Çərşənbə axşamı, 29 iyul
Səndən çox razıyam (Luka 3:22).
Yehovanın Öz xalqından razı olduğunu bilmək necə də xoşdur. Müqəddəs Kitabda deyilir: «Yehova xalqından zövq alır» (Zəb. 149:4). Bununla belə, hərdən bəzilərində bu cür narahatlıq olur: «Görəsən, Yehova şəxsən məndən razıdır?» Müqəddəs Kitabda adı çəkilən bir çox mömin insanda da bəzən bu cür narahatlıqlar baş qaldırırdı (1 İşm. 1:6—10; Əyy. 29:2, 4; Zəb. 51:11). Allahın Kəlamında aydın şəkildə göstərilir ki, qeyri-kamil insanlar Onun razılığını qazana bilər. Bunun üçün İsa Məsihə iman etmək və vəftiz olunmaq lazımdır (Yəh. 3:16). Beləcə, hamı görəcək ki, biz günahlarımızdan tövbə etmişik və Yehovaya Onun iradəsini yerinə yetirəcəyimizə dair söz vermişik (Həv. 2:38; 3:19). Yehova ilə dost olmaq üçün bu addımları atanda Onun qəlbini sevindiririk. Həsr olunma əhdimizə uyğun yaşamaq üçün əlimizdən gələni edəndə Yehova bizdən razı qalır və bizi Özünə yaxın dost hesab edir (Zəb. 25:14). w24.03 s. 26, abz. 1, 2
Çərşənbə, 30 iyul
Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik (Həv. 4:20).
Hökumət qadağan etsə də, təbliğ etməyə davam etməklə İsanın şagirdlərinin nümunəsini izləyə bilərik. Əmin ola bilərik ki, Yehova bizə xidmətimizi icra etməyə kömək edəcək. Ona görə də duada Ondan cəsarət və hikmət diləyin. Həmçinin problemlərinizə dözmək üçün Yehovadan kömək istəyin. Çoxlarımız xəstəliklər, emosional problemlər, əzizlərimizin itkisi, ailə daxili çətinliklər, təqiblər və digər problemlərlə üzləşirik. Hələ bir pandemiyalar və müharibələr olanda bu şeylərə dözmək daha da çətin olur. Bu zaman ürəyinizi Yehovaya boşaldın. Yaxın dostunuza özünüzlə bağlı nə deyərdinizsə, eyni şeyləri Yehovaya da deyin. Əmin olun ki, Yehova sizin işinizi yoluna qoyacaq (Zəb. 37:3, 5). Daima dua etmək bizə çətinliklərə sinə gərməyə kömək edəcək (Rom. 12:12). Yehova xidmətçilərinin nələr yaşadığını yaxşı bilir, onların fəryadlarını eşidir (Zəb. 145:18, 19). w23.05 s. 5—6, abz. 12—15
Cümə axşamı, 31 iyul
Əməllərinizin Rəbbə xoş gedib-getmədiyini daima yoxlayın (Efes. 5:10).
Vacib qərar verməli olanda Yehovanın iradəsini müəyyən etməli və ona uyğun davranmalıyıq (Efes. 5:17). Vəziyyətimizə dair Müqəddəs Kitab prinsipi axtarmaqla göstəririk ki, Yehovanın həmin məsələyə baxış tərzi bizim üçün önəmlidir. Tapdığımız prinsipləri tətbiq etsək, daha yaxşı qərarlar verəcəyik. Düşmənimiz Şeytan istəyir ki, biz dünyəvi işlərdən başımızı qaldıra bilməyək, Allaha ayıracaq vaxtımız qalmasın (1 Yəh. 5:19). Məsihi ehtiyatlı olmasa, diqqətini Allaha xidmət etmək üçün fürsətlər axtarmaq yerinə pula, təhsilə, işə cəmləyə bilər. Belə bir şey baş veribsə deməli, o, dünyanın təsiri altına düşüb. Təbii ki, bu şeylər öz-özlüyündə pis deyil, amma yol verməməliyik ki, bunlar həyatımızda ön plana keçsin. w24.03 s. 24—25, abz. 16, 17