Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/11 s. 13—17
  • Sıxıntı vaxtında Yehova bizim qalamızdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sıxıntı vaxtında Yehova bizim qalamızdır
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Duanın gücü
  • Allahın ruhu yardımçımızdır
  • Yığıncaq Allahın məhəbbətinin təzahürüdür
  • Müsbət əhval-ruhiyyəni qoru
  • Siz Allaha necə yaxınlaşa bilərsiniz?
    Əbədi həyata aparan bilik
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Yehova iztirab çəkənləri qurtarır
    Gözətçi qülləsi 2006
  • «Hər cür təsəlli» verən Yehovaya güvən!
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/11 s. 13—17

Sıxıntı vaxtında Yehova bizim qalamızdır

“Salehlərin qurtuluşu Rəbdəndir; sıxıntı vaxtında onların qalasıdır” (MƏZMUR 37:39).

1, 2. a) İsa öz şagirdləri üçün necə dua edirdi? b) Allahın Öz xalqına dair iradəsi nədən ibarətdir?

YEHOVA qadir Allahdır. O, Ona sadiq olan insanları istədiyi hər bir üsulla müdafiə etmək iqtidarındadır. O, hətta Öz xalqını bu dünyanın qalan insanlarından həqiqi mə’nada ayırıb, təhlükəsiz və sülhün hökm sürdüyü mühitdə yerləşdirə bilərdi. Lakin İsa səmavi Atasına şagirdləri barəsində dua edirdi: “Mən xahiş etmirəm ki, Sən onları dünyadan götürəsən. Xahiş edirəm ki, onları şərdən qoruyasan” (Yəhya 17:15).

2 Yehovanın iradəsi bizi ‘dünyadan götürmək’ deyil, adi insanların dünyasında yaşamağa və onlara ümid və təsəlli xəbərini çatdırmağa izn verməkdir (Romalılara 10:13-15). Lakin İsanın duasından görünür ki, biz bu dünyada yaşayarkən, “şərin” hücumlarına mə’ruz qala bilərik. İtaətsiz bəşəriyyət və pis ruhlar çoxlu əziyyət və iztirablar verirlər, buna görə də bə’zən məsihçilərin də sıxıntıları olur (1 Peter 5:9).

3. Hətta Yehovanın sadiq xidmətçiləri belə nə ilə qarşılaşmalı olurlar, lakin Onun Kəlamı bizə necə təsəlli verir?

3 Bu cür sınaqlarla qarşılaşarkən zaman-zaman özünü zəif hiss etmək, ruhdan düşmək təbii haldır (Süleymanın məsəlləri 24:10). Müqəddəs Kitabda sıxıntılarla qarşılaşan sadiq kişi və qadınların nümunəsi çoxdur. Məzmurçu deyir: “Salehlər çox bəlaya düçar olar, lakin Rəbb onların hər birindən qurtarır” (Məzmur 34:19, MKŞ). Bəli, e’tiraf etmək lazımdır ki, hətta “salehlər” də əzaba düçar olurlar. Bə’zən məzmurçuya bənzər tərzdə bizim də ‘taqətimiz kəsilir və çox əzilmiş’ oluruq (Məzmur 38:8). Bizə təsəlli verən odur ki, “Rəbb qəlbisınıqlara yaxındır... ruhən əzilmişləri qurtarır” (Məzmur 34:18, MKŞ; 94:19).

4, 5. a) Süleymanın məsəlləri 18:10 ayəsinə əsasən, Allahın müdafiəsini tapmaq üçün biz nə etməliyik? b) Hansı addımları atmağın sayəsində biz Allahdan yardım ala bilərik?

4 İsanın duası ilə əlaqədar Yehova bizi həqiqətən də qoruyur. O ‘sıxıntı vaxtında bizim qalamızdır’ (Məzmur 37:39). “Süleymanın məsəlləri” kitabında buna bənzər ifadə işlənilir: “Rəbbin adı qüvvətli bir qaladır, saleh qaçıb ona pənah aparır” (Süleymanın məsəlləri 18:10, MKŞ). Bu ayədən Yehovanın Öz yaratdıqlarına necə zərif qayğı göstərdiyi görünür. Allah xüsusilə də, sanki möhkəm qalaya qaçırlarmış kimi, xilası fəal surətdə Onda axtaran saleh insanlara müdafiə təqdim edir.

5 Bəs sıxıntı anlarında müdafiəni Yehovada necə axtarmaq olar? Gəlin, Yehovadan yardım almağımıza kömək edəcək üç vacib addıma diqqət yetirək. Birincisi, biz səmavi Atamıza duada müraciət etməliyik. İkincisi, Onun müqəddəs ruhuna müvafiq olaraq hərəkət etmək lazımdır. Üçüncüsü isə, sıxıntılarımızı yüngülləşdirməyə qadir olan həmimanlılarımızla ünsiyyət edərək, Yehovanın tapşırığına tabe olmalıyıq.

Duanın gücü

6. Məsihin həqiqi davamçıları duaya hansı nöqteyi-nəzərlə yanaşırlar?

6 Tibb sahəsi üzrə bə’zi mütəxəssislər, depressiyadan və stressdən müalicə üsulu kimi dua etməyi məsləhət görürlər. Duaya bənzər rahat düşüncə dəqiqələri sayəsində stressin çıxarılması həqiqətən mümkün olsa da, çox vaxt təbiətdən gələn səslər və ya hətta kürəyin masaj edilməsi də bu cür tə’sir göstərir. Məsihin həqiqi davamçıları duanın rolunu kiçiltmirlər və onu yalnız əhval-ruhiyyəni qaldırmaq üsulu saymırlar. Dua bizim üçün Yaradanla ehtiramlı ünsiyyət üsuludur. Dua özünə bizim Allaha sadiqliyimizi və e’tibarımızı daxil edir. Bəli, dua müqəddəs ibadətimizin bir hissəsidir.

7. Cəsarətlə dua etmək nə deməkdir və sıxıntılarımıza tab gətirməkdə bu cür dualar bizə necə kömək edir?

7 Dua edərkən biz Yehovaya e’tibar etməli, əminlik hissi duymalıyıq. Həvari Yəhya yazırdı: “Allahın qarşısında malik olduğumuz cəsarət isə bundan ibarətdir ki, əgər biz Onun iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O bizi eşidir” (1 Yəhya 5:14). Ali Hökmdar, yeganə həqiqi Küll-İxtiyar Allah olan Yehova, həqiqətən də Öz xidmətçilərinin səmimi dualarına xüsusilə diqqətlidir. Sevən Allahımızın narahatçılıq və çətinliklərimizi Onunla bölüşərkən bizi dinlədiyini bilməyin özü artıq təsəlli gətirir (Filipililərə 4:6).

8. Sadiq məsihçilər nəyə görə heç zaman Yehovaya dua etməkdən qorxmalı və ya buna layiq olmadıqlarını düşünməli deyillər?

8 Sadiq məsihçilər heç zaman duada Yehovaya müraciət etməkdən qorxmalı deyillər. Onlar bunu etməyə layiq olmadıqlarını hiss etməməli və yaxud əminsizlik təzahür etdirməli deyillər. E’tiraf etmək lazımdır ki, əgər biz özümüzə ümidimizi itirmişiksə və ya problemlər ucbatından mə’yusluğa qapılmışıqsa, Yehovaya dua etmək arzumuz itə bilər. Belə hallarda yadda saxlamalıyıq ki, Yehova ‘xalqını təsəlli edir və kədərli olanlara acıyır’ (İşaya 49:13; 2 Korinflilərə 7:6). Qəlbimizdə həyəcan və dərin sıxıntı hissi olanda, səmavi Atamızın qalamız olduğunu hiss edərək, Ona xüsusi cəsarətlə müraciət etməyimiz vacibdir.

9. Duada Allaha müraciət edən insan nəyə görə imana malik olmalıdır?

9 Dua ən’amı bizə tam kömək etsin deyə, əsl imana malik olmaq lazımdır. Müqəddəs Kitabda deyilir: “Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir” (İbranilərə 11:6). İmana malik olmaq — Allahın mövcud olduğuna, Onun var olduğuna inanmaqdan daha çox mə’na daşıyır. Həqiqi imana malik olmaq — Allahın bizim hər şeydə ona itaətkarlığımızı mükafatlandırmaq istədiyinə və bunu etməyə qadir olduğuna qətiyyətlə əmin olmaq deməkdir. “Rəbbin gözləri salehlərə, qulaqları onların dualarına tərəf yönəlmişdir” (1 Peter 3:12). Əgər Yehovanın zərifliklə bizim qayğımıza qaldığını həmişə yadda saxlayırıqsa, dualarımız xüsusi mə’naya malik olacaq.

10. Yehovadan ruhani yardım almaq üçün, dualarımız necə olmalıdır?

10 Biz ürəkdən dua edəndə, Yehova bizi eşidir. Məzmurçu yazırdı: “Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm” (Məzmur 119:145, MKŞ). Bir çox din nümayəndələrinin söylədikləri əzbərlənmiş dualardan fərqli olaraq, bizim dualarımız yeknəsəq və könülsüz deyil. Biz Yehovaya bütün qəlbimizlə dua edəndə, sözlərimiz mə’na ilə dolu olur. Bu cür səmimi dualardan sonra qayğılarımızı Yehovanın üzərinə qoyduğumuz üçün yüngüllük hiss edirik. Müqəddəs Kitabın və’d verdiyi kimi, Yehova bizə dəstək olacaq (Məzmur 55:22; 1 Peter 5:6, 7).

Allahın ruhu yardımçımızdır

11. Biz Yehovadan kömək diləməyi davam etdirəndə, O hansı tərzdə cavab verə bilər?

11 Yehova duanı eşitməklə bərabər, ona cavab da verir (Məzmur 65:2). Davud yazmışdır: “Sıxıntım günündə səni çağıraram; çünki mənə cavab verərsən” (Məzmur 86:7). İsa öz şagirdlərini Yehovadan kömək diləməyi davam etdirməyə təşviq edirdi, çünki ‘Səmavi Ata ondan diləyənlərə Müqəddəs Ruh verir’ (Luka 11:9-13). Bəli, Allahın fəal qüvvəsi Onun xalqı üçün yardımçı, yə’ni təsəlliverici kimi xidmət edir (Yəhya 14:16).

12. Problemlər dəfedilməz görünəndə, Allahın ruhu necə kömək edə bilər?

12 Hətta sınaqlar zamanı belə, Allahın ruhu bizə “üstün qüdrət” verə bilər (2 Korinflilərə 4:7). Çox çətinliklər yaşamış həvari Pavel əminliklə demişdi: “Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:13, İ–93). Bu gün çox məsihçilər Allaha xahişlərlə müraciət edərkən, buna bənzər güc aldıqlarını hiss edirlər. Çox vaxt elə olur ki, Allahın ruhunun köməyi sayəsində, bizi sıxışdıran problemlər artıq o qədər də dəfedilməz görünmür. Allahdan bu cür qüvvə alaraq, biz həvarinin sözlərini təkrarlaya bilərik: “Hər tərəfdən sıxışdırılırıq, lakin əzilmirik; çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik; tə’qib edilirik, amma tərk edilməmişik; yıxılırıq, amma yox edilmirik” (2 Korinflilərə 4:8, 9).

13, 14. a) Sıxıntı anlarımızda Yehova Öz Kəlamı vasitəsilə dəfələrlə bizim üçün qalaya necə çevrilmişdir? b) Müqəddəs Kitab prinsiplərini tətbiq etmək şəxsən sənə necə kömək edir?

13 Müqəddəs ruh Allahın Kəlamının bizim faydamız üçün yazılmasında və qorunub saxlanılmasında da rol oynamışdır. Sıxıntılı anlarımızda Yehova Öz Kəlamı vasitəsilə bizim üçün dəfələrlə qalaya necə çevrilmişdir? Məsələn, bizə sağlam şüur və dərrakə verməklə (Süleymanın məsəlləri 3:21-24). Müqəddəs Kitab bizim əqli qabiliyyətlərimizi inkişaf etdirir və düşüncəmizi yaxşılaşdırır (Romalılara 12:1). Allahın Kəlamını müntəzəm oxumağın və öyrənməyin, həmçinin onu həyatda tətbiq etməyin sayəsində ‘hissləri xeyirlə şəri ayırd etməyə’ alışdırmaq olar (İbranilərə 5:14). Ehtimal ki, sən özün, Müqəddəs Kitab prinsiplərinin çətin anlarda müdrik qərarlar qəbul etməyə kömək etdiyinə əmin olmusan. Müqəddəs Kitab bizi narahat edən problemlərin həllində bizə üzaqgörən olmaqda kömək edir və praktiki məsləhətlər verir (Süleymanın məsəlləri 1:4).

14 Allahın Kəlamı bizə daha bir qüvvə mənbəyi — xilas olmağa ümid təqdim edir (Romalılara 15:4). Müqəddəs Kitabda deyilir ki, bədbəxtçiliklər daima baş verməyəcək. Hər bir iztirablarımız müvəqqətidir (2 Korinflilərə 4:16-18). Biz, ‘yalan danışmayan Allahın zaman başlamazdan qabaq və’d etdiyi’ “əbədi həyat ümidinə” malikik (Titusa 1:2). Əgər biz Allah tərəfindən və’d edilmiş gözəl gələcək haqqında həmişə xatırlayaraq bu ümidə seviniriksə, bədbəxtliklərə tab gətirə biləcəyik (Romalılara 12:12; 1 Saloniklilərə 1:3).

Yığıncaq Allahın məhəbbətinin təzahürüdür

15. Məsihçilər bir-birlərinə necə kömək edə bilərlər?

15 Sıxıntı anlarımızda Yehova bizə həm də məsihçi yığıncağındakı bacı-qardaşlarımızla dostluq ünsiyyətləri vasitəsilə kömək edir. Müqəddəs Kitab izah edir: “Dost hər vaxt sevər; və sıxıntı üçün qardaş doğulmuşdur” (Süleymanın məsəlləri 17:17). Allahın Kəlamı yığıncağın bütün üzvlərini hörmətdə bir-birini qabaqlamağa və bir-birlərini sevməyə təşviq edir (Romalılara 12:10). Həvari Pavel yazırdı: “Hər kəs özünün mənfəətini deyil, başqasınınkını axtarsın” (1 Korinflilərə 10:24). Bu cür əhval-ruhiyyə bizi, öz çətinliklərimizdən çox başqalarının tələbatları barəsində düşünməyə təşviq edir. Biz başqalarına kömək edəndə, özümüz də müəyyən dərəcədə xoşbəxtlik və məmnunluq hiss edirik və öz yükümüz yüngülləşir (Həvarilərin işləri 20:35).

16. Hər bir məsihçi başqaları üçün ruhlandırma mənbəyi necə ola bilər?

16 Ruhən yetkin kişi və qadınlar başqalarını qüvvətləndirməkdə vacib rol oynayırlar. Bunun üçün onlar sadə və həssas olmağa çalışırlar (2 Korinflilərə 6:11-13). Hamı gəncləri tə’rifləməyə, təzələri dəstəkləməyə və kədərli olanları ruhlandırmağa vaxt tapanda, yığıncaq böyük xeyir-dua əldə edir (Romalılara 15:7). Qardaşsevərlik həm də bizə başqası haqqında şübhəyə düşməməyə kömək edir. Biz tələsik olaraq belə qərara gəlməyəcəyik ki, kiminsə çəkdiyi çətinliklər onun ruhani zəifliyinin əlamətidir. Pavel məsihçilərə tə’kidlə məsləhət edir ki, onlar “cəsarətsizləri”, yə’ni kədərli olanları ruhlandırsınlar (1 Saloniklilərə 5:14). Müqəddəs Kitab göstərir ki, hətta sadiq məsihçilərin də çətin vaxtları olur (Həvarilərin işləri 14:15).

17. Məsihçi qardaşlığının bağlarını möhkəmlətmək üçün hansı imkanlarımız var?

17 Məsihçi görüşlərində bizə gözəl imkan verilir ki, bir-birimizə təsəlli verək və bir-birimizi ruhlandıraq (İbranilərə 10:24, 25). Lakin qarşılıqlı ruhlandırma yalnız yığıncaq görüşlərində baş vermir. Allahın xalqı qeyri-rəsmi şəraitdə də faydalı ünsiyyətdə olmaq üçün imkanlar axtarır. Kim isə çətin vəziyyətlərə düşürsə, biz kömək etməyə hazır olacağıq, çünki aramızda artıq sıx dostluq əlaqələri yaranıb. Həvari Pavel yazırdı: “Bədəndə ayrılıq olmasın, əksinə bütün üzvlər bir-birinin qayğısına qalsın. Buna görə, əgər bir üzv əzab çəkirsə, digərləri də onunla bərabər əzab çəkir; üzvlərdən biri izzət qazanırsa, digərləri də onunla bərabər sevinir” (1 Korinflilərə 12:25, 26).

18. Ruhdan düşərkən hansı meyldən qaçınmaq lazımdır?

18 Bə’zən ruhdan düşərək düşünə bilərik ki, məsihçi qardaşlarımızla ünsiyyət üçün gücümüz qalmayıb. Bu cür fikirləri özümüzdən qovmalıyıq ki, özümüzü həmimanlıların verə biləcəkləri təsəlli və yardımdan məhrum etməyək. Müqəddəs Kitab bizə xəbərdarlıq edir: “Tənhalığı sevən niyyətinin ardınca düşür, sağlam şüura zidd gedir” (Süleymanın məsəlləri 18:1, MKŞ). Bacı və qardaşlarımız, Allahın bizə olan qayğısını təzahür etdirirlər. Əgər biz Allahın sevgi dolu yardımını qəbul etsək, sıxıntı anında bizim üçün asan olacaq.

Müsbət əhval-ruhiyyəni qoru

19, 20. Müqəddəs Kitab bizə mənfi fikirlərlə mübarizə aparmağa necə kömək edir?

19 Ruhdan düşən və qəmli olan zaman, asanlıqla mənfi fikirlərə qərq ola bilərik. Məsələn, bə’ziləri bədbəxtçiliklə qarşılaşan zaman öz ruhani vəziyyətlərinə şübhə etməyə başlayır və düşünürlər ki, onların çətinlikləri — Allahın narazılığının əlamətidir. Lakin yadda saxlamaq lazımdır ki, Yehova heç kimi “pisliklə imtahan etmir” (Yaqub 1:13). Müqəddəs Kitabda deyilir ki, Allah “istəyərək cəfa etməz və insan oğullarını kədərləndirməz” (Yeremyanın mərsiyələri 3:33). Əksinə, xidmətçiləri iztirab çəkəndə Yehova dərindən kədərlənir (İşaya 63:8, 9; Zəkarya 2:8).

20 Yehova — “mərhəmətli Ata və hər cür təsəlli verən Allahdır” (2 Korinflilərə 1:3). O bizim qayğımıza qalır və bizi Öz vaxtında ucaldacaq (1 Peter 5:6, 7). Həmişə yadda saxlamaq lazımdır ki, Allah bizə zərif hisslər bəsləyir, bu isə bizə müsbət əhval-ruhiyyəni qorumağa və hətta sevinməyə kömək edəcək. Yaqub yazırdı: “Qardaşlarım, müxtəlif imtahanlara düşəndə, bunu böyük bir sevinclə qəbul edin” (Yaqub 1:2). Nəyə görə? O, cavab verir: ‘Çünki sınaqdan uğurla çıxarkən, Rəbbin Onu sevənlərə və’d etdiyi həyat tacını alacaqsınız’ (Yaqub 1:12).

21. Qarşılaşdıqları hər bir çətinliklərdə Allah Ona sadiq insanlara hansı zəmanəti verir?

21 İsanın xəbərdar etdiyi kimi, dünyada kədərimiz olacaqdır (Yəhya 16:33). Lakin Müqəddəs Kitab və’d edir ki, nə qəm-qüssə, nə sıxıntı, nə tə’qiblər, nə aclıq, nə üryanlıq, nə təhlükə bizi Yehovanın və Oğlunun məhəbbətindən məhrum edə bilməz (Romalılara 8:35, 39). Hər bir sıxıntımızın müvəqqəti olduğunu bilmək necə də təsəllivericidir! Bəşər iztirablarının sonunu gözlədiyimiz bir vaxtda sevən Atamız Yehova bizi qoruyur. Əgər biz Onun müdafiəsindən istifadə ediriksə, O ‘məzlumların pənahgahı, sıxıntı anlarında müdafiə qalası’ olacaqdır (Məzmur 9:9, MKŞ).

Biz nə öyrəndik?

• Bu pis dünyada yaşayarkən məsihçilər nəyi gözləməlidirlər?

• Sınaqlar zamanı coşğun dualar necə möhkəmləndirir?

• Allahın ruhu necə kömək edir?

• Biz bir-birimizə necə kömək edə bilərik?

[14-cü səhifədəki şəkil]

Möhkəm qalaya qaçırıqmış kimi biz xilası Yehovada axtarmalıyıq.

[16-cı səhifədəki şəkillər]

Ruhən yetkin məsihçilər hər bir şəraitdə başqalarını tə’rifləyir və ruhlandırırlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş