Sınaqlar zamanı göstərilən təhəmmül Yehovaya şərəf gətirir
“Əgər siz yaxşı iş görərək, ələm çəkib, təhəmmül etsəniz, bu Allah qarşısında məqbuldur” (1 PETER 2:20).
1. İsanın həqiqi davamçılarının həsr olunmalarına ciddi yanaşdıqlarını nəzərə alaraq hansı sual diqqətəlayiqdir?
MƏSİHÇİLƏR özlərini Yehovaya həsr ediblər və Onun iradəsini yerinə yetirməyi arzulayırlar. Həsr olunmalarına müvafiq yaşamağa çalışaraq, onlar İsa Məsihin izləri ilə getmək və həqiqətə şəhadət etmək üçün əllərindən gələni əsirgəmirlər (Matta 16:24; Yəhya 18:37; 1 Peter 2:21). Fəqət İsa və Allaha sadiq olan digər şəxslər imanları uğrunda həyatlarını qurban verərək şəhid kimi ölmüşlər. Bu o deməkdirmi ki, məsihçilərin hamısı imanları uğrunda həyatlarından keçməli olacaqlar?
2. Məsihçilər sınaqlara və əzablara hansı nöqteyi-nəzəri bəsləyirlər?
2 Bir məsihçi kimi biz imanımız uğrunda mütləq ölməyə deyil, ölənə qədər sadiq qalmağa də’vət olunuruq (2 Timoteyə 4:7; Vəhy 2:10). Bu o deməkdir ki, biz imanımız uğrunda əzab çəkməyə və əgər lazım gələrsə, ölməyə belə hazır olsaq da, buna heç də can atmırıq. İstəmirik ki, bizə əzab versinlər, ağrı çəkmək və alçaldılmaqdan da ləzzət almırıq. Amma sınaq və tə’qiblərin olacağını bildiyimiz halda, onlarla qarşılaşarkən özümüzü necə aparacağımızı ətraflı götür-qoy etməliyik.
Sınaqlar zamanı sadiq qalanlar
3. Tə’qiblər şəraitində olarkən davranış tərzinə dair Müqəddəs Kitabın hansı nümunələrini söyləyə bilərsiniz? (“Tə’qib olunduqları zaman onlar necə davrandılar?” adlı çərçivəyə baxın.)
3 Müqəddəs Kitabda Allahın qədim vaxtda yaşayan xidmətçilərinin ölüm təhlükəsi ilə qarşılaşdıqları zaman necə davrandıqlarını göstərən çoxlu hadisələr yazılıb. Onların müxtəlif davranış tərzləri, eyni sınaqlarla qarşılaşarkən, müasir məsihçilər üçün rəhbərlik kimi xidmət edə bilər. “Tə’qib olunduqları zaman onlar necə davrandılar?” adlı çərçivədəki nümunələri nəzərdən keçir və onlardan nə öyrənə biləcəyin üzərində düşün.
4. İsanın və digər sadiq xidmətçilərin sınaqlar zamanı davranış tərzlərinə dair nə demək olar?
4 İsa və Allahın digər sadiq xidmətçiləri şəraitlərindən asılı olaraq tə’qiblərə müxtəlif cür yanaşsalar da, aydındır ki, onlar həyatlarını əbəs yerə təhlükəyə düçar etmirdilər. Təhlükəli şəraitlərdə olarkən onlar özlərini mərd, eyni zamanda ehtiyatlı aparırdılar (Matta 10:16, 23). Onların məqsədi təbliğ işinin inkişaf etməsinə kömək etmək və Yehovaya sədaqətlərini qoruyub saxlamaq idi. Bugünkü məsihçilər də sınaqlar və tə’qiblərlə qarşılaşarkən onlardan nümunə götürürlər.
5. Malavidə 1960-cı illərdə hansı tə’qib baş vermişdir və həmin vaxt Şahidlər özlərini necə aparmışlar?
5 Bizim günlərdə müharibələr, qadağalar və açıq-aşkar tə’qiblər ucbatından Yehovanın Şahidləri tez-tez fəlakət və məhrumiyyətlərlə üzləşmişlər. Məsələn, 1960-cı illərdə Malavidə yaşayan Yehovanın Şahidləri sərt tə’qiblərlə qarşılaşdılar. Onlar Padşahlıq Zallarını, evlərini, ərzaq ehtiyatlarını, iş yerlərini, demək olar ki, malik olduqları hər şeyi itirdilər. Onları döyür və incidirdilər. Bəs qardaşlar necə davranırdılar? Minlərlə qardaşlar yaşadıqları kəndlərdən qaçmağa məcbur olmuşlar. Bir çoxları özlərinə kolluq ərazilərdə sığınacaq tapmış, digərləri müvəqqəti olaraq qonşu Mozambikin ərazisinə qaçmışdır. Çoxları həyatlarını itirdikləri təqdirdə, digərləri təhlükəli ərazini tərk etməyi üstün tutmuşdur ki, bu da, göründüyü kimi, həmin şəraitlərdə müdrik davranış olmuşdur. Beləliklə, onlar İsanın və Pavelin qoyduqları nümunəyə riayət etmişlər.
6. Güclü tə’qiblərə baxmayaraq, malavili Şahidlər nə etməkdən vaz keçmədilər?
6 Malavili qardaşlar qaçmalı və ya gizlənməli olsalar da, onlar teokratik rəhbərlik axtarır, ona riayət edir, həm də bacardıqları qədər məsihçi fəaliyyəti ilə gizlində məşğul olurdular. Bunun nəticəsi necə oldu? 1967-ci ildə Malavidəki Şahidlərin fəaliyyətinə qadağa qoyulmazdan əvvəl, Padşahlıq təbliğçilərinin sayı özünün yüksək sayına — 18 519 nəfərə çatmışdır. 1972-ci ildə qadağanın davam etməsinə və çoxlarının Mozambikə qaçmasına baxmayaraq, təbliğçilərin yüksək sayı 23 398-ə çatdı. Onlar hər ay orta hesabla 16 saatdan çox təbliğ edirdilər. Şübhəsiz ki, onların işləri Yehovaya şərəf gətirir, Yehova da həmən çətin anlarda bu cür sadiq qardaşlara xeyir-dua verirdia.
7, 8. Müqavimətlər ucbatından baş verən çətinliklərə baxmayaraq, bə’ziləri nəyə görə qalmaq qərarına gəlirlər?
7 Digər tərəfdən, müqavimətlər ucbatından Şahidlərin çətinliklərlə üzləşdikləri ölkələrdə yaşayan bə’zi qardaşlar, köçmək imkanları olsa da, qalmaq qərarına gəlirlər. Köçmək müəyyən problemləri həll etsə də, başqalarını yarada bilər. Misal üçün, köçənlər məsihçi qardaşlığı ilə əlaqə saxlaya biləcəklərmi? Özlərini ruhən təcrid etməyəcəklər ki? Onlar, ehtimal ki, daha çox inkişaf etmiş və ya varlanmağa daha çox imkan olan bir ölkədə yenidən şərait yaratmaq üçün çox qüvvə tələb olunduğu halda, bundan sonra da ruhani qrafiklərinə riayət edə biləcəklərmi? (1 Timoteyə 6:9).
8 Digərləri isə qardaşlarının ruhani rifahı üçün narahat olaraq köçmək qərarından vaz keçirlər. Onlar çətinliklərə baxmayaraq, qalmağı və vətənlərində təbliğ etməyi, o cümlədən həmimanlılarını ruhlandırmağı üstün tuturlar (Filipililərə 1:14). Bu cür qərar qəbul etməklə, bə’ziləri hətta öz ölkələrində hüquqi qələbələrin qazanılmasına kömək edə bilirlərb.
9. Tə’qiblər zamanı köçmək və ya qalmaq məsələsini həll edərkən, hansı amili nəzərə almaq lazımdır?
9 Olduğumuz yerdə qalmaq və ya köçmək, şübhəsiz ki, şəxsi qərardır. Sözsüz ki, bu cür qərarları, bizə rəhbərlik verməsi üçün duada Yehovaya yalnız müraciət etdikdən sonra qəbul etmək lazımdır. Hansı yolu seçsək də, həvari Pavelin növbəti sözlərini yadda saxlamaq lazımdır: “Hər birimiz özü üçün Allaha hesabat verəcəkdir” (Romalılara 14:12). Bir qədər əvvəl qeyd etdiyimiz kimi, Yehova tələb edir ki, Onun hər bir xidmətçisi bütün şəraitlərdə sadiq qalsın. Onun bə’zi xidmətçiləri sınaqlara indi mə’ruz qalır, digərləri, ehtimal ki, sınaqlarla bir qədər sonra qarşılaşacaq. Bütün xidmətçilər, hərə bir cür sınağa çəkiləcək, heç kim istisna təşkil edəcəyinə ümid etməməlidir (Yəhya 15:19, 20). Yehovanın həsr edilmiş xidmətçiləri kimi, Yehovanın adının təqdis edilməsi və Onun hökmranlığına bəraət qazandırılması məsələsində heç birimiz kənarda qala bilmərik (Hezekiel 38:23; Matta 6:9, 10).
“Heç kimə pislik əvəzinə pislik etməyin”
10. Tə’qiblərə və müqavimətlərə münasibətdə İsa və həvarilər bizim üçün hansı vacib nümunəni qoymuşlar?
10 İsanın və həvarilərin tə’qiblər zamanı davranma tərzlərindən biz daha vacib bir ibrət dərsi öyrənirik; bizi tə’qib edənlərdən heç zaman qisas almamalıyıq. Müqəddəs Kitabın heç bir yerində, İsanın və ya onun davamçılarının Müqavimət hərəkatına bənzər nə isə təşkil etdiklərinə və ya zorakılıqdan istifadə edərək tə’qibçiləri ilə mübarizə apardıqlarına dair heç bir mə’lumat yoxdur. Əksinə, həvari Pavel “heç kimə pislik əvəzinə pislik etməyin” deyə, məsihçilərə öyüd verirdi. Pavel həm də yazırdı: “Ey sevimlilər, qisas almayın, ancaq Allahın qəzəbinə yol verin. Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”. Bundan əlavə: “Pisliyə məğlub olma, pisliyə yaxşılıq ilə qalib gəl” (Romalılara 12:17-21; Məzmur 37:1-4; Süleymanın məsəlləri 20:22).
11. İlk məsihçilərin hakimiyyətə münasibətləri haqqında bir tarixçi nə demişdir?
11 İlk məsihçilər bu məsləhətə riayət edirdilər. Tarixçi Sesil Kadu özünün “Erkən kilsə və dünya” kitabında, eramızın 30-70-ci illərində məsihçilərin hakimiyyətə olan münasibətlərini təsvir edir. O yazır: “Həmin dövrün məsihçilərinin tə’qiblərə qarşı nə zamansa güc tətbiq etdiklərinə dair bizim birbaşa sübutlarımız yoxdur. Onların etdikləri ən böyük iş o olurdu ki, onlar hökmdarlarını sərt tənqid atəşinə tutur və ya qaçıb canlarını qurtarmaqla onların planlarını alt-üst edirdilər. Məsihçilərin tə’qiblərə olan adi reaksiyaları isə, onların fikrincə, hökumətin Məsihə itaət etmələrinə mane olan əmrlərindən təmkinliklə, lakin qətiyyətlə boyun qaçırmağın çərçivəsindən kənara çıxmırdı” (“The Early Church and the World”).
12. Nəyə görə əziyyət çəkmək tə’qibçilərdən qisas almaqdan daha yaxşıdır?
12 Həqiqətənmi ilk baxışdan qeyri-fəal görünən bu cür fəaliyyət tərzi əlverişlidir? Bu cür davrananlar, öz qurbanlarını məhv etmək həvəsində olan tə’qibçiləri üçün asan qənimətə çevrilmirlərmi? Özünü müdafiə etmək daha uzaqgörənlik olmazdımı? Bu məsələyə insan nöqteyi-nəzərindən yanaşsaq belə düşünə bilərik. Lakin Yehovanın xidmətçiləri olan bizlər əminik ki, ən yaxşısı — bütün məsələlərdə Yehovanın verdiyi rəhbərliyə riayət etməkdir. Biz Peterin sözlərini xatırlayırıq: “Əgər siz yaxşı iş görərək, ələm çəkib, təhəmmül etsəniz, bu Allah qarşısında məqbuldur” (1 Peter 2:20). Əminik ki, Yehova bizim qarşılaşdığımız vəziyyətlərdən yaxşı halidir və bunun əbədiyyən davam etməsinə yol verməz. Bu əminlik bizdə haradandır? Yehova, Babil əsirliyində olan xalqına e’lan etmişdir: ‘Sizə toxunan Mənim göz bəbəyimə toxunmuş olur’ (Zəkarya 2:8). Kiminsə sənin göz bəbəyinə toxunmasına nə qədər müddət yol verərsən? Müvafiq vaxtda Yehova vəziyyəti yüngülləşdirəcək. Buna heç bir şübhə yoxdur (2 Saloniklilərə 1:5-8).
13. İsa nəyə görə düşmənlərinin onu tutmalarına itaətkarlıqla izn verdi?
13 Bu baxımdan biz İsadan nümunə götürə bilərik. İsa Getsamani bağında özünü düşmənlərin əlinə təslim edəndə, o, bunu müdafiə oluna bilmədiyi üçün etmədi. O, şagirdlərindən birinə dedi: “Yoxsa elə düşünürsən, Mən indi Atamdan rica edə bilmərəm ki, on iki legiondan çox mələyi Mənim sərəncamıma göndərsin? Bunların olması gərəkdir deyən Yazılar onda bəs necə doğru çıxardı?” (Matta 26:53, 54). Yehovanın iradəsini yerinə yetirmək İsa üçün birinci dərəcəli əhəmiyyət kəsb edirdi və lazım gəlsəydi, o, hətta əzab çəkməyə də hazır idi. O, Davudun peyğəmbərlik məzmurundakı sözlərin doğruluğuna tam əmin idi: “Sən canımı ölülər diyarına tərk etməzsən; müqəddəsini çürümə görməyə qoymazsan” (Məzmur 16:10). İllər ötdükdən sonra həvari Pavel İsa haqqında demişdir: “O, qarşısına qoyulan sevinc uğrunda, rüsvayçılığa e’tinasızlıq göstərib, çarmıxa təhəmmül etdi və Allahın taxtının sağında oturdu” (İbranilərə 12:2).
Yehovanın adına şərəf gətirməkdən duyulan sevinc
14. Qarşılaşdığı bütün sınaqlarda İsaya qüvvə verən hansı sevinc hissi idi?
14 Sərt sınaqlarla qarşılaşarkən İsaya qüvvə verən hansı sevinc hissi idi? Yehovanın sevimli Oğlu olan İsa, Onun bütün xidmətçiləri arasında, şübhəsiz ki, Şeytanın ən başlıca hədəfi olmuşdur. Buna görə də, İsanın sınaqlar qarşısındakı sadiqliyi, Şeytanın Yehovaya qarşı rişxəndlərinə son cavab kimi xidmət etməli idi (Süleymanın məsəlləri 27:11). Diriləndən sonra İsanın duyduğu sevinc və məmnunluq hissini təsəvvür edirsənmi? Kamil insan kimi, Yehovanın hökmranlığına bəraət qazandırmaqda və Onun adına izzət gətirməkdə öz rolunu yerinə yetirdiyinə görə, yəqin ki, çox xoşbəxt idi! Bundan əlavə, Allahın sağında oturmaq, şübhəsiz ki, İsa üçün gözəl mükafat və sevinc üçün ən böyük səbəb idi (Məzmur 110:1, 2; 1 Timoteyə 6:15, 16).
15, 16. Şahidlər Zaksenxauzendə hansı ağır sınağı yaşamış və onlara qüvvəni verən nə olmuşdur?
15 İsa kimi sınaqlara və tə’qiblərə tab gətirərək Yehovanın adını izzətləndirməkdə iştirak edə bilmələrinə məsihçilər çox şaddırlar. Buna yaxşı nümunə, pis ad qazanmış məşhur Zaksenxauzen düşərgəsində olan və İkinci Dünya müharibəsinin sonunda ölüm yürüşünü yaşamış Şahidlərdir. Yürüş zamanı minlərlə dustaq ya soyuqdan, xəstəlikdən və aclıqdan ölmüş, ya da ki, yol kənarında SS əsgərləri tərəfindən vəhşicəsinə öldürülmüşlər. 230 Şahidin hamısı isə, bir yerdə olduqları və həyatları bahasına bir-birlərinə kömək etdikləri üçün sağ qalmışlar.
16 Bu cür ağır sınağa tab gətirmək üçün Şahidlərə qüvvə verən nə olmuşdur? Təhlükəsizliyə çıxan kimi onlar öz sevinclərini və Yehovaya olan minnətdarlıqlarını, “Meklenburqda yerləşən Şverin yaxınlığındakı meşədə toplaşan 230 nəfər Yehovanın Şahidinin qətnaməsi” başlıqlı sənəddə bildirmişlər. Onlar bu sənəddə yazırdılar: “Ağır sınaqların uzun dövrü arxada qaldı, sanki yanar sobadan çıxan bizlərdən isə yanıq iyi belə gəlmir. (Daniel 3:27 ayəsinə baxın.) Əksinə, Yehovanın verdiyi güc və qüvvə ilə doluyuq və Teokratiyanın maraqlarını genişləndirmək üçün Padşahın yeni əmrlərini səbirsizliklə gözləyirik”c.
17. Allahın xidmətçiləri bu gün hansı sınaqlarla qarşılaşırlar?
17 ‘Qanımızı töküncəyə kimi müqavimət göstərməsək’ də, həmin 230 sadiq Şahidə bənzər tərzdə biz də imanın sınaqları ilə qarşılaşa bilərik (İbranilərə 12:4). Lakin sınaqlar müxtəlif formalar qəbul edə bilər. Bu, sinif yoldaşlarının istehzaları və ya əhatəmizdə olan insanların bizi hansısa günaha, məsələn, əxlaqsızlığa sövq etmələri ola bilər. Həm də bizim qandan çəkinmək, Rəbbə bağlı olan kəslə ailə qurmaq və eyni imanda olmayan ailədə uşaqları imanda tərbiyə etmək qərarımız bə’zən ciddi çətinliklərə və sınaqlara səbəb olur (Həvarilərin işləri 15:29; 1 Peter 3:1, 2; 1 Korinflilərə 7:39; Efeslilərə 6:4).
18. Ən sərt sınaqlara tab gətirə biləcəyimizə Müqəddəs Kitab bizi necə əmin edir?
18 Lakin biz hansı sınaqlarla qarşılaşsaq da, bilirik ki, Yehovaya və Onun Padşahlığına sadiq olduğumuza görə əziyyət çəkirik və bunu böyük şərəf və sevinc sayırıq. Biz Peterin ruhlandırıcı sözlərindən cəsarət toplayırıq: “Əgər Məsihin adından ötrü təhqir edilirsinizsə, bəxtiyarsınız. Çünki izzətli Ruh, Allahın Ruhu üzərinizdə qalır” (1 Peter 4:14). Yehovanın ruhunun qüvvəsi ilə möhkəmlənərək biz ən sərt sınaqlara belə dözər və Ona izzət və şərəf gətirə bilərik (2 Korinflilərə 4:7; Efeslilərə 3:16; Filipililərə 4:13).
[Haşiyələr]
a 1960-cı illərin hadisələri, sonrakı üç onillik ərzində Malavidə yaşayan Şahidlərin payına düşən sərt və qanlı tə’qiblərin yalnız başlanğıcı idi. Bu barədə ətraflı mə’lumatı 1999-cu il üçün “Yehovanın Şahidlərinin illik məcmuəsi”nin 171-212-ci səhifələrində (rus.) oxumaq olar.
b “Gözətçi Qülləsi”nin 2003-cü il 1 aprel sayının (rus.) 11-14-cü səhifələrində “Ararat torpağında Ali məhkəmə həqiqi ibadəti müdafiə edir” adlı məqaləyə baxın.
c Qətnamənin tam mətninə 1974-cü il üçün olan “Yehovanın Şahidlərinin illik məcmuəsi”nin 208, 209-cu səhifələrində (ing.) baxın. Ölüm yürüşündən sağ çıxanlardan bir nəfərin hekayəsini “Gözətçi Qülləsi”nin 1998-ci il 1 yanvar sayında (rus.) 25-29-cu səhifələrdə oxuya bilərsiniz.
İzah edə bilərsinizmi?
• Məsihçilər iztirablara və tə’qiblərə necə münasibət bəsləyirlər?
• Sınaqlar zamanı İsanın və Allahın digər sadiq xidmətçilərinin davranış tərzlərindən nə öyrənirik?
• Tə’qibçilərdən qisas almamaq nəyə görə müdrik davranışdır?
• Qarşılaşdığı sınaqlar zamanı İsaya hansı sevinc hissi qüvvə verirdi və bundan biz nə öyrənə bilərik?
[25-ci səhifədəki çərçivə/şəkillər]
Tə’qib olunduqları zaman onlar necə davrandılar?
• Hirodun döyüşçüləri iki yaşına kimi oğlan uşaqlarını öldürmək üçün Beytlehemə gələnə qədər, Yusiflə Məryəm mələyin göstərişlərinə riayət edərək, körpə İsanı götürüb Misirə qaçdılar (Matta 2:13-16).
• Xidməti zamanı cəsarətlə şahidlik etdiyi üçün İsanın düşmənləri çox vaxt onu öldürməyə cəhd edirdilər. İsa hər dəfə onlardan qaçırdı (Matta 21:45, 46; Luka 4:28-30; Yəhya 8:57-59).
• Döyüşçülər və vəzifəli şəxslər İsanı tutmaq üçün Getsamani bağına gələndə, o, iki dəfə açıqca “Mənəm”, dedi. O, həm də davamçılarına müqavimət göstərməyə qadağan etdi və izn verdi ki, izdiham onu tutsun (Yəhya 18:3-12).
• Yerusəlimdə Peteri və digərlərini tutub döydülər və İsa haqqında danışmağı qadağan etdilər. Onlar isə azad edildikdən sonra “çıxdılar... və hər gün mə’bəddə və evdən-evə tə’lim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər” (Həvarilərin işləri 5:40-42).
• Sonradan həvari Pavel olan Şaul Dəməşqdəki yəhudilərin onu öldürmək üçün sui-qəsd hazırladıqlarını bildikdə, qardaşlar gecə ikən onu səbətdə şəhər divarından aşağı endirdilər, o da xilas oldu (Həvarilərin işləri 9:22-25).
• İllər ötdükdən sonra Pavel nə vali Festusun, nə də padşah Aqrippanın onda “ölümə, yaxud həbsə layiq bir iş” tapmadıqlarına baxmayaraq, qeysərin məhkəməsini tələb etmək qərarına gəldi (Həvarilərin işləri 25:10-12, 24-27; 26:30-32).
[26 və 27-ci səhifələrdəki şəkillər]
Minlərlə malavili Şahidlər sərt tə’qiblər ucbatından qaçmaq məcburiyyətində olsalar da, Padşahlığa sevinclə xidmət etməyə davam edirdilər.
[27-ci səhifədəki şəkillər]
Yehovanın adını izzətləndirməkdən duyulan sevinc hissi bu sadiq Şahidlərə nasist ölüm yürüşü zamanı və həbs düşərgələrində kömək edirdi.
[İcazə ilə]
Death march: KZ-Gedenkstätte Dachau, courtesy of the USHMM Photo Archives
[28-ci səhifədəki şəkillər]
Sınaqlar və çətinliklər müxtəlif formalar qəbul edir.