Biçilmək üçün ağarmış tarlalar
1. İndi hansı vacib iş həyata keçirilir?
1 İsa samariyalı qadına şəhadətlik etdikdən sonra öz şagirdlərinə demişdi: «Gözlərinizi qaldırın, biçilmək üçün ağarmış tarlalara baxın» (Yəhya 4:35, 36). Ruhani biçin artıq başlamışdı və İsa bunun dünya miqyasında baş verəcəyini görürdü. Hal-hazırda göylərdə olmasına baxmayaraq, o, biçin işində fəal surətdə iştirak edir (Mat. 28:19, 20). Sonun yaxınlaşdığı müddətdə bu işin daha da gücləndiyini nə göstərir?
2. Ümumdünya biçin işinin sürətləndiyini hesabatdan necə görmək olar?
2 Ümumdünya biçin işi. 2009-cu il xidmət ili ərzində bütün dünyada təbliğçilərin sayında 3,2 faiz artım olmuşdur. Təbliğ işinə məhdudiyyət qoyulmuş ölkələrdə isə artım 14 faiz təşkil etmişdir. Aylıq hesabata əsasən, Müqəddəs Kitabı öyrənənlərin sayı 7 619 000 nəfəri keçmişdir. Bu say ötən ilə nisbətən təbliğçilərin ən yüksək sayından çoxdur, eləcə də Müqəddəs Kitabı öyrənənlərin sayından təxminən yarım milyon artıqdır. Dünyanın bir çox yerlərində bu iş sürətlə genişləndikcə Gilead məktəbində təlim keçmiş missionerlərə tələbat artır. Bir çox ölkələrdə əcnəbidilli ərazilərdə böyük artım müşahidə olunur. Göründüyü kimi, biçinin sonuna yaxın Yehova bu işi sürətləndirir (Yeşaya 60:22). Sən öz sahənə necə yanaşırsan?
3. Bəziləri təbliğ etdikləri ərazi haqqında hansı nəticəyə gələ bilərlər?
3 Bəs sənin təbliğ etdiyin ərazi haqda nə demək olar? «Mənim təbliğ etdiyim ərazi bir o qədər də səmərəli deyil», — deyə kimsə fikirləşə bilər. Doğrudan da, bəzi ərazilər digərləri kimi səmərəli deyil və ya əvvəlki qədər bəhrə gətirmir. Buna görə bəzi təbliğçilər belə qənaətə gələ bilərlər ki, həmin ərazidə artıq biçin başa çatıb və onların işi ancaq yerdə qalanları toplamaqdan ibarətdir. Bu, həqiqətən də, belədir?
4. Xidmətimizə hansı düzgün münasibəti inkişaf etdirməliyik və necə?
4 Biçin əvvəldən axıra kimi qızğın fəaliyyət dövrüdür. İsanın sözlərindən bu işin nə dərəcədə təcili olduğunu görmək olar: «Məhsul bol, işçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmaq üçün biçinçi göndərsin» (Mat. 9:37, 38). Məhsulun nə vaxt və harada olacağı biçinin Sahibi Yehovadan asılıdır (Yəh. 6:44; 1 Kor. 3:6—8). Bəs bizim işimiz nədən ibarətdir? Müqəddəs Kitab cavab verir: «Toxumunu səhər vaxtı səp, axşama qədər də əlin boş durmasın» (Vaiz 11:4—6). Bəli, biçinin qızğın vaxtında əlimizi-əlimizin üstünə qoyub oturmağın vaxtı deyil!
5. Nəyə görə səmərəsiz kimi görünən ərazilərdə belə səylə təbliğ etməyə davam etməliyik?
5 Biçməyə davam edin. Təbliğ etdiyimiz ərazinin dəfələrlə işlənməsinə və səmərəsiz kimi görünməsinə baxmayaraq, biçin işində çalışqanlıqla və yubanmadan iştirak etmək üçün əsaslı səbəblərimiz var (2 Tim. 4:2). Dünyada baş verən hadisələr insanları öz düşüncə tərzlərini dəyişməyə və gələcəkləri haqda düşünməyə vadar edir. Uşaqlar böyüdükcə təhlükəsizlik və qəlb rahatlığı axtarmağa başlaya bilərlər. Yaxud bizim əzmli olmağımız kimlərəsə təsir edə bilər. Bəli, əvvəllər bizə qulaq asmayanlar sonralar xoş xəbərə hay verə bilərlər. Hətta gətirdiyimiz xəbərə bilərəkdən qulaq asmaq istəməyənlər belə xəbərdar olunmalıdırlar (Yez. 2:4, 5; 3:19).
6. Əgər ərazimizdə insanlar xoş xəbərə hay vermirlərsə, səyimizi qorumaqda bizə nə kömək edəcək?
6 Əgər bizim ərazidə də insanlar xoş xəbərə hay vermirlərsə, səyimizi qorumaqda bizə nə kömək edəcək? Biz evdən-evə təbliğdən savayı, xidmətin digər növlərində iştirak edə bilərik: məsələn, işgüzar ərazilərdə və ya telefon vasitəsilə şahidlik edə bilərik. Yaxud təqdimələrimizdə dəyişiklik edərək xidmətə yanaşma tərzimiz yaxşılaşdıra bilərik. Qrafikimizdə dəyişiklik edə bilər və xidmətə axşam və ya insanların evdə olduqları başqa vaxtda çıxa bilərik. Xoş xəbəri daha çox insanlara çatdırmaq üçün qarşımıza yeni dil öyrənmək məqsədi qoya bilərik. Biz daimi pioner xidmətinə başlamaqla xidmətimizi genişləndirə bilərik. Yaxud biçinçilərə tələbat olan ərazilərə köçə bilərik. Biçin işinə düzgün münasibət bəsləsək, bu vacib işdə tam iştirak etmək üçün var qüvvəmizlə çalışacağıq.
7. Məhsul yığımında nə vaxtacan iştirak edəcəyik?
7 Əkinçinin məhsulu yığmaq üçün vaxtı az olduğundan o, işini bitirməmiş istirahət edə və ya ləngiyə bilməz. Eynilə ruhani biçində də yubanmaq olmaz. Bəs məhsul yığımında nə vaxtacan iştirak edəcəyik? «Dövrün yekununa» və «son» gəlincəyə qədər (Mat. 24:14; 28:20). Yehovanın ən görkəmli Xidmətçisi kimi, biz də bizə həvalə olunan işi sona çatdırmaq istəyirik (Yəh. 4:34; 17:4). Buna görə də gəlin son gəlincəyə qədər xidmətimizi səylə, sevinclə və müsbət əhval-ruhiyyə ilə yerinə yetirək (Mat. 24:13). Biçin işi hələ sona çatmayıb!
[2-ci səhifədəki yazı]
Biçin əvvəldən axıra kimi qızğın fəaliyyət dövrüdür