Böyük ruhani biçində var gücünlə iştirak et
«Rəbbin işində... çox çalışın» (1 KOR. 15:58, YD).
1. İsa şagirdlərini nəyə səsləyirdi?
ERAMIZIN 30-cu ilinin sonunda İsa Samariyadan keçərkən Suxar şəhərinin yaxınlığında bir su quyusunun yanında ayaq saxlayıb istirahət edirdi. Burada o, şagirdlərinə dedi: «Gözlərinizi qaldırın, biçilmək üçün ağarmış tarlalara baxın» (Yəh. 4:35). İsa hərfi biçini nəzərdə tutmurdu — o, ruhani biçindən, gələcəkdə onun davamçıları olacaq səmimi insanların yığımından danışırdı. Bu sözləri deməklə, İsa, mahiyyət etibarilə, şagirdlərini bu biçin işində iştirak etməyə səsləyirdi. İş çox, vaxt isə az idi.
2, 3. a) Biçin vaxtında yaşadığımız nədən görünür? b) Bu məqalədə söhbət nədən gedəcək?
2 İsanın biçin barədə dediyi sözlər bizim günlər üçün xüsusi əhəmiyyət kəsb edir. Biz dünya tarlasının — bəşəriyyətin — ‘biçilmək üçün ağardığı’ bir dövrdə yaşayırıq. Hər il milyonlarla insanlar həyatverici həqiqətləri öyrənməyə dəvət olunur və minlərlə yeni şagirdlər vəftiz edilirlər. Biz məhsulun Sahibi olan Yehova Allahın nəzarəti altında aparılan bəşər tarixinin ən böyük biçin işində iştirak etməyi özümüzə şərəf bilirik. Bəs sən bu işdə ‘çox çalışırsanmı’? (1 Kor. 15:58, YD).
3 İsa yer üzündə xidmət etdiyi üç il yarım ərzində şagirdlərini biçin işinə hazırladı. Bu məqalədə İsanın şagirdlərinə öyrətdiyi bir çox vacib dərslərdən üçü nəzərdən keçirilir. Onların hər biri yaşadığımız dövrdə həyata keçirilən və səylə iştirak etdiyimiz şagird yığımında bizim üçün çox dəyərli olan müəyyən xüsusiyyəti vurğulayır. Gəlin onları bir-bir araşdıraq.
Təvazökarlığın vacibliyi
4. İsa təvazökarlığın vacibliyini hansı nümunə əsasında göstərdi?
4 Belə bir səhnəni təsəvvür et: elə indicə şagirdlərin arasında kimin ən böyük olduğu haqda mübahisə olub. Onların üzündən hələ də etibarsızlıq və ədavət yağır. İsa balaca bir uşağı çağırıb, onların arasına qoyur və onu göstərib deyir: «Bu uşaq qədər öz-özünü alçaldan, Səmavi Səltənətin ən böyüyüdür». (Matta 18:1—4 ayələrini oxu.) İnsana hakimiyyətinə, var-dövlətinə və cəmiyyətdəki mövqeyinə görə qiymət qoyan bu dünya kimi düşünmək əvəzinə, şagirdlər başa düşməli idilər ki, onların böyüklüyü özlərini başqalarının gözündə ‘alçaltmaqdan’, yəni kiçiltməkdən asılıdır. Yehova onları yalnız əsil təvazökarlıq təzahür etdirdikləri təqdirdə xeyir-dualandıracaq və istifadə edəcəkdi.
5, 6. Biçin işində tam şəkildə iştirak etmək üçün nəyə görə təvazökar olmaq gərəkdir? Nümunə çəkin.
5 Ta qədimdən bu günə qədər çoxları həyatını hakimiyyətə, var-dövlətə və cəmiyyətdə yüksək mövqeyə yiyələnməyə həsr edir. Nəticədə, onların ruhani işlərə ya az, ya da ki heç vaxtları qalmır (Mat. 13:22). Bunun əksinə olaraq, Yehovanın xalqı məhsulun Sahibinin rəğbətini və xeyir-dualarını qazanmaq üçün başqalarının gözündə özünü kiçiltməkdən sevinc duyur (Mat. 6:24; 2 Kor. 11:7; Filip. 3:8).
6 Cənubi Amerikada ağsaqqal kimi xidmət edən Fransiskunun nümunəsinə baxaq. Gənc ikən o, universiteti atıb pioner xidmətinə başladı. O deyir: «Bir qədər sonra mən nişanlandım. Toydan sonra həyat yoldaşımı və özümü dolandırmaq üçün daha sabit və sərfəli iş tapmaq imkanım vardı. Lakin biz sadə həyat tərzi sürməyə və birlikdə tammüddətli xidməti davam etdirməyə üstünlük verdik. Sonra uşaqlarımız dünyaya gəldi və çətinliklərimiz artdı. Lakin Yehova sadə həyat tərzi sürmək qərarımızdan dönməməyə kömək etdi». Fransisku axırda deyir: «Bir çox xüsusi təyinatlardan əlavə, 30 ildən çoxdur ki, mən ağsaqqal kimi xidmət edirəm. Heç bir dəfə də olsun sadə həyat tərzi sürdüyümüzə görə peşman olmamışıq».
7. Romalılara 12:16 ayəsindəki məsləhəti necə tətbiq etmisən?
7 Romalılara 12:16 (YD) ayəsində deyilir: «Başqaları haqqında özünüz barədə düşündüyünüz kimi düşünün, lovğa xülyalara düşməyin, təvazökarlığı əldə rəhbər tutun. Öz gözünüzdə ağıllı olmayın». Əgər bu dünyanın ‘lovğa xülyalarına’ yox deyib, ‘təvazökarlığı əldə rəhbər tutsan’, onda sən də biçin işində bir çox xeyir-dua və tapşırıqlar alacağına ümid edə bilərsən (Mat. 4:19, 20; Luka 18:28—30).
Çalışqanlıq xeyir-dua gətirir
8, 9. a) İsanın talant haqqında məsəlini qısaca nəql edin. b) Bu məsəl xüsusilə kimləri ruhlandıra bilər?
8 Biçin işində büsbütün iştirak etmək üçün bizə həmçinin çalışqan olmaq gərəkdir. İsa bunu talantlar haqqında məsəldə əyani olaraq göstərdia. Bu məsəldə başqa ölkəyə yola düşməzdən əvvəl malikanəsini üç quluna tapşıran bir adamdan bəhs edilir. Birinci qul beş, ikincisi iki, üçüncüsü isə bir talant aldı. Ağaları yola düşən kimi birinci və ikinci qul dərhal talantlarını dövriyyəyə buraxdılar. Üçüncü qul isə «tənbəl» idi, o, talantını götürüb torpağa basdırdı. Ağa səfərdən qayıdanda iki qula «böyük işlər» həvalə etməklə onları mükafatlandırdı. Üçüncü qula verdiyi talantı isə geri alıb, onu öz evindən qovdu (Mat. 25:14—30).
9 Şübhə yoxdur ki, sən, İsanın məsəlindəki iki qul kimi, çalışqan olmaq və əlindən gəldiyi qədər şagird hazırlamaq işində tam iştirak etmək əzmindəsən. Hazırkı şəraitin xidmətdə istədiyin qədər iştirak etməyə yol vermirsə, onda necə? Ola bilsin, iqtisadi vəziyyət çətin olduğundan və ailəni dolandırmaq lazım gəldiyindən çox işləməli olursan. Yaxud da, ola bilsin, əvvəlki kimi sağlam və gümrah deyilsən. Əgər bu, belədirsə, onda talant haqqındakı məsəl səni ruhlandıra bilər.
10. Talant haqqında məsəldəki ağanın ədalətli olması nədən görünür və bu, şəxsən səni nəyə görə ruhlandırır?
10 Diqqət yetir ki, məsəldəki ağa qullarının imkanının müxtəlif olduğundan agah idi. Buna görə də onlara talant verəndə ‘hər birinin qabiliyyətini’ nəzərə aldı (Mat. 25:15). Gözlənildiyi kimi, birinci qulun əldə etdi gəlir ikincinin gəlirindən xeyli çox idi. Buna baxmayaraq, ağa hər iki qulu «yaxşı və sadiq» adlandırmaqla və layiq olduqları mükafatı verməklə onların səyini qiymətləndirdiyini göstərdi (Mat. 25:21, 23). Eynilə, məhsulun Sahibi Yehova Allah Ona nə qədər xidmət etməyinin şəraitindən asılı olduğunu bilir. Yehova Ona xidmətdə göstərdiyin səyi qiymətləndirir və layiq olduğun mükafatı səndən əsirgəməyəcək. (Mark 14:3—9; Luka 21:1—4 ayələrini oxu.)
11. Çətin şəraitdə belə çalışqan olmağın bol xeyir-dualar gətirdiyini nümunə əsasında göstərin.
11 Braziliyada yaşayan bacımız Selmiranın nümunəsi göstərir ki, Allaha xidmətdə çalışqanlıq əlverişli şəraitin olub-olmamasından asılı deyil. Selmiranın əri iyirmi il əvvəl qarət zamanı qətlə yetirilmişdi. Bacımız üç balaca uşağını tək böyütməli olub. O, qulluqçu işləyirdi. İşi çox vaxt aparırdı; üstəlik, işə ağzınacan dolu şəhər nəqliyyatı ilə gedib-gəlməli olurdu. Bu çətinliklərə baxmayaraq, o, işlərini elə düzüb-qoşmuşdu ki, daimi pioner kimi xidmət edə bilsin. Bir qədər sonra iki qızı da pioner xidmətində ona qoşuldu. Selmira deyir: «Bu illər ərzində mən 20-dən çox insanla Müqəddəs Kitabı öyrənmişəm, indi isə biz onlarla bir ailə kimiyik. Ta bu günə qədər onların dostluq və məhəbbəti qəlbimi isindirir. Bunları pulla almaq mümkün deyil». Bəli, məhsulun Sahibi Selmiranın çalışqanlığını mükafatlandırdı.
12. Təbliğ işində canla-başla iştirak etdiyimizi necə göstərə bilərik?
12 Ola bilsin, hal-hazırda şəraitin daha çox xidmət etməyə imkan vermir, bununla belə, xidmətini daha səmərəli etməklə biçin işində daha fəal ola bilərsən. Həftəlik Xidməti görüşdə verilən məsləhətlərə canla-başla riayət edəndə sən bir təbliğçi kimi püxtələşir və şahidlik verməyin yeni üsullarını tapırsan (2 Tim. 2:15). Üstəlik, əgər mümkünsə, bir o qədər də vacib olmayan işlərini təxirə sal və ya ümumiyyətlə onlardan imtina et ki, yığıncağının təbliğ üçün görüşlərində müntəzəm şəkildə iştirak edə biləsən (Kolos. 4:5).
13. Çalışqan olmaqda və bu xüsusiyyəti qoruyub saxlamaqda bizə kömək edəcək ən vacib amil hansıdır?
13 Unutmamalıyıq ki, insanı hansısa işi canla-başla görməyə təşviq edən minnətdarlıqla dolu ürəyidir (Məz. 40:8). İsanın çəkdiyi məsəldəki üçüncü qul ağasından qorxur, onu həddən artıq tələbkar və ədalətsiz insan hesab edirdi. Bu səbəbdən qul, ağasının talantını dövriyyəyə buraxaraq var-dövlətini artırmaq əvəzinə, onu yerə basdırdı. İşimizdə onun kimi səhlənkar olmamaq üçün məhsulun Sahibi Yehova ilə sıx münasibət inkişaf etdirməli və onu qoruyub saxlamalıyıq. Onun məhəbbət, səbir və mərhəmət kimi gözəl xüsusiyyətlərini araşdırmağa və onların üzərində dərindən düşünməyə vaxt ayır. Bu da, öz növbəsində, səni xidmətdə əlindən gələni etməyə təşviq edəcək (Luka 6:45; Filip. 1:9—11).
«Müqəddəs olun»
14. Biçin işində iştirak etmək istəyənlər hansı vacib tələbə müvafiq olmalıdırlar?
14 İbranicə Müqəddəs Yazılardan sitat gətirərək həvari Peter Allahın yer üzündəki xidmətçilərinə dair iradəsinin nədən ibarət olduğunu göstərərək deyir: «Sizi çağıran Allah müqəddəs olduğu kimi, özünüz də hər hərəkətinizdə müqəddəs olun, çünki yazılmışdır: “Müqəddəs olun, çünki Mən müqəddəsəm”» (1 Pet. 1:15, 16; Lev. 19:2; Qanun. t. 18:13). Bu sözlərdən aydın görünür ki, biçin işində iştirak edənlər əxlaqi və ruhani cəhətdən təmiz olmalıdırlar. Bu vacib tələbə müvafiq olmaq üçün, məcazi dildə desək, yuyunub təmizlənməliyik. Biz bunu Allahın həqiqət kəlamının köməyi ilə edə bilərik.
15. Allahın həqiqət kəlamı hansı gücə malikdir?
15 Allahın həqiqət kəlamı təmizləmə xüsusiyyətinə malik olan su ilə müqayisə edilir. Məsələn, həvari Pavel yazırdı ki, məsh olunmuş məsihçilərin yığıncağı Allahın gözündə təmizdir, sanki, Məsihin ismətli nişanlısı kimi su ilə yuyunub, kəlamla təmizlənərək təqdis edilib ki, «müqəddəs və nöqsansız olsun» (Efes. 5:25—27). İsa təbliğ etdiyi Allahın Kəlamının təmizləmə gücü barədə əvvəllər də danışmışdı. Şagirlərinə müraciət edərək o demişdi: «Sizə söylədiyim söz sayəsində, siz artıq təmizsiniz» (Yəh. 15:3). Həqiqətən də, Allahın həqiqət kəlamı əxlaqi və ruhani cəhətdən təmizləmə gücünə malikdir. Əgər bu həqiqətlərin bizi təmizləməsinə yol versək, onda Allah ibadətimizi qəbul edəcək.
16. Özümüzü ruhani və əxlaqi cəhətdən necə təmiz saxlaya bilərik?
16 Deməli, biz Allahın biçin işində iştirak etmək üçün, ilk növbədə, Allahın gözündə əxlaqi və ruhani cəhətdən natəmiz sayılan hər bir əməldən əl çəkirik. Bundan sonra da bu şərəfli işə yararlı olmaq üçün Yehovanın yüksək əxlaq və ruhani normalarına riayət etməkdə nümunəvi olmalıyıq. (1 Peter 1:14—16 ayələrini oxu.) Hər zaman fiziki təmizliyimizə diqqət yetirdiyimiz kimi, eləcə də müntəzəm olaraq Allahın həqiqət kəlamının bizi təmizləməsinə yol verməliyik. Bura Müqəddəs Kitabı mütaliə etmək və görüşlərimizdə iştirak etmək daxildir. Üstəlik, bu, Allahın xatırlatmalarını tətbiq etmək üçün səmimi-qəlbdən səy göstərmək deməkdir. Əgər belə etsək, günaha olan meyilimiz və bu dünyanın pozucu təsiri bizi üstələyə bilməyəcək (Məz. 119:9; Yaq. 1:21—25). Bəli, Allahın həqiqət kəlamının köməyilə hətta ciddi günahlardan belə təmizləndiyimizi bilmək bizim üçün çox sevindiricidir! (1 Kor. 6:9—11).
17. Təmiz qalmaq üçün Müqəddəs Kitabın hansı məsləhətlərinə əməl etməliyik?
17 Allahın həqiqət kəlamının səni təmizləməsinə yol verirsənmi? Məsələn, pozucu əyləncələrin təhlükəsi barədə xəbərdarlıqlara necə reaksiya göstərirsən? (Məz. 101:3). İmanına şərik olmayan sinif və ya iş yoldaşlarınla dostluqdan qaçırsanmı? (1 Kor. 15:33). Səni Yehovanın gözündə natəmiz edəcək zəifliklərinin öhdəsindən gəlmək üçün var gücünlə çalışırsanmı? (Kolos. 3:5). Siyasi mübahisələrdən və bir çox idman yarışlarında müşahidə olunan millətçilik ruhundan kənar durursanmı? (Yaq. 4:4).
18. Əxlaqi və ruhani təmizlik biçin işində daha çox səmərə gətirməkdə bizə necə kömək edir?
18 Sənin bu məsələlərdə itaətkarlıq göstərməyin gözəl bəhrələr gətirə bilər. İsa məsh olunmuş şagirdlərini meynə budaqlarına bənzədərək dedi: «Məndə olub meyvə verməyən hər budağı O [Atam] qoparır; və hər meyvə verəni daha çox versin deyə budayıb təmizləyir» (Yəh. 15:2). Əgər Müqəddəs Kitab həqiqətinin səni təmizləməsinə yol versən, onda daha çox səmərə gətirəcəksən.
İndiki və gələcək xeyir-dualar
19. İsanın erkən şagirdləri biçin işində səylə iştirak etdiklərinə görə hansı xeyir-duaları aldılar?
19 İsanın təlimlərinə hay verən sadiq şagirdlər «dünyanın ən uzaq yerlərinə qədər» təbliğ etmək üçün eramızın 33-cü ilinin Pentikost günündə müqəddəs ruh və qüvvət aldılar (Həv. iş. 1:8). Onlar rəhbərlik şurasının üzvü, missioner, səyyar nəzarətçi kimi xidmət edərək «göy altında olan hər məxluqa» xoş xəbərin çatdırılmasında əsas rol oynamışlar (Kolos. 1:23). Bu adamlar böyük xeyir-dualar biçmiş və başqalarına sevinc gətirmişlər!
20. a) Ruhani biçində var gücünlə iştirak etməyin sayəsində hansı xeyir-duaları almısan? b) Sən nə etməyə qəti qərarlısan?
20 Bəli, təvazökar və çalışqan olsaq, Allahın Kəlamındakı yüksək normalara riayət etsək, bizim günlərdə baş verən böyük ruhani biçin işi bizə sevinc və məmnunluq gətirəcək. Bu dünyada var-dövlət və kef-damaq dalınca qaçaraq əzab-əziyyət çəkən və ruh düşkünlüyünə qapılanlardan fərqli olaraq, biz əsil sevinc və məmnunluq duyuruq (Məz. 126:6). Ən vacibi isə, «Rəbbin yolunda çəkdiyiniz əmək əbəs deyildir» (1 Kor. 15:58). Məhsulun Sahibi Yehova Allah çəkdiyimiz əməyi və Onun adı naminə göstərdiyimiz məhəbbəti unutmayacaq və əbədiyyət boyunca Öz xeyir-dualarını üstümüzdən əskik etməyəcək! (İbr. 6:10—12).
[Haşiyə]
a Talant haqqında məsəl, əsasən, İsanın məsh olunmuş davamçıları ilə necə rəftar etməsi barədədir, lakin burada bütün məsihçilərin tətbiq edə biləcəyi prinsiplər yer alır.
Yadınızdadırmı?
Biçin işində tam şəkildə iştirak edərək...
• təvazökar olmaq nəyə görə vacibdir?
• çalışqan olmağa və onu qoruyub saxlamağa nə kömək edə bilər?
• əxlaqi və ruhani təmizliyi qorumaq nəyə görə zəruridir?
[17-ci səhifədəki şəkil]
Təvazökarlıq sadə həyat tərzi sürməyə və diqqətimizi Padşahlıq işinə yönəltməyə kömək edəcək