Allahın rəğbətini qazan və əbədi yaşa!
«Ya Rəbb, salehə xeyir-dua verirsən, lütfünlə sipər kimi onları hifz edirsən» (MƏZ. 5:12).
1, 2. İlyas peyğəmbər Sarepatdakı dul qadından nə istədi və onu nəyə əmin etdi?
QADIN, onun oğlu və Allahın peyğəmbəri ac idilər. Sarepatda yaşayan bu dul qadın ocaq qalayıb yemək bişirməyə hazırlaşırdı ki, İlyas ondan su və çörək istədi. Qadın məmnuniyyətlə İlyasa su verdi, yeməyə gəlincə isə, dedi ki, ona verə biləcək kifayət qədər yeməyi yoxdur — yalnız «küpdə bir ovuc un və qabda bir az yağ» var (1 Pad. 17:8—12).
2 Lakin İlyas təkidlə dedi: «Əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan. Çünki İsrailin Allahı Rəbb belə deyir: “...Nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”» (1 Pad. 17:13, 14).
3. Hamımızın qarşısında hansı vacib sual durur?
3 Qadının qarşısında axırıncı yeməyini peyğəmbərlə bölüşüb-bölüşməməkdən daha vacib məsələ dururdu. Qadın Yehovanın onun və oğlunun qayğısına qalmağa qadir olduğuna inanacaq, yoxsa maddi tələbatlarını Allahın rəğbət və dostluğundan üstün tutacaq? Buna bənzər sual hamımızın qarşısında durur: bizim üçün ən vacib olan nədir — Yehovanın rəğbəti, yoxsa maddi firavanlıq? Yehovaya güvənmək və Ona xidmət etmək üçün bizim əsaslı səbəblərimiz var. Onun rəğbətini axtarmaq və qazanmaq istəyiriksə, bizdən müəyyən addımlar atmaq tələb olunur.
İbadətə «Sən... layiqsən»
4. Nəyə görə Yehova bizim Ona ibadət etməyimizə layiqdir?
4 Yehovanın insanlardan Ona məqbul şəkildə xidmət etmələrini tələb etməyə haqqı var. Onun səmavi xidmətçilərindən ibarət bir qrup mələk: «Allahımız Yehova, Sən şöhrətə, hörmətə və qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcuddur və yaradılıb», — deyərək bu faktı təsdiqləyirlər (Vəhy 4:11). Yehova Yaradan olduğu üçün bizim Ona ibadət etməyimizə layiqdir.
5. Nəyə görə Allahın məhəbbəti bizi Ona xidmət etməyə təşviq etməlidir?
5 Yehovaya ibadət etməyimizin ikinci səbəbi isə Onun tayı-bərabəri olmayan, misilsiz məhəbbətidir. Müqəddəs Kitabda deyilir: «Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı» (Yar. 1:27). İradə azadlığı ilə yanaşı, Allah insanlara düşünmək və qərar qəbul etmək bacarığını da verib. Bizə həyat bəxş etməklə Yehova bəşəriyyətin Atası oldu (Luka 3:38). Yaxşı bir ata kimi, Yehova Öz oğul və qızlarını həyatdan həzz almaları üçün hər şeylə təmin edib. Onun «əmr»i ilə günəş çıxır və yağış yağır, buna görə də Yer kürəsi kifayət qədər məhsul verir və heyrətamiz gözəl mənzərələri ilə bizim könlümüzə oxşayır (Mat. 5:45).
6, 7. a) Adəm bütün bəşəriyyətə hansı zərəri vurub? b) Məsihin fidyə qurbanlığı Allahın rəğbətini axtaranlara hansı faydanı gətirəcək?
6 Yehova bizi həmçinin günahın acınacaqlı nəticələrindən xilas edib. Günah işlədən ilk insan Adəmi qumar oynamaq üçün ailəsindən oğurluq edən qumarbaza bənzətmək olar. Adəm Yehovaya qarşı üsyan qaldırmaqla, sanki, öz övladlarından əbədiyyən xoşbəxt olmaq ümidini oğurladı. Onun bu cür xudbin hərəkəti ucbatından bəşəriyyət qəddar ağa olan qeyri-kamilliyin köləsi oldu. Buna görə də bütün insanlar xəstələnir, həyatlarında qəm-qüssə ilə üzləşir, sonda isə ölürlər. Qulu köləlikdən azad etmək üçün müəyyən məbləğ ödəmək tələb olunur. Yehova bizi bu dəhşətli aqibətdən azad edə biləcək məbləği ödəyib. (Romalılara 5:21 ayəsini oxu.) Atasının iradəsinə uyğun olaraq, İsa Məsih ‘bir çoxları uğrunda canını fidyə kimi verdi’ (Mat. 20:28). Allahın rəğbətini qazanan insanlar yaxın gələcəkdə bu fidyə qurbanlığından tam fayda əldə edəcəklər.
7 Xoşbəxt və mənalı həyat sürməyimiz üçün başqalarından çox Yaradanımız Yehovanın əməyi var. Allahımız bəşəriyyətə dəymiş zərəri aradan qaldırmaq üçün hərəkətə keçəndə Onun rəğbətini qazanan insanlar bunu öz gözləri ilə görəcəklər. Yehova bundan sonra da hər birimizə ayrı-ayrılıqda ‘Onu cidd-cəhdlə axtaranlara [necə] mükafat verdiyini’ göstərəcək (İbr. 11:6).
«Xalqın könüllü olaraq sənə qoşulacaq»
8. Yeşayanın nümunəsindən Allaha xidmət etmək barədə nə öyrənirik?
8 Allahın rəğbətini qazanmaq üçün iradə azadlığından düzgün istifadə etməliyik. Axı Yehova heç birimizi Ona xidmət etməyə məcbur etmir. Yeşaya peyğəmbərin vaxtında Yehova sual verdi: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» Yehova peyğəmbərin seçim etmək hüququna hörmət edirdi. Yeşayanın məmnuniyyətlə: «Mən buradayam. Məni göndər», — deməsini bir anlığa təsəvvür et (Yeşaya 6:8).
9, 10. a) Biz Allaha hansı niyyətdən irəli gələrək xidmət etməliyik? b) Yehovaya bütün varlığımızla xidmət etmək nəyə görə münasibdir?
9 İnsanlar Allaha xidmət edib-etməmək qərarını verməkdə azaddırlar. Yehova bizim Ona könüllü surətdə xidmət etməyimizi istəyir. (Yeşua 24:15 ayəsini oxu.) Yehovaya candərdi, yaxud da sadəcə başqalarını razı salmaq xatirinə xidmət edənlərin ibadəti Ona məqbul deyil (Kolos. 3:22). Əgər biz dünyəvi maraqların ibadətimizə mane olmasına yol versək və xidmətdə «qətiyyətsiz» olsaq, Allahın rəğbətini qazana bilməyəcəyik (Yaq. 1:8). Yehova bilir ki, Ona bütün varlığımızla xidmət etmək bizim xeyrimizədir. Musa: «Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın», — deyərək israilliləri həyatı seçməyə təşviq etmişdi (Qanun. t. 30:19, 20).
10 Qədim İsrailin padşahı Davud Yehovaya nəğmə oxuyurdu: «Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək» (Məz. 110:3). Bir çox insanlar pul və əyləncə üçün yaşayırlar. Yehovanı sevənlərin həyatında isə birinci yerdə müqəddəs xidmət durur. Onların xoş xəbəri səylə təbliğ etmələri buna sübutdur. Bu insanlar zərrə qədər də şübhə etmirlər ki, Yehova onların gündəlik ehtiyaclarının qayğısına qalmaq qüvvəsindədir (Mat. 6:33, 34).
Allaha məqbul qurbanlar
11. İsraillilər Yehovaya hansı məqsədlə qurban gətirirdilər?
11 Musanın Qanunu altında olan İsrail xalqı Allahın rəğbətini qazanmaq üçün Ona məqbul qurbanlar gətirirdi. Levililər 19:5 ayəsində deyilir ki, israillilər ‘Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirməli idilər ki, qurbanları qəbul edilsin’, başqa sözlə, Allahın rəğbətini qazansınlar. Elə həmin kitabda biz oxuyuruq: «Rəbbə təşəkkür qurbanı gətirəndə elə gətirin ki, o sizdən Rəbbə məqbul olsun» (Lev. 22:29). İsraillilər Yehovaya məqbul heyvan qurbanları gətirəndə onun göyə qalxan tüstüsü həqiqi Allahın ‘xoşuna gəlirdi’ (Lev. 1:9, 13). İsrail xalqı öz məhəbbətini bu cür ifadə edəndə Yehova razı qalır və sevinirdi (Yar. 8:21). Bu qanunlardakı bir prinsip bu gün də qüvvədədir. Yehovaya məqbul qurbanlar təqdim edənlər Onun rəğbətini qazanırlar. O, nə cür qurbanlar qəbul edir? Gəlin həyatımızın iki sahəsinə — davranış və danışığımıza nəzər salaq.
12. Hansı əməllərə görə Yehova bizim Ona ‘qurban kimi təqdim etdiyimiz’ bədənimizi qəbul etməyə bilər?
12 Romalılara ünvanladığı məktubunda Pavel yazır: «Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin; zehninizi müqəddəs xidmətin icrasına sərf edin» (Rom. 12:1). Allahın rəğbətini qazanmaq istəyənlərin bədənləri təmiz, yəni Ona məqbul olmalıdır. Əgər insan qeyri-qanuni olaraq narkotik maddələr qəbul edir, siqaret çəkir, betel qozu (Asiyada geniş yayılmış və narkotik kimi istifadə olunan bitki növü) çeynəyir və ya spirtli içkilərdən sui-istifadə edirsə, onun bədəni çirklənir və artıq Allaha məqbul deyil (2 Kor. 7:1). Bundan əlavə, ‘cinsi əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işlətdiyi’ üçün hər cür əxlaqsızlıq edənlərin qurbanını Allah təhqir kimi qəbul edir (1 Kor. 6:18). Allahı razı salmaq istəyən şəxs ‘hər bir işində müqəddəs olmalıdır’ (1 Pet. 1:14—16).
13. Nəyə görə Yehovaya həmd etmək bizə «yaraşır»?
13 Yehovanın xoşuna gələn digər qurban isə dilimizin bəhrəsidir. Yehovanı sevənlər Onun haqqında həm evdə, həm də başqalarının qarşısında həmişə yaxşı danışırlar. (Məzmur 34:1—3 ayələrini oxu.) 148—150-ci məzmurları oxu və bu üç məzmurun bizi Yehovaya həmd etməyə necə təşviq etdiyinə fikir ver. Həqiqətən də, «ürəyidüz olanlara həmd söyləmək yaraşır» (Məz. 33:1). Bizim nümunəmiz olan İsa Məsih xoş xəbəri təbliğ etməklə Yehovaya həmdlər söyləməyin vacibliyini göstərmişdi (Luka 4:18, 43, 44).
14, 15. Huşə israilliləri hansı qurbanlar gətirməyə təşviq edirdi və bu, Yehovada hansı hissləri doğururdu?
14 Canla-başla təbliğ etməyimiz Yehovanı sevdiyimizi və Onun rəğbətini qazanmaq istədiyimizi göstərir. Gəlin Huşə peyğəmbərin yalan ibadətlə məşğul olan və buna görə də Yehovanın gözündən düşən israilliləri nəyə təşviq etdiyinə nəzər salaq (Huşə 13:1—3). «Hər qəbahətimizi bağışla, bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan şükürləri təqdim edirik», — sözləri ilə Huşə israilliləri Allaha yalvarmağa çağırırdı (Huşə 14:1, 2).
15 İsraillilərin Yehovaya qurban gətirə biləcəkləri ən bahalı heyvan buğa idi. ‘Buğalar yerinə ağzımızdan çıxan şükürlər’ kimi tərcümə olunan ifadə orijinal mətndə «ağzımızın gənc buğaları» kimi səslənir. Bu ifadə altında həqiqi Allaha həmd etmək üçün deyilən səmimi, yaxşı düşünülmüş sözlər nəzərdə tutulurdu. Yehova bu cür qurbanlar gətirənlərə necə yanaşırdı? O demişdi: «Onları ürəkdən sevəcəyəm» (Huşə 14:4). Bu cür həmd qurbanları gətirənlərdən Yehova Öz əfvini, lütfünü və dostluğunu əsirgəmirdi.
16, 17. İnsan xoş xəbəri Yehovaya imandan irəli gələrək təbliğ edəndə O, bu həmdləri necə qəbul edir?
16 İnsanlar qarşısında Yehovaya həmd etmək həmişə həqiqi ibadətin ayrılmaz hissəsi olub. Həqiqi Allahı izzətləndirmək məzmurçu üçün o qədər önəmli idi ki, o: «Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et», — deyə Yehovaya yalvarırdı (Məz. 119:108). Bəs bizim günlər barədə nə demək olar? Yeşaya peyğəmbər bizim günlərdəki çoxsaylı sadiq insanlar barədə demişdi: «[Onlar] Rəbbə həmdlər söyləyəcək... Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək» (Yeşaya 60:6, 7). Bu sözlər necə yerinə yetir? Milyonlarla insanlar «Allaha Onun adını ucaldan mədh qurbanı», yəni dillərinin bəhrəsini təqdim edirlər (İbr. 13:15).
17 Bəs şəxsən sənin barəndə nə demək olar? Sən Allaha məqbul olan qurbanlar gətirirsənmi? Əgər gətirmirsənsə, onda lazımi dəyişikliklər edib Yehovanı insanlar qarşısında mədh edəcəksənmi? İmanın səni xoş xəbəri təbliğ etməyə başlamağa təşviq edəndə sənin qurbanların «mal-qara qurbanından» Yehovanın daha çox «xoşuna gələcək». (Məzmur 69:30, 31 ayələrini oxu.) Əmin ola bilərsən ki, gətirdiyin həmd qurbanının ‘ətri’ Yehovaya çatacaq və O, sənə lütf göstərəcək (Yez. 20:41). O zaman duyduğun sevincdən yerə-göyə sığmayacaqsan.
«Ya Rəbb, salehə xeyir-dua verirsən»
18, 19. a) Bu gün bir çox insanlar Allaha xidmət etmək barədə nə düşünürlər? b) Allahın rəğbətini itirmək nə ilə nəticələnir?
18 Bu gün bir çox insanlar Malakinin günlərindəki bəzi insanların gəldiyi nəticəyə gəlirlər: «Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də,.. bunlardan bizə nə xeyir oldu?» (Mal. 3:14). Belə insanların düşüncələrinə maddi hərislik hakim kəsilib; onlar Allahın niyyətinin həyatakeçməz, qanunlarının isə artıq tətbiqedilməz olduğunu hesab edirlər. Onların fikrincə, xoş xəbəri təbliğ etmək vaxtı boş yerə sərf etməkdən başqa bir şey deyil və bu iş onları qıcıqlandırır.
19 Bu cür fikirlərin kökü Eden bağına gedib çıxır. Yehovanın verdiyi heyrətamiz həyatın əsil dəyərinə və Onun lütfünə etinasızlıq göstərməyə Həvvanı təşviq edən Şeytan idi. İnsanları Allahın iradəsini yerinə yetirməklə heç nə əldə etməyəcəklərinə inandırmaq üçün Şeytan bu gün də dəridən-qabıqdan çıxır. Lakin Həvva və onun əri Adəm aşkar etdilər ki, Allahın rəğbətini itirmək həyatlarını itirmək deməkdir. Bu gün onların izləri ilə gedən bir çox insanlar da bir də görəcəklər ki, Allahın lütfünü itirməklə çox böyük səhvə yol veriblər (Yar. 3:1—7, 17—19).
20, 21. a) Sarepatlı dul qadın nə etdi və onun əhvalatı nə ilə nəticələndi? b) Biz nəyə görə sarepatlı dul qadının nümunəsini izləməliyik və bunu necə etmək olar?
20 İndi isə gəlin ilk abzaslarda danışdığımız İlyas və sarepatlı dul qadının hadisəsinin nəticəsini Adəm və Həvvanın aqibəti ilə müqayisə edək. İlyasın ruhlandırıcı sözlərindən sonra dul qadın durub çörək bişirdi və yeməyi az olsa da, ilk növbədə, peyğəmbərə verdi. Bundan sonra Yehova İlyas vasitəsilə verdiyi vədini həyata keçirdi. Müqəddəs Kitabda oxuyuruq: «Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər. İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı» (1 Pad. 17:15, 16).
21 Sarepatlı dul qadın bu gün dünyada yaşayan milyardlarla insanların arasından yalnız az sayda adamın atmağa hazır olduğu addımı atdı. O, bütün ümidini xilas Allahına bağlayırdı. Yehova da onun ümidlərini boşa çıxarmadı. Həm bu, həm də Müqəddəs Kitabda yer alan digər hadisələr sübut edir ki, Yehovaya etibar etməyə dəyər. (Yeşua 21:43—45; 23:14 ayələrini oxu.) Yehovanın müasir xidmətçilərinin həyatı da aydın göstərir ki, Onun lütfünü qazanan insanları O, heç vaxt tərk etmir (Məz. 34:6, 7, 17—19)a.
22. Allahın rəğbətini vaxt itirmədən axtarmaq nəyə görə son dərəcədə vacibdir?
22 Tezliklə «yer üzündə yaşayan hər kəs üçün [Allahın hökm günü] gələcək» (Luka 21:34, 35). O gündən heç kim qaça bilməz. Nə var-dövlət, nə də maddi firavanlıq Allahın təyin etdiyi Hakimin: «Ey Atamın xeyir-duasını almış bəndələr! Gəlin, əzəldən bəri sizin üçün hazırlanmış padşahlığı miras alın», — sözləri ilə müqayisəyə gələ bilməz (Mat. 25:34). Bəli, Yehovanın Özü ‘salehlərə xeyir-dua verəcək, lütfü ilə sipər kimi onları hifz edəcək’ (Məz. 5:12). Məgər bu, Allahın rəğbətini axtarmaq üçün tutarlı səbəb deyil?!
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 2005-ci il 1 iyun sayının 10-cu səhifəsinin 15-ci abzasına və 1997-ci il 1 avqust sayının 20—25-ci səhifələrinə (rus.) bax.
Yadınızdadırmı?
• Nəyə görə Yehova Ona səmimi-qəlbdən ibadət etməyimizə layiqdir?
• Bu gün Yehova hansı qurbanları qəbul edir?
• «Ağzımızın gənc buğaları» ifadəsi hansı mənanı daşıyır və biz nəyə görə bu qurbanları Yehovaya təqdim etməliyik?
• Nəyə görə biz Yehovanın rəğbətini qazanmağa can atmalıyıq?
[13-cü səhifədəki şəkil]
Allahın peyğəmbərinin kasıb və ac olan dul qadından etdiyi xahiş onu hansı seçim qarşısında qoydu?
[15-ci səhifədəki şəkil]
Allaha həmd qurbanları təqdim etməklə hansı xeyir-duaları alırıq?
[17-ci səhifədəki şəkil]
Yehovaya ürəkdən etibar etsən, heç vaxt peşman olmayacaqsan!