Allahın niyyətində İsanın xüsusi rolunu dərk etməli və qiymətləndirməliyik
«Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz» (YƏH. 14:6).
1, 2. İsanın Allahın niyyətindəki xüsusi rolu bizi nəyə görə maraqlandırmalıdır?
ƏSRLƏR ərzində bir çoxları başqalarından fərqlənmək üçün dəridən-qabıqdan çıxsalar da, buna yalnız bəziləri müvəffəq olmuşlar. Ancaq çox az adam başqalarından həqiqətən də müəyyən sahələrdə fərqləndiyini deyə bilər. Amma Allahın Oğlu İsa Məsih bir çox sahələrdə başqalarından fərqlənir.
2 İsanın xüsusi rolu nəyə görə bizi maraqlandırmalıdır? Çünki bu, səmavi Atamız olan Yehova Allahla münasibətimizlə bağlıdır. İsa demişdi: «Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz» (Yəh. 14:6; 17:3). Gəlin İsanın başqa insanlardan fərqləndiyi bəzi sahələri nəzərdən keçirək. Belə etməklə biz onun Allahın niyyətindəki rolunu dərk edəcək və qiymətləndirəcəyik.
‘Vahid Oğul’
3, 4. a) Nəyə görə deyə bilərik ki, İsanın vahid Oğul rolu xüsusidir? b) Nə üçün İsanın yaradılışda oynadığı rol xüsusi idi?
3 İsa sadəcə Allahın oğlu deyil, Onun ‘vahid Oğludur’ (Yəh. 3:16, 18). «Vahid» kimi tərcümə olunan yunan sözü «özlüyündə yeganə olan», yəni «xüsusi» deməkdir. Yehovanın milyonlarla ruhani oğulları var. Bəs onda İsa hansı mənada «özlüyündə yeganə olan»dır?
4 İsa bilavasitə Allah tərəfindən yaradılan yeganə varlıq olduğu üçün xüsusidir. O, ilk doğulan Oğuldur. İsa ‘bütün xilqətin fövqündə duran, ilk doğulandır’ (Kolos. 1:15). O, «Allahın xilqətinin başlanğıcı»dır (Vəhy 3:14, KM). Vahid Oğulun yaradılışda oynadığı rolu da xüsusidir. İsa bütün varlıqların Yaradanı və ya Banisi deyil. Lakin Yehova hər şeyi yaratmaqda ondan bir vasitəçi kimi istifadə etmişdir. (Yəhya 1:3 ayəsini oxu.) Həvari Pavel yazırdı: «Bizim tək bir Ata Allahımız vardır. Hər şey Ondandır və biz Onun üçün mövcuduq. Və bir Rəbbimiz İsa Məsih vardır ki, hər şey Onun vasitəsi ilədir və biz Onun vasitəsilə mövcuduq» (1 Kor. 8:6).
5. Müqəddəs Yazılar İsanın xüsusi olduğunu necə göstərir?
5 Amma İsanın xüsusiliyi yalnız bundan ibarət deyil. Müqəddəs Yazılarda onun Allahın niyyətindəki rolunu açıqlayan bir çox titullar var. Gəlin Yunanca Müqəddəs Yazılarda rast gələn daha beş titulu araşdıraqa.
«Kəlam»
6. İsanın «Kəlam» adlanması nəyə görə yerindədir?
6 Yəhya 1:14 ayəsini oxu. İsa nəyə görə «Kəlam», yəni «Loqos» adlanır? Bu titul digər şüurlu varlıqlar yaradıldıqdan sonra İsanın vəzifəsinin nədən ibarət olduğunu göstərir. Yehova ruhani oğullarına məlumat və göstərişlərini Oğlunun vasitəsilə çatdırdığı kimi, yer üzündə yaşayan insanlara da Öz xəbərini çatdırmaq üçün Oğlundan istifadə edirdi. İsanın Kəlam, yəni Allahın Nümayəndəsi olması yəhudi dinləyicilərinə dediyi sözlərə uyğun gəlirdi: «Verdiyim təlim Mənim deyil, Məni Göndərənindir. Kim Onun iradəsini yeritmək istəyərsə, öyrətdiklərimin Allahdanmı olduğunu, yoxsa Özümdənmi söylədiyimi biləcəkdir» (Yəh. 7:16, 17). İsa səmavi izzətə qayıdandan sonra da «Allah Kəlamı» titulunu daşıyır (Vəhy 19:11, 13, 16).
7. İsanın «Kəlam» rolunda göstərdiyi təvazökarlığı necə təqlid edə bilərik?
7 Bu titulun daşıdığı məna üzərində fikirləşək. İsa Yehovanın yaratdıqları arasında ən hikmətli varlıq olsa da, heç vaxt öz müdrikliyinə bel bağlamırdı. O, Atasından öyrəndiklərini danışırdı. O, hər zaman diqqəti özünə yox, Yehovaya yönəldirdi (Yəh. 12:50). Bu bizim üçün necə də gözəl nümunədir! Bizə də ‘yaxşı şeylər müjdələmək’ kimi şərəfli iş həvalə olunub (Rom. 10:15). İsanın göstərdiyi gözəl təvazökarlıq nümunəsini qiymətləndirməyimiz bizi öz adımızdan danışmamağa təşviq etməlidir. Müqəddəs Yazılardan həyati vacib xəbəri təbliğ edəndə heç vaxt ‘yazılanın həddini aşmaq’ istəmirik (1 Kor. 4:6).
«Amin»
8, 9. a) «Amin» sözünün mənası nədir və nəyə görə İsa «Amin» adlanır? b) İsa «Amin» rolunu necə yerinə yetirdi?
8 Vəhy 3:14 ayəsini oxu. Nəyə görə İsa «Amin» adlanır? «Amin» ibrani sözünün transliterasiyasıdır və mənası «qoy elə olsun» və ya «doğrudur» deməkdir. Bu ibrani sözünün kökü «sadiq», yaxud «etibara layiq» mənası verən sözdən əmələ gəlib. Yehovanın sadiqliyindən bəhs ediləndə də bu sözdən istifadə olunur (Qanun. t. 7:9; Yeşaya 49:7). Bəs İsanın «Amin» adlanması onun xüsusi olduğunu necə göstərir? Gör, 2 Korinflilərə 1:19, 20 ayələri bu suala necə cavab verir: «Sizin aranızda... təbliğ etdiyimiz Allahın Oğlu İsa Məsih həm “bəli”, həm “yox” olmamışdır, lakin Onda həmişə “bəli” olmuşdur; çünki Allah nə qədər vəd etmişsə, hamısı Məsihdə “bəli”dir. Buna görə bizim vasitəmizlə Allaha izzət olsun deyə “amin” Onun adı ilə söylənir».
9 İsa Allahın bütün vədlərinin yerinə yetəcəyinə zəmanətdir — «Amin»dir. İsanın özünü fidiyə qurbanlığı kimi verməsi və yer üzündə sürdüyü günahsız həyatı sayəsində Yehova Allahın bütün vədlərinin yerinə yetəcəyi təsdiqləndi və onların həyata keçməsi mümkün oldu. «Əyyub» kitabında oxuduğumuz kimi, Şeytan iddia edir ki, Allahın xidmətçiləri korluq çəkəndə, əzab-əziyyətlə qarşılaşanda və imtahana məruz qalanda Ondan üz döndərəcəklər. Amma İsa Allaha sadiq qalmaqla bu iddianın yalan olduğunu sübut etdi (Əyy. 1:6-12; 2:2-7). Allahın ilk Oğlu bütün varlıqlar qarşısında Şeytana qəti cavab verdi. Üstəlik, İsa qanuni olaraq Yehovaya məxsus olan ali hökmranlığa dair qaldırılan məsələdə Atasının tərəfini tutaraq ən gözəl nümunə qoydu.
10. Biz İsanı bu xüsusi sahədə, yəni «Amin» rolunda necə təqlid edə bilərik?
10 Biz İsanı bu xüsusi sahədə, yəni «Amin» rolunda necə təqlid edə bilərik? Yehovaya sadiq qalmaqla və Onun ali hökmranlığını dəstəkləməklə. Belə etməklə biz Süleymanın məsəlləri 27:11 ayəsində yazılan: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm» çağırışa hay veririk.
«Əhdi-Cədidin Vəsatətçisi»
11, 12. Nəyə görə İsanın Vasitəçi və ya Vəsatətçi rolu xüsusidir?
11 1 Timoteyə 2:5, 6 ayələrini oxu. «Allahla insanlar arasında olan Vasitəçi» İsadır. O, «Əhdi-Cədidin Vəsatətçisi»dir (İbr. 9:15; 12:24). Musa da vasitəçi — Qanun əhdinin vasitəçisi adlanır (Qalat. 3:19). Bəs onda nə üçün İsanın Vəsatətçi və ya Vasitəçi rolu xüsusidir?
12 «Vəsatətçi» və ya «vasitəçi» kimi tərcümə edilən söz orijinal dildə hüquqi termindir. Bu söz yeni xalqın — «Allahın İsraili»nin yaranmasını mümkün edən yeni əhdin qanuni Vasitəçisi (və ya müəyyən mənada vəkili) kimi İsaya aid edilir (Qalat. 6:16). Bu xalq göylərdə padşahlıq edəcək «kahin tayfası»nı təşkil edən ruhla məsh olunmuş məsihçilərdən ibarətdir (1 Pet. 2:9; Çıx. 19:6). Vasitəçisi Musa olan Qanun əhdi belə bir xalqı yarada bilməmişdir.
13. İsanın Vasitəçi roluna nə daxildir?
13 İsanın Vasitəçi roluna nə daxildir? Yehova İsanın qanının dəyərini yeni əhdə daxil olanlara tətbiq edir. Bununla da Yehova qanuni olaraq onları ‘saleh’ elan edir (Rom. 3:24, İ–93; İbr. 9:15). Bunun sayəsində Allah onları yeni əhdə qəbul edir və onlar göylərdə padşah-kahin vəzifəsini icra etmək ümidinə malik olurlar. İsa, məsh olunmuşların Vasitəçisi kimi, Allah qarşısında təmiz adlarını qoruyub saxlamaqda onlara yardım edir (İbr. 2:16).
14. Nəyə görə ümidindən asılı olmayaraq, hər məsihçi İsanın Vasitəçi roluna hörmətlə yanaşmalıdır?
14 Bəs yeni əhdə daxil olmayanlar, yəni göylərdə yox, yer üzündə əbədi yaşamağa ümid edənlər haqda nə demək olar? Onlar yeni əhdin şərikləri olmasalar da, ondan fayda əldə edirlər. Onların günahları bağışlanır və Allahın dostları kimi saleh elan edilirlər (Yaq. 2:23; 1 Yəh. 2:1, 2). Ümidimizdən asılı olmayaraq, hər birimiz İsanın yeni əhdin Vasitəçi roluna hörmətlə yanaşmalıyıq.
«Baş Kahin»
15. İsanın Baş Kahinlik rolu nəyə görə baş kahin kimi xidmət etmiş bütün başqa kişilərin rolundan fərqlənir?
15 Bir çox kişilər keçmişdə baş kahin kimi xidmət etmişdilər, lakin İsanın icra etdiyi Baş Kahin rolu doğrudan da xüsusidir. Nəyə görə? Pavel izah edir: «O, digər baş kahinlər kimi, əvvəlcə öz günahları üçün, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyildir. Çünki O Öz-Özünü qurban verməklə bunu birdəfəlik etdi. Zira Müqəddəs Qanun, zəif olan adamları baş kahin təyin edir; Qanundan sonra verilən and sözü isə, əbədi kamilləşdirilmiş Oğulu təyin etdi» (İbr. 7:27, 28)b.
16. Nəyə görə İsanın fidiyə qurbanlığı həqiqətən də xüsusidir?
16 İsa, Adəm günah işlətməzdən öncə olduğu kimi, kamil insan idi (1 Kor. 15:45). Bu səbəbdən bizə görə mükəmməl, qüsursuz, yəni əvəz edilməyə ehtiyacı olmayan qurbanı yalnız bir insan — İsa təqdim edə bilərdi. Musanın Qanununa görə, qurbanlar hər gün gətirilirdi. Bütün bu qurbanlar və kahinlərin icra etdiyi xidmət İsanın edəcəyi işin kölgəsindən başqa bir şey deyildi (İbr. 8:5; 10:1). Digər baş kahinlərdən fərqli olaraq, İsanın bu vəzifədə çox şeyə nail olduğunu və onu heç kəsin əvəz etməyəcəyini nəzərə alsaq, onun Baş Kahin kimi icra etdiyi vəzifəsinin xüsusi olduğu təəccüblü deyil.
17. Nə üçün biz İsanın Baş Kahin roluna görə dərindən minnətdar olmalıyıq və bunu necə edə bilərik?
17 Allahın gözündə lütf tapmağımıza kömək etsin deyə Baş Kahin olan İsa Məsihin xidmətinə ehtiyac duyuruq. Bizim necə də gözəl Baş Kahinimiz var! Pavel yazırdı: «Biz elə bir baş kahinə malik deyilik ki, zəifliklərimizdə bizə acıya bilməsin; əksinə, bizim kimi imtahan edilmiş, günahdan xaric, hər şeydə bizə bənzəyən bir Baş Kahinə malikik» (İbr. 4:15). Buna görə dərin minnətdarlıq bizi ‘özümüz üçün yox, uğrumuzda Ölən üçün yaşamağa’ təşviq etməlidir (2 Kor. 5:14, 15; Luka 9:23).
Vəd edilmiş «övlad»
18. Adəm günah işlətdikdən sonra Allah hansı peyğəmbərliyi söylədi və bir qədər sonra bu peyğəmbərliklə bağlı nə açıqlandı?
18 Bəşəriyyətin ilk çağında, Edən bağında, insanlar hər şeyi — Allahla münasibətlərini, əbədi həyatı, xoşbəxtliyi və Cənnəti itirəndə Yehova Allah bir Xilaskarın gələcəyini vəd etdi. Allah onu «övlad» adlandırdı (Yar. 3:15). Kimliyi sirr olan bu övlad əsrlər ərzində Müqəddəs Kitabda qələmə alınan bir çox peyğəmbərliklərin əsas mövzusu idi. O, İbrahimin, İshaqın və Yaqubun nəslindən gəlməli, həmçinin padşah Davudun sülaləsindən olmalı idi (Yar. 21:12; 22:16-18; 28:14; 2 Şam. 7:12-16).
19, 20. a) Vəd edilmiş Övlad kimdir? b) Nəyə görə demək olar ki, vəd olunmuş Övlada yalnız İsa daxil deyil?
19 Bu vəd olunmuş Övlad kim idi? Bu sualın cavabını Qalatiyalılara 3:16 ayəsində tapmaq olar. (Ayəni oxu.) Lakin həmin fəslin digər ayəsində həvari Pavel məsh olunmuş məsihçilərə deyir: «Madam ki, siz Məsihinkisiniz, deməli, İbrahimin nəslisiniz və vədə görə varissiniz» (Qalat. 3:29). Nəyə görə demək olar ki, İsa vəd olunmuş övladdır və bu vədə daha kimlər daxildir?
20 Milyonlarla insan İbrahimin nəslindən olduğunu iddia edir və hətta bəziləri özlərini peyğəmbərlər kimi aparır. Bəzi dinlər öz peyğəmbərlərinin İbrahimin nəslindən olduğu iddiasına böyük əhəmiyyət verir. Bəs onların hamısı vəd olunmuş Övladdırmı? Xeyr. Həvari Pavelin Allahdan ilham alaraq qeyd etdiyi kimi, İbrahimin nəslindən olanların hamısı vəd olunmuş Övlad olduğunu deyə bilməz. İbrahimin digər oğullarının nəsli bəşəriyyətə xeyir-dualar yağdırmaq üçün istifadə edilməmişdir. Belə övlad yalnız İshaqın nəslindən gəlməli idi (İbr. 11:18). Nəhayətdə, İbrahimin nəslindən olduğu Müqəddəs Kitabda təsdiq edilən yalnız bir insan — İsa Məsih vəd olunmuş övladın əsas hissəsi olduc. Bir müddətdən sonra İbrahimin övladının ikinci dərəcəli hissəsi olan insanlar ‘Məsihinki’ olduqları üçün bu «övlada» daxil olurlar. İsanın bu peyğəmbərliyin yerinə yetməsində oynadığı rol həqiqətən də xüsusidir.
21. Yehovanın niyyətində İsanın oynadığı xüsusi rolunda sənə ən çox nə təsir bağışlayır?
21 Yehovanın niyyətində İsanın xüsusi rolunu qısaca nəzərdən keçirməyimizdən nə öyrəndik? Yaradıldığı gündən bəri Allahın vahid Oğlu, həqiqətən də, xüsusi və özlüyündə yeganədir. Buna baxmayaraq, sonradan İsa olan Allahın xüsusi Oğlu həmişə təvazökarlıqla Atasının iradəsinə uyğun xidmət edirdi və heç vaxt özü üçün izzət axtarmırdı (Yəh. 5:41; 8:50). Bu bizim üçün necə də gözəl nümunədir! Gəlin, İsa kimi, biz də ‘hər şeyi Allahın izzəti üçün edək’ (1 Kor. 10:31).
[Haşiyələr]
a Bu titulların bəziləri yunan müəyyənlik artikli ilə yazılır. Bir alimin sözlərinə görə, belə artikl ilə yazılan titul yalnız İsaya tətbiq edilir.
b Bir Müqəddəs Kitab aliminin sözlərinə görə, «birdəfəlik» kimi tərcümə olunan söz Müqəddəs Kitabın vacib bir fikrini vurğulayır: bu söz «Məsihin ölümünün təkzibedilməz, xüsusi və ya təkrarolunmaz olduğunu göstərir».
c Eramızın birinci əsrindəki yəhudilər hərfi mənada İbrahimin övladları, yəni nəslindən olduqları üçün üstünlüyə malik olduqlarını düşünsələr də, bir insanın Məsih kimi gəlişini gözləyirdilər (Yəh. 1:25; 7:41, 42; 8:39-41).
Yadınızdadırmı?
• İsanın titullarından onun xüsusi rolu haqda nə öyrəndin? (Çərçivəyə bax.)
• Yehovanın xüsusi olan Oğlunun nümunəsini necə təqlid edə bilərsən?
[15-ci səhifədəki çərçivə/şəkil]
Allahın niyyətində İsanın xüsusi rolunu göstərən bəzi titullar
◼ Vahid Oğul (Yəh. 1:3). İsa bilavasitə Allah tərəfindən yaradılan yeganə varlıqdır.
◼ Kəlam (Yəh. 1:14). Yehova məlumat və göstərişlərini başqa varlıqlara çatdırmaq üçün Oğlundan Nümayəndə kimi istifadə edirdi.
◼ Amin (Vəhy 3:14). İsanın özünü fidiyə qurbanlığı kimi verməsi və yer üzündə sürdüyü günahsız həyatı sayəsində Yehova Allahın bütün vədlərinin yerinə yetəcəyi təsdiqləndi və onların həyata keçməsi mümkün oldu.
◼ Yeni əhdin Vasitəçisi (1 Tim. 2:5, 6). Qanuni Vasitəçi kimi, İsa yeni xalqın — «Allahın İsraili»nin yaranmasını mümkün etdi. Bu xalq göylərdə padşahlıq edəcək «kahin tayfası»nı təşkil edən ruhla məsh olunmuş məsihçilərdən ibarətdir (Qalat. 6:16; 1 Pet. 2:9).
◼ Baş Kahin (İbr. 7:27, 28). Bizə görə mükəmməl, qüsursuz, yəni əvəz edilməyə ehtiyacı olmayan qurbanı yalnız bir insan — İsa təqdim edə bilərdi. O bizi günahdan təmizləyə və onun nəticəsi olan ölümdən azad edə bilər.
◼ Vəd olunmuş Övlad (Yar. 3:15). Yalnız bir insan — İsa Məsih vəd olunmuş Övladın əsas hissəsidir. İbrahimin övladının ikinci dərəcəli hissəsi olanların hamısı Məsihə məxsusdur (Qalat. 3:29).