Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 noyabr s. 2—7
  • Yaşlansanız da, sevincinizi qoruya bilərsiniz

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaşlansanız da, sevincinizi qoruya bilərsiniz
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • QOCALANDA SEVİNCİ QORUMAĞIN ÇƏTİNLİYİ
  • SEVİNCİ QORUMAĞIN YOLLARI
  • BAŞQALARININ KÖMƏYİ
  • Yaşlı dindaşlarımızın qədrini bilək
    Gözətçi qülləsi 2021
  • Yehova nəvazişlə yaşlı xidmətçilərinin qayğısına qalır
    Gözətçi qülləsi 2008
  • Sadiq insanların son nəsihətinə əməl edin
    Gözətçi qülləsi 2024
  • Hər şeyi bilmədiyimizi təvazökarlıqla qəbul edək
    Gözətçi qülləsi 2025
Əlavə
Gözətçi qülləsi 2025
w25 noyabr s. 2—7

TƏLİM MƏQALƏSİ 44

NƏĞMƏ 138 Ağaran saçlar gözəllik tacıdır

Yaşlansanız da, sevincinizi qoruya bilərsiniz

«Saçları ağaranda da bar verəcəklər» (ZƏB. 92:14).

ƏSAS FİKİR

Gəlin görək yaşlansaq da, sevincimizi qorumaq nəyə görə vacibdir və bunu necə edə bilərik.

1, 2. Yehova Ona sadiq olan yaşlı xidmətçilərinə necə yanaşır? (Zəbur 92:12—14; həmçinin şəklə baxın.)

DÜNYANIN müxtəlif yerlərində qocalığı hərə bir cür qarşılayır. Məsələn, saçınıza ilk dən düşdüyü vaxt yadınızdadır? Bəlkə də, heç kəs görməmiş həmin o ağ tükü qoparmağa çalışmışdınız. Amma başınızdakı ağ tüklər azalmadı ki artdı. Bu nümunə qocalığı qəbul etməyin çoxları üçün nə qədər çətin olduğunu göstərir.

2 Amma səmavi Atamız Yehova yaşlı xidmətçilərinə fərqli cür yanaşır (Məs. 16:31). O bu xidmətçilərini barlı-bəhərli ağaclara bənzədir. (Zəbur 92:12—14 ayələrini oxuyun.) Nəyə görə bu bənzətmə yerindədir? Adətən qocaman ağacların gur yarpaqları və gözəl ətirli çiçəkləri olur. Ən gözoxşayan ağaclardan biri Yaponiyada bitən sakura ağacıdır. Bəzi sakura ağaclarının mindən çox yaşı var və onlar hədsiz dərəcədə gözəldirlər. Yehovanın yaşa dolmuş sadiq xidmətçiləri də Onun gözündə bu ağaclar kimi gözəldirlər. Yehova saçlarına dən düşən bu bacı-qardaşların qiymətli xüsusiyyətlərini görür. Onların dözümünə, sədaqətinə və illərlə etdikləri xidmətə dəyər verir.

Yaşlı bir cütlük parkdakı skamyada oturub. Əhatələrində çiçək açmış sakura ağacları var.

Qocaman ağaclar çox gözəl olur və çiçək açır. Eynilə Yehovaya sadiq olan yaşlı məsihilər də çox gözəldirlər və çiçəklənirlər (2-ci abzasa baxın)


3. Yehovanın niyyətinin həyata keçməsində yaşlı xidmətçilərinin hansı rolu olub? Nümunə çəkin.

3 İnsan yaşlandıqca Yehovanın gözündə dəyəri azalmıra. Yehova niyyətini çox vaxt yaşlı xidmətçiləri vasitəsilə həyata keçirir. Məsələn, Sara ahıl yaşlarında olanda Yehova ona qüdrətli xalqın anası olacağını və Məsihin onun nəslindən gələcəyini demişdi (Yar. 17:15—19). Yehova Musaya israilliləri Misirdən çıxartmağı tapşıranda Musa qoca yaşlarında idi (Çıx. 7:6, 7). Həvari Yəhya da Yehovanın ilhamı ilə beş kitabı yaşlı vaxtında yazmışdı.

4. Məsəllər 15:15 ayəsinə əsasən yaşlılara üzləşdikləri çətinliklərə tab gətirməyə nə kömək edə bilər? (Həmçinin şəklə baxın.)

4 Düzdür, qocalıq özü ilə birgə çoxlu çətinliklər də gətirir. Bir bacı zarafatla demişdi: «Qocalmaq cəsarət istəyir». Amma yaşlı bacı-qardaşlarımız sevinclərinib qorumağın sayəsində qocalığın gətirdiyi çətinliklərə dözə bilərlər. (Məsəllər 15:15 ayəsini oxuyun.) Bu məqalədə onlara sevinclərini qorumağa kömək edəcək bəzi məsləhətləri araşdıracağıq. Həmçinin görəcəyik ki, yığıncaqdakı bacı-qardaşlar yaşlı dindaşlarına necə dayaq ola bilərlər. Gəlin əvvəlcə görək yaşa dolanda sevinci qorumaq nəyə görə çətin olur.

Əvvəlki şəkildəki cütlük çiçək açmış sakura ağaclarının altında dayanıb, onlar əl-ələ tutub gülümsəyir.

Sevinci qorumaq qocalığın gətirdiyi çətinliklərə dözməyə kömək edə bilər (4-cü abzasa baxın)


QOCALANDA SEVİNCİ QORUMAĞIN ÇƏTİNLİYİ

5. Yaşlı insanların ruhdan düşməsinə nə səbəb ola bilər?

5 Sizi nə ruhdan sala bilər? Ola bilsin, əvvəllər gördüyünüz işləri artıq görə bilmirsiniz. Bəlkə də, cavan və gümrah olduğunuz vaxtların həsrətindəsiniz (Vaiz 7:10). Məsələn, Rubi adlı bir bacı deyir: «Adi paltarı belə çətinliklə geyinirəm. Çünki artıq əlim-ayağım tutmur, ağrılarım da yaman çoxdur. Bəzən sadəcə ayağımı qaldırıb corab geyinəndə zülm çəkirəm. Əllərim uyuşur, oynaqlarım ağrıyır. Buna görə də xırda işləri belə görmək mənə çətin gəlir». Əvvəllər Beyteldə xidmət edən Harold qardaş deyir: «Hərdən qəzəblənirəm, çünki özüm-özümü tanıya bilmirəm. Cavan olanda məndə idmançı gücü var idi. Beysbol oynamaq ən sevdiyim məşğuliyyət idi. Dostlarım həmişə deyirdi: “Topu Harolda verin, o bizə xal qazandıracaq”. İndi topu heç ata bilmirəm».

6. a) Başqa hansı səbəblərə görə yaşlılar ruhdan düşə bilər? b) Yaşlı insanlar avtomobil sürməyə davam edib-etməməklə bağlı qərarı necə verə bilərlər? (Bu sayda yerləşən «Avtomobil sürməyi dayandırım?» adlı məqaləyə baxın.)

6 Ola bilsin, ruhdan düşməyinizə səbəb indi başqalarından daha çox asılı olmağınızdır. Bəlkə də, baxıcıya ehtiyac duyursunuz, yaxud övladlarınızdan birinin evinə köçməlisiniz. Bundan əlavə, ola bilsin, səhhətiniz, görmə qabiliyyətiniz o dərəcədə zəifləyib ki, artıq maşın sürə bilmirsiniz, yaxud da harasa gedəndə gərək həmişə yanınızda kimsə olsun. Doğrudan da, bu çox çətin vəziyyətdir. Amma düşünməyin ki, öz qeydinizə qala, tək yaşaya və ya daha maşın sürə bilmirsinizsə, Yehovanın və insanların gözündə dəyərli deyilsiniz. Bundan əlavə, bilin ki, Yehova sizin hisslərinizi çox gözəl başa düşür. Onun üçün ən vacibi daxilən necə insan olmağınızdır. O bilir ki, qəlbiniz Ona və dindaşlarınıza məhəbbət və minnətdarlıqla aşıb-daşır (1 İşm. 16:7).

7. Bu dünyanın sonunu görməyə ömrünüzün yetməyəcəyini düşünüb məyus olursunuzsa, sizə nə kömək edə bilər?

7 Ruhdan düşməyinizə bir şey də səbəb ola bilər. Ola bilsin, belə düşünürsünüz: «Yəqin, bu dünyanın sonunu görməyə ömrüm yetməyəcək». Bəs sevincinizi qorumağa sizə nə kömək edə bilər? Yadda saxlayın ki, Yehova bu zalım dünyaya son qoyacağı anı səbirlə gözləyir (Əşy. 30:18). Amma Onun səbri səbəbsiz deyil. Bunun sayəsində milyonlarla insanın Yehovanı tanımaq və Ona qulluq etmək imkanı yaranır (2 But. 3:9). Buna görə də ruhdan düşəndə çalışın diqqətinizi buna cəmləyəsiniz. Yehovanın səbri sayəsində son gəlməzdən əvvəl çoxlu insanın xilas olmaq imkanı var. Kim bilir, bəlkə də, onların arasında sizin ailə üzvləriniz də olacaq?!

8. Xəstəlik və ya ağrı yaşlı insanların necə davranmalarına səbəb ola bilər?

8 Hansı yaşda oluruqsa olaq, özümüzü pis hiss edəndə sonradan peşman olacağımız nəsə deməyə və etməyə daha çox meyilli oluruq (Vaiz 7:7; Yaq. 3:2). Məsələn, Əyyub peyğəmbər iztirab çəkəndə ağlına gələni danışırdı (Əyy. 6:1—3). Yaşlı insanlar xəstəliyi ilə, yaxud qəbul etdiyi dərmanlarla əlaqədar xasiyyətlərinə xas olmayan sözlər işlədə və ya hərəkətlər edə bilər. Əlbəttə ki, yaşımızı və xəstəliyimizi bəhanə edib başqalarına qarşı kobudluq etmək və tələbkar olmaq düzgün olmaz. Həmçinin əgər ağzımızdan xoşagəlməz bir söz çıxsa, dərhal üzr istəməliyik (Mət. 5:23, 24).

SEVİNCİ QORUMAĞIN YOLLARI

Çiçək açmış sakura ağacının budaqları; dairədəki şəkillərdə göstərilib ki, yaşlı bacı-qardaşlar müxtəlif yollarla sevinclərini qoruyurlar. Bu barədə məqalənin 9—13 abzaslarında bəhs olunur.

Qocalığın gətirdiyi çətinliklərə baxmayaraq, sevincinizi necə qoruya bilərsiz? (9—13 abzaslara baxın)


9. Başqalarının köməyini nəyə görə qəbul etməliyik? (Həmçinin şəkillərə baxın.)

9 Köməyi qəbul edin (Qal. 6:2). Əvvəl-əvvəl bu asan olmaya bilər. Qretl adlı bacı deyir: «Bəzən kiminsə köməyini qəbul etmək mənə çətin gəlir. Elə bilirəm onlara yük oluram. Düşüncəmi dəyişməyə və köməyə ehtiyac duyduğumu təvazökarlıqla qəbul etməyə mənə vaxt lazım oldu». İnsanlardan kömək qəbul edəndə onlara səxavətli olmağın gətirdiyi sevinci duymağa imkan yaradırsınız (Həv. 20:35). Elə özünüz də yaxınlarınızın sizi nə qədər çox sevdiyini, sizə kömək etmək istədiyini görüb, sevinəcəksiniz.

Yaşlı bacı gənc bacının qoluna girib onun birlikdə bazarlıq edir.

(9-cu abzasa baxın)


10. Nəyə görə minnətdarlığınızı bildirməyi yaddan çıxarmamalısınız? (Həmçinin şəkillərə baxın.)

10 Minnətdarlığınızı bildirin (Kol. 3:15; 1 Salon. 5:18). Kimsə bizə yaxşılıq edəndə bunu qiymətləndirsək də, bəzən dildə deməyi unuduruq. Amma əgər gülümsəsək, «çox sağ ol» desək, dostlarımız zəhmətlərini qiymətləndirdiyimizi görəcəklər. Beyteldə yaşlılara baxan Liya adlı bacı deyir: «Qulluğunda durduğum bacılardan biri minnətdarlığını bildirmək üçün həmişə mənə kiçik açıqca verir. Açıqcada bir-iki söz yazsa da, ürəyimə yağ kimi yayılır. Bu cür açıqcalar sayəsində görürəm ki, bacı göstərdiyim köməyi qiymətləndirir və bu mənə xoş olur».

Yaşlı bir bacı minnətdarlıq açıqcası yazır.

(10-cu abzasa baxın)


11. Başqalarına necə kömək edə bilərsiz? (Həmçinin şəkillərə baxın.)

11 Başqalarına kömək etməyə çalışın. Vaxtınızı və gücünüzü başqalarına sərf etsəniz, öz problemləriniz haqda çox düşünməyəcəksiniz. Bir Afrika atalar sözündə yaşlı insanlar hikmətli fikirlərlə zəngin kitabxanaya bənzədilir. Amma bu kitablar sadəcə rəfdə qalsa, içindəki qiymətli incilərdən heç kim heç nə öyrənməyəcək. Buna görə də «canlı kitabxana» olun, özünüz təşəbbüs göstərib biliyinizi və təcrübənizi cavanlarla bölüşün. Onları tanımaq üçün suallar verin və dinləyin. Yehovanın normaları ilə yaşamağın nəyə görə ən doğru seçim olduğunu, onlara necə xoşbəxtlik gətirəcəyini başa salın. Şübhəsiz, gənc dostlarınızı ruhlandırmaq və onlara təsəlli vermək sizə sevinc gətirəcək (Zəb. 71:18).

Yaşlı bir qardaş ürəyini ona açıb danışan gənc qardaşı diqqətlə dinləyir.

(11-ci abzasa baxın)


12. Əşiya 46:4 ayəsinə əsasən Yehova yaşlı xidmətçilərinə nə vəd edir? (Həmçinin şəkillərə baxın.)

12 Dua edib Yehovadan güc istəyin. Ola bilsin, bəzən fiziki və emosional cəhətdən taqətdən düşürsünüz. Amma unutmayın ki, Yehovanın gücü tükənməzdir. Müqəddəs Kitabda yazılıb ki, «O, əsla yorulmur, taqətdən düşmür» (Əşy. 40:28). Buna görə də sizə ehtiyac duyduğunuz gücü verə bilər (Əşy. 40:29—31). Yehova bunu edəcəyinə hətta söz verir. (Əşiya 46:4 ayəsini oxuyun.) O həmişə sözünün üstündə durur (Yuş. 23:14; Əşy. 55:10, 11). Siz dua edib Yehovanın məhəbbətini və qayğısını görəndə istər-istəməz sevinc duyacaqsınız.

Yaşlı bir qardaş dua edir.

(12-ci abzasa baxın)


13. 2 Korinflilərə 4:16—18 ayələrinə əsasən nəyi yadda saxlamalıyıq? (Həmçinin şəkillərə baxın.)

13 Vəziyyətinizin müvəqqəti olduğunu özünüzə xatırladın. Çətin vəziyyətin müvəqqəti olduğunu biləndə ona dözmək daha asan olur. Biz Müqəddəs Kitabdan bilirik ki, qocalıq və xəstəlik müvəqqətidir (Əyy. 33:25; Əşy. 33:24). Ən gözəl günləriniz arxada yox, qarşıdadır. Bunu bilmək qoy sizə sevinc gətirsin. (2 Korinflilərə 4:16—18 ayələrini oxuyun.) Bəs başqaları necə kömək edə bilər?

Əlil arabasına məhkum yaşlı bacı Müqəddəs Kitabı oxuyur. O, yeni dünyada cavan olduğunu və əlil arabasından qalxıb yeridiyini təsəvvüründə canlandırır.

(13-cü abzasa baxın)


BAŞQALARININ KÖMƏYİ

14. Yaşlı insanlara zəng etmək və baş çəkmək nəyə görə vacibdir?

14 Yaşlı bacı-qardaşlarınıza tez-tez zəng edin və baş çəkin (İbr. 13:16). Onlar özlərini tənha hiss edə bilər. Evdən çölə çıxa bilməyən bir qardaş deyir: «Səhərdən axşama qədər dörd divar arasında oluram. Ürəyim çox sıxılır. Hərdən özümü qəfəsdəki qoca şir kimi hiss edirəm, dilxor oluram, əsəbiləşirəm». Yaşlı dindaşlarımıza baş çəkəndə onlara dəyər verdiyimizi və sevdiyimizi göstəririk. Yəqin, hamımızda elə olub ki, yığıncağımızdakı yaşlı məsihiyə zəng etmək və baş çəkmək istəmişik, amma etməmişik. Hamımızın işi başından aşır. Bəs «daha vacib şeyləri» ayırd etmək, məsələn, yaşlı məsihilərə baş çəkmək üçün nə edə bilərik? (Filip. 1:10). Onlara zəng etməyi və mesaj yazmağı unutmamaq üçün təqvimdə qeyd yazmaq olar. Onlara baş çəkmək üçün də vaxt təyin edin, yoxsa, yadınızdan çıxacaq.

15. Cavanlar yaşlılarla birlikdə nələr edə bilərlər?

15 Əgər siz cavansınızsa, ola bilsin, düşünürsünüz: «Yaşlı insanla nə danışım, onunla birlikdə nə edim, hara gedim?» Bu barədə çox düşünməyin, sadəcə yaxşı dost olun (Məs. 17:17). Yığıncaqdan əvvəl və sonra ayaq saxlayıb yaşlı dindaşlarınızla söhbət edin. Onlardan sevimli ayələrini soruşa bilərsiniz, ya da uşaqlıqda baş vermiş hansısa gülməli hadisəni danışmasını xahiş edə bilərsiniz. Həmçinin onları JW Broadcasting® proqramına baxmağa dəvət etmək olar. Bəs yaşlı dindaşlarınıza hansı işlərdə kömək edə bilərsiniz? Məsələn, elektron cihazlarına gələn yeniləmələri qoşmaq və ya təlim nəşrlərinin son saylarını yükləmək olar. Karol adlı yaşlı bacı deyir: «Yaşlılara sevdiyiniz məşğuliyyətləri birgə görməyi təklif edin. Mən qoca olsam da, həyatdan zövq almaq istəyirəm. Alış-veriş etməyi, haradasa yemək yeməyi, təbiət qoynuna çıxmağı çox sevirəm». Mayra adlı bacı deyir: «Dostlarımdan birinin 90 yaşı var. O məndən 57 yaş böyükdür. Amma aramızda bu qədər yaş fərqinin olduğunu çox vaxt hiss etmirəm, çünki bir yerdə deyib-gülürük, filmə baxırıq, problemimiz olanda isə bir-birimizdən məsləhət alırıq».

16. Həkim qəbulu zamanı yaşlı məsihinin yanında olmaq nəyə görə yaxşı olardı?

16 Həkim qəbuluna onlarla birlikdə gedin. Onları maşınla xəstəxanaya kimi aparmaqla yanaşı, alınarsa, yanlarında olun. Görün həkim və ya tibb bacısı onlarla necə rəftar edir. Lazımi qayğını göstərirlər? (Əşy. 1:17). Bundan əlavə, həkimin dedikləri ilə bağlı qeydlər aparsanız, onlara çox kömək etmiş olarsınız. Rut adlı yaşlı bacı deyir: «Çox vaxt həkim qəbuluna tək gedəndə mənə ciddi yanaşmırlar. Bir də görürsən, həkimlər mənə belə deyir: “Sənin problemin psixolojidir. Beyninə yeritmisən ki, xəstəsən”. Amma yanımda kimsə olanda həkim mənimlə tamam başqa cür rəftar edir. Vaxt ayırıb mənimlə birgə həkimə gedən bacı-qardaşlara çox minnətdaram».

17. Yaşlı məsihilərlə xidmətin hansı növlərində iştirak edə bilərsiniz?

17 Onlarla birlikdə xidmətə çıxın. Bəzi yaşlı bacı-qardaşların ev-ev təbliğ etməyə gücləri yoxdur. Bəlkə, onları ədəbiyyat arabası ilə şahidlik etməyə dəvət edəsiniz? Hətta ədəbiyyat arabasının yanında oturacaq da təşkil etmək olar. Yaxud yaşlı məsihini şagirdin dərsinə dəvət edə bilərsiniz. Hətta dərsi elə həmin məsihinin evində keçə bilərsiniz. Ağsaqqallar təbliğ görüşlərini yaşlı məsihilərin evində keçirməyi təşkil edə bilərlər. Bu həmin məsihilərin təbliğdə iştirak etməsini asanlaşdırar. Yaşlılara hörmət naminə hər zəhmətə qatlaşmağa dəyər (Məs. 3:27; Rom. 12:10).

18. Növbəti təlim məqaləsində nəyi araşdıracağıq?

18 Məqalə bizə xatırlatdı ki, Yehova yaşlı bəndələrini sevir və onlara dəyər verir. Elə biz də onları sevirik! Yaşa dolmaq özü ilə çoxlu çətinliklər gətirir. Amma Yehovanın köməyi ilə sevincinizi qoruya bilərsiniz (Zəb. 37:25). Gözəl günləriniz arxada qalmayıb, gələcəyiniz hələ qabaqdadır. Bəs yaşlı ailə üzvünə, xəstə övladına və ya dostuna baxan kəslər haqda nə demək olar? Onlara sevinclərini qorumağa nə kömək edə bilər? Bu sualların cavabını növbəti təlim məqaləsində tapacağıq.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yaşlı bacı-qardaşların sevinclərini itirməsinə nələr səbəb ola bilər?

  • Yaşlı məsihilər sevinclərini necə qoruya bilər?

  • Yığıncağımızdakı yaşlı bacı-qardaşlara necə dayaq ola bilərik?

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

a jw.org saytında və «JW Library®» tətbiqində «Yaşlı məsihilər, sizin əməyiniz əvəzsizdir!» adlı videoya baxın.

b BƏZİ İFADƏLƏRİN İZAHI. Sevinc müqəddəs ruhun bəhrəsinin bir hissəsidir (Qal. 5:22). Əsl sevinc Yehova ilə sıx münasibətdən qaynaqlanır.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş