Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kr fəs. 9 s. 87—97
  • Təbliğ işinin bəhrəsi — «məhsul yetişib, biçinə hazırdır»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təbliğ işinin bəhrəsi — «məhsul yetişib, biçinə hazırdır»
  • Allahın Padşahlığı hökmranlıq edir!
  • Başlıqlar
  • Oxşar material
  • İş başına keçin və sevinc duyun
  • Padşahımız ən böyük biçin işinə rəhbərlik edir
  • Bədii ifadələrlə təsvir olunmuş biçin işinin bəhrəsi
  • Yehovanın bütün xidmətçilərinin sevinməsinə səbəb
  • «Gündoğandan günbatanadək»
  • Sə’ylə biçin!
    Gözətçi qülləsi 2001
  • Biçilmək üçün ağarmış tarlalar
    Müqəddəs ibadətimiz 2010
  • Sevinclə biçin!
    Gözətçi qülləsi 2001
  • Böyük ruhani biçində var gücünlə iştirak et
    Gözətçi qülləsi 2010
Əlavə
Allahın Padşahlığı hökmranlıq edir!
kr fəs. 9 s. 87—97

FƏSİL 9

Təbliğ işinin bəhrəsi — «məhsul yetişib, biçinə hazırdır»

MÖVZU

Yehova Padşahlıq haqda həqiqət toxumunun cücərib boy atmasının qayğısına qalır

1, 2. a) Nəyə görə şagirdlər çaşqınlıq içində idilər? b) İsa hansı biçin işindən danışırdı?

«BAŞINIZI qaldırın və tarlalara baxın, məhsul yetişib, biçinə hazırdır». İsa peyğəmbərin bu sözlərini eşidən şagirdləri çaşqınlıq içində idilər. Çünki onlar İsanın göstərdiyi istiqamətə baxanda məhsulun hələ yetişmədiyini gördülər. «O, hansı biçindən danışır, axı biçinə hələ neçə ay var?» — deyə onlar düşünə bilərdilər (Yəh. 4:35).

2 Lakin İsa həqiqi biçindən danışmırdı. O, bu nümunə əsasında şagirdlərinə ruhani biçin — insanların biçini ilə bağlı iki vacib dərs vermək istəyirdi. Bunlar hansılar idi? Gəlin bu məlumatı ətraflı araşdıraq.

İş başına keçin və sevinc duyun

3. a) «Tarlalara baxın, məhsul yetişib» sözlərini deməyə İsanı nə təşviq etmişdi? b) İsa öz sözlərinə necə aydınlıq gətirdi?

3 İsa peyğəmbərin şagirdləri ilə etdiyi söhbət eramızın 30-cu ilinin sonlarında, Səməriyyənin Sixar şəhəri yaxınlığında olmuşdu. Şagirdləri şəhərə gedəndə İsa bulağın yanında oturub bir qadına təbliğ edirdi. Qadın eşitdiklərinin nə dərəcədə vacib olduğunu dərhal anladı. Şagirdləri İsanın yanına qayıdanda o, eşitdikləri heyrətamiz şeyləri yaxınları ilə bölüşmək üçün tələm-tələsik Sixara getdi. Onun danışdıqları böyük marağa səbəb oldu və camaat İsanı görmək üçün tez bulağa tərəf yollandı. Elə həmin vaxt tarlaya baxan İsa çoxlu sayda səməriyyəlinin ona doğru gəldiyini görüb dedi: «Tarlalara baxın, məhsul yetişib». Sonra o, həqiqi yox, ruhani biçini nəzərdə tutduğunu bildirmək üçün sözünə davam etdi: «Biçinçi... əbədi həyat üçün məhsul yığır» (Yəh. 4:5—30, 36).

4. a) İsa Məsih ruhani biçin işi ilə bağlı hansı iki mühüm məqamı vurğulamışdı? b) Biz hansı sualları nəzərdən keçirəcəyik?

4 İsa Məsih ruhani biçin işi ilə bağlı hansı iki mühüm məqamı vurğulamışdı? Birincisi, bu iş olduqca təcilidir. Onun «məhsul yetişib» sözləri davamçılarını hərəkətə səsləyirdi. Bu işin nə dərəcədə vacib olduğunu vurğulayaraq o, şagirdlərinə demişdi: «Biçinçi artıq əmək haqqını alır». Bəli, biçin işi artıq başlamışdı — qətiyyən yubanmaq olmazdı! İkincisi, bu iş işçilərə sevinc gətirir. İsa demişdi ki, əkən də, biçən də birgə sevinir (Yəh. 4:35b, 36). İsa bu qədər səməriyyəlinin ona iman gətirdiyini görəndə sevindiyi kimi, şagirdləri də biçin işində ürəkdən çalışmaqla böyük sevinc duyacaqdılar (Yəh. 4:39—42). Birinci əsrdə baş vermiş bu hadisə bizim üçün mühüm əhəmiyyət kəsb edir, çünki hal-hazırda həyata keçirilən ən böyük ruhani biçin vaxtı nələrin baş verdiyini əyani şəkildə göstərir. Bəs müasir dövrdə biçin nə zaman başlayıb? Bu işdə kimlər iştirak edir? Və o hansı bəhrələri gətirib?

Padşahımız ən böyük biçin işinə rəhbərlik edir

5. Ümumdünya biçin işinə kim rəhbərlik edir və Yəhyanın aldığı görüntüdə bu işin təcili olduğu necə göstərilir?

5 Yehova Allah həvari Yəhyaya verdiyi görüntüdə İsanı ümumdünya biçin işinə təyin etdiyini göstərmişdi. (Vəhy 14:14—16 ayələrini oxuyun.) Bu görüntüdə İsa başında tac, əlində oraq təsvir olunur. Başındakı «qızıl tac» onun Padşah mövqeyini, əlindəki «iti oraq» isə Biçinçi kimi daşıdığı rola işarə edir. Yehova Allah mələk vasitəsilə biçin vaxtının çatdığını və yerin məhsulunun tam yetişdiyini deməklə işin təcili olduğunu vurğulayır. Həqiqətən də, «artıq biçin vaxtıdır» — ləngimək olmaz! Allahın: «Orağını işə sal və biç», — göstərişinə əsasən, İsa orağını yerə tuşlayır və yer üzündə biçin, yəni insanların yığımı başlayır. Bu möhtəşəm görüntü bizə bir daha xatırladır ki, «yerin məhsulu tam yetişib». Bəs bu bizə ümumdünya biçin işinin nə vaxt başladığını müəyyən etməyə kömək edirmi? Əlbəttə!

6. a) Biçin vaxtı nə zaman başlayıb? b) «Yerin məhsulu» nə zaman yığılmağa başlayıb? İzah edin.

6 «Vəhy» kitabının 14-cü fəslində qeyd olunan Yəhyanın görüntüsündə İsa, yəni Biçinçi başında tac təsvir olunur (14-cü ayə); nəticə etibarilə, bu, onun 1914-cü ildə Padşah təyin olunmasından sonrakı vaxta aiddir (Dən. 7:13, 14). Bundan bir müddət sonra İsaya biçin işinə başlamaq əmr olunur (15-ci ayə). İsanın buğda biçini ilə bağlı söylədiyi məsəldə də hadisələr eyni ardıcıllıqla göstərilir. O demişdi: «Biçin bu dövrün [yekunudur]». Beləliklə, biçin vaxtı və bu dövrün yekunu eyni vaxtda — 1914-cü ildə başlayıb. «Biçin vaxtı» başlayandan bir müddət sonra məhsul yığımı başlayır (Mət. 13:30, 39). Ötən illərə nəzər salanda görürük ki, məhsul yığımı İsa Padşah olandan bir neçə il sonra başlayıb. Birincisi, 1914-cü ildən 1919-cu ilin əvvəllərinə qədər İsa məsh olunmuş davamçıları arasında təmizlik işi apardı (Məl. 3:1—3; 1 But. 4:17). Sonra 1919-cu ildə «yerin məhsulu» yığılmağa başladı. İsa yeni təyin olunmuş sadiq nökər vasitəsilə yubanmadan qardaşlara təbliğ işinin təcili olduğunu anlamağa kömək etdi. Gəlin nələrin baş verdiyinə nəzər salaq.

7. a) Nəyin sayəsində qardaşlar təbliğ işinin təcili olduğunu anladılar? b) Onlar nə etməyə təşviq olundular?

7 «Gözətçi qülləsi» jurnalının 1920-ci il iyul sayında deyilirdi: «Müqəddəs Yazıları araşdırmağın nəticəsində məlum oldu ki, kilsəyə [yığıncağa] Padşahlıq haqda müjdəni bəyan etmək kimi böyük şərəfli iş həvalə olunub». Misal üçün, Əşiyanın peyğəmbərliyi sayəsində qardaşlar Padşahlıq haqda xoş xəbəri bütün dünyada bəyan edilməli olduğunu anladılar (Əşy. 49:6; 52:7; 61:1—3). Onlar bu işin necə həyata keçəcəyini bilmirdilər, ancaq əmin idilər ki, Yehova onlara mütləq yol açacaq. (Əşiya 59:1 ayəsini oxuyun.) Təbliğ işinin təcili olduğunu aydın başa düşmələri qardaşları bu işi daha da sürətləndirməyə təşviq etdi. Onlar buna necə hay verdilər?

8. 1921-ci ildə qardaşlar təbliğ işi ilə hansı iki məqamı başa düşdülər?

8 «Gözətçi qülləsi» jurnalının 1921-ci il dekabr sayında deyilirdi: «Bu il ən yaxşı il oldu, çünki əvvəlki illərlə müqayisədə 1921-ci ildə daha çox insan həqiqəti eşitdi». Orada həmçinin qeyd olunurdu: «Hələ görüləsi çox iş var... Gəlin bu işi sevinclə görək». Fikir verin ki, qardaşlar İsanın həvarilərinə təbliğ işi ilə bağlı vurğuladığı iki mühüm məqamı anlamışdılar: bu iş təcilidir və işçilər bundan sevinc duyur.

9. a) 1954-cü ildə «Gözətçi qülləsi» jurnalında biçin işi ilə bağlı nə deyilmişdi və nəyə görə? b) Ötən 50 il ərzində təbliğçilərin sayında hansı artım müşahidə olunmuşdu? («Dünya miqyasında artım» adlı diaqrama baxın.)

9 1930-cu illərdə qardaşlar başqa qoyunlardan ibarət böyük izdihamın Padşahlıq haqda xoş xəbərə hay verəcəyini anladıqdan sonra onlar təbliğ işini daha da sürətləndirdilər (Əşy. 55:5; Yəh. 10:16; Vəhy 7:9). Nəticədə, 1934-cü ildən 1953-cü ilə qədər xoş xəbəri təbliğ edənlərin sayı 41 000-dən 500 000-ə qalxdı! «Gözətçi qülləsi» jurnalının 1954-cü il 1 dekabr sayında belə bir qənaətə gəlinmişdi: «Ümumdünya biçin işi Yehovanın ruhunun və Kəlamının qüdrəti sayəsində həyata keçirilir»a (Zək. 4:6).

DÜNYA MİQYASINDA ARTIM

Ölkə

1962

1987

2013

Avstraliya

15 927

46 170

66 023

Braziliya

26 390

216 216

756 455

Fransa

18 452

96 954

12 4029

İtaliya

6929

149 870

247 251

Yaponiya

2491

120 722

217 154

Meksika

27 054

222 168

772 628

Nigeriya

33 956

133 899

344 342

Filippin

36 829

101 735

181 236

ABŞ

289 135

780 676

1 203 642

Zambiya

30 129

67 144

162 370

MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYINDAKI ARTIM

1950

234 952

1960

646 108

1970

1 146 378

1980

1 371 584

1990

3 624 091

2000

4 766 631

2010

8 058 359

Bədii ifadələrlə təsvir olunmuş biçin işinin bəhrəsi

10, 11. Xardal toxumu məsəlində toxumun böyüməsində hansı diqqətəlayiq məqamlar vurğulanır?

10 İsa peyğəmbər Padşahlıq haqda məsəllərində bədii ifadələrdən istifadə edərək biçin işinin gətirəcəyi bəhrələri qabaqcadan demişdi. Gəlin onun xardal toxumu və maya ilə bağlı çəkdiyi məsəllərə nəzər salaq. Biz əsas etibarilə bu məsəllərin axır zamanda necə həyata keçdiyinə diqqət yetirəcəyik.

11 Xardal toxumu məsəli. Bir adam xardal toxumu əkdi. Xardal toxumu böyüyüb nəhəng bir ağac oldu və quşlar onun başında yuva saldı. (Mətta 13:31, 32 ayələrini oxuyun.) Bu məsəldə toxumun böyüməsində hansı diqqətəlayiq məqamlar vurğulanır? 1) Böyümənin miqyası heyrətamizdir. Xardal «toxumlar arasında ən xırdası» olsa da, «böyüyüb... qol-budaq» ataraq ağac olur (Mark 4:31, 32). 2) Böyümə prosesi mütləq baş verir. Toxum «yerə əkiləndən sonra [böyüyür]». Bəli, İsa toxumun böyüyə biləcəyini yox, böyüdüyünü demişdi. Bu prosesin qarşısını almaq mümkün deyil. 3) Böyüyüb qol-budaq atan ağac ona tərəf gələnləri cəlb edir və onlar üçün yuva, yəni sığınacaq olur. «Göyün quşları... gəlib onun kölgəsində yuva salırlar». Bu üç məqamı müasir dövrdəki ruhani biçin işinə necə aid etmək olar?

12. Xardal toxumu məsəlini hal-hazırda gedən biçin işinə necə aid etmək olar? («Müqəddəs Kitabı öyrənənlərin sayındakı artım» adlı diaqrama baxın.)

12 1) Böyümənin miqyası. Məsəldə Padşahlıq haqda xoş xəbərin və məsihi yığıncağının böyüməsi vurğulanır. Məsh olunmuş biçinçilər 1919-cu ildən bəri bərpa olunmuş məsihi yığıncağına toplanırlar. Həmin vaxt işçilərin sayı az olsa da, sürətlə artırdı. Həqiqətən də, 1900-cü illərin əvvəllərindən bu günə kimi baş verən artımı görmək olduqca heyrətamizdir! (Əşy. 60:22). 2) Böyümə prosesi mütləq baş verir. Məsihi yığıncağında baş verən artım qarşısıalınmazdır. Toxumun böyüməsinə nə qədər əngəl törədilsə də, o, yenə də böyüməyə davam edir (Əşy. 54:17). 3) Sığınacaq. Ağacın budaqlarında sığınacaq tapan «göyün quşları» təxminən 240 ölkə və ərazidə yaşayan milyonlarla səmimi-qəlbli insanları təmsil edir. Onlar Padşahlıq haqda xoş xəbəri qəbul edərək məsihi yığıncağının üzvü olurlar (Hizq. 17:23). Orada onlar ruhani qida qəbul edir, təravətlənir və müdafiə olunurlar (Əşy. 32:1, 2; 54:13).

Xardal ağacının budaqlarında yuva quran müxtəlif quşlar

Xardal toxumu məsəli göstərir ki, sığınacaq və müdafiəni məsihi yığıncaqlarında tapmaq mümkündür (11 və 12-ci abzaslara baxın.)

13. Maya məsəlində böyümə prosesi ilə bağlı hansı diqqətəlayiq məqamlar vurğulanır?

13 Maya məsəli. Qadın una bir az maya qatanda bütün xəmir acıyır. (Mətta 13:33 ayəsini oxuyun.) Bu məsəldə böyümə prosesi ilə bağlı hansı diqqətəlayiq məqamlar vurğulanır? Gəlin bunlardan ikisini müzakirə edək. 1) Böyümə prosesi köklü dəyişikliyə səbəb olur. Maya bütün xəmiri acıdır. 2) Böyümə prosesi hər yana yayılır. Maya «üç böyük təknə [unu]», yəni bütün xəmiri acıdır. Bu iki məqamı müasir dövrdəki ruhani biçin işinə necə aid etmək olar?

14. Maya məsəlini hal-hazırda gedən biçin işinə necə aid etmək olar?

14 1) Köklü dəyişiklik. Maya Padşahlıq haqda xoş xəbəri, xəmir isə bəşəriyyəti təmsil edir. Maya xəmirə qarışaraq onu dəyişdiyi kimi, xoş xəbər də ona hay verən insanların ürəyində köklü dəyişikliyə səbəb olur (Rom. 12:2). 2) Hər yana yayılma. Mayanın yayılması xoş xəbərin yayılmasını göstərir. Acıma prosesinin baş verməsi üçün maya bütün xəmirə yayıldığı kimi, Padşahlıq haqda xoş xəbər də «yerin ucqarlarınadək» yayılır (Həv. 1:8). Həmçinin məsəlin bu hissəsindən görünür ki, Padşahlıq haqda xoş xəbər fəaliyyətimizin qadağa altında olduğu və təbliğ işinin gözə çarpmadığı ölkələrdə belə yayılacaq.

15. Əşiya 60:5, 22 ayələri necə yerinə yetir? (93-cü səhifədəki «Yalnız Yehovanın sayəsində mümkündür», eləcə də 96 və 97-ci səhifələrdəki «Ən balacasından qüdrətli xalq törəyəcək» adlı çərçivələrə baxın.)

15 İsanın çəkdiyi bu məsəllərdən təxminən 800 il əvvəl, Yehova Allah Əşiya peyğəmbər vasitəsilə müasir dövrdə ruhani biçin işinin nə dərəcədə vüsət alacağını və bu işin sevinc gətirəcəyini bədii ifadələrlə təsvir etmişdib. Allah «uzaqlardan» Onun təşkilatına axışan insanlardan bəhs edirdi. Yehova bu gün məsh olunmuşların yer üzündəki qalığının təmsil etdiyi «qadına» üz tutaraq demişdi: «Bunu görəndə çöhrən şəfəq saçacaq, ürəyin çırpınacaq, dağa dönəcək, çünki dənizin sərvəti sənə yönələcək, xalqların varı yanına axışacaq» (Əşy. 60:1, 4, 5, 9). Bu sözlərdə necə də böyük həqiqət var! Bu gün Yehovaya uzun müddət xidmət edənlər yaşadıqları ərazidə təbliğçilərin sayının bir neçə nəfərdən minlərə çatdığını görəndə, sözün əsil mənasında, sevincdən şəfəq saçırlar.

Yehovanın bütün xidmətçilərinin sevinməsinə səbəb

16, 17. Əkənlə biçənin qoşa sevinməsinə səbəb nədir? (Həmçinin «Amazonda iki traktat iki ürəyə necə təsir etdi?» adlı çərçivəyə baxın.)

16 Gəlin İsa Məsihin həvarilərinə dediyi sözləri xatırlayaq: «Biçinçi... əbədi həyat üçün məhsul yığır ki, əkən də, biçən də qoşa sevinsin» (Yəh. 4:36). Bəs İsanın bu sözləri bu gün necə yerinə yetir? Gəlin bunun üç üsulunu araşdıraq.

17 Birincisi, Yehovanın bu işdə əlini görmək bizi sevindirir. Biz Padşahlıq haqda xoş xəbəri təbliğ etməklə toxum səpmiş oluruq (Mət. 13:18, 19). Başqalarına İsanın şagirdi olmağa kömək edəndə isə məhsulu biçmiş oluruq. Yehovanın səpilən toxumu cücərdərək böyütməsini görmək hamımıza böyük sevinc bəxş edir (Mark 4:27, 28). Əkdiyimiz toxumların bəziləri gec cücərir və başqaları tərəfindən biçilir. Misal üçün, götürək 60 il əvvəl vəftiz olunmuş britaniyalı Coan adlı bacının hadisəsini. O bölüşür: «Hərdən mənə yaxınlaşıb deyirlər ki, illər öncə onların ürəyinə həqiqət toxumunu mən səpmişəm. Sən demə, sonradan başqa Şahidlər onlarla Müqəddəs Kitab öyrənməyə başlayıblar və onlara Yehovanın xidmətçisi olmağa kömək ediblər. Sevinirəm ki, əkdiyim toxum böyüyüb və səmərə gətirib». (1 Korinflilərə 3:6, 7 ayələrini oxuyun.)

YALNIZ YEHOVANIN SAYƏSİNDƏ MÜMKÜNDÜR

İSA MƏSİH demişdi: «İnsan üçün mümkün olmayan şey Allah üçün mümkündür» (Luka 18:27). Bizlərdən bir çoxumuz bu sözlərin həqiqət olduğunu öz həyatımızdan görmüşük. Əleyhdarlar xoş xəbərin yayılmasına nə qədər mane olmağa çalışsalar da, Yehova bu işin öhdəsindən gəlməyə bizə kömək edir.

Zakari

Zakari Eleqbe (66 yaş, 1963-cü ildə vəftiz olub) Benində Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoyulmasının əslində qardaşlarımıza nə qədər köməyi dəydiyini xatırlayaraq deyir: «1976-cı ildə ölkədə cəmi 2300 təbliğçi olanda fəaliyyətimizə qadağa qoyuldu və hökumət bu haqda radio vasitəsilə bütün yerli dillərdə bəyan edilməsinə sərəncam verdi. Əvvəllər belə şey olmamışdı! Benində əhali 60-dan çox dildə danışsa da, həmin vaxt radio proqramları, adətən, cəmi beş dildə yayımlanırdı. Buna görə də qadağa haqqında bütün yerli dillərdə elan olunanda ucqar ərazilərdə yaşayan minlərlə insanlar ilk dəfə bizim haqqımızda eşitdilər. Onlara maraqlı gəlirdi: “Görəsən, Yehovanın Şahidləri kimdir? Niyə onlara qadağa qoyulub?” Sonradan biz həmin ərazilərdə təbliğ edəndə çoxları həqiqəti dərhal qəbul edirdi». Hal-hazırda Benində 11 500 Yehovanın Şahidi var.

Mariya

Mariya Ziniç (74 yaş, 1957-ci ildə vəftiz olub) adlı bacı deyir: «Ailəmiz Ukraynadan Sibirə (Rusiya) sürgün olunanda mənim heç 12 yaşım yox idi. Keçmiş Sovet İttifaqı dövründə hökumət bizi tamamilə susdurmaq üçün hər cür fəndlərə əl atsa da, sayımız get-gedə artırdı. Sərt müqavimətlərə baxmayaraq, bu qədər heyrətamiz artımı görmək məni əmin edirdi ki, bu, Yehovanın işidir. Onu heç kim dayandıra bilməz!» Mariya (73 yaş, 1960-cı ildə vəftiz olub) adlı başqa bir bacı bölüşür: «Qardaşlarımızı Sibirə sürgün etməklə hökumət həmin ucqar ərazilərdə yaşayan insanlara həqiqəti eşitmək fürsəti yaratdı».

Xesus

Xesus Martin (77 yaş, 1955-ci ildə vəftiz olub) adlı qardaş xatırlayır: «Mən həqiqəti öyrənməyə başlayanda İspaniyada 300 təbliğçi var idi. 1960-cı ildə bizi amansızcasına təqib etməyə başladılar. Hökumət polislərə Yehovanın Şahidlərinin kökünü kəsmək göstərişini vermişdi. Həmin dövrdə heç təsəvvür edə bilmirdik ki, bu boyda ölkəyə xoş xəbəri necə çatdıracağıq. Hər şey, sanki, bizim əleyhimizə idi. Ancaq indi İspaniyada təxminən 111 000 Yehovanın Şahidi var. Təqiblərə baxmayaraq, bu artımı öz gözlərimlə görmək mənim əminliyimi daha da artırıb: əgər Yehova bizimlədirsə, mümkün olmayan heç nə yoxdur!»

18. 1 Korinflilərə 3:8 ayəsində sevinmək üçün hansı səbəb gətirilir?

18 İkincisi, Bulusun sözlərini yadda saxlamaq sevincimizi qorumağa kömək edir. O demişdi: «Hərəsi zəhmətinə görə mükafatını alacaq» (1 Kor. 3:8). Mükafat işin nəticəsinə görə yox, görülən işə müvafiq olaraq verilir. Bunu bilmək həqiqətə az hay verən ərazilərdə xidmət edən təbliğçiləri necə də ruhlandırır! Səpin işində canla-başla iştirak edən Allahın hər bir xidmətçisi Onun gözündə «çoxlu bar [verir]», buna görə də sevinmək üçün səbəbi var (Yəh. 15:8; Mət. 13:23).

19. a) İsanın Mətta 24:14 ayəsindəki peyğəmbərliyi sevinməyimizə necə səbəb olur? b) Şagird hazırlamaq işində müvəffəqiyyətli olmasaq da, nəyi yadda saxlamalıyıq?

19 Üçüncüsü, biz çox şadıq ki, gördüyümüz işlə peyğəmbərliyin yerinə yetməsində iştirak edirik. İsa peyğəmbərin şagirdləri ondan soruşmuşdular: «Bizə de, bunlar nə vaxt baş verəcək? Sənin hüzuruna və o dövrün yekununa əlamət nə olacaq?» Cavabında İsa sonun səciyyəvi əlamətlərindən birinin ümumdünya təbliğ işi olacağını vurğulamışdı. O, şagird hazırlamağı nəzərdə tuturdu? Xeyr. O demişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mət. 24:3, 14). Beləcə, Padşahlıq haqda xoş xəbərin təbliği, yəni toxumun əkilməsi əlamətin tərkib hissəsidir. Buna görə də unutmuruq ki, şagird hazırlamaq işində müvəffəqiyyətli olmasaq da, Padşahlıq haqda xoş xəbəri təbliğ etməklə şəhadətlik vermiş oluruqc. İnsanların xoş xəbərə necə hay vermələrindən asılı olmayaraq, biz İsanın peyğəmbərliyini icra edir və «Allahın [əməkdaşları]» olmağı özümüzə şərəf bilirik (1 Kor. 3:9). Məgər sevinməyimiz üçün bundan gözəl səbəb ola bilər?!

«Gündoğandan günbatanadək»

20, 21. a) Məlaki 1:11 ayəsindəki sözlər necə yerinə yetir? b) Biçin işi ilə bağlı nə etmək əzmindəsiniz və nəyə görə?

20 İsa Məsih birinci əsrdə şagirdlərinə biçin işinin nə dərəcədə təcili olduğunu görməyə kömək etmişdi. 1919-cu ildən etibarən İsa müasir dövrdəki xidmətçilərinə də bunu başa düşməyə kömək edirdi. Nəticədə, Allahın xalqı daha çox təbliğ etməyə başladı. Məhsul yığımı heç vaxt dayandırılmayıb. Məlakinin peyğəmbərliyində deyildiyi kimi, bu gün xoş xəbər «gündoğandan günbatanadək» təbliğ olunur (Məl. 1:11). Bəli, məhz gündoğandan günbatanadək — şərqdən qərbədək hər yerdə əkən də, biçən də birgə sevinir. Üstəlik, gündoğandan günbatanadək — bütün günü, yəni səhərdən axşamacan biz bu işi təxirəsalmadan görürük.

21 Ötən 100 ilə nəzər salıb Allahın azsaylı xidmətçilərinin artaraq «qüdrətli xalq» olduğunu görəndə ürəyimiz sevincdən dağa dönür (Əşy. 60:5, 22). Gəlin duyduğumuz sevincdən və biçin Sahibi Yehovaya məhəbbətdən irəli gələrək hər birimiz ən böyük biçin işində sonadək var gücümüzlə çalışaq! (Luka 10:2).

a 1919-cu ildən 1992-ci ilə qədər biçin işinin necə həyata keçirildiyi barədə əlavə məlumatı «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 425—520 səhifələrindən (rus.) oxuya bilərsiniz.

b Bu maraqlı peyğəmbərlik haqda ətraflı məlumatı «Əşiyanın peyğəmbərliyi — bütün bəşəriyyət üçün işıq» kitabının 2-ci cildinin 303—320 səhifələrindən (rus.) və «Gözətçi qülləsi» jurnalının 2002-ci il 1 sentyabr sayının 19—29 səhifələrindən tapa bilərsiniz.

c Bu mühüm həqiqəti erkən Müqəddəs Kitab Tədqiqatçıları artıq başa düşürdülər. «Sion Gözətçi qülləsi» jurnalının 1895-ci il 15 noyabr sayında deyilirdi: «Hətta az sayda buğda toplanılsa belə, nəticədə, həqiqət barəsində böyük şahidlik verilə bilər... Müjdəni hamı bəyan edə bilər».

Padşahlıq sizin üçün nə dərəcədə realdır?

  • Ruhani biçin işi ilə bağlı Padşahlıq nələri həyata keçirib?

  • Nəyə görə xardal toxumu və maya məsəli sizi xidmətdə iştirak etməyə təşviq edir?

  • Xidmətdən sevinc duymağınız üçün hansı səbəblər var?

AMAZONDA İKİ TRAKTAT İKİ ÜRƏYƏ NECƏ TƏSİR ETDİ?

Antonyu Simoins

Antonyu Simoins

ANTONYU SİMOİNS adlı 91 yaşlı ağsaqqal qardaş atasının və bibisi ərinin Yehovanın Şahidləri tərəfindən nəşr olunan iki traktat sayəsində həqiqəti necə tapdıqlarını xoş xatirələrlə yada salır. O, yanına gələn qonaqlardan soruşur: «İstəyirsiniz, bu haqda sizə danışım?» Onlar: «Böyük məmnuniyyətlə», — deyə cavab verirlər. Sevinc dolu gözləri işıq saçan Antonyu əyləşir və gülümsəyərək həmin hadisəni danışmağa başlayır.

«Atam Zeno baptist kilsəsində keşiş idi. 1931-ci ildə o, Amazon meşələrinin ucqar ərazisində yaşayan kilsə üzvlərindən birinə baş çəkməyə getmişdi. Həmin qadının evində gözü Müqəddəs Kitaba əsaslanan iki traktata sataşmışdı. Evin sahibəsi bu traktatları kilsədə tapmışdı, ancaq kimin olduğunu bilmirdi. Traktatın biri cəhənnəm, o birisi isə dirilmə haqda idi. Oradan oxuduqları atama güclü təsir bağışlamışdı. Dərhal yadına qaynı Gilyermi düşmüşdü. O, həmişə deyərdi ki, cəhənnəmə inanmır, çünki məhəbbət dolu Allah belə bir yer yarada bilməz. Bu traktatları Gilyermiyə göstərmək üçün kanoeyə minib düz səkkiz saat avar çəkərək onun yaşadığı Manaus şəhəri yaxınlığında yerləşən Manakiriyə gəlib çatmışdı.

Antonyu Simoinsin əlində Manakiridə (Braziliya, Amazon ştatı) keçirilən konqresdən olan iki şəkil var

Braziliyanın Amazonas ştatındakı ilk yığıncaq

Atamla Gilyermi əmi bu traktatları diqqətlə araşdırdıqdan sonra bunun həqiqət olduğu qənaətinə gəlmişdilər. Dərhal Braziliya filialından onlara ədəbiyyat göndərmələrini xahiş etmişdilər. Atam keşiş vəzifəsindən çıxaraq Gilyermi əmi ilə birlikdə Müqəddəs Kitab haqda xoş xəbəri həmin ucqar ərazidə yaymağa başlamışdılar. İnsanlar onların təbliğinə o qədər yaxşı hay vermişdilər ki, bir ilin içində Manakiridə yığıncaq yaranmışdı. Tezliklə görüşlərə 70 nəfər gəlməyə başlamış və həmin vaxt Braziliyada ən böyük yığıncaq yaranmışdı». Antonyu sözünə ara verir və soruşur: «Məgər Padşahlıq haqda xoş xəbərin Amazona necə çatdığını bilmək maraqlı deyil?» Əlbəttə ki, maraqlıdır. Müqəddəs Kitaba əsaslanmış iki balaca traktat — böyük Amazon meşələrinə düşmüş iki balaca toxum kök atıb şaxələnərək böyük bir yığıncaq olub. 83 il əvvəl yaranmış Manakiridəki yığıncaq hal-hazırda Braziliyanın Amazonas ştatındakı yeganə yığıncaq deyil, 143 yığıncaqdan biridir!

«ƏN BALACASINDAN QÜDRƏTLİ XALQ TÖRƏYƏCƏK»

«ƏN KİÇİYİNDƏN min nəfər, ən balacasından qüdrətli xalq törəyəcək. Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm» (Əşy. 60:22). Bu peyğəmbərlik sözləri necə yerinə yetib? Onun yerinə yetməsi bütün dünyada uzun illər Yehova Allaha xidmət edən insanlara necə təsir edib?

Börye Nilsson

Börye Nilsson (84 yaş, 1943-cü ildə vəftiz olub): «Yadıma 1920-ci illərdə kitabpaylayan məsh olunmuş qardaş düşür. İsveçin yarıdan çoxuna təbliğ etməyi tapşırılanda o, itaətkarlıqla təbliğ etməyə başlamışdı. Onun və digər sadiq xidmətçilərin gördükləri iş mükafatlandırılıb! İndi burada 22 000-dən çox təbliğçi var. Hal-hazırda ahıl yaşda olmağıma baxmayaraq, bundan sonra da Yehovaya itaətkarlıqla xidmət etmək istəyirəm. Kim bilir, Yehovanın hələ bizim üçün hansı sürprizləri var?!»

Etyen Esterhayse

Etyen Esterhayse (83 yaş, 1942-ci ildə vəftiz olub): «Ötən illərə nəzər salanda Cənubi Afrikada Yehovanın Şahidlərinin sayının 1942-ci ildən bu günə qədər 1500 nəfərdən 94 000-ə çatdığını görmək heyrətamizdir. Bu cür böyük təşkilatın üzvü olmaq insanın imanını möhkəmləndirir».

Kit Qaydan

Kit Qaydan (82 yaş, 1948-ci ildə vəftiz olub): «Böyük Britaniyada təbliğçilərin sayının 1948-ci ildən bu günə qədər 13 700-dən 137 000-ə çatdığının şahidi olmağın sayəsində bir daha əmin oluram ki, bu, Yehovanın işidir. Buna insan gücü ilə nail olmaq mümkün olmazdı, ancaq Yehova “xariqələr yaradan” Allahdır» (Çıx. 15:11).

Ulrike Krolop

Ulrike Krolop (77 yaş, 1952-ci ildə vəftiz olub): «İkinci Dünya müharibəsindən sonra Almaniyadakı yığıncaqlar nasistlərin amansız təqiblərinə sinə gərən bacı-qardaşların yüksək əhval-ruhiyyəsi sayəsində canlandı. İnsanların təsəlliyə ehtiyacı var idi və biz Şahidlər bu dəhşətli müharibədə iştirak etmədiyimiz üçün bunu cəsarətlə edirdik. Artıq 60 ildən çoxdur ki, Allahın ruhunun Onun xalqını necə idarə etdiyini görürəm. Bu gün burada 164 000-dən çox Yehovanın Şahidi var. Məgər bu heyrətamiz deyil?»

Mariya Brinetskaya

Mariya Brinetskaya (77 yaş, 1955-ci ildə vəftiz olub): «Həbs olunmayaq deyə məni gecəyarısı vəftiz etdilər. Sonra isə Yehovanın Şahidi olduğu üçün ərimi əmək düşərgəsinə göndərdilər. Mən isə ehtiyatla öz kəndimizdə təbliğ etməyə davam edirdim və qonşularımdan bir neçəsi həqiqəti qəbul etmişdi. Onda Rusiyada bacı-qardaşların sayı çox az idi. Sevinirəm ki, bu gün ölkəmizdə Yehovanın Şahidlərinin sayı 168 000-dən çoxdur!»

Kimiko Yamano

Kimiko Yamano (79 yaş, 1954-cü ildə vəftiz olub): «1970-ci ildə Yaponiyada təbliğçilərin sayının 10 000 nəfər olduğunu biləndə sevincdən göz yaşlarımı saxlaya bilmədim və Yehovaya söz verdim ki, ölənədək Ona sadiq qalacağam. İndi 216 000 təbliğçinin olması məni daha da xoşbəxt edir!»

Daniel Odogen

Daniel Odogen (83 yaş): «Mən 1950-ci ildə vəftiz olanda Nigeriyada 8000 təbliğçi var idi. Bu gün isə təxminən 351 000 təbliğçi var! Toplantılara bu qədər çox insanın gəlməsi məni sevindirir və Həqqay 2:7 ayəsində yazılan sözlərin üzərində düşünməyə təşviq edir. Yehova, həqiqətən də, ümmətləri silkələyir və xalqların sərvətini Özünə sarı gətirir. Mən hələ də bacardığım qədər çox təbliğ etməyə çalışıram və bununla Yehovaya minnətdarlığımı bildirirəm».

Karlos Kasares

Karlos Silva (79 yaş): «Mən 1952-ci ildə vəftiz olanda Braziliyada 5000 təbliğçi var idi. Həmin il biz böyük toplantını San-Paulunun gimnaziya zalında keçirmişdik. Dayanacaqda cəmi iki maşın var idi. Bir qardaş yaxınlıqdakı Pakaembu stadionunu göstərərək məndən soruşdu: “Necə fikirləşirsən, biz nə vaxtsa bu stadionu doldura bilərik?” Bu, qeyri-mümkün görünürdü, ancaq 1973-cü ildə keçirilən böyük toplantıda həmin stadion ağzınacan dolmuşdu: iştirak edənlərin sayı 94 586 nəfər idi! İndi Braziliyada 767 000 bacı-qardaş var. Bu artımı görmək çox xoşdur!»

Karlos Kasares

Karlos Kasares (73 yaş): «Mən 1954-cü ildə vəftiz olmuşam. Həmin vaxt Meksikada 10 500 təbliğçi var idi. Məsul qardaşlara böyük tələbat olduğundan 21 yaşımda məni rayon nəzarətçisi təyin etdilər. Əşiya 60:22 ayəsindəki sözlərin necə yerinə yetdiyinin şahidi olmaq əsil xeyir-duadır! Hal-hazırda sayımız 806 000-dən çoxdur və bir milyondan çox insanla Müqəddəs Kitab öyrənməsi keçiririk! Bu çox heyrətamizdir!»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş