təşkil edir və 400-dən artıq dildə Müqəddəs Kitaba əsaslanan ədəbiyyat nəşr edir. Bütün yer üzündə milyonlarla insan «vaxtlı-vaxtında» verilən bu ruhani qidanı minnətdarlıqla qəbul edir (Matta 24:45-47). Şübhəsiz, burada narazılıq etmək üçün heç bir əsas yoxdur.
5 Yaşa dolmuş Yehovanın Şahidi Alfi qul sinfinin nəşrlərində tapdığı Müqəddəs Kitaba əsaslanan məsləhətləri həyatında tətbiq edərək uzun illərdir ki, təsəlli və kömək alır. Alfi dərin minnətdarlıq hissi ilə yazır: «Yehovanın təşkilatı olmasaydı, mən nə edərdim?» Peter və Ermqart da onilliklər boyunca Yehovaya xidmət edirlər. Ermqart «Yehovanın məhəbbətli və qayğıkeş təşkilatının» təqdim etdiyi ədəbiyyata, o cümlədən, görmə və eşitmə qabiliyyəti zəif olan xüsusi tələbatlı insanlar üçün hazırlanan ədəbiyyata görə minnətdarlığını bildirir.
6, 7. a) Bütün dünyada olan yığıncaqların fəaliyyətinə nəzarət necə həyata keçirilir? b) Yehovanın təşkilatının yerdəki hissəsi haqqında hansı ürək sözləri söylənilib?
6 ‘Sadiq qulu’ ruhla məsh edilmişlərdən ibarət kiçik qrup — Yehovanın Şahidlərinin Rəhbərlik Şurası təmsil edir. Onlar Bruklində (Nyu-York) yerləşən Yehovanın Şahidlərinin ümumdünya mərkəzi idarəsində xidmət edirlər. Rəhbərlik Şurasının filiallarda xidmət etməyə tə’yin etdiyi təcrübəli qardaşlar bütün dünyada mövcud olan 98 000-dən artıq yığıncağın fəaliyyətinə nəzarət edirlər. Müqəddəs Kitab tələblərinə cavab verən qardaşlar yığıncaqlarda ağsaqqal və xidməti köməkçi tə’yin olunurlar (1 Timoteyə 3:1-9, 12, 13). Ağsaqqallar rəhbərliyi üzərlərinə götürərək, himayələrində olan Allahın sürüsünü məhəbbətlə otarırlar. Həmin sürünün üzvü olmaq və ümumdünya ‘qardaşlıqda’ hökm sürən məhəbbət və birliyi öz üzərində hiss etmək necə də böyük xeyir-duadır! (1 Peter 2:17; 5:2, 3).
7 Ayrı-ayrı bacı-qardaşlar ağsaqqallardan aldıqları məhəbbət dolu ruhani rəhbərliyə görə tez-tez minnətdarlıqlarını bildirirlər. Məsələn, 30 yaşlarında olan məsihçi Bergitin ailəsi vardır. Yeniyetmə çağında o, pis dostların əhatəsinə düşmüş və az qala günah işlədəcəkdi. Lakin ağsaqqalların Müqəddəs Kitaba əsaslanan aydın məsləhəti və həmimanlıların köməyi sayəsində o, gizli təhlükədən qurtula bildi. Bergit indi hansı hissləri keçirir? O deyir: «Mən son dərəcə minnətdaram ki, hələ də Yehovanın bu gözəl təşkilatına məxsusam». 17 yaşlı Andreas belə deyir: «Bu, həqiqətən də Yehovanın təşkilatıdır, özü də dünyanın ən yaxşı təşkilatıdır». Yehovanın təşkilatının yerdəki hissəsinin ‘ne’mətlərinə’ görə minnətdar olmalı deyilikmi?
Rəhbərlik həvalə olunanlar qeyri-kamildirlər
8, 9. Davudun bə’zi müasirləri necə davrandılar, bəs o, buna necə münasibət göstərdi?
8 Sözsüz ki, həqiqi ibadətdə rəhbərliyi həyata keçirmək üçün tə’yin olunanlar qeyri-kamildirlər. Onların hamısı səhvlərə yol verir, bə’ziləri dərin kök salmış zəifliklikləri ilə mübarizə aparırlar. Buna görə mə’yus olmalıyıqmı? Xeyr. Hətta qədim İsraildə bir çox məs’uliyyətlər e’tibar olunmuş şəxslər də ciddi səhvlərə yol verirdilər. Məsələn, Davud hələ gənc ikən narahat padşah Şaulu sakitləşdirmək üçün musiqiçi kimi xidmət etməyə çağırıldı. Sonralar Şaul Davudu öldürməyə çalışırdı. Nəticədə Davud canını xilas etmək üçün qaçmalı oldu (1 Şamuel 16:14-23; 18:10-12; 19:18; 20:32, 33; 22:1-5).
9 Başqa israillilər xainlik etdilər. Məsələn, Davudun ordu başçısı Yoav Şaulun qohumu Avneri öldürdü. Avşalom hakimiyyəti ələ keçirmək üçün atası Davuda sui-qəsd hazırladı. Davudun e’tibar etdiyi məsləhətçisi Axitofel ona xəyanət etdi (2 Şamuel 3:22-30; 15:1-17, 31; 16:15, 21). Bununla belə, Davud nə hiddətlənərək şikayətləndi, nə də həqiqi ibadətə arxa çevirdi. Əksinə, çətinliklər Davudu Yehovadan daha möhkəm yapışmağa və Şauldan qaçdığı zaman malik olduğu düzgün əhval-ruhiyyəni sonralar da qorumağa təşviq etdi. Həmin vaxt Davud oxuyurdu: «Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən qanadlarının altına sığınacağam» (Məzmur 57:1).
10, 11. Qertrud adlı məsihçi cavanlıqda nə ilə üzləşmişdir və həmimanlıların səhvləri barədə o, nə demişdir?
10 Bu gün Allahın təşkilatında xainlikdən şikayətlənməyə heç bir əsasımız yoxdur. Nə Yehova, nə Onun mələkləri, nə də ruhani çobanlar xain, pis adamların məsihçi yığıncağında qalmasına yol verməzlər. Buna baxmayaraq, hamımız özümüzün və ya Allahın digər xidmətçilərinin qeyri-kamilliyi ilə qarşılaşırıq.
11 Uzun müddət ərzində Yehovaya xidmət edən Qertrudu cavanlığında fırıldaqçılıqda ittiham edərək, Padşahlığın tammüddətli xidmətçisi olmadığını demişdilər. Bəs o buna necə münasibət göstərmişdi? Qertrud buna görə şikayətlənirdimi? Xeyr. O, 2003-cü ildə 91 yaşında vəfat etdi. Bundan bir qədər əvvəl geriyə həyatına boylanaraq demişdi: «Həyatım boyunca topladığım təcrübədən öyrəndim ki, ayrı-ayrı adamların etdikləri səhvlərə baxmayaraq, Yehova qeyri-kamil olan bizlərdən istifadə edərək Öz vacib işini istiqamətləndirir». Allahın digər xidmətçilərinin qeyri-kamilliyi ilə üzləşərkən Qertrud ürəkdən Yehovaya dua edirdi.
12. a) Birinci əsrin məsihçilərindən bə’ziləri hansı pis nümunəni qoymuşlar? b) Biz diqqətimizi nəyə cəmləşdirməliyik?
12 Hətta ən sadiq məsihçilərin belə qeyri-kamil olduqlarını nəzərə alaraq, gəlin tə’yin olunmuş qardaşlar səhvə yol verəndə ‘hər şeyi şikayətsiz icra etməyə’ davam edək (Filipililərə 2:14). Birinci əsrin məsihçi yığıncağının bə’zi üzvlərinin xoşagəlməz nümunəsini izləməyimiz necə də kədərli olardı! Şagird Yəhudanın sözlərinə görə o günlərdə mövcud olan yalançı müəllimlər ‘hakimiyyəti heç sayır, izzətli varlıqları söyürdülər’. Bütün bunlar az imiş kimi, bu günahkarlar ‘deyinən və öz talelərindən şikayət edənlər’ idilər (Yəhuda 8, 16). Gəlin deyingən şikayətçilərin yollarından uzaq duraq və diqqətimizi sadiq qul vasitəsilə aldığımız yaxşı şeylərə cəmləşdirək. Gəlin Yehovanın təşkilatının ‘ne’mətlərini’ qiymətləndirək və ‘hər şeyi şikayətsiz icra edək’.
«Bu çətin sözdür»
13. İsa Məsihin müəyyən tə’limlərinə bə’ziləri necə münasibət göstərdilər?
13 Birinci əsrdə bə’ziləri tə’yin olunmuş xidmətçilərə qarşı deyindikləri halda, başqaları İsanın tə’limlərindən narazılıqlarını bildirirdilər. Yəhya 6:48-69 ayələrində belə bir hadisə nəql olunur. İsa: «Mənim ətimi yeyib, qanımı içənin əbədi həyatı vardır» dedi. Lakin şagirdlərindən bir çoxu bunu eşitdikdə: «Bu çətin sözdür. Onu kim dinləyə bilər?» — deyə e’tiraz etdilər. İsa «şagirdlərinin buna deyindiklərini» duymuşdu. «Bu zamandan e’tibarən şagirdlərdən bir çoxu Ondan ayrılıb, artıq Onunla gəzmirdi». Lakin şagirdlərin hamısı deyinmirdi. İsa 12 həvaridən: «Yoxsa siz də getmək istəyirsiniz?» — deyə soruşanda, həvari Peter cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir. Biz də iman etdik və bilirik ki, Yaşayan Allahın Oğlu Məsih Sənsən».
14, 15. a) Nəyə görə bə’ziləri məsihçi tə’limlərinin müəyyən cəhətləri ilə razılaşmırlar? b) Emanuelin nümunəsindən nə öyrənirik?
14 Müasir dövrdə Allahın xalqının arasında məsihçi tə’liminin bə’zi cəhətləri ilə razılaşmayan və Yehovanın təşkilatının yerdəki hissəsinə qarşı deyinən çox az adam olur. Bəs bu nə üçün baş verir? Belə deyinmə çox vaxt Allahın işləri icra etmə üsulunu anlamamalarından irəli gəlir. Yaradan həqiqəti Öz xalqına tədricən açıqlayır. Buna görə bizim Müqəddəs Kitab tə’limləri haqqında olan anlayışımız vaxtaşırı dəqiqləşdirilir. Yehovanın xalqının əksəriyyəti belə dəqiqləşdirilmələrə sevinir. Bə’ziləri «həddən artıq saleh» olaraq, dəyişikliklərə hiddətlənirlər (Vaiz 7:16). Burada qürur da rol oynaya bilər, bə’ziləri isə müstəqil düşüncə tərzinin toruna düşə bilərlər. Nə səbəbdən olursa-olsun, belə deyinmə bizi geriyə, dünyaya və onun yollarına çəkə biləcəyi üçün təhlükəlidir.
15 Belə bir nümunəni nəzərdən keçirək. Emanuel «sadiq və ağıllı qul»un nəşrlərindən oxuduğu bə’zi fikirlərlə razılaşmırdı (Matta 24:45). O, məsihçi ədəbiyyatını oxumağı dayandırdı, sonra isə yerli yığıncağın ağsaqqallarına artıq Yehovanın Şahidi olmaq istəmədiyini söylədi. Lakin az bir müddət ərzində o başa düşdü ki, Yehovanın təşkilatının tə’limləri həqiqətən də düzdür. O, şahidlərlə əlaqə saxladı, səhvini e’tiraf etdi və yenidən Yehovanın Şahidi oldu. İndi o, yenə də xoşbəxtdir.
16. Müəyyən məsihçi tə’limlərinə dair şübhələrimizi aradan qaldırmaqda bizə nə kömək edə bilər?
16 Bəs əgər Yehovanın təşkilatının müəyyən tə’limlərinə dair şübhələrimiz olduğu üçün narazılığımızı bildirmək istəyəriksə, onda necə? Gəlin səbirsiz olmayaq. ‘Sadiq qul’ sualımıza cavab verəcək və şübhələrimizi aradan qaldıracaq mə’lumat nəşr edə bilər. Məsihçi ağsaqqallarına kömək üçün müraciət etmək də müdriklik olardı (Yəhuda 22, 23). Dua, şəxsi öyrənmə və yetkin məsihçilərlə ünsiyyət şübhələri aradan qaldırmaqda və Yehovanın ünsiyyət kanalı vasitəsilə öyrəndiyimiz, imanı möhkəmləndirən Müqəddəs Kitab həqiqətlərinə qarşı minnətdarlığımızı artırmaqda kömək edə bilər.
Müsbət əhval-ruhiyyəni qoru
17, 18. Narazılıq etmək əvəzinə hansı əhval-ruhiyyəni qorumalıyıq və nə üçün?
17 E’tiraf etmək lazımdır ki, qeyri-kamil insanlar günaha meyli miras almışlar və bə’zilərinin əsassız yerə şikayətlənməyə çox güclü meyli ola bilər (Yaradılış 8:21; Romalılara 5:12). Lakin deyingənlik etsək, Yehova Allahla münasibətlərimizi təhlükə altına almış olarıq. Buna görə də, hər hansı deyinmək istəyimizi idarə etməliyik.
18 Yığıncaqda nəyə görə isə narazılığımızı bildirməkdənsə, yaxşı olardı ki, müsbət əhval-ruhiyyəni qoruyaq və daim məşğul, sevincli, hörmətcil, tarazlı və imanda sağlam həyat tərzi sürək (1 Korinflilərə 15:58; Titusa 2:1-5). Yehova Öz təşkilatında baş verən hər şeyi nəzarəti altında saxlayır və İsa birinci əsrdə olduğu kimi, indi də hər yığıncaqda işlərin gedişatından xəbərdardır (Vəhy 1:10, 11). Səbirlə Allahı və yığıncağın Başçısı olan Məsihi gözlə. Onlar məsələləri yoluna qoymaq üçün məs’uliyyətli çobanlardan istifadə edə bilərlər (Məzmur 43:5; Koloslulara 1:18; Titusa 1:5).
19. Nə qədər ki, Padşahlıq bəşəriyyətin işlərini tam nəzarəti altına almayıb, diqqətimizi nəyə cəmləşdirməliyik?
19 Tezliklə bu pis sistem sona çatacaq və Xilaskar Padşahlıq bəşəriyyətin bütün işlərini tam nəzarəti altına alacaqdır. O vaxt gələnədək hər birimiz üçün müsbət əhval-ruhiyyəni qorumaq nə qədər də vacibdir! Bu, diqqəti həmimanlılarımızın səhvlərinə cəmləşdirməkdənsə, onların müsbət keyfiyyətlərini görməyə kömək edəcək. Diqqəti onların yaxşı keyfiyyətlərinə cəmləşdirməklə xoşbəxtlik tapacaq, imanımızı möhkəmləndirəcək və ruhlanacağıq. Artıq deyinib emosional cəhətdən gücdən düşməyəcəyik.
20. Müsbət əhval-ruhiyyə hansı xeyir-duaları nəzərdən qaçırmamağa kömək edəcək?
20 Həmçinin, müsbət əhval-ruhiyyə sayəsində, Yehovanın təşkilatının yerdəki hissəsində xidmət edərkən aldığımız çoxlu xeyir-duaları nəzərdən qaçırmayacağıq. Bu təşkilat dünyada kainatın Hökmdarına sadiq olan yeganə təşkilatdır. Vahid həqiqi Allah Yehovaya ibadət etmək üstünlüyünə malik olduğun üçün hansı hissləri keçirirsən? Qoy səndə də: «Ey duaları eşidən, bütün bəşər hüzuruna gələcək. Nə bəxtiyardır evinin həyətlərində yaşayan, seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs mə’bədinin ne’mətləri ilə doyacağıq!» deyə oxuyan Davudun əhval-ruhiyyəsi olsun (Məzmur 65:2, 4).
Xatırlayırsınızmı?
• Biz nə üçün yığıncaqda rəhbərliyi üzərlərinə götürən qardaşlara görə minnətdar olmalıyıq?
• Məs’uliyyətli qardaşlar səhvə yol verəndə necə münasibət göstərməliyik?
• Müqəddəs Kitab tə’limlərinin anlayışının dəqiqləşdirilməsinə necə yanaşmalıyıq?
• Şübhələrə üstün gəlməkdə məsihçiyə nə kömək ola bilər?
[12-ci səhifədəki şəkil]
Davud Süleymana mə’bədin layihəsini verdi və həqiqi ibadəti səmimi qəlbdən dəstəklədi.