Allahın Kəlamından zövq al
‘RƏBBİN qanunundan zövq alan’ insan bəxtiyardır. O, Allahın Kəlamını ‘gecə-gündüz alçaqdan oxuyur’ (Məz. 1:1, 2, YD). Sən də bu zövqü duyursanmı? Allahın Kəlamının sənə daha çox sevinc gətirməsi üçün nə edə bilərsən?
Yehovanın sözlərini dinlə
Sözləri sadəcə oxumaqla kifayətlənmə. Oxuduqlarını təsəvvüründə canlandır. Danışanların səslərini təsəvvür et. Müqəddəs Kitabın ilk fəsillərini oxuduqca, yeri insanlar üçün hazırlayarkən addımbaaddım nə etdiyini Yehovanın Özündən eşitməyə çalış. Mahir Usta olan Oğluna ilk insanları yaratmağın vaxtı çatdığını deməsinə qulaq as. Bu səhnəni təsəvvüründə canlandır: Adəmlə Həvva üsyan qaldırırlar, Allah onlara hökm çıxarır və sonra cənnətdən qovur (Yaradılış 1-3 fəs.). Göydən gələn səsin İsa Məsihin Allahın sevimli oğlu olduğunu və insanların uğrunda həyatını qurban vermək üçün göndərildiyini dediyi haqda oxuyarkən qoy ürəyin Allaha qarşı ehtiramla dolsun (Mat. 3:16, 17). Yehova: «Budur, Mən hər şeyi yeniləşdirirəm» deyərkən həvari Yəhyanın keçirdiyi hissləri təsəvvür etməyə çalış (Vəhy 21:5). Doğrudan da, Allahın Kəlamını bu cür oxumaq insana zövq verir!
Allahdan ilham almış sözləri oxuduqca, Yehovanı əzəmətli və ehtiram doğuran bir Şəxs kimi tanıyacaqsan. Beləliklə, bizi sevən, mərhəmət göstərən, iradəsini təvazökarlıqla yerinə yetirdiyimiz təqdirdə, köməyini bizdən əsirgəməyən, gördüyümüz hər işdə uğur qazanmağı bizə öyrədən Allaha daha da yaxınlaşacaqsan (Yeşua 1:8; Məz. 8:1; Yeşaya 41:10).
Müqəddəs Kitabı oxumağa nə qədər çox vaxt ayırsan, bir o qədər də çox məmnunluq duyacaqsan, çünki Allahın sənə dair iradəsini getdikcə daha dərindən dərk edəcəksən. Ancaq Allahın Kəlamını oxumaqdan aldığın zövq bununla bitməyəcək. Oxuduqların problemlərin öhdəsindən müdrikliklə gəlməkdə sənə kömək edəndə sən də məzmurçu kimi eyni sözləri deyəcəksən: «Öyüdlərinin heyrətamizliyinə görə onlara ürəkdən əməl edirəm» (Məz. 119:129). Müqəddəs Kitabdan düşüncə tərzini və arzularını Allahın normalarına uyğunlaşdırmağa kömək edən prinsipləri oxumaq da sənə sevinc gətirəcək (Yeşaya 55:8, 9).
Müqəddəs Kitabda bizi təhlükədən qoruyan və düzgün yolla aparan əxlaq normaları var. Onu oxuduqca anlayırıq ki, Yehova günahlı təbiətimizin arzularına uymağın hansı problemlərə gətirib çıxaracağını bilən Atadır. O istəmir ki, biz Onun yüksək əxlaq normalarına barmaqarası baxıb, sonra da bunun qaçılmaz acı nəticələrindən əzab çəkək. O, bizim qeydimizə qalır və bizə gözəl həyat arzulayır. Müqəddəs Kitabı oxuduqca, Yehovanın Allahımız və səmavi Atamız olmasının böyük xeyir-dua olduğunu daha dərindən başa düşürük.
Müqəddəs Kitabı hər gün oxu
Məzmurçu Allahın Kəlamını hər gün oxuyan adam haqda belə demişdi: «Etdiyi hər işdə uğur qazanar» (Məz. 1:3). Bəli, qeyri-kamilliyimizə, Şeytanın pis dünyasında yaşamağımıza və onun bizi aşırmaq üçün göstərdiyi cəhdlərə baxmayaraq, Allahın Kəlamını müntəzəm oxumaq və tətbiq etmək bizə Yehova ilə münasibətlərimizə aid olan hər şeydə uğur qazanmağa kömək edəcək.
Bu köhnə dünya bizi əzməyə çalışdığından, Yaradanın düşüncə tərzini mənimsəmək üçün hər gün ayırdığımız bir neçə qiymətli dəqiqə belə, bizi gücləndirə bilər. İmanlarına görə həbs edilənlərin bəziləri yalnız qəzetlərdə rastlarına çıxan bir neçə ayə ilə kifayətlənməli olmuşlar. Onlar bu ayələri kəsib götürür, əzbərləyir və üzərində dərindən düşünürdülər. Yehova onların cəhdlərinə xeyir-dua verirdi, çünki Allahın Kəlamını dərk etmək üçün imkanları daxilində əllərindən gələni edirdilər (Mat. 5:3). Əlbəttə, onlara baxanda əksəriyyətimiz daha çox sərbəstik. Gündə bir dəfə tələm-tələsik bir ayə oxumağın möcüzəvi təsiri olacağını düşünmək düzgün olmazdı. Ancaq hər gün Müqəddəs Kitabdan bir parça oxuyub üzərində düşünməyi və öyrəndiklərimizi həyatımızda tətbiq etməyi birinci yerə qoysaq, xeyir-dua alacağıq.
Düzdür, hər şey həmişə planlaşdırdığımız kimi olmur. Bu halda belə, həqiqətən əhəmiyyət kəsb edən şeylərə üstünlük veririk. Məsələn, biz bilə-bilə bütün günü, yaxud iki gün dalbadal susuz qalmarıq. Buna görə də, gündəlik həyatımızda nə baş verirsə-versin, özümüzü həqiqət suları ilə təravətləndirmək üçün vaxt ayırmalıyıq (Həv. iş. 17:11).
Allahın Kəlamını əvvəldən-axıra qədər oxu
Sən şəxsən Müqəddəs Kitabı başdan-ayağa kimi oxumusanmı? Müqəddəs Kitabı «Yaradılış»dan «Vəhy»ə kimi oxumaq fikri bəzilərini qorxudur. Buna görə də, Müqəddəs Kitabı bütünlüklə oxumaq istəyən bir çox adam Yunanca Müqəddəs Yazılardan başlayıb. Nə üçün? Ola bilsin, ona görə ki, Məsihin izləri ilə gedən insanlar kimi, Müqəddəs Yazıların bu hissəsinin şəxsən özlərinə necə aid olduğunu görmək onlara daha asan olmuşdur. Yaxud da Müqəddəs Kitabın dörddə bir hissəsindən bir az çox olan həmin yazılar onların gözünə elə də böyük görünməmişdir. Ancaq bu 27 kitabı oxuyub qurtardıqdan sonra onlar 39 kitabdan ibarət olan İbranicə Müqəddəs Yazıları oxumağa başlamış və bundan zövq duymuşlar. İbranicə Müqəddəs Yazıları oxuyub qurtaranda onlar artıq Müqəddəs Kitabı müntəzəm oxumağa vərdiş etmiş, buna görə də ikinci dəfə Yunanca Müqəddəs Yazıları oxumağa başlamış və bu vərdişi heç vaxt tərgitməmişlər. Sən də Allahın Kəlamını gündəlik oxumağı ömürlük vərdişinə çevir.
Ailəndə, yaxud yığıncaqda oxumağı bacarmayan kimsə varmı? Nəyə görə ona Müqəddəs Kitabı birlikdə müntəzəm oxumağı təklif etməyəsən? Bunun həm sənə, həm də eşitdiklərinin üzərində düşündükcə və həyatında tətbiq etdikcə, onun özünə faydası olacaq (Vəhy 1:3).
Vaxt keçdikcə, səndə Müqəddəs Kitabı hansısa xüsusi plan üzrə oxumaq istəyi yarana bilər. Onlardan bəziləri Müqəddəs Kitabın müxtəlif hissələri arasındakı əlaqəni daha dərindən başa düşməyə kömək edə bilər. Əgər istifadə etdiyin Müqəddəs Kitabda paralel ayələrə istinadlar varsa, onlar səni tarixi detallara və paralel hadisələrə yönəldəcək. Onların köməyilə müxtəlif məzmurların, eləcə də İsa Məsihin həvarilərinin məktublarının hansı vəziyyətdən irəli gələrək yazıldığını başa düşəcəksən. «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında (ing.) Müqəddəs Kitabda adları çəkilən xalqlar, yerlər və keyfiyyətlər haqqında zəngin məlumat var. Cədvəllər diqqəti Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsinə yönəldir, hansı padşahların hansı peyğəmbərlərin müasiri olduğunu və Müqəddəs Kitabdakı bir çox hadisələrin təxmini vaxtını göstərir.
Öyrəndiklərin üzərində düşündükcə, Allahın xalqının düşdüyü müəyyən vəziyyətlərin səbəbini anlayacaqsan. Həmçinin Yehovanın nəyə görə Öz xalqı ilə bu və ya digər tərzdə rəftar etməsini başa düşəcəksən. Dövlətlərin, xalqların və ayrı-ayrı adamların hərəkətlərinə Yehovanın necə qiymət verdiyini görəcəksən. Bunun sayəsində Onun fikirlərini daha dərindən anlayacaqsan.
Hadisələrin baş verdiyi yerləri təsəvvüründə canlandıranda, Müqəddəs Kitab tarixi sənə daha maraqlı gələcək. Müqəddəs Kitabda adları çəkilən ölkələrin xəritələri müxtəlif yerlər arasındakı məsafələri, həmçinin əraziləri göstərir. Məsələn, israillilər Qırmızı dənizi təxminən haradan keçmişdilər? Vəd edilmiş diyarın sahəsi nə qədər olub? Yer üzündə xidmət edərkən İsa Məsih haralara gedib? Pavel missioner səyahəti zamanı haralardan keçib? Oxuduqlarını gözünün önündə canlandırmaq üçün xəritələrdə və coğrafi təsvirlərdə çoxlu təfsilatlar var. Müqəddəs Kitabda adları çəkilən ölkələrin xəritələrini haradan əldə etmək olar? Onların bir qismini Müqəddəs Kitabda tapmaq olar. «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında (ing.) təxminən 70 xəritə, birinci cildin sonunda isə xəritə indeksi var. Digər xəritələri tapmaq üçün «Gözətçi Qülləsi nəşrlərinin indeksi»nə bax. Əgər bu mənbələr əlçatan deyilsə, onda Müqəddəs Kitabı oxuyarkən «Gözətçi Qülləsi»ndə çap edilən xəritələrdən istifadə et.
İbranicə Müqəddəs Yazılarda Davud padşah Yehovanı bu sözlərlə ucaldır: «Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, onların sayı-hesabı yoxdur!» (Məz. 139:17). Yunanca Müqəddəs Yazılarda həvari Pavel Yehovaya həmd edirdi, çünki O, «ürəklərimizi işıqlandırdı ki, İsa Məsihin simasında Allah izzətini dərk etmək nuruna malik olaq» (2 Kor. 4:6). Davudla Pavel müxtəlif əsrlərdə yaşamışlar, ancaq hər ikisi də Allahın Kəlamından zövq alırdılar. İlhamlanmış Kəlamının səhifələrində Yehovanın sənə çatdırdığı hər şeyi oxumağa vaxt ayırsan, bu zövqü sən də duyarsan.