Sevinclə biçin!
“Məhsul çox, işçilər isə azdır. Beləliklə, məhsulun Sahibi olan Rəbbə yalvarın ki, Öz məhsulunu yığmağa işçilər göndərsin” (MATTA 9:37, 38).
1. Allahın iradəsini sarsılmazlıqla yerinə yetirməyə davam etməkdə bizə nə kömək edir?
VƏFTİZ olunub, Yeqovanın xidmətçisi olduğumuz gündən nə qədər — az və ya çox vaxt keçməsinə baxmayaraq, hərdən elə gəlir ki, bu hadisə dünən olub. Biz həyatımızı Yeqovaya həsr etdik və bizim üçün ən vacib şey Onu mədh etmək oldu. Başqalarının Padşahlıq haqqındakı xəbəri eşitmələrinə və ehtimal ki, qəbul etmələrinə kömək etmək üçün “müvafiq vaxtı satın alarkən”, biz hər şeydən əvvəl Yeqovaya edəcəyimiz sevinc gətirən xidmət haqqında düşünürdük (Efeslilərə 5:15, 16, YD). İndiyə qədər də görürük ki, “Rəbbin işinə çox əmək sərf edəndə” vaxt olduqca tez keçir (1 Korinflilərə 15:58, YD). Həyatda çətinliklərsiz keçinmək mümkün olmasa da, Yeqovanın iradəsini yerinə yetirməkdən əldə etdiyimiz sevinc bizə güc verir (Nehemya 8:10).
2. Simvolik məhsul yığımında iştirak etməkdən sevinc əldə etməyimizə nə kömək edir?
2 Bir məsihçi kimi, biz simvolik məhsul yığımında iştirak edirik. İsa Məsih, insanların əbədi həyat üçün toplanmasını, məhsul yığımı ilə müqayisə etdi (Yəhya 4:35—38). Belə bir fəaliyyətlə məşğul olduğumuza görə, bu işin I əsrin məsihçi-biçinçilərinə hansı sevinci gətirdiyini öyrənmək bizim üçün maraqlı olacaqdır. Bundan əlavə, bu gün məhsul yığımında iştirak edərkən, sevinc əldə etməyimizə kömək edən üç amili nəzərdən keçirəcəyik. Bu amillər 1) daşıdığımız ümidverici xəbər, 2) insanları axtarmaqda əldə etdiyimiz müvəffəqiyyət və 3) biçinçilər kimi sülhə can atmağımızdır.
Məhsul yığımına göndəriliblər
3. İsanın davamçıları I əsrdə nəyə sevinirdilər?
3 Eramızın 33-cü ilində, günlərin birində biçinçilər, o cümlədən İsanın 11 sadiq həvarisi, dirilmiş Məsihlə görüşmək üçün Qalileyadakı dağa getdilər. Bu görüş biçinçilərin həyatını son dərəcədə dəyişdi (Matta 28:16). Həmin gün dağa, ehtimal ki, “beş yüzdən çox qardaş” toplaşmışdı (1 Korinflilərə 15:6). İsanın verdiyi tapşırıq onların yaddaşında dərin iz buraxdı. İsa, onlara dedi: “Gedin, bütün xalqlar arasında şagirdlər hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 28:18, 19, YD). Amansızcasına tə’qib olunmalarına baxmayaraq, onlar məhsul yığımı zamanı bir-birinin ardınca çox yerlərdə Məsihin davamçılarının təşkil olunan yığıncaqlarını müşahidə etdikcə, ürəkdən sevinirdilər. Vaxtilə xoş xəbər “göy altında olan hər məxluqa təbliğ” edildi (Koloslulara 1:23; Həvarilərin işləri 1:8; 16:5).
4. Məsihin şagirdləri məhsul yığımına hansı şəraitlərdə göndərilmişdilər?
4 Bir qədər əvvəl, Qalileyadakı xidməti zamanı, İsa 12 həvarisini topladı və “göylərin Padşahlığının yaxın” olduğunu insanlara danışmaq üçün göndərdi (Matta 10:1—7, İ—93). Onun özü “[Qalileyada] bütün şəhər və kəndləri dolaşaraq, onların havralarında öyrədir və Padşahlığın Müjdəsini təbliğ edib, hər növ xəstəliyi və hər növ naxoşluğu sağaldırdı”. İnsanlar, “çobanı olmayan qoyunlar kimi taqətsiz və dağınıq” olduqları üçün İsanın onlara yazığı gəlirdi (Matta 9:35, 36, İ—93). Bu vəziyyət İsaya, qəlbinin dərinliyinə qədər tə’sir edirdi. Buna görə də, şagirdlərinə dedi: “Məhsul çox, işçilər isə azdır. Beləliklə, məhsulun Sahibi olan Rəbbə [Yeqova Allaha] yalvarın ki, Öz məhsulunu yığmağa işçilər göndərsin” (Matta 9:37, 38). Yer üzündəki xidmətinin sonuna cəmi yarım il qalmış, İsa Yəhudeyada da biçinçilərə eyni ehtiyacın duyulduğunu qeyd etdi (Luka 10:2). Hər iki halda, İsa şagirdlərini məhsul yığımında işləməyə göndərdi (Matta 10:5; Luka 10:3).
Ümidverici xəbər
5. Biz hansı xəbəri bəyan edirik?
5 Yeqovanın müasir xidmətçiləri olan bizlər, məhsul yığımında iştirak etmək də’vətini sevinclə qəbul edirik. Sevincimizə əhəmiyyətli dərəcədə tə’sir edən amillərdən biri, ruhdan düşənlərə və mə’yus olanlara ümidverici xəbəri çatdırmağımızdır. İsanın I əsrdə yaşayan şagirdləri kimi bizim də, “çobanı olmayan qoyunlar kimi taqətsiz və dağınıq” olan kəslərə xoş xəbəri bəyan etmək imkanımız var. Bu xəbər — həqiqətən də ümidverici xəbərdir!
6. Həvarilər I əsrdə nə ilə məşğul idilər?
6 Həvari Pavel də I əsrin ortalarında xoş xəbəri təbliğ etməklə məşğul idi. Onun məhsul yığımındakı iştirakı, sözsüz ki, səmərəli idi. Bu, onun Korinfdəki məsihçilərə təxminən b. e. 55-ci ilində yazdığı sözlərindən aydın olur: “Qardaşlar, sizə təbliğ etdiyim və qəbul edib bağlı qaldığınız Müjdəni xatırlatmaq istəyirəm” (1 Korinflilərə 15:1). Həvarilər və I əsrin digər məsihçiləri çalışqan biçinçilər idilər. Eramızın 70-ci ilində Yerusəlimin dağılmasına gətirib çıxaran vacib hadisələrdən sonra həvarilərdən neçəsinin sağ qaldığı barədə Müqəddəs Kitabda heç nə deyilmir. Lakin biz, həvari Yəhyanın bu hadisələrdən təxminən 25 il sonra da təbliğ etdiyini dəqiq bilirik (Vəhy 1:9).
7, 8. Bu gün Yeqovanın xidmətçiləri hansı xəbəri həmişə olduğundan daha tə’kidlə bəyan edirlər?
7 Sonra Xristian aləminin, dönük çıxan “haqsızlıq adamının” hökmranlıq dövrü başladı (2 Saloniklilərə 2:3, İ—93). Lakin XIX əsrin sonuna yaxın, ümidverici xəbəri, məsihçi tə’limlərinə əsasən yaşamağa sə’y göstərən insanlar qəbul etdilər və onlar Padşahlığı bəyan etməyə başladılar. İlk buraxılışından e’tibarən (1879 ilin iyul ayında) bu jurnalın adına — “Məsihin iştirakının müjdəçisi”, sonra “Məsihin Padşahlığının müjdəçisi”, hazırda isə “Yeqovanın Padşahlığını e’lan edir” kimi sözlər daxil olmuşdur.
8 Allahın səmavi Padşahlığı, İsa Məsihin rəhbərliyi altında 1914-cü ildə tə’sis edildi və indi biz, ümidverici xəbəri daha da tə’kidlə bəyan edirik. Nəyə görə? Ona görə ki, Padşahlığın rəhbərliyinin gətirəcəyi xeyir-dualardan biri, hal-hazırda mövcud olan pis sistemin һökmən sona çatması olacaqdır (Daniel 2:44). Bundan yaxşı xəbər ola bilərmi? “Böyük məşəqqət” ərəfəsində Padşahlığın bəyan edilməsində iştirak etməkdən daha çox sevinc gətirən başqa bir iş ola bilərmi? (Matta 24:21; Mark 13:10).
Müvəffəqiyyətli axtarış
9. İsa şagirdlərinə hansı tapşırığı verdi və Padşahlıq haqqındakı xəbərə insanlar necə hay verirdilər?
9 Sevinclə biçməkdə bizə kömək edən ikinci amil — şagird olmağı və məhsul yığımında bizə qoşulmağı arzu edən insanların axtarışındakı müvəffəqiyyətimizdir. Eramızın 31—32-ci illərində İsa öz şagirdlərinə tapşırıq verdi: “Hansı şəhərə, ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə axtarın və yola çıxana qədər orada qalın” (Matta 10:11). İnsanların Padşahlıq haqqındakı xəbərə münasibətlərindən göründü ki, hamı ləyaqətli deyildi. Buna baxmayaraq, İsanın şagirdləri insanların olduğu hər yerdə xoş xəbəri sə’ylə təbliğ edirdilər.
10. Pavel ləyaqətli olanları durmadan necə axtarırdı?
10 Ləyaqətli olanların sə’ylə axtarılması, İsanın ölümündən və dirilməsindən sonra da davam edirdi. Pavel sinaqoqlarda yəhudilərlə mühakimə yürüdür və Afinanın bazar meydanlarında insanlarla söhbət edirdi. O, Afina areopaqında təbliğ edən zaman “bə’zi adamlar... ona qoşulub iman etdilər; bunların arasında Areopaq üzvü Dionisius və Damaris adlı bir qadın və onlarla bərabər başqaları da var idi”. Pavel hara gedirdisə, hər yerdə “istər açıqca, istərsə də evdən-evə” təbliğ etməklə gözəl nümunə verirdi (Həvarilərin işləri 17:17, 34; 20:20).
11. Keçmişdə xidmətdə hansı üsullardan istifadə olunurdu?
11 On doqquzuncu əsrin sonuncu onilliklərində, ləyaqətli olanları axtarmağı məsh edilmiş məsihçilər cəsarətlə öz öhtələrinə götürdülər. “Sion Gözətçi Qülləsi”nin 1881-ci il iyul və avqust nömrələrində dərc edilən “Təbliğ etmək üçün məsh edilmişlər” adlı məqalədə deyilirdi: “Xoş xəbərin təbliği... “təvazökar”, dinləməyə hazır və qabil olanlara yönəldilmiş və həmin adamlardan həmvarislər toplayaraq, Məsihin bədənini təşkil etmək üçün tə’yin edilmişdir”. Allahın biçinçiləri, belə insanlarla çox vaxt onlar ibadətdən sonra kilsədən çıxarkən görüşür və ləyaqətli insanların ürəyində müsbət rə’yə yol açacaq Müqəddəs Kitab mövzularına toxunan traktatlar verirdilər. Bu cür şəhadət etmək üsulunun nə dərəcədə keyfiyyətli olduğunu dəqiq analiz etdikdən sonra, “Gözətçi Qülləsi”nin 1903-cü il, 15 may nömrəsində traktatları “evdən-evə bazar günü səhərlər” paylayın deyə, biçinçilərə yönəldilən çağırış dərc olundu.
12. Təbliğ işində daha da keyfiyyətli olmağa necə müvəffəq olmuşuq? Nümunə gətirin.
12 Son illər ərzində insanlarla yalnız onların evlərində deyil, həmçinin başqa yerlərdə də söhbət edərək, xidmətimizi genişləndirmişik. Bu üsul, gəldiyimiz zaman iqtisadi şəraitə və ya əyləncələrə can atdıqlarına görə, adətən adamları evdə tapa bilmədiyimiz ölkələrdə daha çox keyfiyyətlidir. İngiltərədə, Yeqovanın Şahidi olan iki qadın diqqət yetirdilər ki, dəniz kənarında birgünlük dincəlmək üçün müntəzəm olaraq avtobusla çoxlu adamlar gəlir. Onlar cəsarətlərini toplayıb, avtobuslara daxil olaraq, sərnişinlərə “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarını təklif etməyə başladılar. Bir ay ərzində 229 jurnal payladılar. Bacılar deyirlər: “Biz dəniz kənarında, işgüzar ərazilərdə və ya başqa yerlərdə təbliğ etməyə qorxmuruq. Axı Yeqovanın həmişə bizimlə olduğunu bilirik”. Onların maraqlanan insanlara müntəzəm surətdə jurnallar gətirmək imkanları yarandı. Onlar Müqəddəs Kitab öyrənməsi başladılar və ikisi də vaxtaşırı olaraq köməkçi pioner kimi xidmət edirlər.
13. Bə’zi ərazilərdə xidmətdə hansı dəyişiklikləri etmək lazımdır?
13 Ləyaqətli olan insanları axtarış davam edir və bununla əlaqədar bə’zi ərazilərdə xidmət qrafikini yenidən diqqətlə nəzərdən keçirmək lazım gəlir. Şahidlərin çoxu bazar günü səhər təbliğ etməyə alışsalar da, bə’zi ərazilərdə sakinlərin yanına erkən gəlməyin az faydalı olduğunu görürlər. Çünki bu zaman insanlar, ola bilsin, hələ də yatırlar. Xidmət qrafiklərini yenidən nəzərdən keçirərək, indi Şahidlərin əksəriyyəti layiqli insanları bazar günləri daha gec saatlarda, məsələn, məsihçi görüşlərindən sonra axtarırlar. Və bu axtarışlar çox uğurlu keçir. Ötən il bütün dünyada Padşahlığın təbliğçilərinin sayı 2,3 faiz artmışdır. Bu, məhsul yığımının Sahibinə izzət gətirir və bizim ürəyimizi sevindirir.
Məhsul yığımında iştirak edərək, sülhü qoruyuruq
14. Biz xoş xəbəri hansı əhval-ruhiyyə ilə təbliğ edirik və nəyə görə?
14 Sevincimizin başqa bir səbəbi, məhsul yığımında iştirak edərkən sülhə can atmağımızdır. İsa demişdi: “Evə girərkən ev sakinlərini salamlayın. Əgər o ev ləyaqətli isə, salamınız onun üzərinə gəlsin” (Matta 10:12, 13). Qədim ibrani dilində salamlamaq və ona müvafiq olan qədim yunan sözü “sizə ən xoş arzular diləyirəm” mə’nasını verir. Xoş xəbəri təbliğ edərkən, insanların yanına məhz bu cür əhval-ruhiyyə ilə gəlirik. Ümid edirik ki, onlar Padşahlıq haqqındakı xəbərə müsbət hay verəcəklər. Əgər bu baş verirsə, belə insanlar günahlarından tövbə edir, dönür və Allahın iradəsini icra etməyə başlayırlar, bunun sayəsində isə onların Allahla barışmaq imkanları yaranır. Allahla sülhdə olmaq isə əbədi həyata aparır (Yəhya 17:3; Həvarilərin işləri 3:19; 13:38, 48; 2 Korinflilərə 5:18—20).
15. Əgər təbliğ zamanı bizi dinləmək istəmirlərsə, sülh gətirən əhval-ruhiyyəmizi necə qoruya bilərik?
15 Əgər bizi dinləmək istəmirlərsə, bəs onda sülhü necə qorumaq olar? İsa dedi: “[Əgər ev] ləyaqətli deyilsə, salamınız sizə geri dönsün” (Matta 10:13). İsanın 70 şagirdi təbliğə göndərməsi haqqında Lukanın yazdığı mə’lumatda, İsanın belə sözləri qeyd olunub: “Əgər orada əmin-amanlığa layiq adam varsa, salamınız onun üzərində qalacaqdır; yox isə, yenə sizə dönəcəkdir” (Luka 10:6). İnsanların yanına gəldiyimiz zaman, xoş xəbəri onlara mehribanlıqla və sülhpərvərliklə çatdırmağa çalışırıq. Evin sakini tərəfindən göstərilən e’tinasızılıq, narazılıq və ya acı məzəmmət, sülh gətirən xəbərimizin sadəcə olaraq özümüzə “dönməsinə” imkan verir. Lakin bütün bunlar bizi, Yeqovanın müqəddəs ruhunun səmərəsi olan sülhdən məhrum etmir (Qalatiyalılara 5:22, 23).
Biçinçilər üçün gözəl məqsəd
16, 17. a) Biz insanlara hansı məqsədlə təkrar baş çəkirik? b) Müqəddəs Kitab mövzusunda sualları olan insanlara necə kömək edə bilərik?
16 Biçinçilər kimi xidmət edərək, insanların əbədi həyat üçün toplanmasında sevinclə iştirak edirik. Təbliğ etdiyimiz insan xoş xəbərə xeyirxahlıqla cavab verəndə, daha artıq öyrənmək istəyəndə və “əmin-amanlığa layiq” olduğunu göstərəndə, biz necə də sevinirik! Yəqin ki, onun Müqəddəs Kitab mövzusuna dair çoxlu sualları var və biz bu sualların hamısına bir dəfəyə cavab verə bilmirik. Çünki birinci baş çəkmə zamanı çox yubanmaq münasib deyil. Bəs nə etmək olar? Biz, 60 il bundan əvvəl haqqında danışılan məqsədi qarşımıza qoya bilərik.
17 “Yeqovanın bütün şahidləri Müqəddəs Kitab öyrənməsi keçirməyə hazır olmalıdırlar”. Bu sözlər, 1937—1941-ci illərdə çapdan çıxan, tədris üçün hazırlanmış “Nümunəvi öyrənmə” silsiləsindən olan üçüncü broşürada dərc edilmişdi. Daha sonra broşürada deyilirdi: “[Padşahlığın] bütün təbliğçiləri, Allahın iltifat göstərdiyi insanlara və Padşahlıq haqqında xəbərə marağı olanlara sə’ylə kömək etmək üçün mümkün olan bütün üsullardan istifadə etməlidirlər. Belə insanların suallarına cavab vermək... və sonra mümkün qədər tez... öyrənmə başlamaq üçün onlara təkrar baş çəkmək lazımdır”. Bəli, təkrar baş çəkmə zamanı məqsədimiz — evdə Müqəddəs Kitab öyrənməsi başlamaq və onu müntəzəm surətdə davam etdirməkdira. Maraq göstərən insanlara dostcasına yanaşmaq və onların qeydinə qalmaq, bizi öyrənməyə hazırlaşmağa və onu müvəffəqiyyətlə keçirməyə təşviq edəcəkdir.
18. Həqiqətlə yeni maraqlanan insanlara İsa Məsihin şagirdləri olmaq üçün necə kömək göstərə bilərik?
18 “Əbədi həyata aparan bilik” kitabının və broşüraların, məsələn “Allah bizdən nə tələb edir?” broşürasının köməyi ilə, evdə keyfiyyətli Müqəddəs Kitab öyrənməsi keçirə bilər və həqiqətlə yeni maraqlanmağa başlayan insanların şagird olmalarına kömək edə bilərik. Əgər biz Böyük Müəllim, İsa Məsihi təqlid ediriksə, mehribanlığımız, sevincimiz, səmimiliyimiz, Yeqovanın normalarına və rəhbərliyinə göstərdiyimiz ehtiram, ehtimal ki, bu insanları nəyə isə öyrədəcəkdir. Həqiqətlə yeni maraqlanan insanlara, suallarına cavab tapmaqda kömək edərkən, gəlin, başqalarının da suallarına cavab verməyi onlara öyrətmək üçün əlimizdən gələni əsirgəməyək (1 Peter 2:21; 2 Timoteyə 2:1, 2). Simvolik məhsul yığımında iştirak etdiyimiz üçün, keçən xidmət ilində bütün dünyada orta hesabla 4 766 631 Müqəddəs Kitab öyrənməsinin keçirilməsi, əlbəttə ki, bizi sevindirir. Əgər biz özümüzü Müqəddəs Kitab öyrənməsi keçirən biçinçilərin sırasına aid edə biliriksə, onda bu bizi daha çox sevindirir.
Məhsul yığımına sevinirik
19. Nəyə görə İsanın yer üzündəki xidməti zamanı, həmçinin bu xidmət başa çatdıqdan sonra da sevinmək üçün hər bir əsas vardı?
19 İsanın yer üzündəki xidməti zamanı və həmçinin bu xidmət başa çatdıqdan sonra da, məhsul yığımı, sevinmək üçün tam əsas verirdi. İnsanların çoxu xoş xəbəri məmnuniyyətlə qəbul edirdilər. Eramızın 33-cü ilinin Pentikos günü xüsusilə sevindirici idi; çünki 3 000-ə yaxın adam Peterin sözlərinə diqqət yetirərək, Yeqovanın müqəddəs ruhunu aldı və Onun xalqının, ruhani İsrailin bir hissəsi oldu. Həqiqətən də, Yeqova “xilas edilənləri gündən günə cəmiyyətə əlavə etdiyi” üçün ruhani İsrailin üzvlərinin sayı, bu sayla yanaşı sevinci də artırdı (Həvarilərin işləri 2:37—41, 46, 47; 1 Peter 2:9; Qalatiyalılara 6:16).
20. Bugünkü məhsul yığımında bizi sevindirən nədir?
20 O zaman İşayanın peyğəmbərliyi həyata keçirdi: “Milləti çoxaltdın, sevincini artırdın; biçin vaxtında olan sevinc necədirsə, qarət etdiklərini paylaşdıqları zaman necə məsrur olurlarsa, sənin önündə elə sevinirlər” (İşaya 9:3). Bu gün məsh edilmişlər “millətinin”, demək olar ki, tam saya qədər “çoxaldığını” görsək də, ilbəil başqa biçinçilərin sayının artdığını müşahidə etdiyimiz üçün sevinirik (Məzmur 4:7; Zəkarya 8:23; Yəhya 10:16).
21. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
21 Biçin üçün bundan sonra da sevinməyə tam əsasımız var. Ümidverici xəbər, ləyaqətli insanları axtarmaq və sülhə can atmaq kimi amillər, sevinclə biçməkdə bizə kömək edir. Lakin bir çoxlarında bizə qarşı düşməncəsinə münasibət yaradır. Bunları həvari Yəhya da öz üzərində hiss etmişdi. O, “Allahın kəlamı və İsa Məsihin şəhadəti üçün” Patmos adasına sürgün olunmuşdu (Vəhy 1:9). Tə’qiblərlə və müqavimətlərlə qarşılaşdığımız zaman, sevincimizi biz necə qoruya bilərik? Təbliğ etdiyimiz kəslərin əksəriyyətinin göstərdikləri mənfi münasibətlərə qarşı durmaqda bizə nə kömək edəcəkdir? Növbəti məqalə bu suallara cavab tapmaqda Müqəddəs Kitabın necə kömək etdiyini göstərəcəkdir.
[Haşiyə]
a Əvvəlcə öyrənmələr, maraqlanan insanların qruplarla toplaşdıqları yerlərdə təşkil edilirdi. Lakin tezliklə öyrənməni ayrı-ayrı insanlarla və ailələrlə də keçirməyə başladılar. (Yeqovanın Şahidləri tərəfindən nəşr olunan “Yeqovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri” adlı kitabın 574-cü səhifəsinə baxın, ing.)
Siz necə cavab verərdiniz?
• Simvolik məhsul yığımı nədir?
• Biz hansı xəbəri bəyan edirik?
• Şagirdləri axtarmaqda nə üçün müvəffəqiyyətə nail oluruq?
• Məhsul yığımında iştirak edərkən, sevincimizi necə qoruyuruq?
• Məhsul yığımı bizi nə üçün sevindirir?
[8 və 9-cu səhifələrdəki şəkillər]
I və XX əsrdə aparılan təbliğ işi.
[9-cu səhifədəki şəkillər]
Pavel kimi, müasir biçinçilər də insanlarla hər yerdə söhbət etməyə çalışırlar.
[13-cü səhifədəki şəkil]
Xoş xəbəri mehribanlıqla bəyan edin.