Ən üstün məhəbbət yolu ilə gedirsinizmi?
«ALLAH məhəbbətdir». Həvari Yəhya bu sözlərlə Allahın ən əsas keyfiyyətini vurğulayır (1 Yəh. 4:8). Məhz Allahın bəşəriyyətə olan məhəbbəti sayəsində biz Ona yaxınlaşa və Onunla sıx münasibət qura bilirik. Allahın məhəbbəti bizə daha necə təsir edir? Bir nəfər demişdir: «Adətən, sevdiyimiz şeylər bizi formalaşdırır». Bu, doğrudan da, belədir. Lakin eyni zamanda, sevdiklərimiz və bizi sevənlər də bizi formalaşdırır. Allahın surətində yaradıldığımız üçün Onun məhəbbətini həyatımızda əks etdirmək qabiliyyətinə malikik (Yar. 1:27). Buna görə də həvari Yəhya yazmışdı: «Biz Onu sevirik, çünki O bizi birinci sevmişdir» (1 Yəh. 4:19).
Məhəbbəti təsvir etmək üçün istifadə olunan dörd söz
Həvari Pavel məhəbbəti «əla yol» adlandırmışdı (1 Kor. 12:31). Nəyə görə? Pavel hansı məhəbbətdən danışırdı? Bu suallara cavab tapmaq üçün gəlin «məhəbbət» sözünü diqqətlə araşdıraq.
Qədim yunanlar məhəbbəti təsvir etmək üçün dörd əsas sözdən müxtəlif formalarda istifadə edirdilər: storqiʹ éros, filiʹa və aqápi. Məsələn, aqápi sözü ‘məhəbbətin’ təcəssümü olan Allahı təsvir etmək üçün istifadə olunura. Bu məhəbbətə dair professor Uilyam Barkli özünün «Əhdi-Cədidin sözləri» adlı kitabında deyir: «Aqapi insanın düşüncəsi ilə bağlıdır: bu sadəcə ürəkdə qeyri-iradi yaranan bir hiss deyil; bu, şüurlu şəkildə həyatda rəhbər tutduğumuz prinsipdir. Aqapi əsas etibarilə iradənin izhar olunması ilə bağlıdır». Bu kontekstdə aqápi prinsiplər əsasında təzahür olunan məhəbbət növüdür, amma çox vaxt güclü hisslərlə də müşayiət olunur. Həm pis, həm də yaxşı prinsiplər mövcud olduğundan tamamilə aydındır ki, məsihçilər Yehova Allahın Müqəddəs Kitabda yazdırdığı yaxşı prinsipləri əldə rəhbər tutmalıdırlar. Məhəbbəti təsvir etmək üçün Müqəddəs Kitabda istifadə olunan aqápi və digər sözləri müqayisə etdikdə biz təzahür etdirməli olduğumuz məhəbbəti daha yaxşı anlayacağıq.
Ailədə məhəbbət
Mehriban və möhkəm ailədə yaşamaq necə də xoşdur! Sstorqiʹ yunan sözü olub əsasən bir ailənin üzvləri arasında mövcud olan təbii bağlılıq tellərinə aiddir. Məsihçilər ailə üzvlərinə məhəbbət göstərməyə çalışırlar. Pavel peyğəmbərlik etmişdi ki, axır günlərdə ümumi götürdükdə insanlar «şəfqətsiz» olacaqlar, yəni qohumlar arasında təbii bağlılıq olmayacaq (2 Tim. 3:1, 3).
Əfsuslar olsun ki, ailə üzvləri arasında zəruri olan təbii bağlılıq yaşadığımız dünyada çatışmır. Nəyə görə bu qədər qadın abort etdirir, bir çox ailələrdə yaşlı valideynlərə qayğı göstərilmir və boşanmaların sayı günü-gündən artır? Cavab insanlar arasında təbii bağlılığın olmamasıdır.
Üstəlik, Müqəddəs Kitab öyrədir ki, «insan ürəyi hər şeydən hiyləgərdir» (Yer. 17:9). Ailə üzvlərimizə bəslədiyimiz məhəbbət ürəkdən gələn hisslərlə bağlıdır. Lakin maraqlıdır ki, Pavel ərin arvadına bəslədiyi məhəbbət haqqında bəhs edərkən aqápi sözündən istifadə etmişdir. Pavel bu məhəbbəti Məsihin yığıncağa göstərdiyi məhəbbətlə müqayisə etdi (Efes. 5:28, 29). Bu məhəbbətin əsasını ailə quruluşunun Banisi olan Yehova Allahın qoyduğu prinsiplər təşkil edir.
Ailə üzvlərimizə bəslədiyimiz səmimi məhəbbət bizi yaşlı valideynlərimizin və uşaqlarımızın qayğısına qalmağa təşviq edir. O həmçinin valideynləri, lazım gəldikdə, uşaqlarını məhəbbətlə cəzalandırmağa və onların xətrinə dəyməmək üçün hər şeyə icazə verərək ürəyiyumşaqlıqdan qaçınmağa təşviq edir (Efes. 6:1-4).
Romantik məhəbbət və Müqəddəs Kitab prinsipləri
Nikahda qadınla kişi arasındakı məhəbbət, həqiqətən də, Allahın ənamıdır (Sül. məs. 5:15-17). Lakin romantik məhəbbətə şamil edilən éros sözü Allahdan ilham almış Müqəddəs Kitab yazıçıları tərəfindən istifadə olunmamışdır. Nəyə görə? Bir dəfə «Gözətçi Qülləsi»ndə izah olunmuşdu: «Görünür, bu gün bütün dünya qədim yunanların buraxdığı səhvi təkrarlayır. Onlar Erosu allah hesab edir, onun səcdəgahı önündə baş əyir və qurbanlar gətirirdilər. [...] Lakin tarix göstərir ki, şəhvani məhəbbət qarşısında baş əymək yalnız tənəzzülə, mənəviyyatın korlanmasına və əxlaqsızlığa gətirib çıxardı. Ola bilsin, məhz bu səbəbdən Müqəddəs Kitab yazıçıları bu sözdən istifadə etməmişlər». Kiməsə sadəcə onun zahiri cazibədarlığına görə vurulmamaq üçün Müqəddəs Kitab prinsiplərinin köməyi ilə romantik hisslərimizi cilovlamağı, yəni onlara hakim olmağı bacarmalıyıq. Buna görə də özünüzdən soruşun: «Sevdiyim adama bəslədiyim romantik hisslər həqiqi məhəbbətlə tarazlaşırmı?»
Cinsi hisslərin güclü olduğu gənclik dövründə Müqəddəs Kitab prinsiplərinə bağlı qalan gənclər əxlaqi təmizliyi qoruyub saxlaya bilərlər (Kolos. 3:5). Biz nikaha Yehovadan olan müqəddəs ənam kimi yanaşırıq. İsa nikahda olanlar haqqında demişdi: «Allahın birləşdirdiyini insan ayırmamalıdır» (Mat. 19:6). Məsihçi cütlüklər yalnız bir-birini bəyəndikləri müddətdə birgə qalmaq əvəzinə, evliliyin ciddi məsuliyyət olduğunu dərk edirlər. Problemlər yarananda onlar asan çıxış yolu axtarmırlar, əksinə, ailələrinin xoşbəxtliyi üçün səylə Allaha məqbul keyfiyyətlər təzahür etdirməyə çalışırlar. Bu cür səy göstərməyin sayəsində onların xoşbəxtliyi davamlı olacaq (Efes. 5:33; İbr. 13:4).
Dostlar arasında məhəbbət
Dostsuz həyatın ləzzəti olmazdı. Müqəddəs Kitabın bir məsəlində deyilir: «Qardaşdan daha yaxın dost da var» (Sül. məs. 18:24). Yehova istəyir ki, bizim əsil dostlarımız olsun. Davudla Yonatan arasındakı yaxın dostluq çoxlarımıza yaxşı tanışdır (1 Şam. 18:1). Müqəddəs Kitabda həmçinin İsanın həvari Yəhyanı ‘sevdiyi’ deyilir (Yəh. 20:2). Yunan dilində «bağlılıq» və ya «dostluqla» əlaqədar filiʹa sözü işlənir. Yığıncaqda kiminləsə yaxın dostluq etmək təbiidir. Lakin 2 Peter 1:7 ayəsi bizi «qardaş sevgisinə» (filadelfiʹa yunanca fiʹlos (dost) və adelfós (qardaş) sözlərindən əmələ gələn mürəkkəb sözdür) məhəbbət (aqápi) əlavə etməyə səsləyir. Dostluğumuzun möhkəm olması üçün bu məsləhətə əməl etməliyik. Yaxşı olardı ki, özümüzdən soruşaq: «Dostluq məhəbbətim Müqəddəs Kitab prinsiplərinə uyğundurmu?»
Allahın Kəlamındakı prinsiplər bizə dostlarımız arasında ayrı-seçkilik salmamağa kömək edir. Biz hamıya eyni gözlə baxırıq: dostlarımızla mülayim, başqa insanlarla isə sərt davranmırıq. Üstəlik, kiminləsə dostlaşmaq üçün biz ona yaltaqlanmırıq. Ən vacibi isə, Müqəddəs Kitab prinsiplərini tətbiq etmək bizə dost seçərkən müdrik olmağa və ‘yaxşı əxlaqı pozan’ dostluqdan uzaq durmağa kömək edir (1 Kor. 15:33).
Misilsiz məhəbbət telləri!
Məsihçiləri birləşdirən tellər, həqiqətən də, misilsizdir! Həvari Pavel yazmışdı: «Qoy məhəbbət riyasız olsun... Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin» (Rom. 12:9, 10). Bəli, məsihçilər arasında ‘riyasız məhəbbət’ (aqápi) hökm sürür. Bu sadəcə ürəkdə yaranan emosiyalar yox, Müqəddəs Kitab prinsiplərinə əsaslanan bir hissdir. Bununla belə, Pavel həmçinin ‘qardaşlıq sevgisindən’ (filadelfiʹa) və ‘şəfqətdən’ (filóstorqos fiʹlos və storqiʹ sözlərindən əmələ gələn mürəkkəb sözdür) söhbət açır. Bir alimin sözlərinə əsasən, «qardaşlıq sevgisi» «zərif məhəbbət, şəfqət, xeyirxahlığın təzahürü və köməklik göstərmək» mənasını daşıyır. Qardaşlıq sevgisi aqápi məhəbbəti ilə vəhdət təşkil edərək Yehovanın xidmətçiləri arasında dostluq telləri yaradır (1 Salon. 4:9, 10). «Şəfqət» kimi tərcümə olunan filóstorqos sözünə isə Müqəddəs Kitabda yalnız bir dəfə rast gəlinir və adətən ailə üzvləri arasında hökm sürən münasibətlərə bənzər yaxın münasibətlərin olmasına işarə edir.
Həqiqi məsihçiləri birləşdirən ailə məhəbbəti və əsil dostluq telləridir, onların arasındakı bütün münasibətlər isə Müqəddəs Kitab prinsiplərinə əsaslanan məhəbbətdən irəli gəlir. Məsihçi yığıncağı insanların ünsiyyət etmək üçün toplaşdıqları yer və ya dünyəvi təşkilat deyil, əksinə, Yehova Allaha birgə ibadət edən mehriban bir ailədir. Biz həmimanlılarımızı bacı və qardaş deyə çağırır və buna müvafiq münasibət bəsləyirik. Onlar ruhani ailəmizin bir qismidir, biz onları dost kimi sevir və onlarla həmişə Müqəddəs Kitab prinsiplərinə əsasən davranırıq. Gəlin hər zaman bütün məsihçiləri birləşdirən və məsihçi yığıncağının səciyyəvi xüsusiyyəti olan məhəbbət tellərinin möhkəmlənməsinə öz töhfəmizi verək (Yəh. 13:35).
[Haşiyə]
a Aqápi həmçinin mənfi mənada da istifadə edilir (Yəh. 3:19; 12:43; 2 Tim. 4:10; 1 Yəh. 2:15-17).
[12-ci səhifədəki şəkil]
Bizi birləşdirən məhəbbət tellərinin möhkəmlənməsinə öz töhfəmizi necə veririk?