Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/12 s. 20—24
  • Yehovanı nəğmələrdə tərənnüm edin!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanı nəğmələrdə tərənnüm edin!
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Musiqinin həqiqi ibadətdə layiqli yeri
  • Davuddan sonrakı dövrdə musiqinin rolu
  • Vaxt keçir, tələbatlarımız dəyişir
  • Sən öz minnətdarlığını necə göstərə bilərsən?
  • Qoy şaqraq səsiniz ucalsın!
    Gözətçi qülləsi 2017
  • Yeni həmd nəğmələri!
    Müqəddəs ibadətimiz 2014
  • Görüşlərimizdə Yehovanı nəğmələrdə tərənnüm etməyə hazırsınızmı?
    Müqəddəs ibadətimiz 2009
  • Yehovanı nəğmədə şövqlə tərənnüm edin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/12 s. 20—24

Yehovanı nəğmələrdə tərənnüm edin!

«Allahımı nə qədər varam, tərənnüm edəcəyəm!» (MƏZ. 146:2).

1. Gənc Davudu məzmurlarının bəzilərini bəstələməyə nə təşviq etmişdi?

GƏNC yaşlarında Davud Betlehemin yaxınlığında, çöllərdə atasının qoyunlarını otarırdı. Bu zaman onun Yehovanın möhtəşəm əl işlərini — ulduzlu səmanı, «çöldə yaşayan heyvanları», «göydəki quşları» seyr etmək imkanı vardı. Gördükləri Davuda o qədər böyük təəssürat bağışlamışdı ki, o, ecazkar təbiətin və canlıların Yaradanına ürəyi isindirən həmd nəğmələri bəstələdi. Onun nəğmələrinin bir çoxunu bu gün «Zəbur» kitabında tapmaq olara. (Məzmur 8:3, 4, 7—9 ayələrini oxu.)

2. a) Musiqi insanlara necə təsir göstərir? Nümunə çəkin. b) Məzmur 34:7, 8 və Məzmur 139:2—8 ayələrindən Davudun Yehova ilə münasibətləri barədə nə öyrənirik?

2 Görünür, həyatının məhz bu dövründə Davud bir musiqiçi kimi püxtələşmişdi. Davud o qədər bacarıqlı musiqiçi olmuşdu ki, padşah Şaul üçün lira çalmaq dəvətini aldı (Sül. məs. 22:29). Onun çaldığı musiqi qəlb rahatlığını itirmiş padşahı sakitləşdirirdi. Musiqi bu gün də insanlara eyni təsiri göstərir. Davud musiqi alətini əlinə alar-almaz, «Şaul sakitləşər, yaxşı olar»dı (1 Şam. 16:23). Ürəyində Allah qorxusu olan bu musiqiçi və bəstəkarın yazdığı nəğmələr indiyə kimi öz dəyərini itirməyib. Bu, həqiqətən də, heyrətamizdir! Davudun dünyaya göz açmasından 3 000 ildən çox vaxt keçsə də, yer üzünün dörd tərəfində yaşayan müxtəlif insanlar təsəlli və ümid üçün Davudun bəstələdiyi məzmurlara daima müraciət edirlər. (2 Saln. 7:6; Məzmur 34:7, 8; 139:2—8 ayələrini oxu; Amos 6:5.)

Musiqinin həqiqi ibadətdə layiqli yeri

3, 4. Davudun günlərində müqəddəs musiqinin ifa olunması üçün hansı tədbirlər görülmüşdü?

3 Davudun musiqi sahəsində istedadı vardı və o, bu istedadını ən yaxşı şəkildə — Yehova Allahı izzətləndirmək üçün istifadə edirdi. O, İsrailin padşahı olandan sonra müqəddəs məskəndə gözəl musiqinin ifa olunması üçün lazımi tədbirlər gördü. Xidmət üçün yararlı olan levililərin onda birindən çoxu, təxminən 4 000 nəfəri «Rəbbi həmd etmək» üçün təyin olunmuşdu. Onların arasında ‘Rəbbə ilahi oxumağa öyrədilənlərin və bunu bacaranların’ sayı 288 nəfər idi (1 Saln. 23:3, 5; 25:7).

4 Levililərin ifa etdiyi bir çox nəğmələri Davudun özü bəstələmişdi. Davudun məzmurları səslənəndə onları dinləmək imkanı olan hər bir israilli, sözsüz, bundan çox təsirlənirdi. Bir qədər sonra, əhd sandığı Yerusəlimə gətiriləndə «Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində — çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər» (1 Saln. 15:16).

5, 6. a) Nəyə görə Davudun hökmranlığı dövründə musiqiyə bu qədər önəm verilirdi? b) Haradan bilirik ki, qədim İsraildə musiqi ibadətdə vacib yer tuturdu?

5 Davudun günlərində musiqiyə nəyə görə bu qədər önəm verilirdi? Padşah musiqiçi olduğu üçünmü? Xeyr, bunun başqa səbəbi var idi və əsirlər sonra, saleh padşah Xizqiya məbəddə xidməti bərpa edəndə həmin səbəb açıqlanmışdı. Bu barədə 2 Salnamələr 29:25 ayəsində oxuyuruq: «Davudun, padşahın görücüsü Qadın və peyğəmbər Natanın əmrinə görə Xizqiya Levililəri sinclərlə, çənglərlə və liralarla Rəbbin məbədinə qoydu. Bu əmr peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi».

6 Bəli, peyğəmbərləri vasitəsilə Yehova əmr etmişdi ki, xidmətçiləri nəğmələrdə Onu tərənnüm etsinlər. Hətta kahin tayfasından olan digər ilahiçilər levililərdən tələb olunan işdən azad edilmişdilər ki, nəğmə bəstələməyə və çox ehtimal ki, məşq etməyə kifayət qədər vaxtları olsun (1 Saln. 9:33).

7, 8. Padşahlıq nəğmələrini oxuyarkən istedaddan daha vacib olan nədir?

7 Bəlkə də, sən fikirləşirsən: «Söhbət yaxşı oxumaqdan gedirsə, müqəddəs məskəndə nəğmələr ifa edən peşəkarların sırasına məni heç vaxt daxil etməzdilər». Lakin levililərdən olan musiqiçilərin heç də hamısı peşəkar deyildi. 1 Salnamələr 25:8 ayəsinə əsasən, onların arasında ‘şagirdlər’ də var idi. Həmçinin onu da qeyd etmək lazımdır ki, İsrailin digər qəbilələri arasında çox bacarıqlı musiqiçilər və ifaçılar vardı. Lakin Yehova musiqi ilə əlaqədar bütün işləri levililərə tapşırmışdı. Biz əmin ola bilərik ki, ‘müəllim’ və ya ‘şagird’ olmalarından asılı olmayaraq, onların hamısı bu işə can yandırırdı.

8 Musiqini sevən Davud öz işinin ustası idi. Bəs Allah üçün vacib olan yalnız bizim istedadlı olmağımızdır? Koloslulara 3:23 ayəsində Pavel yazır: «Hər nə edirsinizsə, canla-başla edin, sanki insanlar üçün deyil, Yehova üçün edirsiniz». Hər şey tamamilə aydındır: ən vacibi odur ki, Yehovanı nəğmələrdə tərənnüm edərkən bunu sidq-ürəkdən edək.

Davuddan sonrakı dövrdə musiqinin rolu

9. Əgər sən Süleymanın hökmranlığı dövründə məbədin həsr olunma mərasimində iştirak etsəydin, nə görər və eşidərdin?

9 Süleyman padşahın hakimiyyəti illərində də musiqi həqiqi ibadətdə mühüm yer tuturdu. Məbədin təntənəli açılışı 120 kərənayçıdan ibarət mis nəfəsli alətlər qrupu da daxil olan tam tərkibli orkestrin müşayiəti ilə həyata keçirilmişdi. (2 Salnamələr 5:12 ayəsini oxu.) Müqəddəs Kitabda deyilir ki, «[hamısı kahin olan] kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar... Onlar dedi: “Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir”». Sevinc dolu səslər yüksələn kimi Yehovanın razılığının əlaməti olaraq ‘bulud məbədi doldurdu’. Kərənayçılarla minlərlə ifaçının səsi birgə ucalanda bunun necə də möhtəşəm və həyəcanlandırıcı olduğunu bir təsəvvür edin! (2 Saln. 5:13).

10, 11. Erkən məsihçilərin ibadətdə musiqiyə önəm verdikləri haradan məlumdur?

10 Erkən məsihçilər də ibadətdə musiqiyə önəm verirdilər. Əlbəttə, onlar müqəddəs məskəndə və ya məbəddə yox, şəxsi evlərdə yığışırdılar. Təqiblər və digər səbəblər ucbatından bəzən vəziyyətləri heç də ürəkaçan olmurdu. Buna baxmayaraq, onlar Allahı nəğmələrdə tərənnüm edirdilər.

11 Həvari Pavel Kolos şəhərindəki həmimanlılarını: «Bir-birinizə məzmurlar, mədhiyyələr və gözəl ruhani mahnılarla öyüd-nəsihət verin», — deyə səsləyirdi (Kolos. 3:16). Pavel və Sila zindana atılanda «dua edib mahnı oxuyur, Allaha həmd edirdilər», halbuki onların əllərində nəğmə kitabı yox idi (Həv. iş. 16:25). Bəs əgər sən zindana atılsaydın, əzbərdən neçə Padşahlıq nəğməsi oxuya bilərdin?

12. Padşahlıq nəğmələrini qiymətləndirdiyimizi necə göstərə bilərik?

12 Musiqi ibadətimizdə şərəfli yer tutduğu üçün özümüzdən soruşmalıyıq: «Mən də musiqini layiqincə qiymətləndirirəmmi? Bacı-qardaşlarla birgə ilk nəğməni oxumaq üçün yığıncaq görüşlərinə və konqreslərə vaxtında gəlirəmmi? Bu nəğmələri şövqlə ifa edirəmmi? Uşaqlarımı öyrədirəmmi ki, onlar Teokratik Xidmət Məktəbi ilə Xidməti görüş və açıq məruzə ilə “Gözətçi Qülləsi”nin öyrənilməsi arasında ifa edilən nəğmələrə özləri üçün fasilə, yaxud oturmaqdan yorulduqları üçün yerlərini lazımsız yerə tərk etmək imkanı kimi baxmasınlar?» Nəğmə oxumaq ibadətimizin bir hissəsidir. Bu sahədə peşəkar olub-olmamağımızdan asılı olmayaraq, hamımız Yehovanı nəğmələrdə tərənnüm edə bilərik və bu, hər birimizin borcudur. (2 Korinflilərə 8:12 ayəsi ilə müqayisə et.)

Vaxt keçir, tələbatlarımız dəyişir

13, 14. Yığıncaq görüşü zamanı sidq-ürəkdən nəğmə oxumaq nəyə görə vacibdir? İzah edin.

13 Təxminən 100 il əvvəl «Sion Gözətçi Qülləsi» jurnalında Padşahlıq nəğmələrinin nəyə görə bu qədər vacib olduğu izah olunmuşdu: «Allahın xalqı üçün həqiqəti mahnıda oxumaq onu öz ürəklərinə və zehinlərinə həkk etməyin gözəl üsuludur». Bir çox nəğmələrin sözləri Müqəddəs Kitaba əsaslandığı üçün heç olmasa onlardan bəzilərini əzbərləməklə həqiqəti ürəyimizə həkk edə bilərik. Görüşlərə ilk dəfə gələnlər yığıncaq üzvlərinin ürəkdən nəğmə ifa etdiklərini eşidəndə, adətən, bu, onlara böyük təsir bağışlayır.

14 1869-cu ildə, axşam işdən evə qayıdarkən Ç. T. Rassel zirzəmidən gələn mahnı səslərini eşitdi. O vaxtlar Rassel qardaşın Allah barədə həqiqəti tapacağına dair bütün ümidləri puça çıxmışdı. Buna görə də o, özünü işə həsr etmək qərarına gəldi. O düşünürdü ki, insanlara ruhani cəhətdən kömək edə bilməsə də, heç olmasa pul qazanıb onlara maddi cəhətdən yardım göstərsin. Rassel qardaş tozlu, qaranlıq otağa girdi və orada ibadət mərasiminin keçirildiyini gördü. O oturub qulaq asdı. Sonralar o yazmışdı ki, həmin axşam eşitdikləri «kifayət idi ki, Müqəddəs Kitabın Allahdan ilham aldığına dair sarsılmış imanı Allahın köməyi ilə möhkəmlənsin». Gördüyümüz kimi, Rassel qardaşı ilk dəfə görüşə cəlb edən məhz nəğmə olmuşdu.

15. Nəyə görə yeni nəğmə kitabına ehtiyac yarandı?

15 Vaxt keçdikcə Müqəddəs Yazıları daha dəqiq başa düşürük. Süleymanın məsələləri 4:18 ayəsində deyilir: «Salehlərin yolu... dan yeri tək şəfəq saçar, nurunu artıraraq gündüzə qovuşar». Nur artdıqca həqiqəti necə «oxumağımıza» dair dəyişikliklərin edilməsi labüddür. Son 25 il ərzində bir çox ölkələrdə Yehovanın Şahidləri «Yehovaya həmd nəğmələri oxuyun»b adlı nəğmə kitabından istifadə etmişlər. Bu nəğmə kitabının ingilis dilində çıxmasından bəri nurun çoxalması sayəsində bəzi mövzulara daha çox aydınlıq gətirilmişdir. Nəticədə, həmin nəğmə kitabında istifadə olunan bəzi ifadələr köhnəlmişdi. Məsələn, biz artıq «yeni quruluş» yox, «yeni dünya» deyirik. Eləcə də Yehovanın adı «təmizə çıxarılmayacaq», o «təqdis ediləcək». Bu səbəbdən həqiqətin müasir anlayışımızı əks etdirən yeni nəğmə kitabına ehtiyac yarandı.

16. Yeni nəğmə kitabı Pavelin Efeslilərə 5:19 ayəsində yazılan məsləhətinə riayət etməyimizə necə kömək edəcək?

16 Bu və digər səbəblərə görə Rəhbərlik Şurası «Yehovanı nəğmələrdə tərənnüm edin» adlı yeni nəğmə kitabının buraxılmasına qərar verdi. Yeni nəğmə kitabında mahnıların sayı 135-ə düşdüc. Bunun sayəsində biz ən azından bəzi yeni mahnıların sözlərini əzbərləyə bilərik. Bu, Pavelin Efeslilərə 5:19 ayəsində yazılan məsləhətinə uyğundur. (Ayəni oxu.)

Sən öz minnətdarlığını necə göstərə bilərsən?

17. Yığıncaqda nəğmə oxuyarkən utancaqlıq hissinin öhdəsindən gəlməyə bizə nə kömək edə bilər?

17 Utancaqlıq hissinin yığıncaq görüşlərində həmd nəğmələri oxumağımıza mane olmasına yol verməliyikmi? Bir fikirləşin, məgər danışığımızda ‘hər birimiz dəfələrlə səhv etmirik’? (Yaq. 3:2). Bununla belə, biz yol vermirik ki, mükəmməl olmayan danışıq qabiliyyətimiz evdən-evə təbliğ edərək Yehovanı izzətləndirməyimizə mane olsun. Bəs onda nəyə görə qeyri-mükəmməl səsimizin Yehovanı nəğmələrdə tərənnüm etməyə mane olmasına yol verməliyik? Xidmətçiləri həmd nəğmələri oxuyanda insana ‘ağız verən’ Yehova Allah sevinir (Çıx. 4:11).

18. Nəğmələrin sözlərini əzbərləməyə dair hansı təklifləri irəli sürə bilərsən?

18 Artıq bir çox dillərdə «Yehovanı nəğmələrdə tərənnüm edin — vokal ifa» adlı CD işıq üzü görüb. Gözəl orkestrin müşayiəti ilə xorun ifa etdiyi yeni nəğmələrə qulaq asmaq insana, sözün əsil mənasında, zövq verir. Onlara tez-tez qulaq as; onda sən heç olmasa bəzi yeni nəğmələrin sözlərini əzbərləyəcəksən. Əksər nəğmələrin sözləri elə yazılıb ki, sən bir sətri oxuyanda ondan sonra hansı sözlərin gələcəyini bilirsən. Buna görə də CD-yə qulaq asanda nəyə görə xorla birlikdə oxumayasan? Əgər evdə nəğmələrin sözləri və musiqisi ilə tanış olsan, şübhəsiz, Padşahlıq Zalında onları daha əminliklə ifa edəcəksən.

19. Padşahlıq nəğmələrimizin orkestrin ifasında hazırlaması üçün hansı işlər görülür?

19 Xüsusi birgünlük, rayon və vilayət konqreslərində səslənən musiqiyə qarşı bizdə asanlıqla etinasız münasibət yarana bilər. Lakin yadda saxlamalıyıq ki, bu musiqi əsərlərinin ərsəyə gəlməsi üçün böyük əmək sərf olunub. Musiqi əsəri seçiləndən sonra onu 64 nəfərdən ibarət olan «Gözətçi Qülləsi»nin orkestr tərkibi üçün işləmək (aranjiman etmək) lazımdır. Sonra musiqiçilər saatlarla vaxt sərf edərək məşq edəcəkləri materialı diqqətlə nəzərdən keçirirlər. Və nəhayət, bu əsərlər Patersonda (Nyu–York) yerləşən səsyazma studiyalarımızda yazılır. Bu bacı-qardaşların 10-u Birləşmiş Ştatların xaricində yaşayır. Onların hamısı bütün görüşlərimiz üçün gözəl musiqinin hazırlanmasında iştirak etməyi özlərinə şərəf sanırlar. Biz onların məhəbbət dolu əməklərini qiymətləndirdiyimizi göstərə bilərik. Konqresə sədrlik edən qardaş bizi yerlərimizi tutub məhəbbətlə hazırlanan musiqiyə sakitcə qulaq asmağa dəvət edəndə gəlin onun dediyini edək.

20. Sən nə etmək əzmindəsən?

20 Yehova həmd nəğmələrimizə böyük önəm verir və onları vacib hesab edir. Buna görə də Allaha ibadət üçün toplaşanda şövqlə oxuyaraq Onun qəlbini sevindirə bilərik. Bəli, peşəkar olsaq da, olmasaq da, gəlin Yehovanı nəğmələrdə tərənnüm edək! (Məz. 104:33).

[Haşiyələr]

a Maraqlıdır ki, Davudun ölümündən xeyli vaxt sonra saysız-hesabsız mələklər Betlehemin yaxınlığındakı çöllərdə qoyun otaran çobanlara Məsihin anadan olması barədə xəbər vermişlər (Luka 2:4, 8, 13, 14).

b 225 nəğmədən ibarət olan bu nəğmə kitabı yüzdən çox dilə tərcümə edilmişdi. Azərbaycan dilində 2006-cı ildə dərc olunan nəğmə broşürasına 29 nəğmə daxil idi.

c Azərbaycan dilində isə 55 nəğmədən ibarət broşüra çıxıb.

Necə fikirləşirsiniz?

• Qədimdə musiqinin həqiqi ibadətdə vacib rol oynadığını hansı nümunələr göstərir?

• İsanın Matta 22:37 ayəsində yazılan əmrinə tabe olmaqla Padşahlıq nəğmələrini şövqlə ifa etmək arasında hansı əlaqəni görürsən?

• Padşahlıq nəğmələrimizi layiqincə qiymətləndirdiyini necə göstərə bilərsən?

[23-cü səhifədəki şəkil]

Yığıncaqda nəğmə ifa edilən zaman uşaqlarınızın ehtiyac olmadan yerlərini tərk etmələrinin qarşısını alırsınızmı?

[24-cü səhifədəki şəkil]

Evdə yeni nəğmələrimizin sözlərini əzbərləyirsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş