TƏLİM MƏQALƏSİ 22
NƏĞMƏ 15 Yehovanın İlkinə təzim edək!
Yehovanın adı İsa üçün əziz idi
«Mən Sənin adını onlara açdım və yenə açacağam» (YƏH. 17:26).
ƏSAS FİKİR
Məqalədən görəcəyik ki, İsa Məsih insanlara Yehovanın adını açmaq, onu müqəddəs tutmaq və ona bəraət qazandırmaq üçün nələr etmişdi.
1, 2. a) Ölümündən əvvəlki gecə İsa nə etmişdi? b) Bu məqalədə hansı suallara cavab tapacağıq?
ERAMIZIN 33-cü ili nisanın 14-ü cümə axşamıdır. Artıq qaş qaralıb. Bir az sonra İsanı xəyanət, məhkəmə, işgəncə və edam gözləyir. O və sadiq həvariləri elə indicə yuxarı otaqda xüsusi yeməyi, Ağanın şam yeməyini yeyib qurtarıblar. Yeməkdən sonra İsa həvarilərini ruhlandırmaq üçün son sözlərini deyir. Yuxarı otaqdan çıxana yaxın isə o dayanır, dərin məna daşıyan bir dua edir. Həvari Yəhya həmin duanı qələmə alıb. Onu 17-ci fəslindən oxuya bilərik.
2 Məqalədə İsanın duasından nələr öyrənə biləcəyimizdən danışacağıq. Ölümündən əvvəl İsa əsasən nəyə görə narahat idi? Yer üzündə olarkən onun üçün ən vacib nə idi? Gəlin bu suallara cavab tapaq.
«MƏN SƏNİN ADINI ONLARA AÇDIM»
3. İsa Yehovanın adı ilə bağlı nə demişdi və o nəyi nəzərdə tuturdu? (Yəhya 17:6, 26).
3 Duasında İsa demişdi: «Mən Sənin adını onlara açdım». İsa bu məqamı düz iki dəfə vurğulamışdı. (Yəhya 17:6, 26 ayələrini oxuyun.) O nəyi nəzərdə tuturdu? İsa şagirdlərinə Allahın adının Yehova olduğunu açıqlamışdı? Xeyr, onlar yəhudi idi və Allahın adının Yehova olduğunu artıq bilirdilər. Tövratda bu ada minlərlə dəfə rast gəlmək olardı. Deməli, İsa şagirdlərinə sadəcə Allahın adını yox, bu adın Sahibinin necə bir Allah olduğunu açıqlamışdı. O, şagirdlərinə Yehovanı daha yaxşı tanımağa kömək etmişdi. Məsələn, Onun niyyəti, işləri və xüsusiyyətləri barədə danışmışdı. Bütün bunları İsadan yaxşı bilən ikinci varlıq yox idi.
4, 5. a) Hansı halda insanın adı bizim üçün xüsusilə əziz olur? Nümunə çəkin. b) İsanın şagirdlərinə Yehovanı daha yaxından tanımağa nə kömək etdi?
4 Gəlin bir nümunəyə baxaq. Təsəvvür edin ki, yığıncağınızda Davud adlı bir ağsaqqal var və o, cərrahdır. Siz həmin qardaşı uzun illərdir tanıyırsınız. Bir gün sizin təcili yardıma ehtiyacınız olur və dərhal özünüzü bu qardaşın işlədiyi xəstəxanaya çatdırırsınız. Qardaş sizin həyatınızı xilas edir. İndi bu qardaşın adı sizə xüsusilə əziz olur. Davud artıq sizin üçün təkcə ağsaqqal deyil, həm də həyatınızı xilas edən bir cərrahdır.
5 Buna bənzər tərzdə İsanın şagirdləri də Yehovanın adını artıq bilirdilər. İsanın xidməti sayəsində isə bu ad onlar üçün daha da əziz oldu. Nəyə görə belə deyə bilərik? Çünki İsa hər addımında, hər sözündə Atasının xüsusiyyətlərini əks etdirirdi. Beləcə, həvarilər İsanın öyrətmək tərzini və insanlarla rəftarını görəndə Yehovanı daha yaxşı tanıdılar (Yəh. 14:9; 17:3).
«MƏNƏ VERDİYİN ADININ XATİRİNƏ»
6. Yehova hansı mənada adını İsaya vermişdi? (Yəhya 17:11, 12).
6 İsa şagirdləri üçün dua edərkən demişdi: «Mənə verdiyin adının xatirinə gözün onların üstündə olsun». (Yəhya 17:11, 12 ayələrini oxuyun.) Bu sözlər o deməkdirmi ki, İsaya «Yehova» adı verilmişdi? Xeyr. Diqqət yetirin ki, İsa duasında «adının» sözünü işlədir. Bununla da göstərir ki, bu ad yalnız Yehovaya məxsusdur. Bir sözlə, Yehova Öz adını İsaya qoymamışdı. Bəs Allahın adı İsaya hansı mənada verilmişdi? Əvvəla, İsa Yehovanı təmsil edirdi, Onun elçisi idi. O, Atasının adından gəlmişdi və Atasının adı ilə möhtəşəm işlər görmüşdü (Yəh. 5:43; 10:25). Bundan əlavə, İsa Məsihin adının mənası «Yehova xilasdır» deməkdir. Bəli, İsanın adı Yehovanın adı ilə sıx bağlı idi.
7. Nəyə görə İsa Yehovanın adından danışa bilərdi? Nümunə çəkin.
7 Bunu aydın başa düşmək üçün gəlin bir nümunəyə nəzər salaq. Səfir öz ölkəsinin dövlət başçısını təmsil etdiyi üçün onun adından danışa bilər. Belə olan halda səfirin sözləri dövlət başçısının sözləri ilə eyni qüvvəyə malik olur. Eynilə, İsa da Yehovanı təmsil edirdi və insanlarla Atasının adından danışırdı (Mət. 21:9; Luka 13:35).
8. Nəyə əsasən demək olar ki, İsa hələ yer üzünə gəlməzdən əvvəl Yehovanın adını daşıyırdı? (Çıxış 23:20, 21).
8 Müqəddəs Kitabda İsa Məsih «Söz» adlanır, çünki Yehova onun vasitəsilə həm mələklərə, həm də insanlara sözünü çatdırır, göstərişlər verirdi (Yəh. 1:1—3). Çox güman ki, israillilər səhrada olarkən Yehovanın onlara kömək üçün göndərdiyi mələk İsa idi. Yehova israillilərə demişdi ki, bu mələyə tabe olsunlar. Səbəbini isə belə izah etmişdi: «Çünki o, Mənim adımı daşıyır»a. (Çıxış 23:20, 21 ayələrini oxuyun.) İsa hansı mənada Allahın adını daşıyırdı? O, Yehovanı təmsil edirdi, Onun adının müdafiəsində və müqəddəs tutulmasında aparıcı rol oynayırdı.
«ATA, ÖZ ADINI UCALT»
9. Yehovanın adı İsa üçün nə dərəcədə önəmli idi? İzah edin.
9 Öyrəndiyimiz kimi hələ yer üzünə gəlməmişdən əvvəl İsa üçün Yehovanın adı böyük əhəmiyyət daşıyırdı. Elə buna görə də yer üzündə olarkən İsa atdığı hər addımda Yehovanın adını düşünürdü. Xidmətinin sonuna yaxın İsa Yehovaya yalvarıb demişdi: «Ata, Öz adını ucalt». Yehova dərhal göydən uca səslə ona cavab vermişdi: «Ucaltmışam, yenə də ucaldacağam» (Yəh. 12:28).
10, 11. a) İsa Yehovanın adını necə ucaltmışdı? (Həmçinin şəklə baxın.) b) Yehovanın adının müqəddəs tutulmasına və bəraət qazanmasına nəyə görə ehtiyac var idi?
10 İsanın özü də Allahın adını ucaltmışdı. Necə? O, insanlara Atasının gözəl keyfiyyətləri və heyrətamiz işlərindən danışırdı. Amma bu yetərli deyildi. Yehovanın adı müqəddəs tutulmalı və bəraət qazanmalı idib. Bu, İsa üçün çox vacib məsələ idi. Bunu davamçılarına öyrətdiyi duadan görmək olar. O demişdi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun» (Mət. 6:9).
11 Nəyə görə Yehovanın adının müqəddəs tutulmasına və bəraət qazanmasına ehtiyac var idi? Çünki Ədən bağında Şeytan İblis Yehova Allahın adına qara yaxıb Ona böhtan atmışdı. O, iddia etmişdi ki, Yehova yalançıdır və yaxşı bir şeyi Adəmlə Həvvadan gizlədir (Yar. 3:1—5). Həm də yalandan demişdi ki, Yehovanın idarəetmə tərzi düzgün deyil. Onun yalan ittihamları birbaşa Yehovanın adını bədnam edirdi. Sonralar Əyyub peyğəmbərin dövründə Şeytan iddia etmişdi ki, Yehovaya qulluq edən insanlar bunu öz xeyirlərini güddükləri üçün edirlər. Hətta bu böhtançı demişdi ki, guya heç bir insan Yehovanı ürəkdən sevmir və sınaqla üzləşsə, daha Ona qulluq etməyəcək (Əyy. 1:9—11; 2:4). Bəs görəsən yalançı kim idi? Yehova, yoxsa Şeytan? Bunu sübut etmək üçün vaxt lazım idi.
İsa davamçılarına Yehovanın adını müqəddəs tutmağın vacibliyini izah etdi (10-cu abzasa baxın)
«MƏN HƏYATIMI FƏDA EDİRƏM»
12. İsa Atasının adına sevgidən irəli gələrək nələr etməyə hazır idi?
12 İsa Yehovanı o qədər sevirdi ki, Onun adını müqəddəs tutmaq və təmizə çıxarmaq üçün hər şeyə getməyə hazır idi. O demişdi: «Mən həyatımı fəda edirəm» (Yəh. 10:17, 18). Bəli, İsa Yehovanın adı uğrunda hətta ölməyə razı olduc. İlk kamil insanlar — Adəmlə Həvva Yehovaya arxa çevirdilər və Şeytanın tərəfinə keçdilər. İsa isə onlardan fərqli olaraq, könüllü şəkildə yer üzünə gəldi və Yehovaya məhəbbətini sübut etdi. O bunu bütün həyatı boyu sədaqətini qorumaqla göstərdi (İbr. 4:15; 5:7—10). İsa ta işgəncə dirəyində ölənə kimi Yehovaya sadiq qaldı (İbr. 12:2). Bu yolla o Yehovanı və Onun adını sevdiyini sübut etdi.
13. Nəyə görə İsa Şeytanın yalançı olduğunu sübut etmək üçün ən uyğun şəxs idi? (Həmçinin şəklə baxın.)
13 İsa öz həyatı ilə sübut etdi ki, yalançı Yehova yox, Şeytandır! (Yəh. 8:44). İsa qədər Yehovanı yaxşı tanıyan ikinci varlıq yox idi. Şeytanın Yehovaya qarşı söylədiyi ittihamlarda cüzi də olsa həqiqət olsaydı, İsanın bundan xəbəri olardı. Amma İsa Yehovanın adını müdafiə etməyə qəti qərarlı idi. Hətta Yehova müdafiəsini İsanın üzərindən götürəndə belə o, ölümə getməyə razı oldu, amma sevimli Atasına üz çevirmədi (Mət. 27:46)d.
İsanın həyatı Yehovanın yox, Şeytanın yalançı olduğuna zərrə qədər də şübhə yeri qoymadı! (13-cü abzasa baxın)
«MƏNƏ TAPŞIRDIĞIN İŞİ BAŞA ÇATDIRDIM»
14. Yehova İsaya sədaqətinə görə hansı mükafatı verdi?
14 Ölümündən öncəki gecə İsa etdiyi duada bu sözləri deyə bilmişdi: «Mənə tapşırdığın işi başa çatdırdım». İsa əmin idi ki, sadiq qaldığına görə Yehova onu mükafatlandıracaq (Yəh. 17:4, 5). İsanın Yehovaya etibarı boşa çıxmadı. Nəyə görə belə demək olar? Yehova onu məzarda qoymadı (Həv. 2:23, 24). Onu diriltdi və göydə ən yüksək mövqeyə ucaltdı (Filip. 2:8, 9). Sonralar İsa Allahın Padşahlığının Padşahı kimi hakimiyyət sürməyə başladı. Bəs bu Padşahlıq nəyə nail olacaq? Bu sualın cavabını İsanın şagirdlərinə öyrətdiyi duanın ikinci hissəsindən tapa bilərik: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mət. 6:10).
15. İsa başqa nələr edəcək?
15 Yaxın gələcəkdə İsa Allahın düşmənlərinə qarşı vuruşacaq və Armageddonda pisliyə son qoyacaq (Vəhy 16:14, 16; 19:11—16). Bundan qısa müddət sonra Şeytan «dibsiz quyuya» atılacaq, yəni ölü kimi fəaliyyətsiz vəziyyətdə olacaq (Vəhy 20:1—3). İsa minillik hakimiyyəti ərzində yer üzündə sülhü bərpa edəcək və bəşəriyyəti kamilliyə çatdıracaq. O, ölüləri dirildəcək və bütün dünyanı cənnətə çevirəcək. Nəhayət, Yehovanın niyyəti həyata keçəcək! (Vəhy 21:1—4).
16. Minillik hakimiyyətin sonunda həyat necə olacaq?
16 İsanın minillik hakimiyyətinin sonunda nələr olacaq? Günah və qeyri-kamilliyin izi-tozu qalmayacaq. Artıq insanların fidyə qurbanlığı əsasında günahlarına görə əfv diləməsinə, Yehova ilə aralarında kiminsə vasitəçi olmasına və ya kahinlik etməsinə ehtiyac qalmayacaq. «Axırıncı düşmən olan ölüm», yəni Adəmin gətirdiyi ölüm məhv ediləcək. Ölən insanlar həyata qayıtmış olacaq. Yer üzündə yaşayan hər bir insan kamilliyə yetişəcək (1 Kor. 15:25, 26).
17, 18. a) Minillik hakimiyyətin sonunda nə baş verəcək? b) İsa hakimiyyəti sona çatanda nə edəcək? (1 Korinflilərə 15:24, 28; həmçinin şəklə baxın.)
17 Bəs minilliyin sonunda daha nə baş verəcək? Çox xüsusi bir şey. Yehovanın adının müqəddəsliyi ilə bağlı mübahisəyə son qoyulacaq. Necə? Ədən bağında Şeytan Yehovanın yalançı olduğunu və insanları məhəbbətlə idarə etmədiyini iddia etmişdi. O vaxtdan bəri Yehovaya ehtiram bəsləyən kəslər Onun adını dəfələrlə müqəddəs tutublar. Beləliklə, minillik hakimiyyətin sonunda Yehovanın adı tamamilə bəraət qazanacaq. Onun məhəbbətli səmavi Atamız olduğuna artıq heç bir şübhə yeri qalmayacaq.
18 Şeytanın iddialarının yalan olduğu birdəfəlik sübuta yetiriləcək. Bəs İsa hakimiyyəti sona çatandan sonra nə edəcək? O da Şeytan kimi davranıb Yehovaya asi çıxacaq? Xeyr. (1 Korinflilərə 15:24, 28 ayələrini oxuyun.) İsa Padşahlığı Atasına təhvil verəcək, özü də Onun hakimiyyətinə tabe olacaq. Bəli, İsa Yehovanı sevdiyi üçün Şeytandan fərqli olaraq, əlində olan bütün səlahiyyəti Ona verməyə hazırdır.
İsa minillik hakimiyyətinin sonunda Padşahlığı könüllü şəkildə Yehovaya qaytarır (18-ci abzasa baxın)
19. «Yehova» adı İsa üçün hansı mənanı daşıyırdı?
19 İndi bizə aydındır, nəyə görə Yehova Öz adını İsaya vermişdi. İsa Yehovanı mükəmməl şəkildə təmsil etdi. Beləliklə, «Yehova» adı İsa üçün hansı mənanı daşıyırdı? Bu ad onun üçün hər şey idi. O bu ad uğrunda ölməyə hazır idi və minillik hakimiyyətinin sonunda hər şeyi Yehovaya qaytarmağa da hazır olacaq. Bəs biz İsanın nümunəsini necə izləyə bilərik? Bu haqda gələn məqalədə danışacağıq.
NƏĞMƏ 16 Xilaskar padşaha görə Yehovaya həmd olsun
a Bəzən mələklər də Yehovanın adından xəbər çatdıranda Onu təmsil edirdilər. Buna görə də Müqəddəs Kitabda mələyin danışdığı bəzi hadisələrdə Yehovanın danışdığı deyilir (Yar. 18:1—33). Müqəddəs Kitabda oxuyuruq ki, Musa peyğəmbərə Qanunu Yehova verib. Amma başqa ayələrdən aydın olur ki, Yehova bu Qanunu Musaya mələk vasitəsilə ötürmüşdü (Lav. 27:34; Həv. 7:38, 53; Qal. 3:19; İbr. 2:2—4).
b BƏZİ İFADƏLƏRİN İZAHI. «Müqəddəs tutmaq» deyiləndə şərəfləndirmək, pak hesab etmək və ehtiramla yanaşmaq nəzərdə tutulur. «Bəraət qazandırmaq» sözü kiminsə adını saxta ittihamlardan təmizləmək, ona haqq qazandırmaq və ya onun haqda deyilən böhtanların və ittihamların əsassız olduğunu sübut etmək, onun günahsız olduğunu göstərmək mənasını verir.
c İsanın ölümü bəşəriyyətin əbədi həyat almasına yol açdı.
d «Gözətçi qülləsi»nin 2021-ci il aprel sayının 30—31 səhifələrində yerləşən «Oxucuların sualları» rubrikasına baxın.