Çərşənbə, 17 sentyabr
Xoşbəxtdir o kəs ki, təqsirləri bağışlanıb, günahları əfv edilib (Rom. 4:7).
Yehova Ona iman edən insanların təqsirini bağışlayır, günahlarını heç hesaba da almır (Zəb. 32:1, 2). Onun gözündə belə insanlar günahsız və salehdirlər. İbrahim, Davud və digər mömin insanlar saleh adlansalar da, qeyri-kamil, günahlı idilər. Amma Yehovaya ibadət etməyən insanlardan fərqli olaraq, onlar imanlı idilər, buna görə də Allah onları günahsız sayırdı (Efes. 2:12). Romalılara yazdığı məktubunda həvari Bulusun aydın izah etdiyi kimi, Yehova ilə dost olmaq üçün iman şərtdir. Elə bu səbəbdən İbrahimlə Davud peyğəmbər Allahla dost olub. Biz də ola bilərik. w23.12 s. 3, abz. 6, 7
Cümə axşamı, 18 sentyabr
İsanın vasitəsilə hər zaman Allaha mədh qurbanı, Onun adını bəyan edən dilimizin bəhrəsini təqdim edək (İbr. 13:15).
Bu gün bütün məsihilər Allaha qurban gətirə bilər. Necə? Vaxtımızı, gücümüzü və maddi vəsaitimizi Allaha ibadətə sərf etməklə. Yehovaya ən yaxşı qurbanları verməklə göstəririk ki, Ona ibadət etmək bizim üçün böyük şərəfdir. Həvari Bulus ibadətimizə aid olan bəzi sahələri vurğulayır və göstərir ki, onlara barmaqarası yanaşmamalıyıq (İbr. 10:22—25). Bura Yehovaya dua etmək, ümidimizi aləmdə bəyan etmək, yığıncaq görüşlərində iştirak etmək və Yehovanın gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha da çox ruhlandırmaq daxildir. «Vəhy» kitabının sonlarına yaxın Yehovanın mələyi düz iki dəfə deyir: «Allaha səcdə qıl» (Vəhy 19:10; 22:9). Gəlin Yehovanın böyük ruhani məbədi ilə bağlı dərin həqiqətləri heç vaxt unutmayaq və Ulu Allahımız Yehovaya ibadət etmək imkanını hər zaman qiymətləndirək! w23.10 s. 29, abz. 17, 18
Cümə, 19 sentyabr
Bir-birimizi sevək (1 Yəh. 4:7).
Hamımız istəyirik ki, həmişə «bir-birimizi sevək». Amma İsa Məsihin bu vacib xəbərdarlığını da unutmamalıyıq: «Əksər insanlarda məhəbbət soyuyacaq» (Mət. 24:12). İsa demirdi ki, bu onun şagirdlərinin çoxu ilə baş verəcək. Amma yenə də biz ehtiyatlı olmalıyıq. Məhəbbətdən kasad insanların bizi özlərinə oxşatmağına imkan verməməliyik. Ortaya belə sual çıxır: «Dindaşlarımıza sevgimizin güclü olub-olmadığını necə yoxlamaq olar?» Bunun üçün müəyyən vəziyyətlərdə necə davrandığımıza fikir verə bilərik (2 Kor. 8:8). Bu vəziyyətlərdən birini Butrusun sözlərindən görmək olar: «Hər şeydən ziyadə bir-birinizi hərarətlə sevin, çünki məhəbbət çoxlu günahın üstünü örtür» (1 But. 4:8). Deməli, dindaşımız səhv edəndə, yaxud da xətrimizə dəyəndə məhəbbətimizin nə dərəcədə güclü olduğunu yoxlamaq üçün fürsət yaranır. w23.11 s. 10—11, abz. 12, 13