‘Allahın sözünü cəsarətlə söylə’
«Hamı Müqəddəs Ruhla dolmuşdu və Allahın sözünü cəsarətlə söyləyirdi» (HƏV. İŞ. 4:31).
1, 2. Nəyə görə biz xidmətdə effektiv olmağa can atmalıyıq?
ÖLÜMÜNDƏN üç gün əvvəl İsa şagirdlərinə demişdi: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir». Göylərə qalxmazdan öncə, dirilmiş İsa davamçılarına bütün xalqlar arasında şagirdlər hazırlamağı və ‘əmr etdiyi hər şeyə riayət etməyi onlara öyrətməyi’ tapşırdı. İsa həmçinin «dövrün sonuna qədər hər gün» onlarla olacağını vəd etdi (Mat. 24:14; 26:1, 2; 28:19, 20).
2 Yehovanın Şahidləri olan bizlər təməli birinci əsrdə qoyulmuş işdə fəal surətdə iştirak edirik. Həyati vacib olan Padşahlığın təbliği və şagird hazırlamaq işi qədər başqa vacib iş yoxdur. Buna görə də xidmətdə effektiv olmaq zəruridir. Bu məqalədə təbliğ zamanı müqəddəs ruhun bizə cəsarətlə danışmağa necə kömək etdiyini görəcəyik. Növbəti iki məqalədə isə məharətlə öyrətmək və müntəzəm şəkildə təbliğ etmək işində Yehovanın ruhunun bizə necə yardımçı olduğunu görəcəyik.
Bizə cəsarət gərəkdir
3. Padşahlıq haqqında təbliğ etmək üçün nəyə görə bizə cəsarət gərəkdir?
3 Allah bizə Padşahlığı bəyan etmək kimi şərəfli bir iş tapşırıb. Amma bu iş əngəlsiz ötüşmür. Bəzi insanlar Allahın Padşahlığı haqqında xoş xəbəri həvəslə qəbul etsələr də, çoxları Nuhun günlərində yaşayan insanlara bənzəyir. İsa demişdi ki, onlar ‘tufan gəlib hamısını aparıncaya qədər bixəbər idilər [«fikirləşmirdilər», YD]’ (Mat. 24:38, 39). Bu gün insanlar bizə də rişxənd edir və müqavimət göstərirlər (2 Pet. 3:3). Təqiblər hakimiyyət dairələri, sinif və ya iş yoldaşları, hətta ailə üzvləri tərəfindən ola bilər. Buraya özümüzün utancaqlıq və insan qorxusu kimi zəifliklərimizi də əlavə edək. Bir çox amillər bizə Allahın Kəlamını «cəsarətlə» söyləməkdə çətinliklər yarada bilər (Efes. 6:19, 20). Mətanətlə Allahın kəlamını söyləmək üçün cəsarət tələb olunur. Buna necə nail ola bilərik?
4. a) Cəsarət nədir? b) Necə oldu ki, həvari Pavel saloniklilərə cəsarətlə təbliğ edə bildi?
4 «Cəsarət» kimi tərcümə olunan yunan sözü «səmimiyyət, açıq olmaq» mənasını daşıyır. Həmin söz «hünər, əminlik,.. qorxmazlıq» fikrini verir. Cəsarətli olmaq kobud və ya sərt olmaq demək deyil (Kolos. 4:6). Biz cəsarətli və hamı ilə sülhdə olmaq istəyirik (Rom. 12:18). Bundan əlavə, Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ edərkən biz cəsarətli olmaqla yanaşı, nəzakətli olmağa çalışırıq ki, bilmədən heç kimin ürəyinə toxunmayaq. Gördüyümüz kimi, cəsarətli olmaq üçün səy tələb edən başqa xüsusiyyətlər də inkişaf etdirməliyik. Bu cür cəsarət insanın daxilindən və ya öz gücünə arxayınlıq hissindən irəli gəlmir. Necə oldu ki, həvari Pavel və əməkdaşları ‘Filipidə əzab çəkib, təhqir olunduqdan’ sonra ‘cəsarət alıb’ Salonikdə təbliğ edə bildilər? Pavel qeyd edir ki, onlar buna Allahın sayəsində müvəffəq olmuşlar. (1 Salonikililərə 2:2 ayəsini oxu.) Yehova Allah bizə qorxularımızı aradan qaldırmağa və eyni cəsarətə yiyələnməyə kömək edə bilər.
5. Yehova Peterə, Yəhyaya və başqa şagirdlərə cəsarətli olmağa necə kömək etdi?
5 Xalqın ‘rəisləri, ağsaqqallar və din alimləri’ təbliğ etməyi qadağan edəndə həvari Peter və Yəhya dedi: «Özünüz deyin: sizi Allahdan daha artıq dinləmək Allahın qarşısında doğrudurmu? Eşitdiyimiz və gördüyümüz şeyləri söyləməməyimiz qeyri-mümkündür». Allahdan təqiblərə son qoymasını xahiş etmək əvəzinə, onlar həmimanlıları ilə birgə Yehovaya yalvardılar: «Ya Rəbb, onların təhdidlərinə bax və Öz qullarına qüvvə ver ki, Sənin sözünü tam cəsarətlə söyləsinlər» (Həv. iş. 4:5, 19, 20, 29). Yehova onların xahişlərinə necə cavab verdi? (Həvarilərin işləri 4:31 ayəsini oxu.) O, müqəddəs ruhundan istifadə edərək onlara cəsarətli olmağa kömək etdi. Allahın ruhu eynilə bizə də kömək edə bilər. Belə isə, Allahın ruhunu necə ala bilərik və o, bizi xidmətdə necə istiqamətləndirə bilər?
Necə cəsarətli ola bilərik?
6, 7. Allahdan müqəddəs ruh almağın bilavasitə yolu hansıdır? Nümunələr çəkin.
6 Müqəddəs ruhu bilavasitə Allahdan almağın yolu bu ruhu Ondan diləməkdir. İsa dinləyicilərinə demişdi: «Madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» (Luka 11:13). Bəli, biz daim Allahdan müqəddəs ruh diləməliyik. Əgər xidmətin müəyyən sahələri — küçədə, qeyri-formal və ya işgüzar ərazidə təbliğ etmək bizi qorxudursa, Yehovadan müqəddəs ruh və lazımi cəsarət xahiş edə bilərik (1 Salon. 5:17).
7 Rozaa adlı bir bacımız məhz belə də etdi. Bir gün Roza məktəbdə işdə olanda iş yoldaşlarından biri başqa məktəbdə uşaqlarla pis rəftar barədə məlumatı oxuyurdu. Bu, ona o qədər təsir etmişdi ki, o: «Görəsən, bu dünya hara gedir?!» — deyə ucadan dedi. Roza bacı şahidlik etmək üçün bu fürsəti əldən verə bilməzdi. Bəs o, cəsarəti haradan aldı? Bacı deyir: «Mən Yehovaya dua etdim və mənə kömək etməsi üçün Ondan müqəddəs ruh istədim». O, gözəl şahidlik verdi və onlar sözləşdilər ki, söhbətlərinə davam etmək üçün bir də görüşsünlər. Nyu-York şəhərində yaşayan beş yaşlı Milananın nümunəsini də nəzərdən keçirək. Balaca bacımız deyir: «Məktəbə getməzdən öncə, həmişə anamla Yehovaya dua edirik». Onlar Milananın cəsarətli olması və öz Allahı haqqında başqalarına danışması haqda dua edirdilər. «Bu, qızıma ad günləri və bayramlara dair mövqeyini izah etməyə və onlarda iştirak etməməyə kömək edir»,— deyə onun anası qeyd edir. Məgər bu nümunələr cəsarət toplamaq lazım gələndə duanın faydalı olduğunu göstərmirmi?
8. Yeremya peyğəmbərin nümunəsindən cəsarətli olmaq barədə nə öyrənə bilərik?
8 Gəlin Yeremyanın nəyin sayəsində cəsarətli olduğuna diqqət yetirək. Yehova onu millətlərə peyğəmbər təyin edəndə o dedi: «Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam» (Yer. 1:4—6). Lakin müəyyən müddətdən sonra Yeremya elə israrlı və güclü təbliğ edirdi ki, çoxları onu bədxəbər hesab edirdilər (Yer. 38:4). O, 65 ildən çox Yehovanın hökm xəbərlərini cəsarətlə bəyan etdi. Göstərdiyi hünər və qorxmazlığa görə İsraildə onu o qədər yaxşı tanıyırdılar ki, təxminən 600 ildən sonra İsa cəsarətlə təbliğ etməyə başlayanda bəziləri Yeremyanın dirildiyini zənn edirdi (Mat. 16:13, 14). Bəs başlanğıcda Allahın tapşırığından boyun qaçırmaq istəyən Yeremya utancaqlığın öhdəsindən necə gəldi? O deyir: «Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum» (Yer. 20:9). Bəli, Yehovanın sözü Yeremyaya güc verdi və onu danışmağa təşviq etdi.
9. Allahın kəlamı Yeremyaya təsir etdiyi kimi, bizə necə təsir edə bilər?
9 İbranilərə ünvanladığı məktubunda həvari Pavel yazırdı: «Allahın kəlamı canlı və təsirli, hər cür ikiağızlı qılıncdan itidir; o, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir» (İbr. 4:12). Müjdə, yəni Allahın kəlamı Yeremyaya təsir etdiyi kimi, bizə də təsir edə bilər. Yadda saxlamaq lazımdır ki, Müqəddəs Kitabı insanlar qələmə alsalar da, o, insan müdrikliyinin yazıldığı kitablar toplusu deyil, çünki Müqəddəs Kitab Allahdan ilham alıb. 2 Peter 1:21 ayəsində oxuyuruq: «Peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar». Müqəddəs Kitabı şəxsən diqqətlə araşdıranda düşüncələrimizi müqəddəs ruhun təsiri altında yazılmış kəlamlarla doldurmuş oluruq. (1 Korinflilərə 2:10 ayəsini oxu.) Həmin kəlamlar daxilimizdə «yanan bir od» kimi olacaq və biz onları özümüzdə saxlaya bilməyəcəyik.
10, 11. a) Xidmətdə cəsarətlə danışmaq istəyiriksə, şəxsi öyrənməmiz necə olmalıdır? b) Şəxsi öyrənməni yaxşılaşdırmaq üçün hansı addımı atmaq niyyətindəsən?
10 Müqəddəs Kitabı şəxsən araşdırmağın bizə böyük faydası olsun deyə onu elə keçirmək lazımdır ki, Müqəddəs Kitab xəbəri ürəklərimizin dərinliklərinə çatsın və daxili varlığımıza təsir göstərsin. Məsələn, aldığı görüntüdə Yezekel peyğəmbərə tumarı yeməsi tapşırılmışdı, bu tumarda inadkar xalqa çatdırmalı olduğu sərt xəbər yazılmışdı. Yezekel həmin xəbəri tam şəkildə mənimsəməli və özünün bir hissəsi etməli idi. Onda həmin xəbəri bəyan etmək bal yemək qədər xoş olacaqdı. (Yezekel 2:8—3:4, 7—9 ayələrini oxu.)
11 Demək olar ki, biz də eyni vəziyyətdəyik. Bu gün çoxları Müqəddəs Kitab barədə eşitmək istəmirlər. Əgər biz Allahın kəlamını mətanətlə bəyan etmək istəyiriksə, Müqəddəs Yazıları araşdıranda öyrəndiklərimizi yaxşı mənimsəmək olduqca vacibdir. Biz Müqəddəs Kitabı hərdənbir yox, müntəzəm şəkildə araşdırmalıyıq. Məzmurçunun: «Ya Rəbb, ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələr hüzurunda qəbul olunsun. Ya Rəbb, mənim Qayam və Satınalanımsan!» — deyə oxuduğu sözlər bizim də arzumuz olmalıdır (Məz. 19:14). Müqəddəs Kitab həqiqətlərinin ürəklərimizin dərinliklərinə həkk olunması üçün necə də vacibdir ki, oxuduqlarımızın üzərində dərindən düşünmək üçün vaxt ayıraq! Aydın məsələdir ki, biz şəxsi öyrənməmizi yaxşılaşdırmağa can atmalıyıqb.
12. Müqəddəs ruhun bizə istiqamət verməsində məsihçi görüşlərinin rolu nəyə görə danılmazdır?
12 Yehovanın müqəddəs ruhunun bizə kömək etməsi üçün biz həmçinin ‘bir-birimizi məhəbbətə və xeyirli işlərə təşviq etməli [və] yığıncaqlarımızı tərk etməməliyik’ (İbr. 10:24, 25). Məsihçi görüşlərində müntəzəm iştirak etməyə, diqqətlə qulaq asmağa və öyrəndiklərimizi tətbiq etməyə çalışmalıyıq ki, müqəddəs ruh bizi istiqamətləndirsin. Məgər Yehovanın ruhu məhz yığıncaq vasitəsilə rəhbərlik vermir? (Vəhy 3:6 ayəsini oxu.)
Cəsarətli olmaq hansı faydanı gətirir?
13. Erkən məsihçilərin təbliğ işində əldə etdikləri nailiyyətlərdən nə öyrənə bilərik?
13 Müqəddəs ruh kainatda ən qüdrətli qüvvədir və o, insanlara Yehovanın iradəsini yerinə yetirməyə güc verə bilər. Onun sayəsində erkən məsihçilər böyük təbliğ işini həyata keçirməyə müvəffəq oldular. Onlar xoş xəbəri ‘göy altında olan hər məxluqa təbliğ etdilər’ (Kolos. 1:23). Onların əksəriyyətinin «oxumamış» və sadə insanlar olduğunu nəzərə alsaq, aydındır ki, onları hərəkətə gətirən daha qüdrətli bir qüvvə vardı (Həv. iş. 4:13).
14. ‘Ruhən hərarətli olmaqda’ bizə nə kömək edər?
14 Müqəddəs ruhun rəhbərliyinə uyğun yaşayanda bu, bizi xidmətdə cəsarətli olmağa təşviq edir. Daima müqəddəs ruh üçün dua etmək, çalışqanlıqla Müqəddəs Kitabı şəxsən araşdırmaq, dua edərək oxuduqlarımızın üzərində düşünmək və müntəzəm olaraq məsihçi görüşlərində iştirak etmək — bütün bunların gətirdiyi fayda ‘Ruhən hərarətli olmağımıza’ kömək edəcək (Rom. 12:11). Müqəddəs Kitabda «əsli isgəndəriyəli olan» və Efesə gələn Apollos adında bəlağət sahibi olan bir nəfər yəhudi haqda deyilir: «[O,] ruhca səyli olub, Rəbb barəsindəki həqiqəti bəyan edib, doğruluqla öyrədirdi» (Həv. iş. 18:24, 25). ‘Ruhumuz alovlu olsa’, böyük cəsarətlə evdən-evə və qeyri-formal şəkildə təbliğ edəcəyik (Rom. 12:11, Müqəddəs Kitab —2009).
15. Cəsarətlə təbliğ etməyin bizə hansı faydası var?
15 Cəsarətlə şahidlik etməyin bizə müsbət təsiri var. Əhval-ruhiyyəmiz yaxşılaşır, çünki işimizin vacibliyini və onun gətirdiyi faydaları daha aydın başa düşürük. Şövqümüz artır, çünki xidmətimiz effektiv olanda bizə daha çox sevinc gətirir. Daha da səyli oluruq, çünki təbliğ işimizin nə qədər təxirəsalınmaz olduğunu dərk edirik.
16. Əgər xidmətdə səyimiz zəifləyibsə, nə etməliyik?
16 Bəs əgər xidmətə qarşı soyumuşuqsa və ya əvvəlki kimi səylə xidmət etmiriksə, onda necə? Belə halda özümüzü vicdanla yoxlamalıyıq. Pavel yazmışdır: «Özünüzü yoxlayın, görün iman yolundasınızmı? Özünüzü imtahan edin» (2 Kor. 13:5). Özündən soruş: «Əvvəlki kimi ruhən hərarətliyəmmi? Yehovaya müqəddəs ruh üçün dua edirəmmi? Dualarım Onun iradəsini yerinə yetirərkən Ona ümid etdiyimi göstərirmi? Dualarımda Yehovanın bizə həvalə etdiyi xidmətə görə minnətdarlığımı bildirirəmmi? Şəxsi öyrənməm haqda nə demək olar? Oxuduqlarımın və ya eşitdiklərimin üzərində düşünməyə nə qədər vaxt ayırıram? Yığıncaq görüşlərində nə dərəcədə fəalam?» Bu kimi sualların üzərində dərindən düşünmək sənə zəif cəhətlərini müəyyən etməyə və onları düzəltməyə kömək edə bilər.
Qoy Allahın ruhu səni cəsarətləndirsin
17, 18. a) Təbliğ işi hal-hazırda hansı miqyasda həyata keçirilir? b) Allahın Padşahlığı haqqında xoş xəbəri «böyük cəsarətlə» necə təbliğ edə bilərik?
17 Dirildikdən sonra İsa öz şagirdlərinə demişdi: «Müqəddəs Ruh üzərinizə endikdən sonra ancaq qüdrət alacaqsınız. Və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (Həv. iş. 1:8). O vaxtdan başlayan bu iş hal-hazırda görünməmiş miqyasda həyata keçirilir. Yeddi milyondan çox Yehovanın Şahidi Padşahlıq haqda xoş xəbəri 230-dan çox ölkə və ərazidə bəyan edir və onlar buna hər il 1,5 milyarda yaxın saat sərf edirlər. Daha heç vaxt təkrarlanmayacaq bir işdə səylə iştirak etmək necə də həyəcanlandırıcıdır!
18 Birinci əsrdə olduğu kimi, bu gün də ümumdünya təbliğ işi Allahın ruhunun rəhbərliyi altında həyata keçirilir. Əgər onun rəhbərliyinə riayət etsək, «böyük cəsarətlə» xidmət edəcəyik (Həv. iş. 28:31). Buna görə də gəlin Allahın Padşahlığı haqqında xoş xəbəri bəyan edərək ruhun rəhbərliyinə tabe olaq!
[Haşiyələr]
a Adlar dəyişdirilib.
b Müqəddəs Kitabı səmərəli şəkildə oxuyub araşdırmaq üçün «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabının 21—32-ci səhifələrindəki «Oxumaqla məşğul ol» və «Öyrənməyin gətirdiyi mükafatlar» adlı mövzulara baxın.
Nə öyrəndiniz?
• Nəyə görə Allahın kəlamını cəsarətlə təbliğ etməliyik?
• Erkən şagirdlərə cəsarətlə təbliğ etməyə nə kömək edirdi?
• Biz necə cəsarətli ola bilərik?
• Cəsarətli olmağın hansı faydası var?
[7-ci səhifədəki şəkil]
Valideynlər uşaqlarına cəsarətli olmağa necə kömək edə bilərlər?
[8-ci səhifədəki şəkillər]
Qısaca dua etmək xidmətdə sənə cəsarətli olmağa kömək edə bilər