Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w00 1/12 s. 25—30
  • Oxumaq və öyrənmək üçün vaxtı “satın alın”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxumaq və öyrənmək üçün vaxtı “satın alın”
  • Gözətçi qülləsi 2000
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabı oxumaq və öyrənmək üçün vaxt tapmaq
  • Üstünlüyü müəyyən etməliyik
  • Bə’ziləri öyrənmək üçün vaxtı necə tapırlar?
  • “Vaxtlı-vaxtında... yemək payları”
  • Yaxşı qidalanmağa vərdiş edin
  • Oxumaqdan və öyrənməkdən əldə edilən ruhani faydalar
  • Oxumaqla məşğul ol
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Müqəddəs Kitabı oxumaq faydalı və xoşdur
    Gözətçi qülləsi 2000
  • Müqəddəs Kitabı oxumaqdan zövq alın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Övladlarınıza oxumaq və araşdırma aparmaq istəyini aşılayın
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2000
w00 1/12 s. 25—30

Oxumaq və öyrənmək üçün vaxtı “satın alın”

“Özünüz üçün müvafiq vaxtı satın alın, çünki yaşadığımız günlər şərdir” (EFESLİLƏRƏ 5:16, YD).

1. Vaxtı planlaşdırmaq nəyə görə müdriklikdir və vaxtımızdan necə istifadə etməyimiz nəyi göstərir?

“VAXTI planlaşdır — ona qənaət et” deyilir. Vaxtının müəyyən hissəsini vacib olan işlərə ayıran şəxs, ondan daha səmərəli istifadə edə bilir. Müdrik padşah Süleyman yazırdı: “Hər şeyin zamanı və göylər altında hər işin vaxtı var” (Vaiz 3:1). Hər birimiz eyni miqdarda vaxta sahibik və bu vaxtdan necə istifadə edəcəyimizi özümüz qərarlaşdırmalıyıq. Nəyə üstünlük verməyimiz və vaxtımızı necə bölüşdürməyimiz, bizim üçün nəyin daha qiymətli olduğunu göstərir (Matta 6:21).

2. a) Dağüstü təbliğində İsa ruhani tələbatlarımız haqqında nə dedi? b) Özümüzü necə yoxlaya bilərik?

2 Yeməyə və yuxuya vaxt ayırmağa məcburuq, çünki bunlar bizim fiziki tələbatlarımızdır. Bəs ruhani tələbatlarımız barədə nə demək olar? Biz bilirik ki, onları da tə’min etmək lazımdır. İsa, Dağüstü təbliğində demişdir: “Özlərinin ruhani tələbatlarını dərk edənlər xoşbəxtdirlər” (Matta 5:3, YD). Elə bu səbəbdən, “sadiq və ağıllı qul” Müqəddəs Kitabı oxumaq və öyrənmək üçün vaxt ayırmağın nə qədər vacib olduğunu müntəzəm olaraq bizə xatırladır (Matta 24:45). Ola bilər, bunun nə qədər vacib olduğunu dərk edir, ancaq vaxtınızın olmadığını düşünürsünüz. Əgər bu belədirsə, gəlin Allahın Kəlamını oxumaq, şəxsi öyrəndiklərimizin və oxuduqlarımızın üzərində düşünmək üçün lazım olan vaxtı tapmağın üsullarına baxaq.

Müqəddəs Kitabı oxumaq və öyrənmək üçün vaxt tapmaq

3, 4. a) Vaxtdan istifadə etməklə əlaqədar Pavel hansı məsləhəti verdi və bu özünə nəyi daxil edir? b) “Müvafiq vaxtı satın” almağa təşviq edərkən, həvari Pavel nəyi nəzərdə tuturdu?

3 Yaşadığımız vaxtı nəzərə alaraq, hər birimiz həvari Pavelin sözlərinə riayət etməliyik: “Beləliklə, nə cür hərəkət etdiyinizə çox diqqət verin, hikmətsiz kimi yox, hikmətli kimi yaşayın. Hər fürsətdən istifadə edin [“Özünüz üçün müvafiq vaxtı satın alın”, YD], çünki yaşadığımız günlər şərdir. Buna görə ağılsız olmayın, lakin Rəbbin iradəsi nədirsə, onu qavrayın” (Efesliləpə 5:15—17). Şübhəsiz ki, bu nəsihət məsihçi həyatımızın bütün sahələrinə aiddir və o cümlədən özünə, dua etməyi, öyrənməyi, görüşlərə gəlməyi və “Padşahlıq haqqında olan... Müjdənin” təbliğində daha fəal iştirak etmək üçün vaxt tapmağı daxil edir (Matta 24:14; İ—93; 28:19, 20).

4 Göründüyü kimi, bu gün Yeqovanın xidmətçilərindən çoxu Müqəddəs Kitabı oxumaq və dərindən öyrənmək üçün vaxt tapmaqda çətinlik çəkirlər. Aydın məsələdir ki, iyirmi dörd saatdan ibarət olan günümüzə artıq saat əlavə etmək mümkün deyil, deməli, Pavel başqa bir şeyi nəzərdə tuturdu. Yunan dilində “müvafiq vaxtı satın alın” ifadəsi, bir şeyi başqa bir şeyin hesabına satın almağı nəzərdə tutur. U. E. Vayn özünün lüğətində bu ifadəni “hər imkandan mümkün qədər faydalanmaq, əldən buraxılan imkanın bir daha geri qayıtmayacağından onu ən yaxşı tərzdə istifadə etmək” kimi izah edir (U. E. Vayn, “Expository Dictionary”). Müqəddəs Kitabı oxumaq və öyrənmək üçün, müvafiq vaxtı biz haradan və nəyin hesabına satın ala bilərik?

Üstünlüyü müəyyən etməliyik

5. “Ən vacib şeyləri” nəyə görə və necə ayırd etməliyik?

5 Dünyəvi işlərimizdən əlavə, ruhani planda da çoxlu məs’uliyyətlərimiz mövcuddur. Bizə, Yeqovanın sadiq xidmətçiləri kimi, “Rəbbin işində tərəqqi etmək” lazımdır (1 Korinflilərə 15:58). Buna görə də, Pavel filipili məsihçiləri “ən vacib olan şeyləri” ayırd etməyə çağırırdı (Filipililərə 1:10, YD). Bu o deməkdir ki, üstünlükləri müəyyən etmək lazımdır. Ruhani dəyərlər maddi məsələlərdən həmişə üstün olmalıdır (Matta 6:31—33). Həmçinin ruhani məs’uliyyətlərimizi yerinə yetirmək üçün də, tarazlığı saxlamaq vacibdir. Biz vaxtımızı məsihçi həyatının müxtəlif sahələrinə necə bölüşdürürük? Səyyah nəzarətçilər xəbər verirlər ki, məsihçilər üçün “ən vacib olan şeylər” arasında şəxsi öyrənməyə və Müqəddəs Kitabın oxunmasına daha çox e’tinasızlıq göstərilir.

6. Müvafiq vaxtı “satın almaq” üçün, dünyəvi və ya ev işlərimizlə əlaqədar hansı tədbirlər lazım gələ bilər?

6 Gördüyümüz kimi, müvafiq vaxtı “satın almaq” özünə,- “hər imkandan mümkün qədər faydalanmağı və hər imkanı ən yaxşı tərzdə istifadə etməyi” daxil edir. Buna görə də, əgər Müqəddəs Kitabı oxumaq və öyrənmək vərdişimiz qaydasında deyilsə, yaxşı olardı ki, özümüzü yoxlayıb, vaxtımızın nəyə sərf olunduğunu aydınlaşdıraq. Əgər dünyəvi işimiz vaxtımızın və qüvvəmizin daha çox hissəsini alırsa, duamızda bu haqda Yeqovaya danışmalıyıq (Məzmur 55:22). Yəqin ki, Müqəddəs Kitabın oxunması və öyrənilməsi də daxil olmaqla, Yeqovaya ibadətlə bağlı vacib işlərə vaxt ayırmaq üçün daha çox dəyişikliklər edə bilərik. Haqlı olaraq deyilir ki, qadının işi heç vaxt qurtarmaz. Buna görə məsihçi bacılar da üstünlüyü müəyyən etməli və Müqəddəs Kitabı oxuyub ciddi olaraq öyrənməyə vaxt ayırmalıdırlar.

7, 8. a) Oxumaq və öyrənmək üçün vaxtı hansı işlərin hesabına “satın” almaq olar? b) İstirahət etməkdə əsas məqsəd nədən ibarətdir və bunu xatırlayaraq üstünlükləri necə müəyyən edə bilərik?

7 Ümumiyyətlə bizlərdən çoxumuz öyrənmək üçün vaxtı az əhəmiyyətli işlərin hesabına “satın” ala bilərik. Özümüzdən soruşa bilərik: dünyəvi jurnalları və qəzetləri oxumağa, televiziya verilişlərinə baxmağa, musiqiyə qulaq asmağa və ya video oyunlar oynamağa nə qədər vaxt sərf edirəm? Kompüter qarşısında keçirdiyim vaxt, Müqəddəs Kitabın oxunmasına sərf etdiyim vaxtdan artıqdırmı? Pavel deyir: “Buna görə ağılsız olmayın, lakin Rəbbin iradəsi nədirsə, onu qavrayın” (Efeslilərə 5:17). Bir çox Şahidlərin şəxsi öyrənməyə və Müqəddəs Kitabın oxunmasına lazımi qədər vaxt ayırmamalarının əsas səbəblərindən biri, televizora həddindən artıq baxmalarıdır (Məzmur 101:3; 119:37, 47, 48).

8 Bə’zi kəslər, daim öyrənməyin onlar üçün çətin olduğunu, dincəlməyə də ehtiyac duyduqlarını söyləyə bilərlər. Bu doğrudur, ancaq yenə də istirahətə və Müqəddəs Kitabın oxunub öyrənməsinə ayırdığımız vaxtı müqayisə etməyimiz yaxşı olardı. Nəticə gözlənilməz ola bilər. Əylənmək və istirahət vacib olsa da, onların da yeri olmalıdır. Bunlar, ruhani fəaliyyətimiz üçün yeni qüvvə əldə etmək məqsədilə edilməlidir. Bir çox televiziya verilişləri və video oyunlar insanı əldən saldığı halda, Allahın Kəlamını oxumaq və öyrənmək onu möhkəmləndirib gücləndirir (Məzmur 19:7, 8).

Bə’ziləri öyrənmək üçün vaxtı necə tapırlar?

9. Yeqovanın Şahidlərinin 1999-cu il üçün “Müqəddəs Yazıları gündəlik araşdırmaq” broşürasında olan məsləhətlərə riayət etmək nə üçün faydalıdır?

9 Yeqovanın Şahidlərinin 1999-cu il üçün “Müqəddəs Yazıları gündəlik araşdırmaq” broşürasının müqəddiməsində deyilir: “Bu broşürada olan gündəlik ayələri və onlara verilən şərhləri hər gün səhər təhlil etmək çox faydalı olacaq. Özünüzü elə hiss edəcəksiniz ki, sanki Dahi Müəllim Yeqova sizi öz nəsihətləri ilə oyadır. İsa Məsihin haqqında peyğəmbərcəsinə, hər səhər Yeqovanın nəsihətlərindən faydalanan şəxs kimi danışılır: “[Yeqova] hər sabah oyandırır, şagirdlər kimi eşitsin deyə qulağımı oyandırır”. Belə nəsihətlərin sayəsində, “yorğun adama sözlə təsəlli verə” bilsin deyə İsaya “şagirdlərin dili” verildi (Yeş. 30:20; 50:4; Mat. 11:28—30). Hər səhər Allahın Kəlamından gələn məsləhətlərlə oyandırılmaq, təkcə öz problemlərinizin öhdəsindən gəlməkdə yox, həmçinin başqalarına kömək edə bilməniz üçün, sizə “şagirdlərin dilini” verəcək”a.

10. Bə’ziləri Müqəddəs Kitabı oxumaq və öyrənmək üçün vaxtı necə tapırlar və bu onlara hansı faydanı gətirir?

10 Bir çox məsihçilər, hər səhər sübhdən gündəlik ayələri və onlara verilən şərhləri, eləcə də Müqəddəs Kitabı oxuyub və ya öyrənməklə bu məsləhətlərə riayət edirlər. Fransada yaşayan sadiq pioner bir bacı, hər səhər sübhdən oyanır və Müqəddəs Kitabın oxunmasına 30 dəqiqə vaxt ayırır. İllər ərzində bunu etməyə ona nə kömək edir? Bacı deyir: “Oxumaq üçün dərin həvəs duyuram və nə olursa-olsun oxu qrafikimə ciddi riayət edirəm!” Oxumaq üçün günün hansı saatını seçsək də, vacib olan odur ki, oxu qrafikimizə bağlı qalaq. Avropada və Şimali Afrikada 40 ildən artıq pioner xidmətində çalışan Rene Mika deyir: “Mən, 1950-ci ildə, hər il Müqəddəs Kitabı bütünlüklə oxumağı qarşıma məqsəd qoydum və bu günə qədər bunu 49 dəfə etmişəm. Mən, Yaradanımla sıx münasibəti qoruyub saxlamağım üçün, bunun həyati vacib olduğunu düşünürəm. Allahın Kəlamı üzərində düşünmək, Yeqovanın ədalətini və digər xüsusiyyətlərini daha da yaxşı başa düşməkdə mənə kömək edir və məni həmişə möhkəmləndirir”b.

“Vaxtlı-vaxtında... yemək payları”

11, 12. a) “Sadiq nökərbaşı” hansı ruhani “yemək payları” verir? b) Nəyə görə demək olar ki, “yemək payları” vaxtlı-vaxtında verilir?

11 Müntəzəm qidalanmaq yaxşı fiziki sağlamlığa səbəb olduğu kimi, Müqəddəs Kitabın müntəzəm oxunması və öyrənilməsi də yaxşı ruhani sağlamlığa səbəb olur. Lukanın Müjdəsində İsanın bu sözlərini oxuyuruq: “Belə isə vaxtlı-vaxtında onlara yemək paylarını vermək üçün ağasının nökərləri üzərinə qoyduğu sadiq və ağıllı nökərbaşı kimdir?” (Luka 12:42). Artıq 120 ildən çoxdur ki, “Gözətçi Qülləsi”nin və Müqəddəs Kitaba əsaslanan başqa nəşrlərin vasitəsilə insanlara “vaxtlı-vaxtında... yemək payları” verilir.

12 “Vaxtlı-vaxtında” ifadəsinə diqqət yetirək. “Dahi Müəllim” (YD) Yeqova, öz oğlu və qul sinfi vasitəsilə, tə’lim və davranış məsələlərində xalqına lazımi vaxtda yol göstərir. Sanki hamımız: “Sağa yaxud sola sapınca”, arxamızda “yol budur, bu yolda yeriyin” deyən səs eşidirik (Yeşaya 30:20, 21). Bundan əlavə, Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri ayrıca olaraq diqqətlə oxuyanda, insanlar hiss edirlər ki, orada ifadə olunan fikirlər konkret olaraq onlara ünvanlanıb. Bəli, Allah tərəfindən verilən məsləhət və rəhbərlik vaxtlı-vaxtında gəlir və sınaqlar qarşısında tab gətirməkdə, yaxud müdrik qərar qəbul etməkdə bizə kömək edir.

Yaxşı qidalanmağa vərdiş edin

13. Ruhən pis qidalanma vərdişlərindən bə’ziləri hansılardır?

13 Vaxtlı-vaxtında verilən “yemək payları”ndan bütünlüklə fayda əldə edə bilək deyə, yaxşı qidalanmağa vərdiş etməliyik. Müqəddəs Kitabı oxumaq, şəxsi öyrənmə üçün qrafik tərtib etmək və bu qrafikə əməl etmək çox vacibdir. Bəs sizin ruhən yaxşı qidalanmaq vərdişiniz varmı, dərindən şəxsi öyrənmə üçün müntəzəm vaxt ayırırsınızmı? Yoxsa bizim üçün diqqətlə hazırlanan materiallara “sanki ayaqüstü dadına baxır kimi” sadəcə göz gəzdirir, bə’zən isə bu və ya digər “yeməkləri” gözdən qaçırırsınız? Ruhən yaxşı qidalanma vərdişləri olmadığından bə’ziləri imanda zəifləmiş, hətta həqiqətdən uzaqlaşmışlar (1 Timoteyə 1:19; 4:15, 16).

14. Bizə tanış görünən mövzuları diqqətlə öyrənmək nəyə görə faydalıdır?

14 Ola bilər, bə’zi kəslər artıq əsas tə’limləri bildiklərini və hər mövzuda tamamilə yeni bir şeydən danışılmadığını düşünürlər. Buna görə də, ardıcıl surətdə öyrənməyi və yığıncaqlara getməyi lazımsız sayırlar. Lakin Müqəddəs Kitab göstərir ki, bildiklərimizin xatırladılmasına ehtiyacımız var (Məzmur 119:95, 99; 2 Peter 3:1; Yəhuda 5) Yaxşı aşpaz bir neçə əsas məhsullardan çoxlu ləziz yeməklər hazırladığı kimi, qul sinfi də bizi müxtəlif ruhani qidalarla qidalandırır. Hətta dəfələrlə müzakirə etdiyimiz mövzuların belə, diqqətimizə layiq incəlikləri var. Oxuduğumuz materialdan nə qədər faydalanacağımız əsas e’tibarı ilə onu öyrənmək üçün sərf etdiyimiz vaxtdan və qüvvədən asılıdır.

Oxumaqdan və öyrənməkdən əldə edilən ruhani faydalar

15. Müqəddəs Kitabı oxumaq və öyrənmək, Allahın Kəlamının daha bacarıqlı xidmətçiləri olmaqda bizə necə kömək edir?

15 Müqəddəs Kitabı oxumaqdan və öyrənməkdən əldə etdiyimiz faydalar saysız-hesabsızdır. Bizə, əsas məsihçi vəzifələrimizdən birini, yə’ni “utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi” olmağa kömək edir (2 Timoteyə 2:15). Müqəddəs Kitabı nə qədər çox oxusaq və öyrənsək, ağlımız da bir o qədər Allahın düşüncələri ilə dolar. O zaman biz də, Pavel kimi, “Yazıları... [insanlarla] müzakirə” edib, Yeqovanın gözəl niyyətləri haqqındakı həqiqəti onlara “izah və sübut” edərik (Həvarilərin işləri 17:2, 3, İ—93). Öyrətmək qabiliyyətimiz artar, söhbətlərimiz, nitqlərimiz və nəsihətlərimiz isə ruhani cəhətdən daha möhkəmləndirici olar (Süleymanın məsəlləri 1:5).

16. Allahın Kəlamını oxumaq və öyrənmək hər birimizə hansı faydanı verir?

16 Bundan əlavə, Allahın Kəlamının dərindən araşdırılmasına həsr etdiyimiz vaxt, həyatımızı, bütünlüklə Yeqovanın yolları ilə uyğunlaşdırmağa kömək edəcək (Məzmur 25:4; 119:9, 10; Süleymanın məsəlləri 6:20—23). Həlimlik, sədaqət kimi ruhani xüsusiyyətlərimiz yaxşılaşacaq və xoşbəxtliyimiz artacaq (Təsniyə 17:19, 20; Vəhy 1:3). Müqəddəs Kitabı oxuyarkən və öyrənərkən əldə etdiyimiz bilikləri praktikada tətbiq etsək, həyatımızda Allahın ruhunun tə’sirini hiss edəcəyik və gördüyümüz hər bir işdə ruhun səmərələri daha güclü tərzdə əks olunacaq (Qalatiyalılara 5:22, 23).

17. Müqəddəs Kitabı nə qədər və necə oxumağımız və öyrənməyimiz Yeqova ilə münasibətimizə necə tə’sir edir?

17 Ən başlıcası isə odur ki, başqa məşğuliyyətlərin hesabına “satın” alınan və Müqəddəs Kitabın oxunub öyrənilməsinə həsr edilən vaxt Allahla münasibətimizi möhkəmləndirməyə kömək edəcək. Pavel dua edirdi ki, onun həmimanlıları “tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə” qavrasınlar ki, “Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salsınlar” (Koloslulara 1:9, 10). “Rəbbə layiq şəkildə hərəkət etmək” üçün həmçinin biz də “tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramalıyıq”. Mə’lum məsələdir ki, Yeqovanın xeyir-duasını və tə’rifini qazanmağımız, əsas e’tibarı ilə Müqəddəs Kitabı nə qədər və necə oxumağımızdan və öyrənməyimizdən asılıdır.

18. İsanın Yəhya 17:3 ayəsindəki sözlərinə riayət etsək, hansı xeyir-duaları alarıq?

18 “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3). Bu, Müqəddəs Kitabı öyrənməyin vacibliyini başqaları da dərk etsinlər deyə, Yeqovanın Şahidlərinin tez-tez müraciət etdikləri ayələrdən biridir. Əlbəttə, Müqəddəs Kitabı öyrənmək bizim özümüz üçün də vacibdir. Axı əbədi həyata olan ümidimiz, Yeqova və Oğlu İsa Məsih haqqında olan biliyimizi artırmağımızdan asılıdır. Bunun nə demək olduğunu bircə təsəvvür edin. Yeqova haqqında əbədiyyən bilik əldə edəcəyik və heç zaman bunun sonu olmayacaq! (Vaiz 3:11; Romalılara 11:33).

Təkrar üçün suallar

• Vaxtdan istifadə etmə tərzimiz nəyi göstərir?

• Müqəddəs Kitabı oxumaq və öyrənmək üçün, vaxtı hansı məşğuliyyətlərin hesabına “satın” ala bilərik?

• Nəyə görə ruhən qidalanma vərdişimizə diqqət yetirməliyik?

• Müqəddəs Yazıları oxumaq və öyrənmək hansı faydaları verir?

[Haşiyələr]

a Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən nəşr olunub.

b “Gözətçi Qülləsi”nin 1995-ci il 1 may nömrəsində 20, 21-ci səhifələrdə “Onlar Müqəddəs Kitabı nə vaxt oxuyurlar və bu onlara hansı faydanı gətirir” adlı məqaləyə baxın.

[26-cı səhifədəki şəkillər]

Müqəddəs Kitabı müntəzəm olaraq oxumaq və öyrənmək, “həqiqət sözünü doğruluqla” öyrətməyimizə imkan yaradar

[28 və 29-cu səhifələrdəki şəkillər]

Həyatımızın məşğuliyyətlərlə dolu olmasına baxmayaraq, ruhani işləri yaddan çıxarmasaq dəyərli faydalar görərik

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş