Müqəddəs Kitab həyatları dəyişir
BİR rastafarinia dredlərini (kəndirəbənzər saç düzümü) kəsdirməyə və ağdərili insanlara qarşı nifrət hissinə üstün gəlməyə nə təşviq etdi? Narkotik satıcıları üçün insanlardan pul qəsb edən bir qəddar gənc nəyin sayəsində öz həyat tərzini dəyişə bildi? Gəlin görək, bu insanlar özləri barədə nə deyirlər.
«Ağdərili insanlara nifrətimə belə üstün gəldim!» (HAFENİ NQAMA).
YAŞI: 34
ÖLKƏ: ZAMBİYA
TARİXÇƏSİ: RASTAFARİ
KEÇMİŞİM. Mən dünyaya Zambiyanın qaçqın şəhərciklərindən birində göz açmışam. Müharibə dövründə anam Namibiyaya qaçıb, orada Cənub-Qərbi Afrika Xalq Təşkilatına (SVAPO) qoşulmuşdu. Bu təşkilat Namibiyanın Cənubi Afrika Respublikasından müstəqil olması uğrunda mübarizə aparırdı.
Həyatımın ilk 15 ilini müxtəlif qaçqın şəhərciklərində keçirmişəm. SVAPO düşərgələrində gəncləri azadlıq hərəkatının qabaqcılları kimi hazırlayırdılar. Burada beynimizə müəyyən siyasi fikirlər yeridir və ağdərili insanlara qarşı nifrət aşılayırdılar.
On bir yaşım olanda xristian olmaq qərarına gəldim. Yaşadığımız yerdə bir kilsə vardı və orada katoliklər, lüteranlar, anqlikanlar və digər məzhəblərə mənsub olan adamlar toplaşırdılar. Həmin kilsənin keşişi ilə söhbət etdikdən sonra xristian olmaq fikrimdən dönüb ateist oldum. Mən reqqi musiqisini çox sevirdim və ədalətsizliklə qarşılaşan qaradərili Afrika camaatını əzab-əziyyətdən qurtarmaq istəyirdim. Buna görə də 15 yaşım olanda rastafarilərə qoşuldum. Mən dredlər uzadır, marixuana çəkir, ət yeməkdən imtina edir və qaradərili insanların azadlığı uğrunda mübarizə aparırdım. Bununla belə, əxlaqsız həyat tərzindən əl çəkmir, zorakı filmlərə baxmağa və söyüş söyməyə davam edirdim.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. 1995-ci ildə, təxminən 20 yaşlarımda gələcəyim barədə ciddi düşünməyə başladım. Rastafari nəşrlərindən əlimə nə keçirdisə, oxuyurdum. Onlardan bəziləri Müqəddəs Kitaba istinad etsə də, verilən izahatlar mənim üçün ağlabatan görünmürdü. Bu səbəbdən Müqəddəs Kitabı özüm oxumaq qərarına gəldim.
Bir müddət sonra rastafari dostlarımdan biri mənə Müqəddəs Yazıları araşdırmaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilən bir kitab verdi. Müqəddəs Yazıların köməyilə onu oxuyub araşdırdım və başa düşdüm ki, daha belə yaşamaq olmaz.
Siqareti və içkini atana qədər, bir bilsəydiniz, nələrdən keçməli oldum! (2 Korinflilərə 7:1). Üst-başımı səliqəyə saldım, dredlərimi kəsdim, pornoqrafiyaya və zorakı filmlərə baxmaqdan, eləcə də söyüş söyməkdən əl çəkdim (Efeslilərə 5:3, 4). Ağdərili insanlara nifrətimə belə üstün gəldim! (Həvarilərin işləri 10:34, 35). Bu dəyişiklikləri etmək üçün irqi ayrı-seçkiliyə təşviq edən musiqiyə qulaq asmağa son qoydum və məni əvvəlki həyat tərzimə qaytarmağa çalışan köhnə dostlarımla əlaqəmi kəsdim.
Bundan sonra mən Yehovanın Şahidi olmaq qərarına gəldim. İbadət üçün yığışdıqları yeri tapıb mənimlə Müqəddəs Kitabı öyrənməyi xahiş etdim. Mən vəftiz olmaq istəyəndə ailə üzvlərim heç də buna sevinmədi. Anam dedi: «Hansı... dini seçirsən seç, bircə Yehovanın Şahidi olma». Nüfuzlu dövlət xadimi olan bir qohumumuz Yehovanın Şahidi olmaq qərarıma görə daima məni tənqid edirdi.
Lakin İsa peyğəmbərin insanlarla necə rəftar etdiyini bilmək, eləcə də onun məsləhətlərinə riayət etmək mənə müqavimət və rişxəndlərə tab gətirməyə kömək etdi. Yehovanın Şahidlərinin təlimlərini Müqəddəs Kitab təlimləri ilə müqayisə etdikdən sonra həqiqi dini tapdığıma əmin oldum. Məsələn, onlar Müqəddəs Kitabın xoş xəbəri bəyan etmək əmrini yerinə yetirirlər (Matta 28:19, 20; Həvarilərin işləri 15:14). Eyni zamanda, siyasətə qarışmırlar (Məzmur 146:3, 4; Yəhya 15:17, 18).
MƏNƏ FAYDASI. Müqəddəs Kitab məsləhətlərini həyatımda tətbiq etdikcə onların nə qədər faydalı olduğuna əmin oldum. Götürək elə marixuananı. Onu tərgitdikdən sonra artıq belə şeylərə hər ay yüzlərlə dollar sərf etmirəm. İndi məni qara basmır, emosional və fiziki sağlamlığım isə xeyli yaxşılaşıb.
Nəhayət ki, çoxdandır arzusunda olduğum həyatın mənasını tapdım. Ən əsası isə, mən Allaha yaxınlaşa bildim (Yaqub 4:8).
«Qəzəbimi cilovlamağı öyrəndim» (MARTİNO PEDRETTİ).
YAŞI: 43
ÖLKƏ: AVSTRALİYA
TARİXÇƏSİ: NARKOTİK ALVERÇİSİ
KEÇMİŞİM. Mən uşaq olanda ailəmiz tez-tez bir yerdən başqa yerə köçürdü. Biz kiçik şəhərlərdə, bir müddət böyük şəhərdə və hətta bir dəfə aborigenlərin içində yaşamışıq. Dayılarım və onların uşaqları ilə keçirdiyim xoş anlar heç vaxt yadımdan çıxmayacaq. Biz birlikdə balıq tutur, ov ovlayır, bumeranq və başqa şeylər düzəldirdik.
Atam boksçu idi və lap uşaqlıqdan mənə dalaşmağı öyrədirdi. Çox davakar idim. Yeniyetmə yaşlarımda günlərim barlarda keçirdi. Həmişə dostlarımla dava-dalaş axtarırdıq. Bıçaq və dəyənəklərlə 20 və ondan çox insana birdən hücum edirdik.
Mənim çörəyim narkotik və liman işçilərinin oğurladıqları əşyaları satmaqdan çıxırdı. Narkotik alverçilərinə borcu olan insanlara silahla hədə-qorxu gələrək onların borclarını yığırdım. Məqsədim muzdlu qatil olmaq idi və «öldür, yoxsa səni öldürəcəklər» şüarı ilə yaşayırdım.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Yehovanın Şahidləri barədə hələ yeniyetməlik illərində eşitmişdim. Yadımdadır, təxminən 20 yaşlarım olanda anamdan Yehovanın Şahidlərini harada tapa biləcəyimi soruşmuşdum. İki gün sonra Yehovanın Şahidi olan Dikson adlı bir nəfər qapımızı döydü. Onunla bir az söhbət etdikdən sonra məni yığıncaq görüşünə dəvət etdi. Mən həmin görüşə getdim və 20 ildir ki, bu görüşlərdə iştirak edirəm. Onlar hər bir sualıma Müqəddəs Kitabdan cavab verirdilər.
Yehova Allahın hər bir insanla şəxsən maraqlandığını biləndə çox sevindim (2 Peter 3:9). Mən başa düşdüm ki, hamı məndən üz döndərsə də, O, sevən bir ata kimi həmişə mənim qayğıma qalacaq. Həmçinin bir şeyi də öyrəndim ki, pis əməllərimdən dönsəm, günahlarımı bağışlayacaq. Efeslilərə 4:22—24 ayələrindəki sözlərin mənə böyük təsiri oldu. Mən ‘köhnə mənliyi kənara atıb, Allahın bənzəyişinə görə yaradılmış yeni mənliyi geyindim’.
Lakin mən birdən-birə dəyişmədim. Ara günləri narkotikə yaxın getməsəm də, həftəsonları dostlarımla görüşəndə nəfsimə hakim ola bilmirdim. Sonda anladım ki, pis vərdişlərimdən yaxa qurtarmaq istəyirəmsə, dostlarımdan uzaq bir yerə köçməliyəm. Elə bu səbəbdən başqa ştata köçmək qərarına gəldim. Bəzi dostlarım məni yola salmaq istədi, mən də etiraz etmədim. Yol boyu onlar marixuana çəkirdilər və mənə də təklif etdilər. Mən onlara bu vərdişlərdən əl çəkdiyimi dedim. Ştatın sərhədinə çatanda isə vidalaşdıq. Bir neçə vaxtdan sonra xəbər tutdum ki, dostlarım silahlı basqın edərək bankı yarıblar.
MƏNƏ FAYDASI. Əvvəlki dostlarımla bütün əlaqələri kəsdikdən sonra pis vərdişlərdən yaxa qurtarmaq daha asan oldu. 1989-cu ildə Yehovanın vəftiz olunmuş Şahidi oldum. Bundan sonra bacım, anam və atam da Yehovaya xidmət etməyə başladı.
Artıq 17 ildir ki, evliyəm və üç şirin-şəkər balamız var. Hətta məni qıcıqlandıranda belə qəzəbimi cilovlamağı öyrəndim. «Bütün qəbilələrdən, xalqlardan və dillərdən olan» insanları sevməyi də öyrəndim (Vəhy 7:9). İsa Məsih demişdi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən Mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir» (Yəhya 8:31, 32). Bu sözlərin həqiqiliyinə şəxsən əmin oldum!
[Haşiyə]
a Rastafarilər dredlər saxlayan və Efiopiya imperatoru Hayle Selassiyeni allah hesab edən bir Yamayka təriqətinin davamçılarıdır.
[30-cu səhifədəki yazı]
Dəyişiklikləri etmək üçün irqi ayrı-seçkiliyə təşviq edən musiqiyə qulaq asmağa son qoydum
[31-ci səhifədəki yazı]
Həmişə dostlarımla dava-dalaş axtarırdıq. Bıçaq və dəyənəklərlə 20 və ondan çox insana birdən hücum edirdik